Super User

Super User

Bazar ertəsi, 29 Sentyabr 2025 08:27

Bəket Ata Mirzaqululu kim olub?

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstanın Mangistau vilayətinin akimatının birgə təşkilatçılığı ilə Aktau şəhərində görkəmli sufi mürşidi və maarifçi Bəket Ata Mırzaqululunun 275 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilir. Bu yazıda sizə Bəket Ata Mirzaqululu barədə geniş məlumat verəcəyik.

 

Bəket Ata Mirzaqululu 1750-ci ildə Qazaxıstanın Atyrau bölgəsində, Kulsary kəndi yaxınlığında anadan olmuşdur.  Gənc yaşlarında, təxminən 14 yaşında o, Mangystau bölgəsinin müqəddəslərindən sayılan Shopan Ata qəbrini ziyarət etmiş və oradan ilham alaraq elmə yönəlmişdir. Daha sonra Xivə şəhərinə gedərək dini və elmi təhsil aldığı bildirilir. Orada mədrəsədə dərs almış və müxtəlif elmlərdə biliklər əldə etmişdir.

Ömrünün böyük hissəsini Mangystau bölgəsində sərf edən Bəket Ata bu ərazidə bir neçə məscid və tədris ocaqları qurmuşdur. Onun ən məşhur tikililərindən biri Oglandy bölgəsində yerləşən yeraltı məsciddir. Bu məscid 1973-cü ildən başlayaraq elmi ekspedisiyalar tərəfindən tədqiq edilmiş və 1982-ci ildə Qazaxıstan SSR hökuməti tərəfindən tarixi və mədəni abidə statusu almışdır.

Bəket Ata 1813 və ya 1814-cü ildə vəfat etmiş və məhz bu yeraltı məsciddə dəfn edilmişdir. Məscidin daxilində Beket Atanın məzarı, onun əsası və bacısının dəfn olunduğu hissələr mövcuddur. Məscidin 4 otağı olduğu, içəridə ibadət zalı, qəbirlər və dini otaqların yerləşdiyi bildirilir.

 Bəket Atanın həyatı və fəaliyyəti haqqında çoxlu rəvayətlər mövcuddur. O, elmi biliklərə (riyaziyyat, astronomiya və təbii elmlər) yiyələnmiş, insanları müalicə etmiş, məsləhətlər vermiş və mübahisələrdə ədalətli vasitəçi kimi çıxış etmişdir. Onun əsərləri, sözləri və həyat hekayəsi xalq arasında müqəddəsləşmiş və zəvvarlar onun məzarını ziyarət etməyə davam edir. Oglandy bölgəsində yerləşən Rocky mosque Bəket-Ata (Daş məscidlər kompleksi) UNESCO-nun namizəd siyahısına daxil edilmişdir. Bu kompleks bir neçə müqəddəs məkan, qəbir yerləri və məscidlərdən ibarətdir. Bu kompleks Mangystau bölgəsinin coğrafi mənzərəsi ilə birləşərək ziyarət və turizm mərkəzinə çevrilmişdir.

Bəket Ata haqqında ən diqqətəlayiq xüsusiyyətlərdən biri də onun ayaq əsası əfsanəsidir. Rəvayətlərə görə, onun müəllimi olan Pakyrzhan Hajji ona əsayla mübarizəyə və İlahi hökmə vasitəçilik imkanı vermişdir. Bu əsa bu gün də onun nəsilindən bir şəxsin evində saxlanılır və insanlar ona hörmət edir.

Bəket Ata irsinin qorunması sahəsində Qazaxıstan hökuməti və region administrasiyası tədbirlər görmüşdür: Oglandy məscidi 1982-ci ildə memarlıq və mədəni abidə statusu almış və 2000-ci ildə statusu respublika səviyyəsinə qaldırılmışdır. Həmçinin məscid sahəsi qorunan zonaya daxil edilmiş və bərpa işləri aparılmışdır (1996, 2000, 2003, 2006, 2010 və 2016-cı illərdə).

Bugün Beket Ata məscidi Mangystau vilayətində Aktau şəhərindən 285 km şərqdə, qum-çöl və düzən yollarla çatılan yerdədir və ziyarətgaha çevrilmişdir. Hər il minlərlə zəvvar bu məscidi ziyarət etmək üçün gəlir, dualar oxuyar və abidənin ruhani əhəmiyyətinə inanırlar.

Mirzəqulu Bəket Ata Qazax xalqının tarixində böyük dini-mənəvi şəxsiyyət, maarifçi və barışdırıcı kimi mühüm yer tutur. Onun fəaliyyəti yalnız dini deyil, həm də sosial-mədəni müstəvidə xalqın birliyi və mənəvi kimliyinin qorunmasına xidmət etmişdir. Bu gün Bəket Atanın irsi türk-islam coğrafiyasında mühüm mənəvi sərvət kimi dəyərləndirilir.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

Bazar ertəsi, 29 Sentyabr 2025 08:04

Dünyadan Ağdam nisgili ilə getdi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, hər şeydən əvvəl gözəl ziyalıydı, alovlu vətənpərvər idi, şairlik sonra gəlirdi. Doğma Ağdamın işğalını qəbul edə bilmirdi. Elə Ağdam nisgili ilə də dünyadan getdi.

Bu gün onun anım günüdür.

Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil alıb. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır. ADU-nun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olub, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləyib. "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlayıb. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olub. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur.

Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olub. "Oqonyok" jurnalının laureatı adına layiq görülüb. SSRİ "Bilik" cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu alıb.

Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaradıb və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis edib

 

Kitabları

1. Sevəndən bəri.

2. Sadə sətirlər

3. Mənim ulduzlarım

4. Ünvanım dəyişir

5. Ömürdən səhifələr

6. Qarabağ şikəstəsi

7. İllər və talelər

8. İnsan unudulmur

9. Səni gözləyirəm

10. Anam elə bilir

 

Famil Mehdi 2003-cü il sentyabrın 29-da Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

26 sentyabrda Azərbaycan Yazıçılar Birliyi və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə AYB-nin Natəvan klubunda gənc yazıçı, İsa Muğanna varisi Səma Muğannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” romanlarının təqdimatı keçirilib.

 

Tədbirin aparıcısı “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist Zaur Ustac olub.

Çıxış edənlər arasında akademik, Atatürk Mərkəzinin direktoru, professor, BDU-nun müəllimi Nizami Cəfərov (“Həyatımdan parçalar” romanının ön sözünün müəllifi), Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, ədəbiyyatşünas alim və publisist Əsəd Cahangir, Yazıçılar Birliyinin üzvləri – şair Nazim Əhmədli və şair Nazim Muğanlı, eləcə də Nəbi Xəzrinin yadigarı Arzu Babayev yer alıblar.

Tədbirdə şair Nazim Muğanlı Səma Muğannanın doğum gününə həsr etdiyi şeiri səsləndirib. BDU-nun magistr tələbəsi Ülviyyə Orucova “Qeyb olan uşaqlıq” romanından kiçik bir hissəni oxuyub. Bəndəniz - Bakı Dövlət Universitetinin tələbəsi  Nigar Həsənzadə isə Nəbi Xəzrinin şeirlərindən birini səsləndirib.

Çıxışlarda qeyd olunub ki, “Həyatımdan parçalar” əsəri adından göründüyü kimi müəllifin həyat yoluna istinad etsə də, yalnız şəxsi xatirələrlə məhdudlaşmır, oxucunu cəlb edən ümumi bir mənəvi ovqat yaradır.

Tədbirdə Səma Muğannanın məktəb müəllimləri də iştirak ediblər.

Sonda yazıçının anası, Bakı Dövlət Universitetinin müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna çıxış edərək öz arzularını və təbriklərini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstanın Mangistau vilayətinin akimatının birgə təşkilatçılığı ilə Aktau şəhərində görkəmli sufi mürşidi və maarifçi Bəket ata Mırzaqululunun 275 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

 

Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın layihə menceri Talqat Muxanov iştirak edib, qurumun həyata keçirdiyi mədəni layihələr, xüsusilə türk xalqlarının ortaq irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər barədə məlumat verib. O, Bəket ata Mırzaqululunun irsinin türk dünyasının mənəvi birliyində mühüm rol oynadığını vurğulayıb və bu irsin beynəlxalq elmi ictimaiyyət tərəfindən daha geniş öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir “Aktau – 2025-ci ilin Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində baş tutur. Konfransda Bəket atanın zəngin mənəvi-fəlsəfi irsi, onun türk dünyasının mədəniyyətində rolu, eləcə də Oqlandı və Qədim Beyneudakı müqəddəs yeraltı məscidlərin qorunması və təbliği aktual məsələlər sırasındadır.

Konfrans türk dövlətləri alimlərinin və beynəlxalq elmi mərkəzlərin nümayəndələrinin iştirakı ilə elm və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə, həmçinin Mərkəzi Asiyanın unikal dini-memarlıq irsinin dünyada tanıdılmasına töhfə verəcəkdir.

Konfransın əsas elmi istiqamətləri yeraltı məscidlərin memarlıq-tarixi əhəmiyyətinin və onların mühafizə statusunun araşdırılmasına, həmçinin müasir restavrasiya, qoruma və turizm yanaşmalarının tətbiqinə həsr olunacaq. Bu mövzular çərçivəsində alimlər və mütəxəssislər yeraltı məscidlərin dini-mədəni irsdə oynadığı rolu, onların qorunması və gələcək nəsillərə çatdırılması məsələlərini müzakirə edəcəklər.

Tədbirin tematik bölmələri iki əsas istiqaməti əhatə edib. Birinci bölmə: Tarixi-mədəni irs – Beket ata məscidlərinin qorunması, restavrasiyası və tanıdılması, həmçinin müqəddəs turizm və davamlı inkişaf məsələlərini önə çıxarır. İkinci bölmə: Tarix və etnoqrafiya – arxiv və mənbəşünaslıq araşdırmalarına, mənəvi irsin müasir cəmiyyətdəki rolunun elmi təhlilinə həsr olunacaq.

Konfransda Qazaxıstan Müsəlmanları Dini İdarəsinin Baş müftisi, Naurızbay Qazı Tağanulı, Mangistau vilayəti Akiminin müavini Tilegen Əbişev, Azərbaycan, Qazaxışstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Başqırdıstandan qatılan universitet müəllimləri, tanınmış alimlər, arxeologiya, memarlıq, restavrasiya, muzeyşünaslıq, din tarixi və etnoqrafiya üzrə mütəxəssislər, həmçinin beynəlxalq elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans yalnız elmi dialoqu gücləndirməklə kifayətlənməyəcək, eyni zamanda türk dünyasının ortaq mədəni irsinin qorunmasına və beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verən platformaya çevriləcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Mədəniyyət Mərkəzində Anım günü münasibətilə şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə “Şəhidlərimiz qürur, cəsarət, şərəf, qəhrəmanlıq zirvəsidir” adlı görüş keçirilib.

 

Görüş Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektorunun, Oğuz rayon Mərkəzi Kitabxanasının, Oğuz rayon Mədəniyyət Mərkəzinin və Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.  

Tədbirdən öncə  Oğuz rayon Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin anası Aqibət  xanım, Şəhid Tural Məmmədovun atası Arif Məmmədov övladlarının göstərdikləri qəhrəmanlıqlardan söz açaraq, Vətən uğrunda canlarını fəda edən oğulları ilə fəxr etdiklərini bildiriblər. Qazi Ramin Hidayətov çıxışında keçdiyi döyüş yolundan danışaraq, həmin günlərdə Azərbaycan Ordusunun sarsılmaz döyüş əzmindən və əsgərlərimizin düşməni lərzəyə salan şücaətindən bəhs edib.

Görüşdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektorunun müdiri Ş.Rüstəmov, YAP Oğuz rayon təşkilatının sədr müavini M.Ramazanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə məsləhətçisi S.Salehli, Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı E.Mütübullayeva və digərləri  çıxış ediblər. Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən danışılıb. Qeyd olunub ki, 30 illik işğala son qoyan bu parlaq Zəfər dövlətimizin və xalqımızın qüdrətini bütün dünyaya göstərib.  

Tədbirdə Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü liseyin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şeirlər dinlənilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

 

                                                             

 

 

Şənbə, 27 Sentyabr 2025 08:03

Bu gün Azərbaycanda Anım Günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Şəhidlər ölməz, Vətən bölünməz.

Bu 3-cü minillikdə Azərbaycanda yaranan ən yeni aforizmdir. Tək elə bu aforizm bizim xalqın şəhidlərinə necə sayqı göstərməsinin bariz nümunəsidir.

 

Bəli, 27 sentyabr - Azərbaycanda Anım Günüdür. Bu gün 2020-ci ildə başlanan Vətən müharibəsinin - İkinci Qarabağ müharibəsinin ilk günü olaraq hər il qeyd olunur və şəhidlərin xatirəsinə həsr edilib.

Qısa Tarixi Arayış

27 sentyabr 2020-ci il — Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan: Şuşanı, Cəbrayılı, Zəngilanı, Füzulini, Qubadlını və digər şəhərləri azad etdi;

10 noyabr tarixində üçtərəfli bəyanat imzalandı və Ermənistan kapitulyasiya etdi; Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

 

Anım Gününün Mənası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 2 dekabr tarixində imzaladığı sərəncamla 27 sentyabr rəsmi olaraq Anım Günü elan edilib. Bu gün:

Şəhidlərimizin ruhuna ehtiramla yad edilir;

Dövlət idarələrində, məktəblərdə, məscidlərdə və evlərdə bir dəqiqəlik sükut elan olunur;

Xatirə tədbirləri və memorial yürüşlər təşkil olunur; Məscidlərdə şəhidlərin Ruhuna dualar oxunur;

Hər yerdə Azərbaycan bayrağı endirilir, şəhidlərin şəkilləri ilə bəzədilmiş xatirə guşələri yaradılır.

 

Bu günün anlamı nədir?

27 sentyabr — təkcə hüzn günü deyil. O, həm də xalqımızın iradəsinin, əsgər və zabitlərimizin qəhrəmanlığının simvoludur.

Bu gün Azərbaycan xalqı birləşmiş, öz torpaqları uğrunda ayağa qalxmışdır, bu, bir millətin tarixdə yazdığı şanlı səhifəni xatırlayır.

 

“Unutmadıq, Unutmarıq, Unudulmazsınız...”

27 sentyabr Azərbaycan xalqının yaddaşına qanla, qürurla və göz yaşı ilə yazılmış bir tarixdir.

2020-ci ilin məhz bu günü — səhərin erkən saatlarında, düşmən növbəti dəfə təxribat törədərək torpaqlarımıza hücum etdi. Amma bu dəfə Azərbaycan xalqı susmadı, dözmədi, gözləmədi. Bu dəfə bir millət olaraq ayağa qalxdıq, bir yumruq kimi birləşdik.

Əsgərlərimiz "ya Qarabağ, ya ölüm" deyə səngərə girdilər. Onlar bizə Zəfər gətirdilər.

Bu gün silaha yox, sükuta bürünürük.
Bu gün qələbə nidaları yox, şəhid duaları səslənir.
Bu gün vətənin igid oğullarının, Azərbaycan bayrağına bükülən nəşlərinin anım günüdür.

Hər bir şəhidimizin adı — dilimizdə dua, qəlbimizdə iz, Vətən tarixində əbədi şərəfdir.

Bu gün Azərbaycanın hər evində bir sükut, hər ürəyində bir sızı, hər nəfəsində bir minnətdarlıq var.

Əziz şəhidlərimiz,
Siz torpağa yox, tarixə gömüldünüz.
Siz ölmədiniz – ən uca zirvəyə yüksəldiniz.
Ruhunuz şad, məkanınız cənnət olsun.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Rəhim Hüseynov

Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.2001-2005-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb.

İngilis, rus, erməni dillərini mükəmməl bilirdi.

Ailəli idi. 3 övladı yadigar qaldı.

Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.

Şəhid mayor Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində “NATO Meritorious Service” medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir.

Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil etmiş, Azərbaycan bayrağını şərəflə daşımışdır.

Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Sən bizim zəfərimiz,

Qələbə sevincimiz.

Vətənin dar günündə,

Səngərdə birincimiz.

 

Tanrı sənə yazıbdır,

Şəhid taleyi, bəxti.

Sənin ayaqlarınla,

Vətən ayağa qalxdı.

 

Qalxdı üzərimizdən,

Otuz illik qəm dağı.

Sizlər geri aldınız,

O cənnət Qarabağı.

 

Etdiniz igidliyi,

Vətən mənası boyda.

Tarixə yazıldınız,

Şuşa qalası boyda.

 

Sizinlə fəxr edirik,

Ey ər şəhidlərimiz,

Qalib şəhidlərimiz,

Zəfər şəhidlərimiz.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Əli Cavadpurun şeirlərini təqdim edir.

 

Əli Cavadpur

Təbriz

 

SƏRHƏDDƏ BİTƏN AĞAC...

 

Sərhəddə bitən ağac,

Sən hansı ölkəninsən?

Astanada duran dost,

Nədir səni incidən?

 

Bağda dar ağacları,

Ucalır yerdən-göyə.

Boyumuz da çatmadı,

Ordan çiçək dərməyə!

 

Bura ki, qar yağırdı,

Ora gün hardan çıxdı!?

Biz harda durmuşuq ki,

Göy quru, yer palçıqdı!

 

Dağın qaşında duran -

Ay qaraltı, ay adam;

Günəşmi batır bəlkə

Mən belə sayıqlıram!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Qələbəyə aparan yol" elmi-praktik konfransı keçirilib.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının, Teatr Xadimləri İttifaqının nümayəndələri, müharibə iştirakçıları, sənət adamları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himninin sədaları altında 44 günlük müharibəni əks etdirən görüntülər nümayiş olunub. Çıxış edənlər - Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiriİntiqam Babayev, Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının sədri Muxtar Nağıyev, şəhid Rövşən Nurzadənin atası, Xalq artistiƏli Nurzadə, müharibə iştirakçıları Dağlar Yusifov vəRuslan Kərimov Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan, ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin müdrik siyasətindən, vətən oğullarının şücaətindən danışıbar.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, qazilərə can sağlığı arzulayıbar.

Sonda xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan ictimai-siyasi fikir həyatında özünəməxsus yeri olan millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı çıxıb. “Anladım. Tanıdım. Yaşadım” adlı bu əsər müəllifin həm öz yaşam təcrübəsini, həm də milli-mədəni düşüncə axtarışlarını əhatə edir.

 

Əkbər Qoşalı və Nərgiz Cabbarlının redaktorluğu ilə “AVE Print”də gün üzü görən nəfis kitab, müəllifin müxtəlif vaxtlarda qələmə aldığı esselərdən ibarətdir. Burada Fazil Mustafanın oxuduğu, öyrəndiyi, tanıdığı və birgə mübarizə apardığı şəxsiyyətlər haqqında düşüncələri təqdim olunur. Əsər xatirə və publisistik mətnlər toplusu olmaqla yanaşı, həm də düşüncə panoramı, millət və cəmiyyət fəlsəfəsinin aydın mənzərəsidir.

 

Kitab üç əsas bölmədən ibarətdir:

“Anladım” – müəllifin tarixdə və mədəniyyətdə dərin iz qoymuş şəxsiyyətlər haqqında esseləri;

“Tanıdım” – müəllifin şəxsən tanış olduğu və yaxından müşahidə etdiyi ədiblər, sənətkarlar, ictimai-siyasi və dövlət xadimləri ilə görüşləri, fikir mübadilələri;

“Yaşadım” – Fazil Mustafanın öz həyat yoluna, ideoloji mövqeyinə və mənəvi dünyasına səmimi baxışıdır.

 

Müəllif son bölümdə özünə belə bir sual ünvanlayır: “Xeyirli ömür yaşadımmı?” – və “Yaşadım” deyə cavab verir.

“Anladım. Tanıdım. Yaşadım” bir müəllifin şəxsi təəssüratlarının toplusu olmaqla yanaşı, Azərbaycançılıq ideyasının, milli kimlik və mədəni yaddaşın, insan ömrünün fəlsəfi dəyərinin bədii-fəlsəfi ifadəsidir. Kitab oxucunu həm tarixin dərslərini anlamağa, həm çağdaş dönəmin insanlarını tanımağa, həm də öz ömrünü yaşamağa sövq edir.

Fazil Mustafanın yeni kitabı özünü və millətini dərk etmək istəyən oxucular üçün düşüncə, yaddaş kitabı kimi xarakterizə oluna bilər.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.