
Super User
“Yazmaq oxumağın cansız ruhudur” - KAMAL ABDULLANIN QRANULALARI
Bir müddətdir ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edirdik, bu gün dərci yekunlaşdırırıq. Nə xoş ki, sizlər bu dərcləri maraqla qarşıladınız, onlardan xeyli bəhrələndiniz. Buna sizlərdən aldığımız rəylər sübutdur.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, Kamal Abdulladan son qranulalar:
1.
Yazmağa tələsən gənclər üçün: Yazmayın. Hələ oxuyun. Yazmaq oxumağın cansız ruhudur.
2.
Oxuyub başa düşməyə bilərsən. Dünyanın axırı olmaz. Yaxud oxuyub başa düşdüyünü zənn edə bilərsən. Yenə də dünyanın axırı olmaz. Oxuduğunun səndən kənar qalmasının bir səbəbi ola bilər. Kontekst sənə yaddır. Mənəvi, psixoloji, tarixi, intellektual kontekst sənə yaddısa, bax, bunun əlacı yoxdu. Bax, bu zaman dünyanın həqiqətən də axırı gəlir.
3.
“Məni daha gözləmə,
Gəlib yığılma
Səni görməyən gözlərimə.
Səni mən unutmaram,
Səni mən unutmaram,
Məni daha gözləmə.”
4.
Ramiz Rövşən: “Kamal yazanda dincəlir.”
Düz sözə nə deyəsən?!
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Qarabağın bülbülü dəfn olunanda ermənilər də ona hörmət əlaməti olaraq atəşkəsi pozmayıb
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur.
Səxavətin səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül", "Sona Bülbüllər" və s.
1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq çalğı ansamblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.
Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.
Səxavətlə bağlı xatirələr
Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Orda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamı mükəmməl səviyyədə öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.
Nikaraquada konsert verirmiş. Buzlu su da içib. Oxuyanda əcnəbilər dəhşətə gəliblər və gəlib boğazını yoxlayıblar ki, doğrudan da səs burdan çıxırmı. Onlara elə gəlibmiş ki, o səs aparatdan çıxır.
“Bəxt üzüyü” filmindəki qeyri-adi səsi hər kəsi heyrətə gətirir.
Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Azad bir quşdum” mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: “Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda”.
Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda “bəyhamamı”na bizə gəlmişdi. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.
Konsertləri həmişə maraqla qarşılanırdı. 5-10 saat fasiləsiz oxuyurdu, yorulmurdu. Bir toyda, məclisdə ona dəfələrlə “Mirzə Hüseyn segahı” oxudurdular, Səxavətsə hamısını fərqli oxuyurdu.
Özü kasıb ailədən olsa da imkansız adamlara əl tutmağı sevərdi. Üstəlik, ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı. Bir dəfə isə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.
Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: “Mən öləcəm”. Bu yuxudan bir ay sonra vəfat edib.
Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.
Deyilənə görə, onu düşmən ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıb.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
İğdırda Azərbaycan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İğdır şəhərindəki Azərbaycan icması ilə görüşüb. İğdır Azərbaycan Evində baş tutan görüşdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə sədri ölkəmizin diaspor siyasəti barədə geniş məlumat verib, komitənin həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə çıxış edib, icma üzvlərinə diaspor işinə verdikləri töhfələrə görə minnətdarlıq edib.
Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək yeni mərhələyə yüksəldildiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb.
Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev icma ilə təşkil olunan görüşü yüksək qiymətləndirib, soydaşlarımızla daha yaxından tanış olmaqdan məmnunluq ifadə edib. Konsulluğun qapılarının hər bir azərbaycanlı üçün açıq olduğunu diqqətə çatdırıb.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar evin fəaliyyəti barədə hesabatla çıxış edib, Azərbaycan Evinin həm soydaşlarımız, həm də yerli ictimaiyyət üçün doğma məkana çevrildiyini diqqətə çatdırıb, yaradılan imkana, göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Görüş fikir mübadiləsinin aparılması, sualların cavablandırılması ilə davam edib. İğdırda yaşayan azərbaycanlılar qazandıqları uğurlardan, icmanın fəaliyyət imkanlarının genişlənməsindən danışıb, qayğı və çətinliklərini dilə gətirib, açıq və səmimi müzakirəyə görə minnətdarlıq ifadə ediblər.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Gənclər Kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi ilə əlaqədar olaraq silsilə materiallar hazırlanıb
Ötən gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin yubileyi münasibətilə "Xalq şairi Zəlimxan Yaqub - 75 " adlı elektron məlumat bazası hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Xalq_shairi_Zelimxan_Yaqub_el_melumat_bazasi/index.html yerləşdirilib. Məlumat bazası şairin zəngin bədii yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əhatə etməklə özündə bir sıra bölmələri cəmləyir. Elektron məlumat bazasında Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Zəlimxan Yaqubun layiq görüldüyü orden, medal və təltiflərin verilməsinə dair imzalanan rəsmi sənədlər, şairə həsr edilən professorlar Qəzənfər Paşayevin “Zəlimxanın poeziya aləminə səyahət”, Akif Abbasovun “Ədəbiyyatımıza yeni ruh, yeni nəfəs gətirmiş Zəlimxan Yaqub”, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Sənsiz yaşamağa öyrəşmək çətin...” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Zəlimxan Yaqubun müəllifi, elmi rəhbəri və məsləhətçisi, redaktoru olduğu kitabların, məqalələrin, dissertasiya işlərinin siyahısı, açıq məktubları, müsahibə və söhbətləri də təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada şairin kitablarının virtual sərgisi, video və foto qalereyası da sərgilənir.
Kitabxanada Xalq şairi Zəlimxan Yaqubun həyat və yaradıcılığına, ictimai fəaliyyətinə həsr edilən virtual kitab sərgisi də hazırlanıb. Kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/zelimxan-yaqub-75 yerləşdirilən virtual sərgidə “Təltif və mükafatlar”, “İlk yaradıcılıq nümunələri” kimi bölmələrlə yanaşı Zəlimxan Yaqubun müəllifi olduğu “Qayıdaq əvvəlki xatirələrə”, “Millətdə, dövlətdə, sənətdə”, “Düşüncələrin simfoniyası”, “Mən bir dağ çayıyam”, “Mən öz dastanımı yazıb gəlmişəm” “Özün basdırdığın ağaca söykən” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Azərbaycan muğamı “Əl-Cəzirə” telekanalında
Qətərin “Əl-Cəzirə” telekanalı Azərbaycan muğamı barədə veriliş hazırlayıb.
AzərTAC xəbər verir ki, telekanalın əməkdaşı Nik Klark yarım saatlıq verilişdə Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova ilə müsahibəni təqdim edib.
O qeyd edib ki, Alim Qasımov səsi ilə dünya miqyasında izləyiciləri məftun edən sənətkardır, onun ifası qədim hekayələri müasir dünyada aktuallaşdırır.
İfaçılar Alim Qasımov və Fərqanə Qasımova muğam sənəti barədə fikirlərini bölüşüblər.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Praqada “Qanlı Yanvar” filmi göstərilib
Yanvarın 20-də Praqadakı Azərbaycan Mədəniyyət Mərkəzində Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminin nümayişi olub.
AzərTAC xəbər verir ki, filmin nümayişinə Azərbaycan diasporunun, ölkəmizin və Türkiyə səfirliyinin nümayəndələri toplaşıblar.
Filmə baxdıqdan sonra diskussiya aparılıb və Azərbaycan diasporunun nümayəndələri bu faciəli hadisə ilə bağlı şəxsi acı xatirələrini bölüşüblər.
Azərbaycan Mədəniyyət Mərkəzində açılan kinoklub çərçivəsində nümayiş etdirildiyi üçün gecənin iştirakçıları filmin bədii komponentini də müzakirə ediblər. Türkiyə səfirliyinin konsulu Volkan Tanıldız da bu faciəli tarixlə bağlı başsağlığı verib və filmlə bağlı fikirlərini bildirib.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Xalq şairi Zəlimxan Yaqubun məzarı ziyarət olunub
Xalq şairi Zəlimxan Yaqubun 75 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.
AzərTAC xəbər verir ki, tədbirdə tanınmış dövlət və ictimai-siyasi xadimlər, elm və sənət adamları, şairin çoxsaylı oxucuları, doğmaları və yaxınları iştirak ediblər.
Anım mərasimində çıxış edən Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu böyük söz ustadının həyat və yaradıcılığı haqqında geniş məlumat verib, son illərdə nəşr olunan kitablarından danışıb. O qeyd edib ki, cari ilin ilk günlərində daha iki kitab çap edilib. “Məqalələr. Müsahibələr” adlı kitabda şairin ömrünün son illərində yazdığı məqalələri və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, “Zəlimxan özü var xatirələrdə” adlı kitabda isə onun haqqında son illərdə yazılmış məqalələr və ona ithaf olunmuş şeirlər yer alıb.
AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, görkəmli dövlət xadimi Həsən Həsənov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, professor Vidadi Orucov, Əməkdar jurnalist İsmayıl Ömərov, şairlər Qılman İman, Sabir Sadaxlı, Təbriz İman, Binəli Bayram, Sənan Hüseynov və digərləri şairlə bağlı xatirələrini bölüşüblər.
Aşıqlar Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı və Ramin Qarayev müxtəlif saz havaları üstündə şairin şeirlərini səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
“Allah mənə kömək etsin” - 47-ci ABŞ prezidenti Donald Trampın andının yekun sözləri bunlar oldu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Donald Tramp impiçmenti, cinayət ittihamlarını və iki sui-qəsd cəhdini dəf edərək dünən - bazar ertəsi and içərək ABŞ-ın 47-ci prezidenti vəzifəsinə başladı.
İnauqurasiya mərasimi 40 ildən sonra ilk dəfə olaraq Rotonda - Konqresin mərkəzi zalında keçirildi. Bura təxminən min nəfər oturacaq yerinə malikdir və yerlər əlbəttə ki, tam olaraq dolmuşdu. Mərasimi Euronews telekanalından izləyir, hər epizoda diqqət etməyə çalışırdım.
Respublikaçı Tрамп, ABŞ konstitusiyasına və ölkəyə sədaqət andı içdi.
Ağ Evdən Kapitoli sarayına seçilən yeni və istefaya gedən əvvəlki ABŞ prezidentləri ənənəyə uyğun olaraq mərasimə eyni avtomobildə gəlmişdilər, təbii ki, yol boyu bir-birilərinə nəzakət nümayiş etdirmişdilər. Onlarla birlikdə 47-ci prezidentin andiçmə mərasiminə Minnesota ştatından olan senator, Konqresin iki partiyalı komitəsinin sədri C. Emmi Klobuşar da qatılmışdı.
"Mən, Donald Con Tramp təntənəli şəkildə and içirəm ki, ABŞ prezidentinin vəzifəsini dürüst şəkildə yerinə yetirəcəyəm və bütün gücümü sərf edərək ABŞ Konstitusiyasını qoruyacaq, müdafiə edəcək və dəstəkləyəcəyəm. Allah mənə kömək etsin," - deyərək o, ənənəvi andiçmə formulunu oxuyaraq, sol əli ilə Melaniya xanımın tutduğu İncilə toxundu.
"Prezident, təbrik edirəm," - dedi qarşısında duraraq andı qəbul edən ABŞ Ali Məhkəməsinin sədri Con Robert.
Tramp 2017-ci ildəki ilk inauqurasiyasında olduğu kimi, iki İncil üzərində and içdi. Birinci İncil üzərində 16-cı prezident Abraham Linkolnun 1861-ci ildə and içdiyi İncil idi ki, posta qədəm qoyan bütün ABŞ prezidentləri ona əl basırlar.
İkinci İncil isə Ttrampın uşaqlıqda anası tərəfindən ona hədiyyə olunan və onun bu illər ərzində göz bəbəyi kimi qoruduğu İncil idi. Tramp reqlamenti ailə dəyərlərinə görə pozdusa da bu, rəğbətoyadıcı bir jest idi.
Tramp ABŞ tarixində iki dəfə prezident olan ikinci şəxs oldu. Əvvəlcə bunu yalnız Grover Cleveland bacarmışdı (22-ci və 24-cü prezident olaraq 1885-1889 və 1893-1897-ci illərdə).
İndi Tramp ABŞ-ın 45-ci və 47-ci prezidentidir.
İnauqurasiyada daha bir ilk - ABŞ-da bu cür mərasimlərin keçirildiyi tarixdə ilk dəfə olaraq xarici liderlər iştirak edirdi: Argentina prezidenti Xavier Milei, İtaliya baş naziri Corca Meloni, Ekvador prezidenti Daniel Noboa. Çin tərəfdən mərasimə Çin Xalq Respublikasının baş nazir müavini Han Cen qatılmışdı. Hindistanı respublikanın xarici işlər naziri Subramanyam Jayşankar, Yaponiyanı isə Xarici İşlər naziri Takeşi İvai təmsil edirdi.
Andiçmədən dərhal sonra Kapitoliya təpəsindən 21 dəfə artilleriya atəşi səsləndi. Bir neçə dəqiqə əvvəl - ənənəyə uyğun olaraq - 40 yaşlı ABŞ vitse-prezidenti Ceyms Devid Vens də and içdi. Beləliklə, saat 12:00-da (21:00 Bakı vaxtı ilə) Tramp administrasiyasının 4 illik müddətinin hesabı başlandı. Onu da nəzərinizə çatdırım ki, paytaxt Vaşinqtonda xüsusilə Trampın həyatına qarşı 2024-cü ilin iyul və sentyabr aylarında edilən sui-qəsd cəhdləri ilə əlaqədar olaraq, misilsiz təhlükəsizlik tədbirləri görülüb. Bundan başqa, Milad bayramı günlərində Las-Veqasda (Nevada ştatı) və Nyu-Orleanda (Luizianna ştatı) terror aktları törədilmişdi.
Odur ki, təhlükəsizlik tədbirlərinin görülməsi vacib idi.
O ki qaldı Trampın daha çox erməniləri sevindirəcəyi məsələsinə, bunu hələ yaşayarıq, görərik.
Foto: Kevin Lamarque/2025 Getty Images
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Fondan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, şəhid Cavidan Ağayevin anası Gülnarə Ağayevaya diz artoskopiyası əməliyyatı keçirilib.
Müvafiq əməliyyat üzrə xərclər "YAŞAT" Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Lənkəranda 1 ildə 300 000-ci müraciət qeydə alınıb
Lənkəran rayonunda 1 ildə ASANlaşan 300 000-müraciət barədə “ASAN xidmət” məlumat yayıb.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, agentliyin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 16 yanvar 2024-cü il tarixində baş tutub.
Mərkəz Lənkəran rayonu, Qurumba kəndi, Ələt-Astara avtomobil yolu, 172-ci km ünvanında yerləşir.
Lənkəran regional “ASAN xidmət” mərkəzi Lənkəran rayonu ilə bərabər Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan 500 000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
Fəaliyyət göstərdiyi müddət ərzində Lənkəran “ASAN xidmət” mərkəzində 300 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.
Mərkəzdə ümumilikdə 214 əməkdaş və ay ərzində 20-25 nəfər könüllü çalışır. Mərkəzin fəaliyyətə başladığı müddətdən bu günə qədər ümumilikdə 200-ə yaxın könüllü məzun olub.
Hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-dən çox xidmət göstərilir və mərkəzlərdə gündəlik 40 min nəfərə yaxın vətəndaş qəbul edilir.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)