Super User
Şəhriyarın şeirlərinin oğurlanması ilə Rüstəm Əliyevin Bakıdan onun görüşünə getməsi bağlılığı – ARAŞDIRMA
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla sizlərə güneyli yazar İbrahim Savalanın “Oğrular” başlıqlı araşdırma məqaləsini təqdim edir. Məqalə şeir oğruları barədədir, dahi Şəhriyarın şeirlərini oğurlayanlar barədə.
Mən bilən üç dəfə Şəhriyarın şeirləri oğurlanıbdır və o şeirlər Azərbaycan ədəbiyyat tarixindən silinibdir. İlk oğurluq, Şəhriyar evini dəyişmək məqsədilə əşyalarını yığışdırıb başqa iş üçün evdən çıxdığı zaman, baş veribdir. O yerdən ki, Şəhriyarın evində oğurlamaq üçün qiymətli bir şey yox imiş və Şəhriyar demişkən “Oğru bir at yükü qədər kitab-dəftər aparmışdı”. O oğurluq, planlı bir işə bənzəyir:
Oğru qaldırdı qazan qablamanı,
Kim əl atsın hacata? Bilməyirəm.
Bu kitablar özü bir at yüküdür,
Bunu kim çatsın ata, bilməyirəm.
Rza şah İrandan çıxandan sonra, ölkəm həm başsız qalır, həm də azad bir fəza yaranır.
Şəhriyar da o fəzadan faydalanıb həm Azərbaycanın dərdlərini dilə gətirir ki, ən məşhuru 1942-ci ildə yazılan “Əla Tehraniya” adlı farsca şeiri ilə öz dilimizdə yazan şeirləridir.
O illərdə Azərbaycanın başına bombalar yağanda Tehran radiosu toy tutur və bu Şəhriyarı titrədir.
Bir də ki, İranın ikinci dünya savaşında gücsüz davranışı və Türkiyənin iqtidarı, Şəhriyarda qürur hissi yaradır və Türklərin ordusuna farsca şeir yazır.
Bunlardan əlavə, yaranmış Azərbaycan Muxtar Dövləti, Şəhriyarın ilham qaynağına çevrilir ki, Şəhriyarın o dövlətdən aldığı təsirlər və ilham bir başqa müstəqil yazı olmalıdır. Amma oğrular o illərdə yazılan bir dolu divanı, səliqə-sahmanla aparırlar:
Səlqəli oğru tapılmışsa bu başsız yerdə,
Şəhriyardan da gərək bir dolu divan apara.
Amma 1971-ci ilin qışında, ya bəzi təxminlərə görə 1972-ci ilin bayramında baş verən üçüncü oğurluq, Şəhriyarın ədəbi irsinə və ədəbiyyatımıza daha ağır idi. Şəhriyarın əsas Türkcə şeirləri Rza şahın İrandan getməsi və yaranmış azad fəzada yaranmışdı və 1947-1948 illərində yazılan “Heydər Baba” şeiri Şəhriyara çoxlu şöhrət qazandırıb onu ədiblərin diqqət mərkəzinə çevirmişdi və Şəhriyar onlarla oturub-durduqda daha öz dil və ədəbiyyatımızla tanış olmuşdu və o 20 ildə yazdığı şeirlərinin çox hissəsi türkcə olmuşdu ki, o şeirlər bu üçüncü oğurluqda yoxa çıxır.
Bu hadisənin başqa səbəbi də Azərbaycanın şimali hissəsində Şəhriyara olana diqqətlər və İran rejiminin o diqqətlərdən rahatsızlığı idi. Örnək olaraq Azərbaycan yazarları 1968-ci ildə, Bakıda Molla Pənah Vaqifin anadan olmasının 250 illik münasibətinə qurulan mərasimə Şəhriyarı da dəvət etmişdilər, amma Pəhləvi rejimi Şəhriyarın dəvətnaməsini ört-basdır edib, ona verməmişdi.
Məşhur Azərbaycan şərqşünası, filologiya elmlər doktoru, Harvard universitetinin fəxri doktoru Rüstəm Əliyev hələ çox gənc vaxtları və 30 yaşında Moskva universitetinin şərqşünaslıq bölməsinin müdiri olmuşdu. Professor Əliyevin doktorluq tezi Şirazlı Sədinin “Gülüstan” əsəri haqda idi və ona görə, 1970-ci ildə Tehrana səfər etmişdi. Rüstəm Əliyev bir il öncəsi, Azərbaycan əməkdar elm xadimi ünvanını qazanıb, sonra Tehrana gəlmişdi.
Əliyev Tehranda Azərbaycanlı yazarları görüb Şəhriyarla görüşmək arzusunu onlara demişdi. Amma yazarlar ona deyir ki, Şəhriyar hazırda Təbrizdə yaşayır və kimsə ilə görüşmək istəmir. Hətta şair Səhənd Qaraçorlu, Əliyevə bildirir ki, neçə ay öncə doktor Şəmslə birlikdə Təbrizə gedib, onu Tehrana qonaq gətirmək istədik, amma gəlmədi. Rüstəm Əliyev deyir ki, “Mən gərək Şəhriyarı görəm, sonra öləm!”
Bu dəfə doktor Şəms və Rza Xamənei birlikdə Təbrizə gəlib və Şəhriyarla Rüstəm Əliyevin sözünü deyib, onu ailəsilə birlikdə götürüb, Tehrana aparırlar. Bulud Qaraçorlu (Səhənd) Tehranda öz evini onların ixtiyarında qoyub, onları bir ay hörmətlə saxlayır. Tehrana yetişən günün sabahısı, yəni azər ayının 12-ci günü Əliyev, Şəhriyarın görüşünə gəlir və “Heydər Baba”nın Bakıda misilsiz rəğbətlə qarşılanmasından və dəfələrlə çap olmasından xəbər verir, deyir ki, sizi dəfələrlə Bakıya çağırmışıq, amma xəbər olmayıb. Deyir, iki il öncə Molla Pənah Vaqifin mərasimində yolunuzu çox gözlədik. Bir halda ki, buradakılar belə bir dəvətnamənin olmasında xəbərsiz idilər.
Şəhriyar elə həmən o görüşdə “Döyünmə-söyünmə (sevinmə)” şeirini, o tay-bu tay ayrılığı haqda deyir:
Bir qərn də qardaşdan uzaqlaşmaq olurmuş?
Qardaş deyə bir ömr soraqlaşmaq olurmuş?
Birdən də bu qardaşla qucaqlaşmaq olurmuş?
Gör mən nə hal ollam bu qızıl gülləri tapsam
Rüstəm Əliyev tək gülü, bülbülləri tapsam.
Heyrətdə qalaq biz sizə bir qərn yarımdır,
Ağlar gözümün şahidi şerimsə tarımdır.
Sanki Bakını, Gəncəni verdin mənə qardaş,
Tapdım elimi, arxamı qurban sənə qardaş.
Yad qardaş olanmaz bizə, qardaş da yad olmaz,
Qəlbim sən ilə şad olur, sənsiz də şad olmaz.
Rüstəm ilə Şəhriyar Tehranda neçə dəfə də görüşürlər və bu Tehran ilə Moskva rejimlərinə heç də xoş gəlmir. Şəhriyar “Döyünmə-söyünmə” şeirinin əlyazmasını Rüstəmə verir və hətta öz səsi ilə onu oxuyub, lentə alıb bir hədiyyə kimi Bakıya göndərir. Bu səs faylı vaxtı ikən Bakıda səs salır və o çalışmaların nəticəsində Rüstəm Əliyevi müttəhim edib partiyadan ixrac edirlər, Şəhriyar bu xəbəri eşidən kimi, Rüstəmə xitab olaraq belə yazır:
Bir xəbər çatdı mənə Nuhi-Nəbi qarğışı tək,
İçərimdə biləsən qopdu nə tufan, Rüstəm?
Yandı bir ləhzədə xırman kimi arzum, ümidim,
Canım ol yanğıda yandıqca dedim: “Can Rüstəm”.
Şəhriyar, şeirin davamında Rüstəm ilə Şəhriyara zülm edən dövlətləri div kimi xitab edərək, Rüstəmin ittihamlarını o görüşlərin nəticəsi və iki qardaş arasında yaranmış körpünün yıxılması kimi düşünur:
Tilisim, çay dərələrdə nə qoçaq salmışdın,
Bir ümid körpüsü ki, yol sala karvan Rüstəm.
Div yatarkən iki qardaş qonuşurduq gecələr
O qonuş, el qəmini dərdinə dərman Rüstəm.
Divlər amma ayılıb duydular əhvalımızı,
Hələlik qaldı ümid körpüsü viran Rüstəm.
Şeirin qalan misraları o görüşün nəticəsində Şəhriyarın əziyyətlərindən söz açır:
Qalmışam mən də bu tayda qolu bağlı, asılı,
Səf çəkib qarşıda qəm, sanki verir san Rüstəm.
Qardaşın, qardaş ilə bir görüşü, bir qonuşu
Qadağan olmada bax zülmətə nə tüğyan Rüstəm.
Çünki Şəhriyarın Təbrizdə sahibsiz qalmış evindən bütün şeirləri və dəftərləri yoxa çıxır. Şəhriyar bu dəfə məhkəməyə baş çəkir, amma nəticəsi olmur:
Bu qədər dəftərü əsnadilə bir haqqa çatan yox,
Haqq verənlər pitiyi Mirzə qələmdan ilə getdi.
Türkü olmuş qadağan, divanımızdan da xəbər yox,
Şəhriyarın dili də, vay deyə divan ilə getdi.
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)
Azərbaycanın peşəkar milli musiqisinin banisi Krivoy Roqda anılıb
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində Azərbaycanın peşəkar milli musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konsertdə şəhər meriyasının mədəniyyət şöbəsinin rəhbərliyi, şəhər Şurasının deputatları, diaspor fəalları, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycana aid rəsm sərgisi nümayiş olunub.
Rəsmi hissədə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirildikdən sonra Krivoy Roq şəhəri “Azərbaycan Diasporu” təşkilatının rəhbəri Kamaləddin Ağayev, Krivoy Roq şəhər Meriyasının mədəniyyət şöbəsinin rəhbəri İrina Vasileyevna, Müslüm Maqomayev adına Beynəlxalq Fondun sədri Hafiz Aslanov çıxış ediblər.
Kamaləddin Ağayev çıxışında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin Krivoy Roqda qeyd edilməsini milli musiqinin birləşdirici gücünün mədəniyyətlərarası dialoqun və ümumbəşəri dəyərlərə verilən önəmin göstəricisi kimi dəyərləndirib.
Çıxışlarda Azərbaycanın milli musiqi kimliyinin formalaşmasında Üzeyir Hacıbəylinin müstəsna rolundan bəhs ediblər. Üzeyir Hacıbəylinin əsərlərinin Azərbaycan sərhədlərini aşaraq dünya səhnələrində uğurla nümayiş olunduğu və xalqlar arasında mədəni körpüyə çevrildiyi bildirilib.
Tədbirin bədii hissəsində Krivoy Roq şəhərinin kamera orkestri Üzeyir Hacıbəyli, Qara Qarayev və Firəngiz Əlizadənin əsərlərini ifa edib.
Konsert tamaşaçıların böyük rəğbətini qazanıb.
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)
Sözdən yaranan incilər – NİZAMİ GƏNCƏVİ
Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.
İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.
NİZAMİ GƏNCƏVİ (1141-1209-cu illər), şair və filosof
- Ürəkdən gələn söz ürəyə yeriyir.
- Sevənin gözləri kor olur.
- Elə olur ki, sevgi hiss olunmadan keçib gedir.
- Dostsuz günlər – acı fəlakətdir.
- Bəlanın böyüyü dostsuzluqdur.
- Sevincdənmi, kədərdənmi nəmlənib,
Gözlər o gözlərdir, yaş o yaş deyil.
Cəm gözəllik camalında cəmlənib,
Baxış o baxışdır, qaş o qaş deyil.
-Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.
-Kim tikan əkərsə, tikan dərəcək,
Kim nicat verərsə, nicat görəcək.
-Alimlə xoş rəftar etsən əgər sən,
Özün öz elmini aşkar edərsən.
-Səninlə biri xoş danışsa əgər,
Könüldən dinlə ki, bir xeyri dəyər.
-Bir cizgi naxışdan çıxırsa kənar,
Başqa cizgilər də bütün pozular.
-İnsan etsə əgər bir işə vərdiş,
Çətin olsa belə, görülər bu iş.
-İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
-Taxtın payəsini o qədər yüksəlt,
Yıxıldığın zaman çəkmə əziyyət.
-Ömür keçib gedəndi, dünya qalandı sənə,
Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.
-Öz halal zəhmətinlə namuslu insan sayıl,
Hər yetənə alçalma, əl açıb olma sail.
-Ağıl-kamal bəsləməz igidliyə ədavət,
Hümər də, igidlik də ədavətdir, ədavət.
-Xidmət etmək sayılır kişilikdən insana,
Xalqına xidmət etmək bir şərəfdir insana.
-Ömrümüzün günü sayılır bir-bir,
Eşqsiz keçən gün ölü deməkdir.
-Poladdan dağ olsa, yenə də inan,
Vurub parça-parça dağıdar insan.
-Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.
-Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
-Dünya gedərgidir, dalınca getmə!
Qalmayacaq şeyə sitayiş etmə!
-Bir inci saflığı varsa da suda,
Çox içiləndə dərd verir o da.
Sülh, müharibə, ədalət və zülm haqqında
- Atəşi üfürsən alışıb yanar,
Onu suya bassan, sönər aşikar.
- Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
- Haqq sözü eşitmək istəməyənlər,
Ağlını itirib hədər ölərlər.
- Künc-bucaqda qalana sən bu qədər atma ox,
Yoxsulların ahından, qarğışından çəkin, qorx.
-Dünyanın işini yaxşı düşün sən,
Nə əksən, onu da sən biçəcəksən.
-Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran.
Hünər, cəsarət və mərdlik haqqında
- Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən məmnun qalırsan?
-Sən də süsən kimi ipəkdən olsan,
Səni saf torpaq da yaralar, inan!
-Zəlillik ürəyə ağrılar salar,
Zülmə dözənlərin sonu xar olar.
-İnsanı sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of edən yetməz kəmalə!
-İradəsiz olma, iradəsizlər,
Ayaqsız qurd kimi yerdə sürünər.
-Fil keçsin üstündən tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.
-Mərd olmaq gərəkdir həyatda hər an,
Mərdliklərlə çatar arzuya insan.
-Evdə tək arpası olmayan bir kəs,
Yarım arpa qədər minnət götürməz.
-Heç qorxma acizə zülm edən kəsdən,
Yoxsa qul olarsan sən ona hökmən.
-Yüksəklərə ucaldar hünər, cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni.
-Böyüklə vuruşda insan ad alar,
Alçaqla vuruşda özü alçalar.
-Aman istəyincə qurbağalardan,
Balıq tək sulara tez qərq olarsan.
-Qanı çörəyinə yavanlıq etsən,
Papağı dik saxla, baş getsə əldən.
- Mərdə təmiz adı candan əfzəldir,
Ləkəli qalmaqdan ölüm gözəldir.
-Ovcumun içində olsa da belə,
Dikmərəm gözümü özgə mülkünə.
Dostluq və düşmənlik haqqında
-Ehtiyatsız bir quş düşərsə tora,
Başqa quşları da sürüklər ora.
-Dost qəlbi torpaqdır, ona toxunsan,
Əlin paklaşacaq bu toxunuşdan.
-Heç kimsəylə yola getmirsə bir kəs,
Ona bel bağlanıb bir iş görülməz.
-Ağıllılar bilir, tək yesə hər kəs,
Təklikdə də ölər, dost-aşna görməz.
-İstəyirsən evin salamat qala,
Evə yad adamı buraxma əsla.
Xalqa xidmət və xeyirxahlıq haqqında
-Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
-Yaxşılığı əzəldən adət etsən özünə,
O yaxşılıq hər yanda qapı açar üzünə.
- Belə misal çəkmiş aqil bir insan:
“Qurd girməz sürüyə yatmasa çoban”.
-Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.
- Hünər ardınca qoş, xalqa xeyir saç,
Qapılar bağlama, ər ol, qapı aç.
-Səadət kamalla yetişər başa,
Xalqa xidmət elə, ədəblə yaşa.
-Bulud tək damcıyla su al dənizdən,
Verəndə bol-bol ver, əsirgəmədən.
-Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
-Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)
Şəmistan Nəzirli və Fərman Eyvazlı - iki görkəmli sənətkar və eyni sonluqlu tale
Ramiz Göyüş,
yazıçı, publisist, “Ədəbiyyat və incəsənət” üçün
Bu günlər sosial şəbəkələrin gündəliyini zəbt edən bir olay-görkəmli tədqiqatçı, yazıçı-publisist, hərbi jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirlinin Qazaxda, Müəllimlər Seminariyasının binasında, ADA Universitetinin Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin 140 İllik yubileyinə həsr olunmuş tədbirində qəfil dünyasını dəyişməsi hamıda dərin bir təəssüf doğurmuşdur. Şəmistan Nəzirlinin ölümü həqiqətən də istər ədəbiyyatımız, istər hərbi junalistikamız, istərsə də hərb tariximizin öyrəniləsində müstəsna xidmətləri olan bir tədqiqtçınının itkisi kimi böyük itkidir. Onun ailəsi və sevənləri üçün çətin olan, itkisi ilə barışmaq istəməyən, onu sevən insanlar üçün bu ağır günlərdə mən də istədim ki, Şəmistan müəllimlə bağlı xatirəmi bölüşüm. Şəmistan Nəzirlini bir tədqiqtçı və yazıçı kimi qiyabi olaraq 1987-ci ildən tanıyırdım.
Həmin il onun məşhur “Vurğun keçib bu yerlərdən” kitabı nəşr olunmuşdu. Səməd Vurğuna böyük məhbbəti olan bir azərbaycanlı kimi bu nəşr haqqında məlumat alndan dərhal sonra kitabı əldə edərək böyük həvəs və maraqla oxudum. Kitabda Böyük Səməd Vurğun haqqında o vaxtadək bilmədiyimiz məlumatlar, şairin səfərləri, görüşləri, onun haqqında xatirələr və maraqlı əhvalatlar yer almışdı. Yadımdadır, kitab çox sürətlə yayılmağa, oxunmağa başladı və müəllifinə böyük populyarlıq gətirdi. O gündən məndə Şəmistan müəllimə qarşı dərin bir rəğbət və sevgi yaranmış, onunla əyani tanış və həmsöhbət olmaq arzusu baş qaldırmışdı. Belə bir gün 10 ildən sonra yetişdi. 1996-cı ilin noyabrı idi. Mən onda Mingəçevir Şəhər İcra hakimiyyətində başçının müavini vəzifəsində işləyirdim. Həmin il Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinin keçirilməsi barədə Ümmilli liderimiz Heydər Əliyevin sərəncamı var idi. Şairin Mingəçevirlə sıx bağlılığını nəzər alaraq (Böyük şairin məşhur “Muğan” poeması Mingəçevirin qurucularına həsr olunmuşdu və onun qəhrəmanı Sarvan Salmanov Mingəçevirdə yaşayırdı) həm də onun yaradıcılığına və şəxsiyyətinə olan böyük sevgidən doğan bir həvəslə mən də Şairin 90 illik yubileyinin keçirilməsi barədə təşəbbüs qaldırdım və mənim təşəbbüsüm şəhər rəhbərliyi tərəfindən hərtərəfli dəstəklə qarşılandı.
Yubileyin keçirilməsi üçün Şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən Dilqəm Alıyevin sərəncamı ilə, mənim sədrliyimlə təşkilat komitəsi yaradıldı və yubileyin yüksək səviyyədə keçirilməsi barədə tapşırıq verildi. Mən bütün qabiliyyətimi və bacarığımı səfərbər edərək yubileyin ən yüksək səviyyədə keçirilməsi üçün hər şeyi edirdim. Yubiley noyabrın 27-nə təyin edildi. Şəhərin baş küçəsi - indiki Heydər Əliyev prospekti girişdən sonadək, eyni zamanda həmin prospekti perpendikulyar kəsən, şairin adını, daşıyan digər bir mərkəzi küçə Səməd Vurğun küçəsi başdan başa şüarlarla, Şairin “Muğan” poemasından yazılan plakatlarla, bayraqlarla, şairin trafaret şəkilləri ilə bayramsayağı bəzədilmiş, minlərlə şəhər sakini və qonaqlar küçələrə çıxmışdı. Yubiley tədbirində iştirak etmək üçün Qazaxdan, Gəncədən, qonşu Ağdaş, Yevlax, Bərdə rayonlarından qonaqlar dəvət olunmuşdu.
Tədbirdə Qazax Xeyriyyə Cəmiyyəti böyük heyətlə iştirak edirdi. Akademik Teymur Bünyadov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, Xalq şairi Vaqif Səmədoğlu, şair Həmid Abbas, yazıçı Fərman Eyvazlı və digərləri var idi. Qonaqlar arasında Şəmistan Nəzirli də gəlmişdi və mən bütün qonaqlar kim onu da böyük hörmətlə qarşıladım.
Şəmistan müəllimlə arada bir az zaratlaşdıq da. Məndən soruşdu ki, sən Qazağın hansı kəndindənsən. Mən cavab verdim ki, Abbasbəyli kəndindən. Dedi ki, mən elə bilirdim, sən Daş Salahlıdansan. Aradan xeyli müddət keçdi. O, bir də mənə Daş Salahlı balası deyə müraciət elədi. Mən gülə-gülə dedim ki, mən Daş Salahlıdan deyiləm. O da cavabında dedi ki, Daş Salahlı olanda nə olar ki? Mən dedim, ay Şəmistan müəllim, Daş Salahlı Qazağın ən böyük və ən qədim kəndidir. Ancaq indi mən neyləyim ki, oralı deyiləm. Xeyli gülüşdük. Həmin gün o mənə avtoqrafı ilə “Vurğun keçib bu yerlərdən” kitabını bağışladı. Avtoqrafda yazmışdı: “Əziz eloğlum, Ramiz Göyüşova xoş arzularla. P.S Daş Salahlı olmaq istəməyən vətənpərvər eloğluma müəllifdən. 27 noyabr 1996-cı il”...
... Səhərdən başlayıb, bütün günü davam edən yubiey tədbirləri axşam Mərziyə Davudova adına Dövlət Dram Teatrının böyük salonunda yekunlaşacaqdı. Salon ağzınadək dolmuşdu.
Çıxışlar və bədii proqramla qarışıq şəkildə aparılan tədbir sürəkli alqışlarla davam edirdi. Qonaqlar əvvəlcədən tərtib olunan ssenari üzrə çıxış edirdiər. Yazıçı Fərman Eyvazlı çıxışa yazılmamışdı.
Arada Vidadi Bayramov mənə dedi ki, Fərman Eyvazlı çıxış etmək istəyir. İmkan olan kimi onun da çıxışına imkan yarat. Mən də bu barədə tədbirin aparıcılarına tapşırıq verdim və elə növbəti nömrədə Fərman Eyvazlı çıxışa dəvət edildi. Fərman müəllim aramla səhnəyə qaxdı. Təxminən 5-6 dəqiqə çıxış edərək Səməd Vurğundan bir xatirə danışdı. Çıxışının sonunda üzünü Şairin səhnədən asılmış böyük portretinə tutaraq: ”Allah sənə rəhmət eləsin, Ustad”- deyib, qalxdığı kimi də səhnədən düşərək yerinə keçdi. Aparıcılar növbəti nömrəni elan etdilər. Salonda işıqlar söndü və “Vaqif “ dramından bir səhnə oynanılmağa başladı. Fərman Eyvazlı Vidadi müəllimlə yanaşı oturmuşdu. Birdən Vidadi müəllim mənə səsləndi ki, Ramiz burda həkim varsə təcili çağır bura gəlsin. Mən onlar tərəfə çevriləndə gördüm ki, Fərman müəllimin başı çiynindən aşağı düşüb.
Təcili onu salondan çıxartdıq. Həkimlər tökülüşdü, ancaq neynədiksə artıq iş-işdən keçmişdi. Hər şey bir andaca baş vermişdi...
2025-ci il Sentyabrın 20- də Şəmistan Nəzirli ilə onun həyatın son gününü, son dəqiqələrini birlikdə keçirmiş dəyərli mətnşünas, dilçi alim professor Ədalət Tahirzadənin öz Feysbuk səhfəsində böyük kədərlə qeydə aldığı Şəmistan Nəzirlinin əbədiyyətə gedən yolunun təfərrüatlarını oxuduqdan sonra Mingçevirdəki olayı bir daha kədərlə xatırladım. Şəmistan müəlim də Fərman Eyvazlı olayının şahidi olmuşdu və çox qəribədir ki, həmin tale onun da qismətinə yazılıbmış.
... Şəmistan müəllim bədii yaradıcılığa başladığı 1958-ci ildən bu günədək 67 illik bir dövrdə bütün fəaliyyətini hərb tariximizə, Cümhuriyyət tarixinə, Azərbacan generallarının həyat və fəaliyyətinə, xalqımızın və dövlətçiliyimizin tarixində müstəsna xidmətləri olmuş görkəmli şəxslərin həyat və fəaliyyərinə, Səməd Vurğun ocağına, Vəkilovlar nəslinə aid faktlara söykənən, obyektivliyi ilə fərqlənən, dərin araşdırmalara həsr etmişdi. O, ağır zəhmətin, fədakar vətəndaşlıq mövqeyin məhsulu olan 30-dan cox iri həcmli, çox dəyərli kitabaların müəllifidir və bu kitablarda yazılan sətirlərin hər birinin altında tariximiz yatır. Onun “Vurğun keçib bu yerlərdən”, “Vurğun ömrü”, “Ellər vurğunu”, ”Yaddaşlarda yaşayan Vurğun”, “Qacarlar”, “Cumhuriyyət generalları”, “Azərbaycan generaları”, ”General Əli ağa Şıxlıniski”, “ General Cəmşid Naxçıvanski”, ”Topoqraf general İbrahim ağa Vəkilov”, ”Tam artileriya generalı Səməd bəy Mehmandarov”, “General Yadigarov qardaşları”, ” Krım dəftəri”, “Qoridən gələn qatar”, “1920-ci il Qarabağ döyüşləri”, “Nüfuzlu nəsillər tarxindən” və digər kitablarında toplanmış materiallar arxiv sənədlərinə, tarixi faktlara əsaslanmaqla tariximizin qızıl məqamlarını özündə əks etdirir. Heç şübhəsiz gələcək nəsillər tariximzin yeni səhfəlrini yazarkən hökmən Şəmistan Nəzirlinin bu əvəsiz mənbəələrinə müraciət edəcəklər.
Bununla yanşı mən onun “ Qoridən gələn qatar” kitabı üzərində xüsusi olaraq dayanmaq istədim.
...İndi hər kəsə məlumdur ki, Azərbaycan təhsilinin tarixində Qazax Müəllimlər Seminariyasının müstəsna yeri olmuşdur. 1918-ci ildə Qori müəllimlər seminariyasının Azərbaycan bölməsinin Qazağa köçürülməsi, onun bazasında Qazax Müəllimlər Seminariyasının təşkili Qazaxda yeni bir zümrənin –müəllimlər dəstəsinin yaranmasına səbəb oldu. Müəllimlər Seminariyasının ilk buraxılışları əsasən Qazax mahalından olan insanlar idi. Və sonrakı tariximizdə Qazax müəllimlər Seminariyası təkcə müəllimlər ordusu yetişdirmədi, həm də bütöv bir ziyalılar nəslinin yaranmasına səbəb oldu. Müəllifin, yarandığı tarixdən başlayaraq, sonrakı dövrlərdə zaman-zaman Azərbaycanımızın tarixində mühüm rol oynamış Seminariyanın tarxi, onun yaradılması, təşəkkülü, inkişafı və Azərbaycan təhsilnin tarixindəki mövqeyi barədə əvəzsiz bir mənbə olan “Qoridən gələn qatar” kitabının müstəsna bir əhəmiyyəti var və o özü bu elmi-tarxi kitabına böyük bir sevgi ilə yanaşırdı. Sonrakı illərdə xalqımızın görkəmli ziyalısı, ictimai-siyasi və dövlət xadimi, təhsilimizin fədaisi ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə indi yeni dövrünü yaşayan, ölkəmizin mədəni və təhsil həyatında hadisəyə çevrilən Qazax Müəllimlər Seminariyasının bərpasında Şəmistan Nəzirlinin “Qoridən gələn qatar”kitabının və Şəmistan Nəzirlinin fikirləri əsas göstəricilərdən idi. Son vaxtlar Şəmistan Nəzirli tez-tez Qazax Müəllimlər Seminarisyasında olur, Seminariyanın tarixi haqqında dəyərli söhbətlər edir, onun tələbələri, müəllimləri və məzunları haqqında maraqlı müsahibələr verir və bundan özü də xüsusi bir məmnunluq duyurdu. Çox təəssüf ki, onun bu gedişi sonuncu gediş oldu və onu sevənlərin qəbində bir sızıltı yaratdı.
Professor Ədalət müəllim qeydlərinin sonunda yazır: “Şəmistan Nəzirli Allahın ən sevimli bəndəsi imiş -o, ata, anası qədər sevdiyi Qazaxda, vurğunu olduğu Səməd Vurğunun torpağında və hədsiz sevdiyi Firudin bəy və Badisəba Köçərlilərin ruhunu yaşadan Qazax Müəlimlər Seminariyası kimi müqəddəs bir ocaqda və çox sevdiyi insanlar arasında həyatla vidalaşdı, özü də ağrısız- acısız, ağlı ən son anadək üstündə olaraq”...
Ruhun şad olsun, Böyük İnsan! Xatirən qəlbimizdə yaşayacaqdır.
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)
Bəs deyirsiniz, ədəbi tənqid ölübdür?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu fikri tez-tez eşidirik, ədədbi tənqidin öldüyünü deyirlər. Yanlışdır. Ədəbi tənqid ölübsə, bəs onda Nizami Cəfərov, Vaqif Yusifli, Cavanşir Yusifli, Elnarə Akimova, Nərgiz Cabbarlı, Elnarə Qaragözova – bunlar kimlərdir?
Ədəbiyyatşünas, ədəbi tənqidçi, tərcüməçi Cavanşir Yusifli 1958-ci il sentyabr ayının 24-də Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib. Yardımlı rayonunda müəllim işləyib. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M. F. Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1991–1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993–1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Filologiya və Pedaqogika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.
Kitabları
1. "Bədii mətnin sirləri"
2. "Bir söz söylə, bu dünyadan olmasın"
3. "Ədəbiyyatda yaşamağın formulu"
4. "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi"
5. "Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış"
6. "Azərbaycan komediyasının poetikası"
7. "Gülüş və dünyanın sonu"
8. "Filoloji fantaziya"
9. "Yaddaşın poetikası"
10. "Elçin haqqında 56 söz" (Vaqif Yusifli ilə birgə)
11. "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi"
12. "Gülüş və dünyanın sonu"
Tərcümələri
1. Patrik Züskind, "Ətriyyatçı" (fransız dilindən tərcümə)
2. Rolann Bart, "Yazının sıfır dərəcəsi" (fransız dilindən tərcümə)
3. Alber Kamü. "Taun", "Yad", "Çöküş" romanlarının fransız dilindən tərcüməsi
4. Jan Eşnoz. "Royal arxasında" (roman, fransız dilindən tərcümə)
5. Tomas Sternz Eliot. Ənənə və fərdi istedad (ingilis dilindən)
6. Xulio Kortasar. Qorxulu yuxu (hekayə, rus dilindən)
7. Jan-Pol Sartr. Ədəbiyyat nədir? (traktat, fransız dilindən)
Məqalələri
1. Azərbaycan ədəbiyyatında nə baş verir?
2. Jak Derridanın qrammatologiyası
3. Böyük poeziyanın adı: Tomas Sternz Eliot
4. İndi nədən, kimdən deyək
5. Füzulini niyə sevmədim?
6. Postmodernist kimdir? (6 məqalə)
7. Dəvədən fil düzəldən adam
8. Ədəbi prosesin dolanbacları, yaxud heç nədən hay-küy
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 24. Dahilər və kitab
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
24.
DAHİLƏR VƏ KİTAB
Bəli, mütaliə hər baxımdan bizə fayda verir. Əsl təhsil yalnız mütaliə ilə əldə edilir. İnsan bütün ömrü boyu mütaliə etməlidir. İnsanın mənəvi dünyasının zənginləşməsində və yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin rolu əvəzsizdir. Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır. Filosof Spenserə görə, bəşəriyyət həmişə ancaq şəxsi mütaliə yolu ilə müvəffəqiyyətlə inkişaf etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, mütaliə bütün biliklərin əsasıdır. Mütaliə etmədən düşüncə formalaşa bilməz. Əgər bizim uşaqlar bu gün kitab oxumasalar onlar həyatda heç vaxt uğur qazana bilməyəcəklər. Yalnız mütaliə nəticəsində şagirdlər öz fikirlərini sərbəst ifadə edə bilirlər.
Mütaliə şagirdlərdə mədəniyyətin yüksəldilməsinə aparan bir yoldur. Mütaliə biliyi genişləndirməklə bərabər, həm də insana məmnunluq hissləri bəxş edir. İnsan həyatında mütaliənin rolu əvəzolunmazdır. Böyük mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərində mütaliənin əhəmiyyəti haqqında müdrik fikirləri ondan sonra gələn Azərbaycan mütəfəkkirlərinə böyük təsir göstərmişdir. İnsanın ucalığını onun elmi səviyyəsində axtaran Nizami hər hansı bir insanın başqasına üstün gəlməsini qalibin elmi səviyyəsi ilə izah edir:
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eləyə bilməz! - deyən şair kamilliyin mənbəyini elm və bilik axtarışında görür. Kitabı, mütaliəni yüksək qiymətləndirən şairin özü böyük mütaliəçi olmuşdur. Dünya ədəbiyyatının incisi sayılan Nizami Gəncəvi “Xəmsə”si onun müəllifinin mütaliəsinin, elmi axtarışlarının nəticəsidir. Şair beş poemasında kifayət qədər əsər adı çəkir ki, bunlar hamısı onun mütaliə obyekti olmuşdur.
Dünyada nə qədər kitab var belə,
Çalışıb əlləşib, gətirdim ələ,
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım
- deyən şair özünün mütaliəsinin məzmunu haqda aydın təsəvvür yaradır.
Məşhur filosof Sokrata görə mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Ona görə də biz mütaliəni sevməli və təkcə sevməli yox, ona vərdiş etməyi bacarmalıyıq. Ona görə də, “Gəlin oxuyaq, dünyamızı, tariximizi, özümüzü kəşf edək”.
Bir sözlə, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq. Dahi şəxsiyyətlərin mütaliə və kitabxana haqqında söylədikləri fikirlərə niyə də diqqət etməyək?
Görkəmli filosofların, dünya liderlərinin, dahi yazarların kitabların insan həyatındakı rolu barədə söylədikləri əlbəttə ki, diqqətdən kənarda qalmamalıdır. Biz kitabımızın əvvəllərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan prezidenti İlham Əliyevin kitablara münasibətlərinə toxunduq. İndisə digər fikirlərə göz yetirək:
*Antik dövrün ən məşhur filosoflarından biri, romalı Mark Tulliy Siseron:
“Kitabsız ev ürəksiz bədəndir”.
*Antik dövrün ən məşhur filosoflarından biri, romalı Lutsiy Anney Seneka:
“Kitabsız yaşamaq kor, kar, lal yaşamaqdır”.
*Fəlsəfə tarixində uca mərtəbələr fəth etmiş alman filosofu Artur Şopenhauer:
“Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır.”
*Türk dünyasının böyük lideri, görkəmli siyasi və hərbi xadim Mustafa Kamal Atatürk:
“Bir neçə qəpiyim olanda mütləq yarısını kitaba xərcləyirdim. Başqa cür etsəydim, Atatürk olmazdım”.
*İngilis siyasi və dövlət xadimi, natiq və yazıçı Vinston Çörçill:
“Kitablar, bütün müxtəlifliyi ilə insan zəkasına sivilizasiyanın zəfərlə irəliləməsi üçün vasitələr təklif edir”.
*Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti, 2009-cu ildə isə Nobel Sülh mükafatçısı, akademik, hüquqşünas, memuarçı Barak Obama:
“Oxumaq vacibdir. Oxumağı bilirsənsə, bütün dünya sənin üzünə açılır”.
*ABŞ-nin dövlət xadimi, ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-nin ilk prezidenti Corc Vaşinqton:
“Düşünürəm ki, kitablar haqqında bilik, digər biliklərin qurulması üçün əsasdır”.
*Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan:
“Gələcəyimiz, şəhərimiz, ölkəmiz və dünyanın gələcəyi üçün; Hər kəsi öz savadı, sevgisi və gözəlliyi üçün mütəmadi olaraq kitab oxumağı vərdiş halına gətirməyə dəvət edirəm”.
*Dahi alman yazıçısı İohann Vilhelm Höte:
“Mütaliə etməyi öyrənmək üçün nə qədər əmək və nə qədər vaxt sərf olunduğuna şübhə etməyin, mən özüm buna 80 il vaxt sərf etdim və bunu deyə bilərəm ki,məqsədimə tamamilə nail olmuşam”.
*Azərbaycanın tanınmış ədibi, dramaturgiyamızın görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov:
“Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisləri edir”.
*Görkəmli rus yazıçısı, maarifçisi Vissarion Belinski:
“Öz kitabxananın kitablarını ona görə çoxaltma ki, sənin çoxlu kitabın var desinlər. Ona çalış ki, öz əqlini görkəmli şəxslərin kitabları ilə zənginləşdirəsən. Öz əqlini də kitablar kimi qiymətli edəsən. Bədii əsərlər canlı mənbədir və insanlıq hissi cəmiyyətə buradan axır”.
*Görkəmli Azərbaycan satiriki Mirzə Ələkbər Sabir:
“Kitab sənin ilk dostundur”.
*Tanınmış rus alimi, tənqidçisi Nikolay Dobrolyubov:
“1849-cu ildə 411 kitab mütaliə etmişəm. Mütaliə etdiyim kitabların müntəzəm qeydiyyatını aparmışam. Mütaliə etmək mənə uşaqlıqdan çox xoş gəlirdi. Odur ki, çox keçmədən mütaliə mənim əsas məqsədim və yeganə sevincim oldu.”
*Azərbaycanın Xalq şairi Səməd Vurğun:
“Kitabsız bir ömrün nə mənası var”.
Növbəti:
25. Oxucu kavlifikasiyası
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Media İnkişaf Agentliyinin İcraçı direktoru arasında görüş keçirilib
23 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Respublikasının Mediasının İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov arasında görüş baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüşdə Türk dövlətləri ilə Azərbaycan arasında media əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub, qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov Fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını qeyd edib.
Fondun prezidenti Aktotı Raimkulova isə Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Soial-mədəni layihələrin beynəlxalq səviyyədə tanıdılmasında medianın mühüm rolunu vurğulayıb.
Tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlıq çərçivəsində müxtəlif proqramların reallaşdırılması istiqamətində fikir mübadiləsi aparıblar. Görüş səmərəli fikir alış-verişi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)
Prezidentin fərdi təqaüdçüsü, xalq artisti Xalidə Quliyeva
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kinomuzda, dublyaj sahəsində uzun illər səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikasının xalq artisti Xalidə Quliyevanın bu gün 73 yaşı tamam olur.
Mən də qərara aldım ki, aktrisanın ömür-gün yluna birgə tamaşa edək.
Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olub.
Atası neftçi, anası isə evdar qadın olub. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlayıb. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.
Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında çəkilib. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Filmoqrafiya
1. Qızıl qaz
2. Nəsimi
3. Bakıda küləklər əsir
4. Tütək səsi
5. Dörd bazar günü
6. Çətirimiz buludlardır
7. Xoşbəxtlik qayğıları
8. Bir ailəlik bağ evi
9. Anın quruluşu
10. Bağlı qapı
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)
“ABAD” 9-cu ilini qeyd edib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının doqquzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Dövlət Agentliyindən verilən məlumata görə, tədbirdə agentliyin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını bu münasibətlə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
"ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun doqquz illik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. O bildirib ki, ötən il “ABAD”ın fəaliyyəti daha da genişlənib, işğaldan azad edilmiş ərazilərdə təqdimatlar keçirilib, bu bölgələrdən toplanan bal məhsulları brendləşdirilərək satışa çıxarılıb, ABŞ bazarına məhsul ixrac olunub. “Wolt Market” platformasında onlayn satış aktivləşdirilib, həmçinin beş yeni satış məntəqəsində “ABAD” məhsulları təqdim olunub. Bundan əlavə, müxtəlif yeni məhsul çeşidləri istehsal edilərək bazara çıxarılıb.
Pilot layihə olaraq Masallıda 7 ailə ilə fəaliyyətə başlayan “ABAD” 9 illik fəaliyyəti ərzində 677 ailəyə dəstək olaraq öz şəxsi bizneslərini inkişaf etdirməsi üçün xidmət göstərib. Həmin sahibkarlardan 508 nəfər dekorativ-tətbiqi xalq sənətimizi canlandıran və qoruyan istedadlı sənətkarlardır. 144 “ABAD”çı isə keyfiyyətli və təbii qida məhsulları istehsal edir. Bundan əlavə, 25 sahibkar müxtəlif sahələrdə öz bizneslərini uğurla inkişaf etdirir.
Tədbir çərçivəsində xidməti fəaliyyətində fərqlənən əməkdaşlar təşəkkürnamələrlə təltif olunublar.
“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb və ötən doqquz il ərzində ailə əməyinə əsaslanan mikro, kiçik və orta sahibkarlığın inkişafı, məşğulluğun artırılması və regionlarda sahibkarların biznes fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm işlər görüb.
“Ədəbiyyat və
incəsənət”
(24.09.2025)
ŞEİR SAATI nda Zahid Əzizin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Çeir saatı rubrikasında bu gün sizlərə Zahid Əzizin şeirlərini təqdim edir.
BƏNDƏ KİMDİ, ALLAH VURUR
Bu dünyada adamlar var,
Öz oduyla hey qovrulur.
Bu dünyada adam da var,
Ayaz kəsir, qar dondurur.
Kimi kəsir yolumuzu,
Kimi qırır qolumuzu,
Kimlərsə sağ-solumuzu
Doğradıqca hey qudurur.
Əcəl alır doğmamızı,
Şirin-şəkər loxmamızı,
Atamızı, anamızı,
Sonra bizi ovundurur.
Baxan yoxdur soya, ada,
Ölən-itən düşmür yada.
Bu yağmurda, bu sel-suda
Çay quruyur, göl soğulur.
Kül eyləyib közümüzü,
Nurdan saldıq gözümüzü.
Özümüzlə özümüzü,
Bəndə kimdi, Allah vurur.
BAŞQADI
Bu dünyanın övladları ögeydi,
Ataları, anaları başqadı.
Mayaları bir torpaqdan olsa da,
Axşamları, sabahları başqadı.
Yaxşıları, yamanları eynidi,
Ümidləri, gümanları eynidi,
İnancları, imanları eynidi,
And yerləri, vallahları başqadı.
Gül-çiçəyi bir açılıb-solsa da,
Əl alında, gözlər yolda qalsa da,
Əməlləri eyni əməl olsa da,
Savabları, günahları başqadı.
Təmannası, diləkləri seçilmir,
Yeri-göyü, mələkləri seçilmir,
Arzuları, istəkləri seçilmir,
Nəfəsləri, tamahları başqadı.
Öz yeri var hər doğulan bəndənin,
Dönüşü yox ölüm adlı səfərin.
Bir olsa da kök-köməci bəşərin,
Tanrıları, allahları başqadı.
QALIR
Bu dünyada bir adətdi,
Lələ köçür, yurdu qalır.
Ər kişilər ocağının
Közü sönür, odu qalır.
Yox həyanı ünümüzün,
Düşdüyümüz günümüzün.
Acı, şirin ömrümüzün
Tamı gedir, dadı qalır.
Bu nə divar, bu nə hörgü?
Bu nə mizan, bu nə bölgü?
Kimilərin malı-mülkü,
Kimlərinsə adı qalır.
VAR
Kim nə deyir, necə deyir, mənə nə? –
Eşitməyə öz laflarım, sözüm var.
Ürəyimdən keçənləri görməyə
Harda olsa görmək üçün gözüm var.
Əsir edib, hökm etməsəm dilimə,
Boş sözlərdən nə keçəcək əlimə.
Bu dünyanın gərdişini belimə
Qaldırmağa taqətim var, dizim var.
Zahid Əziz, tam axtarma hər barda,
Vəfa yoxdur nə dövlətdə, nə varda.
Məndən sonra məni fani dünya,
Yaşadacaq Əzizim var, izim var.
HƏQİQƏTLƏR, TƏZADLAR...
Bu dünyanın hər yerində
Ay doğmamış günəş batmır.
Hürə-hürə ulduzlara
Zəncirində itlər yatmır,
Bu da ömrün son baharı,
Yarı sancı, yarı ağrı,
Yaşayırıq yarı-yarı,
Harayımız haqqa çatmır.
Hər yan gömgöy, yaşıl, sarı,
Sığal çəkir gülə arı.
Tacirləri-tüccarları
Aldığını geri satmır.
Yad qoltuqda hey yatanlar,
Yad ocağa köz atanlar,
Südümüzə su qatanlar,
Dərdimizə sevinc qatmır.
Hər doğrunun bir yalanı,
Hər köçənin bir qalanı,
Birimizə dərd olanı
O birimiz yana atmır.
GECİKDİM
Sonuncu olsam da sevinc sarıdan,
Qəm-kədər çəkməkdə dərd ustasıyam.
Qismət bazarında “du bir” atsam da,
Görənlər hey deyir nərd ustasıyam.
Öz yeri-yurdu var gülün, qönçənin,
Hər gülşəndə nərgiz, qızılgül bitməz.
Elə bir hicranın xəstəsiyəm ki,
Davası-dərmanı, loğmanı yetməz.
Qıvrılıb yatıram əzab içində,
Həmdəmim olası savabım yoxdu.
Ömrüm itib-batıb əkin-biçində,
Bir qarnım yalavac, bir qarnım toxdu.
Yaşım çoxaldıqca boyum kiçilir,
Əkdiyim ağaclar məndən böyükdü.
Oğrun-oğrun ömrüm, günüm biçilir,
Gəzməyə tabım yox, əsam çürükdü.
Tanrı dərgahına yetişmək üçün
And-aman etməkdən sonuma yetdim.
Qatarmı tələsdi, mənmi yubandım? -
Bir onu bilirəm bir az gecikdim...
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)


