Super User
Türkiyənin nüfuzlu universitetlərinin rektorları Diaspor Komitəsində olub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, qonaqları səmimi salamlayan Fuad Muradov Azərbaycan və Türkiyə prezidentlərinin dostluq münasibətlərinin xalqlar və millətlər arasındakı mövcud bağları daha da möhkəmləndirdiyini, bütün sahələrdə birgə fəaliyyətə stimul verdiyini qeyd edib.
Komitənin həyata keçirdiyi layihələrin, xüsusilə Şərqi Anadoluda reallaşan layihə və görüşlərin müsbət nəticələri barədə məlumat verilib, ali məktəblərlə səmərəli əməkdaşlığın, elm adamlarının yetişdirilməsinin və üzə çıxarılmasının vacibliyindən danışılıb.
Dövlət başçısının Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayındakı tarixi nitqində səsləndirdiyi “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar” fikrini xatırladan komitə sədri əslən Qərbi Azərbaycandan olan, hazırda Şərqi Anadoluda yaşayan soydaşlarımızla bağlı həyata keçirilən layihələrə, onlarla görüşlərə diqqət çəkib.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdan məmnunluq duyduqlarını, bu səfərin onlar üçün böyük əhəmiyyət daşıdığını dilə gətirib, səfərə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirib, eyni dil, din və mədəniyyət daşıyıcısı olmağımızın üstünlüklərindən danışıblar.
Müxtəlif ali məktəblərin rektorları Şərqi Anadolu bölgəsində yaşayan azərbaycanlıların Türkiyənin elm və mədəniyyətinə böyük töhfələr verdiyini, heç bir assimilyasiyaya məruz qalmadan cəmiyyətin ayrılmaz parçasına çevrildiyini deyiblər. Nümayəndə heyətinin üzvləri bu günə qədər həyata keçirilən layihə və görüşlərin əhəmiyyətinə diqqət çəkib, səmərəli tərəfdaşlığın davam etdirilməsinin vacibliyini söyləyiblər.
Görüşdə türkdilli dövlətlərin vahid diasporunun yaradılması, Azərbaycan və Türkiyənin “yumşaq güc”ünün daha da möhkəmlənməsi, DİDK-nın Türkiyədə yaşayan azərbaycanlılarla əlaqələrinin intensivliyi, universitetlərlə ortaq layihələrin həyata keçirilməsi, Şərqi Anadoluda yaşayan azərbaycanlıların ali təhsilə maraqlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Komitə sədrinin Qars və İğdır bölgələrinə səfəri zamanı oradakı Azərbaycan icması ilə, eləcə də hər iki bölgənin rəsmi şəxsləri ilə görüşdüyü, həmçinin Qars Qafqaz Universitetini ziyarət etdiyi, ali məktəbin müəllim və tələbə heyəti ilə yaxından tanış olduğu nəzərə çatdırılıb. Bununla yanaşı, komitənin mütəmadi olaraq Türkiyədəki diaspor təşkilatları ilə birgə 20 Yanvar faciəsi, Xocalı soyqırımı və ölkəmizin digər önəmli günləri ilə bağlı kütləvi tədbirlər keçirdiyi, müxtəlif şəhərlərdə bayram günləri münasibətilə böyük konsert proqramları təşkil etdiyi xatırladılıb. Həmin tədbirlərdə minlərlə azərbaycanlının, eləcə də türklərin və ölkəmizi sevən digər xalqların nümayəndələrinin iştirak etdiyi vurğulanıb. Yaxın vaxtlarda Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərinin forumunun keçirilməsinin də planlaşdırıldığı bildirilib.
Qonaqlara İğdır Azərbaycan Evinin uğurlu fəaliyyəti haqqında danışılıb və ümumilikdə 20 ölkədəki 31 Azərbaycan Evinin xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmlənməsi, onların ana dilini, milli adət-ənənələri qoruyub saxlamaları üçün yeni imkanlar yaradan əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, nümayəndə heyətinə İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin Çoruh Universitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim Çeçen Universitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant Baysal Universitetinin rektoru Mustafa Alişarlı, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü Yıl Universitetinin rektoru Hamdullah Şevli, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu daxildir.
Bir neçə gün ölkəmizdə səfərdə olacaq Türkiyə nümayəndə heyətinin Qarabağın müxtəlif bölgələrinə səfərləri, regionun nüfuzlu ali məktəblərindən olan Qarabağ Universitetinin kollektivi ilə görüşləri də nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Bəzən boşluq da insanı özünə qaytara bilər - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən günlər bir birinə bənzəyir. Dəyişən sadəcə saatın əqrəbləri olur.
Sən də bu günlərin içində özünü itirmiş kimisən. Nə bir söz deməyə, nə hərəkət etməyə, nə də içindəki sükutu pozmağa gücün var.
Sənin üçün önəmli olan mükəmməl olmaq deyil, fərqli olmaqdır. Eynilik səni bir boşluğa yuvarlayır. Axıb gedən zamanda baş verən dəyişikliklər sənə sadəcə təsir edir, dəyişdirmir. Çünki onlar eynidir. Hər zaman var. Sən isə fərqli mühitdə, fərqli hiss etdiyində dəyişirsən.
Dəyişməyi bacaran insan seçməyi, dəyişdirməyi, dəyişmək istəyənlərə toxunmağı bacarır. Eynilik insanı zamanla aşağıya doğru çəkir. Bəzən fərqində olaraq, bəzən də fərqində olmadan açılan boşluq səni daha dərinlərə vurur. Çıxmaq üçün nə bir ip, nə də tutunacaq bir yer qalır.
Yaşam boyu edəcəyin bir tək şey qalır - boşluğa təslim olmaq. Və bu boşluq səni udarkən içində qəribə bir yüngüllük doğulur. Bəzən isə boşluq insanı özünə qaytaran aynadır.
İndi seçim sənindir. Düşün, kimsən və kim olmaq istəyirsən. Çünki boşluq hər kəsi udur, amma yalnız seçim edənlər oradan qalxmağı bacarır.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Bakı World Biznes Mərkəzində ədəbiyyatşünas-alim, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmira Fuadın 2024-cü ildə Azərbaycan çap olunmuş “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” kitabının ingiliscə yayınlanmış “Southern Azerbaıjan ın the dıscourse of ethnocultural values” yeni nəşrinin təqdimatı keçirildi.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir iştirakçıları öncə Vətən uğrunda canlarından keçən igid şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tarix üzrə fəlsəfə doktoru, dosent, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova tədbiri giriş sözü ilə açdı və iştirakçıları salamladı. Sonra kitab haqqında məlumat verdi. O bildirdi ki, kitabın müəllifi filologiya elmləri doktoru, yazıçı-publisist Esmira Fuad Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçısı, dərin erudisiyalı alimdir. O, dəfələrlə İranda, Güney Azərbaycanda, Təbrizdə və digər şəhərlərdə olub, bir çox sənədlərlə tanış olaraq onlardan əldə etdiyi fakt və materialları öz tədqiqat əsərlərində işıqlandırıb. Ümumiyyətlə, Cənubi Azərbaycanda yaşayan yazıçı və şairlərimizin yaradıcılığı daim onun diqqət mərkəzində olub. L.Məmmədova qeyd etdi ki, ədəbiyyat, tarix, etnoqrafiya, kulturologiya elmlərinin kəsişməsi nəticəsində yaranmış kitab mövzunun orijinallığı və müəllifin problemə dərin yanaşması ilə seçilir. Müəllif xalqımızın son 200 illik tarixinə nəzər salaraq Azərbaycan dili, Azərbaycan toponimləri, milli adət-ənənələrimiz, dad və zənginliyi ilə milliliyin vəhdətini özündə yaşadan milli mətbəx məsələlərinə toxunub. Cənubi Azərbaycanda qadın problemi də müəllifin araşdırmalarının mərkəzində olub. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz və Cənubi Azərbaycan yazıçı və şairlərinin bu məsələyə çox həssas və diqqətli yanaşması, onların cəngavər oğullarımıza, igidlərimizə şeir, poema və nəsr əsərləri qələmə alması müəllif tərəfindən özəlliklə qeyd olunur. L.Məmmədova qeyd etdi ki, oxucular Esmira Fuadın əsərlərinə tez-tez müraciət edər, bu kitabları böyük sevgi ilə oxuyur, alimlərimiz öz araşdırmalarındahəmin əsərlərə istinad edirlər.
Tarix üzrə fəlsəfə doktoru, dosent, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi geniş və əhatəli Mübariz Ağalarlı vurğuladı ki, kitab ensiklopedik xarakterli sanballı bir əsərdir. Güney Azərbaycan məsələsinə yeni bir baxışdır. Əminəm ki, bu “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” (“Southern azerbaıjan ın the dıscourse of ethnocultural values”) Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfələr verəcəkdir.
Yazıçı, jurnalist Aysel Əlizadə Esmira Fuadın dərin yaradıcılığa malik olduğunu vurğulayaraq qeyd etdi ki, Cənubi Azərbaycan ədəbiyyatı mövzusu cəmiyyətdə maraqla qarşılanır. Söylədi ki, Esmira xanım kitabında Azərbaycanın taleyində üç nöqtə kimi qalan üç ayrılıq müqaviləsini şərh edir, tədbirdə Əntiqə xanımın dediyi kimi, güneylilərin dil qaçqınlığından yazır. “Güney Azərbaycan etnokulturoloji diskursunda” kitabı fundamental əsərdir.
Kitabı ingilis dilinə tərcümə edən ədəbiyyatşünas Şəfa Əliyeva Esmira Fuadın yazıları ilə əvvəlcədən tanış olduğunu söylədi. Bildirdi ki, kitab ensiklopedik dəyərə malikdir, tələbə və tədqiqatçılar üçün çox faydalıdır. “Kitabı tərcümə edərkən müəllifin fikirlərini, onun yanaşma tərzini qoruyub saxlanmasına diqqət yetirdim”, – sözləri ilə tərcüməçi çıxışını yekunlaşdırdı.
Şair, publisist, tərcüməçi Aqşin Ağkəmərli tədbirdə iştirak edən hər kəsin ürəyində cənub sevdası olduğunu vurğuladı və bir institutun görə biləcəyi işi təkbaşına həyata keçirən Esmira xanımın güneydə sanki daha çox sevildiyini vurğuladı. Qeyd etdi ki, Güney Azərbaycan şair və yazıçılarının əsərlərində bütöv Azərbaycan həsrəti var.
Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim, kitabsevər Tərlan Musayeva Güney Azərbaycanın tarixindən, mədəniyyətindən, adət-ənənələrindən bəhs edən kitab yazdığı üçün Esmira Fuada təşəkkür etdi. T.Musayeva dedi: “Bu cür fundamental əsərlərin ərsəyə gəlməsi üçün alimlər çox əziyyət çəkir və Esmira xanım da onlardan biridir”.
Şair, hərbi jurnalist Nazim Əhmədli bu cür əsərlərin yazmağın nə qədər çətin bir iş olduğunu və Esmira xanımın bu çətinliyin öhdəsindən məharətlə gəldiyini bildirdi.
Folklorşünas-alim, filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyeva (Hicran) kitabı yüksək dəyərləndirdi və Azərbaycan xanımlarına həsr etdiyi şeirini səsləndirdi.
Şair Kəmalə Abiyeva bu kitabı nə qədər təbliğ etsək belə, yenə də az olduğunu bildirdi. O qeyd etdi ki, Esmira xanım yaradıcılığında Güney Azərbaycan mövzusu başlıca yer tutur.
Şair Nizami Quliyev Cənubi Azərbaycan ədəbiyyatı mövzusunu vacib hesab edərək, müəllifin əsərinə yüksək dəyər verdi və M.Şəhriyarın “Heydər babaya salam” şeirindən bir parça səsləndirdi.
Ziyalı Ofeliya Nəzərova əslən Cənubi Azərbaycandan olduğunu və bu haqda danışılanda çox kövrəldiyini söylədi. Bildirdi ki, biz də bu kitabı övladlarımıza, nəvələrimizə çatdırmalıyıq ki, onlar Güney Azərbaycanı və güneyli soydaşlarımızı, aydınlarımızı tanımalıdırlar...
Azərbaycan nəsrinin çağdaş dövrdə aparıcı üzvlərindən biri, yazıçı Mənzər Niyarlı Esmira xanımla bir yerdə işlədiklərini, onun dərin tədqiqatçı olduğunu, bu mövzu üzərində həvəslə və səylə, yorulmadan çalışdığını, eyni zamanda sədaqətli dost, xeyirxah bir insan olduğunu bildirdi.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Qiymət Məhərrəmli bu kitabı Esmira xanımın Vətən yanğısı ilə yazdığını bildirdi: “İş elə gətirib ki, bir ilə yaxındır Esmira Fuadla eyni şöbədə – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunın Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işləməli olmuşam. Və yenidən onun necə çalışqan, fədakar bir millət fədaisi olduğunu daha yaxından müşahidə etmiş, onun millətsevərliyinin canlı şahidi olmuşam...” Q.Məhərrəmli çıxışını Təbriz haqqında şeirlə yekunlaşdırdı.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin üzvü Əntiqə Qurbanova qeyd etdi ki, dünyada olan qaçqınların çoxu humanitar qaçqınlardır, amma Güney Azərbaycanda yaşayan soydaşlarımız dil, mədəniyyət, adət-ənənə qaçqınıdır.
Pedaqoq, yazıçı Zenfira Nusalova müəllifin motivasiya verən bir insan, ciddi tədqiqatçı və ədəbiyyatşünas-alim olduğunu vurğuladı və Aydın İsrafilovun “Məni sağlığımda yoxla, bəsimdir” şeirini söylədi.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair Güllü Eldar Tomarlı qeyd etdi: “Kitabın ingilis dilində işıq üzü görməsi sevindirici haldır. Kitab daha geniş tədqiqatçı və oxucu auditoriyasına çatdırılmalıdır...”
Şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, yazıçı, tərcüməçi Kamran Nəzirli, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, digər qonaqlar kitabın Azərbaycanın hüdudlarından kənarda təbliğ olunmasının sevindirici hal olacağını qeyd edərək, müəllifə və tərcüməçiyə təşəkkürlərini bildirdilər.
Kitabın müəllifi filologiya elmləri doktoru, yazıçı-publisist, Esmira Fuad tədbir iştirakçılarına təşəkkürünü bildirdi və kitabın ərsəyə gəlməsi barədə ətraflı məlumat verdi. Məmnunluq duyğusu ilə etiraf elədi ki, “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” mənim ürəyimdən tikan çıxaran, illərdən bəri araşdırdığım, son dərəcə maraqlı gələn və ruhumu ağrıdan taleyüklü məsələlərimizə, o taylı-bu taylı bütöv Azərbaycan dərdlərinə ayna tutan, problemlərini bu aynada əks etdirən kitabım oldu... Esmira Fuad böyük minnətdarlıq duyğusu ilə kitabın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi vəsaiti ilə nəşr olunduğunu bildirərək əməyi keçən hər bir soydaşımıza təşəkkür etdi.
Tədbirdə şair və yazıçılar, ziyalılar, şəhid ailələri, mədəniyyət işçiləri, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Bu gün Bülbülün anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əlbəttə ki, o çox böyük sənətkardır. Musiqimizin zirvələrindən biridir. Hələ də mahnıları dinlənilir, hələ də sevilir. O da böyük sənətkar olan oğlu onun yolunu fəxarətlə davam etdirir.
Mən Bülbüldən və Polad Bülbüloğlundan danışıram.
Bu 26 sentyabr günü Bülbülün vəfatı günüdür.
SSRİ Xaıq artisti Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlayıb. 1909-cu ildə ailələri Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayır...
1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşğul olub. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb
1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirilib. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış edib.
Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938–1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir. Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. O, həm də parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır.
Oynadığı əsas partiyalar
1. Koroğlu – Üzeyir Hacıbəyov, "Koroğlu",
2. Əsgər – Üzeyir Hacıbəyov, "Arşın mal alan"
3. Qərib – R. M. Qlier, "Şahsənəm"
4. Əlyar – Müslüm Maqomayev, "Nərgiz"
5. Nizami – Əfrasiyab Bədəlbəyli, "Nizami"
6. Fərhad – Niyazi, "Xosrov və Şirin"
7. Aslan – Qara Qarayev və Cövdət Hacıyev, "Vətən"
8. Mario – Cakomo Puççini, "Toska"
İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər
- "Sənsiz" – Üzeyir Hacıbəyov
- "Sevgili canan" – Üzeyir Hacıbəyov
- "Ölkəm" – Asəf Zeynallı
- "Süsən sünbül" – xalq mahnısı
- "Yaxan düymələ" – xalq mahnısı
- "Qara gözlər" – xalq mahnısı
- "Çal-oyna" – xalq mahnısı
- "Segah təsnifləri"
- "Xumar oldum" – xalq mahnısı Niyazinin işləməsində
Filmoqrafiya
1. Doğma xalqıma
2. Asəf
3. Bülbül və Asəf
Təltif və mükafatları
1. "SSRİ xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Stalin" mükafatı (2-ci dərəcə)
4. 2 dəfə "Lenin" ordeni
5. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni
6. "Şərəf nişanı" ordeni
7. "Moskvanın 800 illik xatirəsinə" medalı
8. "Qafqazın müdafiəsinə görə" medalı
9. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
10. "Qaribaldi" medalı (İtaliya)
11. 2 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib
12. Sumqayıtın fəxri vətəndaşı olub
Bülbül 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Birinci Fəxri Xiyabandadır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Unudulmaz alimi qədirbilən xalqımız heç vaxt unutmayacaq
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı
Bu gün görkəmli elm xadimi, filologiya elmləri doktoru, professor Afad Qurbanvun anım günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı millət vəkili, yazıçı Əlibala Məhərrəmzadənin “Unudulmaz alimi qədirbilən xalqımız heç vaxt unutmayacaq” başlıqlı məqaləsini təqdim edir.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun ümumən elmimiz, o cümlədən dilçilik elmimizin qarşısında xidmətləri çox böyükdür.
Afad Qurbanov dilçilik elminin demək olar ki, bütün sahələrinə nüfuz etmiş, həmin sahələrdə öz adını qoymuş alimdir və o, 500‑dən çox elmi məqalə və çoxlu fundamental əsərin müəllifidir.
Onun A-dan Z-yə elm yolunda qoyduğu əməyini saymaqla qurtarmaz.
Bu gün görkəmli alimin anım günüdür. Əminliklə deyirəm ki, unudulmaz alimi qədirbilən xalqımız heç vaxt unutmayacaq.
Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olub. Ağır dönəmlər idi. Bolşevizm ayaq açıb yeridikcə bütün varlı adamlar qolçomaq, bütün millətini sevənlər pantürkist, bütün xalqını oyadan ziyalılarsa xalq düşməni adı altında güdaza verilirdi. Belə bir zamanda anadan olmaq, kommunist qaraguruhunun çığırtıları altında böyüyüb təhsil almaq və düzgün istiqamətlənmək çox çətin idi. Halbuki, Afad Qurbanov bunu gözəl bacardı.
Alimin sovet dönəmində keçdiyi həyat yoluna, elmi fəaliyyətinə uzun-uzadı toxunmayacağam. Təkcə müstəqillik dönəmimizdəki fəaliyyətinə diqqət ayıracağam.
XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanan və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri var. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olub.
Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilib.Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası və Azərbaycan dilçiliyində onomalogiya onun adı ilə bağlıdır. Məncə, elə tək bunu demək kifayətdir ki, böyük alimin xidmətləri barədə azacıq təsəvvür oyansın.
Filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın fikirləridir: “Afad Qurbanov Azərbaycan dilçiliyində onomalogiya, türkologiya və ümumi dilçilik sahələrində özünəməxsus konseptual yanaşma yaradıbdır. Onun “Ümumi dilçilik” dərsliyi milli zəmin üçün vacib əsər sayılır və kitab SSRİ məkanında da rezonans doğurubdur. Afad Qurbanov geniş erudisiyaya, dərin biliyə malik alim, xalqa və mədəniyyətə dərin məhəbbət bəsləyən fədakar ictimai xadim idi”.
Bu isə Milli Kitabxananın direktoru Kərim Tahirovun fikirləridir: “Afad Qurbanovun türkoloji, elmi‑dilçilik və Azərbaycan dilçiliyi sahələrində yaratdığı əsər və tədqiqatların dəyəri çox yüksəkdir. Onun elmi fəaliyyəti çoxşaxəlidir, fundamental əsərlər yaradıbdır, ölkə və beynəlxalq səviyyədə tanınıbdır”.
Akademik Nizami Cəfərov isə yazır ki, akademik Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə və Muxtar Hüseynzadə kimi alimlərin davamçıları nəslində ikinci nəsli təmsil edən Afad Qurbanov Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsidir. O, münbit müəllim‑pedaqoq təbiətini, alim-müəllim rolunu həyatının sonuna qədər qoruyubdur.
Afad müəllimin ən məşhur əsərlərindən bəzilərinin adlarını sadalayıram:
Müasir Azərbaycan ədəbi dili;
Azərbaycan onomastikası;
Azərbaycan dilinin onomalogiyası;
Dilçiliyin systemi;
Dilçiliyin tarixi;
Bədii mətnin linqvistik təhlili;
Ümumi dilçilik, I–II cildlər;
Dünyanın dil ailələri.
Görkəmli ziyalımız 26 sentyabr 2009-cu ildə - 80 yaşında vəfat edibdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Macarıstanlı nazir Türk Mədəniyyəti və İrsi Fondunda
Macarıstanın Mədəniyyət və İnnovasiya naziri Balázs Hankónun Bakıya səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşü keçirilib.
24 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qəragahında təşkilatın prezidenti Aktotı Raimkulova ilə Macarıstanın Mədəniyyət və İnnovasiya naziri cənab Balázs Hankó arasında görüş baş tutub. Görüşdə Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tamás Torma və macar nümayəndə heyəti də iştirak edib.
“Ədəbiyyat və incəsənət” prtalına Fonddan verilən məlumata görə, fondun prezidenti xanım Aktotı Raimkulova qonaqları salamlayaraq dost ölkənin mədəni əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirib, Macarıstanın Azərbaycandakı Səfirliyinin və şəxsən səfir Tamás Tormanın Türk dünyası ilə mədəni diplomatiyanın inkişafına göstərdiyi dəstəyi xüsusi qeyd edib.
Fondun qonağı olan Nazir təşkilatın fəaliyyəti ilə yaxından tanış olub. Cənab Balázs Hankó Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüslərini yüksək qiymətləndirərək gələcək mümkün birgə layihələrin müzakirəsinin önəminə toxunub.
Eyni zamanda Fondun “Türk xalqlarının mədəni irsinin çoxcildli və çoxdilli kataloqu”nun hazırlanmasında macar mütəxəssislərinin iştirakı və digər təşəbbüslər diqqət mərkəzində olub.
Qonaqlar üçün Fondun mərkəzi qərargahında yerləşən muzeydə ekskursiya təşkil olunub, Türk dünyasının zəngin mirasını, çoxəsrlik tarixini və adət-ənənələrini əks etdirən eksponatlar nümayiş olunub.
Görüş səmimi və konstruktiv müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Vətənin sipərləri – ŞƏHİD YAZISI
Mehparə Bəkirova,
Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya resurs şöbəsinin müdiri. “Ədəbiyyat və incəsənət” üçün
Vətən - sadəcə coğrafi sərhədləri olan bir məkan deyildir. Vətən - xüsusi sevgi ilə əzizlənən, süslənən, sinəsində övladların daim rahatlıq tapdığı, xoşbəxt yaşadığı ulu, gözəl bir məkandır! Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir.
Vətən bizim üçün ona görə müqəddəsdir ki, əsrlərdən bəri bu yurd uğrunda minlərlə igid oğul şəhid olub, bu torpağa onların qanı tökülüb, torpağın canına hopub. Şəhid qanı ilə suvarılan torpaq bizim üçün müqəddəsdir, hər zaman qeyrət, şərəf ünvanımızdır. Əsl vətənpərvər o kəslərə demək olar ki, onlar vətəni bütün qəlbi, canı və qanı ilə sevir. Onun azadlığı və istiqlaliyyəti uğrunda hər an döyüşə atılmağa, lazım gəldikdə canını belə qurban verməyə hazırdır. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişimizlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, ulularımızın ruhundan gəlir. Vətən sevgisi insana ana südü, ata nəfəsi ilə verilir. Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz qəlbində, milli mənliyində daim yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Döyüşçü üçün isə Vətən sevgisinin ən ali məqamı şəhidlikdir. Şəhidliyin məqamı və zamanı isə əvvəlcədən bəlli olmur. Şəhidlik uca Allahın bir insana verdiyi ömür payını könüllü olaraq, qəlbən inanaraq, müqəddəs amal uğrunda gözlənilmədən fəda etməsidir, məqamı gələndə qəhrəman oğulların öz ömürlərini Vətənə bağışlamalarıdır.
Qəhrəmanlıq təsadüfi olmur. Qəhrəmanlıq - insanın qanına ana südü , ana laylası ilə, atanın mərdlik, kişilik ruhu ilə ötürülür. Məqamı gələndə isə bir işıq kimi parlayaraq, sabahın yollarını aydınladır. 44 günlük Vətən müharibəsində məhz bu cür igidlər vətənpərvərlik nümunəsi göstərdilər. 30 ilə yaxın düşmən tapdağı altında qalan Qarabağ torpaqları işğaldan azad olundu. Şəhidlərimiz, ölümün bir addımlığında təsadüfən sağ qalmış qazilərimiz bu zəfər salnaməsinə öz igidlikləri, hünərləri ilə şanlı səhifələr yazdılar. Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən bütün igid əsgərlərimiz əsl vətənpərvər olduqlarını sübut etdilər. Ölümün gözünə dimdik baxaraq, ölümsüzlük qazandılar. Belə mərd igid, cəsarətli, qeyrətli, şəhidlik zirvəsinə ucalmaqla əbədiyyətə qovuşan oğullarımızdan biri də Oğuz rayon Dəymədərə kəndindən olan şəhid Abid Məmmədovdur. Doğulduğu gündən Vətənin müqəddəsliyini hər andaha dərindən dərk etməyi doğma evində öyrəndi. Abid hələ dünyaya gəlməmişdən erməni qəsbkarları Qarabağ torpaqlarına göz dikib, min fitnə-feillə doğma yurd yerlərimizi zəbt etmək xülyasına düşmüşdülər. Erməni vəhşilərinin murdar əlləri doğma Qarabağ torpaqlarına doğru uzananda minlərlə vətənpərvər gənc Vətənin müdafiəsinə qalxmış, silaha sarılaraq, cəbhə bölgəsinə üz tutmuşdu. Həmin illərdə könüllülərin içərisində Abidin atası Asif və əsgərlik xidmətində olan əmisi Araz da vardı. Birinci Qarabağ müharibəsində Asif 1992-ci ildə Ağdərə və Füzuli uğrunda gedən döyüşlərdə igidlik göstərmişdi. Lakin döyüşlər zamanı səhhətində yaranan problemlərə görə üç aydan sonra müalicə almaq üçün Füzulinin Qaraxanbəyli kəndindəki qospitala göndərilmiş, sonra isə aldığı ağır yaralara görə ordudan tərxis olunmuşdu. Abidin əmisi Araz isə cəbhə bölgəsində- Ağdərədə əsgərlik xidmətini davam etdirmiş, sonra isə Füzulinin yuxarı Abdurahmanlı kəndində düşmənlə üzbəüz mövqelərdəki döyüşlər zamanı igidlik, şücaət göstərmişdi. Həmin ağır döyüşlərdə şəhidlərimiz, yaralılarımız az olmamışdı. 1994-cü ili yanvar ayının 26-da Aşağı Abdurahmanlı kəndi uğrunda gedən döyüşlərdə ayağından yaralanan Araz da digər yaralılarla birgə sanitar postuna aparılıb ilkin yardım göstərildikdən sonra Beyləqana, daha sonra Saatlı qospitalına müalicəyə göndərilmişdi.
Şəhidliyə gedən yol... Atasının və əmisinin hələ 1-ci Qarabağ müharibəsində göstərdikləri şücaətlər barədə hələ uşaqlıqdan eşitdiyi söhbətlər Abidin vətənpərvərlik ruhunda böyüməsində ilk təkan olmuşdu. Yəni ki, onun vətənpərvərlik duyğuları, vətəni sevmək, qorumaq hissləri hələ uşaq yaşlarından, böyüdüyü evdən boy verməyə başlamışdı. O böyüdükcə düşmənə olan nifrəti də böyümüş, atasının və əmisinin düşmənlə apardığı mübarizənin yarımçıq qalması həmişə onu narahat etmişdi. Orta məktəbi bitirib hərbi xidmətə getdiyi zaman ürəyində pöhrələnən Qələbə arzusunu reallaşdırmaq üçün nümunəvi xidmət etmiş, komandanlığın “təşəkkürnamə”sini qazanmışdı. Ağdamın orta Qərvənd kəndi yaxınlığında əsgərlikdə olduğu zaman tibbi sanitar kimi xidmət edən Abid, komandirin dediyinə görə daim səngərlərə baş çəkir, yaralılara yerindəcə ilkin yardımlar göstərirdi. İlyarımlıq əsgəri xidmətini şərəflə yerinə yetirdikdən sonra ordudan tərxis olunaraq doğma kəndə qayıdır. Abid kəndin gəncləri arasında öz ağır təbiəti, ağayanalığı, dürüstlüyü, eyni zamanda mehribanlığı, səmimiyyəti və yaraşıqlılığı ilə seçilirdi. İstər ailədə, istərsə də evdən kənarda, işlədiyi kollektivdə böyük-kiçik yerini bilməsi, işgüzarlığı və bacarığı ilə hamının sevimlisi olmuşdu. O, hərbi xidmətdən sonra Oğuz şəhərində yerləşən Qarğıdalı emalı zavodunda operator köməkçisi işləməyə başlayır. İşə məsuliyyətlə yanaşması, işgüzarlığı və səmimiyyəti onu kollektivdə hamının sevimlisinə çevirir. Abid bütün gənclər kimi həyat eşqi ilə yaşayır, sevir və sevilir. Bu sevgi uğurlu izdivacla nəticələnir. O, ailə quraraq, ömür boyu ona vəfadarlıq edəcək xanımı ilə gözəl, məsud günlərini yaşayır. Aylar sonra onun valideynləri ilə bir ocaqda həyatının ən gözəl, xoşbəxt günlərinə daha bir sevinc əlavə olunur. O, 2020-ci ildə yeni ilin ilk saatlarında ata olmağın xoşbəxtliyini, bəxtəvərliyini yaşayır. Hər zaman məsuliyyətli olan Abidin ata kimi məsuliyyəti daha da artır. Onun ailəsi xoşbəxt, bəxtəvərlik dolu günlərini yaşayırdı. Balaca Əlinin hər bir hərəkəti evdə sevinclə, fərəhlə izlənilirdi. 2020-ci ildə bütün dünyada pandemiya elan edildikdən sonra hər kəs karantin qaydalarına uyğun olaraq yaşamağa çalışırdı. İl ağır gəlsə də, Abidin anası Rübabə ana yeni ilin ilk saatlarında ona balaca Əli kimi gözəl bir nəvəni bəxş edən həmin ildən, Allahdan çox razı idi. ...Həmin il iyul ayının 12-də baş verən Tovuz hadisələrihamı kimi Abidi və onun yaşıdlarını, ailəsini də sarsıdır. Minlərlə könüllü Ali Baş Komandanın əmrini gözləyir ki, silaha sarılaraq, illərlə ermənilərə qarşı ürəklərinə dolmuş qəzəb və nifrətlərini qalxan edərək, düşmənin başına endirsinlər. Digər yaşıdları kimi Abid də könüllülər sırasına yazılır. Və çox keçmir ki, vətənini sevən bütün qəhrəman oğullartəlim-məşqlər üçün hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılır.
Abid 2016-ci ildə Ermənistanla Azərbaycan arasında baş verən Tovuz hadisələri - dörd günlük müharibə zamanı da təlim-məşqlərə cəlb edilmiş, sonra isə evə buraxılmışdı. Sentyabrın 21-də yenidən təlim-məşqlərə qatılan Abidinailəsi yenə də onun təlimlər bitdikdən sonra evə qayıdacağını düşünürdülər. 2020-ci ilin sentyabrın 27-də düşmənin silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə cavab olaraq, Azərbaycan Ordusu sonradan ”Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Həmin gün səhərdən ermənilər ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı hücumlar etdi. Buna cavab olaraq ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarla Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Həmin gün Abidin də olduğu topçu taqımı Murov istiqamətində gedən döyüşlərdə igidliklə iştirak edir. Böyük ruh yüsəkliyi ilə başlayan, illər idi ki üəklərdə qövr edən yaralarımızın intiqamı üçün torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər bütün cəbhə boyu olduğu kimi bu istiqamətdə də düşmən ordusunun məğlub olaraq torpaqlarımızdan qovulması ilə nəticələnir. Murovdağ istiqamətində bir neçə gün ərzində neçə yüksəkliklər düşməndən təmizlənir. Həmin döyüşlərdə Abid də cəbhə yoldaşları ilə birgə mərdliklə vuruşur. Toptuşlayıcı briqadada köməkçi kimi xidmət edən Abid hələ sentyabrın 21-dən başlanan təlim-məşqlər zamanı fürsət düşdükcə ailəsi ilə əlaqə saxlamağa imkan taparaq, tezliklə görüşəcəklərini söyləyir.
Müharibənin ilk günlərindən düşmənə qan udduran yenilməz ordumuz hər gün qələbə xəbərləri ilə xalqı sevindirir, daha əzmlə döyüşlərə atılırdı. Muharibənin dördüncü günü hər kəs yorğun halda olduğundan ana torpağın qoynunda azacıq da olsa dincəlmək istəyirlər. Lakin gecə ikən məkrli düşmən həmin taqımın yerini dəqiqləşdirir. Oktyabr ayının 1-də səhər saatlarında düşmən Abidgilin mövqeyini minaatanlardan və başqa atıcı qurğulardan atəşə tutur. Abid yuxulu olduğundan əvvəlcə nə baş verdiyini anlamır. Düşmən tərəfin atdığı minamyot qəlpələri dolu kimi onların üzərlərinə yağır, zərbənin gücü Abidi Murov dağının Şişqaya deyilən yerində qayaya çırpır. Yanındakı döyüş yoldaşına ancaq “mənə nə oldu?” deyə bilir. Həmin vaxt xeyli şəhidlərimiz, yaralılarımız olur. Çox keçmədən komandanlıq yaralıları və şəhidləri “KamAZ”la döyüş bölgəsindən uzaqlaşdırır. Yaralılar Gəncədəki qospitala aparılır. Abid hələ yolda, maşında ikən, xəstəxanaya çatmadan dünyasını dəyişiir. Təəssüf ki, evdə ana-atanı, övladını, əzizlərini qoyub Vətən torpaqlarının azadlığı, bütövlüyü uğrunda döyüşlərə atılan qəhrəman oğullar düşmən hiyləsi nəticəsində həlak olurlar. Əlbəttə, onlar müharibənin nə olduğunu bilirdilər. Bilirdilər ki, döyüşə gedib, geri dönməmək də var. Və o Murov igidləri xalqımıza işıqlı sabah, övladları üçün azad, bütöv bir yurd miras qoymaq üçün uf belə demədən Vətən, torpaq uğrunda şirin canlarından keçdilər. Deyirlər, müharibədə atılan ilk güllə anaların ürəyinə dəyir. Vətən müharibəsində də minlərlə ananın ürəyi tikə-tikə, parça-parça oldu. Güllələr təkcə döyüşən oğulların ömrünü deyil, anaların, neçə-neçə ailənin də xoşbəxtliyini dəlib keçdi. Abidin anası necə gün övladından xəbər ala bilmir. Rübabə ana həyəcanla televizordan qələbə xəbərlərini izləyir, şəhid xəbərlərini də ürək acısı ilə qarşılayır.Abidin əmisioğlu onun yaralı ola biləcəyini bildirir. Abidin atası, əmisi və digər qohumlar bütün qospitalları və xəstəxanalarda onu aramaq üçün döyüş zonasına yollanırlar. Hərbi komissarlıqdan xəbər alırlar.
Yalnız axtarışın ikinci günü Araz əmi Abidin cəsədinin Gəncədəki qospitalın yanındakı morqda olduğunu öyrənir. Asif ata bu xəbəri eşidəndə sanki onurğa sütunu qırılır. ...Abid oktyabrın 4-də doğma kəndində - Oğuz rayonunun Dəymədərə kənd qəbristanlığında dəfn olunur. Abid Məmmədov böyük izdihamla, kədər və qürur hisslərinin qarışığı ilə əbədi mənzilinə köçür. Abid kimi minlərlə gənc geriyə baxmadan, torpaqlarımızın müdafiəsi və bütövləşməsi üçün, həyatlarının gənc çağında, qönçə vaxtında Vətən üçün canlarını, ömürlərini fəda etdilər.
Onlar şəhid oldu ki, xalqımız vətən torpağında şərəflə, qürurla yaşasın. Abidin anası Rübabə ana ilə görüşümüz zamanı Abid haqqında bunları söylədi:“Abid çox təmiz ürəkli, tərbiyəli, ədalətli oğlan olub. O, mənim ilk övladım idi. Mən analıq sevincini ilk dəfə Abidin sayəsində, o, dünyaya gələndə duymuşam. Ondan başqa yalnız bir qızım var. Vaxtilə çox mehriban ailəmiz olub - danışan, deyən, gülən... Heç vaxt nə ailə daxilində, nə də kiminləsə problemimiz olmayıb. Abid də elə oğlan idi ki, heç kəslə işi olmazdı. Hər adamla da ünsiyyət qurmazdı. Çox ağıllı, tərbiyəli, mərd, işgüzar oğul idi. Döyüş yoldaşları Abid barədə yalnız xoş xatirələr danışırlar. Çox az müddət birlikdə olsalar da, o, özünə böyük hörmət qazanmağı bacarmışdı. Abid gülüşü ilə seçilərdi. Tanışları ona “gülən oğlan” deyə müraciət edirdilər. İndi nə gülüşü gəlir, nə səsi eşidilir... Maşın həvəskarı idi. Avqust ayında sürücülük vəsiqəsi almışdı, maşın almaq istəyirdi, qismət olmadı, sentyabrda müharibəyə getdi. 2 ilə yaxın idi ki, ailə qurmuşdu. Bir övladı var. Abid oğluna həddən çox bağlı idi. Döyüş yoldaşlarından biri danışırdı ki, şəhid olduğu gün hamı yemək yesə də, nədənsə Abid yeməyibmiş. Ondan niyə yemədiyini soruşanda, “Əli yadıma düşüb, yaman darıxmışam” deyib. Hər dəfə telefonla danışanda yoldaşına deyərdi ki, mən yaxşıyam, əsas oğlum üçün narahatam. “İndi mən də, atası da yalnız onun bircə balası üçün yaşayırıq. Bundan sonra nə qədər ömrümüz var, ona həsr edəcəyik, - deyir Rübabə ana. - Mən oğlumla sağ ikən də fəxr edirdim, indi də fəxr edirəm. Gec, ya tez, oğluma qovuşacam. Bəlkə də, təsəllim yalnız budur".
Rübabə ana! Abidlə təkcə siz yox, bütün Oğuz eli, Azərbaycan fəxr edir, qürur duyur. Əlbəttə, Qələbələr qansız-qadasız, itkisiz qazanılmır. Hər yeni döyüşdə yeni qəhrəmanlar üzə çıxır. Sizin kimi anaların əllərindən öpürük, qəhrəman övladlar yetişdirdiyiniz üçün. Nə qədər ki sizin kimi mərd analar Abid kimi cəsur, qorxubilməz qəhrəman oğullar böyüdür, bizim doğma Vətənimiz heç vaxt düşmənə boyun əyməyəcək, güclü dövlətimiz sarsılmayacaq. Şəhidlərimizin isə əbədi yeri ürəklər olacaq.
Abidin arzusu Qarabağı düşmən tapdağından təmizləyib, qürurla evinə, elinə dönmək idi. Bu arzusuna çatmasa da Vətən torpaqlarının işğaldan azad olunmasında, Bayrağımızın qədim yurd yerlərində yenidən dalğalanmasında, böyük Zəfərimizin qazanılmasında Abidin də payı var. Allah böyük Qələbə sevincini bizə yaşadan bütün şəhidlərimizə rəhmət eləsin! Dövlətimiz Vətən müharibəsi qəhrəmanlarının hər birini döyüşlərdəki şücaətinə, rəşadətinə görə layiqincə qiymətləndirmiş, onları yüksək orden və medallarla təltif etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlər zamanı göstərdiyi igidliyə görə Abid Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Abidin ən ali mükafatı, yüksək adı isə, əlbəttə, şəhidlik adıdır. Şəhid - əbədiyyəti qazanan deməkdir.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
Tək Habil Əliyev deyil ki, digərləri də var
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kamanın atası Habil Əliyevi bu ölkədə kiçikdən böyüyə hamı tanıyır. İkinci məşhur kaman ustası Şəfiqə Eyvazova olubdur. Amma biz gərək digərlərini də tanıyaq. Məsələn, virtuoz ifaçı kimi ad çıxaran Fəxrəddin Dadaşovu.
Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirib. O, 1977-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib.
1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə. Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb.
1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olub. 69 xarici ölkədə, o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər verib.
C. Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
28 oktyabr 2000-ci ildə əməkdar artist, 16 sentyabr 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Filmoqrafiya
1. Qəzəlxan
2. Buta
3. Sübhün səfiri
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)
GÜNÜN FOTOSU - Zelenski BMT Baş Assambleyasında
“Dostlar və silah olmadan təhlükəsizlik zəmanəti yoxdur”, – deyə Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
“Əgər bir millət sülh istəyirsə, yenə də silah üzərində işləməlidir, çünki silah kimin sağ qalacağını müəyyən edir”, – deyə o vurğulayıb.
Fotp: Richard Drew/Copyright 2025 The AP.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Kəşf olunmamış, sirlərlə dolu ölkədən REPORTAJ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ölkəmizə gələn ərəb turistlərinin əlindən çoxumuz zinhara gəldiyimizi deyirik. Amma ərəblər təkcə bu turistlər deyillər axı.
Ərəb dünyası həmişə bizə sirli sehirli gəlib. Səhralar, dəvələr, ağ örpəyə bürünmüş insanlar, palmalar, canalan isti… İslam dininin təşəkkül tapdığı və peyğəmbərin mənsub olduğu xalq. Bu qədər. Səudiyyə Ərəbistanı Krallığına səyahətdən əvvəl bu ölkə haqqında məlumat öyrənmək üçün mütləq internetdə axtarışlara ehtiyac var.
Əgər 5 il əvvəl qaydaların sərtliyi, ölkəyə qadınların yalnız başıbağlı daxil olması, din polislərinin təhdidi ilə rastlaşması və s. "qorxu hekayələri"ndən başqa nəsə tapmaq mümkün deyildisə, indi müasirliyə meyil, turizmin inkişafı, dünyaya açılma ilə bağlı xoş xəbərlər səyahətçilərə unudulmaz səfər vəd edir. Bizə tanış olan stereotiplərdən hansının mif, hansının doğru olması ilə bağlı suallara cavabı isə yalnız bu ölkəyə səyahət zamanı tapmaq mümkündür. Səudiyyə Ərəbistanına bir həftəlik səfər müddətində həm heyrətləndik, sevindik, həzz aldıq, həm də vəcdə gəldik, bir sözlə, bütün emosiyalardan istifadə etdik.
Səudiyyə Ərəbistanı tarixən qapalı və mühafizəkar ölkə olub. Dünya turistləri krallığı "kəşf olunmamış, sirlərlə dolu ölkə" də adlandırırlar. Ancaq vaxt keçir və hər şey dəyişir. Sərhədlər yavaş-yavaş ziyarətçilərin üzünə açılır, viza şərtləri asanlaşır. Planetin ən zəngin dövlətlərindən biri sayılan Səudiyyə Ərəbistanı getdikcə daha əlçatan olur və müxtəlif yerlərdən olan insanlar onun mədəniyyəti, tarixi və görməli yerləri ilə tanış olmaq imkanı əldə edirlər. Ölkədə artıq turizmə, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə üstünlük verilir.
Paytaxt Ər-Riyad bizi rəngbərəng işıqlara bürünmüş uca göydələnləri, gözqamaşdıran işıq seli ilə qarşılayır.
"Dünyanın heç yerində belə parlaq işıqlar yoxdur. Elə bil şəhərin üzərinə göydən zər səpilib", - deyə ilk təəssüratımızı bir-birimizlə bölüşürük. Ər-Riyad müasir tikinti və ənənəvi mədəniyyətin təzadlarını, Şərq koloriti ilə Qərbin elementlərini bir arada görə biləcəyiniz şəhərdir.
Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir. Şəhərdə böyük sənaye müəssisələri fəaliyyət göstərir. Paytaxtın bir neçə ali məktəbində ərəb və ingilis dilində təhsil, İslam Universiteti dünya ölkələrindən tələbələri də cəlb edir. Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi isə Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.
Ərəb qadınları dünya brendlərinin bahalı mallarından ibarət ticarət mərkəzlərində gəzməyi xoşlayırlar. Bütün qadınlar abaya geyinsələr də, ürəklərində dəb aludəçisidirlər. Ölkədəki alış-veriş sistemi əsasən nəhəng ticarət mərkəzlərindən ibarət olduğundan, ticarət və əyləncə mərkəzində ehtiyac olan hər şeyi tapmaq mümkündür.
Ölkənin əksər hissəsinin quraqlıq və səhra qumları olmasına baxmayaraq, marketlərdə həmişə təzə tərəvəz və meyvələrin geniş seçimi var.
Səudiyyə Ərəbistanının mətbəxi kifayət qədər çeşidli və ləzzətlidir. Burada zövqə uyğun təamlar dadmaq olur. Fast food həvəskarları böyük Qərb şirkətlərinin obyektlərinə üz tuturlar. Ər-Riyad çeşidli yemək menyuları təklif edən restoran və kafelərlə zəngindir. Hər yerdə təklif olunan ərəb qəhvələrinin və çeşidli xurmaların dadı uzun müddət damaqda qalır.
Səudiyyə Ərəbistanında diskoteka tapılmır, ancaq bayram və ya adi günlərdə və işdən sonra ailələr şəhərə çıxır, kafelərdə oturur, canlı konsertlərə tamaşa edirlər. 10 ölkənin kiçik pavilyonunu birləşdirən "Dünya bulvarı" adlı yeni məkan təkcə səudiyyəlilərin deyil, turistlərin də əsas gəzinti yerinə çevrilib. Böyük ictimai park, Kral Əbdüləziz Xalq Kitabxanası, Kral Əbdüləziz Məscidi, Kral Əbdüləziz Auditoriyası və Qədim Əsərlər Mərkəzi kimi mütləq görüləsi məkanlar da turistlərə açıqdır.
Marağımıza səbəb olan məqamlardan biri - Səudiyyə Ərəbistanında qapalı məkanlarda mərkəzi istilik sisteminin yoxluğu oldu. Fəsildən asılı olmayaraq yalnız sərinlik sistemi işləyir.
İctimai nəqliyyat nadir halda gözə dəyir. Şəhəri piyada gəzmək mümkün deyil, məsafələr çox böyükdür. Digər tərəfdən, uzun yollarda qızmar günəşdən və çöldəki isti havadan qorunmaq lazım gəlir. Ona görə burada hər ailənin şəxsi avtomobili var.
Ər-Riyadda səhnəsində quruluşu müasir texnologiyalarla müşayiət olunan teatr da, ölkənin tarixini bütünlüklə əks etdirən muzeylər də, qədim və nadir kitabları ilə öyünən kitabxanalar da var.
Turizm ölkədə iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilir. Səudiyyə Ərəbistanı yalnız 2019-cu ildə fəal şəkildə xarici qonaqları qəbul etməyə başladığı üçün burada turizm infrastrukturu qeyri-bərabər inkişaf edib. Son vaxtlara qədər bura yalnız diplomatlar, iş adamları və zəvvarlar gəlirdisə, indi ölkə turistlərə açıqdır. Səyahət sevən insanlar böyük şəhərləri - Ər-Riyad, Əl Xobar, Dammam, Ciddə və Taif şəhərlərini seçirlər. Turistlər Qırmızı dəniz və Fars körfəzindəki kurortlarda, çimərliklərdə dincəlməyə, heyrətamiz dağ panoramalarından zövq almağa, bədəvilərin min illər boyu gəzdiyi səhralara, milli parklara ekskursiyalarda iştirak etməyə gəlirlər.
2017-ci ildə ölkədə turizmin inkişafına hesablanan "Baxış 2030" proqramı qəbul edilib. Bu proqramın reallaşdırılması ölkənin sürətli inkişafını nəzərdə tutur. Həmçinin proqram turizm sahəsində böyük inkişafa səbəb olub. Məsələn, təkcə 2021-ci ildə ölkəyə 63 milyondan çox insan səfər edib. 2019-cu ildə xarici turizmin inkişafı strategiyası işə salınandan bəri krallıq ölkəyə səfər etməkdə əsas məqsədi İslamın müqəddəs yerlərini ziyarət etmək olan ziyarətçilərin sayını iki dəfə artıra bilib. İsti və quraq iqlimə baxmayaraq, ölkəyə gələn turistlərin və zəvvarların sayı ildən-ilə artır. "Biz pandemiyadan sonra nəinki əvvəlki həcmləri bərpa edə bildik, həm də əsasən, daxili turizm hesabına rəqəmləri xeyli artırdıq", - deyə iqtisadi forumlarda qeyd edilir. Elektron viza xidmətinin işə salınması sayəsində ölkəyə daxil olmaq üçün tələb olunan sənədlərin işlənməsi xeyli asanlaşıb.
Azərbaycan vətəndaşlarının krallığa səfəri viza ilə tənzimlənir. İnanclı insanlarımız arasında bu ölkəyə dini turizm məqsədilə gələnlər üstünlük təşkil edir. Kiçik Həcc (Ümrə) və böyük Həcc ziyarətlərinə gələn azərbaycanlıların sayı kifayət qədər çoxdur. İslam dininin mərkəzinə - Məkkəyə gəlib dünyanın ən böyük məscidi sayılan Əl-Haramda namaz qılmaq, müqəddəs Kəbəni, Mədinəni ziyarət etmək, bu mistik ab-havanı duymaq əksər inanclı insanlarımızın arzusudur.
Krallıqda həmvətənlərimiz də çalışır. Belə ki, 2000-ci illərin əvvəllərində həkimlər bu ölkəyə gəlməyə başlayıb. Ölkənin şərqindəki "Saudi Aramco" neft şirkətində azərbaycanlı mühəndislər fəaliyyət göstərir. Son dövrlər ölkənin tanınmış restoran və digər iaşə obyektlərində idarəedici heyət olaraq, əsasən, azərbaycanlıların xidmətlərindən istifadə etməyə başlayıblar.
Son illər Körfəz ölkələrində qadınların hüquqlarını liberallaşdırmaq üçün bir sıra qanunlar qəbul edilib. 2017-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı kralı ölkədə qadınlara avtomobil sürməyə icazə verən fərman imzalayıb. Artıq küçələrdə sükan arxasında qadınlara rast gəlinir.
Paytaxt Ər-Riyad tez-tez beynəlxalq tədbirlərə ev sahibliyi etdiyindən gələn qonaqları və turistləri yerli əhali artıq olduqları kimi görməyə öyrəşib.
İctimai yerlərdə bütün qadınların uzun qara don - abaya geymələri məcburi deyil. Bu geyim yalnız müqəddəs yerlərə ziyarət zamanı məcburidir. Ölkədə islahatları ilə sevilən vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud deyib ki, qadınların belə sərt geyim tərzindən imtina etmək hüququ var. Düzdür, daha mühafizəkar - qara abaya, niqab və əlcək geyinən qadınlara da rast gəlmək olur. Amma qadınlara çox açıq, qolları dirsəkdən yuxarı paltarlar, qısa ətəklər və şortlar geyinmək qadağandır.
Ölkəyə səfər edən turistlər üçün də sərt məhdudiyyətlər yoxdur.
Körfəz ölkələrinin ailə məsələləri və qadın hüquqları uzun illər bir sıra beynəlxalq konfransların qaynar müzakirə mövzusu olsa da, krallıqda artıq bu istiqamətdə buzlar əriməyə başlayıb. Məsələn, qadının təhsili, işləməsi müzakirə mövzusu deyil. Ailə münasibətlərində qadın və kişilərin boşanmalarına qadağa yoxdur. Ayrılandan sonra hər ikisi yenidən evlənə, istədikləri şəxslə ailə qura bilirlər. Amma ilk dəfə evlənəndə mütləq yerli sakinlə ailə qurmaları şərtdir. Minimum evlilik yaşı yoxdur. Formal olaraq məcburi nikahlar qadağandır, lakin bəylə qızın atası arasında razılaşma məcburidir.
Krallıqda çalışanların üçdə biri əcnəbilərdir. Əsasən, yoxsul Asiya və Afrika ölkələrindən olan işçilər ölkədə daimi yaşayır və işləyir.
Krallıqda başqa bir əcnəbi işçi qüvvəsi də var - onlar yüksək ixtisaslı mütəxəssislərdir. Avropa, ABŞ və Kanadadan olan mühəndislər, pilotlar, neftçilər və digər mütəxəssislər ailələri ilə birlikdə krallığa bir neçə illik müqavilə əsasında gəlirlər. Belə işçilərə yüksək maaş, mənzil, avtomobil, bütün ailə üçün tibbi sığorta verilir.
Səudiyyə Ərəbistanında hazırda cümə və şənbə istirahət günü sayılır. Namaz vaxtı bütün mağazalar və ofislər 15-20 dəqiqə bağlanır və alıcılardan, o cümlədən gələn turistlərdən bayırda və ya foyedə gözləmələri xahiş olunur. Böyük supermarketlərdə bütün müsəlmanların toplaşdığı ibadət otağı var. Mağazada asılmış səsgücləndiricilər vasitəsilə içəridə olan insanlara namaz vaxtı əvvəlcədən xəbər verilir.
Səudiyyə Ərəbistanı hələ də Məhəmməd Peyğəmbərin Mədinəyə hicrət etdiyi tarixdən - İslam təqvimi - Hicri-Qəməri təqvimindən istifadə edir. Hazırda ölkədə 1447-ci ildir.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)


