Super User

Super User

Çərşənbə, 13 Noyabr 2024 10:04

Bu gün Ümumdünya Yaxşılıqetmə Günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

13 noyabr. Beynəlxalq gözdən əlillər günü

1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.

Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.

 

13 noyabr. Ümumdünya Yaxşılıqetmə Günü

Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

 

 

Noyabrın 11-dən başlayraq noyabrın 22-dək ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu qlobal əhəmiyyətli tədbir çərçivəsində qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə maraqlı bədii proqramlar - konsertlər, sərgilər və təqdimatlar keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu gün - noyabrın 13-də saat 19:00-da Heydər Əliyev Sarayında “Oyanış" adlı konsert proqramı gerçəkləşəcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim edəcəyi konserti COP29-la bağlı Bakıya gəlmiş onlarla ölkənin dövlət və hökumət başçıları, digər rəsmilər, iqlim üzrə mütəxəssislər izləyəcəklər. 

Qeyd edək ki, “Oyanış” bəşəriyyətin təbiətlə münasibətini bərqərar edən və həyat üçün zəruri olan başlanğıc ünsürlərə təfəkkürlə baxmağa çağıran müqəddəs ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də şou suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə əlaqələndirən yenidən başlanğıc kimi düşülür. Çətin təkamül yollarında itmiş bəşəriyyət hər bir elementin mahiyyətində təbiətin bədii əsərini bizə göstərmək üçün uzaq zamanlardan gələn müəyyən kahinlərin müdrikliyi ilə ziyarət ediləcək. Bütün bunlarla birləşən kosmik yazışmaların dinamikası daxilində müqəddəs kişilik və qadınlıq dialektikası Xeyirə doğru kollektiv səy kimi həyatı yeniləyən bəşəriyyətin toxumasını toxuyacaq. Xalça saysız-hesabsız düyünlərin birləşməsinin nəticəsi olduğu kimi, biz də xalqlar arasında kollektiv iradənin məziyyətləri ilə əldə edilən birliyin gözəlliyini təsəvvür edirik. İnsan məhdudiyyətləri ilə çərçivələnən saf bir ruh kimi, onu gizlədən daşdan azad edilmiş Bakı Qülləsinin Qızcığazı bizə “insan olmağı” xatırladan o gözəlliyi, saflığı və kövrəkliyi ilə insanlığı ruhlandıracaq. Həqiqətən də, insan olmaq kövrəkliyimizi etiraf etməkdir, amma hələ də həyat səhnəsində olmaqdır. Amma həyat gözəllik kimidir; tanınmadıqca, qayğı göstərilmədikcə mövcud deyil. Axı gözəllik baxanın gözündədir. Bu səbəbdən rəqs şövqü və ruhlandırıcı bahar arzusunda, hər şeyi yeniləmək üçün bəşəriyyətə verilən yeni bir işığın müjdəçisi kimi əbədi məşəl alovlanacaq...

Ölkəmizdən və xaricdən incəsənət ustalarının iştirakı ilə hazırlanan şou-kompozisiyanı ərsəyə gətirənlər:

 

Turanın qızı - Cüsy Di Blasi

Atəş keşişi - Antonio Bonura

Kahinlər - Ancela Aucello, Grazia Montelione, Sabrina Puleo, Luçie Vendlovà

Qalanın Bakirə Qızı - Tatiana Foski, Afag Abbasova

Naməlum Şahzadə - Ramil Qasımov

Solo tar – İbrahim Babayev

Mugam solo – Fərqanə Qasımova

Mugam solo – Teyyub Aslanov

Balaban Solo – Anar Vəlizadə

Xoreoqrafiya – Nailə Məmmədzadə

İşığı rejissoru - Kristian Zukaro

Video Rəssam - Luka Attilii

İcraçı rəssam - Tehran Babayev

Səhnələr üzrə köməkçi - Roberto Tusa

Orkestr və xor

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri

Dirijor - Əyyub Guliyev

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xoru

Xormeyster  - Sevil Haciyeva

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baleti

Rejissor, Dəstlər və Kostyumlar by Françesko Bondì

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi 

 

Azərbaycan maddi-mədəniyyət abidələri ilə yanaşı, flora və faunasının zənginliyinə görə də fərqlənir. Bu baxımdan ölkəmizin diqqəti cəlb edən bölgələrindən biri də Zəngilan yurdudur.

 

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilan bölgəsi hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıl bitki örtüyü, gur sulu çayları ilə diqqəti cəlb edib. Çinar meşəsi təkcə Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində mühüm yer tutur. Mənbələr sübut edir ki, Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada ikinci, bəlkə də birinci meşədir. Coğrafiyaşünas tədqiqatçı Oqtay Ələkbərov qeyd edir ki, çinar (Platanus) - çinar fəsiləsinin bitki cinsindən olmaqla tarixi çox qədim olan Kaynazoy erasının üçüncü dövr florasının yadigarı sayılır. Digər müəlliflər və coğrafiyaşünaslar qeyd edirlər ki, Zəngilan çinarı görkəminə, fiziki vəziyyətinə, nadir bioekoloji əlamətinə görə bənzərsizdir və onu Şərqin florasının mirvarisi, möhtəşəm gövdəsi və füsunkarlığına görə isə Cənubun nəhəng ağacı adlandırırlar.

 

Bu fikirləri isə Bakı Dövlət Universitetinin professoru, tarixçi alim İbrahim Zeynalov söyləyib: çinar meşəsi çox nadir yaşıllıq, füsunkarlıq mənbəyidir və Zəngilan bölgəsi üçün xüsusi, əvəzolunmaz gözəllik verirdi. Zəngilan çinarları dünyada bitən 8 çinar növündən biri idi. Çinar ağacının Azərbaycanda iki növünün mədəni mənşəli və yabanılaşmış növlərinin bitdiyi məlumdur. Azərbaycanda yayılan çinar növünün əsasını Zəngilan çinarları təşkil edir. Bu çinar növü Şərq çinarı və ya barmaqyarpaqlı çinar adlanır. Şərq çinarı dünyanın bir sıra bölgələrində, o cümlədən Yunanıstanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, kiçik və orta Asiyada, Cənubi Qafqazda geniş yayılıb. Azərbaycan Xalq Cümhuriyyəti zamanında sahəsi 120 hektara yaxın olan Zəngilanda Çinar meşəsi bütünlüklə Azərbaycana məxsus idi. Azərbaycanda sovet hakimiyyətinin elə ilk illərində Zəngəzur torpaqlarının Ermənistana verilməsi ilə Bəsitçay vadisindəki çinar meşəsinin bir hissəsi - Xaçın çay və Şixavuz çay vadiləri boyunca yayılan ağacları indiki Ermənistanın Qafan rayonunun Nerkin-Hand, Sav və Şixavuz kəndləri ərazisində qalıb. Beləliklə, ermənilər keçmiş sovet himayədarlarının əli ilə çinar meşəsinin də bir hissəsi işğal etdilər.

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən, Zəngilan rayonunun ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Çox təəssüf ki, 1980-ci ildə çinar meşəsinin ümumi sahəsi 10 hektar azalaraq, 107 hektar təşkil edib. Hesablamalara görə, Azərbaycanda çinar meşəsinin ümumi sahəsi 120 hektara yaxındır. Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tutur. Hazırda Kanada dövlətinin bayrağının üzərindəki Şərq çinarı yarpağının təsviri uzun müddətdir ki, Kanadanın rəmzinə çevrilib. Bununla yanaşı, bir çox müəlliflər öz tədqiqatlarında hətta belə qənaətə gəlirlər ki, Zəngilanın çinar meşəsi - Şərq çinarı meşəsi dünyanın ən böyük meşə zolağıdır.

Tədqiqatçı, coğrafiyaşünas Oktay Ələkbərov da öz araşdırmalarına əsaslanaraq belə bir nəticəyə gəlir ki, Zəngilanın çinar meşəsi Yer kürəsinin ən böyük çinar meşəsidir və bu meşə massivi sahəsinin böyüklüyünə görə dünyada birincidir. Alimlərimizin qeydlərinə görə, Şərq çinarları tez böyüyən, susuzluğa davamlı və uzunömürlü ağaclar sırasına daxildir. Çinarlar 200-300 ilə qədər yaşaya bilir. Çinar ağacı müxtəlif məqsədlər üçün istifadə baxımından da olduqca dəyərli hesab edilir. Onun materiallarından tikinti materialı kimi, parket, mebel istehsalında, gəmiqayırmada və həmçinin dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir.

“Zəngilanın çinar meşəsi təkcə yerli mütəxəssislərin, coğrafiyaşünas alimlərin deyil, həm də dünya elminin görkəmli tədqiqatçılarının diqqətini cəlb edib. Tədqiqatçı, coğrafiyaşünas Oqtay Ələkbərov “Zəngilanın çinar meşəsi” yazısında bir sıra yerli və xarici alimlərin Zəngilan çinarları ilə yerində tanış olmaq üçün meşəyə gəldiklərini qeyd edir. Ekspedisiya nümayəndələri Zəngilan çinarları ilə yerində tanış olaraq, onların hündürlüyü, diametri, xüsusiyyətləri, görkəmi haqqında ətraflı məlumat toplayıb və öz yazılarında bunlardan bəhs ediblər. Alimlərin fikrincə, çinarlar çay boyunca yayılmağa meyillidirlər. Görünür, Azərbaycanın flora-faunasından asılı olaraq ölkəmizin ərazisində çinar ağacları daha çox təbii yolla cücərib, bitir, böyüyür. Bu baxımdan Zəngilan rayonunda formalaşan, nəhəng bir görkəm alan və gözəlliyə çevrilən çinar meşəsi Zəngəzur silsiləsinin şərq yamaclarından başlayır və axan Bəsitçay boyunca 12-15 kilometr ərazidə yayılıb.

Ermənistanın təcavüzü nəticəsində digər tarixi və mədəni abidələrimiz kimi, Zəngilan çinar meşəsi də mənfur qonşularımız tərəfindən vəhşicəsinə talan edilib.

Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən sonra ordumuz əks-hücum əməliyyatlarına başlayaraq Dağlıq Qarabağ bölgəsində bir sıra əraziləri, o cümlədən Zəngilan şəhərini, rayonun bir sıra kəndlərini, Mincivan və Ağbənd qəsəbələrini, o cümlədən çinar meşəsini erməni işğalından azad etdi. Əminik ki, işğaldan azad olunmuş ərazilərimiz dövlətimiz tərəfindən abad və dilbər guşələrə çevriləcək. Həmçinin çinar meşəsinin əvvəlki vəziyyəti, görkəmi, gözəlliyi, füsunkarlığı özünə qaytarılacaq və yenə də dünyanın diqqət mərkəzində olacaq”, - deyə professor İbrahim Zeynalov fikrini yekunlaşdırıb.

 

Biz də buna inanırıq!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

Çərşənbə axşamı, 12 Noyabr 2024 16:15

Efiopiya prezidenti “ASAN xidmət”də

 

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə,qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış  “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Efiopiya prezidenti “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və ölkəsinin dövlət qurumları ilə Dövlət Agentliyi arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib. 

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.

Xatırladaq ki, cari ilin 14 may tarixində Dövlət Agentliyi ilə Efiopiyanın Dövlət Xidmətləri Komissiyası arasında “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində əməkdaşlığın həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Hazırda memorandumun implementasiyası çərçivəsində işlər aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

 

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Hüquq və azadlıqlarımızın təminatçısı” adlı metodiki vəsait və “12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual kitab sərgisi hazırlanıb.

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın saytında yerləşdirilən https://ryl.az/funds/metodiki-vesaitler metodiki vəsaitdə rəsmi sənədlər, insan hüquq və azadlıqlarına dair sitatlar, mövzunu əhatə edən kitabların və digər informasiya daşıyıcılarının kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, kitabxananın Konstitusiya Gününə dair tərtib etdiyi virtual sərgilərin linkləri və ədəbiyyat siyahısı verilib.

Virtual sərgidə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 12 noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi haqda məlumatlarla yanaşı, qanunvericilik toplusunun neçə bölmə, maddə və fəsildən ibarət olması da nəzərə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Vətən müharibəsi dövründə Konstitusiya Məhkəməsinin Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində olan fəaliyyəti haqqında da məlumat verilir.

Virtual kitab sərgisində “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Konstitusiya və hüququn əsasları”, “Konstitusiya hüququ”, “Azərbaycan Respublikası Konstitusiyasının şərhi” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri sərgilənir.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında (https://www.ryl.az/multimedia/konstitusiya-gunu https://ryl.az/funds/metodiki-vesaitler) yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Bildiyiniz kimi, dünən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başlayıb. 

Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan bu mötəbər tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək etimadın və inamın göstəricisi, Prezident İlham Əliyevin liderliyində beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, sessiya çərçivəsində noyabrın 15-də saat 13:00-da mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək.

Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə gerçəkləşən görüşdə rəsmilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri – ümumilikdə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Tədbirdə yüksəksəviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunması məqsədilə səylər göstəriləcək.

Noyabrın 16-da saat 11:00-da COP29 çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünə həsr olunan sessiya keçiriləcək. Yüksəksəviyyəli nümayəndələrin və aparıcı mütəxəssislərin iştirakı ilə reallaşacaq sessiyada mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, inklüzivliyin artırılması kimi mövzular müzakirə olunacaq.

Eyni gündə saat 15:30-da Azərbaycanın “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı keçiriləcək. C4C təşəbbüsü mədəniyyəti iqlim müzakirələrinin mərkəzinə çəkərək qlobal səviyyədə mənalı davranış dəyişikliklərinə ilham verməyi və mədəniyyətin davamlı gələcək üçün güclü bir vasitə olduğunu göstərməyi hədəfləyir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində bu il ərzində bir çox tədbir təşkil edib. Parisdə, UNESCO qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, “COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” adlı konfransı, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” adlı xüsusi konfrans, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatı və digər tədbirlər təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Türk Mədəniyyəti və İrsi Fondu öz növbəti kitab təqdimatını edib. Bu dəfə Qırğızıstanın paytaxtı Bişkek şəhərində. 

Görkəmli qırğız şairi Alıkul Osmonovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib, bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib. 

Alıkul Osmonov adına Milli Kitabxanada keçirilən təqdimat mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək söyləyib: “Türk Mədəniyyəti və İrsi Fondunun missiyası Türk dünyasının zəngin irsini və mədəniyyətini qorumaq, öyrənmək və beynəlxalq aləmdə təbliğ etməkdir. Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk dünyasının ədəbi inciləri", "Türk dünyasının elmi inciləri" adlı 3 kitab seriyası təsis edib”. 

Qeyd olunub ki, Alıkul Osmonovun qırğız və Azərbaycan dillərində çapdan çıxan "Zamandan zamana" kitabı "Türk dünyasının ədəbi inciləri" seriyasından işıq üzü görən ilk nəşrdir. Kitabı tanınmış Azərbaycan şairi Adil Cəmil tərcümə edib.

Aktotı Raimkulova qonaqlara Bişkekdə yerləşən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsindən də danışıb: "Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Astana Sammitinin Bəyannaməsinin direktivlərinə əməl edərək, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsi başa çatdırılıb. Ev-muzeyin bərpası və müasir avadanlıqlarla təchiz edilməsi nəticəsində ziyarətçilər görkəmli qırğız şairi Alıkul Osmonovun yaşadığı dövrün ab-havasını özündə əks etdirən mədəni mühitlə tanış ola biləcəklər".

Tədbirdə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, həmçinin görkəmli yazıçılar, mədəniyyət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Çərşənbə axşamı, 12 Noyabr 2024 12:18

POETİK QİRAƏTdə Əlizadə Nurinin “Gedəsən…” şeiri

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. 

Dünya şeytan yuvasıdı-

Daş götürüb gedəsən...

- deyən şairin haqlı gileyi çox təsirlidir. 

Xoş mütaliələr.

 

Göz qurusa, yar gözündən

Yaş götürüb gedəsən.

Dünya şeytan yuvasıdı-

Daş götürüb gedəsən...

 

...Qarı dünya, boş əldəsən?

Bir əldəsən, beş əldəsən?

...Ürəyini boşaldasan-

Boş götürüb gedəsən.

 

İndi çox yaşamaq ayıb-

Bu qarğanı kim qarğayıb?

Adamda baş da qalmayıb

Baş götürüb gedəsən...

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Norveçdə yaşayan soydaşımız Hadi Qaraçaydır.

 

 

Hadi Qaraçay

Norveç


 MƏNƏ DÖN

 

Yollar, mənə dön deməz

Dağlar söyləməz,

Bunu yalnız qalan bir yalnız söyləyər.

 

Dağlarca, yollarca üzgünəm mənə dön!

 

Mənə dön,

Göydəki ulduzlarca üzgünəm

Ormandakı yarpaqlarca

Dənizdə dalğalarca,

Dalğalar mənə dön deməz.

 

Sahildəki qumlarca üzgünəm

Mənə dön!

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

 

Çərşənbə axşamı, 12 Noyabr 2024 17:38

POEZİYAMIZIN QIZIL FONDUNDAN - Şaiq Vəli, “Meyxanəçi…”

Könül, “Ədəbiyyat və incəsənət”

 

Elə şeirlər var, həqiqətən dillər əzbəridir. Sizə təqdim etdiyim bu şeir kimi. Şaiq Vəli şair kimi bəlkə də çox məşhurlaşa bilmədi, az yazdı, amma gözəl yazdı. Onun poeziyası sərrast poeziyaydı, quşu sanki gözündən vururdu Şaiq Vəli. 

Haqqında da çox az bilgi var. 1950-ci ildə

Qazaxın Əskipara kəndində doğulub, 2013-cü ildə Sumqayıtda vəfat edib. 7 övladı olub, oğulları bir-birinin ardınca faciəvi şəkildə vəfat edib, ailəsi dağılıb. 

İlk şeirlər kitabını görmədən dünyadan köçüb.

Vəssalam! 

Hə, bir də, ona çoxları dərviş deyərdilər…

 

Sərxoş gəlmişəm qapına,

Aç, aç, meyxanəçi!

Aşiqlər sənə tapınar…

Keç, keç, meyxanəçi!

 

Olubmu öldüyün sənin?

Dərddən güldüyün sənin?…

Elə hey xaç bildiyin sənin

Hac, Hac, meyxanəçi!

 

Aranı dağa daşımısanmı?

Solunu sağa daşımısanmı?

Özünü uzağa daşımısanmı? – 

Köç, köç, meyxanəçi!

 

Baxma naşı-naşı mənə,

Mey gətir – söz daşı mənə.

Könlün varsa qoşul mənə,

Uç, uç, meyxanəçi!

 

Cahil əllərində aşiq başları – 

Minarə kərpici, qüllə daşları…

İçib ayılır eşq sərxoşları…

İç, iç, meyxanəçi!

 

Mən bu çağın nəyiylə yaraşım?

Mən bu torpağın nəyiylə qarışım?!

Mən bu dünyanın nəyiylə barışım? – 

Puç, puç, meyxanəçi!

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.