“Bir şəhid, bir hekayə, bir şeir” kitabının IV cildinin Sumqayıtda təqdimatı keçirilib

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhər Muğam Mərkəzində türkiyəli və azərbaycanlı yazarların birgə ərsəyə gətirdikləri “Bir şəhid, bir hekayə, bir şeir” kitabının dördüncü cildinin növbəti təqdimat mərasimi keçirilib. Kitabda 62 azərbaycanlı şəhidin həyat hekayələri və onlara həsr olunmuş şeirlər yer alıb.

 

Tədbirdə yazarlarla yanaşı, kitabda həyat hekayələri əks olunan Sumqayıt və Abşeron bölgəsində yaşamış şəhidlərin ailə üzvləri, onların təhsil aldıqları orta məktəblərin direktorları, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndələri, qazilər, bədii incəsənət ustaları və media təmsilçiləri iştirak ediblər.

Layihənin Azərbaycan üzrə koordinatorları İlhamə Müslümova və Namiq Müslümov çıxış edərək iştirakçıları layihə barədə məlumatlandırıblar. Bildirilib ki, beş il əvvəl türkiyəli yazar Harun Yıldırım tərəfindən başladılan layihənin ilk üç cildi Türkiyə şəhidlərinə, dördüncü cildi isə Azərbaycan şəhidlərinə həsr olunub. Birinci Qarabağ müharibəsi qazisi Anar Əliyevin maddi dəstəyi ilə çap olunan kitabda 26 azərbaycanlı yazarın əsərləri yer alıb. Nəşrdə şəhidlərin həyat yolu qələmə alınıb. Kitab pulsuz olaraq şəhid ailələrinə, şəhidlərin təhsil aldıqları orta məktəblərə, yaşadıqları şəhər və rayonların mərkəzi kitabxanalarına, eləcə də mədəniyyət mərkəzlərinə hədiyyə edilib. Hazırda layihənin beşinci cildinin hazırlanmasına da başlanılıb.

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı çıxış edərək kitabın mənəvi və tarixi əhəmiyyətindən danışıblar. Sumqayıt şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Fərman Kazımov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin şöbə rəisi İlqar Qurbanov, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin din xidmətləri üzrə müşaviri İhsan Açıq bəy, Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı və digər çıxışçılar layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Daha sonra kitabda həyat hekayələri yer almış Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında yaşayan şəhidlərin ailə üzvləri və onların təhsil aldıqları orta məktəblərin direktorları səhnəyə dəvət olunaraq onlara kitablar təqdim edilib.

Tədbirin ədəbi-bədii hissəsində tanınmış müğənnilər vətənpərvər mahnılar ifa edib, qiraət ustaları isə kitabda yer alan şeirləri səsləndiriblər.

Tədbirin sonunda bütün yazarlar səhnəyə dəvət olunub, qonaqlar onları alqışlarla təbrik edərək təşəkkürlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.