Sumqayıtda Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xalq şairi, dramaturq, pedaqoq, ictimai xadim, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunur.

 

Bu münasibətlə Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü, AYB Sumqayıt bölməsi və Milli Qəhrəman Polad Həşimov adına tam orta məktəbin birgə təşkilatçılığı ilə “Bəxtiyar Vahabzadə - 100” yubiley tədbirləri çərçivəsində “Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində baş tutub.

Əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin moderatoru, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin iştirakçıları salamlayaraq Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Qələm adamları Ofelya Babayeva, Rafiq Yusifoğlu, Rafiq Oday və Aslan Bayramov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə ədəbiyyata göstərdiyi diqqət və qayğıdan, eləcə də Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə bağlı maraqlı faktlardan söz açıblar. Bildirilib ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayır, Bəxtiyar Vahabzadə irsinin yaşadılması və gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.

28 saylı tam orta məktəbin şagirdlərinin ifasında səslənən şeirlər və şairin sözlərinə bəstələnmiş mahnılar məclisə xüsusi bir ab-hava qatıb.

Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə və iştirakçılara təşəkkürünü bildirib.

Tədbir Azərbaycan Dillər Universitetinin tələbəsi Nəzrin Hüseynlinin ifasında, şairin sözlərinə bəstəkar Tahir Əkbərin bəstələdiyi “Amin” mahnısı ilə sona çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.