Super User
Şəhidlər barədə şeirlər - Nurəddin Hümbətov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Nurəddin Hümbətov
Nurəddin Hümbətov 26 dekabr 1998-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində dünyaya göz açmışdır. 2004—2016-cı illərdə M.Ə.Sabir adına 1 saylı məktəbdə orta təhsil almışdır.
2017-ci ildə hərbi xidmətə yollanmış, 2018-ci ildə Beyləqanda hərbi xidmət müddətini bitirmişdir. Bir çox sahələrdə çalışdıqdan sonra 2020-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağ istiqamətində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Suqovuşanın, Füzulinin, Hadrutun və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurəddin Hümbətov 9 noyabr 2020-ci ildə Şuşa—Xocavənd istqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2020-ci ildə Samux şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Hümbətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ey vətənin canında,
Can kimi qalan şəhid,
Əfsanəyə çevrilən
Ey dastan olan şəhid.
İzlədim son zəngini,
Şəhidlik arzuladın,
Tanrı eşitdi səni,
Tarixə döndü adın.
Əzbər oldun dillərdə,
Gəzdin bölük-bölük sən.
Məndən on il balaca,
Məndən min il böyüksən.
Yaşla böyümür insan,
Əməliylə böyüyür.
Şəhidlər qəlbimizdə,
Vətən boyda döyünür.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
BİRİ İKİSİNDƏ Orxan Fikrətoğlunun “Dəccal” hekayəsi ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Orxan Fikrətoğlunun “Dəccal” hekayəsini təqdim edirik.
NƏSR
Orxan FİKRƏTOĞLU
DƏCCAL
“Allahla mənim arama girmə, Qafar! Mən bilərəm, O bilər. Sən qarışma”.
Çiyninə dəyən daşdan çox Səkinə arvadın sözü Qafarı tutdu.
Ölüm qapıya bir də gəlməsin deyə kənddə mollanın arxasınca qara daş atarlar. Səkinə bu səhər əfin-kəfin olunmuş Təbriz kişinin əlli illik halalı idi. Adətə görə, ev yiyəsi kimi qara daşı mollanın arxasınca yola da o atmalıydı. Bəlkə, daş çiynimə təsadüfən dəydi? Molla Qafar sualını gözündə təsbeh kimi şaqqıldada-şaqqıldada geriyə çevrildi. Səkinəni əl işarəsi ilə susdurub: – “Daşı başıma niyə atırsan, ay arvad?” – soruşdu.
Səkinə arvad: – “O nədi demisən ki, Səkinənin ölümü öz əlində deyil. Sənə nə var? Bəlkə, mən bu gecə öləcəm!”
Arvadın sözləri molla Qafarın hirsini soyutdu. Çiyninə dəyən daşı unudub “Sən bir imana, Allahın varlığına yəqinliyə bax” – düşündü. Səkinə arvad molla Qafarın düşüncələrindən xəbərsiz idi. Gözünü qan tutmuşdu. Ona, doğrudan da, elə gəlmişdi ki, Allahla arasında duran molla Qafardır. Onu ərinin arxasınca ölməyə qoymayan da odur. Molla Qafar Səkinə arvada daha bir söz demədi.
Daşı Allahdan bilib kənd yoluna çıxdı.Yolun sonu gəlin duvağı kimi dağdan aşağı sallanmış dumanın qatılığında görünmürdü. Molla Qafar çiyninə dəymiş daşdan sonra hara gedəcəyini də unutmuşdu. Daş kişinin tarazlığını pozmuşdu. Bu günə qədər min bir əziyyətlə qazandığı adına kölgə salmışdı. Mollalıq etdiyi kənd o qədər də Allahı tanıyan yer deyildi. Gününü lağlağılıqla keçirən kəndlilərin çoxu Allahı ancaq yas yerlərində xatırlardılar. Onlar üçün Molla da hərbi komissar kimi bir şeydi. Fərq bircə burasındaydı ki, kəndin ağlıyca, hərbi komissar hökumətə işləyirdi, molla Allaha. Hökumət isə onlar üçün Allahdan daha diriydi. Hökumət adama diri “pensiya” verirdi. Ona görə də Allah hökumətə baxanda mücərrəd idi. Allah kəlamını yuxu kimi anlayan bu adamaların içində ruhani olmaq və gülünc görünməmək Molla Qafara elə də asan başa gəlməmişdi. İndi də belə, günün günorta cağı Səkinə arvad yas çadırının qarşısında nə sənə, nə mənə, qara daşı götürüb vurmuşdu təpəsinə. Bundan sonra yaşa bu kənddə, görüm necə yaşayırsan?.. Yas çadırında nə çoxdu təzə dəymiş cüvəllağı. Çox güman ki, daş çiyninə dəyən zaman şəklini telefona çəkib internetə də ötürüblər. Bundan sonra nə üzlə əza məclisi aparacaqdı?.. Ciddi nə danışsa, daşı xatırlayıb güləcəkdilər. Sarı Həmidin kinayəsi axırına çıxacaqdı. Evdə iki qızı vardı. Onlar da rüsvay oldular. Qayıdıb Səkinə arvada bir söz desə də, daha xeyri yoxdu. Olmalı olan olmuşdu. Kənddə insanın adı şüşə kimidir. Bir daş dəydimi, sınacaq. Töküləcək ayaqlarının altına. Kişisən, adın sınandan sonra onu təzədən yama. Molla Qafar dumanın içində azdığını görüb yol kənarındakı daşa söykəndi. Duman ağ kəpənək kimiydi. Uça-uça evlərin damına qonurdu. Onun kənd dediyi Fit dağının ətəyində salınmış iyirmi evdi. İyirmisinin də bacası tüstülüydü. Bu xırda kənd dağın ətəyində bitən bütün yabanı ağacları sobalarında yandrımışdı. Tüstülü, dumanlı evləri olan bir yerdi. Nəyi gördü, kimi gördü, yandırıb-yaxırdı. Molla Qafar bu evlərin həm mollasıydı, həm bələdiyyə sədriydi, həm də məktəb direktoru. Haçansa qonşu kəndin mollası İsaqdan aldığı üç sinif dini dərslə kəndin ən savadlı adamı da elə o idi. Ondan savayı buralarda heç olmasa üç sinif oxuyan da yox idi. Kənddə Adəmdən bəri diri kitab görən iki adam olmuşdu. Biri Molla Qafardı, biri də şofer Məlik. Şofer Məlik əsgərlikdə dəftər-kitabla altı ay şoferliyi oxumuşdu. İndi də kitabı atıb iri yük maşını sürürdü. Daha xırda-mırda işlərə baş qoşmurdu. İşi iriydi.Tonla hesablanırdı. Molla Qafar isə şofer Məlikdən fərqli olaraq kəndin balaca işlərini boynuna götürmüşdü . Bu kənddə binədən yerli-dibli molla-filan olmamışdı. Ölən olanda Gəncədən atla molla gətirərdrilər. O günəmuzd mollalar dağa qalxana qədər ölülərin təni soyuyardı. Molla Qafara qədər kəndin bütün ölüləri torpağa boyat basdırılardı. Vəli kişinin anası Gəncədən molla gələnə qədər darıxdığından bir dəfə dirilmişdi. O arvaddan sonralar Fransa televiziyası kino da çəkdi. İspaniya xristianları onu müqəddəs qadınlar siyahısına da saldılar. Sonra ispanlardan səs çıxmadı. Vəli kişinin anası ispanlar kəndə gələnə qədər yüz iki yaşında nərdivandan yıxıldı və bir dəfə də öldü. Vəli kişi anasını bir il basdırmadı ki, yenə diriləcək. Arvad nədirsə, daha dirilmədi. Dedilər, ispanlar gəlmədi, ona görə. Kəndlilərin bu cür əziyyət çəkməsini görən Molla Qafar günlərin bir günü başına buxara papaq qoyub ucadan bəyan etdi: – “Bu gündən ölülərimizi özüm basdıracam. Daha fikir eləməyin. Arxayın ölün. Mənə yuxuda mollalıq verildi”. Sarı Həmid üç gün, üç gecə Qafarı çayxanaya həsrət qoyub “Fatihə” surəsini yeddi dəfə dalbadal əzbər söylətdi. Hər dəfə surənin bir yerində çaşan Qafarın “vergili” olmasına şübhələrin artdığı ərəfədə turp kimi Kələntər kişi eşşəkdən yıxılıb öldü. Kələntərin uşaqları gecəynən yığışıb gəldilər Qafarın evinə ki, bu meydan, bu da şeytan, buyur dədəmizi basdır. Həm sən sınaqdan çıx, həm də biz dağ aşıb bahalı molla arxasınca Gəncəyə getməyək. Amma nə eləyirsən-elə, kişini murdar eləmə. Qafar təmkinlə “Bismillah” deyib qollarını çırmaladı. Əvvəlcə Kələntəri öz əlləriylə yun ləyənində yuyub kəfənlədi. Sonra yeri qazdırıb qəbrə qoydu. Şərq şairləri kitabından öyrəndiyi bir-iki ərəb şerini ucadan oxuyub kişinin üstünü torpaqlatdı. Sonra da babasından eşitdiyi bir-iki məzəli əhvalatı yasa gələnlərə danışıb Kələntərin yasını uğurla başa vurdu. Odu-budu, Qafarın adına Molla əlavə olundu. Və odu-budu, kəndin yasları başqa yerlərə baxanda bir az məzəli keçir. Çünki xımı belə qoyulub. Altı-yeddi ölü kəfənləyəndən sonra Qafar qəfil anladı ki, özgələr cəhənnəm, üçillik savadı özünə də yetmir. Özü özüylə tək qalanda belə bilmir ki, “Bismillah” əvvəlldədir, ya “Əstəğfürullah” qabaqdadır. Salavatı hansı əllə cevirməlidir ki, Allaha naxoş getməsin. Təkcə onu bilir ki, Allah var və hamını O yaradıb. Bu bilgi isə ancaq adam basdırmağa yetir. Bakıya gedib bir qədər mollaxana dərsi almaq lazımdır. Molla Qafar Lomonosov kimi arıdan-zaddan satıb bir az pul düzəltdi.Və elm dalınca Bakıya üz tutdu. Bakıda üzmü qalmışdı?. Bakı keçidə oxşayırdı. Nə əvvəli vardı, nə axırı. Adamlar üzlərini əllərində tutub, Bakıdan keçib harasa gedirdilər. Heç birinin də dili-ağzı yox idi ki, danışa. Bu tələskən, üzsüz adamlardan “Bismillah” deyib, “Əstəğfürullah” soruşmaq olardımı?.. Bakı Molla Qafarı peşman etdi. Burda Allahı tapmaq kənddə telefon köşkü tapmaq kimi bir şey idi. Əlinə çıraq alıb nə qədər axtarsa da, o boyda Bakıda imanda özündən safına rast gəlmədi. Bakıda Allah bilməyənlər daha çox idi. Allahın görmədikləri də az deyildi. Allah bilənlərin yarısı imam tanıyan idi, yarısı imam tanımayandı. Yerdə qalanalr isə nə imam tanıyandılar, nə də Allah sayandılar. Onlar, sadəcə, saqqal buraxıb din alveri edirdilər.Yasin satırdılar. Qəbir yeri satırdılar. Ehsan üstə savaşırdılar. Qafar öz savadsızlığına şükür edib kəndə qayıtdı.Və iki gün, iki gecə kənd adamlarını tövləyə yığıb onlara öz Allahından gap etdi. Onun Allahı hamının tanıdığı xalis Allah idi. Kəndlilər onun dediklərindən heç zad başa düşməsələr də, onu başa düşdülər ki, Qafar daha əvvəlki adam deyil. Deyəsən, doğrudan da, yuxuda “nəsə” görüb. Və bu “nəsə”dən sonra bir qədər üzü Allaha tərəf çaşıb. Bu çaşmaq Allah səmtə çaşmaq olduğundan kəndə heç bir ziyanı yoxdur. Və Qafar sarı Həmidin kinayələrindən sivişib oldu Molla Qafar. Odu-budu, kənddə daha heç kəs Qafarın xəbəri olmadan bu dünyadan o biri dünyaya köçmür. Hörməti də ölüdən-ölüyə artır. Amma illər ötdükcə molla adı Qafarı, doğrudan da, dəyişdi. Rəndələyib saflaşdırdı. Kişi adının əsirinə çevrildi. Get-gedə adı kimi oldu. Daha yad qadınlara gözünün ucuyla olsa belə, baxmadı. Yalan danışmadı. Özgəsinin malına-mülkünə tamah salmadı. İrana keçib Ərdəbildə iki il ərəb dilini də mükəmməl öyrəndi. Ordan qayıdandan sonra kənd məktəbini öz puluna təmir elətdirib uşaqları siniflərə yığdı. Sarı Həmid məktəb işində Qafara “Rus Əhməd”ayaması qoysa da, buna fikir vermədi. Başını aşağı salıb kəndin maarif işiylə məşğul oldu. Çox keçmədi, onun bu səylərini görüb şəhərdən kəndə qovluqlu kişilər, rus dilində ləhçə ilə danışan pullu arvadlar gəldi. Onlar Molla Qafara üç dəfə “malades” dedilər.Və onu rəsmən məktəb direktoru təyin edib yenidən şəhərə qayıtdılar. Düzdür, Ramiz dədə o gedənlərin qoltuğunda qovluqla bərabər, beş-altı kisə sovqatın da olduğunu görmüşdü. Amma sovqatın bu gün mətləbə və məktəbə heç bir dəxli-filanı yoxdur. Görünən budur ki, məktəb sovqatsız da işləyir. Kənddə məktəb yaşı çatmış doqquz uşaq vardı. Bu uşaqların dördü qız olduğundan dədələri dərsə buraxmırdı. Əsnəyə-əsnəyə dərsə gəlib, qaşına-qaşına dərsdən qayıdan oğlanlara isə Molla Qafar ancaq din dərsi keçirdi. Ona görə yox ki, kəndlilərin ətəyində haçansa namaz qılınacaqdı. Ona görə də yox ki, özləri Qafardan dini dərslərin keçilməsini istəmişdi. Ona görə ki, kəndlilərin də Molla Qafar təki dindən savayı heç nədən xəbərləri yox idi. İndi Qafar bu məktəbdən nə xeyir götürmüşdü ki, qoltuğu qovluqlu kişilərə, ləhcəli qadınlara “pay”da versin. Allahdan paymı olar? Amma o da var ki, Ramiz dədənin də gözündən heç nə yayınmırdı. Məktəbi bilmirəm, o “qoltuq”ların, görünür, Qafara bələdiyyə sədri olanda köməyi dəyib. Bir gün kəndə üstü qırmızı örtüklü şüarlarla yazılı üç yük maşını gəldi. Maşındakılar ucadan danışanla kəndliləri köhnə klubun qabağına yığdılar. Həmin qırmızı maşınlardan birinin banına çıxmış iki kök qadın kəndlilərə xor müqənniləri kimi eyni tonallıqda, bir ağızdan qışqıra-qışqıra dedi: –“Biz Bakıdakı ən böyük bələdiyyə sədrinin vəkilləriyik. Orda belə məsləhət olub ki, Molla Qafar bu gündən sizin kəndin bələdiyyə sədri olsun. Ölüdür, diridir, ortalıqda qalandır, bu gündən sonra kənddə kim varsa, daha onluq olacaq. Biz də daha dərəyə-təpəyə düşməyəcəyik. Bütün suallarımızı bir adama verəcəyik. Nə deyirsiz, razısız?” Bələdiyyənin nə olduğunu hər şeyi bilən Ramiz dədə belə bilmirdi. Əvvəlcə hamı bir-birinin üzünə baxdı. Sonra bələdiyyənin nə olduğunu bilməsələr də, əlüstü elliklə razılıq verdilər ki, iş uzanmasın. Danaların naxırdan qayıdan vaxtıydı. Bələdiyyə haqqında düşünməyə vaxtmı vardı?.. Bir də hökumətlə gərək hər işdə razı olasan. Bu yanaşma kəndin minillik ənənəsiydi. Təkcə rəhmətlik Təbriz kişi o zaman kök qadınların ikisindən də xəbər aldı:
– Bu bələdiyyə adama pensiya verəcəkmi?
Kök qadınların özləri də bələdiyyələrin pensiya verib-verməyəcəyindən, deyəsən, xəbərsiz idilər. Ona görə də sualı cavabsız qoydular. Lap axırda o kök qadınlar qırmızı maşınların üstündə uzun-uzadı bələdiyyələrin kəndə nə verə biləcəyindən danışıb siqnal verə-verə şəhərə qayıtdılar. Kəndlilər maşınlar gedəndən sonra rahat nəfəs alıb Molla Qafara yaxınlaşdılar. Və ondan bir dəfə də “Bələdiyə nədir?” – deyə soruşdular. Molla Qafar: – “Bələdiyyə Vacibatdır” – dedi. Və kəndlilər yenə bir zad anlamayıb Qafarın üzünə baxdılar.Və beləcə kəndə bələdiyyə gəldi. Molla Qafarın yaşı əllini ötsə da, hələ əlli-ayaqlıydı. Sağ qalana dərs verib, ölənə yas tuta bilirdi. Qafarın Gəncə mollalarından fərqi ondaydı ki, Allahı özü tanımışdı. Adətən, adama Allahı kim isə tanıtdıranda o qədər də yaxşı tanımır. Molla Qafarın atası Allahı tanımayan taksi sürücüsüydü. Həftənin beş gününü arağa, iki gününü dövlət istiqrazına qurban vermişdi. Beləcə Qafarın yeddi yaşı olana qədər kişi “taksiyə” əziyyət verə-verə yaşadı. Sonra da, günlərin bir günü Əzrayılın “taksi”sinə oturub Allahı tanımadan o taya sürdürdü. Qafar Atasını aparan arağa və istiqraza uşaq ikən tövbə dedi. Sonra Qafar özü böyüdü. Ətrafa baxıb Allahdan savayı heç kəsi arxasında görmədi. Başa düşdü ki atası Allahdır. Nə dostu vardı, nə düşməni. Əvvəl sarı Həmiddən iki qoyun alıb çoxaltmaq istədi. Qoyunlar artdıqca dərdi də artdı. O gəldi, ver, bu gəldi, al. Qafar anladı ki, kənddə at yeyənin dişi dəmirdən olmalıdır. Və dişlərini itiləməyə başaldı. Beləcə dəmir dişləri ilə əli çörəyə çatdı. Sonra çörəyi diridən deyil, ölüdən çıxmağa başladı. Lap sonra Allahdan könlünə bir sakitlik çökdü. Daha heç kəsdən çörək istəmədi. Dünya malından əlini çəkdi. Gördüyü ölümlər onu ayıltdı. İçinin saflığı əməlinə, üzünə çıxdı. Hamıya yaxşlıq etdi. Daha fikirləri başında at kimi çapmadı. Allah ona sakitlik verdi. O bu sakitliyə görə hər gecə Allahına şükür edirdi. Bu dəfə də Səkinə arvadın arxasınca atdığı daşa şükür edib olacaqları Allahın ixtiyarına buraxdı. Nə olacaqdısa, olacaqdı. Xeyirlisi Allahdan. Düşüncələrinin bu yerində dumandan çıxmış Qafar keçən il qaraltdığı ikimərtəbəli evinin qarşısına çatdı. Səkinə arvadın daş xəbəri, deyəsən, evinə qədər gəlib çıxmışdı. Otuz beş illik halalı Gülərin üzündən-gözündən zəhirmar yağırdı. Çəpərə söykənib tum çırtlaya-çırtlaya yolunu gözləyirdi. Onu görən təki qabağına qaçıb: – “Üzün ağ olsun, Qafar. İllərdir sənə hamballıq elədiyim üçün belə etdin?” – soruşdu.
Molla Qafar Gülərin dediklərindən bir zad anlamayıb: – “Neynəmişəm?” – dedi.
Və ona doğru qaçan Sarışın, gülərüz oğlanın qarşısında açılmış qollarını gördü.
Gülər: – “Bax gör etdiyin nə boydadır. Gözün aydın, Rusyetdən oğlun gəlib” – söylədi.
Qafar söz deməyə macal tapmamış Sarışın oğlan onu qucağına alıb göyə qaldırdı. Bir xeyli göydə fırladandan sonra ehmallıca yerə qoyub üzündən öpdü. Qafar əvvəl elə bildi uşaqlar onu araya qoyublar. Zarafat edirlər. Gülərin üzünə baxıb gözləriylə: – “Bu nə oyundur belə, başıma açırsız. Bu Sarışın kimdir?” – soruşdu. Amma Gülər zarafat eləyənə oxşamırdı. Sözü də, gözü də ciddiydi. Molla Qafar ayağına dəyən daşı da Allahdan bilən adam idi. Ona görə qonağın kim olur-olsun, Allah tərəfindən göndərilmiş olduğunu düşündü. Oğlanın suyu şirindi. Doğrudan da, qaşı-gözü cavanlığına bənzəyirdi. Amma oğul adı bir az ağırdı. Axı o heç zaman kənddən kənarda yaşamamışdı. Gülərdən savayı heç bir qadınla yaxınlıq etməmişdi. Allah şeytana lənət eləsin. Səkinə arvadın atdığı qara daş, deyəsən, yığvalını dəyişirdi. Molla Qafar – dilini bilməsə də – qonağı əliylə-qoluyla evinə dəvət etdi. Özü tələsmədən hamam otağına keçib yaxşıca yuyundu. Məhrəba ilə qurulana-qurulana eşiyə çıxanda Sarışının qızları ilə şay süfrəsi arxasında oturub şirin söhbət etdiyini gördü. Qəribəsi by idi ki, qızlarının üzündə heç bir təlaş, heç bir qısqanclıq yox idi. Əksinə, onlar elə bil qardaşlarının tapılmasına ürəkdən sevinmişdilər. Gülərin özü də Sarışına nifrətlə baxmırdı. Onun işi ancaq Qafarnandı. Molla Qafar keçib Sarışın oğlanın yanında əyləşdi. Bir az susandan sonra ehmallıca ondan: – “Siz hansı şəhərdənsiniz? – soruşdu. Oğlan: – “Armavirdənəm” – dedi. Gülər: – “Armavir budu burdadır, qulağının dibində. Yəqin, cavanlıqda taxta gətirməyə gedəndə bunun kötük anasını bir gecə yaxşı-yaxşı baltalamısan. O da sənin üçün çiçəkləyib” – deyə əlavə etdi. Molla Qafar arvadının tənələi sözlərinə məhəl qoymayıb: – “Ay bala, mən heç zaman Armavirdə olmamışam axı” – dedi. Və özü də öz yalanından qızarıb başını aşağı saldı. Sarışın oğlan ayağa qalxıb dinməzcə Qafara yaxınlaşdı. Cibindən çılxardığı artıq rəngi soluxmuş şəklini ona göstərib: – “Bu siz deyilsiz?” – soruşdu. Molla Qafar şəkildə özünü tanıyıb: – “Mənəm” – dedi. Sarışın şəkildə Molla Qafarın başı üstə dayanmış arıq qıza barmağını uzadıb: - “Bu isə mənim anam Valentinadır” deyə pıçıldadı.
Gülər: – “Allah öldürsün səni” – dedi. Amma bilinmədi qarğışını kimə etdi. Gülərin bu nidası Sarışını da diksindirdi. Yad dildə nə deyildiyini anlamasa da, təxminən belə məqamda nə deyilə biləcəyini anlayıb: – “Anam artıq ölüb” – dedi. Onun sözləri Sarışının özündən çox, Qafarı duyğulandırdı. O, kədərli gözləri ilə Sarışına baxıb: – “Anan haçan ölüb?” – soruşdu.
Sarışın: – “Üç il olar ” – pıçıldadı.
Gülər: – “Bəxtəvər bir yerindən yaman yarıyıb. Azərbaycandan Armavirə qədər goruna rəhmət oxuyan mollası da var ” – dedi.
Molla Qafar hirslə Gülərin üstünə cımxırdı: – “Bəsdi, uşaqların yanında ağzına gələni danışma!”.
Gülər ayağa qalxıb ağlaya-ağlaya mətbəxə keçdi. Mətbəxdən qızlarına: – “Bir ondan xəbər alın görək Konçitanın da atası deyil ki?” – deyə qışqırdı.
Molla Qafar Sarışının qoluna girdi. Onlar dəhlizə çıxıb divanda əyləşdilər. Molla Qafar dəhlizdə Sarışına: – “Sən mənim oğlum deyilsən. Qonağımsan. Nə qədər xətrin istəyir, evimdə qal, gözüm üstə yerin var” – dedi.
Sarışın ayağa qalxıb gülə-gülə Molla Qafarı qucaqladı: – “Sən mənim atamsan. Mən burda yaşamağa gəlmişəm. Əlimdə tutarlı dəlillərim də var” – söylədi.
Molla Qafar Sarışının qətiyyəti qarşısında bilmədi nə desin. Papağını başına qoyub həyətə çıxdı.Taxta artırmaya söykənib Armavirdə olanları xatırladı. Onda Qafarın otuz yaşı ancaq olardı. Qonşu kənddən olan dostu Namazın maşınıyla Armavirə taxta gətirməyə getmişdilər. Ancaq Armavirə çatanda onlara demişdilər ki, bu şəhərdə taxta olmurmuş. Taxtanın vətəni Tayqadır. Namazın bu “qanmazlığını” bir- iki gün lağa qoyandan sonra dostlar Armavirlə vidalşmaqdan ötrü “Astoriya” restoranına getmişdilər. Valentina ilə də orda tanış olmuşdular. Daha doğrusu, Valentinanın özü onların mizinə yaxınlaşıb Namazı rəqsə dəvət etmişdi. O dəvət, bu dəvət Namazla Qafar taxta üçün gətirdikləri pulların hamısını Valentinaya xərcləmişdilər. Valentina arıq, uzun ayaqlı, Sarışın qızdı. O qədər də gözəl deyildi. Amma işvəliydi, nazlıydı. Bir gün Namazı, bir gün Qafarı çarpayısına qonaq edərdi. Valentinanın gecələr onunla nələr etdiyini xatırladıqca Qafar yüz dəfə “əstəğfürullah” – dedi. Onunla keçirdiyi son gecə olduğu kimi gözünün qabağına gəldi. Həmin gecə Qafar otağına qayıdanda gözlərinə inanmamışdı. Kimliyi bəlli olmayan altı-yeddi kişi Valentina ilə əylənirdi. Kişilər Valentina ilə əylənirdilər demək düzgün olmazdı. Daha çox Valentina kişilərlə əylənirdi. O səs-küy, o gülüş səsləri, o inilti bu gün də molla Qafarın qulaqlarındaydı. O gecə Qafar bir qadının altı-yeddi kişi ilə eyni zamanda əlaqədə olmasını ilk və son dəfə gördü. Səhər Valentina ağlaya-ağlaya sinəsinə qısılıb: – “Məndən iyrənmə ha. Dünən kefli idim. Nə etdiyimi bilmirdim” – pıçıldamışdı. O zaman Qafar Valentinaya baxıb pozuq rus dilində: – “Öz həyatındı da. Mənə nə var?” – demişdi. Qafar son dəfə kəndə qayıtmaq üçün maşına minəndə isə Valentina ona: – “Səndən uşağa qalmışam” – söyləmişdi. Özü də Valentina bu sözü bərkdən demişdi ki, Namaz da eşitsin. Onda Namaz Valentinadan gülə-gülə: – “Qafar məndən yaxşı kişidir?” – soruşmuşdu. Namazın bu sualına Valentina da gülümüsünüb: – “Söhbət kişilikdən gemir. Onunla sevə-sevə olurdum. Ona görə də qarnımdakı uşaq onundur” – demişdi. O zaman Valentinanın sözlərinə Qafar məhəl qoymamışdı. Pozğun qadındır da, düşünmüşdü. Onu yoldan qaytarmaqdan ötrü əlli min söz söyləyə bilər. Bəlkə, Valentina o zaman düz deyirmiş. Bu Sarışın elə o uşaqdır?..Valentina ilə şəkil çəkdirməyini isə nə illah eləyirdi, xatırlaya bilmirdi. Belə bir iş olmamışdı. Olsaydı, yadına düşərdi. Namaz bildir ölmüşdü deyə, ondan daha heç nə soruşa bilməyəcəkdi! Yəni əlli min kişi görmüş qadın ondan uşaq doğub?.. Səkinənin atdığı o qara daş nə bəd daş imiş. Bütün ömrünü alt-üst etdi. Görəcək günlərim hələ qabaqdaymış. Qafar hövllənib içəri otağa keçdi. Sarışın kiçik qızı Sənubərlə divanda oturub dinməzcə televizora baxırdı. Elə bil bir almaydılar, ikiyə bölmüşdün. Baxışları da, oturuşları da doğmaydı. Boyları, gözlərinin rəngi eyniydi. Sənubər Sarışına nəsə deyirdi. O da qızın sözlərinə ürəkdən gülürdü. Molla Qafar nədənsə bu oxşarlıqdan sinirlənib mətbəxə keçdi. Gülər bir küncdə oturub ağlayırdı. Onu görən təki dəsmalının ucuyla gözünün yaşını sildi.
Qafar: – “And olsun Allaha, mənim bu oğlandan xəbərim yoxdur. Mənə niyə inanmırsan?.. O, mənim oğlum deyil” – dedi.
Gülər: – “Özümə, sənə həsr etdiyim ömrümə, günlərimə yazığım gəlir. Bilsəydim, məni aldadırsan, gedərdim atamın xarabasına. O qədər istəyənim vardı ki! Kül olsun mənim başıma! Nə deyib səndə oturdum?”
Qafar danışmağın yersiz olduğunu anlayıb qazandan özünə bir çömçə şorba çəkdi. Mizin arxasında oturub soyumuş şorbanı dinməzcə qaşıqlamağa başladı. Gülər bir az da səssizcə ağlayıb kiridi. Ayağa qalxıb Molla Qafarın qarşısına gəldi. Ağlamaqdan boşalmış, lal gözləriylə onu bir xeyli süzdü. Sonra əlini yuxarı qaldırıb pıçıltıyla: – “Yaxşı, mən heç. Deyək ki, məni aldaddın. Bəs o kişiyə necə cavab verəcəksən?” – soruşdu. Molla Qafar ağzındakı çörək tikəsini güclə udub: – “Elə mən də bayaqdan onu düşünürəm. O olmasaydı, Sarışını çoxdan evdən qovmuşdum” – dedi. Gülər ayağa qalxıb mətbəxdən çıxanda içəri otaqdan Sarışının şaqqıltısı eşidildi. Molla Qafar ayağa qalxıb bu şit gülüşün arxasınca otağa keçdi. Sarışın indi də böyük qızı Ayişə ilə söhbətləşirdi. Qızların Sarışından açıq-aydın xoşları gəlmişdi. Adətən, hərəyə bir mız qoyan qızlar bayaqdan bəri ataları tərəfə heç baxmamışdılar da. Sarışın Molla Qafarı görüb ayağa qalxdı. Cibindən çıxardığı qızıl qol saatını ona uzadıb: – “Az qala unutmuşdum. Sənə hədiyyə gətirmişəm, ata” – dedi. Molla Qafar saatı Sarışından alıb qulağına tutdu. Əqrəblər elə bil ki, başqa saat əqrəblərindən daha tez tərpənirdi. Sarışının gəlişi Molla Qafarı tamam başqa bir zamana kökləmişdi. Ona hədiyyə olunan saat, yəqin, bu zamanın vaxtı ilə işləyəcəkdi. Molla Qafar ürəyində qorxa-qorxa “bu Sarışın şeytandan olmaya” düşündü. Və düşüncəsinin arxasınca bir də çevrilib diqqətlə Sarışının üzünə baxdı. Sarışın çox yaraşıqlı idi. Cazibədardı. Özünü adama sevdirirdi. Qəfil Gülərin tükürpədici səsi eşidilməsəydi, Molla Qafar Sarışını tamam başqa tərəflərdən də tanıyacaqdı. Gülərin səsi hamamdan gəlirdi. Səsə əvvəlcə qızlar yüyürdülər. Sonra Sənubər hamamdan geri qayıdıb: – “Ana isti sudan yanıb” – dedi. Molla Qafar hamama çatana qədər Sarışın artıq Güləri hamamdan çıxarıb yelpikləyirdi. Gülərin ətli əndamı açıqda qalsa da, Sarışından “yaşmaqlanmağı”, deyəsən, düşünmürdü. Ağrısını unudub şəhvani ehtirasla Sarışına baxırdı. Sarışının özü də Gülərə oğul gözüylə baxmırdı. Molla Qafara bu baxışlar Gülərin yanmağından daha ağır təsir etdi. Sarışını ayağa qaldırıb: – “Naməhrəm qadın olan yerdə kişi hərlənməz” – qışqırdı.
Sarışın sadəlövh gözləri ilə molla Qafara baxa-baxa iç otağa keçdi. Ordan: – “Qorxmayın, yanıq elə də qorxulu deyil” – dedi. Molla Qafar Güləri qucağına alıb ayağa qalxdı. Ərinin səsindən “özünə gəlmiş” Gülər bayaqkı baxışlarından utanmışdı. Ərinin gözlərinə baxa bilmirdi. Qafar onu yataq otağına qədər qucağında aparıb çarpayıya uzatdı. Gülərin bədəni həyəcandan əsirdi. Üzündə cavanlıq işartıları əmələ gəlmişdi. Molla Qafar qızları çağırıb otaqdan eşiyə çıxdı.
Molla Qafarın müdiri olduğu kənd məktəbi altıotaqlı qədim tikiliydi. Qafar, bu qədim mülkü abad etmək üçün suvatsa da, divarların köhnə rəngi suvaq altından görünürdü. Bina axırıncı dəfə sovet vaxtı rənglənmişdi. Sovet hökuməti rəngdən bol idi, xüsusilə də yaşıl rəngdən. Haranı rəngləyir-rəngləsin, mütləq ora bir yaşıl çalar əlavə etməliydi. Molla Qafarın özü də yaşıl çalarlıydı. Başına qoyduğu yaşıl fəs onu da məktəbin bir parçası edirdi. Deyirdin, onun da başını haçansa sovet rəngləyib. Kişi başında yaşıl fəs qoyub, yaşıl məktəbin qənşərində sovetlərdən qabaq əkilmiş yamyaşıl tut acacının altında oturub qəfil başına gələn işləri düşünürdü. Səhər yenicə açılmışdı. Xoruzlar hələ kal-kal banlayırdı. Qara toyuq səsinin nəmini açırdı. Uşaqlar iki-bir, üç-bir əsnəyə-əsnəyə məktəbə gəlirdilər. Görünən nə vardısa, yuxudan oyanırdı, dəyişirdi, dirilirdi. Özündən oyanmayan təkcə Molla Qafardı. Fikirləri onu olanların əksinə gecəyə aparıb təzədən yatırdırdı. Sarışın onun oğlu deyildi. Ola da bilməzdi. Düzdür, Qafar o zaman Valentina ilə əlaqədə olmuşdu. Amma hələ bu heç nə demək deyildi. Onun qədər Namaz da Valentina ilə yatmışdı. Uşaq onun da ola bilərdi. Bir də Valentina ancaq Qafarla Namazı toruna salmamışdı ki. Onun o qədər Qafarı, Namazı olmuşdu ki. Bəs niyə Sarışın onun qapısına gəlib? Ona kim deyib ki, Qafar sənin atandır? Axı Valentina fahişə idi. Əlli min kişi ilə yatmış zinakar idi. Fahişə? Bəlkə, Sarışın Allah tərəfindən ona göndərilən bir sınaqdır? Bəlkə, Allah onu bu Sarışın oğlanla sınağa çəkir? İmanını yoxlayır. Görəsən, Qafar fahişənin doğduğu Sarışını öz oğlu kimi qəbul etməyə qadirdirmi? Buna onun imanı çatarmı? Axı Allah hamımızı bərabər yaratdı. Tövbə qəbul olunandır. Fahişənin də tövbəsi qəbul olunur. Qafarın buna iradəsi, gücü yetəcəkmi? İnsanların içində gülünc olmaqdan qorxmayacaq ki? Molla Qafar olanları və olacaqları düşündükcə qırx arşın quyunun dibinə düşdüyünü hiss edirdi. Zarafat-zarafat, məsələ qəlizləşmişdi. Qayıdıb o Sarışını evdən qovmaq o qədər də çətin iş deyildi. Bunu etsə, yenə əvvəlki təki sakitcə yaşayacaqdı. Gülər uzağı bir-iki gün deyinib sakitləşəcəkdi. Amma Qafar nədənsə bunu da edə bilmirdi. Nəsə ona mane olurdu. Düşüncəsində şübhələr yaradırdı. Allahın işidir də. Oldu, oldu. Bəlkə, o Sarışın, doğrudan da, öz oğludur. Bəs onda necə olacaq? O zaman nə edəcək? Molla Qafar o qədər fikirliydi ki, sarı Həmidin haçan gəlib başının üstündə dayandığını görməmişdi. Ancaq Həmid danışanda diksinib üzünə baxdı. Həmid səhər dumanını qovmağa qadir gar səsiylə: – “Sən onun bir qanını yoxlatdır, Qafar, bəlkə, elə doğrudan, oğlundur” – dedi. Sarı Həmid ömründə birinci dəfəydi ki, ağıllı söz deyirdi. Qanın yoxlanılması Qafarı şübhədən qurtarardı. Bu heç onun ağlına gəlməmişdi. Molla Qafar Həmidə bir söz demədi. Ayağa qalxıb dinməzcə evinə tərəf getdi. Söz ağlına batmışdı. Həmin gün məktəbdə dərs keçilmədi. Uşaqlar sarı Həmidin atasının goruna rəhmət oxudular. Bütün kənd Armavirdən gəlmiş Sarışın oğlanın Molla Qafarın oğlu olub-olmaması xəbərini gözlədi. Xəbər bir aydan sonra Sankt-Peterburqdan gəldi. Sən demə, Sarışın, həqiqətən də, Molla Qafarın oğluymuş. Xəbərin üstündən üç saat keçməmiş Gülər Sarışın oğlanı köynəyindən keçirdi.Və pal-paltarlarını yığıb dədəsi evinə qayıtdı. Bütün kəndi Gülərin dədəsinə minnətçi salan Molla Qafara o evdən qəti söz dedilər: “Ya Gülər, ya oğlun Sarışın. İkisindən birini seç”. Qafar Allahdan da qorxurdu, arvadını da sevirdi. Başını itirmişdi. Qapısına pənah gətirmiş oğlunu Allahdan qorxduğu üçün qova bilmirdi. Başına daha pis işlərin gələcəyindən çəkinib Sarışının xətrinə dəymirdi. Valentina nə yuvanın quşu olur-olsun, Sarışın oğlu imiş. Bunun özü də bir möcüzəydi. İlahi müdaxiləydi.Yüzlərlə kişinin içindən Valentina Qafardan uşaq doğduğunu, görəsən, necə bilmişdi? Kənd adamlarına Armavirdə olanları hec cür olduğu kimi danışa bilməzdi. Danışsa, onların gözündə bir qəpiklik olardı. Onlar bilsəydilər ki, ölülərini əmanət etdikləri molla, fahişədən uşaq əmələ gətirib, bir də onun qapısına gələrdilərmi?.. Əttövbə, gəlməzdilər. Valentinanın küçə fahişəsi olduğunu əgər Gülər bilsəydi, Qafara daha çox nifrət edərdi. O, yəqin, Valentinanın ədəbli qadın olduğunu düşünür. Bəlkə elə Sarışın Allahın sınaq üçün qapısına göndərdiyi Nuh peyğəmbərdir? Qiyafəsini dəyişib. Nə bilmək olar?.. Qafar hər əmələ görə cavab veriləcəyini bilirdi. Amma Gülərsiz də yaşaya bilmirdi. Güləri də ona Allah göndərmişdi. Ömrünü Molla Qafara qurban vermiş Gülər onun üçün hər şey demək idi. Evlənəndən sonra Gülərdən savayı heç bir qadına kişi gözü ilə baxmamışdı. Qafar üçün bu müvəqqəti dünya evində rahatlıq deyilən nə vardısa, ancaq Gülərin adıyla bağlıydı. Hər şey bir kənara qalsın, corablarının yerini belə onsuz tapa bilməzdi. Bir yandan borc, Allah kəlamı, digər tərəfdən namus və sevgi Qafarı dar məngənəyə salıb boğurdu. O nə edəcəyini, bu nəyi necə edəcəyini bilmirdi. İlk dəfəydi Qafar sabahını qurmaqda acizdi. Sarışının qəfil gəlişi bütün ömrünü alt-üst eləmişdi. Cavanlığında düşünmədən etdiyi bir səhv bu gün dirilib qapısına qədər gəlmişdi. Bu səhv ondan cavab tələb edirdi. Həyatının dəyişilməsini istəyirdi. O buna hazır idimi?.. Dinc ömür nizamının qəfil pozulamasına öyrəşə biləcəkdimi?.. Sarışın gələndən sonra baş verən hadisələr onun iradəsindən kənar baş verirdi. Elə bil gözə görünməyən bir əl həyatını təzədən yazırdı. O da bu yazıya istədi-istəmədi, cınqırını belə çıxarmadan mütiliklə tabe olurdu. Sən demə, yaşayarkən atdığın ən kiçik addımın belə izi qalırmış. Həyatda nə etmisənsə, gec-tez cavabını verirsən. Gülər atası evindən qayıtmasa, canından çox sevdiyi qızları necə olacaqdı, görəsən? Ayişə ilə Sənubər də Gülərlə birgə babalarının topdağıtmaz evinə getsə, Molla Qafar havalanardı. O bu illərini ancaq qızları üçün yaşamışdı. Nə etmişdisə, onlar üçün etmişdi. Ayişə təmkinli, Sənubər şıltaqdı. İkisi bir yerdə olanda tamamlanırdılar. Onları bircə gün görməsə, rahat yata bilmirdi. Güləri dədəsi evinə buraxmaq olmazdı. Gülər getsə, qızlar da gedəcəkdilər.
Molla Qafar axşam evə dönəndə gözlərinə inanmadı. Gülər qayıtmışdı. Sarışınla şüşəli eyvanda oturub nə haqdasa şirin-şirin söhbət edirdilər. Onu görən təki ayağa qalxıb yataq otağına keçdi. Molla Qafar da Sarışının verdiyi salamı dilucu alıb arvadının arxasınca açıq qapıdan içəri adladı. Gülər taxta döşəmənin üstündə bardaş qurub oturmuşdu. Gözləri alov-alov yanırdı. Molla Qafarın içəri girdiyini görüb əli ilə ona “Aşağı otur” işarəsini verdi. Molla Qafar arvadına qulaq asıb itaətlə döşəməyə çökdü. Gülər: – “Danış. Ürəyin boşalsın. Səni eşidirəm” – dedi. Molla Qafar: – “Nəyi danışım? – soruşdu. Gülər: – “Sarışın mənə bəzi xatirələr danışdı. Sənin bu işdə günahın yox imiş. Ona görə qayıtdım. Gerisini özün de ki, başqasından eşitməyim” – dedi. Və Molla Qafar hər şeyi olduğu kimi açıb Gülərə söylədi. Gülər onu səbirlə dinləyib döşəmədə dizi üstə dikəldi. Bir neçə dəqiqə Molla Qafarın gözünün içinə baxandan sonra ondan: – “İndi sən özünü kişi sayırsan?” – soruşdu. Molla Qafar dinmədi. Gülər: – “Sənin o atası bəlli olmayan oğlun mənə də, qızlarına da başqa gözlə baxır e, xəbərin var?” – soruşdu. Molla Qafar: – “Mən onu evdən necə qovum, axı o, Allah qonağıdır” – dedi. Gülər daha heç nə danışmayıb yataq otağını yığışdrımağa başladı. Və Molla Qafar başa düşdü ki, Gülər atası evinə getməyəcək. Şükür edib Gülərə: – “Çox sağ ol” – dedi. Gülər əlindəki üçkünc balıncı çarpayının üstünə tolamazlayıb: – “Sən mənim üçün bir kişi kimi artıq ölmüsən. Bundan sonra ancaq qızlarıma baxacam” – qışqırdı.
Molla Qafar bir söz deməyib otaqdan çölə çıxdı. Sarışın şüşəli eyvanda Çoban Alının quduz olmuş itini qucaqlayıb “selfi” edirdi. Molla Qafar gözlərinə inanmadı. Bütün kəndin canavar qədər qorxduğu vəhşi it Sarışına qısılıb əl iti kimi ağzından su axıda-axıda ləhləyirdi. Gözlərində sevgi əmələ gəlmişdi. Yazıq-yazıq zingildəyirdi. Molla Qafar itdən qorxa-qorxa salavat çevirib Sarışını yanına cağırdı. Sarışın iti küçəyə ötürdü. Eşikdən içəri qaça-qaça gəlib Molla Qafarın boynuna sarıldı. Sarışın hər dəfə adamın gözünə bir cür dəyirdi. Bu gün arıq və zərifdi.
– “Oğlum olmağına oğlumsan. Bu heç. Buna inandım. Amma de görüm planların nədir? Bundan sonra nə etmək fikrindəsən? Sovet dövləti artıq dağılıb, bilirsən. Sən başqa bir ölkənin vətəndaşısan. Burda qalmaqdan ötrü gərək vətəndaşlığı qəbul edəsən. Bu da sənə asan gəlməsin. Bunun əsgərliyi var, qeydiyyatı var. Səni gərək Gülər də qəbul edə. Məni başa düşürsən?.. Belə işlər asan həll olunmur”.
Sarışın sevinə-sevinə: – “Mən orda qeydiyyatdan çıxmışam. Bura da sənlikdir. Bələdiyyə deyilsən? Məni üstünə yazdıracaqsan, vəssalam. Qanunları bilirəm, ürəyini sıxma” – dedi.
Molla Qafar Sarışının köynəyinin boynundan tutub yaxına çəkdi ki, dediyi sözləri Gülər eşitməsin: – “Anan məndən nə danışırdı?”.
Sarışın da pıçıltıyla: – “O ancaq səni sevib. Səndən sonra bircə kişiyə belə gözünün ucuyla baxmayıb” – dedi.
Molla Qafarın üzündə qəribə bir istehza əmələ gəldi. Bu istehzanı hara istəsən, yoza bilərdin. Sarışın onu necəsə sevgiyə yozdu. Və molla Qafarın tüklü üzündən öpüb ucadan: – “Ata, bilirsən ən böyük arzum nədir? Mən də sənin kimi molla olum. Sənin yolunu davam edim. Ənənə ilə yaşayım” – dedi.
Molla Qafarın qəfil qulaqları tutuldu. Sarışının gur səsinə qızlar da dəhlizə yüyürdülər. Sənubər gülə-gülə Sarışından: – “Sən rəngdə molla olar?” – soruşdu.
Sarışın: “Rəngim xoşunuza gəlməz, rənglərsiniz. Əsas imandır” – söylədi.
Molla Qafar Sarışının sözünü ağzında qoyub yenidən yataq otağına qayıtdı. Buxara papağını başına qoyub məscidə getmək üçün küçəyə çıxdı. Götür-qoy edib fikirləşməliydi. Məsələ qəlizləşirdi. Sarışın həyatına ömürlük gəlibmiş. O buna hazır idimi?.. Bu vaxt məsçiddə adam olmurdu. Özüylə baş-başa qala biləcəkdi, təkliyi uşaqlıqdan sevirdi. Özüylə danışmaqdan həzz alırdı. Sakitləşirdi. Məscid, doğrudan da, boşdu. “Nə qədər xətrin istəyir, öz-özünlə danış, Molla Qafar. Görüm bu müşkülün həllini tapa biləcəksənmi?” son düşüncələrini boşluqdu deyə, ucadan dedi. Minbərin yanında çöməlib kürəyini divara söykədi. Elə ağzını açıb ölənlərin ruhuna bir siftə fatihəsi vermək istəyirdi ki, sarı Həmidin gülər gözləri məsçid qapılarından içəri zilləndi.
– “Gəlmək olar?” – Sarı Həmidin səsi kinayəliydi.
– “Məsçidə girməkdən ötrü icazə almırlar” – bunu sükutu pozulduğundan sinirlənən Molla Qafar dedi.
Sarı Həmid məscidə girib ədəblə salam verdi.
Ayağını çəkə-çəkə yaxınlaşıb Molla Qafarın yanında yerə çöməldi.
Üzünü molla Qafara tutub: – “Sənə bir sual verəcəm” – dedi.
– “Yenə yuxu görmüsən?”
Sarı Həmid: – “Yox.Yuxu deyil” – dedi.
Molla Qafar: – “Buyur, ver sualını” – pıçıldadı.
– Molla Qafar, düz deyirlər ki, Məryəm ana İsa peyğəmbəri bakirə ikən doğub?” – deyən sarı Həmidin gözlərində şeytancıqlar oynaşdı.
Molla Qafar: – “Uzaqdangəlmişlik eləmə. Sözünün mustafasını de” – dedi.
– “Bu Sarışın ancaq bir yolla sənin oğlun ola bilər. Sən bunun anasına nəsə eləsən. Eləmisənsə, heç. Eləməmisənsə, deməli, sən Məryəm ana kimi müqəddəssən?”
Molla Qafarı gülmək tutdu: – “Eləmişəm. Sakit ol” – dedi.
Sarı Həmid elə bil yüngülləşdi: – “Deyirəm axı... Adam lap təmiz adamdan qorxur. Yaxşı ki, o qədər təmiz deyilsən. Bizlərdənsən, doğmasan.Yoxsa sən hara, Məryəm ana hara?”
Molla Qafar: – “Cavanlıq səhvidi də, Həmid. Cahil olmuşam. Bilməmişəm. And olsun Allaha, o Sarışının anasından başqa daha heç bir günahım olmayıb” – pıçıdadı.
– İnanıram. Arvad mənə deyir ki, Molla Qafar heç vədə günah iş tutmaz. O, pak adamdı. Uşaq onun deyil. Həkimlər çaşıb... Amma sənə oxşayır e, Qafar”.
Molla Qafar köksünü ötürüb: – “Oxşamağı başına dəysin. İndi də molla olmaq fikrinə düşüb” – dedi və əliylə döşəməyə dayaq verib ayağa qalxdı. İşin qəribəliyindən sarı Həmid də yerindən hövləng dikəlib: – “Sarılardan molla ola bilməz bəyəm?” – soruşdu.
Molla Qafar Sarı Həmidə cavab verməyib məsciddən çıxdı.
Sarışın kəndə də, kəndlilərə də çox tez alışdı. Elə bil burda doğulmuşdu. Buranın havasına təndi. Elə bil Armavir dediyin yer elə buraydı. Bir ayın içində təmiz kənd ləhcəsiylə danışmağa başladı. Kəndin adamı kimi itini də, atını da özünə öyrəşdirdi. Onsuz nə yas oldu, nə də toy. Bir gün onu görməyəndə kənd adamları darıxdılar. Gülərin dədəsi belə hər dəfə görüşəndə Sarışının alnından öpüb ona “Belə oğulu Allah saxlasın” dedi. Sarı Həmidin Sarışınla bağlı dediyi “son nəticə” isə kəndə teleqram kimi gəldi: “Molla Qafar Armavirdə Buratinonun dədəsi kimi Sarışını taxtadan qayırıb. Onun anası-zadı yoxdur. Molla Qafar müqəddəs adamdır. Sarışın da əllamədir”. Burnunu deyə bilmərəm, adamın Allahı var, Sarışının burnu Buratino kimi bir o qədər də uzun alınmamışdı. Amma onun da, deyəsən, uzun yerləri vardı. Kəndin qadını, qızı Sarışını görən kimi nədənsə ağlını itirirdi. Nə danışdığını, nə dediyini unudurdu. Onun qırmızı şəhvani haləsi altında məst olub huşa gedirdi. Bütün kənd ona qız soraqlayırdı. Molla Qafarı görən qadınların elliyi bir ağızdan: – “Qafar qardaş, bu Sarışını evləndir getsin, gözü-başı qaynayır, bir iş çıxaracaq” – deyirdilər. Axırda evlənmək məsələsini Sarışının özü həll etdi. Dul qalmış Səkinə arvadın xırda qızı Nazlı ilə harda danışdı, nə danışdı, heç kəs görmədi. Əvəzində bir gün hamı onu gördü ki Nazlı Sarışından hamilədi. Və məsələ Nazlının qarnı kimi şişib. Molla Qafar bu şişkinlikdən sonra məcbur olub məktəbin qarşısındakı yaşıllıqda Sarışına tələsik toy elədi. Və elə bil o toydan sonra Sarışın bir az da qaralıb kəndlilərə qarışdı. Oğlanın Sarışınlığı elə bil bir az azaldı. İndi uzaqdan baxanda onu kəndlilərdən ayırmaq olmurdu. Deyirdin, onu anası Valentina yox, Gülər doğub. İçində paslı mıx kimi ilişib qalmış keçmişinə nifrət edə-edə Gülərin qədimi üzüyünü Sarışın üçün Nazlının qalın barmağına taxan Molla Qafardan savayı hamı Sarışını sevirdi. Elə bil onun üzündə şeytan tükü vardı. Görən gədəyə vurulurdu. Sarışın evlənən gündən Molla Qafarın evində qalmadı. Özünə kəndin ucqarı sayılan “çaqqal dərəsi”ndə taxtadan təzə daxma qaraltdı. Molla Qafardan savayı hamı ona alışdı. Ancaq Molla Qafar baş verənləri anlamaya-anlamaya qəzaya, qədərə bağladı. İlahinın imtahanına yozdu. Sonda axırının xeyir olmasını Allahdan istəyib istixarə elədi. Sarışınla Molla Qafar çox az-az danışardı. Az-az görüşərdi. Molla Qafar Sarışından ürəyinin gizlinində qorxardı. Üzündə-gözündə dolaşan qırmızı şəhvanilik Molla Qafarı diksindirərdi. Sarışının Qafarın ürəyindən xəbər yox idi. Kimi gördü, harda gördü, çənəsinin altına salıb saatlarla atasından danışardı. Hansı işin qulpundan yapışır-yapışsın, aşırardı. Əlindən hər iş gələrdi. Armavirdən gələndən kəndlilər üçün aran yerdə yeddi sulu quyu qazmışdı. Kəndə dağlardan bulaq suyu çəkmişdi. Yolları, körpüləri təkbaşına təmir eləmişdi. Hamı başına and içirdi. Kəndə birinci velosipedi, motosikleti də o gətirmişdi. Gedib şəhərdən kreditə götürdüyü televizorları bir-bir kənd evlərinə paylamışdı. Bütün kəndi türk seriallarına alışdırmışdı. Uşaqlar o gələndən sonra serial dillərində dil açıb serial qəhrəmanları kimi danışırdılar. Dünən də Qafarın evinə gəlib xahiş etmişdi ki, ona mollalığı öyrətsin, molla olmaq istəyir. Molla Qafar Sarışının anasını xatırlayıb ilk dəfə ona qəti “Yox” demişdi. Onların arasına düşən çat da bu qəti “Yox”dan sonra başladı.
Sarışın üzdən Qafara oxşasa da, əməllərindən oxşamırdı. Əməllərində biclik vardı. Kəndi özünə məqsədsiz yerə ram etmirdi. Qafarı da ən çox qorxudan buydu. Ona həyatın ləzzəti kədərindən yaxın idi. Sarışın ölümdən, Allahdan qorxmurdu. O heç nədən qorxmadığı üçün qorxuluydu. Sarışın həyatı an bilirdi. Və bu anı öz xeyrinə dəyişməyi sevirdi. Axirəti anlamırdı və qəbul etmirdi. O, həzz adamıydı, tövbəsi yoxdu, Allaha təslim olmamışdı. Özünə qadağa qoyanlardan deyildi. O indi, bu gün, bu dəqiqə olanlardan ləzzət almağı sevirdi. Onun üçün nə keçmiş var idi, nə gələcək. O indinin adamıydı. Məzluma qalib gəlirdi, özündən zəifi bağışlamırdı. Qadağaları belə həyasızcasına ləzzətə çevirirdi. Adam var ki, günah etdiyini biləndə qorxur. Günahı təninin ağlı ilə etsə də, daxildə peşmançılıq çəkir. Bu daxil onun vicdanıdır. Etdiyi günahın əziyyətini illərlə yaşayır. Belə adamın nizamı, daxli yazısı imandandır. Özü dərk etməsə də, nizamı Allahdandır. Adam da var ki, etdiyi günahdan həzz alır. Günah edəndə və sonra heç bir peşmançılıq çəkmir. Sarışın günahından belə həzz alanlardan idi. Onun yazısında peşmançılıq yox idi. Günah elə bil onun qanında, canında idi. Molla Qafar da buna görə ildırım kimi ömrünə daxil olmuş Sarışının molla olmasını istəmirdi. Ona görə yox ki, Sarışın imana gələ bilməzdi. Ona görə ki, Sarışın imanı belə öz iradəsi ilə dəyiçəcəkdi. Onun buna gücü və iradəsi çatacaqdı. Bu gücü Molla Qafar Sarışında görürdü. Elə ona görə də ondan qorxurdu. Sarışın atasının qəti “Yox” deməsindən sonra bir də bu məsələyə qayıtmadı. Başını aşağı salıb xarratlığı öyrəndi. Amma bu “Yox” – dan sonra gözlərində qəribə bir gülüş əmələ gəldi. Bir müddətdən sonra onun xarratlığından da dastanlar danışılmağa başlandı.
Sarışının gəlişindən sonrakı həyat təzə-təzə məcrasına düşürdü ki, dəhşətli xəbər kəndi sarsıtdı. Molla Qafarın kiçik qızı Sənubər günün günorta cağı yoxa çıxdı. Əvvəlcə Molla Qafar, sonra bütün kəndlilər ətrafı ələk-vələk elədilər. Xeyri olmadı. Elə bil qız yağlı əppək olub göyə çəkilmişdi. Gördüm deyən yoxdu. Şəhərə zəng vurub polis çağırdılar. Polis iki günlük axtarışlardan sonra qızı “çaqqal dərəsi”nin arxasındakı lal uçurumdan ölü tapdı. Onun caqqallar didmiş gözəl tənini Gülərin tükürpədici ah-vayı altında şəhər xəstəxanasına apardılar. Qızın bədənini ekspertiza etmək üçün yarmış pataloq-anatom eşiyə çıxan kimi Molla Qafarı otağına dəvət etdi. İçəridə ondan: – “Qızının hamilə olmasından xəbərin var idimi?” – soruşdu. Molla Qafar Sənubərin ölməsindən çox, hamilə olmasından sarsıldı. Axı Sənubər körpə uşaq idi. Evdən eşiyə çıxmırdı. Məktəbə getmirdi, oğlanla görüşmək nədir?.. Bir də kənddə onunla yaxınlıq edəcək ərgən oğlan uşağı, demək olar ki, yox idi. Molla Qafar daha bir sirri ürəyinə gömüb kəndə qayıtmalıydı. Buna ürəyi dözəcəkdimi? Bu sirri kimə deyəsən? Necə deyəsən?.. Həkimdən də, polisdən də məsələni ağartmamağı xahiş edib ciblərinə pul basdı. Onlar Sənubərin ölümünü intihar kimi qeydiyyata salıb işi bağladılar. Molla Qafar ölüm kağızlarına son dəfə qol çəkəndə müstəntiqdən: – “Uşaq neçə aylıq idi?” – soruşdu. Müstəntiq: – “O qədər də böyük uşaq deyildi” – dedi. Molla Qafar o hadisədən sonra heç kimlə kəlmə belə kəsmədi. Günlərlə dinib-danışmadı. Dəli kimi tək gəzib tək dolaşdı. Sənubərin ölümünü öz günahına yazıb içinə çökdü. Qızının qatili kim idi? Onu kim zorlamışdı? Görəsən, o adamla üz-üzə gəlsəydi, Molla Qafar özünü necə aparacaqdı? Allahı unudub o adamı öz əlləriylə boğacaqdımı?.. Görəsən, Allah Sənubərin ölümüylə ona nə demək istəyirdi?.. Onu bu ağır imtahana niyə çəkirdi? Nəyi anlamalıydı? Səhvi nəydi? Nə günah etmişdi?..
...Sarışın Sənubərin yasında əldə-ayaqdaydı. Hamıdan çox ağlayırdı. Hamıdan bərk danışırdı. Gələnin, gedənin qulluğunda dururdu. Kənd cavanları kimi Sənubərə yas tutub saqqal da saxlamışdı. Ağsaqqallar onun Molla Qafara bir hədiyyə olduğunu deyirdilər. Ağbirçəklər onu məhrəm bilib yanında yaşmaqlanmırdılar. Sarışın hamının məhrəminə, doğmasına çevrilmişdi. Təkcə Molla Qafar Sarışına tərəf gözünün ucuyla belə baxmırdı. Başına gələn bütün bədlikləri onun adıyla bağlayırdı. Ondan haçansa gələcək daha böyük təhlükəni ağlı ilə dərk edə bilməsə də, hiss edirdi. Daha bundan artıq nə təhlükə olacaqdı? Gözəl-göyçək Sənubəri kimsə aldadıb zorlamışdı. O da təhqirə dözməyib özünü uçurumdan aşağı atmışdı. Molla Qafar bu vicdansızı tapıb öz əliylə boğmalıydı. Şübhələndiyi adam da vardı: öz oğlu Sarışın. Bunu ona necə sübut etsin? Sübutu yox idi. Gümanı min yerə getsə də, imanı onu addım atmağa qoymurdu. Bəlkə, bu işi heç Sarışın eləməyib. Onda kim eləyib? Nə qədər düşünürdü, Sarışından savayı ağlına heç kim gəlmirdi. Kənd adamları halal süd əmmiş adamlar idilər. Onlardan heç kəs belə bir iş eləməzdi. Sənubərin özü də imanlıydı. Onu aldada biləcək adam ancaq doğma adam ola bilərdi.
Molla Qafar gecələrin birində heç zaman açmadığı qapını təpiklə açıb Sarışının daxmasına girdi. Nazlı yeni doğulan oğlunu əmizdirirdi. Sinəsini örtüb utana-utana ayağa qalxdı. Sarışın divanda uzanmışdı. Molla Qafarıın içəri girdiyini görüb döşəməyə atıldı. Ən əvvəl Sarışın Molla Qafarın əllərinə baxdı. Onun silahsız olduğunu görüb toxtadı. Kandarda durmuş Molla Qafarın üzündəki kədəri gördükdən sonra isə istehza ilə gülümsündü. Bu gülüş Qafarın gözündən yayınmadı. Sarışın əllərini irəli açıb: – “Atam evimə xoş gəlib” – dedi. Molla Qafar Sarışına heç nə demədi. Nazlının əlindən uşağı zorla çəkib aldı. Bir həmlə ilə uşağı soyundurub işığın altına tutdu. Sarışının oğlu ona yad göründü. Uşaq başqa qandan idi. Molla Qafarın nəslində belə oğlanlar doğulmurdular. Molla Qafar nifrətlə sarşına baxıb: – “Başqa qadından uşağın yoxdur?” – xəbər aldı. Sarışın irişə-irişə: – “Xeyr, ata. Mən ancaq öz ailəmdə uşaq əkirəm” – dedi. Molla Qafar ucadan ağlayan lüt uşağı Nazlıya qaytarıb diqqətlə Sarışının gözlərinin içinə baxdı. Beləcə bir xeyli baxandan sonra: – “Mən o işin axırına çıxacam” – dedi.Və çevrilib otaqdan çıxdı. Nazlı molla Qafarın qəfil hirsini anlamadığından qorxub ağlamsındı. Sarışın arvadından fərqli olaraq, Molla Qafarın gəlişinə sevinmişdi. Elə bu sevinclə də əllərini bir-birinə sürtüb Nazlının yanağından öpdü. Sonra da: – Yemək gətir, acmışam” – dedi.
Sarışının gəlişi molla Qafarı çox dəyişmişdi. Bunu Gülər də hiss edirdi. Daha Quran oxuyub ibadətlə məşğul olmurdu. Namazından, orucundan qalmışdı. Bütün günü Allaha çətin imtahan verirəm, deyib gözlərini bir nöqtəyə zilləyərdi. Məktəbə də həvəsi qalmamışdı. Daha din dərsləri keçmirdi. “Zamanı gələndə uşaqlar özləri Allahı qanacaqlar. Allah kitablarda deyil, əməllərdə imiş” – deyib məktəbdən yayınırdı. Həyatdan da ləzzət almırdı. Sağ qalmış yeganə qızı Ayişənin üzünü belə görmək istəmirdi. Ancaq taxtın üstündə oturub papiros çəkə-çəkə nə haqdasa düşünürdü. Adam içində olanda belə öz-özüylə danışırdı. Yuxudan hövləng oyanıb səbəbsiz yerə ağlayırdı. Kimisə bərkdən söyüb: – “Səni gec-tez öldürəcəm” – qışqırırdı. Bir gecə Güləri yuxudan qaldırıb: – “O, mənim günahımdır, dirilib arxamca gəlib. Ömrümdə bir dəfə günah etmişəm. Onun da bədəli qızım Sənubər oldu” – demişdi. Molla Qafar Gülərdən də soyumuşdu. Daha heç kəsi sevmirdi. Bütün günü öz aləmindəydi. Səhər-axşam sərasər Sarışını düşünürdü. Görəsən, Sarışın kim idi? Onu Qafarın evinə kim göndərmişdi? Sənubəri kim zorladı? Allah bütün bu olanlardan xəbərdardırmı? Onun hökmü olmadan bu dünyada heç nə baş vermir. Niyə bu baş verənlər onun başına gəlir?.. Tanıdığı bütün adamların günahı vardı. Onlarındamı günahları Sarışın təki arxalarınca gəlib nizamlı həyatlarını alt-üst edib? Yoxsa Allah ancaq sevdiyi bəndələrini imtahana çəkir?.. Axı o, Sarışının anası Valentinanı fahişə etməmişdi. Hamı kimi, o da Valentinadan bir neçə günlük həzz almışdı. Bu idimi onun günahı?.. Bu günahın əvəzi günahsız Sənubər olmalıydımı?.. Həmin gecə Valentina ilə gör necə kişi əylənmişdi. Bəs necə olmuşdu ki, Valentina ondan uşağa qalmışdı. Allahdan gələn bəla ilə barışmaq çətin imiş. O bu çətin yolu seçsə də, özüylə artıq bacarmırdı. Sarışını öldürmək istəyirdi. Qisas almaq fikrindəydi. Belə olan zamanlar, görəsən, iradəsini kim idarə edirdi? Özümü? Son günlər buna şübhə edirdi. Sarışın ondan evini, sevgisini, illərlə yaratdığı könül nizamını və nəhayət, qızının canını istədi. O bütün bunları ona könüllü verdi. Özündən asılı olmadan sevgi ilə verdi. Sarışın gəlişi ilə onun sakitliyini pozdu. Onu dəyişdi, kiçiltdi. Alçaltdı və şübhələrə saldı. Bu gəliş qədər idimi?.. Tale idimi?.. Yazı idimi?.. O bütün bunlara dözür, qiyam etmir. Sonda Sarışın imanının, sevgilərinin, yəqinliyinin davamı olmaq istədi. Burda o, Sarışının fahişə oğlu olduğunu xatırladı və onu öz davamı kimi görməyə razı olmadı. Ona görə razı olmadı ki, Sarışının anası fahişə idi. Fahişənin oğluna imanmı etibar etmək olardı? Bax burda imiş bütün sualların cavabı. Molla Qafar olanların niyə olduğunu, nəhayət ki, anladı. Həqiqət ona birdən-birə aşkar oldu. Sənubərin ölümü özünü Sarışından üstün bilməsinin cəzası imiş. Axı ona fahişəyə qiymət vermək ixtiyarını kim vermişdi?.. Yəqin buna görə də qızı fahişə kimi ölmüşdü. O gərək gənc olan zamanlarda da Valentinaya fahişə təki baxmayaydı. Onu məsum qız təki sevəydi. Bağışlayıb qadını edəydi. Görünür, Valentina onun taleyi, yazısı imiş. Və o bunu anlamadan taleyinin acığına, ziddinə gedib. Özünü fahişədən üstün bilib. Bununla da hansısa qanunları pozub. İndi də bu səhvə görə Valentinanın oğlu ondan intiqam alır. Bu idimi ilahi nizam?.. Axı o fahişəni necə sevmək olardı?.. Bu suala Molla Qafar hələ də cavab tapa bilməmişdi.
Molla Qafar böyük qızı Ayişəni çox sevirdi. Ayişə namaz əhliydi. Doğlulandan ağzı dualıydı. Dünya elmlərinə meyli olmadığından Molla Qafar onu məktəbə qoymamışdı. Evdə oturub taleyinə boyun əyən bütün kənd qızları kimi, Ayişə də Allahından razı idi. Onun bu dünya ilə höcəti yox idi. Barış və hüzn, ovqatına təndi. Özünə karyera qurmağa çalışan fikri qarışıq qızları Ayişə sevməzdi. Bacısı Sənubərdən fərqli olaraq, o heç zaman icazə almadan evdən küçəyə belə çıxmamışdı. Çox sadəlövh və bir az da avam idi. Molla Qafarı da ən çox qorxudan onun həddindən artıq saf olması idi. Bacısının qəfil ölümündən sarsılmış Ayişə mehrini Sarışına salmışdı. Bütün günü onun yenicə doğulmuş körpəsi ilə əylənərək başını qarışdırırdı. Bacısına olan nisgilini uşaqla ovudurdu. Sarışınla onun qəribə yaxınlıq halələri vardı. Harda olurlar-olsunlar, elə bil bir-birlərini maqnit kimi cəzb edirdilər. Bir-birlərinə siam ekizləri kimi pərçimlənirdilər. Bu təmasa ruhların savaşı da demək olardı, doğma qəlblərin yaxınlığı da. Onlar eyni dam altında olanda astral halələrinin toqquşmasından qıcıqlanıb dəli kimi olurdular. Bir-birlərini görməyəndə də eyni cür olub otaqda var-gəl edirdilər. Bir yerdə olanda da, olmayanda da bir-birləri üçün narahat idilər. Onların arasında olan bu gərginlik ən çox Nazlıya ziyan idi. Demək olar ki, bu gərginlikdən hər gün Nazlının ürəyi gedirdi. Ayişə də Nazlı kimi baş verən bu qəribəlikləri anlamırdı. Bu olanların niyə olduğunu dərk edə bilmirdi. Sarışın onun qardaşı idi. Bu qardaşlıq ona bəs idi. Son zamanalr atasının tənhalaşması, anasının evdən soyuması Ayişəni incidirdi. Ölənlə ölmək olmazdı. Bir zamanlar kəndin ən şən ailəsi sayılan ailələrinin daha üzü gülmürdü. Sənubərin ölümü evlərinə payız rəngi gətirmişdi. Bir də bu evə çətin gün doğardı. Sarışın isə tamam başqaydı. Onun qəmi bircə anda söndürməyə qadir gücü vardı.Və bu güc indi çətin anlarını yaşayan Ayişəyə çox gərəkdi. Ayişə çox gözəl qız idi. Qonşu kəndlərdən belə elçiləri vardı. Hər dəfə elçilərinə bir bəhanə ilə yox deyib, işi yubadardı. Özü də niyə belə etdiyini bilmirdi. Sanki bir səs ona ərə getməyin hələ tez olduğunu pıçıldayırdı. O da bu pıçıtıya dinməz itaət edirdi.
Molla Qafar otağa girəndə Ayişə namazını qılıb qurtarmışdı. Eləcə döşəmədə dizi üstə oturub Sənubərin bağışlanması üçün dualar edirdi. Atasının içəri girdiyini görüb ayağa qalxmaq istədi. Molla Qafar çiynindən aşağı basıb qoymadı.
– “Allah namazını qəbul etsin, qızım” – deyib söhbətin uzun olcağına işarə etdi. Hər dəfə söhbət uzun olanda Molla Qafar nədənsə namazın qəbul olunmasından başlardı.
– “Çox sağ ol, ata”. – Ayişə də səsinin sakit tonu ilə atasına söhbətə hazıram işarəsini verdi.
– “Sən indi mənim yeganə balamsan, Ayişə. Atanı dinlə. O Sarışından uzaq dur. Ondan bizə xeyir gəlmir”.
– “O sənin oğlun deyil, ata?” – soruşan Ayişənin üzündə təəccüb əmələ gəldi.
Molla Qafar bu suala cavab verməyib: – “Ondan bizə bəla gəlir, görmürsən?” – dedi.
– “Axı sənə kim deyib ki, ömrün hamar olmalıdır. Həyatında itkilər də olacaq, uğurlar da. İş odur ki, imtahandan üzüağ çıxmağı bacarasan. Sənə dərd göndəriləndə başqalarını günahkar bilməyəsən. Bəlkə, elə günah özündədir?”
Molla Qafar qızının dini məntiqini sarsıda bilməyəcəyini anlayıb: - Bəlkə, gedib o Sarışının evində yaşayasan?” – qışqırdı.
Ayişə atasına cavab qaytarmadı. Ayağa qalxıb otaqdan eşiyə çıxdı.
Molla Qafar bilmədi neynəsin. Sarışının adı artıq evinin içindəydi. Hər yerdə, hamıda bir Sarışın məntiqi yaranmışdı.
Molla Qafar dəhlizə çıxıb qorxa-qorxa: – “Gülər... Gülər” – çığırdı.
Gülərin səsi gəlmirdi.Yəqin, o da nəvəsinə baş çəkməkdən ötrü Sarışının daxmasına getmişdi.
Bir səhər kəndə böyük vəzifəli şəhərlilər gəldi. Klubun qarşısında xırda toplantı keçirib Molla Qafarı bələdiyyə sədri vəzifəsindən çıxartdılar. “Öz-özüylə danışan bələdiyyə sədri bizə gərək deyil” dedilər. “Bələdiyyə sədri zirək olmalıdır, əkməlidir, biçməlidir, qışa tədarük görməlidir. İşlək olmayan bələdiyyə sədri kimə lazımdır? ”Şəhərlilər uzun sözlərinin axırında Molla Qafarın yerinə Sarışını təyin edib yenidən deyə-gülə maşınlarına doluşdular. Gethagetdə arxa maşının açıq şüşəliyindən başını çölə çıxarmış bir suyuşirin qadın Molla Qafara: – “Molla, balta xaltanı kəsdi ha” – qeyib ucadan güldü. O gülən, bu gülən, Molla Qafara elə gəldi ki, bütün kənd ona gülür. O gündən Molla Qafar gülüşdən də qorxub yan gəzdi.
Sarışın Bələdiyyə sədri olan kimi qollarını çırmalayıb işə girişdi. Başlanğıc üçün məktəbdə ingilis dili kursları yaradıb İngiltərə səfirliyini kəndə dəvət etdi. “Çaqqal dərəsi”nə iki turist marşrutu açıb şəhərliləri “ekstrim turlar”a çağırdı. Əkinə yatan torpaqları varlı şəhərlilərə satdı. İstirahət üçün villalar tikdirib restoranlar açdı. Torpaq yolları asfalt yollarla dəyişdi. Və ən nəhayət, kəndlilərə söz verdi ki, Armavirdən kəndə dəmiryolu çəkdirəcək. Onun işləkliyi kənd uşaqlarını da yerindən dəbərtdi. Oğlanlı-qızlı ingilis dili öyrənən kənd uşaqları Molla Qafardan ağır dərslər tələb etməyə başladılar. Onlar yeni texnologiyaları öyrənmək istəyirdilər. Molla Qafarın da dindən savayı heç nədən başı çıxmırdı. Və beləcə uşaqlar Molla Qafarın üzünə ağ olub onu məktəbdən də qovdular. İki gün sonra məktəbə şəhərdən yeni müəllimlər gəldi. Və molla Qafar məktəblə də üzülüşdü. Onu məktəb direktoru vəzifəsindən də çıxartdılar.
Molla Qafarın bu qədər kiçilməsi ən çox Gülərə təsir etmişdi. Necə olsa, Molla Qafar onun adıydı. Uşaqlarının atasıydı. İnsafən, Molla Qafar ona pis ər olmamışdı. Bütün günü ailəsinə qul olub pul qazanmışdı. O ki qaldı qadınlarla əylənməyə, hansı kişi qadınla əylənmir ki? Sadəcə, bunun əməli misə dəyib səs saldı. Bir də Sarışının kəndə yiyəlik eləməsi Gülərə yer eləmişdi. “Yersiz gəldi, yerli qaç” olan Sarışın gələr-gəlməz atasının bütün işlərini əlindən almışdı. Amma adamın Allahı vardı, Molla Qafarın sağalmasını Sarışın da istəyirdi. Demək olar ki, hər gün Gülərə “Sən Allah atamın üzünə yaxşı bax. Onun buzunu əritsən, ancaq sən açacaqsan” – deyirdi.
Axşam Gülər ərinin qarşısına çayı bir az yumşaq qoyub gözünün altıyla üzünə baxdı. Kişinin cini çıxmışdı. Əməllicə sınıxmışdı. Gülər ixtiyarsız olaraq əlini qaldırıb ərinin tüklü üzünə çəkdi. Molla Qafar duyğulandı. Başını Gülərin ovcuna qoyub biləyini boynu ilə sıxdı. Baxışları toqquşanda Molla Qafar hönkürtüylə ağlamağa başaldı. Sözləri göz yaşına büküldüyündən yamyaş idi: – “Sənubəri Sarışın ölüdürüb. Ayişəni də əlimdən alıb. Bir azdan səni də məndən ayıracaq. Onunla bacarmıram”. Gülər əliylə ərinin sözlərini sığallayıb sinəsinə qısıldı. Molla Qafara bu təmas bəs idi. Dizlərinə güc gəldi. Kişi ağlamaz, düşünüb toparlandı. Ayağa qalxıb otaqdan çölə çıxdı. Ensiz cığırla tövləyə çatıb taxta qapını açdı. Samanlığın içində gizlətdiyi əl qumbarasını götürüb cibinə qoydu. Sarışının daxmasına çatana qədər Allah kəlamlarını bilərəkdən xatırlamadı ki, fikrindən dönməsin. Sarışının uşağını, Nazlını düşünməməyə çalışırdı. Sənubər də uşağıydı. Sarışın onu zorlayanda bunu düşünməmişdi. Ürəyi yuxalıq pis şeydir. Kişini kiçildir. Sarışın onun azan ərazisinə girmişdi. Yaratdığı nizamı pozmuşdu. Qızını öldürmüşdü. Yəni bütün bunlardan sonra Molla Qafar ondan qisas ala bilməzdi? Sarışının daxması kənd evlərindən aralıydı deyə, həyəti uzaqdan görünürdü. Nazlı həyətin ortasında iri ləyəndə paltar yuyurdu. Uşaq da həyətdəydi. Əlində tutduğu “qalac” çörəyini diddələyirdi. Molla Qafar “Uşağın günahından azad oldum” – düşündü. Sinə-sinə daxmanın pəncərələrinə qədər gəlib içəri boylandı. Sarışın içəridə saçları çiyninə qədər tökülmüş bir qadınla sevişirdi. Bu qadın kim ola bilərdi, görəsən?.. Qafarın ürəyinə elə bil bıçaq soxdular. Nazlının günüsümü var? Sarışın ikinci arvad alıb? Axı Nazlı evdə ola-ola, Sarışın bura başqa qadın gətirə bilməzdi. Onun işindən Allah da baş çıxarmır. Ondan ancaq qumbara ilə qurtulmaq olacaq. Molla Qafar çox gözləyə bilməzdi. Gülər duyuq düşüb kəndi ayağa qaldıra bilərdi. Əl qumbarasını cibindən çıxarıb halqasını çəkdi. Pəncərənin şüşəsini yavaşca taqqıldatdı ki, Sarışın səsə tərəf gəlsin. Sarışından qabaq sevişdiyi qadın səsə boylandı. Molla Qafar şüşəni yumruqları ilə sındırıb qumbaranı içəri atdı. Səsə çevrilib döşəməyə düşən qadının Ayişə olduğunu da ancaq qumbara partlayandan sonra gördü. Qumbara Ayişənin sinəsində partladığından qızın bədəni bircə anda tikə-tikə oldu. Sarışın Ayişənin parça-tikə olmuş bədəninə paltar geyindirə -geyindirə: – “Molla Qafar bacımı öldürdü, ay camaaat” – deyə bağırdı. Molla Qafarın dili-ağzı qurumuşdu. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. Haçandan-haçana özünə gəlib Ayişənin üzünə baxdı. Ayişə, doğrudan da, üzdən Sarışına bənzəyirmiş....
Molla Qafarı həmin gecə həbs etdilər.
Altı ay sonra məhkəmə ona ömürlük iş kəsdi.
Qərar Molla Qafarın üzünə oxunduğu gün məhkəmə salonuna Sarışın da gəlmişdi. O, arxa sıraların birində əyninə qara paltar geyinmiş Gülərlə yanaşı oturmuşdu. Gülər nədənsə gözlərinə qara eynək taxmışdı. Dodaqlarının boyası da bir az artıqdı. Bu kiçik detallar dəmir barmaqlıq arxasında oturmuş Molla Qafarın gözündən yayınmamışdı. Məhkəmə iclasının keçirildiyi zaman Sarışın Gülərin əlini dizinin üstünə qoyub buraxmamışdı. Vəkili Molla Qafara Ayişənin də hamilə olduğunu söylədiyi an isə hər şey ona gün kimi aydın olmuşdu. Sarışın ondan ancaq qisas almağa gəlməmişdi. O, kəndə Molla Qafar olmağa gəlmişdi. Və olmuşdu da. Ən qəribəsi də bu idi ki, heç kəs Sarışının bu işləri edə biləcəyinə inanmazdı. Heç kəs onun günahkar ola biləcəyini ağlına belə gətirməzdi. Əksinə, bütün kənd onun qeyrətli oğul olmasından danışırdı. Bu insanların gözü, görəsən, necə bağlanmışdı?.. Yaxşı, deyək ki kəndlilər avamdı? Bəs müstəntiqlər?.. Axı Molla Qafarın hər iki qızı hamiləydi. Bunu kimsə etmişdi də. Qızlar öz-özünə hamilə olmamışdılar ki? Molla Qafar qızlarının Sarışınla yatmasını təhqiqatdan gizlətsə də, özündən gizlətməmişdi. Bəs niyə onun özü belə bu sirri açmırdı? Ona nə mane olurdu? Adam içinə çıxmaq? Onsuz da daha adam içinə çıxmayacaqdı. Ömürlük həbs olunmuşdu. Sarışın uzaqdan diqqətlə ona baxırdı. Molla Qafar hiss etdi ki, Sarışın onun alçalmasını, sındığını, Allahdan üz döndərdiyi anı görmək istəyir. Sarışın nəfs idi. Sarışın günah idi. Sarışın hər nə idisə, adam deyildi. Onu Allah yaratmamışdı, o, Molla Qafarın belindən gəlmişdi. Onun yaranmasından, yəqin ki, Allahın xəbəri yox idi. Molla Qafar özünü toplayıb Sarışının gözlərinin içinə baxdı. Sarışının gözləri gülürdü.
Nəhayət, Molla Qafarın üzünə hökm oxundu.
Onu bir neçə dəqiqə sonra məhkəmə salonundan həbsxanaya aparacaqdılar. Molla Qafar ağır-ağır ayağa qalxdı. Çevrilib Gülər tərəfə baxdı. Baxışalrı ilə olsa da, qadını ilə halallaşırdı. Gülər salonun ortasında Sarışını sinəsinə sıxıb ağlayırdı. Sarışının əli Gülərin bu gün bir az dik görünən döşlərinin üstündəydi. Gülər də Sarışını bir az başqa cür qucaqlamışdı. Əyninə geydiyi qara paltarının ətəyi bir az yuxarı qalxmışdı. O, əvvəllər belə paltarlar geyinməzdi. Sarışın Molla Qafar görsün deyə, sağ əlini yavaş-yavaş Gülərin kürəyindən aşağı sürüşdürüb arxasında saxladı.Və salondakı qarışıqlıqda Gülərin yumru arxasını sığallamağa başladı. Qəribəsi bu idi ki, Gülər də onun əlini geri itələmirdi. Molla Qafar nə deyəcəyini, nə edəcəyini bilmədi.Yerə tüpürüb salondan eşiyə çıxdı. Addımını atdıqca qollarını sıxan qandal qəribə səslər çıxarırdı. Maşına minənə qədər Molla Qafar heç nə düşünə bilmədi.Yenə olanları Allahın ixtiyarına buraxdı.
Ancaq gecə təkadamlıq kamerada işıqlar söndürüləndən sonra Molla Qafar döşəməyə çöküb üzünü göyə tutdu və utana-utana pıçıtıyla kimdənsə: – “Sən hələ ordasan?” – soruşdu...
Və birdən qulaqlarına açıq-aydın Sarışının səsi gəldi: – “Əlbəttə, burdayam... harda olacam?..”
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Dünya Gənc Türk Yazarlar Birliyindən yeni kitab - "Qərbi Azərbaycan hekayələri"
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" adlı layihə çərçivəsində "Qərbi Azərbaycan hekayələri" adlı kitab çap olunub.
“Ədəbiyyat və incəsənət” portalına Birlikdən verilən məluçata görə, iki dildə çap olunmuş kitabda Azərbaycandan olan müəlliflərin Qərbi Azərbaycan mövzusunda yazılmış hekayələri toplanıb.
Kitabın Azərbaycanda, Türkiyədə və Özbəkistanda geniş ictimaiyyətin iştirakı ilə təqdimat törənləri təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun dəvəti ilə İstanbul şəhərində keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına”ASAN”dan verilən məlumata görə, Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev və “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov finala yüksələn və ölkəmizi təmsil edən komandalarla görüşüb, onların uğurlarını yüksək qiymətləndirib və iştirakçıları təbrik ediblər. 43 komandada təmsil olunan gənclərin bu sahədə əldə etdiyi nailiyyətlərin ölkəmizin texnoloji inkişafına mühüm töhfə olduğu diqqətə çatdırılıb.
Festivalda, həmçinin Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Bilim Bakı” və “Bilim Quba” mərkəzlərini özündə birləşdirən “Bilim Azərbaycan” layihəsi də stendlə təmsil olunub.
Xatırladaq ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılan “Bilim Bakı” mərkəzi “TEKNOFEST”in Azərbaycandakı rəsmi koordinatorudur. Festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar hazırlıq mərhələlərini məhz bu mərkəzdə keçiriblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.
2018-ci ildən etibarən keçirilən “TEKNOFEST” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri kimi tanınır. Festivalın əsas məqsədlərindən biri gənclərin texnologiya və elm sahələrinə marağının artırılması, həmçinin onların inkişafına şərait yaradılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
8 şəhərdə abidələr ucaldan, Şamaxıda bəy, Moskvada Boyar kimi tanınan Memar
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
“Yeri tərsa qızı mən də səni sayə gəlim. Tutum damənindən kilisayə gəlim. Ya sən islamı qəbul elə, ya mən dini Məsihayə gəlim”. 700 ilə yaxındır dünya türkləri həm də, qüdrətli Azərbaycan şairləri- Seyid İmadəddin Nəsiminin, Cahan şah Həqiqinin, Hüseyn Cavidin, Məhəmmədhüseyn Şəhriyarın bu və buna oxşar, “xristian gözəllərinə” həsr olunan misralarına görə tolerantlığın ünvanı hesab edilir.
Amma kimsə əzəməti ilə Kremlin təməlini qoyub qala divarlarını, tarixi tikililərini quran, şamaxılı memar Əli ibn Sübhan Kərimi Kut Şirvaninin eşqinə Böyük Rus knyazlığının sarayını Penza Monastrına dəyişən, saçını dibdən təraş etdirib rahibəliyi qəbul edən Knyaginya Annanın Böyük sevgisindən danışmayıb. Knyaz Dmitri İvanoviçin bacısının qızı sonralar “Borodino döyüşü” kitabının əsas qəhrəmanlarından biri kimi yaddaşlara yazılan Əli İbn Sübhan oğlu Şirvanini elə-belə sevməmişdi, onu könlünün sarayında sultan etməmişdi. Ondakı Qafqazlı əzəmətini, Azərbaycanlı ürəyini sevmişdi. Sevgisi yarım budaq olsa da, ondan dönməmişdi. Qətlinə fərman verənləri, sevdasına əl uzadanları kəsdiyi hörükləri, bir daha tük gətirməsinə icazə verməyəcəyi kəlləsi ilə cəzalandırmışdı. Əli İbn Sübhan Kərimi Kut Şirvani Moskvadan ayrılanda onun günahsız başını bədənindən ayırmışdılar.
Bu yazı adına ancaq bədii ədəbiyyatda rast gəldiyimiz, təməlini qoyduğu memari incilərdə imzasını qoyan Böyük Memarın sevgisindən, həm də ona olan sonsuz sevgidən bəhs edir. Lütfən oxuyun. Bir yazıda da qeyd etmişəm: Adəm Həvvanı sevib cənnətdən, Züleyxa Yusifi sevib səltənətdən oldu. Məcnun Leylini sevib səhralara düşdü. Knyaginya Anna Şamaxılı memarı, daha doğrusu Böyük Rus Knyazlığının əsas məbədinin- Kremlin memarı Əli İbn Sübhan Kərimi Kut Şirvanini sevib saraydan oldu. Nəsiminin, Həqiqinin, Cavidin, Şəhriyarın sevdiyi “gözəllərin” yerinə onu – o, Böyük Memarı sevdi!
Memar Sinan kimi Yaxın və Orta Şərqdə nüfuz sahibi idi
Yaratdığı memari incilərlə Yaxın və Orta Şərqdə, Güney Qafqazda, Səfəvilər imperiyasında, Hindistanda məşhur olan Əli İbn Sübhan Kərimi Kut Şirvani (Əli Sübhan oğlu Kərimli) 1322-ci ildə Şamaxıda dünyaya gəldi. Soyu, soykökü, şəcərə dəftəri ilə Osmanlı Sultanlarına, Dərbəndilərə bağlı olan memar bəşəri dəyərlər xəzinəsini zənginləşdirən incilərin təməlini qoydu. Dəməşqin Bağlar bölgəsindəki qədim məhəlləsində Şərq memarlıq məktəbinə məxsus üç əzəmətli dörd mərtəbəli binanın, Dəclə çayı üzərindəki beş taclı Bağdad körpüsünün, Krım yarımadasında Bağçasaray mülkünün və fəvvarələrin, Gürcü İmeretiya Çarlığının paytaxtı Msxetada Knyaz Dodianın sarayının, Təbrizdə Kərim Ağa torcasının, Şirazda 80 otaqlı karvansaranın, Dəbir şəhərindəki Cümə Məscidinin, Şamaxıda qalıqları bu günədək qalan şəhərə giriş körpüsünün və onlarla tarixi tikilinin müəllifi kimi şöhrət tapan Memar yaratdığı abidələrlə yanaşı ədəbi qəhrəmanına çevrildiyi bədii əsərlərdə yaşayır.
Ya Əmir! Türküstanda məndən çoxdur, Şirvanşahlığında yoxdur
Memar Sinan kimi Yaxın və Orta Şərqdə tanınan, Şirvanşahlar dövlətində nüfuz sahibi olan, sarayın baş memarı kimi xüsusi hörmətə malik olan Əli İbn Sübhan Kərimi Kut Şirvani Şirvanşah İbrahimin sarayında baş köşədə yer alardı. Bu məşhuri – cahan Memarın yaratdığı abidələrə görə ona xüsusi dəyər verən dünya fatehi Əmir Teymur Azərbaycana yürüşü, Şirvanşah İbrahimlə görüşü zamanı Şirvanın iki incisi – Seyid İmadəddin Nəsimi və Əli İbn Sübhan Kərimi Kut Şirvani ilə maraqlanmışdı. Nəsiminin qolundakı buxovu açıb onun azad ruhunun dalıyca getməsinə şərait yaradan Əmir Teymur, Memar Əli İbn Sübhan Kərimi Kut Şirvanini Səmərqəndə aparmaq istəsə də, Şirvanın sərt qayaları, qalaları kimi məğrur Memarını onun Vətən sevgisinə bağışlamış, yerindən, yurdundan etməmişdi. Onu da, Şeyx İbrahimi də Peyğəmbər əlyehissəlam sevgisinə, etiqadına bağışlamışdı. Memarı Qarabağdakı iqamətgahında qəbul edən Əmir Teymur onun istəyini qəbul etmişdi: “Ya Əmir! Əmrin olar! Sayənizdə Türküstanda məndən çoxdur, məndən isə Şirvanşahlığında yoxdur. Buralar da,Sizin torpaqlardır!” Memari inciləri ilə dünyanı, bu tarixi kəlamı ilə Əmir Teymurun könlünü fəth edən Əli İbn Sübhan Kərimi Kut Şirvani Əmirdən ənam alaraq öz yurduna, dəfələrlə zəlzələyə uğrayan, vətənə bağlı insanlarının iradəsi ilə yenidən qurulan Şamaxıya qayıtmışdı.
Boyar Boratinski Böyük Rus knyazının məktubunu Şirvanşah İbrahimə təqdim etdi
Hələ sağlığında şöhrətin çələngini başına qoyan, əfsanəyə, nağıla dönən, şöhrəti Şamaxının sərhədlərini aşan Böyük Memarın ayağına Böyük Rus Knyazlığından elçilər gəlmişdi. Onun bir memar kimi əzəmətinin aynası olan əsərləri Əmir Teymur kimi Böyük Rus knyazı Dmitri İvanoviçin də, diqqətini cəlb etmişdi. Məşhur memar-mühəndis Moskvaya knyazın dəvəti ilə getmişdi. Bu məqsədlə 1366-cı ilin sonlarında Knyaz Dmitri İvanoviçin elçiləri, Boyar Boratinski və Şirvanşahların Moskvadakı böyük elçisi Qafur bəy Sultan bəy oğlu Şirvani, Böyük Rus Knyazlığının digər rəsmi nümayəndələri və on süvari ilə Moskvadan Şamaxıya, Şirvanşah İbrahimin sarayına gəlmişdi. 1366-cı ilin sonunda – dekabr ayında Moskvadan çıxan nümayəndə heyəti 1367-ci il yanvarın 5-də 21 gün sonra, şaxtalı bir qış səhərində Şirvanşahlar sarayında rəsmi törənlə qarşılanmışdı. Böyük ehtiramla qarşılanan qonaqların şərəfinə süfrələr açılmışdı. Ziyafət başa çatdıqdan sonra Boyar Boratinski Böyük Rus knyazı Dmitri İvanoviçin məktubunu Şirvanşah İbrahimə təqdim etmiş və gəlişin məqsədini onun diqqətinə çatdırmışdı. Knyazın məktubundan bəlli olmuşdu ki, Yaxın və Orta Şərqdə, Güney Qafqazda, Hindistan və Türküstanda, Bağdadda, Dəməşqdə, Təbrizdə məşhur olan memar-mühəndis, Şirvanşahların Baş memarı Böyük Rus Knyazlığının saray kompleksinin qurulması üçün Moskvaya dəvət olunur. Dövlət üçün xüsusi əhəmiyyətli bir kadrın gedişi Şirvanşah İbrahimi açmasa da, dəvət qüdrətli bir dövlətin knyazndan gəlmişdi...
Knyaz Dmitri İvanoviç ona işə başlamamışdan öncə Boyar titulu və səlahiyyəti verdi
1367-ci il martın 14-də memar Əli İbn Sübhan Kərimi Kut Şirvani Knyaz Dmitri İvanoviç arasında müqavilə imzalanır. Müqavilənin şərtlərinə əsasən Memara bütün məsələlərdə sərbəstlik verilir. Heç kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə hətta knyaz Dmitri İvanoviç ona işə başlamamışdan öncə Boyar titulu və səlahiyyəti vermişdi. Müqaviləyə əsasən istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmamışdı. İşin həcmi, sürəti və keyfiyyəti üçün gərək olduqda Memar istədiyi vaxt yeni qüvvə tələb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərini dörd il müddətində tam başa çatdrılması idi. Memar bunun qarşılığında “Tikilinin nəinki fərqli gözəlliyə malik olacağına, hamının zövqünü oxşayacağına, min illərlə Moskvanı qoruyacağına, şəhərin əsas qürur və gözəllik məkanına çevriləcəyinə söz verir, buna əmin etmək üçün əlini arxalığının cibindən çıxardığı kiçik həcmli Qurani Kərimin üzərinə qoyaraq and içir.
İşin sürətlə getməsi, tikintinin uğurla başa çatması, ən azı bir il tez yekunlaşması üçün Memar tikintiyə rəhbərliyi də bəri başdan üzərinə alır. Bunun üçün özünün təklifi ilə yalnız götürülmüş işlər tam başa çatdıqdan və hamı tərəfindən gizli səsvermə yolu ilə ən gözəl iş kimi qəbul edildikdən sonra zəhmət haqqı ödənilməsi nəzərdə tutulur. Ödəniş bu şərtə uyğun olaraq tikintiyə sərf olunacaq materialların dəyərinin tam yarısı məbləğində olmalı idi. İş bəyənilməyəcəyi təqdirdə zəhmət haqqı qəbul edilməyəcəkdi. Amma iş başa çatana kimi rahat dolanmaq, ailəsinə göndərmək üçün hər ay ona 300 qızıl ayrılmışdı”.
Knyaz Dmitri İvanoviçin xüsusi ehtiramla, həm də ümidlə dəvət etdiyi,müasir dillə desək, dünyaşöhrətli Memarın bütün qayğılarla əhatə edilməsi üçün o, Knyazın bacısının malikanəsində yerləşdirilmişdi. Müqavilənin şərtlərinə daxil edilən bu bənd elə-belə seçilməmişdi. Bu həm də onun təhlükəsizliyi üçün idi. Knyaz belə bir layihəni gerçəkləşdirmək istəsə də, uzun müddət uyğun memar və mühəndisləri Böyük Rus Knyazlığında bulmamışdı. Baxmayaraq ki, hər il Əmir Teymurun dilə ilə desək, “xəzinəsinin yarısını” həm də, onlara xərcləmişdi”.
İkiçay arasının möcüzəsi- Kremlin təməli belə qoyuldu
Moskva qalasının tikintisinə əsasən Moskva çayı və onun qolu olan Yauza çayının dörd bir tərəfdən əhatə etdiyi adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatə edilmiş qala qurulmalı, İçərişəhər yaradılmalı idi. Qala divarlarının hərbi əhəmiyyətli hissələrində isə müxtəlif ölçülü və quruluşlu qüllələr, bürclər ucaldılacaq, darvazalar tikiləcəkdi. Şamaxılı memar-mühəndis öncə beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib Knyaz Dmitri İvanoviçə təqdim edərək təsdiqinə nail olur. Daha sonra isə kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Məsələnin bu tərəfi memarın vəzifəsi olmasa da, Böyük Memar özü şəhərin kasıb məhlələrini gəzib gözəgəlimli, qüvvətli gəncləri seçib tikitiyə cəlb edir. Bu minvalla o, qısa zaman kəsiyində 1500 işçi qüvvəsini, sağlam, qolu zorlu usta və fəhlələri bir araya toplayır. Və onlara bir də vəd verir: “Tikinti uğurla başa çatdıqdan sonra yaşadıqları daxmalar, köşklər içərisindəki əşyalar və ləvazimatlarla birlikdə onlara bağışlanacaq”.
Yepiskop İncildən, Şamaxılı memar isə Qurani Kərimdən ayələr oxudu
İndi çoxlarına əzəmətin nümunəsi kimi görünən Kremlin binasının da, mövcud olduğu Qala-Sarayın tikintisinə 1367-ci il martın 25-də rusların “Bloqoveşenie bayramı günü”ndə başlandı. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan nütflənməsi şərəfinə keçirilirdi. Bayram münasibəti ilə keçirilən mərasimdə müsəlman memar Əli İbn Sübhan Kərimi Kut Şirvani kilsəyə gəlir, Məryəm ananın və İsa Məsihin adına şam yandırır. Dillərə dastan tikintinin təməli qoyulub möhrəsi qazılarkən min illər boyu sivilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoquna töhfələr verən, tolerantlığın ünvanına çevrilən, İpək Yolu boyunda yerləşən, adı tarixin atası Heredotun əsərlərində “Kamaxiya” deyə keçən, məşhur səyyahların əsərlərində çəkilən Şamaxının nişanəsi, daha doğrusu ata tərəfdən Osmanlı sultanlarının, ana tərəfdən Dərbəndilərə bağlı olan qüdrətli türk və müsəlman memar Əli İbn Sübhan Kərimi Kut Şirvani arxalığının cibindən yenə o məşhur Qurani-Kərimi çıxarır, “ Məryəm surəsi”ni avazla oxuyaraq Tanrının kəlamı ilə görüləcək müqəddəs işə xeyr duasını verir. Knyazın fərmanına uyğun olaraq kimsənin onun işinə qarışmaq ixtiyarı olmadığından hətta, Metropololit Aleksey də bu məsələdə ona mane ola bilmir. Bununla da, bu gün dünyanın məşhur memari incilərindən sayılan Kreml və ona aid olan əzəmətli tikililərin təməli qoyulur. Bir tərəfdən Yepiskop “İncil”dən, digər tərəfdən Şamaxının əyilməzlik, İslamın dönməzlik nümunəsi olan Memar Qurani Kərimdən müqəddəs kəlamları yer üzündən göy üzünə ismarlayır, dinlərin, mədəniyyətlərin dialoquna töhfədə bulunurlar.Göydə mələklərin, Yauza çayında pərilərin xeyir-duası ilə kompleksdə işlər sürətlə davam edir. Gündə bir kərpic deyil, min kərpic hörülən bürclər, qüllələr, qala divarları analitik təfəkkürü, ensiklopedik biliyi ilə Yaxın və Orta Şərqdə, Güney Qafqazda, Türküstanda, Hindistanda, Dəməşqdə, Təbrizdə məşhur olan memar Əli İbn Sübhan Kərimi Kut Şirvaninin ruhunun aynası kimi Yauza çayının qoynundan Böyük Rus Knyazlığının baş kəndi – paytaxtı kimi boy verir.
Məşhur əsərlərə Şirvani künyəsi ilə imzasını qoydu
O, bu dünyaya sevməyə, sevilməyə, əbədi sevgisini, ilahi eşqini daşa, yaddaşa köçürməyə gəlmişdi. Odlar Yurdu Azərbaycanın məşhur memarları çox olmuşdur. Manna, Midiya, Atropatena, Albaniya, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi məşhur dövlətlərin, imperiyaların dönəmində var olan qüdrətli memarlar əzəmətli abidələr ucaltmış, qalalar çəkmişlər. Qobustanın Qayaüstü abidələrindən, Gəmiqayadan, Xudavəngdən, Ağoğlan Qəsrindən tutmuş Əcəmi Əbubəkir oğlu Naxçıvani, Şirvani, Naxçıvani, Qarabaği künyəsi ilə tişəni qan edən memarların günümüzə gəlib çatan abidələri bir millət, məmləkət olaraq daşa, yaddaşa dönən imzamız olmuşdur.
Şirvanşahlar sarayında yetişən məşhur memarların Şamaxıda, Bakıda yaratdıqları abidələr, məbədlər, türbələr, məqbərələr, məscidlər, saraylar, qalalar, ovdan və kəhrizlər, hamamlar, qurduqları kanalizasiya sistemləri, dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən Şirvanşahlar Saray Kompleksi, İçərişəhər, Atəşgah məbədi, Səbail Qəsri və adlarını sadalamadığımız minlərlə abidə komplekslər, müqəddəs yerlər, ziyarətgahlar dediklərimizə əyani sübutdur. Şamaxıda, Dəməşqdə, Təbrizdə, Krımda, Bağdadda, Şirazda, Dəbirdə məşhur əsərlərə Şirvani künyəsi ilə imzasını atan, Kremlin memarı kimi yaddaşlara yazılan, haqqında az yazılıb çox danışılan Əli İbn Sübhan Kərəmi Kut Şirvani onlardan biridir.
Kremli ucaldan Azərbaycan memarını tarixdən silmək olmadı
Adı daşa, yaddaşa yazılan Böyük Memarın faciəli sonluğu da kədərli bir xatirədir. “1371-ci il iyun ayının 22-də bir kazak atamı arxadan vuraraq Onun başını bədənindən ayırır. Bu hadisə Moskvada Smolenski yolunun 9-cu kilometrliyində - indiki Volokolamski yolunun başlanğıcında, soldakı talada Böyük Memarın Vətənə dönüşü üçün təşkil olunan vida ziyafətindən sonra baş verir”. Araşdırmaçı yazarların qənaətinə istinad edərək deyə bilərik ki, “belə bir qətlin icra olunmasında başlıca məqsəd Böyük Memarın adını yox etmək, Kremli ucaldan sənətkarı tarixdən silmək idi. Qəddarcasına qətlə yetirilən Əli Sübhan oğlu Kərimlini elə oradaca dəfn edirlər. (Burada söhbət Osmanlı və Şiraz mənbələrinin, Krım arxivşünaslarının rəsmi sənədlərə istinad edərək söz açdıqları Əli İbni Sübhan Kərimi Kut Şirvani kimi təqdim etdikləri memardan gedir. Ş.C) Bu ağır itkiyə görə daha çox üzülən Knyaz Dmitri İvanoviçin bacısı qızı Knyaginiya Anna olur. Onun memara məhəbbəti qarşılığını bulmasa da, o, bu ağır itkiyə dözməmiş, saçını kəsmiş, başını dibindən təraş etdirərək Penza Monastrına yollanmış, rahibəliyi qəbul etmiş, ömrünün sonuna qədər Memarın məzarının qulluğunda durmuşdur”.
“Məşhur Sovet yazıçısı Sergey Borodininin 1941-ci ildə qələmə aldığı “Dmitri Donskoy” tarixi romanında əsas obrazlardan biri kimi təqdim olunan Memar Əliş bəy Şirvanlı sonsuz sevgilərlə təsvir edilib. Sergey Borodinin onu romanında XIV yüz ildə Moskva Kremlinin ilk təməlini qoyan, daş divarlarını çəkən, qala və bürclərini hörən, isitmə, su təchizatı və kanalizasiya sistemini quran şamaxılı memar kimi təsvir edib. Ölkəmizdə ilk dəfə bu məşhur Memar haqqında məlumatlar Oqtay Eldəgəz tərəfindən verilib. Yazıçı Hafiz Mirzə isə Moskvada onun haqqında “Moskva Kremlinin memarı Kərimli” adlı povest nəşr etdirib. 2012-ci ildə isə Əli Əhmədoğlu “Kremlin memarının ödülü” adlı kitabını çapdan çıxarıb.”
Knyaginya Annanın damarlarında peçeneqlərin, poloveslərin qanı axırdı
Knyaginya Anna Əbədi sevgisi üçün monastra getdi. Böyük Memarın başını bədənindən ayıran Annaya aşiq ataman bir şeydi unutdu. Unutdu ki, bir Şirvan kişisinə aşiq olmaq, eşqin ən gözəlidi. Knyaginyadan sonra Əmir Teymurun oğlu Miranşah Şeyxüslislamın qızı Şəmsin könlünü qazanmaq üçün onun sevgisinin – Dövlət bəyin kəlləsini alıb önünə atanda Şəms: “Dövlət bəyin ölüsü də gözəldir!” nidası ilə onu heyrətləndirdi.
Böyük Rus Knyazlığının təməlində poloveslər, peçeneklər qədim türklər dayanır. Knyaginya Annanın damarlarında isə şübhəsiz ki onların qanından nişanə var. Yoxsa “Kəlləyə kəllə” ilə cavab verməz. Sarayı, səltənəti monastra, guşənişin həyatına dəyişməzdi. Əli İbn Sübhan Kərimi KutŞirvani pirlərin, övliyaların, sufilərin, xəlvətilərin, hürufilərin, Şirvani, Bakuvi imzası ilə qələm çalanların , Mürşid- Mürid ucalığı, müqəddəsliyi yaşayanların diyarından idi.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Nəsimi festivalında “Nəsimi dastanı” baleti yeni quruluşda təqdim olunacaq
Sentyabrın 23-dən 25-dək Bakı və Şamaxıda keçiriləcək III Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı bir sıra özəlliklərlə də yadda qalacaq. Orta əsr Şərqinin ən böyük şairlərindən olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinin elmi müzakirələr, müxtəlif mədəni-bədii layihələr vasitəsilə qeyd olunacağı festival həm də tamaşa və balet premyeraları ilə də tamaşaçıları sevindirəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbir çərçivəsində keçiriləcək premyeralardan biri “Nəsimi dastanı” baletidir.
Festivalda dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri yeni quruluşda təqdim ediləcək. Tanınmış balet artisti, teatr rejissoru və prodüser Andris Liepanın rejissorluğu ilə səhnələşdirilən “Nəsimi dastanı” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq. Baletin quruluşçu xoreoqrafı müxtəlif ölkələrdə fərqli truppalarla çalışmış Patrik De Banadır.
Hazırda yeni təqdimat üzrə məşqlər gedir.
“Nəsimi dastanı” baletinin təqdimatı Şamaxıdakı Nəsimi Bağları Kompleksində Nəsimi abidəsinin önündə təşkil ediləcək.
Xatırladaq ki, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi “Nəsimi dastanı” 1973-cü ildə yazılıb. Librettonun müəllifi yazıçı Anardır. Balet ilk dəfə 1973-cü il sentyabrın 23-də nümayiş olunub. Bu əsər tamaşaçıların böyük rəğbətini qazanıb və premyeradan bir qədər sonra - 1974-cü ildə Respublika Dövlət Mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
SABİT RƏHMAN həqiqətən böyük dramaturq idi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu qədər komedik tamaşalar, filmlər ərsəyə gətirən haralı olar? Əlbəttə ki, zarafat, gülüş məkanı olan Şəkidən.
Bu gün Azərbaycan SSR əməkdar incəsənət xadimi Sabit Rəhmanın anım günüdür. Hörmətlə anırıq.
Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olub. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlayıb. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunub. Bir çox hekayə və pyes müəllifidir.
Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunub. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Əsərləri
- Hekayələri:
"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar"
- Povestləri:
"Vəfasız", "Son faciə".
- Pyesləri:
"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.
- Romanı:
"Nina"
Kitabları
1. Şirin bülbül (hekayələr)
2. Vəfasız (povest)
3. Xəyalplov
4. Son faciə (povest)
5. Hüseyn Ərəblinski (povest)
6. Hədiyyə
Filmoqrafiya
1. Arşın mal alan
2. O olmasın, bu olsun
3. Koroğlu
4. Əhməd haradadır?
5. Ulduz
6. Hicran
7. Şirin bülbül
8. Gülüş fenomeni. Sabit Rəhman
Sabit Rəhman 1970-ci ilin 23 sentybrında Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Bakıda 8-ci türk film günləri keçiriləcək
Sentyabrın 26-dan 30-dək Bakıda 8-ci Türkiyə–Azərbaycan türk film günləri keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir sentyabrın 26-da Nizami Kino Mərkəzində qala gecəsi ilə açıq elan ediləcək.
Builki film günlərinin fəxri qonağı Türkiyənin tanınmış kinoaktrisası, “Yeşilçam”ın ulduzu və Türkiyə Prezidentliyi Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olacaq. İlk dəfə Azərbaycana gələcək sənətkar qala mərasimində tamaşaçılarla görüşəcək. Açılışda Hülya Koçyiğitin baş rolu canlandırdığı məşhur “Gəlin” filmi nümayiş olunacaq.
Qala gecəyə “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duyğu Mercan, eləcə də tanınmış musiqiçi Arslanbek Sultanbekov qatılacaq. Həmçinin “Rafadan Tayfa”nın prodüseri İsmayıl Fidan, “Şımarık” filminin prodüseri Karina Mia Satlıkova və “Aşk Bağları” filminin prodüseri Qalip Güner də Bakıda kinosevərlərlə görüşəcəklər.
Film günləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan respublikası Kinematoqrafiya Agentliyi, eləcə də Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə, Yerli Düşüncə Cəmiyyətinin təşkilatçılığı ilə reallaşır. Layihənin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.
Qeyd edək ki, filmlərin nümayişi ödənişsiz olacaq və tamaşaçılar 5 gün ərzində türk kinematoqrafiyasının seçilmiş nümunələrini izləmək imkanı əldə edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Əqrəbləri itmiş saat kimi olan ƏLİSƏMİD KÜR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq. Eyni oteldə qalırdıq. Olub keçənlərdən, başına gələn hadisələrdən danışır, sanki həmsöhbətinə özü haqda geniş məlumat ötürürdü. Ciddi görkəmi, illərin dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı...
“O vaxt Ukraynada olarkən qatarda bir nəfəri soyub döymüşdüm. Xarkov məhkəməsi mənə 2 il 6 ay iş verdi. Doğrudur, heç nəyi sübut edə bilmədilər, amma qərar belə oldu. Mən ən yaxşı şeirlərimin çoxunu Ukrayna türməsində yazmışam. O vaxt mən "Qrono” yaradıcılıq birliyinin üzvü idim. Tez-tez yanıma gəlirdilər. Orda yaşayan azərbaycanlılar da məni yaxşı tanıyırdılar. 1986-cı ilin sentyabrında həbsdən çıxanda Xarkovdakı azərbaycanlılar məni təmtəraqla yola saldılar. Onlardan biri də məşhur futbolçumuz Vəli Qasımov idi. O vaxt Xarkovda, "Metallist”də oynayırdı. Bakıda isə məni Nazim Hikmətdən də yaxşı qarşıladılar. Gələn kimi "Ulduz”, "Azərbaycan” jurnallarında çap olunmağa başladım. Mən SSRİ Yazıçılar İttifaqına kitabsız qəbul olunan iki-üç nəfərdən biriyəm.”- söyləyir.
İlk şeirini əsgərlikdə yazıb. Sevdiyi qızın nişanlandığını eşidəndən sonra, bu hadisə ona çox pis təsir edib və ilk şeiri də onda yaranıb. "Xoşqədəmli” adlı şeiri isə ilk dəfə 1979-cu ildə "Azərbaycan gəncləri” qəzetində çap olunub. Bildirir ki, şeir yazanda ekstaz vəziyyətində olur. Düşünür ki, poeziya düşüncənin üstünə ürək şəkli çəkməkdir. Onu ütüləməkdir...
Deyir ki:- “Bir neçə il əvvəl Anar müəllimin yanına getmişdim. Dedim, məni təqaüd alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd verə bilmərik. Dedim, axı, mənim ikinci dəfə təqaüd almağımdan heç kim şikayət eləməz. İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə sala bilmirsiniz, heç olmasa 300 manatlıq təqaüdə salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik, amma təqaüd verə bilmərik. Mənə yardım lazım deyil, təqaüdə ehtiyacım var- söylədim...”
Haqqında söhbət açdığım şair Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Bir sıra kitabların müəllifidir. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib...
...Xarizmatik adamdır, öz sözü, mövqeyi olan şəxslərdəndir. Heç bir təzyiq və şiddətlə onu sındırmaq mümkün deyil. Necə deyərlər, yalaq, miyanə adamlara nifrət edir və ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmasını sevmir. Emosional tərəfi güclüdür. Fəqət üzərində nəzarəti itirmir. Anarxiyanı, xaosu xoşlamır, adət-ənənələrə, qayda-qanumlara bağlı adamdır...
“Həyatda acığım gələn 3 şey var: intihar, aclıq aksiyası, mitinq. Nifrət edirəm üçünə də. Sözün var, söz denən. Həyatın qədir-qiymətini bilmək lazımdır. Gözümüzün qabağında Ukrayna boyda ölkə dağılır. Xocalıdan daha böyük faciənin şahidi oluruq. Mən o ölkəni vaxtı ilə qarış-qarış gəzmişəm. Ağır dərddir.”- söyləyir.
Təvazökar və çox çalışqandır. Yalanı sevmir, alnının təri ilə yaşamağa üstünlük verir. Kifayət qədər dürüst və həqiqətpərəsdir. İnsanları başa düşə və onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata böyük əhəmiyyət verir. Əylənmək və yüngül həyat tərzi keçirmək onun işi deyil. Həyatda ciddi və özünə qarşı tələbkardır. Şübhəsiz ki, tənhalığı xoşlamır. O, səxavətli, açıqürəklidir və insanlarla səmimidir. Kiməsə yardım edəndə özünü həqiqətən də xoşbəxt hiss edir. Analitik təfəkkürü var. Qərarlarında yaradıcıdır və hər kəsə kömək etməyə hazırdır...
Deyir ki:- “İndi elə bir dövrdür ki, Qənimət Zahidin vaxtı ilə Mirşahinin vaxtı qarışıb. Millət də qalıb ortada. Biz şeirimizi 15 il qabaq yazmışıq. Biz nəyisə vəsf eləmək üçün yaşamırıq axı. Mənim gözümün qarşısında Xocalı faciəsindən daha böyük Mariupol faciəsi yaşanır. Bu faciəni göstərmək lazımdır. Xarı bülbüldən dünyada yüz yerdədir. Polad Bülbüloğlu bantik də vurub cır səslə mahnı oxuyur. Onu efirə çıxarıb Qarabağ səsini unutdurmaq istəyirlər. O vaxt Şuşada bir uşaq olub, deyiblər, çıxırıq, gəl, tez elə. Deyib ki, mən evimi qoruyuram da, niyə çıxım? Bax o uşağa heykəl qoyulmalıdır. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində belə heykəllər var. Adsız uşaq heykəli...”
…Gərginlik keçirmədən yaşamağı xoşlayır. Qaynardır, oturaq həyatı xoşlamır. Qarşılıqlı anlaşma olmayan yerdə özünə qapanır. Bir sözlə, zahirən soyuq görünsə də əslində nəcib, emosional və canlıdır. İnsanları sevəndə həqiqətən ürəkdən sevir. O, müstəqil və azaddır. Çoxlu tanışları olmasına baxmayaraq, əsl dostu çox azdır...
“Dövrü mətbuatı izləyirəm. İldə iki-üç roman yazan yazıçılar peyda olub. Onların heç birini oxumuram. Onların iyini bilirəm çünki. Ümumiyyətlə, mən müsahibə verəndə diqqətlə oxuyurlar, deyirlər, görək, Əlisəmid kimin adını çəkəcək. Keçən dəfə bir neçə nəfərin adını çəkmişdim, sonra hiss elədim ki, adını çəkmədiklərim inciyir bir azca. Həm də kiminsə adını çəkirsən, kimsə yadından çıxır. Sonra özün narahat olursan ki, niyə mən o cür istedadlı adamın adını unutdum, çəkmədim. Yadımdan çıxan uşaqlar bağışlasınlar məni. Mən ad çəkməkdən daha çox kitablara ön söz yazmaqla, özlərinə xoş söz deməklə dəstək oluram gənclərə, şairlərə, yazıçılara...”- söyləyir.
Bu günlərdə eşitdim ki, sağlamlığında ciddi problemlər yaranıb. Ona Allahdan şəfa arzulayaraq “Qan-tər içində” şeiri ilə söhbətimi başa vurmaq istəyirəm:
“Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm,
Qan-tər içindəyəm, anam,
Qan-tər içində.
Zaman dolaşıq nər qovğasında
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda,
Gecəm qan-tər içində, anam,
Günüm qan-tər içində.
Bu əlim, bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərən dilim,
Sözüm qan-tər içində, anam,
Dilim qan-tər içində.
Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir,
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.
Toxdayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hanı, qəbrimə qısıldım,
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində...”
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)
Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert - Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi
Sentyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi" adlı konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Üzeyir Hacıbəylinin yaradıcılığının xalqımızın mədəni yaddaşındakı əhəmiyyətindən və onun əsərlərinin bu gün də sevgi ilə dinlənilməsindən danışıb.
Rafael Hüseynov qeyd edib ki, Azərbaycan xalqının iki böyük dahisi – Üzeyir Hacıbəyli və Müslüm Maqomayev – illərdir xalqımızın qəlbində əbədi yaşayır. XX əsrin əvvəllərindən etibarən bu sənətkarlar Azərbaycan mədəniyyətinin, musiqisinin və mənəviyyatının inkişafı yolunda əvəzsiz xidmətlər göstərib, milli dəyərlərimizi zənginləşdirərək yeni nəsillərə ötürüblər.
Sonra konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrə Qazaxıstan Milli Akademik Simfonik Orkestrinin baş dirijoru, beynəlxalq müsabiqələr laureatı, Əməkdar incəsənət xadimi Kanat Omarov rəhbərlik edib.
Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından "Uvertüra" ilə başlayıb. Sonra proqramda Türkmənistan, Qırğızıstan, Başqırdıstan, Qazaxıstan, Tatarıstan, Türkiyə və Özbəkistandan olan sənətçilərin əsərləri səsləndirilib.
Daha sonra Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova, solist Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov, vokal ifaçısı Nigar Əsgərova olub.
Sonda Ramil Qasımov Müslüm Maqomayevin “Radio marşı"nı ifa edib. Mahnının sözləri Rafael Hüseynova məxsusdur.
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)


