
Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ –32.ANAİB-in müstəsna fəaliyyəti
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
32.
ANAİB-in MÜSTƏSNA FƏALİYYƏTİ
Çox şübhəsiz ki, yeniyetmə və gənclər arasında kitabın populyarlaşmasına töhfə verənlərdən danışırıqsa, burada mütləq "Azərbaycan Nəşriyyatlar Assosiasiyası" İctimai Birliyinin (ANAİB) adını xüsusi vurğulamalıyıq. Qurumun idarə heyətinin sədri Şəmil Sadiq başda olmaqla anaibçilər yorulmadan kitabın təbliğinə yönəli fəaliyyət həyata keçirirlər. Bakıda və bölgələrdə ənənəvi kitab festivalları, uşaq kitabının təbliği forumları, müxtəlif oxu müsabiqələri, kitab sənayesinin problemlərinin həllinə yönəlmiş ictimai görüşlər, xüsusi günlərlə bağlı tədbir və müxtəlif mövzulu ödənişli seminarlar hamını və hər kəsi kitab oxumağa sövq eləməyə hesablanıbdır. Ölkə nəşriyyatlarının qurultayının yüksək səviyyədə təşkili isə qurumun “dilinə görə necə bir dilçəyinin olmasından” xəbər verir.
Hazırda ölkənin ən fəal nəşriyyatları - "Alatoran", "Altun kitab", "Audiokitab", "Bookzone", "Çapar", "Çinar", "Everest", "Hədəf", "İpəkyolu", "Libra", MİMTA, "Parlaq imzalar", "Təhsil", XAN, "Qələm", "Qədim qala", "TEAS Press", "Şərq-Qərb" və digərləri ANAİB-ə üzvdürlər.
Hazırda ANAİB-in strategiyasına diqqət edəndə qarşıda duran əsas vəzifələr bu cür sıralanır:
-Azərbaycan ədəbiyyatının dünya dillərində nəşri və tanıdılması üçün dəstək fondunun yaradılması, bu fondun fəaliyyətinin şəffaflığının təmini, bütün xarici nəşriyyatlara bu fondun tenderində iştirak etmək üçün demokratik şəraitin yaradılması;
-Ölkədə nəşriyyatların əsas problemi tirajla bağlıdır. Tirajın azlığı bu sahənin inkişafına mane olan və bu sahədə çalışan insanların gəlirlərinin azlığının əsas səbəbidir. Hər nəşr olunan kitabdan müəyyən sayda, məsələn, 500 ədəd kitabxanalar üçün alınarsa bu, tiraj probleminin həllinə qismən kömək edə bilər. Bu gün dövlət kitabxanalarında olmayan minlərlə kitab tərcümə sayəsində ədəbiyyatımıza qazandırılıb. Belə populyar əsərlərin dövlət kitabxanalarında olması ora gələn oxucu sayını artıra, passiv vəziyyətdə qalan bu qurumlarda canlanma yarada bilər;
-Məlumdur ki, gənc yazıçıların əsərlərini öz hesabına nəşr edən nəşriyyat yox dərəcəsindədir. Əsas səbəb isə kitab sektorunun acınacaqlı durumda olması və kitabların satılmamasıdır. Bu da Azərbaycan ədəbiyyatına ciddi zərbə vurur, yeni yazıçılar meydana çıxmır; xüsusilə son illərdə yazıçılıq fəaliyyəti ilə məşğul olan gənclərin sayında ciddi azalmanı görmək mümkündür. Yazıçıları yaradıcılığa, nəşriyyatları isə gəncləri nəşr etməyə təşviq üçün dövlət tərəfindən gənc yazıçıların nəşr xərclərinin bir hissəsini qarşılamağa dəstək planı hazırlanması məqsədəuyğun olar;
-Bu gün Azərbaycan oxucusu kitab əldə etməkdə ciddi çətinlik çəkir. Rayon və şəhərlərimizdə, demək olar, kitab mağazaları yoxdur. Dövlət kitabxanalarına yeni nəşrlər verilmir, şəhərdə isə mağazaların sayı xeyli azdır. Görünən, əl çatan yerlərdə kitab mağazaları yoxdur. Çünki kitabçılar o icarə haqqını ödəyə bilmir. Bunun üçün də məhz kitab köşkləri adı ilə şəhərin bir çox yerində layihə icra edilə bilər;
-Bildiyiniz kimi, ölkəmizdə kitab az gəlirli sahə hesab olunur. Bunun bir səbəbi reklam strategiyasının düzgün qurulmamasıdır. Kitab sektoru reklam bazarında digər sahələrlə ayaqlaşa bilmir. Nəzərə alsaq ki, kitabçılıq sadəcə biznes sektoru deyil, həm də strateji və ideoloji məsələdir, deməli, ədəbiyyatın təbliği ilə bağlı televiziya və radiolarda silsilə verilişlərin, sosial reklamların olması dövlət üçün də vacib məsələdir. Kitabların reklamı Azərbaycan Dövlət Reklam Agentliyində sosial reklam kimi qəbul olunsa, AzTV, İTV kimi dövlət televiziyalarında kitabla bağlı veriliş, sosial çarxlar yayımlansa, bu, işə təkan vermiş olarıq.
Yeri gəlmişkən, bu sadalananlar həm də yuxarıda qoyduğumuz NƏ ETMƏLİ sualına verilən bilmərrə cavabdır.
Növbəti: 33.Naxçıvan təcrübəsi
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Çağlanın “Sınıq ayna” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində növbəti təqdim edilən yazar Təbriz təmsilçimiz Əli Çağladır.
Əli Çağla
Təbriz
SINIQ AYNA
Qaranlığa qapıldım ümidsiz xəyallarımla
Ürəyim sıxılan həbsxananın divarları oldu,
Depremdən törənən səsim titrədi,
Dünya getdikcə uzanan yollara çevrildi!
Göyün sonsuzluğunda izlədiyim ulduzlar
Başımın üstündən uzaqlaşdılar sayrışaraq.
Yenidən birləşmələri üçün dartınan sınıq aynanın parçaları kimi
Ulduzların bir daha birləşməyəcəklərini anladım.
Göy üzünü ay, yer üstünü şəhərdəki işıq dirəkləri işıqlandırsa da
Qaranlığı axtarıram!
Küçələrin bucağında ağzı köpüklənən qardaşın yanında,
Bacının həyətdə şəritə sərdiyi büstqalterinə baxan
Qonşuların parıltılı gözlərində axtarıram qaranlığı!
Ananın məhkəmədə dodağının üstündə
Göllənən burun suyuna qarışmış göz yaşlarında
Atanın qabar əllərindəki göm-göy pullarda axtarıram...
Yer kürəsini “Müsbət fikirləşək” adlı kitablar qurtarsa da
Bu sınıq aynanın cinsindəki ailəni birləşdirə bilməyəcək.
İtsəm də qarışıq nizamın içində
Əsarətin zəncirini qırmağa çalışmağımı
Sərhəd kənarında uçan quşların qanadlarından öyrəndim!
Yenə də ümidimin alovları közərir içimdə
Adımı çığıra-çığıra səsləyən qızın səsini xatırlayıram.
Simasını xatırlamağa çalışıram, xatırlaya bilmirəm.
Hə... Düşdü yadıma duvağı dağılmış köpəyin qızı!
Qaranlığı doldurun içimə, bu qızı tanımıram bəlkə də!
Ağarmamışdı saçları, məni çığıra-çığıra səsləyən qızın
Heç zaman da inana bilməzdim ağaracağına.
Üzünə çopur, alnına şeir qazmamışdı təcrübələr
Yaşıl yaylığını yelləndirərdi o olsaydı.
Silin bu səhnəni, beynimdən silin!..
Ümid adlı bir işığın böyüklüyü
Kiçik, amma güclü qaranlığa məğlubdur!..
Ey mənə azadlığı öyrədən sərhəd kənarındakı quşlar
Sizin kimi qanadlandıracağam
Bacıların dumanda yollarını azan istəklərini,
Qardaşların ürəklərindəki istismar olmuş diləklərini,
Və yaylıqlarını yelləndirən qocalmış qızların duyğularını!..
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
“Dost hançeri” - Bumin N. Dündar
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Dost hançeri”
Bumin N. Dündar
Dost hançeri yüreğini dağlar,
Güvendiğin dağlara karlar yağar.
Gözyaşın sel olup akar,
Bedenin ruhunla birlikte yanar,
Zor gelir insana dost hançeri.
Düşmanın ettiği canını yakmaz,
Yüreğini sızlatmaz, gözyaşını akıtmaz,
Acısını hissetsen de seni sarsmaz.
Amma dosttan gelene yürek dayanmaz,
Zor gelir insana dost hançeri.
Darbe dosttan geldi mi hayallerin yıkılır,
Doğruların cam gibi paramparça dağılır.
Gündüzün gece olur, fenerin kararır,
İçin sızlar, benzin sararır,
Zor gelir insana dost hançeri.
Herkese dost diye güvenme,
Sırdaş buldum zannedip sevinme,
Arkana bakıp sağlam zannetme,
Dostuna güvenip kimseye bilenme,
Zor gelir insana dost hançeri.
Unutma, iyi günde herkes dosttur,
Gerçek dost kötü günde belli olur.
Dostunu iyi seçemezsen işin zordur,
Dostun dost değilse her şey boştur,
Zor gelir insana dost hançeri.
Hakiki dost olan arkanda durur,
Senin yanında düşmanını korkutur.
Sahte dost ise düşmanla bir olur,
Seni ansızın arkandan vurur,
Zor gelir insana dost hançeri.
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
“Yar gəlir görüşə”, odur ki, “Darıxma”, “Əziz dost” – DAHİ BƏSTƏKARIN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Gerhart Hauptman deyirdi ki, “Hər yaxşı musiqi ona görə ürəkdən gəlir ki, yenidən ürəklərdə özünə yuva qura bilsin”. Bu gün də məhz ürəklərdə özlərinə yuva qurmağı bacaran musiqilərin müəllifi, bəstəkar, pianoçu, dirijor, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olan Azərbaycan SSR xalq artisti Tofiq Quliyevin anım günüdür.
Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsində S.İ. Turiçin sinfində təhsil almışdır. 1931-ci ildə hələ 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin "Uşaq və buz" şeirinə "Dərsə gedən bir uşaq" adlı nəktəbli mahnısını bəstələmişdir. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, eyni zamanda iki fakultədə fortepiano və dirijorluq sənəti üzrə təhsilini davam etdirmişdir. O, konservatoriyada R.M.Rudolfun sinfində polifoniya, harmoniya, musiqi forması dərsləri almışdır. Dahi bəstəkar Üzeyir Hacıbəyovdan xalq musiqisinin əsaslarını və muğam sənətinin sirlərini öyrənmişdir. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, drijor vəzifəsində çalışmışdır. 1936-cı ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Üzeyir Hacıbəyovun şəxsi təşəbbüsü və təklifi ilə bir qrup istedadlı gənc musiqiçi ilə birlikdə P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakultəsində təhsilini davam etdrimişdir.
Bir müddət H.Y.Neyqauzdan fortepiano dərsləri almışdır. 1937-1939-cu illərdə A.N.Tfasmanın Ümumittifaq Caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərmişdir. 1939-cu ildə Bakıya dönərək Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaratmışdır. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Estrada Orkestri çıxış etmişdir və onun adı musiqi tariximizə Azərbaycan estrada və milli caz musiqisinin banisi kimi yazılmışdır. 1948-ci ildə yenidən Moskvaya gedərək konservatoriyanın üçüncü kursuna daxil olmuş, drijorluq və kompozisiya üzrə təhsilini davam etdirmişdir. 1951-ci ildə Konservatoriyanı bitirərək drijorluq üzrə Aspiranturaya daxil olmuşdur. 1954-cü ildə Aspiranturanı bitirmişdir. 1954-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik etmiş, opera hazırlığı və alətşünaslıq sinifləri üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1957-ci ildə Azərbaycan Bəstəkarlar ittifaqı İdarə Heyyətinin üzvü seçilmişdir. 1959-cu ildə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. 1958-1959-cu illərdə M.Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-1964-cü illərdə isə direktoru vəzifəsində işləmişdir. 1968-ci ildə Azərbaycan Bəstəkarlar ittifaqının katibi, 1973-cü ildə birinci katibi seçilmişdir. 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar ittifaqının sədri olmuşdur.
2000-ci il oktyabr ayının 4-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Tofiq Quliyev müxtəlif illərdə "Azərbaycanın Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülmüş, "Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin fərmanı ilə Azərbaycanın "Xalq Artisti" fəxri adına layiq görülmüşdür. O, həmçinin "Musiqi mədəniyyəti" ixtisası üzrə professor adına layiq görülmüş və "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Bəstəkar"Ağacda leylək", "Axşam mahnısı", "Dostluq mahnısı", "Bakı haqqında mahnı", "Neftçilər mahnısı", "Axşam görüşləri", "Arzular", "Darıxma," "Əziz surət", "Qızıl üzük", "Mehriban ailəyik", "Mən ki səni sevirəm", "Pəncərəmə qondu çiçək", "Sənə də qalmaz", "Tez gəl", "Yar gəlir görüşə" kimi bir-birindən gözəl bir çox mahnının müəllifidir. O, "İyirminci bahar", "Səbuhi", "Qayğı", "Nəsimi", "Görüş", "Qızmar günəş altında", "Qaynana", "Ögey ana", "Bəxtiyar", "Onu bağıslamaq olarmı", "Möcüzələr adası", "Telefonçu qız", "Dərviş Parisi partladır", "Şir evdən getdi" "Qayıdış" kimi bir çox filmə, eyni zamanda 30-dan çox tamaşaya musiqi bəstələmiş, "Turacı" kimi bir neçə xalq rəqsini fortepiano üçün işləmiş, "Rast", "Zabul", "Segah" muğamlarını nota almaqla bərabər, onları həm də fortepiano üçün hazırlamışdır. Məlumat üçün qeyd edək ki, Bakı Metropoliteni "Əhmədli", "Xalqlar dosluğu", "Neftçilər", "Ulduz" stansiyaları üzrə qatarlarda səsləndirilən "Bakı", "Əziz dost", "Dostluq və yaxud neftçilər haqqında mahnı", "Tez gəl" musiqi parçalarının bəstəsi də Tofiq Quliyevə məxsusdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
Paris, Tyülri bağı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Dünyanın 7 möcüzəsi var, amma daha 7777 möcüzəsi də var ki, biz onların əksəriyyətindən xəbərsizik.
Məsələn, Parisin Tyülri bağı (Jardin des Tuileries).
Adətən təbiət yazda gözəl görünür, amma Tyülri bağı onunla fərqlənir ki, o, payızda gözəlləşir. Parisə payız mövsümündə kim gəlirsə, bilir ki, Eyfel qülləsi, Luvr muzeyi, Notr Dam kilsəsi, Zəfər tağı abidəsi və Mulen Ruj küçəsi ilə bərabər, mütləq Tyülri bağına da baş çəkməlidir.
Şəhərin düz mərkəzində, Sena çayının sağ sahilində yerləşən bu bağ xüsusən oktyabr ayında göz oxşayır, qəlb rahatlayır. Onun xəzəllərini dalandarlar süpürmürlər, qırmızı-sarı yarpaqlar ayaqlar altında xışıldadıqca sanki payızı daha dərindən duyursan. Bu xəzəlin ətri isə xüsusən valehedicidir.
Siz fotoda həkk olunan mənzərəyə baxın və feyziyab olun. Sanki rəssam fırçası ilə müdhiş bir gözəllik qırmızı boyanın hegemonluğu ilə həkk olunub.
Və əlbəttə ki, bu gözəllik poeziya ilə həmahəngdir, bir Lui Araqon şeiri yetməzmi, yetər.
Bırakıp Gittin Beni
bırakıp gittin beni bütün kapılarda bütün çöllerde tek başıma koydun şafakta arayıp öğle vakti yitirdiğim vardığım hiç bir yerde değildin sensiz bir odanın sahrasını nasıl anlatsam hiçbir şeyin seni andırmadığı bir pazar kalabalığını.
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Ağcabədidə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il oktyabrın 30-da saat 10:00-da Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində (ünvan: Üzeyir Hacıbəyli prospekti, 91) Ağcabədi, Ağdam, Bərdə,Tərtər, Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ko, vətəndaşlar 2024-cü il oktyabrın 24-dək Nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
85 yaş hələ nədir ki?
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradıcılarından biri, uzun illər İctimai Birliyin bütün yükünü çiyinlərində şərəflə daşıyan, el-obaya, Vətənə ləyaqətlə xidmət edən, hamımızın fəxrimizin Rövşən Babanlının ad günüdür. Onun 85 yaşı tamam olur.
Rövşən Abdulla oğlu Babanlı 3 oktyabr 1939-cu ildə Qazax şəhərində ziyalı ailəsində anadan olub. 1960-cı ildə Qazax şəhər 2 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Pedaqoji İnstitutunun Biologiya-kimya fakültəsinə qəbul olmuşdur. 1965-ci ildə təhsilini başa vuraraq, təyinatla Abşeron rayonunda iki il müəllim işləmişdir. 1967-68-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA) Zoologiya institutunda elmi işçi, 1968-1971-ci illərdə N.Nərimanov adına Neft-qaz çıxarma idarəsində mühəndis, laboratoriya müdiri vəzifəsində çalışıb.
1971-1974-cü illərdə Azərbaycan Elmi-tədqiqat Pedaqoji Elmlər İnstitutunun əyani aspirantı olmuşdur. 1974-1978-ci illərdə Respublika Pedaqoji Cəmiyyətinin məsul katibi, 1978-1992-ci illərdə isə sədr müavini işləmişdir. 1992-ci ildən 2000-ci ilə qədər Azərbaycan ETPEİ-də böyük elmi işçi, 2001-ci ildən Təhsil Problemləri İnstitutunda baş mütəxəssis kimi fəaliyyət göstərmişdir. 1971-ci ildən 2014-cü ilə qədər Respublikanın müxtəlif ali məktəblərində müəllim kimi çalışmışdır.
Təhsil sahəsində göstərdiyi xidmətlərə görə 1981-ci ildə "Respublikanın xalq maarifi əlaçısı", 1986-cı ildə "SSRİ-nin maarif əlaçısı" fəxri adları ilə təltif olunmuşdur.
Rövşən Babanlı Vətənini, el-obasını sevən nümunəvi ziyalılardandır. 1990-cı ildə "Qazax Xeyriyyə Cəmiyyəti"nin yaradılması ideyasını qaldıran təşəbbüs qrupunun fəallarından olmuş, Cəmiyyətin təsis konfransında (1990-cı il) məsul katib seçilmişdir. Bu günə kimi də "Qazax" Xeyriyyə İctimai Birliyinin tədbirlərində iştirak edir, öz məsləhətlərini verir, İctimai Birliyin fəaliyyəti ilə yaxından maraqlanır. Rövşən Babanlı 2019-cu ildə anadan olmasının 80 illik yubileyi münasibətilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə "Fəxri Diplom"la təltif olunmuşdur.
"Qazax" Xeyriyyə İctimai Birliyinin yaradılmasında və fəaliyyətində müstəsna xidmətlərinə və anadan olmasının 85 illik yubileyi münasibətilə Rövşən Babanlı İctimai Birliyin 03 oktyabr 2024-cü il qərarı ilə "Xalq şairi Səməd Vurğun adına Fəxri Diplom"la təltif olunmuşdur.
2014-cü ildən təqaüddədir. 3 qızı, 6 nəvəsi, 2 nəticəsi var. Övladlarının üçü də həkimdir.
Təbii ki, ona ilk təbrik də “Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovdan, İctimai Birliyin üzvlərindın, o cümlədən Qazax mahalının ziyalılarından gəldi. Biz də təbriklərə qoşulub Rövşən Babanlını 85 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
85 yaş hələ nədir ki?
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)
Gənclər Kitabxanası X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxana sərgiyə elm, incəsənət, tarix və digər sahələri əhatə edən 300-dən artıq kitab ilə qatılmışdır. Kitabların içərisində kitabxananın bu il elan etdiyi “Nəşrlərin satınalması müsabiqəsi” nəticəsində əldə etdiyi, son illər nəşr edilən kitablar, ali məktəb və peşə təhsili dərslikləri üstünlük təşkil edir. Sərginin açılış günü stendi mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Fərid Cəfərov, Xalq yazıçıları Elçin və Anar, akademiklər İsa Həbibbəyli, Rəfael Hüseynov, millət vəkili Günay Əfəndiyeva, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Xəyal Rza , “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva və digərləri ziyarət ediblər.
Stendlə tanışlıq zamanı kitabxananın direktoru Aslan Cəfərov qonaqlara “Naxçıvan İli”, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitabxanın gördüyü işlər, hazırladıqları materiallar barədə, stenddə sərgilənən kitablar haqda məlumat verib.
Mədəniyyət naziri Adil Kərimli Respublika Gənclər Kitabxanasının fəaliyyətinin, fondunun mövzu zənginliyinin, həyata keçirdiyi layihə və tədbirlərinin təqdirəlayiq olduğunu söyləyərək, kitabxanaya gələcək işlərində uğurlar arzu edib.
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)
Bakıda UNESCO-nun ikinci subregional konfransı keçirilir
Oktyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə ikinci illik subregional konfrans və praktik sahə seminarı işə başlayıb.
AzərTAC xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan və İran nümayəndələri iştirak edirlər.
Konfransın təşkilində məqsəd “Volqa-Xəzər İpək Yolu Dəhlizinin transsərhəd nominasiyası” üçün təqdim olunacaq mədəni irs obyektlərini müəyyən etmək, dəhlizə daxil olan 5 ölkədən hökumət nümayəndələri, milli əlaqələndiricilər, yerli və beynəlxalq ekspertlərlə müvafiq sənədlər ətrafında fikir mübadiləsi aparmaqdır.
Eyni zamanda, 2024-cü il oktyabrın 3-dən 6-dək Bakıda keçiriləcək konfrans və seminarın proqramına Volqa-Xəzər İpək Yolu İrs Dəhlizi üzrə fəaliyyət istiqamətində sənədlərin və tövsiyələrin hazırlanması sahələrində səylərin davam etdirilməsi; irs obyektlərinin inventarlaşdırılması və elmi sənədləşdirilməsinin aparılması; Volqa-Xəzər Dəhlizinin Ümumdünya İrs Siyahısına transmilli nominasiyası üzrə seçim prosesində komponentlərin prioritetləşdirilməsi meyarlarının müəyyən edilməsi; koordinasiya mexanizminin və namizədlərin irəli sürülməsi prosesində Katibliyin rolunun razılaşdırılması; sualtı irs üzrə tədqiqatların aparılması və quru yollarının arxeoloji tədqiqatları ilə sualtı arxeoloji işlər arasında əlaqənin yaradılması; ICOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) tərəfindən İpək yollarının tematik tədqiqatlarının davam etdirilməsi, o cümlədən Volqa-Xəzər dəhlizinin tədqiqi məsələləri daxildir.
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)
Şərq ölkələri filmlərinin tanıdılması üçün vacib platforma - “Omarket”in açılışı olub
Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində Şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib platforma rolunu oynayacaq “Omarket”in (Şərq ölkələrinin kino marketi) açılış mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, “Omarket”in açılışı Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Baku Cinema Breeze” adlı böyük film festivalı çərçivəsində reallaşıb. Audiovizual sənayenin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir. “Baku Cinema Breeze” indiyə qədər ayrı-ayrılıqda təşkil olunan bir sıra tanınmış festivalları bir araya gətirərək dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq.
Əvvəlcə qonaqlar yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilən sərgisi ilə tanış olublar. Sərgi kino, animasiya, musiqi, mədəniyyət sahəsində startaplar, oyun texnologiyaları, dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkanları bir araya gətirib.
Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ilk dəfə keçirilən “Baku Cinema Breeze” ölkəmizdə fəaliyyət göstərən bütün kino festivallarını özündə birləşdirir, bütün kino ekosistemini bir çətir altında toplayır. Layihə çərçivəsində “Omarket” sərgisinin təşkil edilməsi ölkəmizdə kino sənayesinin inkişafı üçün böyük potensialın olduğunu və dövlətimizin bu prosesə dəstək verdiyini göstərir.
Onun sözlərinə görə, ümumilikdə “Baku Cinema Breeze” platforması 15-dən çox ölkənin nümayəndələrinin, 100-dən çox qonağın iştirak edəcəyi, müxtəlif ölkələrdən 300-ə yaxın filmin nümayiş ediləcəyi tədbirləri özündə birləşdirəcək. Platforma çərçivəsində keçirilən festivallar təkcə kino sənətinin inkişafına təkan vermir, həm də gənc və istedadlı rejissorlarımıza özlərini ifadə etmək, dünyaya çıxış əldə etmək imkanı yaradır. Festivallarda nümayiş olunacaq filmlərin hər biri böyük zəhmət, yaradıcılıq və sevgi ilə ərsəyə gəlib.
Digər çıxış edənlər də festivalın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbir birinci panel iclası ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)