Maraqlı söhbətlər - Sovet dövrünün ilk rəsmi milyonçusu azərbaycanlı olub Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Sovet dövrünün ilk rəsmi milyonçusu, əslən naxçıvanlı Cənnət Əliyevin anım günü oldu. O, müsahibələrinin birində bildirir ki, milyonçu olmadan bir müddət öncə Sverdlovsk vağzalında dilənçiliklə məşğul olurmuş. Uşaqlığı məhrumiyyətlər içində keçən Cənnət böyüdüyü İnternatda ac qaldığından, anbardan çörək oğurladığını və buna görə tez-tez döyüldüyün də dilə gətirib.

1987-ci ildə Sverdlovskda yaratdığı “Təbriz” kooperativi isə, dilənçi Cənnəti milyonçuya çevirir.

 

Cənnət Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 9 yaşında atasını itirdikdən sonra isə, Ordubad İnternat Məktəbinə qoyulur. Buranı bitidikdən sonra ali təhsil dalınca gedən Cənnət öncə Naxçıban Pedagoji İnstitutunu, daha sonra  Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsini bitirir. O, 1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və digər əyalətlərdə polis orqanlarında işləyib. Lakin, haqsızlıqla mübarizə apardığına görə, bir müddət sonra orqandan xaric edilir.

Onun necə milyonçu olması ilə bağlı geniş məlumatlar olmasa da, özü bunu belə izah edib: “Kooperativ qurdum və çox qısa zaman ərzində ölü pulları, ölü kapitalı, ölü istedadları və ölü zamanları diriltməklə SSRİ imperiyasının ilk rəsmi milyonçusu oldum”. Onun bu uğuru imperiyanın və kommunist təfəkkürünün çöküşü kimi dəyərləndirilərək, ölkədə səs-küyə səbəb olur.

Siyasətlə də məşğul olan Cənnət Əliyevin əsas ideologiyası Cənubi və Şimali Azərbaycanın birləşməsinə yönəlir. Sovet dövrü üçün təhlükəli olan bu ideologiyanın yaranma səbəbi isə, babası Qaçaq Ziyarətin vaxtilə çar zülmündən qaçıb, Cənuba pənah aparması olub. O, hələ uşaq vaxtı, Araz çayı üzərində yerləşən internatda oxuyarkən, tez-tez yuxuda babasını görürümüş. Kiçik Cənnət hətta, SSRİ - İran sərhədini yarıb, babasını tapmaq yollarını da axtarır. O, 1973-cü ildə bu həsrətdən doğan „Təbriz” şerini yazır. Milyonçu olduqdan sonra ansambıl yaradan Cənnət, 1980-ci ilin sonlarında bu şeir əsasında eyniadlı musiqi bəstələyir. Həmin musiqiyə klip çəkmək üçün o, Sverdlovskidə İset çayının sahilində 2 km uzunluğunda saxta sərhəd çəkdirir. Həmin klip efirə getdikdən sonra, saxta sərhəd yandırılır. Bundan 10 gün sonra isə, Azərbaycan xalqı ayağa qalxaraq, SSRİ imperiyasının İranla həmsərhəd həqiqi sərhədini yarmağa müvəffəq olur. Onun „Təbriz” mahnısı "Qızıl fond”da qorunur. 

İmperiyaya qarşı mübarizə aparan Cənnət Əliyev 20 Yanvar hadisələrində də aktiv şəkildə öz xalqının yanında olub. Bu hadisədə güllə-borana düşən milyonçu ciddi psixoloji zədələr alır. 

Cənnət Əliyev sovet imperiyası dağıldıqdan sonra da siyasətlə məğul olur.  Kalmıkiya Respublikasının o vaxtkı prezidenti, yaxın dostu Kirsan İlyumjinov 1994-cü ildə onu özünün şərq və ərəb ölkələri üzrə səfiri təyin edir. Bir çox ərəb ölkələrində səfərdə olmuş Cənnət Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşlər keçirib.

1990-cı illərin sonunda Azərbaycana qayıdan Cənnət Əliyev xeyriyyəçilikə məşğul olur. Lakin o, iş həyatında müxtəlif təzyiqlərlə qarşılaşır. İstər rəsmi, istər qeyri-rəsmi şəxslər tərəfindən basqıya məruz qalması onun psixoloji durumuna mənfi təsir edir. Bundan sonra o, bir müddət mənəvi rahatlığı vəhşi heyvanları saxlamaqda, kəndir üzərində gəzməkdə görür. Bir müddət sonra Cənnət Əliyev var-dövlətini itirib. O, bunu mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və həbs olunub. O bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub. Bundan sonra isə Cənnət Əliyev ruhi xəstəxanada müalicə alıb.

 Son günlərini ibadətlə keçirən Cənnət Əliyev 2014-cü ilin oktyabrın 30-da 60 yaşında Bakıda vəfat edib. Ölümünə səbəb yüksək təzyiq nəticəsində ağciyər damarının partlaması göstərilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.