Könül, “Ədəbiyyat və incəsənət”
Qubada 1-ci Quba Kitab Sərgisində yazıçı Varisin oxucularla görüşü və imza saatı keçirilmişdir. Azərbaycan Nəşriyyatları Asossiasiyasının təşkilatçılığı, Qeyri-Hökumət Təşkialatlarına Dövlət Dəstəyi Agentliyinin, Təhsil və Elm, habelə Mədəniyyət Nazirliklərinin təşkilatı dəstəyi ilə Qubanın füsünkar Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əsl izdiham izlənilmişdir.
Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Qafqaz TV-nin icraçı direktrou Eltən Qədimbəyli, XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoy, Qədim Qala nəşriyyatının icraçı direktoru Şöhlət İxtiyaroğlu, Qubanın ədibləri, ziyalıları, Azərbaycan Dövlət Pedqoji Universitetinin Quba filialının müəllim və tələbələri, Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, eləcə də məktəblilər iştirak edirdilər.
Yazıçı Varis çağdaş dünyada kitaba münasibət, mütaliənin faydaları, ədəbiyyatımızın dünya ədəbiyyatında yeri, müasir ədəbi proses, eləcə də öz yaradıcılığı barədə danışmış, oxucuların suallarını cavablandırmışdır.
Quba sərgisində satışa yazıçının yayım hüququ XAN nəşriyyatında olan 6 kitabı (“Bir ovuc torpaq”, “Əzilmiş fotoşəkillər”, “Sənə inanıram”, “Son məktub”, “Yaşıl üzlü gündəlik” və “Yolayırcında azıb qalanlar”), yayım hüququ TEAS-press nəşriyyatında olan “Uzaqdan gələn yağış”, habelə yayım hüququ Sin-kod şirkətinə məxsus “Sonuncu ölən ümidlərdir”, “Qırmızı ləşəklər” və “Qızıl cib saatı” kitabları – ümumilikdə 10 kitabı çıxarılmışdı.
Maraqlı, interaktiv keçən görüşdən sonra oxucular əldə etdikləri kitabları imzalatmış, yazıçı ilə şəkil çəkdirmişlər.
Quba kitab sərgisi ümumən olduqca böyük maraq doğurmuşdur. Sərgi günlərində daim izdiham müşahidə edilmiş, oxucular sərgiyə qatılmış onlarca nəşriyyatın stendlərinə maraq göstərmiş,yazıçıların imza saatlarına qatılmış, alıcılıq qabiliyyəti də yüksək olmuşdur.
Qubadaklı əsl bayrama çevrilmiş bu sərgi bir daha sübut edir ki, kitab sevilir, yetər ki, onu oxucuya əlçatan edəsən.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)


