Super User
Türk dünyası məşhurları – YAVUZ SULTAN SƏLİM
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Yavuz Sultan Səlim barədədir.
Yavuz Sultan Səlim (I Səlim) 1470-ci ildə Amasya yaxınlığında doğulmuş, Osmanlı imperiyasının doqquzuncu sultanı olmuşdur. Atası II Bəyazid, anası isə Gülbahar Hatun idi. Şehzadəlik illərində Trabzon sancakbəyliyində idarəçilik təcrübəsi qazanmış, Qara dəniz bölgəsindəki siyasəti və Qafqaz istiqamətində apardığı mübarizələrlə Osmanlı dövlətinin şərq sərhədlərini gücləndirmişdir. 1512-ci ildə atasının taxtdan çəkilməsi ilə Yavuz Sultan Səlim Osmanlı taxtına çıxmışdır. Onun hakimiyyəti dövrü cəmi səkkiz il çəkmiş olsa da, bu illər imperiyanın tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. O, Osmanlının ərazisini iki dəfə böyütmüş, dövlətin siyasi və dini nüfuzunu bütün İslam aləminə yaymışdır.
Yavuz Sultan Səlimin ən mühüm hərbi addımı 1514-cü ildə baş vermiş Çaldıran döyüşü olmuşdur. Bu savaşda o, Səfəvi şahı I İsmayıla qarşı Osmanlı ordusuna rəhbərlik etmiş və qəti qələbə qazanmışdır. Çaldıran zəfəri Osmanlı dövlətinə yalnız yeni ərazilər qazandırmamış, həm də Anadolu və Azərbaycan bölgələrində dini-siyasi balansı dəyişdirmişdi. Bu döyüşdən sonra Osmanlı imperiyası Qərbi İran, Diyarbəkir və Van ətrafı torpaqları öz nəzarətinə götürmüş, şərq sərhədlərini möhkəmləndirmişdi.
Selim sultanın digər böyük hərbi yürüşü Misir səfəri idi. 1516–1517-ci illərdə həyata keçirilən bu yürüş nəticəsində Memlük dövləti süqut etdi, Suriya, Fələstin, Misir və Hicaz Osmanlı imperiyasına daxil oldu. Hicazın Osmanlıya birləşdirilməsi ilə Məkkə və Mədinənin qoruyuculuğu Osmanlı sultanına keçdi. Bu hadisədən sonra İslam xəlifəliyi rəsmi olaraq Osmanlıya verildi və sultan “Xəlifətü’l-müslimin” titulunu aldı. Bununla da Osmanlı imperiyası yalnız siyasi deyil, dini liderlik statusu da əldə etdi.
Yavuz Sultan Səlim həm də güclü dövlət islahatçısı kimi tanınır. Onun dövründə mərkəzi hakimiyyət möhkəmləndirilmiş, feodal asılılıqlar azaldılmış, orduda nizam-intizam bərpa edilmişdir. O, sipahi və yeniçəri ordularını yenidən təşkil etmiş, dövlətin vergi və torpaq sistemini tənzimləyən yeni qaydalar tətbiq etmişdir. Eyni zamanda, dövlət idarəçiliyində səliqə, ədalət və hərbi intizam əsas prinsiplər kimi müəyyən olunmuşdur.
Sultan Səlim mədəniyyətə və elmə də laqeyd qalmamış, sarayında alimləri və şairləri himayə etmişdir. O, türkcəni yüksək səviyyədə bilirdi və fars dilində də şeirlər yazmışdır. “Selimi” təxəllüsü ilə qələmə aldığı divanı onun zərif poetik duyumunu göstərir. Hökmdar kimi sərt, amma düşüncə dünyasında dərin bir filosof təbiətli şəxsiyyət idi.
Yavuz Sultan Səlimin səltənəti dövründə Osmanlı imperiyası artıq dünya siyasətinin mərkəzi oyunçularından birinə çevrilmişdi. Onun həyata keçirdiyi hərbi və inzibati tədbirlər nəticəsində imperiyanın sərhədləri Balkanlardan Qırmızı dənizə qədər genişləndi. Şərqdə Səfəvilərlə, cənubda isə Memlüklərlə əldə edilən qələbələr Osmanlı dövlətini həm siyasi, həm də ideoloji baxımdan yüksəltdi.
Sultan 22 sentyabr 1520-ci ildə Çorlu yaxınlığında vəfat etmişdir. Cəmi səkkiz illik hakimiyyəti ərzində dövlətin hərbi, siyasi və dini dayaqlarını möhkəmləndirən Yavuz Sultan Səlim Osmanlı tarixində “Yavuz” – yəni “Cəsur, sərt və ədalətli” ləqəbini qazanmışdır. O, İstanbulda yerləşən Yavuz Sultan Səlim məscidinin həyətində dəfn olunmuşdur.
Onun mirası Osmanlı imperiyasının sonrakı yüzilliklərdəki qüdrətinin əsasını təşkil etmişdir. O, yalnız bir sərkərdə deyil, həm də türk-islam sivilizasiyasının formalaşmasında həlledici rol oynamış lider kimi tarixdə qalmaqda davam edir.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Qərbi Azərbaycan toponimlərində və antroponimlərində türk mənşə izləri
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Qərbi Azərbaycanın coğrafi adlandirma və insan ad sistemində türk mənşəli elementlərin izlərini müşahidə etmək mümkündür. Toponimlər, yəni torpaq‑məkan adları və antroponimlər, yəni şəxslərin adları bir toplumun dilində, mədəniyyətində, etnik kimliyində dərin köklərə malik izlər saxlayır. Qərbi Azərbaycanda coğrafi adların böyük hissəsinin türk etnosunun dilindən, tayfa adlarından, etnik ümumiləşmələrdən qaynaqlandığı ilə bağlı filoloji və onomastik tədqiqatlar mövcuddur. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası‑nın Dilçilik İnstitutunda “Qərbi Azərbaycan toponimləri” mövzusunda xüsusi şöbə yaradılması elan edilmişdir.
Bu addım regionun ad-məkan sisteminin türk etnoqrafik dərinliklərinə işıq salmaq baxımından əhəmiyyətlidir. Toponimlərin türk mənşə izlərinin ilkin göstəricilərindən biri «etnotoponim» kateqoriyasıdır, yəni tayfa, nəsil adlarının məkan adlarına çevrilməsidir. Araşdırmalarda qeyd edilir ki, “qədim türk tayfa adları hövzəsində formalaşmış adlar dağ, çay, məhəllə, kənd səviyyəsində adlanma sistemində öz izini saxlayır”. Beləliklə, Qərbi Azərbaycanda türk etnosunun torpağa, yaşayış məkanına verdiyi adlar milli kimlik və məkan yaddaşı kimi funksiyanı daşıyır.
Məsələn, araşdırmada qeyd olunur ki, 1935‑1971 ci illərdə altmışlarla türk mənşəli toponimin dəyişdirilərək erməni dilinə uyğunlaşdırıldığıdır. Bu isə türk mənşəli ad sisteminin məkan‑tarixi kontekstində necə təzyiq altında qaldığını göstərir. Belə vəziyyət, coğrafi adların yalnız dilçilik obyekti olmaqla qalmayıb, etnik identiklik və mədəni yaddaş məsələsi ilə də sıx əlaqəli olduğunu sübut edir.
Bu toponimlərin formalaşma mexanizmləri dil və semantika baxımından maraqlıdır. Məsələn, “qurd” totemizmi ilə bağlı adlar: “Gurdbulaq”, “Qurdqala” və sair. Bu adlar türk xalqlarının qurd simvolikasına istinad edib, həm inancları, həm də etnoqrafik təsəvvürləri ilə məkan adlandırmasına çevrilmişdir. Bu nümunə göstərir ki, türk mənşəli toponimlər sadəcə dil səviyyəsində deyil, dünya görüşü, inanclar və etnik mədəni kodlar səviyyəsində də formalaşıb.
Həmçinin, antroponimlər şəxslərin adları baxımından türk mənşəli soyad və ata adlarının məqamı da önəmlidir. Məsələn, “Dəmirçi”, “Dəmircilər” və ona oxşar məkan adlarının çoxsaylı olması göstərir ki, həmin məkanlarda “Dəmirçi” kimi klan, tayfa adlarının, peşə adlarının məskunlaşma və yer adlarına çevrilməsi prosesi gedib. Bu da antroponimik elementlərin toponimik sistemə inteqrasiyasını nümunə göstərir.
Dilçilik və onomastika müstəvisində belə nəticəyə gələ bilərik: Qərbi Azərbaycan toponim və antroponim sistemində türk mənşəli adlar milli-mədəni kimliyin, torpağa mənsubiyyətin və etnik yaddaşın ifadəsi kimi yaşamaqqdadır. Bu sistemlərin tədqiqi yalnız adların etimologiyası ilə bitmir, həm də adların məkanla, tarixlə, mədəniyyətlə və sosial strukturlarla əlaqəsini ortaya qoyur.
Beləliklə, Qərbi Azərbaycan bölgəsində türk mənşəli toponim və antroponimlərin mövcudluğu, onların dəyişdirilmə və ya gizlədilmə halları, həmçinin bu adların dil və etnoqrafik mənaları milli kimlik və mədəni irs baxımından kritik əhəmiyyət kəsb edir.
“Ədəbiyyatn və incəsənət”
(05.11.2025)
Bumbuz misraların içində hənirti tapan Rəbiqə Nazimqızı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şeirləri bəyənilir və sevilir.
Yalnız qadın bu cür duyğusal, içdən yaza bilər.
Bu şeirlərdə həm nisgil var, həm kədər var, bəzən ümidsizlik, bəzən də ümid seli duyulmaqdadır. Mən istəkli oxucularıma Rəbiqə Nazimqızının cəmi bir şeirini gətirəcəyəm, bu süjetli şeirdə şəxsən mən qalın bir roman görürəm.
Tərcümələri də mükəmməldir.
Buyurun, tanış olun: Rəbiqə Nazimqızı.
AYNUR ÜÇÜN
Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.
Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.
- Hara gedəcəyik? – Burdan uzağa.
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.
Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.
Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.
Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.
Rəbiqə Nazimqızı 1979-cu il noyabrın 5-də Bakı şəhərində anadan olub. 263 saylı Bakı şəhər tam orta məktəbindən məzun olub. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 2006–2008-ci illərdə həmin fakültənin magistratura pilləsini ədəbiyyat ixtisası üzə bitirib.
1998-ci ildən qəzet, jurnal, sayt və onlayn televiziyalarda müxbir, tərcüməçi və redaktor kimi çalışıb. 2006-cı ildən etibarən Rəbiqə Nazimqızı imzası ilə şeirlər yazmağa başlayıb. Azərbaycan Dövlət Tərcümə Mərkəzində dil mütəxxəsisi vəzifəsində fəaliyyət göstərib.
2008-ci ildə "Sənə qədər" adlı şeirlər kitabı çap olunub. 2013-cü ildə "Yazıçı" nəşriyyatında "Epizodik sevgilər" adlı şeirlər kitabı çapdan çıxıb. 2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzində "Çətirlərin qiyamı" adlı kitabı nəşr olunub.
Tərcümələri
1. 2014-cü ildə onun tərcüməsində "Rixard Vaqner. Mənim həyatım" memuarı (Qismət Rüstəmovla birlikdə)
2. 2015-ci ildə "ATV Kitab" layihəsi çərçivəsində Avqust Strindberqin "Tənha" romanı onun tərcüməsində "Parlaq İmzalar" nəşriyyatında nəşr olunub.
3. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamına əsasən, çap olunan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" (DƏK) seriyasından Romen Rollanın "Seçilmiş əsərləri" (2016) və Elias Kanettinin "Korlaşma" əsəri (2018) onun tərcüməsində işıq üzü görüb.
Doğum gününüz mübarək, Rəbiqə xanım!
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Həm nazir, həm diplomat, həm araşdırmaşı, həm yazıçı...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sən həm xarici işlər naziri olasan, həm Polşada və Bosniyada səfir olasan, həm alim olasan, həm çox lazımlı tarixi əsərlər ortaya qoyasan, üstəlik. Bir jurnalistika fəaliyyətin də ola...
Bu gün doğum günü qeyd edilən Vilayət Quliyev barəsində danışıram...
Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olub. 1970‐ci ildə Beyləqan rayonundakı G. Əsədov adına orta məktəbi əla qiymətlərlə bitirib. 1970‐1975‐ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində müvəffəqiyyətlə təhsil alıb.
Üç il orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub. "Müasir Azərbaycan nəsrində üslub müxtəlifliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi vəzifələrində işləyib.
"Vətən" cəmiyyəti" idarə heyətinin, "Ulduz" jurnalı və "Elm" qəzeti redaksiya heyətlərinin üzvüdür. "Millət" qəzetinin baş redaktoru olub. "Azərbaycan filoloji fikri və rus ədəbi ictimai mühiti (XIX əsrin birinci yarısında)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib
"Azərbaycan Demokratik Respublikası" kitabını tərtib edib müqəddimə və şərhlərlə nəşr etdirib. 3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 15-dən artıq kitabı çap olunub. Yaradıcılığının əsas istiqaməti Azərbaycan-Rusiya, İran, Türkiyə arasındakı 19–20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir. Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.
Xarici işlər naziri işlədiyi dönəm 1999-2004-cü illərdə olub, səfirlik fəaliyyəti isə 2010-cu ildən başlayıbdır və hələ də davam edir.
Əsərləri
1. Mirzə Kazımbəy
2. Özümüz və sözümüz
3. Ağaoğlular
4. İsa Sultan Şaxtaxtinskinin qəribə həyatı
5. Açıq sözün hikməti
Tərcümələri
1. Rafael Mustafin. Qəhrəman şairin izi ilə
2. Lev Qumilyov. Qədim türklər
3. Ə. Cəfəroğlu. Seçilmiş əsərləri
4. Corc Oruell. Heyvanıstan
Təltif və mükafatları
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
- M. F. Axundov adına ədəbi mükafat
- Hacı Zeynalabdin adına Azərbaycan Milli mükafatı
- Polşa Respublikasının "Xidmətlərə görə" ordeni.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Komedik aktyorun anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovet dönəmində gülüş yaratmaq bacarığına malik olan aktyorlar pleadasında (Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Əliağa Ağayev, Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov…) o da yer tutmuşdu. O- Eldəniz Zeynalov.
Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı – görkəmli alktyor Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrında uşaq rollarında çıxış edib. Teatr İnstitutunda aktyorluq təhsili alıb.
Tələbə ikən Eldar Quliyevin "Bir cənub şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yadda qalan obrazlar yaradıb.
Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də vəfat edib, Yasamal qəbiristanlığında dəfn edilib.
Filmoqrafiya
- 100
- 777 №-li iş
- 777 №-li sexdə
- Arvadım mənim, uşaqlarım mənim
- Babamızın babasının babası
- Bağ mövsümü
- Bəyin oğurlanması
- Bir cənub şəhərində
- Bir Eldənizimiz yoxdur
- Bizim Cəbiş müəllim
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Payızı sevmək, ya sevməmək ? – EKSPRESS SORĞU
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət"
Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?
Payızı niyə sevirəm, niyə sevmirəm?
Bəzən duyğuların sərhədində ilişib qalırıq.
Duyğular bir- birinə zidd olaraq daxili boşluq yaradır.
Elə bu duyğulara şahid payızdır. Bu fəsil həm ruhun özünə qapanması, həm də özünədərkini sanki sürətləndirir. Payız sonu, eyni zamanda başlanğıcı öz sarı örtüyündə gizlədir. Payızın sehri Günəşin küsüb uzaqlaşmasındadırmı?
Bəlkə, hə, bəlkə də yox.
Ağaclar Günəşin isti nəfəsindən məhrum qaldıqca təravətini itirir. Külək də yaralı yarpaqlara balta çalır. Hər yarpağın ölümü, bir arzunun ölümüdürmü? Yağışlar səmaların yarpaqlara saxladığı yası andırır. Hər yarpaq insanların ölmüş arzularıdımı? Bu kədərli düşüncələr payızda məni melanxoliya məclisinə dəvət edir, həsrət şərabı ilə doldurur badəmi.. Payıza olan sevgimi kədər acımadan öldürməkmi istəyir?
Mən sarışın payızı sevirəm axı..
Mənim sevgim yenilməz, ölməzdir axı
Sevmək, ya sevməmək, bu təzad, bu ağrı içimizi doğrayan zəhər kimidir.
Sevdiklərimiz idealdırmı?
- Əlbəttə, yox.
Hamının müsbət və mənfi tərəfi var.
Niyə bu sarışın payızın olmasın ki?
Bəlkə, elə bizi- sevgimizi sınayır.
Günəşlə sözləşib istiliyini azaldır, küləyi fitvalayıb buludların üstünə göndərir.
Ey sarışın payız, mən sənin tərəfindəyəm.
Sən kədərləndirmirsən, düşündürürsən. Yaşıl yarpağı xəzələ çevirirsən.
Anladırsan ki, yaşıl olanda qədrini bil, ömrünü boşa xərcləmə. Anladırsan ki, həmişə isti münasibət sənə sarılmayacaq, soyuğun da dadını bil.
Anladırsan ki:
Ey uca budaqlardan boylanan yarpaq,
bir gün enməyin var,
halsız, ayaqlar altında
can verməyin var..
Qürrələnmə, ey uca budaqda
taxt quran yarpaq!
Hə, sarışın payızım, səni sevirəm, sevmirəm- deyə bilmərəm. Mən YARADANIN yaratdığı bu möcüzəni sevməyə bilmərəm. Bəlkə də, adını dəyişib yaza çevrilirsən, mən buna inanıram.
Sən soyundurduğun budaqları yenidən yaşıla bürüyürsən, sən də mənim kimi yaşılı sevirsən, Günəşi sevirsən, elə yaşılı daha da sevdirmək üçün sarıya çevirib həsrət çəkdirəndən sonra yenə də yaşıla boyayırsan.
Mənim sarışın PAYIZIM, ərköyün, şıltaq olsan da, səni sevirəm!
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
ZƏFƏR GÜNÜ - Vətənə sevdalı Ramin
Bəkirova Mehparə,
Oğuz Rayon Mərkəzi Kitabxanasınıninformasiya resurs şöbəsinin müdiri. “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan torpağı həmişə igidlər diyarı, qəhrəmanlar oylağı olmuşdur. Ta qədimdən ulu babalarımız torpaqlarımızı yadelli işğalçılardan qorumuş, vətən torpağı uğrunda minlərlə, milyonlarla insanın qanı tökülmüş fədakarlıqlar etmişlər. Bu gün ulu sərkərdələrimizin Cavanşirin, Babəkin yolunu davam etdirən mərd oğullarımız var. Onlar Vətən müharibəsi zamanı torpaqlarımızın düşmən tapdağından təmizlənməsi uğrunda Qarabağda erməni faşistlərinə qarşı amansız döyüşlərdə qələbə çalaraq xalqımıza qələbə sevincini yaşatmışlar. Xalqımızin qəhrəmanlıq tarixinə yeni bir səhifə yazmışlar.
Zəfər Günü ərəfəsində bu parlaq qələbənin qazanılmasında ölkəmizin minlərlə övladının payı olduğu kimi, Oğuz gənclərinin də yeri xüsusi olaraq görünür. Belə vətənpərvər qəhrəmanlardan biri haqqında yazmaq istəyirəm. Ramin Bayraməli oğlu Şabanov haqqında
O,1984-cü ildə Oğuz şəhərində sadə bir ailədə dünyaya göz açıb. Ailədə iki qardaş bir bacı olublar.Anası Təranə xanım, atası Bayraməli sadə insanlardır. 1990-cı ildə Oğuz şəhər E.Abdullayev adına 2 saylı məktəbin birinci sinfinə gedib. Məktəbdə oxuduğu illərdə Hərbi idman oyunlarında “Şahinlər” də bayraqdar kimi iştirak etməklə komandasını da həmişə qalib etməyi bacarıb. Məktəbi başa vurduqdan sonra 18 yaşı tamam olanda həqiqi hərbi xidmətə yollanıb. Bir il xidmət etdikdən sonra, xüsusi kurslara göndərilir. Əsgərlik xidmətini çavuş kimi başa çatdırır. Həmin vaxtdan da XTQ-də işə başlayır. Döyüş texnikasına daha dərindən yiyələnməkdən ötrü xüsusi kurslara, təlimlərə göndərilir. Xüsusi səy və bacarıqla bütün təlim və kursları keçdikdən sonra ilk dəfə 2006- cı ildə xüsusi tapşırıqla əməliyyata göndərilir. Həmin əməliyyatdan uğurla qayıtdıqdan sonra bu cür tapşırıqların sayı hesabı da artır. Dəfələrə düşmənə ağır zərbələr endirilir. Düşməni daim təzyiq altında saxlamaq, işğalçılıq faktı ilə heç vaxt barışmayacağımızı tez-tez xatırlatmaq lazım gəlirdi. Bütün bu əməliyyatlarda eloğlumuz Ramin döyüş yoldaşları ilə birgə düşməni daim qorxu altında qalmasına nail olur, tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir. Raminin simasında bütün əsgər və zabitlərimiz uzun müddətli sülh danışıqlarının faydası olmayacağı təqdirdə döyüşlərə, müharibəyə tam hazır vəziyyətə gətirilirdi.Hər bir əsgərin, döyüşçümüzün qəlbi vətən eşqi ilə döyünür. Onlar hamısı vətənə sevdalıdırlar.
2016-cı ildə baş verən Aprel döyüşlərində Raminın döyüş yoldaşları ilə birgə Talış kəndinin işğalçılardan təmizlənməsində böyük rolu olur. Məhz bu qələbədən sönra Ramin Bordo bereli adını qazanır. Müdafiə Nazirliyinin mükafatlarına və dəfələrlə “Qüsursuz Xidmətlərə görə” medal və döş nişanları ilə təltif edilmişdir.
Aprel hadisələri göstərir ki, müharibə qaçınılmazdır. 2020-ci ilin iyul hadısələri isə düşmən təxribatının pik həddi olur. 27 sentyabrda İkinci Qarabağ müharibəsinin başlanmasına rəvac verən son damla olur.Vətən müharibəsinin başlanması ölkəmizdə sevinclə qarşılanır. Xalq işğalçıların bir anda qovulmasını səbrsizliklə gözləyir və mühüm prosesdə gözünü qırpmadan hamı iştirak etmək istəyir. Müharibə ərzində ən çətin və şərəfli missiya əsgərlərimizin üzərinə düşür. Onların vətən eşqi ilə dolu ürəkləri zəfərdən zəfərə səsləyir.
Vətən müharibəsinin başladığı ilk gündən təyin olunmuş mövqelərdə, Kəlbəcər, Murov dağ iistiqamətində Ramin öz döyüş yoldaşları ilə birgə hərəkət edərək, Ömər zirvəsinin, Canavar sağ qulaq, Canavar sol qulaq yüksəkliklərini düşməndən təmizləyərək, bayrağımızın dalğalanmasına nail olur. Sonra istiqamət dəyişdirilərək General Leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə Cəbrayıl uğrunda döyüşlər aparılmış, düşməndən təmizlənmişdir.İşğalçıların torpaqlarımızdan təmizlənməsində xüsusi xidmətləri olan Ramin qürur hissi ilə şanlı bayrağımızı Cəbrayılda dalğalandırmağa nail olur. Daha sonra Hadrut, Füzuli, Azıx mağarası, Qırmızı Bazar ərazilərində gedən müharibədə həmyerlimiz ağlagəlməz qəhrəmanlıqlar göstərmişdir. Qəhrəmanımızın söylədiklərinə görə Qırmızı Bazar ərazisində qanlı, şiddətli döyüşlər olur.Ancaq düşməni məhv etmək, torpaqlarımızı işğaldan azad etmək arzusu, vətən eşqi yenə də qalib gəlir.Azad edilmiş torpaqlarımızda şanlı üçrəngli bayrağımızı dalğalandırırlar. Sonrakı istiqamət Şuşa olmuşdur. Şuşaya çatana kimi əsgərlərimiz dayanmadan, istirahət etmədən, yatmadan, dincəlmədən hərəkət edirlər. Çiyinlərində olan çantada ancaq zəruri ehtiyaclar; su, bir parça çörək və hərbi sursat, 40 kq ağırlığında yüklə keçılməz kolluqlar, ağaclar, dərə-təpəli yollar.Və düşmənin gözündən yayınmaq üçün ən çox gecə qaranlığında hərəkət.Şuşa ilə bağlı verilən tapşırıqda mümkün qədər sakit və səssiz Qala divarlarına çatmaq lazım idi. Lakin düşmənin ağır artilleriyadan atdığı mərmilər bəzən hədəfə də dəyirdi. Şuşa uğrunda gedən döyüşlərdə ayın 5-də düşmən mərmisinin düşməsi nəticəsində Ramin sağ ayağından yaralanır. Yaralansada irəliyə doğru hərəkət edir. Ancaq 2-3 saatdan sonra ayağından aldığı yaranı bağlamağa imkan yaranır. Həmin mərmidən döyüş yoldaşlarından bir neçəsi şəhid olur. Yaralı vəziyyətdə bir sutkadan çox vaxt ərzində əməliyyatlardan geridə qalmır. Şuşanın qala divarlarının yaxınlığında ala qapı deyilən yerdə, diklə qalxan zaman yenidən yanlarında partlayan mina nəticəsində xeyli şəhid və yaralıların olmasına səbəb olur. Ramin özü yaralı olsa da snayper gülləsindən ayağı qırılan döyüş yoldaşı Çingizi sərt mövqedən uzaqlaşdıra bilir. Lakin Ramin özü də kəllə - beyin travması alır və eşitmə orqanları güclü zədələnir. Artıq komandiri onu bu vəziyyətdə döyüşməməsini bildirərək, israrla təxliyyə olunduğunu bildirir. Təxliyyə qrupu ilə birgə 15 km yolu Hadruta qədər çomağa söykənərək, təxliyyəçinin dəstəyi ilə sanitar qovşağına gəlir. Burada yaralarına sarğı qoyulur. Şuşanın alınması xəbərini də burada eşidir. Sonra Füzulidəki Hospitala aparılır.Azərbaycan ordusunun dünya döyüş tarixində görünməmiş rəşadəti, misli görülməmiş qəhrəmanlığı sayəsində Qələbə xəbəri ilə yanaşı onu çox üzən bir xəbər də alır. Ailəli dostluq etdiyi, can yoldaşı, döyüşçü dostu Mehrab Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.Ramin döyüşdə olduğu zaman özü ilə bərabər döyüş yoldaşlarını da həmişə düşmən güllələrindən qorumağa çalışırdı. Özünün dediyinə görə: ...Mehrabla həmişə bir yerdə idik. Onunla ailəvi gediş-gəlişimiz mehriban dostluq münasibətimiz vardı. Döyüş zamanı həmişə özümlə bərabər döyüş yoldaşlarımı, xüsusən də Mehrabı qorumağa çalışırdım. Mən yaralandım, təkidlə məni tərxis etdilər. Mehrabın şəhid olması xəbərini eşitdim. Çox üzüldüm.Mən orda olsaydım bəlkə də Mehrabı qurtarardım. Qoruya bilmədim Mehrabı çox təəssüf...Həmyerlimiz müharibə dövründə də vətən torpaqlarımızın düşməndən təmizlənməsində fəallıq göstərir. Yüzdən çox erməni zabit və əsgərini məhv edir. Prezidentimizin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayıl”ın , “ Kəlbəcər”in , “ Xocavənd” in alınmasına və “Şuşa” nın azad olunmasına görə medalları ilə təltif olunub.
Ramin xeyli vaxt müalicə aldıqdan sonra, qismən səhhəti bərpa olunan kimi yenidən işinə qayıdır. Qəlbində Vətən sevdası olan mərd, qorxubilməz həmyerlimizə çətin və şərəfli işində uğurlar arzulayırıq.
Raminin simasında bütün yaralılarımıza Allahdan şəfa, şəhidlərimizə rəhmət diləyirik. Sizin qanınızın bahasına biz qələbə sevincini yaşadıq.Vətəni hər şeydən uca tutub, evi ailəni, ana-atanı düşünmədiniz.Sizin qəlbinizdə vətən eşqinin alovu , itirilmiş torpaqlarımızın, sınmış qürurumuzun, şəhid qanı qarışmış torpaqlarımızın harayı zəfərdən zəfərə səslədi. Sizlərlə fəxr edirik, yurdumuzun qorxubilməz, mərd övladları.Qəhrəmanlar heç vaxt unudulmur.Dövlətimiz və xalqımız ana vətənin azadlığı, müqəddəs torpaqlarımızın şərəfi yolunda canını qurban verənləri həmişə uca tutur, şəhidlərimizin əziz xatirəsini şərəf və qeyrət nümunəsi kimi daim qəlbimizdə saxlayır.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Güney Azərbaycan Poeziyası Antologiyasında Fəriba Mürtəzayinin “Yaşadığım hekayə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.
Fəriba Mürtəzayi
Təbriz
YAŞADIĞIM HEKAYƏ
Mən heç sevincimi gülmədim ki!
Görüncə də ağladım, gedincə də,
Doğurdan sevinc nədir?
Hüzün nədir?
Öylədir yanılmamışam, ağlamaqdan ibarətdir!
Mən duyğularımı ağladım,
Diqqət ilə atamın gözlərinin içinə baxardım,
Nədir bala, nə istəyirsən?!
Dərindən bir ah çəkdim
Uşaq ürəyim böyük ağladı!
Bir uşaq nə istər?
Anadan savayı nə istər?!
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
ŞEİR SAATInda Furqan Sadıqın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında gənc şair Furqan Sadıqın şeirləri tqdim edilir.
***
müharibə bitəndə
dostunun qanı tökülmüş
torpağı
evə aparan
qazi,
heyif ki,
onu çərçivələyib
evin divarından
asa bilməz
şəkil əvəzi...
***
ölməsəm,
yoxa çıxsam da olar bir gün,
məsələn, itkin düşsəm,
heç vaxt tapılmayıb unudulsam!
oğurlasa məni
orqan mafiyası –
orqanlarımı
vecinə almasa,
ölkənin daxili orqanları...
...ölməsəm,
yoxa çıxsam da olar bir gün...
***
ağac deyil
bu bina,
meyvə deyil
balkondakı o adam,
yarpaq deyil
ipdən asılan paltar,
külək deyil
o adamı titrədən...
***
qazarkən
tərimin axdığı
səngərdə
qanı axan şəhidlə
qan qardaşı
sayılırammı mən?!
***
oğlunun ölümündən
daha çox
bilirsinizmi
nə yandırır onu?!
bilsəydi ki
son dəfə danışır,
heç söndürərdimi
telefonu?!
***
1.
yolun qırağında ağac var,
əynimə geyinmişəm, yaraşıb.
kölgəsində oturub
gövdəsinə söykənmişəm,
qarışqalar bədənimə daraşıb.
heç hara tələsmirəm,
heç kim məni gözləmir.
hava həlim, ilıqdı,
yolun qırağında ağac var,
kim əkibsə, sağ olsun,
yol isə ayrılıqdı,
kim çəkibsə, sağ olsun.
bir maşın keçir yanımdan sürətlə,
toz olur!
2.
ağlımda heç nə yoxdu,
bir-iki qafiyə var,
şeir quraşdırıram.
yox, yox, ağlımda kimsə var,
ya da qarışdırıram.
ağac da gülür buna, yellənir,
yol gülmür, uzağa yollanır.
qəfil bir hadisə baş verir,
təəccüblənirəm –
bir maşın keçir şeirin içindən,
söz olur!
3.
bir rəssam lazımdı,
fırçayla, boyayla
bu rəsmi çəksin,
bilirəm,
bir maşın keçəcək rəsmin içindən,
ağac maşına oturub gedəcək,
qalacam tək!
dizimə döyüb deyəcəm:
mənə nə olursa,
az olur!
***
cənablar!
nə olar,
VƏTƏN sözünü
bu qədər
israf etməyin!
axı mən
V hərflərindən
quşatan düzəltmək istəyirəm...
***
üzündən oxunan həyatın
içində yazılan nədi ki?
qış ömrü yaşayan şairin
şeirində yaz olan nədi ki?
kim oldu yuxumu dağıdan?
qaralır gözümün ağı da...
yatmadan gördüyüm yuxuda
tərsinə yozulan nədi ki?
qulağımda susan səslərdən
mən, bir musiqi bəstələ!
deyəsən, segahdı bu yetim...
...və ona züy tutur həsrətim!
bilmirəm nə qədər gözlədim...
soruşma gözləmək nədi ki?
heç nədi...
mənimçün heç nədi...
üzündən oxunan həyatın
içində yazılan nədi ki?
çölümdə səssizlik, sükunət...
içimdə əzilən nədi ki?!
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)
Azərbaycanlı rəqqas İstanbulda keçirilən beynəlxalq müsabiqədə qalib gəlib
İstanbulda keçirilən beynəlxalq müsabiqə - “İstanbul Autumn Festival”da Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən iştirakçılar yarışıblar. Azərbaycan nümayəndəsi - tanınmış rəqqas Fərid Kazakov müsabiqədə qalib gəlib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, azərbaycanlı sənətçi “Sentimientos a través del tiempo” adlı yeni nömrəsi ilə “Modern Dance” nominasiyasında çıxış edib və bu rəqslə növbəti dəfə birinci yerə layiq görülüb. Qeyd edək ki, Fərid Kazakovun “Kazakov İnternational Academy” tələbələri də öz kateqoriyalarında qalib gəliblər.
O bildirib ki, Azərbaycan Bayrağını beynəlxalq səhnədə ucaltmaq onun fəaliyyətində ən vacib və dəyərlidir.
“Ölkəmizin xoreoqrafiya sənətinin yüksək səviyyəsini nümayiş etdirərək Azərbaycana yenidən beynəlxalq səhnədə qələbə qazandırdığım üçün xoşbəxtəm. Bütün yaradıcılığım Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə və bununla da sənətimizi xaricdə tanıtmağa yönəlib. Mən bu müsabiqə üçün uzun müddət hazırlaşdım. Çünki bu, mənim üçün yeni bir obraz idi. Təxminən bir ildir ki, İstanbuldakı Servantes İnstitutunda ispan dilini öyrənirəm. Buna görə də bu dildə mahnı seçimim təsadüfi deyildi. İspan mədəniyyətini sevirəm və artıq yanvar ayında tələbələrimlə birlikdə İspaniya və İtaliyada keçiriləcək yarışlara yollanacağam. Bu, mənim üçün vacib bir qələbədir, çünki xoreoqrafiyanın yaş məhdudiyyəti olduğu stereotipini qırmağa çalışıram. Allah mənə sağlamlıq və güc verdiyi müddətdə rəqs edəcəyəm. Ölkəmi beynəlxalq səhnədə və qələbə kürsüsündə təmsil etmək isə unudulmaz bir duyğular və emosiyalardır!” - deyə azərbaycanlı rəqqas əlavə edib.
Qeyd edək ki, Fərid Kazakov Azərbaycan və Rusiya rəqqası, xoreoqraf, balet sənətçisi, rəqs üzrə dünya çempionu, Rusiyanın üçqat ən yaxşı solisti, qlobal beynəlxalq “Most Fashionable Awards” mükafatı laureatı, “Central Asia's Got Talent” beynəlxalq istedadlar şousunun finalçısı, ikiqat Azərbaycan Milli Mükafatı laureatı, “Türkiyənin Ən İstedadlı Rəqqası” və Türkiyə Milli Mükafatı olan “Türkiye Zirvə Ödülləri” adların sahibidir. O, həmçinin yüksək kateqoriyalı müəllim, Avropa Mədəniyyət Assosiasiyasında Azərbaycan və Türkiyənin fəxri üzvü və səfiri, Bakı Xoreoqrafiya Akademiyasının və Moskva Dövlət Mədəniyyət İnstitutunun məzunu, beynəlxalq, ümumrusiya və milli müsabiqələrin dəfələrlə qalibi və Qran-Pri mükafatçısı, həmçinin Azərbaycan Prezidenti və Azərbaycanın Birinci vitse-prezidentinin “Zirvədəki Azərbaycanlılar” kitabına XXI əsrin Azərbaycan gəncliyinin görkəmli nümayəndəsi kimi daxil edilmiş sənətçidir.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)


