Super User

Super User

Çərşənbə axşamı, 02 İyul 2024 10:42

BİR SUAL, BİR CAVAB Qəşəm Nəcəfzadə ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Samit ağız bağlar, sait dil çalar,

Anlayar halımı könlü alçaqlar.

Sevincim ağlayar, qəmim əl çalar,

Dərdim ortalıqda bəy, oynar?

-Oynar. 

 

Qəşəm bəy, filoloq kimi ikimiz də bilirik ki, incə sait, ya qalın saitin ahəngi zamanı ahəng qanunu pozulmaz.

 

Bəs ikiüzlü- bir üzündə mələk, digər üzündə iblisi nümayiş etdirib həyatın "müqəddəslik ahəngini" pozanlara Şair-filoloq Qəşəm bəy nə söyləyər?

 

CAVAB

Saitlərin deyilişi zamanı dodaqlar qapanmır, saitlər ağzı açır. Musiqi də saitlərdən yaranır, adamın qəlbini, dodağını açır.

İblis-mələk məsələsinə gəldikdə isə bu, həyatın qanunudur. Sevgi olmasa, nifrət olmaz, ayrılıq olmasa, vüsal olmaz, qaranlıq olmasa, gündüz olmaz. Tutaq ki, nifrəti qovaq, sevgi ilə də tam yaşamaq olmur axı, çünki sevgini tam yaşamaq üçün bir tərəfində ayrılıq olmalıdır. Nifrət özü elə sevgidir, sevdiyin adama ayrılarkən nifrət edirsən, deməli, sənin üçün əhəmiyyətlidir. Nifrətin özü bir dəyərdir. Nifrət etmədiyin adamın artıq sənin üçün heç bir əhəmiyyəti yoxdur. Həyatın bu qütbləri çox vacibdir. İnsanda yaxşı və pis xolesterin var. Pis xolesterin səhhətə ziyan vurur, yaxşı xolesterin isə orqanizmi qoruyur. Nifrət, sevgi, ayrılıq- bunlar bir-birini tamamlayan qütblərdir.

 

Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Çərşənbə axşamı, 02 İyul 2024 09:33

Ələk - ESSE

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Çox sevdiyim bir müəllimim bir gün mənə, -"Əvvəl-axır öyrənəcəksən"-demişdi. Mən isə ona, -Nəyi öyrənəcəyəm?-deyə sual vermişdim. O isə demişdi ki, unutmağı deyil, alışmağı öyrənəcəksən. Gedən qatarın arxasınca baxmamağı, sənin üçün heç bir savaş verməyənləri, xatirələri köksünə bir ağırlıq etməməyi öyrənəcəksən. 

 

Və dediyi sözlərin üzərindən təkrar-təkrar keçərək, -"Öyrənərkən isə unudaraq deyil, alışaraq öyrənəcəksən"-demişdi. Gedişlərin zamana təslim olduğunu, həyatımda bir mahiyyətin olmayan insanları könlündə yara etməməyi öyrənəcəksən. İstəmirəm dediyin nə varsa vaxtı gələndə istəyəcəksən və vaxt axıb getdikcə daha da şiddətlə arzulayacaqsan demişdi. 

Demişdi ki…

Sevməyin nifrətlə cüt dəyər təşkil etdiyini, yalnız və yalnız sevdiyin birinə nifrət bəsləyəcəyini öyrənəcəksən. 

Həyatında var olan insanların bir dost deyil, ömrünün bəlli periodlarında səni müşaiət edən insanlar olduğunu öyrənəcəksən. 

Aşiq olmağı və yaxud könüldən sevməyi, ən mənasız olanda ən dəyərli mənanı axtarmağın ən böyük həyat dərsi olduğunu anlayacaqsan. 

Elə məhz bunların nəticəsində özünü tanıyacaq və özünü tapacaqsan. 

O zaman bu dediklərinin çoxu üçün əlimdə bir əsas, bir dəlil yox idi. İndi isə yazsam böyük bir kitab olar. Onunla ən son yazışmamızda mənim üçün dəyərli olan insanların zövqlərimə görə mənə   küsdüklərinə üzüldüyümü söyləyəndə isə mənə eynilə bu sətirləri yazmışdı:

Deməli, dəyərli deyilmiş heç. Belə şeylərə görə, əksinə, sevin. Hər kimdirsə, ələnib getdi... 

Zaman və zamanın içində olan nəsnələr hamısı ələkdir, ölçüdür. Kim belə şeylərə görə səninlə əlaqəni pozursa, demək onun ədəbi düşüncəsi, zövqü yerlə sürünür. 

Hətta beləsi çoxdan getməli idi. 

Sevgilərlə, müəllim!

 

Şəkildəki müəllimimdir. 

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Çərşənbə axşamı, 02 İyul 2024 14:36

Görəsən, pişiklər də xoşbəxt olurmu? - ESSE

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Deyəsən, artıq böyüməyin vaxtı çatıb mənim üçün. Böyüməli və hər gözəl hekayənin bir sonu olduğunu, hər kəsin, hər şeyin keçici  olduğunu qəbul etməyin vaxdı gəlib. Birinə, birşeyə bağlanmaq bir insanın həyatda edə biləcəyi bəlkə də ən böyük səhv, amma eyni zamanda ən doğru addımdır.

Biri də var, sıravi birinə yox, sənə möhtac birinə bağlanasan. Sənin əlindən qidalanan, səndən qayğı gözləyən balaca bir cana.

Hə, heyvanları həmişə sevmişəm. Heyvan saxlayanlara da həmişə hörmətim olub. Amma bugünədək anlamırdım bir insan necə bu qədər dilsiz ağızsız bir varlığa bağlana bilər deyə. Anladım. Sanki balaca uşağımmış kimi bağlandıqda, itirdikdən sonra içimdə hiss etdiyim o boşluqla anladım. Aylardır qələmi əlimə almayan məni özündən yazmağa bu cür vadar etməsəydin kaş.

Həyatım boyunca həmişə itirməkdən, vazkeçməkdən nifrət etmişəm. Deyəsən sən mənim ən böyük itkim oldun, qızım. Sənə o qədər alışmışdım ki. 8 ay boyunca evə gələndə sənin səsinə, səhər duran kimi özümdən əvvəl sənin yeməyini hazır etməyə. Bəlkə bir ümid geri dönərsən deyə gözlədim. Amma bugün ümidlərim də getdi... 

Sənlə keçirdiyim heç bir anı unutmayacam. Zamanı geri ala bilsəm, yanıma gəlib sığal istədiyin heç bir anda “dərsim var” deyib itələməzdim səni... Yaxşı ki, girdin həyatıma və mənim ən gözəl, ən çətin anlarımın şahidi, dostu oldun. Heçkimin görmədiyi gülüşlərimin, gözyaşlarımın sirdaşı. Sənin üçün çoxxx darıxacam... Getdiyin yerdə xoşbəxt ol.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

İyulun ilk günlərində təqdim edəcəyim Ekspress sorğunin sualı da yayla bağlıdır: Yay tətili boyunca hansı kitabları oxumağı planlaşdırırsınız? 

Və planınızda olan kitabların seçilməsində səbəb nədir?

 

1.

Sualımıza ilk cavab verən pedaqoq- Azərbaycan dili və ədəbiyyat müəllimi, gənc yazar Fəxriyyə xanım Yüksəldir.

 

-Bu tətil oxuyacağım kitablar: 

1. "Rəsulzadə belə deyirdi" IV cildin dördünü də. Səbəb budur ki, Məhəmməd Əmin Rəsulzadənin düşüncələrini, dövr haqqında fikirlərini elə öz məqalələri əsasında öyrənmək istəyirəm. 

2. "Doktor Jivaqo". Düzü, başlamışdım. 50 səhifədən çox oxudum, amma nəsə anlamadım. Fikrimi toplayıb və əsər haqqında bir az məlumat alıb, yenidən oxuyacam;

3. Esxil seçimlərim arasında ola bilər. Uzun müddətdir yunan ədəbiyyatından uzaq qalmışam;

4. Evdə oxumadığım kitablarım kifayət qədərdir. Hər hansı birini seçib oxuyacam.

Kitab oxumaq qida qəbul etmək kimidir. Mən axı bilmirəm, könlüm onda nə istəyəcək? Əylənmək istəsəm, uşaq ədəbiyyatından seçəcəm, yox, tarixi əsər istəsəm, "Bəşəriyyətin qısa tarixi"ni, "Qulaq arxipelağı"nı, "Şəfibəyçilik", "1984"  kitablarını oxuya bilərəm. Yaxud tamam fərqli kitab da oxumaq olar. O baxır ruhumun nə qədər ac olmağına. Yüngülvari aclıq olsa, atışdırmalıq kitablar seçərəm, yox, aclıq çox olsa, dayanılmaz həddə gəlsə, yuxarıda yazdıqlarım tipli əsərlər oxuyaram

 

2.

Növbəti cavab isə gənc ədəbiyyat sevdalısı, müxtəlif esse və şeirlər müəllifi Gülnar Qasımdandır.

 

-Tətil boyunca planladığım kitablar bunlardır:

Corc Orell "Heyvanıstan", Lev Tolstoy "Anna Karenina", Markus Zusak "Kitab oğrusu", Cek London "Ağ diş", Joze Saramaqo "Korluq", Joze Saramaqo "Görmək", Con Steynbek "İnci".

Məhz bu kitabları seçməkdə məqsədim: Dünya Ədəbiyyatına dair xüsusi pərəstişim, çox oxunduğuna görə bu əsərlərin daha cəlbedici olduğunu düşünməyim və dünya görüşümü daha da zənginləşdirməkdir.

 

3.

Digər resöondentimiz isə Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının məzunu, gənc yazar Aytəkin Əzizdir.

 

-Bir çox kitab oxumağı planlayıram. Məsələn “Səfillər” kimi… “Anna Karanena” kimi… “Zəmanəmizin qəhrəmanı” kimi… “Min möhtəşəm günəş” kimi… Bu kitabları seçməyimə səbəb isə fərqli talelərlə tanış olduqdan sonra öz taleyimdən yola çıxaraq həyat hekayəmi əks etdirmək istədiyim bir əsər yazmaqdır. Görək həyatda ölən bir ruh kitabda yaşaya biləcəkmi?!

 

"Ədəbiyyat və incəsənət"

(02.07.2024)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyulun 12-də saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Ədəbiyyat və incəsənət” portalı Mədıniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar iyulun 8-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Çərşənbə axşamı, 02 İyul 2024 11:05

Dostum da mənəm, düşmənim də - HEKAYƏ

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Yaxın zamanlarda yaşadığım hadisə bir daha sübut etdi ki, insana ən ağır zərbəni elə özü vurur.

 

Bəlkə də, həyat özümüzü özümüzdən qorumaq üçün bizə müəyyən vaxt çərçivəsində verilən bir meydandır.

Özümüz özümüzdən qorxmalıyıqmı?

Bir az dodaqları qaçıran sualdı, deyilmi!?

Amma ciddiliyinə varanda, əlbəttə, qorxmalıyıq. Ömrümüz boyu "gah dağın zirvəsində oluruq, gah dərədə.." Məgər dağı çıxan və o dağdan guppultu ilə yıxılan özümüz deyilik? Bir az nağılvari üslubu daha da sadələşdirək. "Dağın zirvəsi" dedikdə beynimizdən səmərəli istifadə edib nailiyyətlər əldə etməyimiz əsas götürülür. Zirvədən eniş isə səhv addımlarımız- nəfsin qulu olmaq, ətrafdakıları düzgün seçməmək, dost adı ilə tanıdığımız "fəlakətə ömrümüzü qonaq etmək" nəzərdə tutulur. Təkrar-təkrar eyni səhvləri etmək faciənin ikinci adıdır.

Axmaqlar eyni şeyləri edib fərqli nəticə əldə etməyi gözləyənlərdir. (A. Eynşteyn)

Razıyam, bəzən axmaq obrazı da oynayırıq bu həyat kitabımızda...

Bu rolu oynamağı da yenə özümüz seçirik.

Söylədiyim kimi bu yaxınlarda maraqlı və məni dərindən düşündürən bir hadisə ilə qarşılaşdım.

İş təklifi ilə bağlı görüşüm vardı. Məlum oldu ki, savadlı, həm də yazar bir xanımla da görüşülüb ikimizdən biri seçiləcək. Təbii ki, seçim etmək hər kəsin hüququdur və layiq olan seçilməlidir. Anladım ki, bir çox namizədlərdən iki nəfər iddialı olduğu üçün son mərhələyə qalıb.

İşin əsas maraqlı tərəfi bu idi ki, seçim turları müxtəlif yerlərdə və ayrı- ayrı şəxslər tərəfindən keçirilmişdi.

Sözün açığı, söyləyim ki, imtahanlarda, müsabiqələrdə hər zaman az da olsa, həyəcanım olur və düşünürəm ki, olmalıdı da. Bu, məsuliyyətli olmağın göstəricisidir. O rəqib haqqında düşündüm və yazar olmağı daha çox marağıma səbəb oldu.

Dayana bilməyib o yazar xanımın adını soruşdum. Onun ismini eşidəndə " dəli gülmək" yaxamı buraxmadı.

Qarşımdakı xanım, əlbəttə, ciddixarakterli birinin ani "dəli" gülüşünə təəccüblənəcəkdi.

Bax yenə günahkar özüm idim.

Çünki müsahibələrin birinə yaradıcı adımla, birinə isə rəsmi sənəddəki adımla qatılmışdım.

Bəli, nəticədə hər ikisi mən idim.

O zaman anladım ki, elə özümüz özümüzə həm dostuq, həm rəqibik, həm düşmənik. Amma bu dəfə özümlə bir az öyündüm, çünki yaxşı mənada özümdən- rəqibimdən qorxmuşdum.

Hələ o rəqibimə təşəkkür borcluyam bu yazı üçün.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mən kənddə doğuldum, sənsə şəhərdə,

Sən beşikdə yatdın, mənsə yəhərdə.

Yatdım boz otlaqda boz dovşan kimi...

Gözümüz dünyaya açılan kimi

Mən çomaq götürdüm, sən kağız, qələm,

Çomaq bir aləmdir, qələm bir aləm...

Dolandı sənələr, dolandı aylar,

Gah dondu, gah coşdu, bulandı çaylar.

Zaman hökm elədi... Bir qərib axşam

Yolun məskənimə düşdü nagahan.

Səni oğul kimi o yerdə mənsiz

Bağrına basdımı ana kəndimiz?

Xoşuna gəldimi Kürün kənarı?

Gördünmü, gördünmü göy çinarları? 

 

Görürəm, səfalı bir yaz axşamı

Çinarın dibinə yığışır hamı.

Bu saz məclisindən olanlar halı –

Kəndin ağsaqqalı, qarasaqqalı

Oraya toplanıb... Sən də bu axşam

Orda, uşaqların arasındasan.

Ortada vüqarla aşıq gəzişir,

Danışır arabir, deyir arabir.

Bir qoca yerindən səslənir bu an:

– Aşıq, bir nağıl de, səsinə qurban!

Hamı vəcdə gəlir... Bu məsləhəti

Bəyənib dəyişir aşıq söhbəti;

Bir dastan başlayır coşqun həvəslə,

Min yerdə xal vurur yanıqlı səslə. 

 

Xalqın əzəməti, fikri, xəyalı,

Onun hissi, zövqü, ağlı, kamalı

Sanma bir qılıncda, bir hünərdədir,

Onlar bu sazlarda, bu sözlərdədir!..

Bu günün qəlbinə girmək istəsən,

Durduğun pillədən hələ bir az en.

En! Uçan alçalar, enən ucalar!

En! Yerin təkində xəzinələr var.

Demə, köhnə sözün mənası nədir?

Hər söz, anlayana bir qərinədir!..

Hər fikir mülkündə zərrin tac yatır,

Hər meyvə tumunda bir ağac yatır.

Hər kiçik bayatı xalqın səsidir,

Kamal dünyasının xəzinəsidir. 

 

Bahar gecələri enib sahilə

Uçan ləpələrin səsini dinlə!

Gümüş dalğalarda Ay baxan zaman

Düşün, gör nə deyir çay axan zaman?

Kömürdən almaz çək, yarpaqdan ipək,

Daşdan gövhər çıxart, buluddan şimşək.

Gətir ildırımın məğrur səsini,

Qumru bulaqların zümzüməsini.

Zəmilərdən sünbül, bağçalardan bar,

Dərələrdən vüsət, dağlardan vüqar...

Özünlə çiçəkli, güllü yaz gətir,

Bir aşıq mahnısı, bir də saz gətir!

Gətir, yollarına müntəzirəm mən!

Gətir, bu fürsəti vermə əlindən!

Ana yurdumuzun nəyi var gətir –

Məhəbbət, sədaqət, etibar gətir!.. 

 

Bu gün xalq şairi Osman Sarıvəllinin anım günüdür. 

Osman Abdulla oğlu Qurbanov 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Daha sonra təhsilini  Moskva Dövlət Universitetinin Filologiya fakültəsində davam etdirib. 

İlk ədəbi fəaliyyətinə 1933-cü ildə  “Gənc işçi" qəzetində dərc olunan "Ayaqsız" adlı şeiri ilə başlayıb. Onun “Dəmir sətirlərim” adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. 

Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib. 

O, eyni zamanda tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib.

 

Şair 1990-cı ildə iyulun 2-də vəfat edib və doğma kəndində dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün daimi müəllifimiz İqbal Nəhmət “Unudaram səni” deyir. 

“Bir gün qoşulub küləyə,

Əsib unudaram səni.”

Əslində, çox romantik bir unutmadır. 

Xoş mütaliələr!

 

Unudaram səni

 

Sənə qədər yol uzaqsa,

Azıb unudaram səni.

Unutmaq şeir yazmaqsa,

Yazıb unudaram səni.

 

Kamanlı tarlı deyiləm,

Zirvəsi qarlı deyiləm,

O qədər varlı deyiləm,

Kasıb unudaram səni.

 

Yıxdın sən adlı qalamı,

Əzdin, qopartdın yaramı,

Hərdən verdiyin salamı,

Kəsib unudaram səni.

 

Nə qaldı yazıq ürəyə?

Yarı-yarı böl hərəyə,

Bir gün qoşulub küləyə,

Əsib unudaram səni.

 

Yüz il yaşa bir il kimi,

Sual vermə vəkil kimi,

Otağımdan şəkil kimi,

Asıb unudaram səni.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xalq şairi Vahid Əzizin şeirlərini təqdim edirik. 

 

 

Xınasız daş idim -

qonmadı kəklik

 

Gənclik illərimdə Qaraçı bir qız

yolumun üstünə çıxdı və - baxdı,

(bəlkə də, şairəm, inanmazsınız)

qəlbimi ovcunda sıxdı və baxdı.

 

(Sonralar - o cürə baxış görmədim,

Tutmuşdu - o sayaq naxış görmədim,

yağmur olmasaydı - yana bilərdim!)

 

İndi də arabir yuxuma gəlir,

uzaqdan boylanır, yaxına gəlir,

dediyi - düz çıxıb - baxtıma gəlir;

siz Allah, bir görün - hələ nə vaxtdı!

 

Yadımda hələ də "o selim" qalır,

ovcunda sağ üzüm, sol əlim qalır,

Qaraçı deyənə - "Beş ilim" qalır!

Bu vaxt - həyatımın bitdiyi vaxtdı.

 

Bir daha görmədim o cür gözəllik,

xınasız daş idim, qonmadı kəklik,

insanın Dünyaya gəlməyi - şənlik,

getməyi - murada yetdiyi vaxtdı...

 

 

Bərəkət...

 

Yaşa, firavan ol, vüqarlı Vətən,

hər ömür anında vardı Bərəkət,

payız bağlarında Fironluq edən

qışdakı çiskindi, qardı Bərəkət.

 

Sən, deyib-güləyən, düşmən vasvası,

qanla da yuyulmaz qəlbinin pası,

abırlı insanda - Şahlıq libası,

ismətsiz əyninə dardı Bərəkət,

 

İsmini duymuşdum Haqq aşığından,

hər an söz salardı yaraşığından,

başlayıb, adicə şam işığından

ocaqda alovdu, qordu Bərəkət,

 

O, elə varlıq ki, aşıb-daşandı,

sevincdi, qürurdu, şöhrətdi-şandı,

nur gəzən insana gözlər açandı,

qəlbiqaralara kordu Bərəkət,

 

Yurdum, illər boyu davalı oldun,

qaçqın-didərginli yuvalı oldun,

çox bağban sevincdən havalı oldu -

çünki budaqları qırdı Bərəkət,

 

Qürurlu millətim - çağlayan dəniz,

çoşan bir dalğası mən -

Vahid Əziz,

savaş meydanında - Vətən sevgimiz,

şənlikdə kamandı-tardı Bərəkət...

 

 

Yaylaqda bir gün...

 

Ağzı qırılaydı kərəntilərin,

gül məni səsləyir, onu səsləmir,

yoluna daş yağsın düşmən gələnin,

çiçək yar gözləyir, onu gözləmir.

 

Nəfəsim qarışdı bəyaz buluda,

görən, yar tanıyıb, bilərmi sağam?

alaçıq üstündə yanan quruda

gözüm qamaşmaya - doyunca baxam.

 

Bir çoban tütəyi nə cür çalırsa,

nə göylə səmayam, nə yerlə yerəm,

yaylaqlar ağlımı necə alırsa,

qışadək özümə gələ bilmərəm.

 

Köynəyim şehlərə elə batıb ki,

hələ indiyədək nəm, əynimdədi!

Bir duman qayada elə yatıb ki,

boynu elə bil ki, yar çiynindədi.

 

Hər kəs bir cür tapır həyatın çəmin,

mən isə gəzəcəm ölənə kimi,

ağzı qırıq qalsın kərəntilərin

gələn yaz mən bura gələnə kimi...

 

 

Öz aramızdı...

 

Səndən də gəlib-gündə

Süleymana deyirlər.

 

Süleyman Rüstəm

 

Gülüm, özbaşına sınmır havalar,

Onu biz soyutduq - (öz aramızdı).

Arada nə düşmən, nə yabançı var,

arada olan da - öz aramızdı!

 

Sevgimiz olubsa bu qədər cılız,

Könül dəftərindən lap adımı cız!

İki bədbəxt ürək yanır cızhacız,

tüstüsüz, dumansız köz - aramızdı.

 

Daha tuta bilmir ürəyi sinə,

düşdü dəli kimi eşq həvəsinə,

səndən mənə deyir, məndən də sənə;

arada dolaşan söz - aramızdı.

 

Tale eşqi verdi bizə əmanət,

ocağa əmanət, közə əmanət,

dedilər -"Göz dəyib, nəzərdi həlbət?"

Vallah, nəzərləyən göz - aramızdı!

 

Könlün, inanmıram, düşmür həvəsə,

Gecələr qəlbimlə verə səs-səsə,

Od tutar, yanarlar üz-üzə gəlsə?

Həyadan keçməyən üz aramızdı.

 

Səninlə olsaq da bir eşqə şərik,

düşüb, bir araya gələ bilmirik,

bir azı sənlikdir, bir azı mənlik;

azaldaq; ara ki - öz aramızdı...

 

 

Mənə gül gətirmə

şad günlərimdə...

 

Bir insan ömrünü girov qoymuşam,

bir şair ömrünü yaşatmaq üçün...

 

Nəriman Həsənzadə

 

Mənə gül gətirmə şad günlərimdə,

bu sayaq eləmə göyçək ömrümü.

əzəli çəmənlik, sonluğu güldan -

yarımçıq bitirmə çiçək ömrünü.

 

Təkcə günahkarlar olmur müttəhim;

kim var ki, ömründə xəta etməsin?

İşdir, çiçək olsam, o yerdə bitim -

insan əl-ayağı ora yetməsin.

 

Mənə gül gətirmə xoşbəxt günümdə -

görkəmi solanda pisimə gəlir,

qucağı gül dolu insan görəndə

çaşıram - elə bil, yasıma gəlir!

 

Görürəm - oxuyub bu yazdığımı,

niyə dodaq büzür, niyə əsirsən?

Məyus eləyərək arı yazığı,

pətəyi boş qoyur, balı kəsirsən.

 

Hələ kəpənəkdən danışmıram mən -

birgünlük ömrünə qənim kəsilmə.

çiçəklər məkanı - yamaclar, çəmən,

ömürlər qırmağa buraya gəlmə.

 

Doğum günlərimdə gül gətirməyin,

yetər - açıq ürək, nurlu təbəssüm,

qıymaram, bir anlıq bəxtəvərliyim

başqa ömürlərə qənim kəsilsin...

 

 

Böyük hünər...

 

Aranı-dağlara, dağı-arana

çəkmək ricasını mənə gül yazır.

əzmim can atdıqca baş çıxartmağa,

qısqanan zəmanəm başımdan basır.

 

Məkri qəribəymiş yana bilənin;

candan əl götürməz külə dönmədən.

nahaq ayağına qaçdım gələnin,

gəlməyin məğzini bilə-bilmədən!

 

Ayıran, bir yerə yığan da çomaq -

yatanı oyatmaq - böyük hünərdi!

Asan iş olsaydı bina ucaltmaq,

zəhmətkeş qarışqa Saray hörərdi.

 

Özüm də arabir dağda-aranda

istədim qoyunlu-quzulu olam,

cızılıb Qobustan qayalarında,

tarixə müəmma yazılı qalam.

 

İçimin qaranlıq "sandıqçası"ndan

bu gün oxunanlar boyun vurdurar,

Dünyaya qayıtsam başqa bir zaman -

duyan Yeni nəsil farağat durar...

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Bazar ertəsi, 01 İyul 2024 14:00

GÜLÜŞ KLUBUnda rəhmətlik tramvay

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Doktor, yəni bu bahalı əməliyyət mənə həqiqətən lazımdır?

-Əlbəttə lazımdır. Bu əməliyyat olmasa yayın bu istisində Alp dağlarında xizək necə sürülər?

-Doktor, mənə Alp dağlarında xizək sürmək lazım deyil axı.

-Əziz pasiyentim, söhbət sizdən getmir. 

 

2.

Mübadilə proqramına görə Amerikada və Avropada yaşayan xoşbəxt məmur balaları ilə ölkəmizin Uşaq evlırində yaşayan kimsəsiz uşaqlar dəyiş-düyüş ediləcək.

 

3.

Metro - diri ikən basdırılmış tramvaylardır.

 

4.

Həyat nərdivandır və bütün insanlar bu nərdivan üzərində hərəkətdədirlər. Kimlərsə yuxarı çıxırlar, kimlərsə aşağı düşürlər.

 

5.

Şirin komandanlığı altlndakı qoyunlar ordusu Qoyunun komandanlığı altında şirlər ordusundan daha güclüdür.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.