Könül, “Ədəbiyyat və incəsənət”
75 yaşın könül pıçıltıları görəsən necə olur? Bilmək istəyirsinizsə, onda eyniadlı kitabı oxumağınız məsləhətdir.
Azərbaycanda Atatürk Mərkəzində Yazıçılar Birliyinin üzvü, şair-publisist Güləmail Muradın 75 illik yubileyinə və onun yeni gün üzü görmüş “Könül pıçıltıları” adlı kitabının tanıtımına həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzin rəhbəri, akademik Nizami Cəfərov açaraq, Güləmail Muradın poetik düşüncə tərzi və sözə münasibəti barədə fikirlərini bölüşüb.
Tanıtımda AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, tənqidçi Əsəd Cahangir, Atatürk Mərkəzinin direktor müavini Osman Ənvəroğlu, AMEA-nın əməkdaşı, professor Salidə Şərifova, ADPU-nun müəllimi, fəlsəfə doktoru Yeganə Qəhrəmanova, şair Elnur Uğur, şair-publisist Püstə Hüseynova çıxış edərək, müəllifin yaradıcılığı, “Könül pıçıltıları” kitabının poetik-estetik dəyəri, eləcə də şairin ədəbi mühitdəki mövqeyi haqqında dəyərli fikirlər səsləndirib, yubilyara xoş diləklərini çatdırıblar.
Çıxışlarda Güləmail Murad yaradıcılığının səmimiliyi, qadın duyarlılığı, vətəncanlılığı xüsusi vurğulanıb, onun yaradıcılığının oxucu ilə mənəvi bağ qurmaq gücünə malik olduğu deyilib.
Tədbirin sonunda Güləmail Murad Atatürk Mərkəzinin rəhbərliyinə, çıxış edən aydınlara və yubiley tədbirində iştirak edən hər kəsə təşəkkürünü bildirib, oxucuların və ədəbi mühitin diqqətini hər zaman böyük dəyər kimi qəbul etdiyini ifadə edib.
“Ədəbiyyat və incəsənət”
(22.12.2025)


