Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
QƏDİM XALQ MAHNISINI DİNLƏYƏRKƏN
Oymaq-oymaq, qarış-qarış
Gəzmişəm Azərbaycanı.
Qismət olmadı bircə tək
Görəmmədim Zəngilanı.
Ay ana, ana,
Deyirəm yana-yana:
Gedəmmədim Zəngilana.
Gedəmmirəm nə Ağdama,
Nə Şuşaya, nə Laçına.
Yağı gəldi yarasatək,
Ürəyimin yarası tək,
Ürəyimin yarısı tək.
Qarabağ boyanıb al qana
Ay ana, ana.
Taleyimiz, demə, buymuş,
Düşmən yaman tələ qurmuş,
Elimizi viran qoymuş.
Atlarımız yəhərsizmiş,
Üzəngisiz, kəmərsizmiş,
Maşınımız təkərsizmiş,
Əsgərimiz təpərsizmiş,
Sərhədimiz çəpərsizmiş.
Yurdumuz Kəlbəcərsizmiş,
Ana, deyim, dilim yansın,
Sənin oğlun hünərsizmiş.
özlərimdən küsmə, ana,
Övladından bezmə, ana,
Ümidini üzmə, ana.
Lap az qalıb, görəcəksən,
Sevinəcək, güləcəksən.
Bunu özün görəcəksən,
Öz gözünlə görəcəksən,
Atlarımız yəhərlidir,
Üzəngili, kəmərlidir,
Əsgərimiz təpərlidir,
Ana, məndən arxayın ol,
Sənin oğlun hünərlidir.
Ay ana, ana,
Günləri sana,
Mən gedəcəm Zəngilana.
Gedəcəm axı...
Gedəcəm axır...
21 may 2001
“Ədəbiyyat və incəsənət”
(13.10.2025)