Super User

Super User

Cümə, 04 Oktyabr 2024 12:13

Efiopiyalı nazir "ASAN xidmət"də

 

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasında iştirakı çərçivəsində ölkəmizdə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin dövlət naziri Tesfaye Vakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış  “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Efiopiya tərəfi “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və ölkəsinin dövlət qurumları ilə Dövlət Agentliyi arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib. 

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar.

Xatırladaq ki, 2024-cü il 14 may tarixində Dövlət Agentliyi ilə Efiopiyanın Dövlət Xidmətləri Komissiyası arasında “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində əməkdaşlığın həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Hazırda memorandumun implementasiyası çərçivəsində işlər aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, ayna.az saytı və Ayna TV-nin təsisçisi, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, hamımızın sevimlisi Elçin Şıxlının doğum günüdür. Onun 67 yaşı tamam olur.

Azərbaycan jurnalistikasının inkişafında özünəməxsus yeri və nüfuzu olan Elçin Şıxlı Azərbaycan mediasına hər zaman müasirlik, yenilik gətirən bir novatordur. Onun dərin savadı, yüksək mədəniyyəti, jurnalist etikası hər zaman peşəsi ilə şəxsiyyəti arasında bir vəhdət təşkil edərək, müasirləri arasında onu fərqləndirmişdir. Elçin Şıxlı hansı işdə işləməsindən asılı olmayaraq, həmişə ədaləti, insanlığı, məğrurluğu, millət və vətən sevgisini öndə qalxan tutmuşdur.

Xalq yazıçısı İsmayıl Şıxlının yadigarı olan Elçin Şıxlı ilk öncə ləyaqətli bir insandır.

Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, xalq yazıçısı İsmayıl Şıxlının ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir.

1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir.

1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir.

1981-ci ilin iyul-avqust aylarında “İnturist” ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir.

1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur.

1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir.

1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olmuşdur.

1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək “Azərbaycan Kommunisti” — “Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi kimi çalışmıdır.

1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək “Ayna”-“Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək “Al-ver” qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək “Ayna Mətbu Evi” şirkətinin prezidenti vəzifələrində çalışmışdır.

2001-ci ilin yanvarından 2014-cü ilədək “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru olmuşdur. 

2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Elçin Şıxlinski Kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və  “Heydər Əliyevin 100 illik yubileyi” medalı ilə təltif təltif olunmuşdur.

 "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Elçin Şıxlinski Milli Mətbuatın inkişafındakı xidmətlərinə və "Qazax" Xeyriyyə İctimai Birliyinin fəaliyyətində yaxından iştirak etdiyinə görə "Fəxri Diplom"la təltif olunmuşdur.

Evlidir. İki övladı, iki nəvəsi var.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Elçin Şıxlını doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Elçin müəllim, biz sizinlə fəxr edirik!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Cümə, 04 Oktyabr 2024 19:13

ƏN YENİ POEZİYA: Salam, oktyabr!

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Rəfail İncəyurd Qazax elinin sazından-sözündən cilalanmış şeirini təqdim edilir. 

Necə deyərlər, mürəkkəbi hələ qurumamış bu şeiri isti-isti sizlərə çatdırırırq.

 

 

Salam oktyabr! Həzin duyğular

yenə yola çıxıb sənə qoşuldu.

Mövsüm geyiminə keçir ağaclar – 

Rəngə bax: nə sarı, nə də yaşıldı.

 

Göyərçin qoşunu çörəkdən ötrü

Evlərin damını tərk etmir indi.

Sahibsiz ac itlər ac pişikləri

Qorxudub hirs ilə hürkütmür indi.

 

İncədə bağların ura vaxtıdı,

Bərəkət havası gətirir külək.

Payız yağmurunu çox ləngitmə ki,

İslanıb deyinək, quruyub gülək...

 

“Ədəbiyyat və incəsənət”

(04.10. 2024)

Cümə, 04 Oktyabr 2024 18:17

GÜLÜŞ KLUBUnda ağ atlı oğlan

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Əsl dostluq brilyant kimidir. Az-az rastına çıxır, qiyməti bahadır, saxtası da çoxdur.

 

2.

-Əzizizm, mənə kompliment de. 

-Sən dünyanın ən ağıllı, ən yaraşıqlı, ən sevimli bir insanının həyat yoldaşısan. 

 

3.

-Siyavuş müəllim, mövcud keysi aktual diskursun narrotiv formatında implementirləşdirmək lazımdır. 

-Hı?

 

4.

Həbsxanadakı bütün yerlər oturmaq üçündür.

 

5.

İndi dağa yalnız sürünə-sürünə çıxırlar. 

 

6.

Ağ atlı oğlan arzulayan qızların zəmanəmizdə bir çoxbilmiş mehtərə olduqca böyük ehtiyacları var. 

 

7.

Əziziyəm gop gəlsin,

Qapımıza top gəlsin.

Noyabrı gözləyirik

Elimizə cop gəlsin. 

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

 

Əzizağa Elsevər, yazıçı, tarixçi alim, “Ədəbiyyat və incəsənət” üçün

                          

Şeir səmimiyyətdən doğur. Şair özü olanda, özünə qayıdanda şeir yaranır. Şair ömrü narahat bir ömürdür. Daim axtarışda, daim bir yenilik, daim yanğı, sevinc, kədər içində keçən ömür. Xalq şairi Nəbi Xəzri demişkən:” Yazmasan- narahat... Yazsan narahat...” 

Şair dərd, kədər hopdurucusu, sevinc, fərəh bölücüsüdür. Özündən çox, başqaları üçün yaşayan, düşünən, yanandır. Şairin böyüklüyü, şeirin gözəlliyi də elə ondadır.

Bir şair ömründən, bir şeir, sənət dünyasından danışmaq, misra-misra yaddaşımı vərəqləyib, şeirlərin işığında bir anlıq xatirə cığırından dünənimə boylanmaq istəyirəm. Haqqında söhbət açmaq istədiyim dənizçi-şair Faiq Balabəyli mənim şagirdim olub, orta məktəbdə, doğma kəndimizdə tarix müəllimi olmuşam. Müəllim sənəti elə bir müqəddəs sənətdir ki, zəkasıyla ömürlərə paylanar, neçə-neçə talelərdən boylanar. Ümid işığına dönüb yol göstərər, həyatın keşməkeşli, dolaylı, qolaylı yollarından yetirmələrini keçirib aparar. Cığırlar yollara qovuşar, yollar bitməz, tükənməz.

Faiqin yaradıcılığında xoşa gələn cəhətlərdən biri odur ki, sevdiyi, könül bağladığı, qoynunda gəzib-dolaşdığı yer-yurd adlarını (Xamrava, Bazı düzü, Qarayarçay və s.) şeiriyyətə gətirir. Sevdiyi kimi, oyalanan xatirələr işığında oxucusuna da sevdirməyi bacarır. İnsan harda doğulubsa, o yerləri heç vaxt unutmur, yaddaşına yazıb, xatirə aynasında həmişə o yerləri dolaşır. Yaradıcı insan xatirələrə dalanda həzin, kövrək duyğuların ovsununa düşür, sehrinə bələnir. Şair özü olanda səmimiyyəti də inama, əqidəyə söykənir. Səmimiyyət dolu şeirlər isə hər an doğulmur. Doğuldusa, hafizələrə, yaddaşlara köçür, dillərdə, dodaqlarda dolaşır.

Faiqin ömrünün 40 ildən çoxu dənizlə bağlıdır.  Onun şeirlərini oxuyanda hərdən içimdə bir sual dolaşır: Dəniz sevgisi onda bu qədər hardandır? Axı doğulduğu kəndin, rayonun dənizlə  yaxınlığı, bağlılığı yoxdur axı?! Ancaq müsahibələrindən birində o, “Məni dənizə ədəbiyyat gətirib” - deyir. Bəli, ötən əsrin 70-ci illərində sanki hamı bədii ədəbiyyat acı idi.İndiki kimi, onda hələ kitabın kitabı bağlanmamışdı. Hər təzə çıxan bədii əsərdən hamı xəbər tutur, oxuyur, hətta, yeri gələndə müzakirə də edirdilər. Buna görə, Faiqin müsahibələrindən birində “məni dənizə ədəbiyyat gətirib” deməsi, heç də təsadüfi, bəlağət xatirinə deyilmiş söz deyil. O da çoxları kimi mütaliə həvəskarı idi. Bir az da, qaynarlığı, dəcəlliyi var idi. Nə gizlədim, dərsi oxumadığı, ya zəif öyrəndiyi günlərdə danladığım hallar da olmuşdu. Ancaq həmişə üzündə təbəssüm əskik olmazdı. İçində sabah yaxşı oxuyacam inamını da gəzdirərdi. Ancaq, sən demə, bu sarışın saçlı şagirdimin içində yaşatdığı dəniz sevgisi elə o vaxtlar bəyaz yaylıqlar kimi yellənib onu arzularının  dalıyca çağırırmış.

Dəniz təmizlik, gözəllik, saflıq, həm də qorxu, fəlakət mənbəyidir. Hər kəsin içində dənizi görmək, onun bir udumluq havasının həsrəti var. Kim bilir, bəlkə buna görə hamı ona sarı can atır. Elə ümman sevdalı Faiqi də dənizsiz təsəvvür etmək çətindir. Dəniz onun üçün hər şeydir. Dəniz iş yeri, çörək yeridir. Yediyi çörəyə də dəniz nəfəsi, dəniz sevgisi qatır. Dəniz həm də onun yaradıcılıq masası, ilham mənbəyi, çətinə düşəndə məsləhət, düşüncə, fikir ortağıdır. Xəyalının çapar yeri, ilhamının kükrəyən, bulaq kimi çağlayan, ürəyindəki ağrı-acılara məlhəm yeridir. Dəniz onun üçün sirdir, müəmmadır, həyatla, ölüm arasında, sanki bir sınaq meydanıdır. Dənizin gözləri dolanda uşaq kimi kövrəlib ağlaması, gecələr gümüşü ay işığına baş qoyub şirin-şirin mürgüləməsi, səhər dan yeri söküləndə üfüqdə günəşi salamlayıb, fəcrin qızılı-çəhrayı tellərindən nazlanıb saçlarını daraması var. Xırdaca ləpələrinin gizlənpaç oynaması, axıb-axıb xəfif mehin ayaqları altına sərilib itməsi, tənbəl-tənbəl yuxudan oyanması, ləngər-ləngər yerindən tərpənməsi var.  Dənizin nəğməsi, sevgisi, sehri də gözəldir. Darıxanda dəniz qırağına qaçırıq, ürəyimiz açılır, içimizdə elə dəniz boyda yaşamaq eşqi, sevgisi doğulur. Dəniz, bəlkə də, Allahın insanlara verdiyi, göndərdiyi yaşamaq eşqidir. Faiqi Faiq eləyən də, bəlkə elə bu eşqdir, dənizə vurğunluğudur.

 

Mavi sular mavi gözlü gözəl olar,

Naz eləyər dənizçiyə,

Mənim üçün əziz olub,

Heç bilmirəm dəniz niyə?! - deyən dənizçi-kapitan, şair də bu məhəbbətin, vurğunluğun sirrinə cavab tapmağa çalışır. Bəzən də uşaq kimi kövrəlib:

 

Yamyaşıldı duzlu suyun köynəyi,

Qayaların üzü cızıq-cızıqdı.

Gəmiləri üzüb gedib, göynəyir, 

          Bu dənizin limanları yazıqdı... – pıçıldayıb gördüyü mənzərəni unuda bilmir. İçində xəfif bir duyğu mehi əsib keçir. Sanki içində həzin bir duyğu dil olub danışır. Görən gəmiləri gəlib sinəsinə baş qoyacaqmı bu limanların? Yoxsa limanların gözləri yol çəkəcək, kim bilir bəlkə də o qədər yol çəkəcək ki, gözlərinin tovu da azalıb, işığı hicran, həsrət yağışına dönüb  bulud kimi boşalacaq.

Faiqin əksər şeirlərində sanki dənizin nəfəsi, ruhu var. Elə bil ki, dənizə də canlı bir varlıq kimi baxır. Nədən yazırsa yazsın, yenə də dəniz nəğməsinə baş qoyur, qəlbinin dərinliyindən qopub gələn  pıçıltılarına ən təmiz ümman ətrini də  qatıb oxucularına təmizlik, gözəllik ərmağan edir. Şair elə bil ki, dənizlə danışır, onun ürəyinə yol tapıb ürəyində yaşayır. Bəlkə buna görə  dəniz ürəklidir o. Onun da həlim, sakit, ipək kimi yupyumşaq xasiyyəti, elə dəniz boyda Vətən, el sevgisi var. Şeirlərində misra-misra axıb gələn ilhamın işığı da sanki dənizin bağrından qopub gələn işıqdır, hərarətdir.

Dəniz çirkabı sevməz, dartınar, çırpınar, atar qoynundan o çirkabı. Faiqin şeirlərində də elə dəniz kimi naqisliklərə üsyankarlıq, qəzəb var. O da cəmiyyətin içindəki eybəcərlikləri görür, laqeydlik, biganəlik içində boğulan insanların dərdinə əlac, şərik olmağa can atır. Məramı odur ki, şair, ziyalı mübariz olsun gərək. Öz dərdinə yanmayan, başqalarının dərdini nə bilər axı?! İnsan dərd, kədər, sevinc, fərəh daşıyıcısıdır. Sevincindən pay verməyən kədərlə qucaqlaşar.

Şair özü ilə tək-tənha qalanda xəyallar qoynunda çırpınar. Dəniz həm də Faiq üçün tənhalıq, özünə qayıdış yeridir. Onun hər əmək səfəri limanlardan ayrılıq, hicran, həsrət səfəridir. Liman uzaqlarda qalan həsrət yeridir, bir də gəmilər kimi o yerlərə qayıdacaqmı ümidinə bələnmiş inam, güman şirinliyidir.

Faiq Balabəyli  Bakının başını qara buludlar alanda, işğalçı rus əsgərləri Bakıda at oynadanda, pozulmuş haqqını tələb edən dinc əhalini qanına qəltan edəndə dənizdən dünyaya hayqıran bir vətənpərvər övlad idi. Onda gülləyə də tuş gələ bilərdi, həyatı vəhşi sarıqulaqların qəzəbində alışıb yana bilərdi. Ancaq hamı kimi o da qorxu nə olduğunu bilmədi. Bütün varlığıyla qəzəbini, etirazını bildirdi. Onun “Bakı buxtası-20 yanvar”, “Dənizçilərimiz Vətən müharibəsində” kitablarında o günlərin iztirabları, ağrı-acıları səmimiyyətlə işıqlandırılıb.

Faiq Balabəyli bu gün ömrünün müdriklik çağını yaşayır. İnanıram ki, bundan sonra da gözəl əsərlərlə öz oxucularını sevindirəcəkdir!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Oktyabrın 22-24-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək BRICS sammiti çərçivəsində tanınmış rusiyalı rejissor Qriqori Naxapetovun “Planetlə dialoq” adlı sənədli filmi nümayiş olunacaq.

Bu barədə AzərTAC-a Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov məlumat verib.

Qeyd edək ki, ekran əsəri məşhur qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə və Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Narkomaniya bir bəladır və get-gedə daha çox adamı öz ağuşuna alır. Və onunla mübarizə hər kəsin ümdə vəzifəsi olmalıdır. O cümlədən də qələm əhlinin. 

 

Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkotik maddələrdən istifadənin ağır fəsadları barədə əhali arasında geniş maarifləndirilmənin aparılması, narkomaniya ilə mübarizənin daha da genişləndirilməsi, o cümlədən sağlam həyat tərzinin gənclər arasında təbliğ və təşviq edilməsi məqsədilə hekayə müsabiqəsi elan olunur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti qoyulmadan yazıçılar dəvət olunur. Seçilmiş hekayələrin AYB-nin orqanı olan “Ulduz” jurnalında və xüsusi olaraq hazırlanan kitabda nəşri, qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

 

Müsabiqə şərtləri:

- Narkomaniya ilə mübarizə mövzusunda (Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkomaniyanın ağır fəsadları, narkotik maddələrdən istifadənin səbəb olduğu acı nəticələr və s. istiqamətdə) hekayələrin yazılması;

- Müəlliflərin ad-soyadının, əlaqə telefonunun qeyd edilməsi;

- Hekayələrin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməsi.

 

Son müddət: 10 oktyabr 2024-cü il.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində heykəltaraşlıq sahəsi üzrə “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan olunur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mərkəzdən verilən açıqlamaya görə, yeniyetmə və gənclər arasında reallaşan müsabiqənin məqsədi şəxslərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərməkdir.

Gənclərin müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qatılması mümkündür. Layihənin sonunda qalib gələn əsərlər seçilərək nümayiş olunacaq.

İştirakçılar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına sənədlərini göndərməklə müraciət edə bilər.

Müraciət üçün son tarix cari il oktyabrın 15-dir.

Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.19.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Firuzə Məmmədlinin şeirləri təqdim edilir. 

 

 

Səfər

 

Bəxtdən gələn bir yazıyla

çıxdım ömür səfərinə:

Qarşıdaydı Şuşa taxtım, -

yolları gözümə taxdım.

Qartal kimi dağlar qalxdım,

çaylar kimi dərə axdım.

Endim, qalxdım,

qalxdım, endim...

Allah! Allah!

Yer üzünə göydən baxdım.

Qarabağın yollarını

qoluna dolayıb getdim.

Deyən elə uça-uça

gözlərimi yuma-aça

zirvələrə uçuş etdim,

bu dağların, bu düzlərin

oba-oba, mənzil-mənzil

yarasına öpüş etdim.

Gəldim sənə, bacım Şuşa

taxtım Şuşa, tacım Şuşa.

 

Yaddaşım

 

Yaddaşım məni aldadır,

Daş deyib yadlara atır.

Gah heç nədən ara qatır,

Gah yaddan çıxır yaddaşım.

 

Bilmir nədir uzaq-yaxın,

Ta andı-fəndi - bu yaxam.

Mən belə yaddaşla yoxam,

Canımı sıxır yaddaşım.

 

Nəyi hara qoydum, bilmir,

Hənək bilmir, oyun bilmir.

Elin yasın, toyun bilmir,

Dəyəmi yıxır yaddaşım.

 

Taqət deyil ayağıma,

Çiyin vermir dayağıma.

Görmədiyim oyağıma,

Gördüyüm yuxu yaddaşım.

 

Deyirdi

 

Yəni doğrudanmı vardı o günlər, -

Hər anı, saatı şeir deyirdi?!

Eh çalıb-çağıran tardı o günlər,

Elə gələcəkdən deyir... Deyirdi.

 

Şerə vurğundu, elmə vurğun,

Nə zəif düşərdi, nə də ki yorğun.

Əlləri cavabdı, fikri sorğu,

Şərə rəml atsaydı, xeyir deyirdi.

 

Canında naz yoxdu, dilində zəhər,

Ölüb-dirilirdi içində qəhər.

Yuxusuz gecədən çıxıb birtəhər,

"Səhər qıpımızı döyür", deyirdi.

 

Yəni doğrudanmı olub o günlər? -

Min arzu, min ümid dolu o günlər.

Eh, ağıl, dərrakə yolu o günlər,

"Durma, yaz, gözünü doyur" deyirdi.

 

Mirvari - hər sözü, inci - hər sözü -

Deyən, daşdan çıxır indi hər sözü.

Könlünün bucağı, küncü hər sözü

"Vaxt məndə özünü öyür," deyirdi.

 

Yalan yaşımsan

 

Gözümdən işığı, dilimdən sözü,

Ömrümdən illəri alan yaşımsan.

Neynim ki, canımı, heyimi üzüb,

Fikrimdə, zikrimdə talan yaşımsan.

 

Səndə nələr gördüm, özün bilirsən,

Çəkdiyim nə varsa, dözüm bilirsən.

Dünyanın hər sirrin, sözün bilirsən,

Deyən, anam yaşım, balam yaşımsan.

 

Qaldım saya-saya daş ümidləri,

Sərsəm ümidləri, çaş ümidləri.

Əvvəldən biləydim, kaş, ümidlərin

Elə sonucuna qalan yaşımsan.

 

Ölüb-dirilsək də biz bu yolboyu,

Neçə il yaşadıq sənlə qolboyun.

Çox da qürurlanma - Tanrı bol qoyub,

Sən də dünya kimi yalan yaşımsan.

 

Ürəyim

 

Ürəyim pis-pis döyünür,

İçində min hiss döyünür.

Gah kədər, gah hirs döyünür,

Elə diltəng edir məni.

 

Aça bilmirəm sirrini,

Unudub, tapmır yerini.

Hərdən sarsağın birini,

Yada salıb didir məni.

 

Bir də gördün, saxta vurur, -

Solda durub, sağda vurur.

Deyirsən bəs, taxta vurur...

Sökür sətir-sətir məni.

 

Bitəmmir gözləməyi də,

Tükənmir "döz" deməyi də.

Bir ömürlük əməyi də

Deyir, haqqa yetir məni.

 

Sənək deyil, suda sına,

Mən sınamsa, o da sına.

Günə həsrət odasına

Niyə edib çətir məni?!

 

Nə günü, nə güzarı var,

İçində qəm bazarı var.

Bilmirəm, nə azarı var,

Deyir, öldür, itir məni.

 

Gətir

 

Ailəsindən uzaq 

düşənlərə

 

İnadın dağa dirənib,

Gözündən həsrət ələnir.

Aşır yolundan bərəni,

Sənsizə özünü yetir.

 

Qayıt gəl ev-eşiyinə,

Qayıt körpə beşiyinə.

Sənsiz qəlbi üşüyənə,

Bir isti sözünü gətir.

 

Vardı yoxun, vardı varın,

Üz tut qismətinə sarı.

Bu yolun, bu da - qatarın,

Gəlişin tezini yetir.

 

*

Yenə günün qarasını

Sürtüb təmizləyəmmirəm.

Buza qoyum, duza qoyum,

Pörtüb təmizləyəmmirəm.

 

Tanrı aça haqq qapısın,

Bir uğurlu vaxt qapısın.

Mən bu qara baxt qapısın,

Örtüb təmizləyəmmirəm.

 

Elə şəri xeyir eləyir,

Dərd əridib şeir eləyir.

Gendə durub seyr eləyir,

Yetib təmizləyəmmirəm.

 

İlahi

 

Neynirdin, neynirdin pis adamları,

Xəbis adamları, hirs adamları?

Qırıb çatırdınsa biz adamları,

Niyə yaradırdın, niyə, İlahi?!

 

Bilirik, şeytana uyanların var,

Haqqın günahını yuyanların var.

Əlinin üstə əl qoyanların var,

Durmusan onlara yiyə, İlahi.

 

Sənin bu halına nə ad qoyaq, nə?

Çaşbaşıq, bilmirik, baş nə, ayaq nə.

Bu ömür deyilsə, bəs nə sayaq, nə?

Nəyə inam olaq, nəyə, İlahi?!

 

Bizi görürmüsən? Biləmmirik ta,

Bəxt üçün əl açıb dilənirik ta.

"Yer" adda möhvərdən iyrənirik ta,

Çək apar bizləri göyə, İlahi.

 

Yalvarıb-yaxarmaq xislətim də yox,

Malından-mülkündən qismətimdə yox.

Sırtıqlıq abrımda, ismətimdə yox,

Qalmışam başıma döyə, İlahi.

 

*

Bəli, küy deyiləm, kələk deyiləm,

Ərkim özümdədir, fələk deyiləm.

Lap kin-küdurətəm, mələk deyiləm,

Kimsədən söz çəkmir, söz gəzdirmirəm.

 

Axarım-baxarım hələ ki, kordu,

Ta yol gözləmək də gözümü yordu.

Xan ol, ya sultan ol... Axırı gordu,

Odur ki, sirlərə göz gəzdirmirəm.

 

Şöhrət dilənmirəm, şan dilənmirəm,

Can verib, yerimə can dilənmirəm.

Halalca haqqımdı, mən dilənmirəm,

Yük deyil... Çiynimdə naz gəzdirmirəm.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Cümə, 04 Oktyabr 2024 17:04

BİR SUAL, BİR CAVAB Vahid Əziz ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Səmimi və sadə Şairimiz, qəlbində qış fəsli olanların təqvimdə yaşanan yaz fəsli karına gəlirmi?

 

 CAVAB

Elə olub ki, mən yayın qızmarında- avqust ayının 15-16- da " Kaman" şeirini yazmışam: 

 

Qar örtmüş düzənliyi,

Nəhəng bir kaman kimi,

Alıb çiyinin üstünə

Çağırır üfüqlər

Çalır küləklər ilə..

 

 Məs: payız gələndə mən bahar haqqında şeir yazmışam. Ya da bahar gəlir, mən payız haqqında şeir yazıram.

Şairin bədəni xarici iqlimin dəyişməsi ilə nəfəs almır. Şair daxili iqlimi ilə nəfəs alır. Daxilimdəki iqlimə görə yaşayıram. 27 il mən heç nə yazmamışam. Yüksək vəzifələrdə- dövlət işində çalışırdım, vaxtım məhdud idi. Allah qorudu, saxladı və birbaşa Ədəbiyyata göndərdi.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.