
Super User
“Sənə bir məktub yazdım...” - Aynur Qafarlının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, Aynur Qafarlının şeirləri ilə tanışlıqdır.
QUMARDI DÜNYA
Elə mənim kimi sərxoşdu, süstdü,
Elə mənim kimi xumardı dünya.
Bir gün başımıza dəyən qapazdı,
Bir gün saçımızda tumardı dünya.
Dinsə, nələr deyər bu dağ, bu dərə,
Şükür səmadakı min-min ülkərə.
Üstündə olsaydı başı bir kərə,
Fikir dəryasına cumardı dünya.
Bəxti pas atıbdır, çərxi dolanmır,
İstəyir, amma ki xoşbəxt olammır,
Loğmanlar dərdinə çarə bulammır,
Sağala bilmir ki, bimardı dünya.
Baxma şirin dilə, uyma toyuna,
Sən ağıllı qızsan, qurban boyuna,
Aldanıb yalandan girmə oyuna,
Aynur, bilirsən ki, qumardı dünya!
İNSAN ÖZ QƏLBİNDƏN ASILMALIDIR
Əlim nə ulduza, nə aya çatır,
Kaş çata, bir iplə asam özümü.
Məlhəm də deyiləm, mən əvvəl-axır
Qanlı yaralara basam özümü.
Barmaq yarasını sağaltmaq asan,
Ürək yarasının əlacı hanı?
Onu sağaltmağa, zavallı insan,
Hətta mələklərin çatmır imkanı.
İnsanın surəti, əksi üzündə,
Əsli ürəkdədir – bir sifəti var.
Min sifət görərsən əksin özündə,
Ürəyin bir üzlük həqiqəti var.
Şeytan ağlımızı kəsdirə bilər,
Ürəyi yıxmağa yetməz hiyləsi.
Tale kimi desən, küsdürə bilər,
Ürəkdən inciməz ürək yiyəsi.
Son yarpaq düşərkən ömür bağından,
Hər kəs əməlinə qısılmalıdır.
Hər şey asılsa da öz ayağından,
İnsan öz qəlbindən asılmalıdır.
BİZ RƏHMƏTİ BU DÜNYADA QAZANAQ
Bəd əməllər ömrümüzdən silinmir,
O dünyada nə olacaq, bilinmir,
Həyatımız yaxşılığa bələnmir,
Mümkün qədər "kor şeytan"ı az anaq,
Biz rəhməti bu dünyada qazanaq.
İnsan niyə insanlığı itirir?
Bilinmir ki, kim harda bənd götürür...
Son mənzilə bizi rəhmət ötürür,
Yatmışıqsa, bu yuxudan oyanaq,
Biz rəhməti bu dünyada qazanaq.
Bacardıqca adımızı ad edək,
Unutmayaq, doğmaları yad edək,
Ürəkləri bu dünyada şad edək,
Mərhəmətin keşiyində dayanaq,
Biz rəhməti bu dünyada qazanaq.
Dostlar ilə tikəmizi bölək tən,
Mayamızda olsun halal toxum, dən,
Düşünməyək, vaxt var ikən indidən
Saf niyyətə, düz əmələ boyanaq,
Biz rəhməti bu dünyada qazanaq.
Gözümüzdən qanlı-qanlı yaş gedər,
Bir qaydadır, boş gələnlər boş gedər,
Aynur, uca Tanrıya da xoş gedər,
Yaxşı olaq, yaxşılığı dost sanaq,
Biz rəhməti bu dünyada qazanaq.
DOSTLUQ
Təcnis
Bir qızıl almadır həqiqi dostluq,
Dostun bir yarıdır, sən bir yarısan.
Canına can qatan dostun yoxdursa,
Özünü tam deyil, sən bir yarı san.
Ucal, ucalanda dostsuz ucalma,
Dostun sınağından beş al, üç alma.
İkisi dostundur – tapsan üç alma,
Qoy dost beş yarısın, sən bir yarısan.
Heç vədə dostundan kəsməz dost ara,
Köməyə dost yetər, düşsə dost dara.
Əzəl Rəbbə dost de, sonra dost ara,
Desinlər, Allahın sən bir yarısan.
SƏNƏ BİR MƏKTUB YAZDIM
Sənə bir məktub yazdım, –
Bir sual və bir nida.
Bir də ölümdən betər
Param-parça “əl-vi-da”…
Heç peşman da deyiləm,
Yoxdur bir umu-küsüm.
Bir şəkil də qoymuşam –
Göz yaşında təbəssüm.
Qapanıb otağına
Qapını bağlayarsan.
Sənə bir məktub yazdım,
Oxuyub ağlayarsan.
Buz kimi yatağından
Mənə də pay bölərsən.
Şərab qədəhlərində
Qurtum-qurtum ölərsən.
Sənə bir məktub yazdım,
Son gücümü toplayıb.
Ünvanını bilmirəm,
Çatmayacaqdır, hayıf...
OLAR, BİR SUAL VERİM?
Olar, bir sual verim?
Qəlbim səni görəndə
Niyə belə döyünür?!
Baxışlarım dən kimi
Yollarında üyünür.
Olar, bir sual verim?
Dilim yanar, deməsəm,
Gəl tutulma sözümdən:
Niyə mənim hər gecə
Yuxum qaçır gözümdən?
Olar, bir sual verim?
Baxışımdan qəlbinə
Sevgi səpsəm, olarmı?
Gecə ay işığında
Səni öpsəm, olarmı?
Olar, bir sual verim?
“Eşq bir meydir”, – deyiblər,
Mən bu meydən içimmi?
Gəlib sizin hər səhər
Küçənizdən keçimmi?
Olar, bir sual verim?
Nəyinə bənd olmuşam,
Bu sevginin nəyinə?!
Nədən hakim olmusan
Aynurun ürəyinə?!
DESİNLƏR Kİ, BU QIZ DƏLİ OLUBDUR
İstəyirəm ilk baxışdan vurulum,
Desinlər ki, bu qız dəli olubdur.
Bu sevgiyə saat kimi qurulum,
Desinlər ki, bu qız dəli olubdur.
Qönçə olum, budağından dərilim,
Kaman olum, oxu üçün gərilim,
Axşam-sabah yollarına sərilim,
Desinlər ki, bu qız dəli olubdur.
Diyar-diyar dolaşmağa qalınca,
Bal tapmazlar şirinlikdə balımca,
Lağa qoyub gülüşsünlər dalımca,
Desinlər ki, bu qız dəli olubdur.
Məhəbbətdə çoxu zəlil olurdu,
Dəliliyə sübut-dəlil olurdu,
Bundan qabaq oğlan dəli olurdu,
Desinlər ki, bu qız dəli olubdur.
Soruşmayın taleyimi, yaşımı,
Atın mənim uzaqlara daşımı,
Dəli kimi alım gedim başımı,
Desinlər ki, bu qız dəli olubdur.
Taleyimə yazılıbdır bu yazı,
Mən Aynuram – torpağımın şən qızı,
Başdan-başa geyinim al-qırmızı,
Desinlər ki, bu qız dəli olubdur.
DURARAM SƏN GƏLƏN YOLLARIN ÜSTDƏ
Bəzənib geyərəm al üstdən alı,
Tökərsən qanını alların üstə.
Görsən Aynur adlı bir qızılgülü,
Qonarsan bülbültək kolların üstə.
Gələrəm, duraram gərdanı mina,
Sənə dərman bulmaz heç İbn Sina,
Eşqindən güc alıb gedərəm, inan,
Bütün “olmaz”ların, “ol”ların üstə.
Sevgi yarasıdır ən dərin yara,
Anında gələrəm, çağırsan hara.
Baxmaram borana, şaxtaya, qara,
Duraram sən gələn yolların üstdə.
Elə çağlayır ki, sinəmdə ürək,
Aynuru sən başa düşəsən gərək,
Onu bu dünyanın o başınadək
Alıb aparasan qolların üstdə.
O DƏLİNİN BİRİ SƏNSƏN, BİRİ MƏN
İki dəli xatırlansa hardasa,
O dəlinin biri sənsən, biri mən.
İki dəli bir-birinə yardırsa,
O dəlinin biri sənsən, biri mən.
Su vermişik gözümüzdən güllərə,
Qular kimi qanad açdıq göllərə,
İki dəli eşqdən düşsə çöllərə,
O dəlinin biri sənsən, biri mən.
Daş da dönüb çiçək açar, diləsən,
Deyirəm ki, eşidəsən, biləsən,
Mən bir dəli, sən bir dəli iləsən,
O dəlinin biri sənsən, biri mən.
Ruhum sənin ruhun üçün acıbdır,
Ürəyimin qapısını açıbdır,
Deyirlər ki, iki dəli qaçıbdır,
O dəlinin biri sənsən, biri mən.
İki dəli eşq meyindən dəmdir ki,
İki dəli iki kövrək simdir ki,
Ən ağıllı iki dəli kimdir ki? –
O dəlinin biri sənsən, biri mən.
Aynur, salma ötən günü çox yada,
Aramızda dava-dalaş, qan-qada,
İki dənə zır dəli var dünyada,
O dəlinin biri sənsən, biri mən.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
İntizar ədəbiyyatı - Əli Tudə, "Dəhşətli faciə"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Vətəndən ayrıldığım
Yarım əsri haqlamış.
Ancaq məni hələ də
Öz ümidim saxlamış.
Mənə elə gəlir ki,
Ümidlə bir yaşdayıq.
Vüsal məclisə dönsə,
Biz hamıdan başdayıq.
Fəqət hələ Vətəndə
Nə vüsal var, nə məclis.
Gecələr yuxuda da
Munis gəzirəm, munis...
O tayda tanışları
Axtarır baxışlarım.
Qəribədir, bu tayda
Yaşayan tanışlarım
Əziz doğmalarının
Üzünü görsün deyə,
Uzun həsrətdən sonra
Bir salam versin deyə,
Bu dünyanın ən uzaq
Qitəsinə yollanır.
Həsrətin sarı üzü
Xəcalətdən allanır.
Qəribədir, o tayda
Yaşayan tanışlarım,
Həsrəti gözlərində
Daşıyan tanışlarım,
Əziz doğmalarının
Üzünü görsün deyə,
Uzun həsrətdən sonra
Bir salam versin deyə,
Bu dünyanın ən uzaq
Qitəsinə yollanır.
Həsrətin sarı üzü
Xəcalətdən allanır.
Yox! Bu qəribə deyil,
Dəhşətli faciədir.
Ağız-ağız dolaşan
Qeybətli faciədir.
Arazın o tayında
Bir Culfa həsrət çəkir.
Arazın bu tayında
Bir Culfa xiffət çəkir.
Sərhəddin o tayında
Bir Astara gözləyir.
Sərhəddin bu tayında
Bir Astara izləyir.
Dünyanın o başında
Görüşə gedən insan
Bəs doğma şəhərlərdə
Haçan görüşsün, haçan?
Almaniya, Koreya
Parçalanmamış məgər?
Ayrılanlar görüşmür
Qəti vüsala qədər?
Görüşür! Bəs harada?
Öz Vətən torpağında!
Neçə-neçə şəhərin
Mehriban qucağında!
Ancaq gör Azərbaycan
Haçan bölünüb, haçan....
Hələ belə görüşə
Nə qayğı var, nə imkan.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlarla yazıçıların görüşü keçirilib
Veteranlarla yazarların hansı işbirliyi ola bilər? Ən müxtəlif. Xüsusən də, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilatın Rəyasət Heyətinin üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin bir qrup nümayəndəsi arasında görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov cəmiyyətimizdə vətənprəvərlik tərbiyəsinin gücləndirilməsinin önəminə toxunub. O, qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Yazıçılar Birliyi arasında bu səpkidə birgə əməkdaşlıq həyata keçirmək, ortaq layihələr reallaşdırmaqdır.
Tədbirdə çıxış edən yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis vətənpərvərlik tərbiyəsinin təbliği istiqamətində birgə əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. O, qeyd edib ki, veteranlarla yazıçıların ortaq iş birliyi Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu daha da inkişf etdirə bilər ki, bu da milli maraqlarımızın etibarlı şəkildə müdafiəsi, gənclərin öz milli-mənəvi dəyərlərinə bağlı şəkildə yetişdirilməsi baxımından olduqca vacibdir.
Görüşdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı Sayman Aruz, ədəbi tənqidçi, şair Əsəd Cahangir, şair-publisist Əkbər Qoşalı, yazıçı-publisist Aida Eyvazlı, şair-publisist Nuranə Nur, yazıçı-publisist Güləmail Murad, AzTV-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli, güneyli soydaşımız, xanəndə Arif Mehmandost, ehtiyatda olan polkovnik Fərhad Süleymanov və başqaları çıxış edərək maraqlı təkliflər səsləndiriblər.
Sonda irəli sürülən təkliflərin dəyərləndirilməsi və yaxın gələcəkdə də oxşar görüşlərin keçirilməsi qərara alınıb.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
“Sonuncu mogikan”ın Azərbaycan versiyası
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
Varisin portalda gedən “Sonuncu mogikan”hekayəsini oxudum, çox təsirləndim. Bu üzdən münasibət bildirməyi düşündüm.
Hekayə mövzu və məzmun baxımındandolğun və cəlbedicidir. O, müəllifə xas forma və üslubu ilə dəseçilir. Əsərdəki oxucuya siraətedici məqamların olması vərastlaşdığımız sətiraltı mənalar, eləcə də hadisələrin düzülüş sırası hekayəni oxunaqlı edir. Müəllifin əsas personajın düşdüyü psixoloji anları yığcam və təsirli dillə verməsioxucunu düşünməyə vadar edir. Hekayəni maraqlı edən xusiyyətlərdən digər biri qoyulmuş problemlərin olduqca aktuallığıdır. Hekayənin qayəsi zəmanəmizin bu qarmaqarışıq, insanların xarakterindəki biganəliyin humanizmi üstələdiyi bir çağında əsərin baş qəhrəmanı olan hansısa tələbənin simasındaaz təsadüf olunan fədakar adamların mühitdə yerinin dar olduğunun ön planda oxucu diqqətinə çatdırılmasıdır. Bununla da müəllif oxucularını insanpərvər və bəşəri dəyərlərə laqeyd olmamağa çağırır.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
GÜLÜŞ KLUBUnda “Maykrosoft”un alıcıları
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Məmiş, bu saat qaç get marketdən iki dənə doğranmış çörək al gətir.
-Ana, bəs sehirli söz?
-Getməsən vayfayı söndürəcəm.
2.
Yaxınları Dərdayıla gənəşirlər ki, Masazırda dörd sot torpaq satmışıq, əlimizdə bir az pul var, nə biznesi qura bilərik.
Dərdayıl deyir:
-Gəlin, məsləhətimə görə mən də sizə şərik, “Maykrosoft” korporasiyasını alaq.
Yaxınlardan biri hər şeydən xəbərdar müəllim olduğundan əsəbiləşir:
-Sən bizi dolamısan? Heç bilirsən onun qiyməti neçədir?
Dərdayıl təhərini pozmur:
-Nə olsun ki qiyməti çox bahadır? Bir dəfə pul qoyacayıq, zato hər həftə 34 milyard dollar gəlir götürəcəyik.
3.
Dənizkənarı restoranda saz dınqıldadıb pul qazanan Məsiylə Pəsi acırlar, əyləşib ofisianta deyirlər ki, yeməyə nə var.
O da deyir balıq.
-Yaxşı balıqdır?
-Hə e hə, dənizdən indicə çıxarıblar. Pis olsa pulunu almayacam.
Məsi deyir:
-Onda bizə iki pors o balığın pisindən gətir.
4.
Həyatımız barədə olan istənilən lətifə siyasi lətifə sayılır.
5.
Hörmətli FM dinləyiciləri, belə deyək də, dilimizə böyük təhlükə var, gənclər düşdü-düşmədi türk sözlərini işlədirlər.
Deyirlər “ilk öncə”.
Daje uşaq da bilir ki, ilk elə öncədir, bunun biri bəs deyil?
Paçti hamı deyir ki, “aşkım”.
Uje “eşq” sözünə ciddi təhlükə var e.
Ya da deyirlər, “mərak edirəm”
Niyə srazu maraqlanıram demirsiz?
Bir sözlə, kaşmar!
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
HƏFTƏNİN MƏDƏNİYYƏT HADİSƏSİ - Ağstafada 3 min il yaşı olan kurqan aşkarlandı
Könül, “Ədəbiyyat və incəsənət”
Bədnam qonşularımız özlərini qədimi xalq eləmək üçün dəridən-qabıqdan çıxır, yerə daşdan-dəmirdən basdırıb min cür saxtakarlığa əl atırlar.
Bizim isə ən qədim sivilizasiya və mədəniyyət mərkəzi olmağımız hər dəfəsində bir ayrı faktla sübut olunur. Bu həftə də yeni belə fakt aşkarıandı.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşdı.
Bu tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb edilməsi, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədar idi.
Onu da unutmayaq ki, gürcülər Gürcüstanla sərhəd olan bu əraziyə iddia etməyə başlayandan sonra ən azı bizdə özümüzün olana sahib çıxmaq hissi xeyli artıbdır, bu da təqdirəlayiqdir.
Qoruq ərazisində aparılan elmi tədqiqat və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri bu ərazinin qədim sakinlərinin təsərrüfat həyatının, sosial-iqtisadi münasibətlər sisteminin, tayfa məskunlaşmasının və dini dünyagörüşünün bəzi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verib.
Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 metr şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu kurqanın maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub. Adətən qoruq ərazisində aparılmış elmi tədqiqatlarda isə böyük qaya daşlarından ibarət kromlexlərə rast gəlinib. Kurqandan 3 ədəd kamera aşkar olunub. Materikdə qazılan qəbir kameralarının üzəri ağaclarla örtülüb. Çox maraqlıdır ki, qəbirlər hamısı qərb və şərq istiqamətində materikdə qazılıb. Hamısı bir-birinə simmetrikdir, ikisi yan-yana, digər üçüncü isə tam ortada simmetrikdir və adətən belə hallar az olur, bu dövrədə çoxkameralı kurqan daha çoxdur, bəzən fərqli istiqamətlərdə qəbir kameraları olur. Burada isə simmertiya tamamilə gözlənilib.
İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə olunub. Kurqanlar özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur. Maraqlı məqam ondan ibarətdir ki, kurqanın çox kiçik - uzunluğu təxminən 1,5 metr, eni 1 metr olan kamera hissəsi var. Kurqanın örtüyü 12 metr, hündürlüyü 1 metrdən azdır. Kameranı tədqiq edərkən 3 ədəd saxsı küp aşkar olunub. Qəbir kamerası şimal-qərb, cənub-şərq istiqamətində qurulub və bir nəfər dəfn olunub. Skeletin üzü cənub-qərbə doğrudur, sağ böyrü üstə və bükülü vəziyyətdədir. Maraqlı cəhətlərdən biri də odur ki, skeletin ön hissəsində kamera boyunca cavan və kiçik yaşında olan ev heyvanı dəfn olunub. Paleontoloqlar tərəfindən baxıldıqdan sonra bu heyvanın kiçik və ya iribuynuzlu olduğu barədə məlumat verilə bilər. Skeletin arxa hissəsi boyunca kiçikbuynuzlu ev heyvanı dəfn olunub ki, bu da böyük ehtimalla keçi və ya qoyundur. Ancaq çox böyük ehtimalla keçidir. Qəbir kamerasında əlavə 10 santimetr də olsa, boş yer yoxdur. İnsan və heyvan sümüklərinin düzümündən sonra kamerada boş yer qalmayıb. Bu da arxeoloji cəhətdən böyük əhəmiyyət kəsb edir və belə qəbir abidələrinin tədqiqi Xocalı-Gədəbəy mədəniyyətində tayfaların dəfn adətlərini, dünyagörüşünü öyrənmək üçün mühüm rol oynayır.
Bu qiymətli nəticələr elmi dövriyyəyə məqalələrlə daxil ediləcək və mühüm elmi nəticələr əldə olunacaq.
Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri davam etdiriləcək.
Bu yazıya AzərTAC-ın yaydığı bir xəbəri də əlavə etmək istəyirəm: Yaxın 10 gündə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihəyə start veriləcək. Layihədə Bakı Dövlət Universitetinin, həmçinin universitetin Qazax filialının tələbələri, bölgədə fəaliyyət göstərən qoruqların, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional Bölməsinin abidə mühafizəçiləri, tarix-diyarşünaslıq muzeylərinin, digər muzeylərin, mədəniyyət müəssisələrinin əməkdaşları, rayonun ümumi təhsil müəssisələrinin tarix müəllimləri iştirak edəcək. İştirakçılar çöl arxeoloji ekspedisiyasının təşkili və aparılmasının xüsusiyyətləri, müxtəlif tarixi və arxeoloji məlumatların toplanması və təhlili sahəsində təcrübə qazanacaq, arxeoloji tədqiqat metodlarını mənimsəyəcək və sahə arxeoloji tədqiqatları zamanı alətlərdən və avadanlıqlardan istifadə etmək bacarıqlarına yiyələnəcəklər.
Əlbəttə ki, təqdirəlayiq təşəbbüsdür.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
Kazanda XX “Altın minbər” Beynəlxalq Film Festivalı keçiriləcək
Sentyabrın 6-dan 11-dək Tatarıstanın paytaxtı Kazan şəhərində XX “Altın minbər” Beynəlxalq Film Festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu il festivalın müsabiqə proqramına 27 ölkədən 51 film salınıb.
“Tammetrajlı bədii film”, “Qısametrajlı bədii film”, “Sənədli filmlər” və “Animasiya filmləri” proqramlarının hər birində 10 film, Tatarıstan istehsalı olan və Tatarıstan haqqında filmlərin salındığı “Milli müsabiqə”də isə 11 film iştirak edəcək.
Festival üçün seçilmiş bütün filmlər sülhpərvərlik, dini inanclara hörmət və humanizm ideyaları daşıyan mənəvi-əxlaqi dəyərləri və mədəni ənənələri əks etdirir. “Altın minbər”in açılışında İran rejissoru Babək Hacıpaşanın “Ağacın ağuşunda” filmi nümayiş olunacaq.
Xatırladaq ki, festival 2005-ci ildən keçirilir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
Günün fotosu: Maduro çıxılmaz vəziyyətdə
Günün fotosu: Maduro çıxılmaz vəziyyətdə
ABŞ rəsmiləri çalışırlar ki, Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən imtina etməyə, əvəzində amnistiya əldə etməyə razı salsınlar.
Bu barədə The Wall Street Journal məlumat verir.
ABŞ Maduronu ölkədə kokain biznesini çiçəkləndirməkdə ittiham edir.
Hazırda Venesuelada təhlükəsizlik xidməti müxalifətə yönəli repressiyalar həyata keçirir.
Maduronun hakimiyyət müddəti 2025-ci ilin yanvarında bitməlidir.
“Ədəbiyyat və incəsənət”
(13.08.2024)
POETİK QİRAƏTdə Rəbiqə Nazimqızının “Yığış, gedək...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə ilk dəfədir ki, Rəbiqə Nazimqızıdır, o düşündürür və təəccübləndirir. Süjetli poeziya, bitkin kompozisiya.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.
Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.
- Hara gedəcəyik? – Burdan uzağa.
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.
Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.
Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.
Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.
“Ədəbiyyat və incəsənət”
(13.08.2024)
Ümid həyat işığıdır, xəyalsa o işığa doğru aparan yoldur - ESSE
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
Günümüzdə çox dartışılan mövzulardan sayılan süni intellektin fəsadlarının xofu dünyamızı bürüdüyü bir zamanda, bir qisim insanlar bu səbəbdən narahatlıq ağuşundaykən, bununla bağlı ağlıma ilk gələnləri qələmə almaq fikrinə düşdüm:
Allah deyə-deyə min il, milyon il
Dikildi insanın gözü göylərə.
Əvvəlcə xəyalı gəzdi səmanı,
Hələ getməsə də özü göylərə.
(B. Vahabzadə)
Bu şeir parçasında deyildiyi kimi illər uzunu gözləri fəzaya dikilən, xəyalı bir işığın həsrətinə qovuşmağa doğru yol gedən, qalın-qalın kitablara sığışmayan neçə-neçə ömrün arzuları xəyalın bircə anına sığışandı, o ani zaman içində kainatı, ənginlikləri dolanıb gələndi.
Ta qədimdən, Tanrı dünyanı bizə bəxş edən gündən, bəşər arzuları tanıyan andan insanın ən yaxın könül dostu, sirdaşı və sözdaşı, kimsəyə açmadığı dərdinə şərik onun xəyalları olmuşdur. Arzular ilk öncə, narahat gündüzlərin, uzun gecələrin həmdəmi olan xəyalların bətnində döl tutub cana gələrək böyümüş, vaxt ötdükcə nağıllar və əfsanələrdə, ya da ki bəzək-düzək vurulmuş rəvayətlərdə sığallana-sığallana tumarlanıb cilalanmış, heykəlləşərək rəvac tapmaqla dünyaya gəlmişdir. Hər bir arzunun gerçəkləşmədən əvvəl ayaq açıb yeridiyi, reallığa can atdığı yer xəyal dünyasıdır. Mütləq azadlığın qələbə çaldığı, hamıdan gizli, namümkünü mümkünə döndərən məkandı xəyallar dünyası. Künc-bucağı görünməyən cəzirə, fəqət xəyalın gözüylə görülə biləcək fantastikalar səhrasıdı, əlyetməzlərin dil açıb ayaq tutana qədər memarıdı, bənnasıdı xəyallar.
Daha çox gəncliyin təsəlli və təskinlik tapdığı məkan, bütün istək və sevgililərin həsrətinin vüsala çatdığı, məhəbbətlərin ayaq tutub yerimək cəhdi, aşiqlə məşuqun ən təhlükəsiz görüş yeri, sevgilərin qanad açıb pərvazlandığı ən etibarlı guşə hər aşiq-məşuqun öz xəyalıdır. İnsan şüurunun bu qatı sahibindən özgə heç bir kəsə tabe olmayan, özünün hökmüran olduğu, əyanları təfəkkür və təxəyyülün doğa biləcəyi fikir və düşüncələr olan, gerçək arzuların dadından da çox şirin dadan, həddi-hüdudu bilinməyən bir səltənətdir. Məhəbbət dünyasının Adəm və Həvvası sayılan Leylinin Məcnuna, Məcnunun Leyliyə qovuşduğu yerdi xəyallar aləmi. Xəyal insanın ömür-gün yoldaşı, ayrılmaz sevgilisidir. İnsan aşiq, xəyal isə onun məşuqudur. Fərq ondadır ki, burada aşiq məşuquna asanlıqla qovuşa bilir. Müdriklərimizdən birinin dediyi kimi: “Xəyalım xəyalının xəyalını xəyalımda xəyal edər”.
Oxunaqlı kitablar müəllifi, dəyərli yazarımız Varis “Sonuncu ölən ümidlərdir” əsərində yazır ki: “Ümidlər... Sonuncu ölən ümidlərdir. Bəlkə, ümidlər ümumiyyətlə heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar? Ruhu da ölməyə qoymayan bəlkə haçansa cismə dönmək ümididir?.”
Hörmətli yazarın qənaətinə qoşularaq maddi aləmdə heç nəyin itmədiyini, yalnız şəklini dəyişdiyini nəzərə alsaq, xəyal da ümid kimidir, bəlkə də o da ölmür. İnam işığında ümid də xəyalda canlanır, bəslənir, onunla canbir, qəlbbirdir. Xəyalla ümid bir bədəndir. O bədənin yarısı olan ümid içimizdəki inamdan asılıdır. Bizə görə, yuxudan fərqli olaraq xəyal və ümid olsa-olsa müəyyən bir nöqtəyə qədər idarə oluna biləndi, o məqamdan sonra isə sonsuz olaraq da qalır. Nəzərə alsaq ki, ümid və xəyal həm də enerji mənbəyidir.
Ümid həyat işığıdır, xəyalsa o işığa doğru aparan yoldur. Yolların sonu olduğu halda xəyalın arzulartək nə üfüqü, nə sonu olur. Bu libasda, yuxarıda deyildiyi kimi, bütün kainatı dolaşmaq olar.
Bu deyilənlərə söykənərək belə bir qənaətə gəlmək olur ki, dünyanın ən yüksək inkişaf etmiş, çevik və sürətli texnologiyası xəyaldır. Günümüzədək onun sübutu elmə məlum deyil. Elm və texnika ona çatmaqda hələ də acizdir. Bizə görə, yəqin ki, insan şüurunun qüdrəti olan süni intellekt də dünyamız durduqca Tanrının bəşərə bəxş etdiyi bu möcüzənin ruhlar aləmində kənardan müdaxilə edilməklə idarə olunması qarşısında aciz olaraq da qalacaqdır. Bəşər hər an bir yeniliklə üzbəüz dursa da, onun zəkasının nəticəsi olaraq dünyamızın süni intellekt tərəfindən idarə olunması ərəfəsindəykən düşünürsən, Tanrının yaratdğı insan təfəkkürünün bir elementi olan xəyal çətin ki insan elmi sayəsində kənardan müdaxiləylə ipə-sapa yatsın.
“Ədəbiyyat və incəsənət”
(13.08.2024)