Super User

Super User

Çərşənbə axşamı, 23 Sentyabr 2025 17:12

Dorsa Deraxşani barədə danışacağam

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Sənə öz ölkəndə dəyər verməyəndə, sənin istedadına məhəl qoymayıb zorla səni molla rejiminin buxovlarına saldıqda – molla rejimi deyirəmsə, duydunuz ki, söhbət İrandan gedir – onda sən də məqam tapıb ölkədən qaçarsan. Ölkənə qazandıracağın şöhrəti başqa ölkəyə qazandırarsan.

 

 Dünyaşöhrətli, fenomenal rejissor Pənahinin başına nələr gətirdilər, azadfikirliliyinə görə hətta həbsə də saldılar. Amma Cəfər Pənahidən danışmayacağam, Dorsa Deraxşani barədə danışacağam.

İranın görkəmli şahmatçısı Dorsa Deraxşani, İran yığma komandasının hicabsız oynamağa icazə verməməsindən sonra, o da dirəniş göstərdiyinə, hicab taxmayacağını söylədiyinə görə ona milli komanda üzvlüyü qadağan edilib və İranda yarışlarda iştirak etməsinə icazə verilməyib.

O da fürsət düşəndə ölkəni tərk edərək İranın ən qatı düçməni olan ABŞ-a pənah aparıbdır. Hazırda o, ABŞ-da uğurla karyera qurur. ABŞ yığması üçün çıxış etməyə başlayıb. Şahmatçı Münhendə keçirilən TEDx Youth konfransında da çıxış edib, orada peşəkar yolundan danışaraq seçim azadlığına məsuliyyətlə yanaşmağı tövsiyə edib.

Bax belə, əsassız qaydalara bağlılıq, bütün bir dövləti üstünlüklərdən məhrum edə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Çərşənbə axşamı, 23 Sentyabr 2025 16:36

“Dərədən-təpədən”i xatırlayanınız varmı?

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bir şairimiz vardı, Məmməd Aslan. Vətəni Kəlbəcər yağı əsarətində olduğu üçün qələmini bu nisgilə kökləmişdi. Həm də AzTV-də bir veriliş aparırdı, “Dərədən-təpədən” adlı. Populyar idi bu veriliş, maraqlı mövzulara toxunardı, əm əsası, dili xalqın zəngin ibarələri ilə doluydu bu ağsaqqal kişinin. Ona qulaq asanda sanki dağların qarını, bulaqların pıqqıltısını, yovşanların ətrini duyurdun.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə edib.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 4 noyabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 5 aprel 2000-ci il Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

 

Kitabları

1. Allahın rəsulu

2. Dağ ürəyi

3. Böyürtkən böyrü tikan

4. Səhəri kim açır

5. Səsimə səs ver

6. Bizdən sonra nə qalır

7. Ürək möhlət verəydi

8. Durnalar lələk salır

 

Məqalələri

- Dəlidağın körpə şairi

 

Tərcümələri

1. Türk xalqlar şeirlərindən seçmələr

2. Yunus İmrə, Aşıq Veysəl, iki zirvə

 

Filmoqrafiya

1. Bu torpağın nemətləri

2. Məmməd Aslan

3. Soyuq münasibət

4. Şirvan qoruğu

5. Böyük ömrün 7 anı

 

Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat edib. Masazır qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 


 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Əli Cavadpurun şeirlərini təqdim edir.

 

Əli Cavadpur

Təbriz

 

İTİN BALASI DA BALADIR..

 

Bu qədər it balasına

Kimdir yal verən deyə?!

Beş küçükdən dördünü

Basdırdılar diri-diri!

 

Bir birindən gözəl və totuq idi

İt küçükləri.

Zingiltiləri yandırdı göyü-yeri

İt ürəyi dözmədi, ana ürəyi idi

Eşdi çıxartdı balaların.

Ağzından alıb yenə basdırdılar adamlar!

Ana itin başına hava gəldi

O havada bala səsi var idi

Dilin yelə verə-verə qudurdu

Küçüklərin anası!

Adamların balasına hürdü

Küçüklərin anası!

 

Havalar soyudu, qar yağdı

Hələ dünyanın üzü də ağardı.

Qancıqlar köpəklər uladı yana-yana

Hər şey qarın altında qaldı

Qaldı gün çıxana.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Çərşənbə axşamı, 23 Sentyabr 2025 15:34

Ədəbiyyatın və incəsənətin ZƏİF YERİ

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi

 

(Ədəbiyyat və incəsənət sahəsində etika dəyərlərinə sayğı ilə yanaşanlara ithaf olunur!)

 

Ədəbiyyat və incəsənət bəşər övladının ən dəyərli və qiymətli məşğuliyyət sahələrindən, yaradıcılıq nümunələrindən sayılır. Hər iki sahə sözün həqiqi mənasında maraqlı, dəyərli və mənə görə, müəyyən baxımdan müqəddəsdir. Bunlar insanoğluna xas olan sahələr olmaqla yanaşı, həm də tarix boyu bir sıra ciddi problemlər və bəzən qeyri-etik olaylarla üzləşmişdir. Çünki hər iki sahənin bir sıra zəif yerləri vardır. Əsas problemlər, münaqişə, qarşıdurma və bəzən də fiziki toqquşma və fəsadlar bir çox hallarda həmin zəif yerlərdən qaynaqlanır.

Ədəbiyyat və incəsənət sahəsində satira, yumor, ironiya və həcv kimi mövzulardan söz açılır və bunların hər biri haqqında müəyyən təriflər və qaydalardan bəhs olunur. Hər bir mövzu ilə yaxından məşğul olan və bu sahədə müsbət və ya mənfi anlamda yaradıcılıqla məşğul olanlar mövcuddur.

 

Terminlərin izahı:

Burada hər şeydən öncə həmin terminlərin mənası ilə ümumi formada tanış oluruq:

Satira:

Latın sözü olub terminologiyada müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Satira bədii gülüşün bir növü sayılır. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Məlumat üçün qeyd etmək lazımdır ki, XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Q.B.Zakir, S.Ə.Şirvani və M.Ə.Sabir satirik poeziyanın böyük ustaları kimi tanınırlar. Lakin bu, onların həmin sahədə tam səhvsiz və qüsursuz olması anlamında deyil...

Yumor:

Həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüşün bir növündən ibarətdir. Yumor ironiya ilə müqayisədə daha sərt münasibət sayılır. Yumora dost gülüşü də deyilir və qəzetlərdəki satirik səhifələrdə xüsusi rubrika kimi aparılır. Lətifə isə onun mühüm formalarından biridir.

İroniya:

Qədim yunan dilində "bəhanə", "ikiüzlülük" və "lağlağı" kimi izah edilir. Burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir. İroniya həm də deyilən sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: "Sən igidsən!", "Ağıllı-kamallısan…" - deməklə burada müsbət fikirlər mənfi məna daşıyır. İroniya bir yazıçının təsvir etdiyi adamlara və hadisələrə tənqidi münasibətinin ən zərif formasıdır. (Hər üç termin barədə ətraflı məlumat üçün bax: "Ədəbiyyat nəzəriyyəsi", Rəhim Əliyev, səh: 257-259. Mütərcim, Bakı, 2008).

Həcv:

Ərəb sözü olub, lüğətdə ələ salmaq, istehza, məzəmmət və təhqir etmək, alçaldıcı tənqid, söyüş söymək, aşağılamaq, müəyyən bir şəxsin eyblərini sadalamaq və alçaltmaq kimi mənalarla izah edilir. Həcv satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Həcvdə müəllif öz şəxsi düşmənini ifşa edir və adətən söyüşlərdən də istifadəyə əl atır. Ədəbiyyat tarixində belə şeirlərin ən məşhur nümunələri şairlərin bir-birinə yazdıqları həcvlərdir.

Bu termin müəyyən bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı, kəskin, acı və kinayəli yazı kimi də izah edilmişdir. (Bax: "Azərbaycan dilinin izahlı lüğəti", 2/351. Şərq-Qərb, Bakı, 2006).

"Aşıq şeirinin poetik biçimləri və çeşidləri" kitabında bununla bağlı belə yazılır: "Klassik sənət ənənəsinə görə şair və aşıqlar özlərinin sənət və şəxsiyyətlərinə təhqiramiz münasibət hiss etdikləri zaman həmin hadisəyə və hadisənin səbəbkarına ünvanlanmış vulqar sözlərlə dolu şeir qoşurlar ki, bu da "həcv" adlanır. Həcvlərdə etik çərçivə gözlənilmədiyindən həcv qoşan aşıq və ya şair qarşı tərəfi aşağılamaq üçün vulqar ifadələrdən, söyüş və təhqirlərdən istifadə etməkdən də çəkinmir.

Həcv istər divan ədəbiyyatının, istərsə də xalq ədəbiyyatının ən müxtəlif şeir şəkillərində ola bilər. Aşıqlar həcv qoşarkən daha çox qoşma şəkilindən istifadə edirlər. Ustad sənətkarların yaradıcılığında nadir hallarda müraciət olunan həcvlər fərdi-qərəzkar səciyyə daşıdığından bu qəbildən olan mətnlər toy-düyün məclislərində, el-ailə içərisində söylənilməsi məqbul sayılmır". (Bax: "Aşıq şeirinin poetik biçimləri və çeşidləri", Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, səh: 131. Elm və təhsil, Bakı, 2018).

 

Subyektiv baxış:

İstər incəsənət, istərsə də ədəbiyyatda satira, yumor və ironiyadan istifadə etmək tam mənada yasaqlana bilməz. Ümumiyyətlə, bunları bir-başa həmin sahələrin zəif nöqtəsi kimi təqdim etmək də doğru yanaşma deyil. Sadəcə həmin sahələrə necə və hansı formada yanaşma önəmlidir. Təbii ki, bunların hər biri üçün mövcud qanunlar, xüsusilə də ağıl, etika və vicdanın tələbləri əsasında müəyyən çərçivə təyin edilməli və yalnız müəyyən edilmiş çərçivə əsasında addım atmaq lazımdır.

Mövcud qanunvericilik baxımından vətəndaşların şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddələr yer almış, dövlət və hökumət bu qanunların icrası ilə bağlı xüsusi məsuliyyəti öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində bununla bağlı belə yazılır:

"I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz..."

Nəticə etibarı ilə ədəbiyyat və incəsənət bütün özəllikləri və gözəllikləri ilə yanaşı heç bir halda heç bir insanın şərəf və ləyaqətini alçaltmağa vəsilə olmamalıdır. Bu qanunları pozan şəxslər üçün Cinayət Məcəlləsində xüsusi cəza tədbirləri də nəzərdə tutulmuşdur. Lakin həyatda məsuliyyətsiz olan bəzi nalayiq adamlar adətən qanun və cəzadan yayınmaq, xüsusilə də söz və tənqidlərini bir-başa və ünvanlı şəkildə deməkdən qorxduqları üçün bu kimi sahələrə baş vurur və beləliklə də heç bir ad çəkmədən kimisə qarşısına hədəf qoyaraq "həcv" adı altında nalayiq, əxlaqsız və tərbiyəsiz yazıları ilə çıxış etməklə əslində iç aləmindəki paxıllıq, məğlubiyyət və nakamlıq alovunu söndürməyə cəhd edirlər. Əlbəttə, bu arada həmin nalayiq işlərə imza atanları incələyib araşdırdıqda, belələrinin həqiqi yazıçı və şair olmadığı və sadəcə əlinə qələm alaraq özünü hörmətli yazıçılar və dəyərli şairlər sırasında gizlətdiyi bəlli olur. Belə bir nalayiq işə sifariş və xüsusi ödəniş qarşılığında əl atanların qəbahəti isə sözün həqiqi mənasında bu qısa yazıya sığmayacaq qədərdir.

İnsanoğlu ictimai bir varlıq olub, bu həyatda yalnız bir dəfə qonaq olduğu və müəyyən müddətdən sonra bu fani dünyanı tərk edib əbədiyyətə qovuşduğunu nəzərə alaraq öz davranışı, danışığı və yazılarında diqqətli olmalıdır. Qələm və incəsənətdən isə yalnız insani dəyərlər və ülvi hisləri yaşatmaq, insanlıq adına xidmət göstərmək üçün istifadə edilməlidir.

Hansısa bir səhnədə və ya yazıda təhqir, istehza və məzəmmət edilən, barəsində alçaldıcı təhqirlər və söyüşlərin istifadə edildiyi şəxsin yaxınları, əzizləri və sevənlərinin olduğu əsla unudulmamalıdır. Əslində mövcud olan haqsızlıq, əyrilik və yanlışlıqları xüsusi ustalıq, incəlik və məharətlə tənqid etmək, heç kimi təhqir etmədən fərqli və alternativ baxışı təqdim etmək mümkündür.

Ədəbiyyat, nəsr, şeir və poeziyada həcvə gəldikdə isə cinsi, dini, siyasi, ictimai və mədəni baxışından asılı olmayaraq heç bir insanı və heç bir toplumu təhqir etmək, alçaldıcı söyüşlər və təhqiramiz ifadələrlə aşağılamaq olmaz. Etika qaydalarına görə, söyüş, təhqir, alçaltma, məsxərə və ələ salma kimi əməllər heç bir sahədə və heç bir halda icazəli sayılmır. Ümumiyyətlə, söyüş və təhqirin adətən söyüş və təhqirə yol açdığı və ciddi fəsadlar törətdiyini kimsə unutmamalıdır. Həm də məşhur deyimə əsasən, evi şüşədən olan kəs başqasının pəncərəsinə daş atmamalıdır...

Ədəbiyyat və incəsənət sahəsinə də bunlar deyil, insani dəyərlər, ədəb və etika hakim olmalıdır. Kimsə incəsənət və ədəbiyyatı, xüsusilə də müqəddəs sayılan qələmi belə iyrənc işlərə bulaşdırırsa, bu ilk növbədə həmin şəxsin zatən həyatda tərbiyəsiz və nalayiq, həm də bir küçə adamı olduğunun göstəricisidir. Bu baxımdan, həyatda bacarıqlı senarist, yazıçı, ədəbi təhlilçi, tənqidçi, şair, aktyor, alim və s. olmazdan öncə etikalı və mədəni bir insan olmaq lazımdır. Məncə ədəbiyyat və incəsənət sahələrini bərbad hala qoyan və onlarda zəif yer və ya yerlərə yol açan əsas məsələ də bu sahələrə daxil olan bəzi şəxslərin insani keyfiyyət, etika və mədəniyyət baxımından korluq çəkməsindən ibarətdir. Məhz belələri həmin sahəyə kölgə salır və onu ləkələyirlər.

Bir yazıçı və ya şair əlinə qələm alıb nəsə yazarkən yazdığının fərqində olmalı, yazdığı yazılarla insanların qəlbinə fərəh və ümid bəxş etməyi, onları zülmət və qaranlığa deyil, ziya və aydınlığa doğru sövq etməyi, həmçinin, onlara ülvi hisslərindən coşub-gələn ən gözəl fikirləri və milli-mənəvi dəyərləri aşılamağı hədəf almalıdır.

Əslində elə ədəbiyyat sahəsində müxtəlif şəxs və ya şəxslərə, siyasi-ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı etiraz və tənqidləri ad çəkmədən, eyni halda heç bir təhqir, söyüş və nalayiq ifadəyə yol vermədən etika və ədəb çərçivəsində dilə gətirmək və qələmə almaq mümkündür. Lakin əfsuslar olsun ki, özünü bu çərçivəyə sala bilməyən və əlinə qələm alaraq yalnız təhqir, söyüş, alçaldıcı, məzəmmət edici və bu digər bu qəbil söz və cümlələrə can atanlar həyatda nə qədər bacarıqlı və istedadlı qələm əhli (yazıçı, senarist, tənqidçi, təhlilçi, şair, nasir və s.) olsalar belə qələmi etikasızlıq, tərbiyəsizlik və əxlaqsızlığa bulaşdırmış "qəhrəmanlar" və "qələm pəhlivanları" sayılırlar. Belələri oxucuların zehni və yaddaşında ədəbiyyat və bədii yaradıcılıq sahəsində adətən istedadlı ədiblər kimi deyil, daha çox tərbiyəsiz və etikasız adamlar kimi qalır, yalnız özləri kimi etikasızlıq və tərbiyəsizlikdən əziyyət çəkənlər tərəfindən alqışa layiq görülürlər. Öz etikasızlığı və tərbiyəsizliyinin nəticəsində qalanmış odun tüstüsündən boğulan və odunda yananlar da hər kəsdən öncə elə onların özləri olur.

Hər halda qanuni məsuliyyətdən boyun qaçıraraq öz tərbiyəsizliyini həcv və satira adı altında sərhədləri keçərək nümayiş etdirənlər üçün xüsusi cəza tədbirlərinin hazırlanması bir zərurətdir. Bununla bağlı Mədəniyyət Nazirliyi və ya Azərbaycan Yazıçılar Birliyi nəzdində xüsusi bir monitorinq mərkəzinin təsis edilməsi və beləliklə də qələm, ədəbiyyat və incəsənət adına ləkə yaxan bu qəbil etikasızların aşkarlanması və cəzalanmasını təklif etmək olar. Bəlkə də belələri üçün ən ağır cəza onların müxtəlif mədəni, ədəbi və ictimai statuslardan və eləcə də fəxri adlardan məhrum edilməsi və mərhələli şəkildə ədəbiyyat və incəsənət sahələrindən uzaqlaşdırılması ən gözəl və yetərli olardı...

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Sizə Azərbaycanın ilk ali təhsilli müəllimlərindən biri haqqında söhbət açmaq istəyirəm. H.Zərdabi, S.S.Axundov, A.Şaiq, F.Ağazadə, R.Əfəndizadə, S.M.Qənizadə, Ə.Kamal, M.Mahmudbəyov, R.Əfəndiyev, Ə.Hüseynzadə və digər görkəmli şəxsiyyətlərlə çiyin-çiyinə çalışmış Süleyman bəy Əbdürrəhmanbəyzadəni nəzərdə tuturam. 

 

Bir müəllim kimi xalq arasında geniş nüfuz qazanmış, ölkəmizin tanınmış maarif xadimlərindən olan Süleyman bəy 27 iyul 1860-cı il tarixdə keçmiş Nuxa qəzasının Qarabaldır kəndində (indiki Oğuz rayonunun Qarabaldır kəndində) anadan olub. Nəsəbcə kəndli mülkədar-bəy sinfindən idi. Atası Səlim bəy Hacı Əbdürrəhman bəy oğlu, anası isə Fatma xanım Hacı Əbdürrəhim bəy qızı olub.    

Hörmətli alimimiz Ə.Tahirzadənin “İ.Qutqaşınlı: Əsərləri” (“Lider nəşriyyatı”, Bakı-2005) kitabına yazdığı qeydlərə və aydınlatmalara görə, S.Əbdürrəhmanbəyzadə tanınmış yazıcı İ.Qutqaşınlı ilə eyni nəsildəndir. Onun əmisinin nəvəsi olub.

Orta təhsilini Nuxada (Şəkidə) alıb. 1878-ci ildə Nuxa şəhər altısinifli ali xalq məktəbinə gedib və 1883-cü ildə oranı bitirib. Attestatdakı 10 fənnin 5-dən qiymətləri “5+”, 5-dən isə “5”olmuşdur.

1883-cü ilin 26 avqustunda Tiflis Aleksandr Müəllimlər İnstitutunun direktoruna ərizə yazaraq qəbul imtahanlarına buraxılmasını xahiş edib. Qeyd edək ki, ondan başqa, həmin il bu məktəbə sənəd vermiş heç bir orta məktəb məzununun qiymətləri yuxarıda göstərilən kimi yüksək olmamışdır.  O, imtahanlardan uğurla keçərək həmin İnstituta qəbul edilib. (Bu institut Bakı milyoncusu Ş.Əsədullayevin şəxsi vəsaiti hesabına fəaliyyət göstərirdi.)

Azərbaycanın görkəmli şəxslərindən Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov Tiflis Aleksandr Müəllimlər İnstitutunda onun tələbə yoldaşları olublar.

Sonralar tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi olmuş S.Qənizadə onun haqqında belə yazmışdı: “Əbdürrəhmanbəyzadə Süleyman bəy … dərslərdə bizdən güclü idi... Bu yoldaş nəsəbcə kənd mülkədar-bəy sinfindən idi. Din və savad cəhətcə Nuxa sufiləri kimi fanatiklik dərəcəsində pəhrizkar bir vücud olduğundan, pansion mühitində mümkün olan qədəri şəriət şərtlərini mülahizə edirdi. İçkidən o payədə nifrətli idi ki, çaxır şişəsi olan süfrəyə əl uzatmazdı. Pasxa bayramlarında kuxnyamız üçün üç gün tətil olduğuna görə, süfrəmizdə kolbasa, qaxac və bu qisim qızartma, sovutmalı yeyintilər düzülürdü. Əbdürrəhmanbəyzadə bunlardan elə gen qaçardı ki, hətta boyalı yumurtalar donuz yağına bulaşdıqlarına ehtimal etdiyindən, onlardan da etiraz edərdi. Demək olurdu ki, məktəb pansionuna gəlib düşmüş bu adam həyat yolunda azıxıb öz zamanəsində yüz il sonra dünyaya gəlmişdi. Yemək-içmək, seyrü səfa…onu maraqlandırmazdı, əmin-amanlıq kölgəsində ciddi səylə öz dərsinə məşğul olduğundan, dərs kitablarından savayı özgə kitabları mütaliə etməzdi. Dörd ilin müddətində müxtəlif millətlərdən ibarət yüz nəfərlik pansion ailəsində …bir nəfər müxalif düşməni yox idi. Heç kəsin də onunla çəkişməsi olmazdı... Bu acizanə Allah bəndəsinin xəmrəsində şeytan sifətindən bilmərrə birisi də yox idi. Kin, küdurət, ədavət, söyüş, savaş Abdurraxmançikə də yaraşmazdı”.

S.Qənizadə onun haqqında bunları da bildirirdi: “Süleyman bəy uşaqlığını Ərəş uyezdinin “Qarabaldır” adlı xüsusi bir kəndində keçirdikdən sonra Nuxa şəhərində altıklaslı ali xalq məktəbində parlaq surətdə kurs qurtarıb instituta imtahan vermişdi. İnstitut ənənəsincə, hər il baş sırada qurtaran tələbələrə bir qızıl və iki gümüş medal ənam olunurdu. O ilki mürəxxəslər cümləsində qızıl medalın Abdurraxmançikə veriləcəyi gözlənirdi”.

Sonrakı qeydlərdən bəlli olur ki, “tatar” (türk) olduğuna görə Süleyman bəyə qızıl deyil, gümüş medal verilib. Ədəbiyyat müəlllimləri, şovinist vəbaşqa dinlərə, özəlliklə islama nifrət bəsləyən İvan Qorodenski ilə onun mübahisəsi düşüb və ona etirazını bildirib: “Bəli, biz də dinimizdən dönübxristian olsaydıq, yəqin ki, bizə də qızıl medalverirlərdi”.

Dörd il ali məktəbdə təhsil alan Əbdürrəhmanbəyzadəyə 14 iyun 1887-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutundan verilmiş attestatonun institutu bitirdiyini və şəhər məktəbi müəllimi rütbəsi aldığını təsdiqləyir.

Bu institut 50 ilə yaxın bir müddətdə vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən ali təhsilini başa vuran Süleyman bəy də 1887-ci ildə Şuşa qəzasının Tuğ kəndinə müəllimtəyin edilib. 1888-ci ildən 1899-cu ilədək olan 11 ilmüddətində Xaçmaz (Oğuzda), Bum (Qəbələdə), Gülablı (Ağdamda) və Padar (Oğuzda) kəndməktəblərində müdir işləyib. 1899-cu ildə Nuxaşəhərinə birinci ictimai rus-türk məktəbinə müəllim keçirilib.

Ümumiyyətlə, 1901-ci ildən Bakı şəhərməktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayanadək 6 məktəbdə çalışmışdır.

S.Əbdürrəhmanbəyzadə müəllim kimi xalq arasında geniş nüfuz qazanmışdı. Sonralar məşhur müəllim və uşaq yazıçısı olmuş Süleyman bəy Axundov (onlar şəxsən tanış olmuş, dərsliklərin hazırlanmasında birgə fəaliyyət göstərmişlər) özünü fərqləndirməkdən ötrü “Süleyman Sani” (“ikinci Süleyman”) adını götürmüş, beləliklə, Süleyman Əbdürrəhmanbəyzadədən sonra ikinci olduğunu nəzərə çarpdırmışdı.

O, bir sıra nüfuzlu komissiyaların üzvü olmuşdur. Belə ki, rus-müsəlman qadın əktəblərində müəllimə və müdir vəzifələrini tutmaqüçün ərizə verənlərin türk dilində müsabiqə imtahanını götürəcək şəhər idarəsinin seçdiyi özəl komissiyanın (Ə.b.Hüseynzadə və Əhməd Kamalbəylə), “Nicat” Müsəlman Maarif Cəmiyyəti qəzetinin redaksiya heyətinin və s. üzvü olmuşdur. 

Həyatı boyu özünün içtimai-siyasi aktivliyi ilə fərqlənmiş, xalqın maariflənməsi üçün sağlamlığını belə əsirgəməmişdir. A.Şaiq, S.S.Axundov, H.Zərdabi, F.Ağazadə, R.Əfəndizadə, S.M.Qənizadə, M.Mahmudbəyov, R.Əfəndiyev, Ə.Kamal,Ə.Hüseynzadə və digər maarifpərvər ziyalılarla əməkdaşlıq etmişdir. 1906-cı ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilərkən burada ən çox fəallıq göstərən müəllimlərdən də biri S.Əbdürrəhmanbəyzadə olub. “Həyat” qəzetində həmin qurultay haqqında getmiş yazıda onun da fəaliyyəti işıqlandırılıb. O, Azərbaycan müəllimlərinin ikinci qurultayının işində də fəaliştirak etmişdir.   

S.Abdürrəhmanbəyzadənin məktəblər üçün dərsliklərin hazırlanmasında böyük əməyi olmuşdur. O, müəllimlərin  birinci (1906) və ikinci (1907) qurultaylarından sonra  Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla bəy Əfəndiyev, Fərhad Ağazadə ilə birgə “İkinci il” dərsliyinin hazırlanmasına başlamışdı. Bir il sonra bu dərslik hazır idi. Dərslik həm pedaqoji, həm də didaktik-metodik cəhətdən yeni tələblərə cavab verirdi. Kitabın dilinin sadəliyi, aydınlığı, bədiiliyi, məzmununun dolğunluğu, metodik cəhətdən materialların seçimi, uşaqlara veriləcək biliklərin onların yaş və anlaqlıq səviyyələrinə uyğun olması, sadə xalq dilində yazılması, uşaqlarda bədii zövq tərbiyə etməsi, cəlbediciliyi onun əsas məziyyətləriidi. Təsadüfi deyildir ki, Süleyman Sani Axundov “İkinci il”i "inqilabvari dərslik" adlandırmışdır. Ü.Hacıbəyov isə "Tərəqqi" qəzetində çap etdirdiyi rəydə yazırdı:“İkinci il" tərbiyə işlərində uşaqlarınhəm qəlbini, həm ağlını və həm də zövqünü tərbiyə edəcək”. C.Məmmədquluzadə Ö.F.Nemanzadə və digərləri də dərsliyi yüksək qiymətləndirmişdilər. Həmin dərslik 1920-ci illərdə təkmilləşdirmələrlə yenidən nəşr olunaraq I pillə məktəblərdə istifadə olunmuşdur.

Süleyman bəy Əbdürrəhmanzadə 1922-ci ildə Mahmud bəy Mahmudbəyovun başçılığı ilə hazırlanmış “Yeni türk əlifbası” adlı başqa bir dərsliyin də həmmüəlliflərindən olmuşdur.

O, dönəmin ən məşhur pedaqoji nəşrlərindən biri “Dəbistan” dərgisi, “Rəhbər” jurnalı və “Nicat” qəzeti ilə fəal əməkdaşlıq etmişdir. Əbdürrəhmanbəyzadə 1906-cı ildən nəşrə başlayan və ilk pedaqoji jurnal olan “Dəbistan”ın sonuncu nömrəsində  "Dil millətin həyatına bir vasitədir" başlıqlı yazısında ana dilimizin qorunması və işləkliyi baxımından H.Zərdabinin gördüyü işlərdən söz açmışdır. “Nicat” qəzetinin 1911-ci il 12-ci sayında onun hekayəsini, 56-cı sayında isə Mirzə Fətəli Axundzadənin yubileyi haqqında yazısını oxuyuruq.

14 dekabr 1917-ci ildə Bakı III ali ibtidai məktəbinin müəllimi S.Əbdürrəhmanbəyzadə Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə yazdığı ərizədə bu ilin dekabrından onu xidmətdən çıxmış saymağı və Şəhər Duması qarşısında ona şəhər məktəbindəki 16 illik xidmətinə görə təqaüd təyin edilməsi haqqında vəsatət qaldırmağı xahiş edib və görünür, elə o zamandan da təqaüdə çıxıb.

Xalq Maarif Komissarlığı Məktəb Şöbəsinin müdir əvəzi Komissarlığın Kollegiyasına  məktub göndərərək keçmiş Xalq Müəllimi, 33 il qulluq etmiş, yaşlı və az qala kor olan Süleyman bəyə ayda 6.000 manat yardım göstərilməsini xahiş edib. Komissarlığın Kollegiyası 12 iyun 1920-ci ildəyardım göstərilməsini təxirə salaraq, istənilən məbləğin hansı maliyyə qaynağından götürülə biləcəyini aydınlaşdırmağı təklif edib. Xalq Maarif Komissarlığının 21 iyul 1920-ci il tarixli kollegiyaiclasında  33 il xidmət etmiş, indi iflic olmuş və hədsiz ağır maddi duruma düşmüş müəllim  Əbdürrəhmanbəyzadəyə  birdəfəlik 1.000.000 manat həcmində yardım verilməsi və ona özəl sosial təminat kəsilməsi haqqında məsələyə yenidən baxılmışdır. Kollegiya həmin məbləği ödəməyi qərara almış və Xalq Komissarları Şurası qarşısında ona müəllimlərin orta əməkhaqqı hesabı ilə aylıq sosial yardım göstərilməsi haqqında vəsatət qaldırmışdı.

S.Əbdürrəhmanbəyzadənin 1922-ci ildə Bakıda vəfat etdiyi güman olunur.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

 

 

 

Çərşənbə axşamı, 23 Sentyabr 2025 14:41

Vaqif Səmədoğlu Anarın müdafiəçisi kimi

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU ANARIN MÜDAFİƏSİNƏ QALXDI

 

“Yazıçılar Birliyinin rəhbərliyinə başqa adam gətirilsə, təşkilat dağılacaq”

 

“Yazıçılar Birliyinin rəhbərliyinə başqa adam gəlsə, bu qurumun olan-qalanı da əldən gedəcək. Onda Yazıçılar Birliyi iflic olacaq, nə təşkilat qalacaq, nə də binası. Bu gənclərin arxasında duranlara hansı idarənin rəhbərliyi həvalə olunubsa, ora dağılıb, onlara tapşırılan nəşriyyat kimi... Həmin adamlar Yazıçılar Birliyinin rəhbərliyinə gətirilsələr, bu təşkilat dağılacaq”.

Bunu APA-ya verdiyi açıqlamasında şair-dramaturq Vaqif Səmədoğlu deyib. Onun sözlərinə görə, Yazıçılar Birliyinin rəhbərliyinə qarşı hücumlar haqsızdır və bu hücumların arxasında duranlar yanılırlar. V.Səmədoğlu gənc yazarların dövlətdən qayğı istəməsini başa düşmədiyini deyib: “Gənc yazıçılar nə istəyir, bilmirəm. Hansı qayğıdan söhbət gedə bilər? Əvvəllər sovet hökuməti vardı, yazıçılara evdən, maşından verirdi”.

                    “Azadlıq” qəzeti, 17 may 2006

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Çərşənbə axşamı, 23 Sentyabr 2025 14:04

SSRİ Xalq Artisti adını hər adam ala bilməzdi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Opera sənətimizin krifey nümayəndəsi idi o. Tək Azərbaycanda deyil, bütün SSRİ-də, socialist düşərgəsində ad eləmişdi. Onun iştirak etdiyi tamaşalara bilet tapılmazdı… SSRİ Xalq Artisti adını almışdı, bu adı hər adam ala bilməzdi

Sizə Firəngiz Əhmədova barədə danışıram…

 

Firəngiz Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olub. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başlayıb. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət ediblər. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s.

Firəngiz Əhmədova Azərbaycanın opera sənətinin inkişafında çox böyük rol oynayıb. Opera tamaşalarında böyük sənətkarlarla — Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olan Firəngiz Əhmədova o illərdə Sovet İttifaqına daxil olan respublikalarda, eləcə də Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya və başqa ölkələrdə qastrol səfərlərində oldu, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.

Opera sənətində yüksək uğurlar qazanan Firəngiz Əhmədova müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanınıb. O, Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxu, gözəl", eləcə də P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və digər klassik rus bəstəkarlarının romanslarını və mahnılarını sənətkarlıqla ifa edib.

Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub. Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə o, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti fəxri adlarına, müxtəlif orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif olunub. 2002-ci ildən prezident təqaüdçüsü olub.

 

Filmoqrafiya

1. O olmasın, bu olsun

2. Konsert

3. Sevil

4. Azərbaycan elləri

5. Firəngiz Əhmədova

6. Onu bağışlamaq olarmı?

 

Korifey sənətçi 16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

 

  

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

RAMİZ QUSARÇAYLI

 

AZƏRBAYCAN BAYRAĞI

 

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər ötər,

Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı,-

Azərbaycan bayrağı!

 

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-

Azərbaycan bayrağı!

 

Sən Arazın, Samurun umuduna bələndin,

Çəni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin

O tayımda Savalan, bu tayımda Şah dağı,

Azərbaycan bayrağı!

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-

Azərbaycan bayrağı!

 

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

 

 

BU ÇİÇƏK AXŞAMI, BU GÜL AXŞAMI

 

Gəzirəm şeirimin gül ləklərini,

Heyrətim könlümü qana çevirir.

Gül elə soyunur ləçəklərini,-

Arılar üzünü yana çevirir,

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Qızılı tellərə yaşıl şeh düşür,

Ay quzey qarında bəyaz gül açır.

Çiçəklər zoğalın sarı gülüşü

Göyəm ağacları göm-göy dil açır,

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Söz şimşək qılıncı,

şeir daş qanı

Dərinlik görmədim bu lallıq kimi.

Ürəyim böyüyür bir qarışqanın

Dənindən boylanan halallıq kimi,

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Gül gülə ötürər, sünbül sünbülə,

Yaşıl heydən salar, al vurar məni.

Elə durulmuşam, elə yüngüləm,

Bir quş dimdiyində qaldırar məni,

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Bənövşə gözündə nazlı bir giley,

Sıxdım bir laləni,

gördüm qan çıxır.

Şairlik adında nə varsa hər şey

Süzülüb bu axşam canımdan çıxır...

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Daddım bu axşamın şirinliyini,

Bu balı bə arı, nə şan gətirər.

Yaşıl su çiçəyim yaşıl şam kimi,

Mənə də bir yaşıl axşam gətirər,

Bu çiçək axşamı,

bu gül axşamı...

 

 

A BƏNÖVŞƏM MƏNİM

 

O nə boylanışdı, dolmusan yenə,

A bənövşəm mənim, süsənim mənim.

Özü bu dünyanı sevdirib mənə

Özü bu dünyadan küsənim mənim.

 

Gör bulaq dərəyə nə dil açdırıb,

Tənha daşlara da könül açdırıb,

Həsrəti gözümdə gül-gül açdırıb

Qönçə dodağını büzənim mənim.

 

Gecələr rənd alır qara telindən,

Qara mənsizliyi dara telindən.

Düşüb ürəyimə yara telindən

Tel-tel ürəyimi üzənim mənim.

 

Dərdə də tək dözür canım, can keçib,

Qüruba enirsən danımdan keçib,

Üz-üzə gələndə yanımdan keçib,

Məni yuxularda gəzənim mənim.

 

Eh…bu da bir eşqin ayrı dağları,

Üşüyür kölgəsi aylı çağların.

Düzüb zülüm-zülüm ayrılıqları

Üstündə meh kimi əsənim mənim,

A bənövşəm mənim, süsənim mənim…

 

 

SAXALAR-YAKUTLAR

 

Cığalı təcnis

 

Mənə gəl-gəl deyir Turan elləri,

Səsləyir Saxalar, Yakutlar məni.

Şair deyər tur anı,

Səfər anı, tur anı,

Yer Turandı, göy Turan

Ötür Turan Turanı.

Bir az gecikmişəm, bir az üzgünəm,

Gəlincə ya qınar, ya kutlar məni.

 

Hər yan qar dənizi, şam, ayı üzür,

Ağ göldə ağ balıq, şamayı üzür,

Şair deyər, şam, ayı,

Cəngəl meşə, şam, ayı,

Ağ işıqdı, bəyaz qar

Seçə bilmir şam ayı.

Üzür, öləziyən şam Ayı üzür,

Üzməz işığında yakutlar məni.

 

Sibir iki məkan, iki Sibirdi,

Edamdı, sürgündü, iki sibirdi,

Şair deyər al taya,

Göy talada al taya,

Düzsəm, sığmaz dağlarım

Alp dağından Altaya

Nargindi, Sibirdi, ikisi birdi,

Tanıyır Saxalar-Yakutlar məni.

 

Ramiz, arzu ağ çay, yol qara çaydı,

Dirənib yol qışa, yol qara, çaydı,

Şair deyər qara çay,

Qara məcra, qara çay,

Qovrulur dərd içində

Uyğur, Çuvaş, Qaraçay.

Yol Tuva, yol Hakas, yol Qaraçaydı

Hifz edər Şamanlar, ya Kutlar məni.

 

 

ATAMIN XATİRƏSİNƏ

 

Gözündən ölməyə başladı atam,

Gözündən düşməyə başladı dünya.

Saraldı gözünün ağ çiçəkləri

Gəlib gözlərində qışladı dünya…

 

Ölümü nar kimi sıxdı gözünə,

Gözünün içində nar çiçəklədi.

Öpdü gözlərindən ölüm mələyi

Gözünün odunda qar çiçəklədi.

 

Gördüm ki soyuyur həyət-baca da,

Gördüm buz sallanır gül tağlarından.

Bağın başındakı qoz ağacı da

Asılıb qarğanın ayaqlarından…

 

Pəncərə önündə gilas ağacı

Hamıdan gizlicə

tək ağlayırdı.

Quru budaqları qara əl kimi

Divarın üzünü cırmaqlayırdı…

 

Gözləri çıxmışdı hədəqəsindən,

Sanki kirpiyində dağ dolaşırdı.

Həyat gözlərində özgələşirdi,

Gözləri ölümlə doğmalaşırdı.

 

Göz-göz oxşayırdı ölümü atam,

Oxşaya-oxşaya nələr danışdı…

Gözləri ölümə sığmadığından

Öləndən sonra da yumulmamışdı.

 

Dünyanın şəklindən qaçıb gözləri,

Ölümün şəklini çəkirdi o gün.

Ölümün şəklini olduğu kimi

İlk dəfə atamın gözündə gördüm…

 

Gözüylə dünyanın arasındakı

İşıqlı nə varsa uçuracaqdı.

Elə yapışmışdı gözü ölümdən

Elə bil əlindən qaçıracaqdı…

 

Ölməyə heç nəyi yox idi o gün,

Nəfəsi yox idi, dili yox idi.

Elə nazlanırdı gözündə ölüm,

O gün ondan gözəl ölü yox idi…

 

Gözünə dikilən gözlərdən qaçıb,

gözünə tökülən səslərdən qaçıb,

gözünə çəkilən bizlərdən qaçıb

gözüylə öpüşdü yetimliyiylə,

gözüylə öpüşdü yavanlığıyla,

gözüylə öpüşdü uşaqlığıyla
gözüylə örüşdü cavanlığıyla,

öpmək istəmədi qocalığını

gözləri üzünü yana çevirdi…

 

Yolu iman yolu,

yolu can yolu,

getdi öz yoluyla, iziylə getdi.

gözündən qəbrinə uzanan yolu

Atam bizdən qabaq gözüylə getdi…

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Çərşənbə axşamı, 23 Sentyabr 2025 13:03

Ana dilində yazmağın məsuliyyəti

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

 

Ana dil hər bir xalqın kimliyinin, mədəniyyətinin və mənəvi dünyasının ən dəyərli daşıyıcısıdır. O, yalnız danışıq və ünsiyyət vasitəsi deyil; bir xalqın düşüncə tərzini, tarixini, mədəniyyətini və dünya görüşünü əks etdirən güzgüdür. Bu səbəbdən ana dilində yazmaq hər bir yazıçı, jurnalist, şair və ziyalı üçün həm hüquq, həm də böyük məsuliyyətdir.

Ana dilində yazmaq yalnız sözləri doğru və gözəl ifadə etmək demək deyil. Bu, xalqın mənəvi sərvətini qorumaq, onun tarixini gələcək nəsillərə çatdırmaq və mədəni irsi yaşatmaq deməkdir. Hər bir söz, hər bir ifadə bir xalqın ruhunu əks etdirir və zamanla milli yaddaşın bir parçasına çevrilir.

 

Dil və milli kimlik

 

Milli kimlik və dil ayrılmaz anlayışlardır. Dil olmadan xalqın kimliyi, tarix və mədəni irsi də qorunmaz. Ana dilində yazmaq milli kimliyi möhkəmləndirir, gənc nəsli öz köklərinə bağlayır. Müasir dövrdə qloballaşma və xarici təsirlər dilin mənimsənilməsi və qorunması məsələsini daha vacib edir.

Yazıçı və jurnalist ana dilində düzgün, təmiz və zəngin üslubla yazaraq, oxucunun düşüncəsinə və estetik zövqünə təsir göstərir. Eyni zamanda bu, dilin inkişafına, yeni termin və ifadələrin yaranmasına şərait yaradır.

 

Tarixi və mədəni məsuliyyət

 

Ana dilində yazmaq həm də tarixi və mədəni məsuliyyətdir. Tarixi hadisələri, folkloru, ədəbiyyatı və milli dəyərləri yazmaqla, yazıçı onları gələcək nəsillərə ötürür. Məsələn, Azərbaycan ədəbiyyatında Nizami, Füzuli və Cəlil Məmmədquluzadə kimi klassiklər yalnız gözəl əsərlər yaratmaqla kifayətlənməyib, həm də xalqın tarixini, mənəvi dəyərlərini qoruyub saxlayıblar.

Müasir dövrdə isə bu məsuliyyət daha da artır. Gənc nəsil yazıçılar, jurnalistlər və bloqerlər yalnız öz dövrünü yazmır, həm də dilin qorunması və zənginləşdirilməsi missiyasını daşıyırlar.

 

Təhsil və ana dilinin inkişafı

 

Ana dilində yazmağın məsuliyyəti təhsillə də bağlıdır. Məktəblərdə və universitetlərdə gənclərə yalnız xarici dillər və texnologiya öyrədilmir; onlara öz dilində düzgün yazmağı, ədəbiyyat və mədəniyyətin zənginliyini dərk etməyi öyrətmək də vacibdir.

Dil üzərində işləmək, yeni sözlər yaratmaq, klassik ədəbiyyatı müasir üslubla təqdim etmək – bütün bunlar yazıçının və müəllimin məsuliyyətidir. Bu, eyni zamanda gənc nəsli dilə sevgi və hörmət ruhunda yetişdirmək deməkdir.

 

Medianın rolu

 

Ana dilində yazmağın məsuliyyəti medianın üzərinə də düşür. Qəzət, jurnal, sayt və sosial media vasitəsilə yayılan mətnlər geniş auditoriyaya çatır. Hər bir xəbər, məqalə və şərh oxucunun düşüncəsinə təsir göstərir. Bu səbəbdən media işçiləri dili qorumaq, onu sadələşdirməmək və düzgün istifadə etmək üçün xüsusi diqqət göstərməlidir.

Bu həm də xalqın milli şüurunu formalaşdırır. Ana dilində yayılan hər bir məlumat, doğru ifadə olunduqda, millətin mədəni və mənəvi inkişafına xidmət edir.

 

Yazıçının və ziyalının məsuliyyəti

 

Yazıçının və ziyalının ana dilində yazmaqla üzərinə düşən məsuliyyət yalnız oxucunu məlumatlandırmaqla məhdudlaşmır. Onlar dilin estetik imkanlarını göstərir, yeni ifadələr yaradır və milli irsin qorunmasına töhfə verirlər.

Hər bir müəllif bilmalıdır ki, dil yalnız sözlər toplusu deyil; o, xalqın tarixidir, mədəniyyətidir və kimliyidir. Ana dilində yazmaq – həm hüquq, həm də vətəndaşlıq borcudur.

Ana dilində yazmaq böyük məsuliyyət və eyni zamanda böyük şərəfdir. O, milli kimliyi qoruyur, tarix və mədəni irsi gələcəyə ötürür, gənc nəsli öz köklərinə bağlayır. Yazıçılar, jurnalistlər, müəllimlər və ziyalılar dilin inkişafına xidmət etməli, onun təmizliyini və zənginliyini qoruyub saxlamalıdırlar.

Çünki ana dilində yazmaq yalnız sözlərlə ifadə deyil, bir xalqın kimliyini, tarixini və ruhunu yaşatmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Çərşənbə axşamı, 23 Sentyabr 2025 12:46

Şəhidlər barədə şeirlər - Nurəddin Hümbətov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Nurəddin Hümbətov 

Nurəddin Hümbətov 26 dekabr 1998-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində dünyaya göz açmışdır. 2004—2016-cı illərdə M.Ə.Sabir adına 1 saylı məktəbdə orta təhsil almışdır.

2017-ci ildə hərbi xidmətə yollanmış, 2018-ci ildə Beyləqanda hərbi xidmət müddətini bitirmişdir. Bir çox sahələrdə çalışdıqdan sonra 2020-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağ istiqamətində xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. MurovdağınSuqovuşanınFüzulininHadrutun və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurəddin Hümbətov 9 noyabr 2020-ci ildə ŞuşaXocavənd istqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2020-ci ildə Samux şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ey vətənin canında,

Can kimi qalan şəhid,

Əfsanəyə çevrilən

Ey dastan olan şəhid.

 

İzlədim son zəngini,

Şəhidlik arzuladın,

Tanrı eşitdi səni,

Tarixə döndü adın.

 

Əzbər oldun dillərdə,

Gəzdin bölük-bölük sən.

Məndən on il balaca,

Məndən min il böyüksən.

 

Yaşla böyümür insan,

Əməliylə böyüyür.

Şəhidlər qəlbimizdə,

Vətən boyda döyünür.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.