Azərbaycan səhnəsi üçün dahilər yetişdirən şəxs Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bütünkeyfiyyətlərininəzərə alınaraq 1927-ciildə HacağaAbbasovBakı TeatrTexnikumunarəhbərtəyinedilir. O, ilknövbədə, teatrı bacarıqlı rejissorvə aktyorlarlatəminetməkqayğısınaqalır. 10 ilərzində Azərbaycansəhnəsi üçünböyükbiraktyornəsliyetişir.

Onlarınbir çoxu - Ələsgər Ələkbərov, Adil İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı təkcə Azərbaycandadeyil, Sovet İttifaqı məkanındatanınansənətkarlarolurlar. Bütünbuxidmətlərinə görə HacağaAbbasov 1932-ciildə AzərbaycanınXalqartistiadınalayiqgörülür”.

                                   SavalanFərəcov

 

Hacıağa Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906–1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.

Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb.

Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında "Hacımirz" teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929–1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb.

Əsas rolları: Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə Mehdi xan, Şamdan bəy ("Nadir şah" və "Şamdan bəy", Nəriman Nərimanov), Ağa Kərim xan, Hacı Qəmbər ("Ağa Kərim xan Ərdəbili" və "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Molla İbrahimxəlil ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Qubad ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Osip ("Müfəttiş", Nikolay Qoqol), Moisey ("Yəhudilər", Yevgeni Çireov).

Aktyor Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad" operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb. Sənətdə qazandığı nailiyyətlərə və teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Hacıağa Abbasov 14 noyabr 1930-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 26 may 1932-ci ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adlarına layiq görülüb.

 

Filmoqrafiya

- Hacı Qara (film, 1929) — Bayraməli Bəy (Sonanın atası)

- Səhnə veteranı (film, 1974)

 

H.Abbasov rus dilini mükəmməl bilib. Bu səbəbdən rus ədəbiyyatına, xüsusilə də Lev Tolstoyun yaradıcılığına maraq göstərib, onun əsərlərini tərcümə edib və tamaşaya qoyub. Böyük rus ədibinin yaradıcılığına intəhasız maraq onu 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə aparır. O, ədiblə yaxından tanış olub. H.Abbasov bu barədə xatirələrində yazır:

"Mən böyük ədibə Azərbaycan oxucuları tərəfindən çox sevildiyini dedim. O, xeyli məmnun oldu. Biz ayrılarkən “Hərb və sülh" kitabına "Yadigar üçün L.N.Tolstoydan" sözlərini yazıb, mənə bağışladı”.

O, “Bakının fəthi”, “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi”, “Rus macərası” kimi maraqlı pyeslərin müəllifidir. “Sabirin məhkəməsi” pyesində o, böyük satirikin kəşməkəşli həyatını təsvir edib. Əsər haqqında H.Abbasov yazır:

 

"1923-cü ildə mən Sabirlə işlədiyim günlərin xatirinə “Sabirin məhkəməsi" adlı kiçik pyes yazdım. Pyes o vaxt Tənqid-Təbliğ Teatrında, Bakı fəhlə klublarında bir müddət müvəffəqiyyətlə oynanıldı. Bu, mənim müəllim yoldaşım olan böyük şairə kiçik bir hədiyyəm idi".

 O, teatr kollektivi ilə tez-tez Bakı kəndlərində tamaşalar göstərirdi. Teatrın səhnəsində özünün ən çox sevdiyi Şeyx Nəsrullah (“Ölülər”, C.Məmmədquluzadə) rolunu əlli dəfədən çox oynayıb. 1975-ci ildə “Ulduz” jurnalının 5-ci sayında dərc etdirdiyi məqaləsində yazırdı: “Bu obraz mənim ifamda Mirzə Cəlilin çox xoşuna gəlirdi”.

Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

Xatirəsi

2018-ci ildə aktyorun 130 illik yubileyi qeyd olunub.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.