Super User

Super User

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə İçi tərəvəzlə doldurulmuş xan balığının hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR (nüsxə):

§ Balıq – 183 qr

§ Soğan – 25 qr

§ Pomidor – 40 qr

§ Bolqar bibəri – 25 qr

§ Acı bibər – 25 qr

§ Cəfəri – 11 qr

§ Alça (və ya quru alça) – 10 qr

§ Kərə yağı – 15 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

§ limon – 15 qr, narşərab – 5 qr, nar turşusu – 5 qr

 

HAZIRLANMASI:

Xan balığı təmizlənir, yuyulur və qurudulur. Onurğa sümüyü çıxarılır. Duz, istiot vurulur. 1-2 saat ərzində saxlanılır. Tərəvəzlər xırda saman- varı şəkildə doğranır. Duz, kərə yağı, alça turşusu vurulur və qarışdırılır. Hazırlanmış qarışıq balığın içinə dol- durulur. 20-25 dəqiqə ərzində 180°C- də sobada bişirilir. Hazır olduqda boşqaba qoyulur, üzəri bəzənib süfrəyə verilir. Yanında limon, narşərab, nar turşusu da verilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Çərşənbə axşamı, 02 İyul 2024 09:02

Kəlağayılar Şuşanın gözəlliyinə gözəllik qatdılar

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanı başdan-başa dolaşan kəlağayı festivalı bu dəfə mədəniyyət paytaxtımıza güzar etmişdi. Festival "Sazlı, sözlü kəlağayı günləri" layihəsi çərçivəsində çox möhtəşəm keçdi. 

 

Şuşa sakinləri qarşısında çıxış etmək, konsert vermək həm böyük sevinc, həm böyük məsuliyət, həm də qürurverici idi .

"Sazlı, sözlü kəlağayı günləri" layihəsi 

çərçivəsində 200 qədimi kəlağayının  sərgisi, Güllü Eldar Tomarlının əl işləri, rəssam  Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, ''Anam kəlağaydı, kəlağay anam'' 

kitabı - hamısı Şuşa sakinləri tərəfindən maraqla, sevgiylə qarşılandı.

Festivalı giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı qeyd etdi ki, kəlağayımız 2014-cü ildə ölkəmizin birinci Vitse  Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə  Yuneskonun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdi və beynəlxalq səviyyədə tanıdılmışdı. Bu il həmin əlamətdar tarixin 10 illiyi münasibəti ilə Azərbaycanın bölgələrində, Naxçıvan MR-da, elm və təhsil ocaqlarında kəlağayıya aid festivallar, tədbirlər, sərgilər keçirilir və qədirbilən xalqımız tərəfindən sevgilərlə qarşılanır.

O dedi: “Bu gün ''Kəlağayı Festivalı'' işğaldan azad olunmuş Şuşada baş tutdu. Bu çox şərəfli anlardır”.

Vətənimizin bütövlüyü, azadlığı, severinliyi uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıldı. Azərbaycan himni səsləndirildi.

Sonra söz Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğluna verildi. O, son vaxtlar kəlağayımızın istifadəsinin kəlağayı istehsalına təsir etdiyini, kəlağayımızın təbliğinin nəticəsinin  göründüyünü qeyd etdi.

Festivalda Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgər, əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Mussyeva, Texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov, şəhid bacısı Lalə İsmayıl, Naxçıvan MR, Culfa rayon, Kırna Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şairlər, aşıqlardan Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, Gözəl Kəlbəcərli, Rəvanə Lerikli çıxış etdilər.

Tədbirdə şəhid ailələri, Türkiyədən olan qonaqlar, o cümlədən elm adamı Murad Uzun və Şuşa sakinləri də çıxış etdilər.

Güllü Eldar Tomarlı bu festivala mənəvi dəstək olduğuna görə Azərbaycan Prezidentinin  xüsusi nümayəndəsi Aydın Kərimova, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzova  və zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi. 

Sonda milli birliyimizin tərənnümü olaraq ''Yallı rəqsi'' oldu. Şuşa sakinləri ilə tədbir iştirakçılarınln bu anları çox möhtəşəm idi.

Festival iştirakçıları sonra xatirə şəkili çəkdirdilər.

Kəlağayı festivalı davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Çərşənbə axşamı, 02 İyul 2024 10:11

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Nyu-Yorkda “My Way” (“Mənim Yolum”) Yaradıcılıq İnkişafı Mərkəzi tərəfindən təşkil edilən İpək Yolu Festivalı (Silk Road Festival) keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, Azərbaycan, Gürcüstan, Monqolustan, Rusiya, Ukrayna və digər ölkələrdən qatılan 175 iştirakçı öz ölkələrinin mədəniyyətini təqdim ediblər.

Tədbirdə çıxış edən “My Way” Yaradıcılıq İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlova festival iştirakçılarına uğurlar arzulayıb.

Peşəkar sənətçilərin və uşaqların qatıldığı festivalda Azərbaycanı Fərizə Dudarovanın rəhbərliyi ilə “Qafqaz Ritmləri” rəqs qrupu “Yallı” və “Tərəkəmə” rəqsləri ilə təmsil edib.

Tədbir çərçivəsində “My Way” Yaradıcılıq İnkişafı Mərkəzinin incəsənət məsələləri üzrə direktoru, istedadlı pedaqoq, heykəltaraş və rəssam Emin Quliyevin “İpək Yolu səyahəti” İncəsənət layihəsi təşkil edilib. Layihə çərçivəsində 4-24 yaş arası olan 276 uşaq və gənc arasında “Ən yaxşı rəsm” yarışı keçirilib.

Nyu-Yorkda artıq 5-ci ildir ki, təşkil olunan festival İpək Yolu marşrutuna daxil olan ölkələrin mədəniyyətini nümayiş etdirir.

Festivalın iştirakçıları şəhər meriyası və yerli ictimai xadimlər tərəfindən mükafatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Araz Asifin şeirlərini təqdim edir. 

 

 

*

Tənindən qarğış qoxusu qar qız,

Tənindən qar qış qoxusu qar quş,

Qoşun çəkir üstümə tənin

Və mən çoxdandır ağ bayraqla səngərini tərk etmişəm!

Sənsə gümüş yağışları qarğış kimi

Yox, qar qız kimi yağdır dünyanın yaslı yanaqlarına.

Dırnaq çək qan qara qamçıl qabarlığına,

Dünyanı deyirəm, dünyanın deyirəm.

Əlində sıxdığın büllur nar,

Yanar içim, yanar...

Narlar dünyanın ağac qanıdır,

Qarğışa bələşmiş

Və sıxılmış təninə

Göyərmiş sinəndən iki topa nar qarı

Qar-qar oynamaq narı

Yanar içim, yanar...

Əlim qana batar bu darmadağın halımınn pərişanlığına

Dur, mənimlə durdur bu darvazanın giriş axımını.

Mənim alkoqulik səadətimdir sənin qar ağ-mağın,

Mənim çay dəmimdə eyvan xəlvətimdir, sənin varlığın.

Sonra, iyirmi ildə səni bir gün yağmaq həvəsi,

Qar qız qaralığını barınmaq həvəsi,

Alkoqulik gecələrimin macərasıdır.

Bu illərin Hacı Qafar ümidliliyinə sən məni təşrif buyurmusan,

Ancaq illər keçib,

İllər keçib.

Sən artıq böyümüsən,

Artıq böyümüsən...

Böyü...

Sən...

Bitirmisən nigarançılıqları,

Çörəksiz, pulsuz aclıqları,

Unutmusan radioda dinlədiyimiz

"Gəlmişəm otağına

Oyadam səni qara gilə"-ni...

Və sən hər oyananda “Salam, səhərin xeyir əzizim”

Və mən hər yatanda öpürəm artıq unutdurulduğum səni.

Gizlin bir macəradır bu bulaqdakı qarğışlı qar qız qarlığı,

Sanki bulaq tənini səndə yuyurdu,

Gözünü silirdi sənə təmiz baxmağa,

Artıq iyirmi ildir baxışlar xumardılar

Bu alkoqulik qarsız, qaraltısız baxışlar

Bir macəradır eşq...

Dinlərsən qaralar ovqatın,

Dinləməzsən, allah sənə rəhmət eləsin uzun qulaq qonşu.

Yükün yüngül, yolun daşlıq idi sanki

Sən yatarsan,

Mən səhərin bulaqlı suyuna can sürtəcəyəm,

Qaraltılarım yağsın,

Qarım qarlasın,

Qar...

Qar...

Qarıldasın bu aclıq...

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

 

Çərşənbə axşamı, 02 İyul 2024 15:36

Den Valdşmidtdən 6 il əlavə yaşamaq sirri

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

Ömür çox qısadır, deyilmi? Uğur qazanmaq üçün əlində daha böyük zaman resursunun olması, əlbəttə ki, hədsiz əhəmiyyətə malikdir.

«Özünün ən yaxşı versiyan ol» kitabı ilə adi insanların görkəmli insanlara çevrilməsi yollarından bəhs edən tanınmış sosioloq Ven Valdşmidtin örnək göstərici bir həyatı olub. İlk dəfə universitetdən qovulan, məntiqlə bir qara sent belə qazanmamalı olan Den milyonlarla dollar qazanıb. «Rəhbər kimi mən on illər ərzində böyük satış artımına nail oldum, məsləhətçi kimi bu işi dünya üzrə bir çox kompaniyalara öyrətdim. Mən iyirmi beş yaşımda kompaniya rəhbəri oldum. Mən iş adamı, biznesmen olmaya-olmaya təsadüfən bu sahəyə düşüb özümə yol açdım. Mən bilirəm ki, qaydaları pozıb necə superulduz olmaq mümkündür. Özü də tək biznesdə yox, həyatın hər bir sahəsində. Yox, mən heç də sehirkar, qeyri-adi insan deyiləm. Mən adi bir oğlanam ki, bir neçə qeyri-adi işlər görüb başgicəlləndirici uğurlar əldə etmişəm».

Den Valdşmidtin uğur düsturu heç də düşündüyünüz qədər mürəkkəb deyil. Onun bir cümlədə şərhi təxminən bu cürdür:

«Öz həyatınızın məsuliyyətini hərtərəfli olaraq öz əlinizə götürün, dedi-qodulara, kənar müdaxilələrə arxa çevirərək öz gələcəyinizi qurun!»

 - Nə olsun ki, əvvəllər bunu heç kəs etməyib. Siz ilkə imza atın;

 - Nə olsun ki, bu sizdə bir neçə dəfə alınmayıb. Öz işəyanaşmanızı dəyişin;

 - Nə olsun ki, sizin ali təhsiliniz yoxdur. Məqsədyönlü olun. Oxuyun. Təhsil almaq heç vaxt gec deyil;

 - Nə olsun ki, sizə heç kəs inanmır. Sizin uğur qazanmağınız üçün başqasının təsdiqinin əhəmiyyəti yoxdur;

 - Nə olsun ki, çətin olacaq. Böyük uğurlar həmişə böyük ağrı və itkilər tələb edir;

 - Nə olsun ki, siz əziyyət çəkir, cəhd edirsiniz və heç nə alınmır. Cəsur olmaq, məqsədyönlü olmaq həmişə ən düz qərardır;

 - Nə olsun sizə zər hansı bir ziyan dəyəcək? Cəsurluğun qiyməti həmişə belə olur;

 - Nə olsun ki, sizi qiymətləndirmirlər? Bu o demək deyil ki, dəfnə çələngi başınıza taxılmayacaq;

 - İndiyədək öyrəndiklərinizin heç biri dolğun, dürüst olmadı?

Belə isə özünüzün qaydalarınızı yaradın;

 - Nə olsun ki, ekspertlər sizinlə razılaşmır? Ekspertlər səhv də edə bilər;

 - Nə olsun ki, siz aldığınızdan çox verirsiniz? Bəlkə siz, sadəcə xoşbəxt olmaqdasınız?

Den Valdşmidtə görə, insan öz qəlbinə baxmalı, ona uğur gətirməyə mane olan şeytanlarla mübarizə etməlidir. Sizi tutub saxlayan uğursuzluq və qorxuya nə qədər ki fikir verəcəksiniz, siz qalib ola bilməyəcəksiniz.

İlk öncə siz inanmalısınız ki, hazırda hansı durumda olmağınızdan asılı olmayaraq ən böyük uğura imza ata bilərsiniz.

«Sizin taleyinizi sizin qərarlarınız formalaşdırır», - yazır sosioloq. Və çox maraqlı bir dəlil gətirir: Bizim hər günümüzün reallığı gecələr yuxu yatmağımızdır, deyilmi? Necə də olsa, eyni vaxtlarda olmasa belə, günümüzün adi, yaxud gərgin və stresli olmasına məhəl qoymadan gecə mütləq yatırıq. Bəzilərimiz hətta vaxt tapıb günorta da ya yataqda, ya da masa arxasında, televizor önündə, divanda, harada gəldi mürgüləyirik. Den Valdenşmidt yazır, ömrünüzün növbəti əlli illik dönümünü (o, gənclərə xitabən yazır) yuxudan cəmi 1 saat tez oyanmaqla keçirin. Demək, siz təqribən 2281 əlavə iş günü, yaxud 6,25 il qazanacaqsınız, bunu da öz məqsədləriniz üçün sərf etməklə görün necə böyük bir xəzinə əldə etmiş olacaqsınız.

Necədir? İlk baxışda çox adi bir tövsiyədir. Hər gün 1 saat tez oyanmaq. Amma nəticədə 50 il əvəzinə 56, il yaşayacaqsınız, bunun nəyi pisdir ki?

Sosioloqun gətirdiyi digər rəqəmlər də olduqca maraqlı və ibrətamizdir.

 - Gün ərzində 20 dəfə özündə pozitiv əhval-ruhiyyə yaratsan, 15 il ərzində gələcəyini daha xoşbəxt etmək üçün 109500 şans əldə edə biləcəksən;

 - Hər gün əvvəlkindən 1 dəfə artıq doğru danışmaq – özünə inanmaq üçün 365 əlavə səbəb deməkdir;

 - 22 il ərzində hər həftə bir kitab oxumaq – dünyanın ən ağıllı adamlarından 1144 ideya öyrənməklə nəticələnir;

 - Hər ay 5 çox vacib yeni tanışlıq əldə etsəniz 35 il ərzində ən çətin anınızda güvənə biləcəyiniz 2100 nəfəri tanıyacaqsınız.

 - Hər il cəmi 1 artıq qələbə əldə etməklə həyatınız boyu otuz ağlasığmaz, başgicəlləndirici müvəffəqiyyətə imza atmış olacaqsınız.

Və o sual edir: «Məgər sizin əlavə 109500 xoşbəxt anınız, 30 müvəffəqiyyətiniz, özünə güvən üçün 365 səbəbiniz, 1144 yeni ideyanız və 2100 yeni dostunuzun peyda olması pisdirmi?»

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

 

 

Çərşənbə axşamı, 02 İyul 2024 16:00

TƏK – Orxan Fikrətoğlunun filminin sinopsisi

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

 

TƏK

 

 

Çəkiləcək film qəddar kaleydoskopik reallıq içində təklənmiş bir gəncin həyat dramıdır. Düşmənə əsir düşməsin deyə atasının təkidi ilə anasını öldürmüş bu gənc gözünü açandan ölüm görür. Həyatı dərk etməmiş ölümü tanıyır. Tarix müəllimi olan “ideoloji” atasının pafoslu atmosferindən anasını öldürməklə çıxan “qəhrəman” səhra qumsallığı üstündə yaşayan kimidir. Addımını atdıqca daha da dərinə batır. O, təkdir və təkgöz doğulub. Doğulduğu kənd işğal olunub. Kəndi tərk edərkən doğmalarını da itirib. Onu ölülərin içində anasının qolları arasında sağ tapmış çoban uşaq evinə təhvil verir. Uşaq evinin yerləşdiyi Ağdam şəhəri də sonradan işğal olunur. Bunu anlayan qəhrəman uşaq evində ac-yalavac qalmış qızcığazları xilas etmək məqsədilə kəndə qayıtmaq fikrinə düşür. Və səhvən İran sərhədini keçir. İrana onunla birgə keçən qızı zorlayandan sonra sərbazlar onu azərbaycanlı iş adamına satırlar. Və filmin qəhrəmanı yenidən uşaq evinə düşür. Bu dəfə Bakıda yerləşən uşaq evində yaşamalı olan qəhrəman şəhərin basırıq reallığından daha da təklənir. O, maşın şüşələrini yumaqla böyüyür. Və bir gün bir varlı ailənin oğlu onu evinə gətirir. Bu evdə o, bir balaca rahat nəfəs alır. Və get-gedə ailənin yeganə qızına vurulur. Qız qəhrəmanın onu sevdiyini başa düşür. Və onu qısqandırmağa çalışır. Belə “oyun”ların birində qəhrəman özünü saxlaya bilməyib qızla birlikdə oxuyan şagird dostunu bərk döyür. Və evdən qaçır. Olanları başqa cür eşidən qızın qardaşı qəhrəmanı tapıb bıçaqlayır. Sağalandan sonra isə qızın atası onu qatı dindarların mədrəsəsinə təhvil verir. Mədrəsə ilk baxışdan dini məktəb kimi görünsə də, burada Yaxın Şərqdə terror aktlarını həyata keçirməkdən ötrü “ölüm mələkləri” hazırlayırlar. Bir zaman şəhid olacağını anlayan qəhrəman ilk vaxtlar psixoloji təbəddülat keçirsə də, sonradan ölümüylə barışır. Onu ölümə hazırlayan “usta dindarlar” öz işlərini yaxşı bildiklərindən qəhrəman beş-altı ilə “ölüm mələyi”nə çevrilir. Çünki onun uşaqlıqdan gördüyü və tanıdığı ən böyük ədalət elə ölümdür. Əvvəlcə mədrəsənin şeyxi ona sevdiyi qızı öldürməyi tapşırır. Qəhrəman o qızı öldürməklə içində cücərməyə başlayan sevgisini də öldürür. Və lap təklənir.

Sonra o, Əfqanıstan, İraq və Suriyada günahsız insanları öldürə-öldürə “ölüm maşını”na çevrilir. Və bir gün amerikalıların həbsxanasına düşür. Burada o, bir ingilis jurnalisti ilə tanış olur. Və gözü açılır. İslam təlimi adı altında aparılan siyasətin gerçək mahiyyətini başa düşür. Di gəl, onu həbsxanadan çıxaran mədrəsə şeyxinin əmri ilə ingilis jurnalistini öldürür. Və səhərisi gün bir əfqan qızla İstanbulda terror aktı keçirməkdən ötrü səfərə çıxır. Əfqan qızla o, ər-arvad kimi bir mənzildə yaşamalı olur. Və get-gedə bu yaxınlıq sevgiyə çevrilir. Qəhrəman qıza tapındığı kimi, ömrü ölümlə keçən qızın özü də qəhrəmana bağlanır. Və onlar “oyun qaydaları”nı pozub terror aktı zamanı böyük oyundan çıxırlar. Onlara bir türk milyonçusu sahib çıxır. Və bu əsl Allah adamı qəhrəmana gerçək ədalətin nə olduğunu anladır. Filmin qəhrəmanı ancaq o zaman ölümün deyil, sevginin və həyatın önəmli olduğunu anlayır. Və hamı kimi sadəcə yaşamağa çalışır. Türk milyonçusu onlara toy edir. İş verir. Onların bir oğlu da olur. Amma taledən qaçmaq da asan deyil. Çox keçmir, terrorçular qəhrəmanı və onun qadını Əminəni tapırlar. İlk öncə oğlunun əlinə tapança verib anasını öldürməkdə təkid edirlər. Amma qəhrəmanın oğlu, atasından fərqli olaraq, anasını deyil, düşməni öldürür. Bunu görən terrorçular qəhrəmanı sağ saxlayıb oğlunu “ölüm mələyi” etmək üçün aparırlar. Və onun gözünün qarşısında arvadını öldürürlər. Qəhrəman oğlunun da ölümə hazırlandığını anlayır. Səhərisi gün “Əl-cəzirə” kanalı qəhrəmanın oğlunun ölüm xəbərini verir. O uşaq əlindəki oyuncaq ayı ilə onlarla insanı qətlə yetirməkdə təqsirləndirilir. Beləliklə, toxunduğuna və yaşatmaq istədiyinə ölüm gətirdiyini anlayan qəhrəman onu bu yola gətirmiş mədrəsə şeyxi olan Əmir Tariki öldürmək qərarına gəlir. Və nəhayətdə onu Serbiyada tapıb belinə bağladığı şəhid kəmərini işə salır. Sonda Əmir Tarik kimi, o da öldüyünə sevinir. Və onu bu boyda həyatda yaşamağa qoymayan bu adamın əslində ölümdən qorxduğunu anlayıb sarsılır. Son anda səhv bir ömür yaşadığını da anlayan qəhrəman tək olmağın faciəsini, nəhayət ki, başa düşür. Və ölüm anında anasını öldürəndən sonra əslində yaşamadığını dərk edir. Və xatırlayır ki, atası anası ilə birlikdə ona özünü də öldürməyi tapşırmışdı. Və o, ömrü boyu başqalarını öldürməklə əslində dəfələrlə özünü öldürürmüş.

Film auditoriyaya gerçək İslam dəyərlərini, gerçək sevgini və insan dəyərlərini aşılamaq məqsədi güdür. Qarabağ, Suriya və digər savaşlar savaş deyil, dəyərsiz oyun əxlaqında olduğundan insana çıxış yolu qoymur. Bu sallaqxanada ya qəssab olmalısan, ya qoyun, yeni əxlaq insana başqa seçim yolu qoymayıb... Filmin qəhrəmanı bunu ancaq sonda anlayır... Və tamaşaçıya filmin mesajı da budur...


 “Ədəbiyyat və incəsənət”

(02.07.2024)

 

 

 

 

 

 

Çərşənbə axşamı, 02 İyul 2024 11:16

“Ulduz”umuz bir az da gözəlləşdi

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ulduz” aylıq ədəbiyyat dərgisinin yeni sayı oxucularının görüşünə tam yeni tərtibatda gəlib. Belə ki, bu yenilik dərginin üz qabığından, mündəricatından tutmuş son səhifəsinə qədər dizaynında özünü göstərir. 

Fürsətdən istifadə edib dərginin baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəsdən yeniliklərlə bağlı məlumatlar aldıq. 

 

Demək, “Ulduz”un yeni dizaynı qardaş Türkiyədə hazırlanıb və növbəti saylar da eyni qaydada tərtib ediləcək. 

Bundan əlavə, jurnalın səhifə sayı da artırılıb. Əvvəl 88 səhifə çap olunduğu halda, bundan sonra 96 səhifəli “Ulduz”u vərəqləmək şansımız olacaq. Qeyd edək ki, iyun sayı xüsusi olaraq 104 səhifə hazırlanıb. Eyni zamanda, jurnalın ölçüsündə də dəyişiklik edilib.

Qulu Ağsəs daha sonra digər bir yeni təşəbbüsün reallaşacağını da bildirdi. Belə ki, Ankarada çap olunan “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahinlə Qulu Ağsəsin əldə etdiyi razılığa əsasən, “Ulduz”un növbəti xüsusi buraxılışı “Gənc ürəklər” dərgisində, “Gənc ürəklər” dərgisinin növbəti sayı isə “Ulduz”da oxuculara təqdim olunacaq. 

 

Bəs dərginin iyun sayında hansı yazılarla tanış ola biləcəyik? 

“Ulduz”un iyun sayı maraqlı bədii mətnlərlə zəngindir. Dərgi Tural Cəfərlinin “Özüylə söhbəti... və şeirləri” ilə açılır.

Sərdar Aminin “Rəsul nəsə demək istəyir”, Təvəkkül Boysunarın “Araz axır qıyğacı”, Ayişə Nəbinin “Relsə bağlanan çoban”, Nazilə Gültacın “İki limon”, “Murad futbola baxırdı”, “Stabilizator”, Mətanət Ulu Şirvanlının “Dikbaş”, İlqar İsmayılzadənin “İtmiş pul” hekayələri, Aydan Abdullayevanın “Darıxan yazı” essesi dərginin bu sayında işıq üzü görüb. Bir müddət əvvəl dünyasını dəyişmiş gənc yazıçı Murad Muradovun “Kərimin ördəkləri” hekayəsi də ruhuna ehtiram əlaməti olaraq cari buraxılışda dərc olunub.

“Ulduz” jurnalı və Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat fondunun təşkilatçılığı ilə Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsinin qalibləri – Cavid Qasımov, Allahşükür Ağa, Rəşad Nağı Mustafa, Eminquey Akif, El Roman, Seyyidəli Sübhinin şeirləri də iyun sayında çap olunub. Eyni zamanda, Hafiz Hacıxalıl, Aysel Nəsirzadə, Rəsmiyyə Sabir, İnqilab İsaq, Ədalət Salmanın şeirləri “Şer vaxtı”nda oxuculara təqdim olunub.

“Tərcümə saatı”nda Xatirə Nurgülün tərcüməsində Sergey Dovlatovun “Ariel” hekayəsi dərc olunub.

Yazıçı-publisist Nadir Yalçın tanınmış şair Baba Vəziroğlu ilə həmsöhbət olub. “Çalışmışam ki, mahnının mətni həm də normal bir şeirə oxşasın” başlıqlı müsahibədə maraqlı nüanslara toxunulub.

 “Nobel” üzrə ədəbiyyat mükafatları laureatlarından Andre Jidin həyat və yaradıcılığından İlham Abbasovun “Cuhud” soyadlı fransız yazıçısı” adlı məqaləsində bəhs edilib.

“Gənc yazarlar üçün ustad dərsləri”nin növbəti mövzusu “Xorxe Borxesin “Dörd dövrəsi” barədədir. Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu sözügedən esseni şərh edib.

İyunun “Tribuna”sında filologiya elmləri doktoru Vaqif Yusliflidir. “Yeni ədəbi nəsil” başlıqlı yazısında o, ümumi mənzərəyə nəzər salıb, ikimininci illərin ən gənc nümayəndələrindən bəhs edib.

“Dərgidə kitab”da İlhamə Nasirin qələm nümunələri işıq üzü görüb.

“Dərgidə sərgi”ni Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Fəridə Cəfərovanın rəsmləri bəzəyib.

Bir sözlə, çox maraqlı dərgidir, oxumağa dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin finalçıları nəhayət ki elan edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı ittifaqa istinadən xəbər verir ki, müsabiqəyə 50 ssenari qəbul olunmuşdur.  Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov, kinoşünas Sevda Sultanovadan ibarət münsiflər heyətinin qərarı ilə ikinci mərhələyə 13 ssenari buraxılmışdır. Ssenariləri müəlliflərin familiyalarını əlifba sırası ilə təqdim edirik:

Arifoğlu Elçin – “Ürəkdəki cəbhə xətti, cəbhə xəttindəki ürək” 

Dadaşov Nicat – “Otaq”

Qəhrəmanov Asif – “Köhnə soba”

Qubadzadə Qurban, Əlibəy Məmmədli, Süleymanzadə Süleyman –  “Yun çubuğu” 

Heydərova Ülviyyə - “Bir, iki, üç”

Xanəlizadə Elxan – “Tarla qızları”

Mahmudova Sevinc –  “Əmanət” 

Məmiyev Amil (Amal) – “Şuşa, mən səni sevirəm”

Muxtarov Mətləb, Mirmehdi Ağaoğlu,– “4420” 

Nəsibli Leyla – “Əsgər çəkmələri” 

Rzayev Elnur (Paşa) – “Söyüd ağacı”

Səfərov Hacı – “Qısa paslar, uzun peşmanlıqlar”

Yusubova Şəfa – “Əziz Emil” 

Qalib ssenarilər  2 avqust Milli Kino günü öncəsi elan ediləcək.

Qalib ssenarilər üçün müəyyən edilmiş pul mükafatları I yer – 2000 AZN, II yer – 1500 AZN, III yer – 1000 AZN təşkil edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, filmlərin dramaturji keyfiyyətini artırmaq üçün müntəzəm ssenari müsabiqələri keçirmək planlaşdırılır. İştirakçıların ssenari texnikası biliklərinin artırılması üçün müsabiqədən əvvəl kinoyazarlar üçün təlimlərin keçirilməsi də AKİ-nin planlarına daxildir. 

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Çərşənbə axşamı, 02 İyul 2024 10:44

Şəhidlər barədə şeirlər - Hüseynli Əkbər

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdim etməkdədir.

 

Şəhid Hüseynli Əkbər

 

 

2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib.

Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.

27 sentyabr 2020-ci ildə "Böyük Vətən Müharibəsi" başlamışdır. Döyüşün ilk günlərində Murov istiqamətində gedən döyüşlərdə iştirak edib.

Döyüş zamanı  qolundan  yaralanmış, əsgər yoldaşlarının təkidinə baxmayaraq, döyüşə davam etmişdir. 

27-29 sentyabr tarixlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş yoldaşları ilə  xeyli irəliəyərək düşmənin çoxlu sayda hərbi qulluqçusunu məhv edib. Murov  zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Təltifləri:

Vətən uğrunda” medalı (24.06.2021)

Suqovuşanın azad olunmasına görə” medalı (24.06.2021)

 

Mən səni tanıyıram,

Zəfər, qələbə şəhid.

Mən səni tanıyıram,

Salam, tələbə şəhid.

 

Soyadın Hüseynli,

Adın da Əkbər sənin,

Vətən məhəbbətindən

Qiymətin zəfər sənin.

 

Diplom alan tələbə

Çoxdu, neçə nəfərdi?

Sənin diplomun isə,

Şuşadı, Kəlbəcərdi.

 

Tanrı bütün dağların

Taleyini tən yazıb.

Ayaq izin Murovda,

Qar üstə "vətən" yazıb.

 

Yazıb itkin dedilər,

Gizlədi zaman səni.

Bircə günə bir ömür,

Gözlədi anan səni.

 

Mən səni tanıyıram,

Cənnətin güllərindən.

Mən səni tanıyıram,

Kərbəla çöllərindən.

 

Tanıyıram, əbədi

Yadda qalan birisən.

Birdən-birə böyüyüb

Vətən olan birisən.

 

Mən səni tanıyıram,

Torpağın canındasan.

Atanın yuxusunda,

Tanrının yanındasan.

 

 “Ədəbiyyat və incəsənət”

(02.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Səfaət Avilbəylinin “Qərbi Azərbaycanın Qarabağı – Qaraqoyunlu” məqaləsi təqdim ediləcək.

 

 

 

Şəfahət AVILBƏYLİ (Əliyev)

 

QƏRBİ AZƏRBAYCANIN QARABAĞI-QARAQOYUNLU

 

  Oğuz eli  Qərbi Azərbaycanın zəngin mədəniyyət ocaqları ilə səciyyələnən füsunkar bölgələri sırasında Qaraqoyunlu mahalının da xüsusi yeri olduğu danılmazdır. Coğrafi baxımdan bu mahal Qərbi Azərbaycanın digər  mahallarından unikal təbiəti ilə seçilib. Təbiət bütün gözəllikləri bu bölgənin insanlarından əsirgəməmişdi. Qaraqoyunlu, o cümlədən Göyçə də daxil olmaqla ümumi Azərbaycanın ikinci Qarabağı hesab edilirdi. Dilican dərəsi boyunca uzanan bu mənzərə Azərbaycanın ən qədim yaşayış məskəni olmuşdur. Tarixən böyük ziyalı ordusuna sahib olan bu bölgənin insanları  özünəməxsus oğuz adət-ənənələrini bu gündə qoruyub saxlamaqdadırlar.

Tarixi mənbələrə görə, Qaraqoyunlu dərəsindən ilk köç hələ 1892-ci ildə baş verib. Bu  köç Osmanlı-Rusiya müharibəsində Çar Rusiyasının Osmanlı qarşısında qoyduğu tələblərdən biri kimi tarixin səhifələrinə keçib.

Çar hökumətinin apardığı işğal siyasətinin tərkib hissəsinə aid olunan bu köçürülmə nəticəsində əhali Türkiyənin Amasiya bölgəsində məskunlaşır.

Bir neçə cəbhədə müharibə aparan Osmanlı hökuməti Qaraqoyunluların dağlıq ərazilərdən köç etməsinə baxmayaraq, onları aranda, isti ərazilərdə yerləşdirməyə məcbur oldu. Beləliklə, əhalinin coğrafi baxımdan bu torpaqlara uyğunlaşa bilməməsi sonradan köç edənlərin bir hissəsini geri – dədə-baba torpaqlarına qayıtmağa məcbur edir. O zaman Osmanlıya köç edənlər  arasında köçkünlük dərdini qələmə alan Hacı Əmirxan bu nisgili qohumu Molla Məhəmmədə yazdığı bir məktubda belə canlandırır:

 

Əmirxeyrin, Bəryabadın meşəsi,

Açılıb laləsi, tər bənövşəsi.

Dəstə-dəstə gəzir  gəlin, qızlar  dəstəsi,

Bu yerləri  qoyub gedən ağlasın.

 

Püstə,  Dikdaş, bir də Nigar bulağı,

Qarayasdı Tuklutəpə oylağım.

Tazucan gərdəni, Qanqallı dağı,

Bu yerləri gəzib görən ağlasın.

 

Yanıqpəyə, Xalıkəndi, Xaraba,

Qaraqaya, Kilsə gəlir xəyala,

Ceyran, cüyür qarışıbdır marala,

Bu yerləri görüb gedən ağlasın.

 

Qaraqoyunluların bir hissəsi doğma dədə-baba torpaqlarına qayıtsa da, onların digər hissəsi  Osmanlıda qaldı. Ona görə də indiki Türkiyə ərazisinin Əzirkörpü, Tokat, Sivas, Amasiya, Merzifonda Qaraqoyunlular yaşayırlar. Amma onları orada şirvanlı, ya da qarapapaqlar kimi tanıyırlar.  

Tarixi baxımdan Qaraqoyunlu mahalı 1920-ci ildə Sovet hökuməti tərəfindən Qərbi Azərbaycanın əzəli torpaqlarında yaradılan Ermənistan SSR-in tərkibinə verilməklə  – Çəmbərək (Krasnoselsk) rayonunun ərazisi kimi  rəsmiləşdirilib.

Qaraqoyunlu mahalı qərb tərəfdən Gürcüstan respublikasının tərkibində qalan Borçalı, cənub tərəfdən isə Ermənistan respublikasına verilmiş faktiki Azərbaycan torpağı olan Dilican dərəsi ilə həmsərhəddir. 1988-ci ilə qədər tərkibinə qaraqoyunluların da daxil olduğu İcevan (Karvansaray) rayonunun inzibati mərkəzi olmuşdur. Qaraqoyunluların digər hissəsi isə Göyçənin bir hissəsi ilə birlikdə Çəmbərək (Krasnoselsk) rayonunun tabeliyinə  verilmişdir. İcevan  şəhərini  Qazaxdan 30-35 km, Dilican şəhərini isə  80-85 km məsafə ayırırdı. Beləliklə, coğrafi üstünlüklərə sahib olan bu ərazidə  İcevandan (Karvansaray) Dilicana tərəf gedəndə yolun boyu böyük bir mənzərə ilə  qovuşur. Tarixən bu dərəni  Qaraqoyunlu dövlətinin sahibi Qara Yusifin adı ilə bağlayırlar və bu dərəyə  Qaraqoyunlu dərəsi adı verilib.

 Qaraqoyunlu dərəsinə  bir-birindən gözəl mənzərəli oğuz kəndləri  Polad , Salah, Qaraqaya, Gölkənd, Çaykənd, dağlar qoynunda Əmirxeyir, Bəryabad, Cıvıxlı, Yanıxpəyə, Mürteyil, Agkilsə kəndləri və Dilican dərəsində yerləşən Haqqıxlı  kəndi aiddir. Böyük bir ərazinin Qaraqoyunlu adlandırılması, türk mənşəli adlar olduğundan bir çox tarixi mənbələr də, bu bölgələrin ta qədim zamandan oğuz eli olduğunu bir daha sübut edir. 1919-cü ilin yazında silahlı ermənilərin hücumuna məruz qalmış bu kəndlərin əhalisi Azərbaycanın Qazax, Gədəbəy, Tovuz rayonlarına qaçmışlar.1922-ci ildə yenidən öz doğma torpaqlarına qayıtmış əhali yenidən 1988-ci ildə erməni təcavüzü nəticəsində əhali eyni faciəni təkrar yaşamışdır.

Elmə, mədəniyyətə böyük maraq göstərən bu bölgədə görkəmli insanlar yaşamışlar. Burada, əsasən, məktəbdarlıq xüsusilə seçilib. Həmin məktəblərdə peşəkar və olduqca tələbkar  müəllimlər çalışıb. Milli adət-ənənələrə sahib olan bölgənin özünəməxsus qayda-qanunları bütövlükdə kənd əhalisinin yaşam tərzinə çevrilmişdi və bu adətlər gənclərin təhsilinə, tərbiyəsinə xüsusi çalarlar qatırdı. Yaxşı təhsil alan kənd uşaqlarını hamı qonaq çağırar və bu xəbər olaraq kənd əhalisi üçün ən yaxşı təbliğat hesab olunardı. Eyni zamanda kiminsə elmi ad alması,yüksək nailiyyətləri, bir qayda olaraq, əsl bayrama çevirilərdi.

Məhz bu motivasiyanın nəticəsidir ki,1988-ci ilin deportasiyasına qədər statistik rəqəmlərində   cəmi 300 ailədən ibarət olan birləşmiş Salah və Əmirxeyir kəndlərində ilk təhsillərini  almış səxslərdən  15 elmlər doktoru və 50-dən çox elmlər namizədi yetişib. Bu rəqəmlər kifayət qədər yüksək göstərici idi.

Təbiətcə çox zəngin olan bu kiçik bölgə Bala Əfəndiyev (1937-ci ilin repressiya qurbanlarındandır) kimi görkəmli dövlət xadimi, tanınmış filosoflar Həmid Əfəndiyev, Asif Ata, siyasi şərhçi, tarix elmləri doktoru  Həmid Əliyev kimi böyük alimlər, Rəşid Nəsiboğlu kimi bəstəkar, Misir Mərdanov kimi dövlət xadimi, böyük və kiçikliyindən asılı olmayaraq, elmin bütün sahələri üzrə sayılan alimlər, minlərlə ali təhsilli mütəxəssislər yetirmişdir.

Bölgənin ən böyük  kəndi Gölkənd  və Çaykənd kəndlərinin orta məktəbində çox güclü ziyalı təbəqəsi çalışmış və məktəb 1988-ci ilin məlum hadisələrinə qədər fəaliyyət göstərmişdir. Gölkənd  məktəbinin fəxr olunası Həmid Əliyev, Rəşid Əliyev, Həsən Allahverdiyev, Fərman Hacıyev, Niftalı Qocayev, Qara Namazov, Vəli Qocayev, Sabir Əliyev, Qayıbverdi İsgəndərov, Mircəfər Nəbiyev, İlham Səlimov, Nəsimi Kazımov, Vahid Kərimov, Fərman Məmmədov, Cavanşir İsgəndərov, Allahverdi Allahverdiyev, Nəbi Babayev, Ələsgər Sarıyev, Tofiq Süleymanov, Xəlifə Hacıyev, Tofiq Kərimov, Ramiz Rüstəmov, Eldar Məmmədov, Teymur Əlləzov Zeynal Hacıyev, Əmrullah Ağamalıyev, Ağamalı Ağamalıyev, Təhmasib Əliyev və digər neçə-neçə alimi, professoru, elmlər namizədi, həkimi, müəllimi, mühəndisi, iqtisadçısı, kənd təsərrüfatı mütəxəssisi, başqa ixtisas sahibləri olan məzunları olub.

1903-cü ildə Əmirxeyir kəndində  anadan olmuş Şəmşəd Sarı oğlu Əliyev, 1907-ci ildə Əmirxeyirdə anadan olmuş Alı Qələndər oğlu Alıyev (1948-ci ildə Pantürkist kimi Sibirə sürgün edilmiş repressiya qurbanı), 1908-ci ildə yenə də Əmirxeyirdə doğulmuş, İrəvan Pedaqoji Texnikumunu, Bakıda ali məktəbi bitirərək, ali məktəbdə işləmiş Reyis Niftalı oğlu Məmmədov, 1908-ci ildə Çaykənddə dünyaya göz açmış, Sumqayıt Boru Prokat Zavodunda işləmiş və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Murad Mahmud oğlu Zeynalov və başqaları ilk təhsillərini Çaykənd məktəbində almışlar.

Ermənistanda ilk azərbaycanlı kimi Ermənistan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüş Şəmşad Sarı oğlu Əliyev 1903-cü ildə Əmirxeyir kəndində anadan olmuşdur. Ümumiyyətlə, Qaraqoyunlu dərəsinin  pedaqoji mühiti deyiləndə Əmirxeyir məktəbinin adını fəxrlə çəkmək olar. Əsası Şəmşad Sarı oğlu Əliyev tərəfindən qoyulmuş bu məktəbin məzunlarının adları sonradan respublikamızın elm sahəsinə böyük töhfələr vermişdir.

Əliyev Şəmşəd Sarı oğlu 1903-cü ildə Gəncə quberniyasının Qazax qəzasının Dilican nahiyəsinin  Əmirxeyir kəndində anadan olmuşdur. O, ilk yeddiillik  təhsilini Çaykənd kəndində fəaliyyət göstərən  məktəbdə almışdır. Şəmşəd Əliyev  7-ci sinfi bitirdikdən sonra  kamil biliyə sahib olduğu nəzərə alınaraq  Əmirxeyir kənd məktəbində  müəllim kimi fəaliyyətə başlayır. Daha sonra təhsilini davam etdirmək üçün Basarkeçər rayonuna ixtisasartırma kursuna göndərilir. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra  Əmirxeyir kəndində   ibtidai təhsil məktəbinin əsasını qoyur və uzun illər  məktəb  müdiri kimi fəaliyyət göstərir. Şəmşad Əliyevin  əvəz olunmaz xidmətlərindən biridə Əmirxeyir kəndində savadsızlığın ləğv edilməsində axşam kurslarının açması idi. Bu kurslar kənd əhalisinin, eləcədə yaşlı nəslin sərbəst yazıb-oxumasına xidmət edirdi. Kənd əhalisinin savadlanmasında gərgin əmək sərf edən Şəmşad Əliyev eyni zamanda   qiyabi olaraq  Irəvan şəhərindəki  N.Nərimanov   adına Türk Pedaqoji texnikumuna daxil olur  və 1930-cu ildə  texnikumu müvəffəqiyyətlə bitirir. O zamankı ağır ictimai-siyasi vəziyyəti nəzərə alan pedaqoq kənddə ilk partiya təşkilatını yaradır və partiyanın katibi seçilir.  Daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu Ağa Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi təşkil etmişdi. Həmin könüllülərdən biridə Şəmşəd Əliyev olmuşdur.

 Ş.Əliyev 1948-ci ilə kimi 26 il fasiləsiz olaraq Əmirxeyir məktəbində həm müdir, həm də müəllim kimi dərs deyib.  Qaraqoyunlu dərəsində böyük rəğbət və nüfuz sahibi olan Şəmşad Əliyev maarif sahəsindəki xidmətləri yüksək qiymətləndirilərək, 1940-cı ildə Ermənistan Respublikasının  ilk azərbaycanlı "Əməkdar mü­əllim"i adına layiq görülmüşdür. Əmirxeyir camaatı bu illərdə haqlı olaraq kənd məktəbini "Şəm­şəd məktəbi" adlandırırdılar. Onun vaxti ilə dərs  dediyi 70 evlik kəndin  şagirdlərindən  15 nəfəri  elmlər doktoru, 30-dan çoxu elmlər namizədi adına layiq görülmüşdür.

Bütün ömrünü əhalinin savadlanmasına xidmətə sərf edən Şəmşad müəllim 1948-ci ildə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası zamanı Gədəbəy rayonunun Arabaçı kəndinə köçmüş, orada da müəllimlik fəaliyyətini davam etdirmişdir. Ömrünü, bütün əmək fəaliyyətini məktəbə, müəllimlik peşəsinə həsr etmiş Şəmşad Əliyev 1983-cü ildə Gədəbəy rayonunda vəfat etmişdir. Çox qəribə də olsa, Şəmşad müəllimə kənd camaatı "Peyğəmbər  adam" deyirmiş.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.