Şair Yusif Nəğməkarın söz işığında

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair Yusif Nəğməkarın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tanınmış bədii qiraət ustası Müşfiqə Baləddinqızı Baxşıyevanın aparıcılığı ilə keçirilən yubiley gecəsində Yusif Nəğməkar poeziyasının vurğunlar iştirak ediblər.

Gecədə şairin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbi Əlaqələr Mərkəzinin direktoru Əsəd Cahangir, AYB-nin katibi, şair-yazıçı İlqar Fəhmi, akademik Nizami Cəfərov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova, professorlar İbadulla Ağayev, Fatimə Hacıyeva, AYB-nin Beyləqan bölməsinin sədri Fazil Əsəd, şairlər Rövşən Qarabudaq, Əzizə Ağahüseynqızı, Nazir Rüstəmov, İlham Qazaxlı, Aybəniz İsmayılova, İmran Güllübulaqlı, poeziyasevərlər Ağahüseyn Qədirov, Zakir Əmişov və digər çıxışçılar şairlə bağlı öz ürək sözlərini bölüşüblər.

Bildirilib ki, Yusif Nəğməkarın poeziyası neçə on illərdir ki, həm oxucuların zövqünü oxşayır, cəmiyyətə humanizm, milli-mənəvi dəyərlər, vətənpərvərlik təbliğ edir, həm də ədəbi-ictimai mühitdə böyük rəğbətlə qarşılanır. Onun yaradıcılığını hələ gənclik illərindən başlayaraq müxtəlif nəsillərdən olan görkəmli ədəbiyyat adamları tərəfindən təqdir edilib.

Qeyd edilib ki, Yusif Nəğməkarın yalnız şeirləri deyil, poemaları da mövzusundan, həcmcə kiçik və ya böyüklüyündən asılı olmayaraq bir nəğmə kimi oxunur. Hər şeydən əvvəl ona görə ki, xalq ədəbiyyatının, xüsusilə poeziyasının ruhunu dərindən mənimsəmiş şairin daxilindən gələn poetik ritmlər, intonasiya, bədii sintaksis, təhkiyə məharəti janrın miqyasına da yüksələ bilir.

Natiqlər vurğulayıb ki, Yusif Nəğməkarın Azərbaycan poeziyasında özünəməxsus, xüsusi əhəmiyyətli yerinin olduğu tamamilə inkaredilməzdir. Yusif Azərbaycan şeirinin bütün vəznlərində şeirlər yazır, hər vəznin də tələblərinə uyğun qanunları, qanunlar içərisində öz üslubi keyfiyyətlərini qoruyub saxlamağı bacarır. Onun çoxcəhətli yaradıcılığında ənənəvi formada yazdığı bir sıra fərqli cəhətləri ilə seçilib yadda qalan yeni ruhlu qoşma, gəraylı, təcnis və qəzəlləri də xüsusi yer tutur və ayrı-ayrılıqda onların hər birindən çoxlu sayda nümunələr gətirmək mümkündür.

Qətiyyətlə deməliyik ki, Yusif Nəğməkar xalq yaradıcılığından, folklorumuzdan, klassik ədəbiyyatımızdan bəhrələnən müasir şairdir. Həmçinin onun Ana dilimizin doğmalığına, zənginliyinə bələd orijinal üslublu ülvi duyğular şairi olması şəksizdir. Bundan başqa, Yusifin istər lirik sevgi şeirlərində, istər təbiət mövzularında, istərsə də fəlsəfi-psixoloji əsərlərində (uşaqlar üçün yazdığı şeirlərində belə) dil, ifadə aydınlığı, xəyal, idrak-məntiq dərinliyi bərqərardır.

Sonra söz musiqiyə verilib. Gecədə Xalq artistləri Niyaməddin Musayev, Gülyanaq Məmmədova, müğənnilər Təhmuraz Şirinov, Yusif Mustafayev, Tacir Şahmalıoğlu, Günel Məhəmmədli, Rəşad İdrisoğlu, Zeynal Əhmədov, aşıq Dərya Mərdanzadə və digərlərinin çıxışları alqışlarla qarşılanıb.

Bədii qiraətçilər Ayna Məmmədova, Anar Atakişi və başqaları Yusif Nəğməkarın şeirləri ilə tədbirdə kövrək məqamlar yaşadılar.

 

Yaratdığı şairin portreti ilə rəssam Nəvai Mətin tədbirə xüsusi gözəllik qatıb.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən şair dərin, fəlsəfi düşüncəli şeirləri ilə tamaşaçıların ruhunu oxşayıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.