Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovet dönəmində “Mosfilm” kinostudiyasında “Azadlıq şirin sözdür” adlı bir film çəkilmişdi. Svetlərin Böyük Vətən Müharibəsi adlandırdıqları II Dünya Müharibəsindən bəhs edən bu film say-seçmə texniki heyət və aktyr ifası ilə yadda qaldı. Bir aktyor bizlər üçün xüsusən əhəmiyyətli idi – həmyerlimiz, belə bir Dövlət sifarişi ilə çəkilmiş filmə çəkilmiş Eldar Əliyev.

 

Azərbaycan teatr və kino aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru Eldar Əliyev 4 avqust 1936-cı ildə anadan olub. Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu və İncəsənət İnstitutunu bitirib. İlk vaxtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissor işləyib, sonralar Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və qeyd etdiyim kimi, Rusiyada istehsalı olan “Azadlıq şirin sözdür” filmində rəngarəng obrazlar yaradıb.

 

Filmoqrafiya

1. 1001-ci qastrol

2. Dəli Kür

3. Gümüşü furqon

4. Qız qalası əfsanəsi

5. Mən ki gözəl deyildim

6. Papaq

7. Sən niyə susursan?

8. Toral və Zəri

9. Yenilməz batalyon

 

Eldar Əliyev 1984-cü il fevralın 27-də vəfat edib.

Onun haqqında "Xoşbəxtliyim" sənədli filmi çəkilib.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

Gülsən, ya güldən artıq-

Səni necə dərməyim?!

Susma, bir kəlmə söz de

Səsini əzbərləyim...

-deyir şair. Razılaşın ki, bu şair yenə də həyacanlandırır, duyğulandırır.

Xoş mütaliələr! 

 

Sevda türküsü

 

Mən sənin görüşünə

Uçaraq gəlməsəm də,

Uçunaraq gəlmişəm.

Mən bayaq yerdə idim-

Nə yaman dikəlmişəm?!

 

...Baxıb baxışlarına,

Gün özünü danırdı.

Mən dəniz istəyirdim-

Saçın dalğalanırdı...

 

Ovçu olardım, ancaq,

Əl tətikdə utanır.

Sənin gözəlliyindən 

Gözəllik də utanır.

 

Gülsən, ya güldən artıq-

Səni necə dərməyim?!

Susma, bir kəlmə söz de

Səsini əzbərləyim...

 

Gəlib açdın dünyanı,

Getsən, qapı bağlanar.

Sən bu qədər yaxınkən

Vermərəm uzaqlara...

 

Sevgi də bir vətəndi-

Hamıya pay tən düşə.

Səhər səndə açılar

Axşam da səndən düşər...

 

...Batlm şirin əzaba,

Dərə enim, dağ çıxım.

Düşdüyüm bu qəzadan

İstəmirəm sağ çıxım...

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Qisa fikirlər xəzinəsi rubrikasında bu gün sizə Rey Bredberinin kəlamlarını təqdim edirik.

 

 

 

Oxunmayan kitablar intiqam almağı bacarır.

***

Jül Vern – atamdır. Herbert Uells – çox müdrik əmimdir. Edqar Allan Po – dayım oğludur... Siz indi qohum-əqrəbamı tanıyırsınız...

***

Kitabları yandırmaqdan daha dəhşətli cinayətlər var. Məsələn, onları oxumamaq...

***

Yaşamaq üçün həyatın mənasını arayıb-axtarmağı tərgitmək gərək. Həyat elə özü-özlüyündə cavabdır.

***

Allah-təala bizə ağılı ondan ötrü verib ki, xəlq olunanları araşdırıb öyrənək, daha falçılıq eləyib gələcəkdə bizi nə gözlədiyindən qorxmaq üçün verməyib...

***

Gözlərini geniş aç və elə bir acgözlüklə yaşa ki, sanasan onca saniyə sonra öləcəksən.

***

Mənim üçün ən başlıcası – heyrətlənməkdən qalmamaqdır.

***

Gülümsə ki, fəlakətə keyf yaşatmayasan.

***

Möcüzə baş verən vaxt heç vədə onu şübhə altına almayın.

***

Xeyir Şərrə hər zaman şərr olaraq görsənəcək.

***

Bəşər övladı necə yolunu azmışdısa, elə də qalıbdı.

***

Şərrin bir tək gücü var ki, həmən gücü də ona elə özümüz veririk.

***

Zəngli saata ehtiyac yoxdur, fikirlərim özü məni oyadır...

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əsl Azərbaycan kişisinin tipik nümunəsi - Azərbaycan SSR xalq artisti  Məmmədrza Şeyxzamanovu bax bu cür səciyyələndirirdilər. Ötən əsrin əvvəllərində dünyaya gələn bu şəxs tarixin ən təbəllüatlı, qarışıq, kəşməkeşli illərində - kinomuzun və teatrımızın quruculuğunun başlanğıc dönəmində yaşayıb, mədəniyyətimiz tarixinə  töhfələr verib.

 

Görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru Məmmədrza Şeyxzamanov  1915-ci ildə Gəncədə doğulub. 1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olub. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənib. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz "toxumlarını səpməkdə" olub. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib.

 İlk dəfə Ə. Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olub. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olub, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyib. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb.

1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. Və elə o vaxtdan etibarən də sənət yolundakı "yaşıl işığı" daha da gur yanmağa başlayıb. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınıb və sevilib. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edib ki, obrazın xarakterini aça bilib.

 

Böyük ekrana ilk dəfə 1955-ci ildə çıxıb. "Bəxtiyar" filmində Rəcəbov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı açılıb. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilib. Müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradıb.

1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində — "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edib. "Əhməd haradadır" filmi Azərbaycanın sənət rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edib. O zaman ekranlaşdırılması üçün kinostudiyanın "papka"sında bir neçə əsər saxlanılırdı. Lakin Adil İsgəndərovun "Əhməd haradadır" xoşuna gəlib və ona kino çəkməyi qərara alıb.

Filmdəki rolları ifa edəcək aktyorları isə rejissor özü seçib. O, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınan sənətçilərlə yanaşı Səyavuş Şəfiyev, Töhfə Əzimova, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov kimi gənc aktyorları da çəkib. O zaman Azərbaycanın kino tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla kinostudiyaya göndəriblər. Onları — Xamis Muradov, Elxan Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və Fikrət Əliyevi "Adil İsgəndərovun beşliyi" adlandırırdılar. 

Rejissorun təşəbbüsü ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə iştirak edib, rejissor, assisent köməkçisi kimi çalışıblar. Elxan Qasımov isə sürücü Əhməd obrazını yaradıb. Filmin çəkilişləri Bakıda, Gəncədə, Göy-göldə, Şamxorda və Hacıkənddə aparılıb. Bütün rəqs səhnələri və Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar "Yaşıl teatr"da çəkilib. Əbdül Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın azman sənətkarları ilə çiyin-çiyinə çalışdıqları üçün fəxr edib, onlardan sənətin sirlərini öyrənməyə can atıbdılar.

1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edib. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən olub.

 

Gəncə Dövlət Dram Teatrında rolları

- Bədəl-"Hacı Qara"

- Brahma-"Hind qızı"

- Sergey bəy-"Namus"

- Naşatr-"Küləklər şəhəri"

- Turqut-"Od gəlini"

 

Akademik Milli Dram Teatrında rolları

1. Maksuel-"Dərin köklər"

2. Qoca Baxşı-"1905-ci ildə"

3. Şahbazov-"Göz həkimi"

4. Poliksen-"Qış nağılı"

5. Luicci Ferrero-"Uzaq Sahillərdə"

 

Filmoqrafiya

1. Arvadım mənim, uşaqlarım mənim

2. Bəxtiyar

3. Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov

4. Bir qalanın sirri

5. Birisigün, gecəyarısı...

6. Bizim Cəbiş müəllim

 

Məmmədrza Şeyxzamanov 1984-cü ilyanvarın 25-də 68 yaşındavəfatedib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

 

Bazar ertəsi, 04 Avqust 2025 15:40

MARAQLI SÖHBƏTLƏR – Stalinin 3 əhvalatı

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Maraqlı söhbətlərdə bu dəfə söhbətimiz SSRİ dönəmi – İosif Satlin hakimiyyəti zamanından gedəcək.

 

1-Cİ SÖHBƏT

Stalinin hakimiyyəti illərində xarici jurnalistlər Kremlə gəlirlər. İlk olaraq erməni dövlət xadimi Mikoyandan müsahibə alırlar.

Müsahibənin sonunda bir müxbir soruşur:

-Siz niyə mürəkkəbqabını stolun üstündə yox, çəkəcəkdə saxlayırsınız?

Mikoyan hirsli-hirsli deyir:

-Mürəkkəbqabı mənimdir, harada istəyirəm, orada da saxlayıram.

Sonra Stalindən müsahibə alırlar. Müsahibənin sonunda həmin jurnalist Mikoyanla olan əhvalatı danışır.

Stalin gülümsəyərək deyir:

-Eşşəkdir də!

Müxbir soruşur ki, bəs eşşəyi niyə belə mühüm posta təyin etmisiniz?

Stalin deyir:

Eşşək mənimdir, özüm bilərəm, hara bağlayaram!

 

2-Cİ SÖHBƏT

Stalin hərbi dəniz komissarının müavini admiral İsakova zəng vuraraq bildirir ki, onu hərbi dəniz donanmasının qərərgah rəisi təyin etmək istəyir. Admiral bu təklifə görə rəhbərə minnətdarlığını bildirir və deyir:

- Yoldaş Stalin, mən həmişə sizin əmrinizi yerinə yetirməyə hazıram. Mənim bir ayağımı cərrahlar kəsiblər. Ona görə də mən bu vəzifədən imtina etmək məcburiyyətindəyəm.

- Siz elə buna görə narahatsınız?

- Bəli

- Yoldaş admiral, əvvəlki qərərgah rəisinin başı yox idi, amma işləyirdi. Sizin isə cəmisi bir ayağınız yoxdur. Deməli işləyəcəksiniz.

 

3-CÜ SÖHBƏT

Bir gün Stalin marşal Jukovla acıqlı danışır və Jukov otaqdan çıxanda dodaqaltı "bığlı əclaf" deyə söyüş söyür. Qəbul otağında oturan Stalinin köməkçisi Poskrebışev bunu eşidir və dərhal içəri keçərək Stalinə deyir ki, Jukov otaqdan çıxanda "bığlı əclaf" deyə söyüş söydü.

Stalin tez Jukovu geri çağırtdırır. Jukov gələn kimi Stalin bundan soruşur ki, sən bu otaqdan çıxanda "bığlı əclaf" dedin? Jukov heç tərəddüd etmədən dediyini təsdiqləyir. Stalin kimi nəzərdə tutduğunu soruşur. Jukov deyir ki, əlbəttə ki, Hitleri nəzərdə tuturam.

Bu cavabı eşidən Stalin üzünü köməkçisinə çevirir: "Bəs sən kimi nəzərdə tuturdun, ə?"

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Səid Muğanlıdır.

 

Səid Muğanlı

Tehran

 

SEVİRƏM SƏNİ

MÜFRƏDİ-MÜƏNNƏSİ-QAYİB

...Və bir də ki,
Mənə bağışla bu eşqin kasıblığını!
Və qes əla haza...

Eşq ucuzlamış üstü örtülü qaysarada
Ağızlara daranmış alfabet analar
Sevgi aclığı etmiş İsanın anası Məryəm
Musanın öküzü mələmiş yaşıl muğan qəzetində
Xəlic şıxları bahalatdı nefti sevgi qarşısında
Və bir şair sevgi almağa pulu çatmadı
Və birdə ki, mənə bağışla bu kasıblığı
Və qes əla haza...

Suyum süzülə-süzülə netdə satıram şeirlərimi
Bazar ağzında yeralma çörək...
Daha satılmır kitablarımız,
Əlfaaaaaaaaaaaaaaatihə
Can üstədir bu şeir...
Əlmərhumol-məğfurol-şair Köpəyoğlu
Borc ödəmir şeir kitabçaları
Son şamı da habelə!
Dar ağaclarını da!..
Bağışla mənə
Bağışla mənə dar ağaclarını
Bağışla mənə bu eşqin kasıblığını
Və qes əla haza...

Sənə vurulmuşam
Sənə vurulmuşam İsanın anası Məryəm-cimmm!
Dul qalacaqmı bu şeircik?
Hansı siğə lazımdı bu felin qurtarmasına?
Sevirəm səni müfrədi-müənnəsi-qayib
Qəbeltoltəz?..
Və qes əla haza...

(Kəlb astan ələhqərol-mozneb)
Və qes əla haza...

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Aktyorlarımız arasında populyar, sevilən olanlar hazırda elə də çox deyil. Hamı bu sənətə can alır, hamı film və tamaşalarda rol alr. Amma elə bil, hamı da sanki bir-birinin eynidir. Fərqlilik, özünəməxsusluq qeybə çəkilibdir. Amma haqqında danışacağım Azərbaycan Respublikasının xalq artisti, mərhum aktyorumuz Ramiz Məlik məhz birincilərdəndir. Sevilib, bəyənilib, izlənilib. Və bügünkü doğum günündə haqqında danışılmasını da həqq edən sənətkardır.

 

Azərbaycan teatr və kino aktyoru Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilməyib. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil), Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

İkinci Fəxri Xiyabanda dəfn olunub. 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1 dekabr 1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 24 may 1998-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsü olub.

 

14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

Teatr səhnəsindəki rolları

1. Marsel ("Hamlet", Uilyam Şekspir)

2. Aqşin ("Od gəlini", Cəfər Cabbarlı)

3. Barat ("Almaz", Cəfər Cabbarlı)

4. Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev)

5. Mikayılov ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev)

6. Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev)

7. Teymur ("Yastı təpə", Əkrəm Əylisli)

8. Valter ("Yad adam", L. Frank)

9. Arif ("İblis", Hüseyn Cavid)

 

Filmoqrafiya

- 1001-ci qastrol

- Ad günü

- Axırıncı aşırım

- Araqarışdıran

- Aşkarsızlıq şəraitində...

- Atillanın atlıları

- Babək

- Bakıda küləklər əsir

- Bəyaz həyat

- Cəza

- Bir anın həqiqəti

- Bir cənub şəhərində

- Bircəciyim

- Dağıdılmış körpülər

- Dağlarda döyüş

- Dəfn edilməmiş ölülər

 

Ramiz Məlik 14 Dekabr 2023-cü il tarixində 80 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əlisəftər Hüseynovun hekayəsi təqdim edilir. 

 

 

(“Sənət haqqında hekayələr” silsiləsindən maestro Niyazinin unudulmaz xatirəsinə) 

 

Axşamın alaqaranlığında dənizin kənarında yaşlı bir kişi ağır addımlarla qayalığa doğru gedirdi. Nəzərləri uzaqlara dikilmişdi – üfüqdən də uzaqlara. Saçları küləkdə oynaşır, uzun qara plaşı gah ayaqlarına, gah qayaların sərt üzünə toxunurdu. Əllərində heç nə yox idi, amma barmaqları nə isə axtarırmış kimi arada qəribə bir tərzdə titrəyirdi.

Zamanında böyük səhnələrdə konsertlər vermiş, gurultulu alqışların sahibi olmuşdu. Əlləri, barmaqları ilə orkestrə həyat verər, musiqiyə ruh qatardı. İndi isə səssizliklə dostlaşmısdı. Qocalmışdı, illərdir dirijorluq etmirdi. Amma arxada qalan illərin musiqi dolu havası ruhuna hopmuşdu. Beləcə, musiqi onu, o da musiqini yaşadırdı. Nisgilini tez-tez ürəyində təkrarladığı bir cümlə ilə ovundurdu: “Qulaq eşidər, amma ruh duymasa, musiqi ölər.”

Qayaların üstünə qalxdı. Hər axşam buraya gələrdi. Dənizin daim dəyişən səsi elə bil onun üçün itirdiyi orkestrin səsini əvəz edirdi.  Dalğaların çırpıntısında, quşların sükutunda nəsə bir sehr duyurdu…

Oturdu. Ətrafa göz gəzdirdi. Qaranlıq ağır-ağır sahili örtürdü. Günəş batmaq üzrəydi. Uzaqda bir göyərçin qanad çaldı. Və o an – sükutu pozan yüngül addım səsləri eşidildi.

Qoca yavaşca arxaya çevrildi.

Qayanın o biri başında gənc bir qız dayanmışdı. Cavan, lakin qəribə dərəcədə sadə görkəmi vardı. Əlində  dəftər tutmuşdu, nəzərlərləri dənizə dikilmişdi, saçları  küləklə  oynayıdı.

-Salam, - qız dedi. Səsi nə incəydi, nə də qətiyyətli. Sadəcə səmimi idi.

- Salam, - qoca başını tərpədərək cavab verdi.

Qısa sükutdan sonra ilk dillənən qız oldu:

-Sizi burda bir neçə dəfə görmüşəm. Hər dəfə eyni saatda, eyni yerdə. Elə bil kimisə gözləyirsiniz. Bəlkə gələcəyinizi, qarşıdakı günləri?

Qoca gülümsədi. Dodaqlarına acı bir təbəssüm  qondu.

- Yox, səssizlikdən, sükutdan başqa gözləyəsi bir şey qalmayıb. Nə keçmişi, nə də gələcəyi dartıb indiyə gətirməzsən. Amma bəzən insan keçmişin səsini  eşidib təskinlik tapa bilir...

Qız bir az yaxınlaşdı. O da qayanın üstündə oturdu. Susdu. Sonra birdən içinin lap dərinliyindən   gələn  sözləri sanki boğazında sıxa- sıxa soruşdu:

- Siz... bir vaxtlar dirijor olmusunuz... elə deyilmi?

Qoca ona baxdı. Dənizdən gələn meh sanki bir anlıq kəsildi.

-Bunu haradan bildiniz?

-Bilmirəm... Bəlkə əllərinizdən və baxışlarınızdan. Onlardan musiqi axır sanki. Musiqi dinləyən yox, musiqini danışdıran, dirildən birinə oxşayırsınız.

Qoca bu dəfə səmimi güldü. Bir damla yaş gözünə doldu, amma aşağı axmadı

Qız başını aşağı salıb bir anlıq susdu. Dəftərini qucağında sıxdı. Sanki içində saxladığı sözləri indicə deməsə, onlar birdəfəlik küsüb gedəcəkdilər.

-Bilirsiniz, - dedi, - məncə, bəzi insanlar bu dünyaya musiqi yaratmaq üçün gəlirlər. Amma yalnız notlarla yox... Əlləri ilə küləyi, baxışları ilə günəşi, nəfəsi ilə dənizi səsləndirən insanlar da var.

Qoca dirijor gözlərini ona zillədi. Qızın dedikləri onu qətiyyən təəcübləndirmədi Bu ifadələrdə səmimi bir ruh duyulurdu.

-Siz də, deyəsən, şairəsinin - qoca dedi. - Səhv etmirəm ki?

Qız gülümsədi:

-Şair, şairə çox gurultulu səslənir. Mən özümün ən vacib, ən gözəl şeirimi yazmaq istəyirdim. Amma alınmadı…

-Niyə ki? - qoca soruşdu.

Qız qəribə cavab verdi:

-Çünki bu dünyaňın ən gözəl şeiri elə sükutun özü, onun səsi imiş….

Araya sükut çökdü. Və qəribədir ki, bu sükutu hər ikisinin eyni vaxtda çəkdiyi yüngül “ah” pozdu.

- Bəlkə bir az qəribə səslənəcək... - qız dilləndi. - Siz mənim bir xahişimi yerinə yetirə  bilərsinizmi?

Qoca başını azca yana əydi. Qız gözlərini üfüqə dikdi.

-Baxın, bu axşam nə qədər gözəldir. Günəş batır, külək dənizin saçlarını darayır. Az sonra Ay çıxacaq. Dalğalar sanki insan kimi nəfəs alır. Mən istəyirəm... istəyirəm ki, siz bütün bu səslərə dirijorluq edəsiniz.

Qoca bir anlıq donub qaldı. Sanki zaman dayandı. Sonra astaca nəfəs aldı. Əllərini dizlərinin üstünə qoydu. Barmaqları azacıq titrədi.

- Mən... uzun zamandır heç nəyə dirijorluq etməmişəm. Nə orkestr var, nə səhnə, nə də dinləyici...

Qız gülümsədi.

- Əvəzində təbiət var. Və mən varam.

Qoca baxışlarını dənizə çevirdi. Bir neçə an düşündü. Sonra birdən ayağa qalxdı. Plaşını sığalladı. Əllərini arxada çarpazlayıb bir neçə addım atdı və qayaların başına çıxdı. Gözləri batan günəşdə, qolları havada idi. Sanki gözə ğorünməyan böyük bir orkestrin önündə dayanmışdı.

Qız dəftərini örtdü. Gözlərini qocanın siluetinə dikdi.

Qoca yavaş-yavaş əllərini qaldırdı.  Batmaqda olan Günəşin son şüaları bir andaca onun barmaqları ilə oynadı. O, əllərini aşağı endirdikcə dəniz sakitləşdi. Sonra kəskin bir hərəkətlə sağ əlini havada yellədi – dalğalar daşlara daha güclü çırpıldı. Sol əli ilə bir yaylıq kimi küləyə işarə etdi – külək dənizin səthində dalğacıq yaratdı. Elə bil ətrafdakı hər şey onun əmrində idi. Və ya o, onların içində itib, onların dilini danışmağa başlamışdı...

Qız göz yaşlarını gizlətmədi. Əlini ürəyinə qoydu. Bu sükutun içində sanki musiqi var idi – dinləmək üçün təkcə qulaq yox, qəlb gərək idi.

Sonra... göydə Ay göründü. Qoca barmaqları ilə Ayın çıxışını yavaş-yavaş müşayiət etdi. Əlləri onun rəqsini idarə edirdi. Və... bu, təkcə gözəl bir tamaşa deyildi. Bu – bir vidalaşma, bir doğuluş, bir möcüzə idi...

Qoca dirijorun əlləri getdikcə daha geniş hərəkət etməyə başladı. Bəzən havada görünməz xətlər çəkir, bəzən barmaqları ilə sanki səmanı cilalayırdı. Onun hər jestində bir əmr yox, bir yalvarış vardı – sanki musiqiyə çevrilmək istəyən dünyanın ruhu ilə dərdləşirdi.

Qız ayağa qalxdı. Bir neçə addım irəlilədi, qayaların yanına gəldi. Artıq nə sükut, nə də rüzgar onu qorxudurdu. Gözləri parlayırdı – ilk dəfə bu qədər canlı, bu qədər işıqlı.

-Siz... siz bu axşam həqiqətən də möcüzəli musiqi yaratdınız, - pıçiltı ilə dedi. - Mən bunu duydum... ürəyimlə.

Qoca asta-asta başını çevirdi. Gülümsədi. Gözlərində qəribə bir dərinlik vardı – illərin yaratdığı hüzün, anidən tapılan azadlıq kimi.

-Musiqi həmişə’ hər yerdə var, -dedi. -Sadəcə onu duya biləcək ürək lazımdır...

Qız bir addım da yaxınlaşdı. Əlini uzatdı. Qoca tərəddüdsüz onun əlini tutdu.

Və o an...

...bir yüngüllük gəldi. Elə bil qayalar artıq sərt, ayaqlar artıq yerə bağlı deyildi, hava isə su kimi çalxalanırdı. Əvvəlcə plaşın ətəyi yüngülcə yelləndi. Sonra saçlar, sonra barmaqlar... və sonra – onların özləri.

Dənizin, Ayın və həzin küləyin müşayiəti ilə onlar səssizcə, yavaş-yavaş qalxmağa başladılar. Sanki qəribə bir musiqi onları öz qanadlarına alıb   səmaya qaldırırdı. Dirijor əllərini son dəfə yellədi – havada səsssiz bir musiqi səsləndi. Qız baxışlarını göydən ayırmadı.

Və... bir an sonra onlar Ay işığının içində əridilər.

Arxada dəniz yenidən çırpıldı. Ay daha parlaq oldu. Külək qızın dəftərini kimi uçurub qayaların üstünə qoydu. Və susdu.

Qayaların başında, qaranlığın içində, dənizdən bir qədər yuxarıda – artıq heç kim yox idi.

Yalnız bir köhnə dirijor çubuğu sakitcə daşın üstünə düşdü.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

 

Bazar ertəsi, 04 Avqust 2025 13:34

Cibdəki konfet o illərdə qaldı - ESSE

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Mənuşağ olandahər şeybirazbaşqacüridi.

Küçələr səssiz, amma ruhlu idi. İnsanlar az danışırdı, amma bircə baxışla çox şeyi başa salırdılar. Babalar var idi, nənələr var idi... Saçları ağ, əlləri qırış-qırış, gözləri yorğun, amma içi dolu insanlar. Hərəsi bir həyat yaşamış, çox şey görmüş, amma heç nəyi üzə vurmayan adamlardı onlar.

 

Onların cibində bir sirr vardı. Həmişə sağ cibdən çıxan bir konfet...

Heç vaxt gözləmədiyim anda, heç tanımadığım bir baba, bir nənə, sakitcə əlini cibinə atar, bir konfet çıxarar və uzadardı.

Adımı bilməzdi, kim olduğumu bilməzdi. Amma bircə o hərəkətiylə mənə bir hiss ötürərdi:

“Vacibsən. Var olmağın yetər. Paylaşmağa dəyərsən.”

Mən o konfetləri heç vaxt sadəcə şirniyyat kimi qəbul etmədim.

Bəzən çantamda günlərlə saxlayardım.

Əriməsin deyə günəşə qoymazdım.

O konfet mənə uşaqlığın bir hissəsi idi. Sanki bir gün yox olsa, uşaq olduğum sübutunu itirəcəkdim.

O insanlar mənim doğma nənəm, babam deyildi. Bəlkə onların nəvəsi başqa şəhərdə idi, bəlkə də ümumiyyətlə yox idi. Amma o anlarda, o konfet verəndə biz doğma olurduq.

Heç danışmadan bir münasibət qurulurdu aramızda. Sözsüz, səssiz, amma səmimi.

İndi böyümüşəm. Böyüdükcə adam daha çox şey görür, amma daha az hiss edir.

İndi babalar var — telefona baxan. Nənələr var — yadlaşmış.

Ciblər boşdu. Sözlər süni. Baxışlar ötəri. Küçədə kimsə kimsəyə gülümsəyəndə belə, insanlar şübhə ilə baxır: “Niyə baxdı?” deyə.

Heç kimin cibində konfet yoxdur artıq. Kimsə kimsə üçün o qədər də maraqlı deyil.

Bəzən dayanacaqda dayananda, içimdəki o uşaq yenidən başını qaldırır. İnsanlara baxır, əllərinə baxır. Bəlkə bu dəfə? Bəlkə yenə kimsə əlini cibinə atacaq? Amma yox. İndi cibdən ya telefon çıxır, ya da açar dəstəsi.

Konfetlərin yeri indi marketdədi — plastik, soyuq, sevincsiz.

Amma mən o günləri unutmuram. Cibdən uzanan o kiçik konfetlər, böyük bir sevgidən xəbər verirdi.

Onlar qayğı idi, sevgi idi, xatırlanmaq idi.

O günlərdə xoşbəxtlik var idi — sadə, lakin saf bir xoşbəxtlik.

İndi isə biz xoşbəxtliyi axtarırıq, amma harada olduğunu unutmuşuq.

Yəqin mənim xoşbəxtliyim o cibdə qaldı.

Və yəqin ki, o konfetlər — uşaqlığın içində gizlənmiş, bir də heç tapılmayacaq qədər saf idilər.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

Bazar ertəsi, 04 Avqust 2025 13:04

Çıxış edir diktor Rafiq Hüseynov

Sovet dönəmində televiziyalar tək xəbər daşıyıcıları deyildi, ideoloji işin də əsas ruporu idilər. Və televiziya diktorları hər bir evdə doğmalaşmışdı, sevimli ailə üzvünə çevrilmişdi.

Xüsusən Azərbaycan Televiziyasının iki ən nüfuzlu, ən popular diktoru məşhur idilər, ölkə boyu hər bir ailədə tanınırdılar, küçədə hamı onları barmaqla göstərirdi, yaxınlaşır, ünsiyyət qururdular. Roza Cəlilova və Rafiq Hüseynov.

 

Azərbaycan SSR xalq artisti, Azərbaycan Televiziyasının aparıcısı Rafiq Hüseynov 1946-cı ildə - avqustun 3-də Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.

Onun səsi fərqli idi, cəlbedici idi. Bir vaxtlar SSRİ-nin ən məşhur diktoru lan Levitanın səsinə bənzədirdilər onun səsini.

2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olub. Daha sonra Səbinə Hüseynli ilə ailə həyatı qurub. Bu izdivacdan Leyli Hüseynli dünyaya gəlib.

 

Filmoqrafiya

1. Şəki

2. Ölü zona

3. Fəryad

4. Ailə

5. Kədərimiz... Vüqarımız...

6. Nəsrulla Nəsrullayev

7. Narahat adam

8. Biz qayıdacağıq

9. Top həm düşər, həm qalxar

10. Gün keçdi

 

Son dönəmdə Rafiq Hüseynov bir yeni imicdə də özünü sınadı, 13-cü ilin gəlişində AzTV-nin efirində yeni il proqramında mahnı ifa etdi. Xırıltılı səslə ifa etdiyi şansn mahnısı çox sevildi, ona yaraşdı, musiqimizə yaraşdı.

Görkəmli sənətkar 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində vəfat edib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.