
Super User
Şəhidlər barədə şeirlər – Yusif Əliyev
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Yusif Əliyevəhəsr edilmiş şeirlə tanış olacaqsınız.
YUSIF ƏLİYUSİF OĞLU ƏLİYEV
(02.12.1969.-24.09.1991.)
Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olmuş, Azərbaycanın Milli Qəhrəmanı, Qrabağ müharibəsi şəhidi
YUSİF
Torpağı canından artıq sevirdi.
Qarabağ uğrunda göstərdi hünər,
Özünü bu yurda o, qurban verdi,
Dedi ki, xalqımız qazansın zəfər.
Adı Yusif idi, döyüşkən, igid,
Atadan almışdı nəsihət, öyüd,
Döyüş yeri oldu Buzluq, Mənəşid,
İnanırdı, gələcək aydın səhər.
Döyüşdü mərdliklə, cəsarət ilə,
Düşmənlə vuruşdu mətanət ilə,
Ömrünü yaşadı ləyaqət ilə,
Yağının aşına qatdı öd, zəhər.
Xalqımın sevimli qəhrəmanıdır,
Yurdu igid övladları tanıdır,
Qədim Qobustanın şöhrət, şanıdır.
Nəğmələrə dönüb dillərdə gəzər.
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
RƏSMLƏR, ZİNYƏT ƏŞYALARI, GEYİMLƏR… - Heydər Əliyev Mərkəzində qırğızların “şah əsərlər”inin nümayişi
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir. Dünən axşam saatlarında Heydər Əliyev Mərkəzində Qırğız Respublikasının Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi təşkil edilmişdi. Sərginin açılış mərasimimdə hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, eləcə də biz - media mənsubları iştirak edirdi.
Başlanğıcda öncə sərgi haqqında məlumat verildi. Qeyd edildi ki, Qırğız Respublikasının Milli Tarix Muzeyi Mərkəzi Asiyanın ən böyük muzeylərindəndir. Burda rəsm əsərləri, geyimlər, qədim məişət və bəzək əşyaları - bir sözlə muzey anlayışı ilə uzlaşan hər şey var idi.
Rəsm əsərləri özlüyündə məhz milli köklərə söykənmiş əsərlər idi. Qədim yurta - qırğızların məişəti; ocaq başında milli geyimdə qırğız qadın; üç gənc qırğız qızı…
Xüsusən diqqətimi bu rəsm əsərləri çəkdi.
Sak - erkən köçəri mədəniyyəti sak (eramızdan əvvəl VIII-III əsrlər) və “Xalqların böyük köçü” dövrü tayfalarının (I-V əsrlər) qədim sənət nümunələri xüsusi maraq doğururdu. Burada qiymətli metallardan hazırlanmış yüksək bədii dəyəri olan məmulatlar nümayiş etdirilirdi. Üzərində qədimi heroqliflər, mixi yazılar olan minlərlə yaşı olan daş da olduqca maraqlı idi.
Məlumat verildi ki, Çuy vadisindəki Şəmsi kurqanından tapılmış IV-V əsrlərə aid bədii sənət əsərləri – qızıl dəfn maskası, cingiltili asmalarla bəzədilmiş yarımkürə formalı diadema-tac, alın və saç-hörük bəzəkləri, qızıl çərçivədə medalyon qədim incəsənətin şah əsərlərindəndir. Bişkek şəhəri yaxınlığında aşkar edilmiş ənənəvi şəbəkə texnikasında işlənmiş maral təsviri isə güzgü effekti ilə verilib.
Əlbəttə ki, qədim zinyət əşyaları daha çox diqqət çəkirdi.
Təbii ki, köçəri həyat keçirən, heyvandarlıqla məşğul olan qədim qırğız kişisinin, eləcə də ona yoldaşlıq edən qadının geyim-kecimi də xüsusi maraq doğururdu.
O da qeyd edildi ki, bəşəriyyətin əvəzsiz söz-mədəniyyət mirası “Manas” dastanı, dünya elm və mədəniyyəti xəzinəsinə daxil olan XI əsr müəllifləri şair-filosof Yusif Balasaqunlu və ensiklopedist alim Mahmud Kaşğarinin, həmçinin dünya ədəbiyyatının görkəmli klassiklərindən Çingiz Aytmatovun əsərləri Qırğızıstan mənəvi mədəniyyətinin görkəmli abidələrindəndir.
Sonda isə Qırğızıstandan olan istedadlı rəssam, modelyer-dizayner Dilbər Aşımbayevanın etnomodel kolleksiyası təqdim edildi.
Düzü, sərgidəki rəng müxtəlifliyi, dekor zənginliyi, çoxçeşidlilik məni valeh etdi. Həqiqəyən də bir xalqı tanımaq üçün onun mədəniyyətini tanımaq kifayət edir.
Fotolar müəllifindir.
“Ədəbiyyat və incəsənət”
(25.04.2024)
İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir
Aprelin 23-də İstanbulda tanınmış azərbaycanlı rəssam, “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudovanın fərdi sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, rəssamın “Bir arzu gerçəkləşir” (A Dream Unfolds) mövzusunda açılan sərgisi İstanbulun ən gözəl sənət qalereyalarından biri olan “Vision Art Platform”da təşkil edilib.
İyunun 23-dək davam edəcək və ümumilikdə 61 əsərin sənətsevərlərə təqdim edildiyi sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyimizin əməkdaşları, Türkiyənin rəsmi qurumları və mədəniyyət sahəsinin tanınmış simaları, eləcə də media nümayəndələri iştirak ediblər.
“Dünyanı görmənin fərqli bir yolu”
İncəsənət bəşəriyyətin yaranmasından etibarən həyatın hər sahəsində əhəmiyyətli rol oynayır və sənətkarlar tarix boyu duyğularını, düşüncələrini və təcrübələrini ifadə etmək üçün fərqli yollardan istifadə ediblər. İncəsənətin bu ifadə gücü tarix, cəmiyyət və mədəniyyət kontekstlərində insanlar üzərində dərin təsirlər yaradıb. İncəsənət hər hansı bir dövrün yaşayış tərzini, inanclarını və mədəni dəyərlərini əks etdirməklə yanaşı müvafiq dövrün fəlsəfi və estetik anlayışlarını da göstərir. Bu, cəmiyyət dəyərləri aspektindən incəsənət, insanları bir araya gətirən, duyğularımızı ifadə etməyi təmin edən və ortaq bir dil formalaşdıran bir təcrübədir. Bununla yanaşı, incəsənət bəzi hallarda mövcud estetik ahəngə qarşı çıxaraq müstəqil bir ifadə tərzi də nümayiş etdirir. Hər bir sənətkar dünyanı fərqli baxış bucaqlarından bizə izah edir. Azərbaycanlı rəssam Aida Mahmudova Sent-Martin İncəsənət və Dizayn Kollecində təhsil alıb. Bu günə kimi Belçika, London, Roma, Nyu-York, Moskva, Tiflis və Bakıda beynəlxalq fərdi sərgilər açan rəssam qrup sərgilərində də iştirak edib. Aida xanım həm də 55 və 56-cı Venesiya Biennalesində iştirak edib.
Aida Mahmudova incəsənəti ifadə etmək axtarışındadır və materialların mahiyyətinə dalaraq konkret obrazlar və abstrakt, yarı abstrakt formalar vasitəsilə dünyanın sirrini açmağa çalışır. Yaradılışın mahiyyəti ilə bağlı araşdırmalarını bir filosof kimi davam etdirir və bütün qaranlıq məqamları aşkara çıxartmaq üçün ciddi cəhdlər göstərir.
Maddi dünyanı məlumat əldə etmək üçün oxuduğumuz və istinad etdiyimiz kitab kimi nəzərə alsaq, Aida Mahmudova bu anlayışı sözün əsl mənasında mənimsəyib, bunu tətbiq edir. Onun fəaliyyətləri bu qeyri-adi kitabdakı fəsillər kimidir-hər bir əsər və yeni mərhələ onun yaradıcılığının başqa məziyyətlərini ortaya çıxarır.
Fəaliyyəti təbiətin möhtəşəm gözəlliyini ifadə etmək üçün yazılan şeiri xatırladan rəssamın əsərləri Uilyam Vordsvortun həzin duyğu xatirələri kimi dərin təfəkkürə sövq edir və insanlar onun kompozisiyalarının dərinliklərində özlərini unudaraq sənətin sehrinə qapılırlar.
Sənətkar əsla səthi ifadə tərzi ilə kifayətlənmir və görünməyən reallıqları ifadə etməyə çalışır. Aida Mahmudova materialları və avadanlıqları ifadə etmək potensialını diqqət mərkəzində saxlayır. Onun istilik, işıq, rəng və maddə ilə həyata keçirdiyi təcrübələr vasitəsilə tək bir fəaliyyətin sərhədi aşılır və çox dərin məna çalarlarına malik əsərlər ərsəyə gətirilir və beləcə, insanlar və əsərlər arasında instiktiv əlaqələrin yaradılmasına rəvac verilir.
Bu nöqteyi-nəzərdən, Aida Mahmudovanın əsərləri innovativ materiallar və yanaşmalar ilə səciyyələnir və avanqard düşüncə tərzi konkretləşir. Sənətkar dərin ifadələr yaratmaq üçün innovativ üsullardan istifadə edir. Bunların funksionallığına nail olmaq üçün manipulyasiyalar həyata keçirir və nəticədə, incəsənət və real dünya arasında sərhəd tam mənası ilə dərk edilmir.
Mütəmadi olaraq fərqli materiallar axtarışında olan və potensialını daim inkişaf etdirən sənətkar vizual olaraq diqqəti cəlb edən, duyğu və intellekti tətikləyən əsərlər ərsəyə gətirir. Aida Mahmudovanın əsərləri bizi incəsənətlə bağlı düşüncələrimizi yenidən nəzərdən keçirməyə sövq edir və dünyanı fərqli bir baxış bucağından yenidən dərk etməyə səsləyir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
Bakıda Qırğız kino günlərinin açılışı olub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino günlərinin açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycana dost və qardaş ölkə olan Qırğızıstanın kino sahəsindəki uğurlarından danışıb: “Azərbaycan və qırğız xalqları eyni kökə, mədəniyyətə, qədim tarixə və dəyərlərə malikdirlər. Son illərdə qırğız kinosunun inkişafını çox diqqətlə izləyirik. Qeyd edim ki, ötən il Bakıda keçirilən III Qorqud Ata Türk dünyası film festivalında “Göksan” kinematoqrafçılarının çəkdiyi “Tanrıverdi” filmi ən yaxşı rejissor nominasıyası üzrə qalib oldu. Qırğızıstanın gənc kinematoqrafçılarının beynəlxalq festivallarda qazandığı böyük uğurları bizi çox sevindirir. Onların burada iştirakı kino sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün çox yaxşı fürsətdir. Əminəm ki, hər iki ölkənin kinematoqrafçıları bundan çox faydalanacaqlar”.
Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Altınbek Maksutbekov Azərbaycan və Qırğızıstan dövlət başçılarının səmimi dostluq münasibətlərinin son illərdə hər iki ölkə arasında olan müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdiyini vurğulayın. Bildirib ki, iki dost ölkə arasında mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit şərait var. Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına əyani sübutdur.
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev də öz növbəsində ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin inkişaf perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan ilə Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirib.
Sonra, rejissor Ruslan Akunun qısa müddət ərzində Mərkəzi Asiya ölkələrində və Rusiyada uğur qazanmış tammetrajlı “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olunub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri aprelin 26-dək davam edəcək.
Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Rizə küftə
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Rizə küftənin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Ət – 237 qr
§ Baş soğan – 84 qr
§ Yağ – 40 qr
§ Pomidor rubu – 20 qr
§ Reyhan – 18 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ keşniş – 10 qr
HAZIRLANMASI:
Ət soğanla çəkilir, içərisinə duz, istiot vurulur, balaca küftələr düzəldilir, bol soğanla isti yağda qovrulur, üstünə pomidor rubu əlavə olunur. Daha sonra su və ya işgənə qatılaraq qarışdırılır. Yemək hazır olanda üstünə bir az keşniş tökülür.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
Onu Kələntər dayı kimi tanıdıq…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
"Hamam hamam içində
Xəlbir saman içində.
Dəvə dəlləklik edər,
Köhnə hamam içində..."
Neçənci il olduğunu unutmuşam, Sumqayıtda Cəfər Cabbarlı adına mədəniyyət evində onunla tamaşaçıların görüşü keçirilirdi. Gənc iştirakçılardan biri kimi, ona belə bir sualla müraciət etdim: "İsmayıl müəllim, Kələntər obrazından sonra sizə təzyiqlər olurmu?"
"Olur bala, olur"- deyib, başına gələn xeyli maraqlı hadisələrdən danışdı. Hətta bu rola görə döyüldüyünü də söylədi...
24 aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulmuşdu. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib...
O, dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sönmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.
22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır...
"Hamam hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləklik edər,
Köhnə hamam içində."
"Çal aşıq çal, komsomolun canı it canıdır..."
Allah sənə rəhmət eləsin, İsmayıl Osmanlı!
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
80-ci ilin nolaltısı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Vətəndaş, məhkəmə sizə ömürlük iş kəsir.
-Bəs SİZO-da saxlandığım bu 3 il necə hesablanacaq?
-Bir il elə bir il.
-Mən etiraz edirəm. Necə yəni bir il elə bir il?
-Yaxşı olsun, bir ilə bir il yarım.
-Şükür!
2.
Mozambikdə avqust ayında qəflətən yağan qar Qlobal İstiləşmə Konfransının təxirə salınmasına səbəb oldu.
3.
Ən böyük xoşbəxtlik odur ki, 80-ci ilin nolaltısı səninçün 2024-ün rəncroverindən daha gözəldir. Onda yaşamaq elə asan olur ki.
4.
Kişi məşuqəsinə əskinasları verərkən məşuqə deyir:
-Bunlar niyə yaşdır?
-Evdən götürəndə arvadım götürdüyümə ağlayırdı…
5.
Ağıllıların mübahisəsinin nəticəsi həqiqətin üzə çıxması olur, axmaqların mübahisəsinin nəticəsi isə dava-dalaş.
6.
Orduya gəlmiş və ilk dəfə tank görmüş kəndli gənc düşündü: Tank qəzəblənmiş traktordur.
7.
Uğurlu idarə rəhbərindən soruşurlar:
-Necə edirsiz ki, sizin işçilər heç vaxt işə gecikmirlər?
O gülümsəyərək cavab verir:
-Çox sadə. Məndə 31 işçi var, parkovka yeri isə cəmi 30-dur. Sonuncu olmamaq üçün çarpışma gedir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Qara rəngdə ağ gəzirəm...” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə gözəl şairimiz Əlizadə Nuri “Qara rəngdə ağ gəzirəm” şeiri ilə görüşəcək. Ənənəvi şikayətnamə şeiridir.
Mənimki Allaha qalıb-
Haqsız olub -haqq gəzirəm.
Mən bu qışın ortasında
Bir yaşıl budaq gəzirəm.
-deyir şair. “Qara rəngdə ağ gəzirəm...” bir kədər müntəxabatıdır.
Xoş mütaliələr!
Mənimki Allaha qalıb-
Haqsız olub -haqq gəzirəm.
Mən bu qışın ortasında
Bir yaşıl budaq gəzirəm.
Hansı suçundan asılıb?-
O qız saçından asılıb...
...Dar ağacından asılıb
Şükür, hələ sağ gəzirəm.
İynə var ki sap axtarım?
Kir içində saf axtarım?!
Cəlladda insaf axtarıb-
Qara rəngdə ağ gəzirəm...
Ömür gün-gün dağıldı ki...
Bu açılan paxırdı ki...
Yüküm elə ağırdı ki-
Haçandı axsaq gəzirəm.
Bu olubdu tək istəyim:-
Tanrıdan ətək istəyim.
Hamını sevmək istəyib-
Hamıdan uzaq gəzirəm...
Ədəbiyyat və incəsənət”
(24.04.2024)
Bu gün “Məhşər Divanı: YALANIN 17 ANI” romanın rusca nəşrinin təqdimatı olacaq
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün Fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məhşər Divanı: YALANIN 17 ANI” kitabının təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçəcək tədbir gözəl bir ədəbiyyat məkanında - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində (Böyük Qala küçəsi, 281) qonaqlarını qəbul edəcək.
Mərasimin bir özəlliyi də əsərin səhnə təcəssümünün nümayiş etdirilməsi oalcaq.
Quruluşcu rejissor Bəhram Osmanovdur.
Xatırladaq ki, 445 səhifəlik sənədli romanda eyni millətin - erməni millətinin nümayəndəsi olan 17 nəfərə utopik divan qurulur. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilər müqəssir kürsüsündə əyləşirlər, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir.
Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də Baş Hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur.
Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər.
Qeyd edək ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır.
Sənədli romanın beynəlxalq rəyçiləri isə İSESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri (Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək (Türkiyə) və Vadim Viktoroviç Mixaylovdur (Rusiya).
Əsərin tezliklə daha 2 dildə - türk və erməni dillərində də çapı nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
BİR SUAL, BİR CAVAB Ruslan Dost Əli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Dünyaya açılmış qoşalülədi,
gözləri... gözləri süzgün şairin.
Qayğılar yığılıb qayığnan gəlir,
üzür o baş-bu baş üzgün şairi.
Qəflətən gün batır, bir tufan qopur,
əyrilik dünyanın canına hopur:
Yüzillik ağaclar kökündən qopur,
yenə əyə bilmir düzgün şairi.
(Ruslan Dost Əli)
Əziz Ruslan bəy, şairlərə kədərmi, yoxsa sevincmi tez təsir edir? Şairin həssas ruhunda sevincmi, yoxsa kədərmi dərin iz buraxır?
CAVAB
Kədər poetik nəsnədi. Həm də qalıcıdı. Sizdən sonuncu dəfə nə vaxt sevindiyinizi, xoşbəxt olduğunuzu soruşsam, yəqin ki, xatırlamayacaqsınız. Ancaq sonuncu dəfə nə vaxt və nə üçün kədərləndiyiniz mütləq ki, xatirinizdədir.
Siz də bütün sualları verəcəksiniz, əsas sualdan başqa. Çünki hər şey bir çərçivədədir. İnsan taleyi kimi siz də, biz də - hamımız bu çərçivələrdəyik. Lap kədərin özü kimi. Biz bu çərçivəyə də, kədərə də öyrənmişik. Axtardığımız, gördüyümüz hər şeydə bir sevinc olmaya bilər, ancaq bir kədər mütləq ki var.
Həmişə belə olur. Əsl sənət faciədən doğur. Bir də, yalnız öz kədərini hiss edən adam böyük mənada şair, yazıçı, ümumiyyətlə, yaradıcı ola bilməz.
Bu mənada, kədər həm də sevindirir...
Ədəbiyyat və incəsənət”
(24.04.2024)