Super User

Super User

 

“Beyləqan böyüyüb Cənubi Qafqazın görkəmli şəhərlərindən birinə çevrilir”. 

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi

Qədim ədəbiyyatımızın görkəmli nümayəndələri çoxdur. Azərbaycan ədəbiyyatının zənginləşməsində böyük rolu olan, bədii örnəklər bəxş edən şairlərimizdən biri də beyləqanlı Məsud ibn Namdardır (X–XI əsrlərdə yaşayıb). 

Yazılı mənbələrdən çox ədibin özü öz əlyazmalarında istər yaradıcılığı, istərsə də həyatı, yaşadığı dövr haqqında məlumatlar verir. Həmin məlumatlara nəzər yetirək:

XI–XII əsrlərdə yaşayıb-yaratdığı deyilən ziyalı təkcə şair deyil, eyni zamanda siyasi işlərlə məşğul olan, şəhərin daxili işlərini nəzarəti altında saxlayan Namdarın vəzifəsi müstafi olmuşdur. O, Beyləqanın muxtariyyət qazanması üçün çalışmış və tarixi  hadisələri əsərlərində təsvir edərək həmin dövrdən xəbər vermişdir. Məsud ibn Namdar bu məlumatları bizə öz əlyazmaları vasitəsilə çatdırır. O, eyni zamanda bu yazılarında şəhərin siyasi vəziyyətindən başqa sənəti, sənətkarları haqqında da qeyd etmişdir. Bu yazılarından birində ədib Beyləqanı belə təsvir. Edir: “Beyləqan böyüyüb Cənubi Qafqazın görkəmli şəhərlərindən birinə çevrilir”. 

Şairin özünün yazılı məlumatlarına əsasən demək olar ki, o, ərəb, fars və türk dillərində əsərlər yaratmışdır. Bizə gəlib çatan yazıları isə ərəb dilində olan hekayələr, məktublar və şeirləri olmuşdur. Araşdırmamız zamanı məlum oldu ki, şairin həyat və yaradıcılığının son və ən uğurlu tədqiqatçısı V.B.Beylis olmuşdur. Yalnız alim onu orta əsrin elm sahəsində olan alim kimi deyil, bir ədib kimi müəyyən etmişdir. Şairin dövrümüzə gəlib çatan əlyazması 3 hissədən ibarətdir. Bunlar yuxarıda qeyd etdiyimiz kimi hekayətlər, məktublar və şeirlərdir. Məsud ibn Namdarın yazılarılarından məlum olur ki, o, həmdə Şirvanda və Gəncədə də fəaliyyət göstərmişdir. Məsələn, “Əl-Xənziyyət” Gəncə dövrü, “Əl- Beylənnəyyət” Beyləqan dövrünün şeirləri kimi qeyd edə bilərik. Namdarın 2000 beytdən çox poetik nümunələrində əsas etibarilə xalq yaradıcılığından da geniş istifadə etmişdir. Bundan başqa ədibin yaradıcılığını tədqiq etdiyimiz zaman onun sözləri hikmətli kəlam kimi qeyd olunmuş, Məsud ibn Namdardan götürülmüş atalar sözləri adı ilə təqdim edilmişdir. Hətta o kəlamlardır ki, biz onlardan gündəlik həyatımızda daim istifadə edirik. Həmin nümunələrdən bir neçəsinə nəzər salaq. “Çox istəyən azdan da olar”, “Nə əkərsən onu da biçərsən”, “ Baxtın yatdı, sən də yat”,” İki həkimi olan xəstə sağalmaz” və s. 

Tarixdən məlumdur ki, şairin yaşadığı dövr çətinliklər, müharibələr, zülm zillətlər ili olmuşdur. Onun yazılarında zəmanədən, taxt-tac hərisi olan hökmdarlardan şikayətlərinə də rast gəlirik. Onun giley-güzar dolu, şikayət xarakterli yazıları çoxdur. Eyni zamanda tərbiyəvi əhəmiyyət daşıyan, insanları ədalətli olmağa, nəzakətli davranmağa səsləyən yazıları da az deyildir. Etiqatlara dərin hörmətlə yanaşan beyləqanlılar qədr gecəsini xüsusi olaraq qeyd etmişlər. Bu məlumatı burada qeyd etməyimiz də əbəs yerə deyildir. Çünki Namdarın yazılarında da bu məqamlara rast gəlmək mümkündür. Buna dair bir nümunəyə baxaq. 

 

Leylətül-Qədr Gecəsində

 

“Leylətül-qədr” i tanrı özü seçib, bəyənib, 

Haman gecə şeytanın əməlləri.

Əgər bilmək istəsən nədir “Leylətül- qədr”

Gərək ki, açıq gözlə sən açasan səhəri.

 

Şair bu sözləri ilə Qədr gecəsi barədə qısa da olsa məlumat verir. Nəzərə alsaq ki, şairin yaşadığı dövr XI əsrə təsadüf edir, bu dövrdə də insanların dini etiqatlara olan inancı, ramazan ayında oruc tutmaları, qədr gecələrində səhərə qədər oyaq qalıb zikr etmələri haqqında müəyyən məlumatlar vermiş olur.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Çərşənbə, 15 Yanvar 2025 15:12

Qadın ürəyi qədər kövrək POEZİYA

Təranə Turan Rəhimli, Filologiya elmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Firuzə Məmmədli çağdaş Azərbaycan poeziyasına özünəməxsus poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa şeirindəki böyük qadın ürəyinin yaşantılarını, yalnız qadın şairlərə məxsus həssaslıqla sözə xəfif yanaşmanı yeni tərzdə şeirə gətirən şairdir. 

 

Onun ilk şeiri 1963-cü ildə çap olunub. "Ay həkim" adlı bu şeirin sayalı qədəmləri şairin o vaxtdan bu günədək nəşr olunan 23 kitabına, 130 elmi-publisistik məqaləsinə, 5 cildlik "Seçilmiş əsərləri"nə yol açıb. Hər yeni şeiri, hər təzə işıq üzü görən əsəri Firuzə Məmmədlini mötəbər oxucuya bir addım daha yaxınlaşdırıb. 

Şairin bəzən kövrək, bəzən sərt düşüncələrə köklənən, gah incə hisslər aşılayan, gah da qəti hökm kimi səslənən dərin məzmunlu poeziyası şeir-şeir boy atıb duyumlu ürəklərə nüfuz edib, estetik zövqləri oxşayıb. Beləcə, şair doğulan, şair taleyi yaşayan Firuzə Məmmədli ömrün bir-birini qovan günlərini, illərin ovqatını, ahəngini misra-misra sözlərə köçürüb. Taleyini ən vəfalı həmdəm bildiyi Sözə bağlayan şair söz dünyasının hər sınağında sınanıb, çətinində bərkiyib, bugünkü sənətkar əzminə yiyələnib:

 

Çətininə çiyin verdim,

Asanında sındım sözün.

Yandım, bişdim ocağında

Əhdim sözün, andım sözün.

 

F.Məmmədli yaşadığı dövrün sosial-ictimai gerçəkliklərini vaxtında görüb-dəyərləndirən şairlərimizdəndir. O, sənətdə ilk, kövrək addımlarını atdığı 60-cı illərin, ilk şeir kitabı "Gümüşü damla" (1972) ilə şair "mən"ini təsdiqlədiyi 70-ci illərin, eləcə də sənətdə ən inamlı illər kimi qarşılayıb yola saldığı milli özünüdərk ərəfəsi və milli müstəqillik dönəminin - 80-90-cı illərin sosial-estetik problemlərini yaradıcılığında böyük məharətlə əks etdirmişdir. Şair poeziyasında xalqımızın ictimai həyatının bütün narahat məqamlarına, ağrılı günlərinə həssas sənətkar münasibəti bildirmişdir.

 

Çağdaş milli poeziyanın yaradıcıları cənub mövzusuna yüzlərlə şeir, onlarca poema həsr etmişlər. Ümumiyyətlə, 60-70-ci illər, eləcə də 80-ci illər ədəbiyyatında Cənub həsrəti aparıcı mövzulardan biri olmuş, bu həsrət "o tay-bu taylı vətən", "fəraq salan Araz", "Xudafərin körpüsü", "Heydərbaba", "Təbriz dərdi", "Savalan" və s. obrazlarda mükəmməl bədii ifadəsini tapmışdır. Həmin illərdə Firuzə Məmmədli də səsini müasirlərinin səsinə qatır, "Əsrin o tayı, bu tayı", "Səslə məni", "Sahillərin həsrəti" şeirləri ilə B.Azəroğlu, H.Bülluri, M.Gülgün, S.Tahir kimi qələmdaşlarının Cənub harayına qoşulur:

 

Bu qədər hicrana ürəkmi dözər?!

Bacı qardaşıyla görüşməz məgər?!

Təbrizi Bakıya qoşub bir səhər

Danışıq xəttində, tel, səslə məni.

                                “Səslə məni"

 

Sərhədlər - yolumun sönmüş çırağı, -

Ömür sərhədlərdə dolaşıb qalıb.

Əsrin o tayına bir Araz yağıb -

Əsrin bu tayında təlaşı qalıb.

                          “Əsrin o tayı, bu tayı"

 

Cana doyub sahillərin həsrəti,

Üzə durub bu ayrılıq haçandı.

Ümidləri yumruğunda gizlədib,

Bu diş bizə gülə-gülə qıcandı.

                            “Sahillərin həsrəti"

 

F.Məmmədlinin özünəməxsus lirik-fəlsəfi üslubu var. Bu üslub milli poeziyada həm ənənəvi məktəbin, həm də eksperimental-modern məktəbin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. Bu cəhətdən də F.Məmmədli şeiri bir tərəfdən Molla Pənah Vaqif, Səməd Vurğun şeiriyyətindəki səmimiyyəti, dil sadəliyini, fikir aydınlığını özündə ehtiva edirsə, digər tərəfdən, Rəsul Rza poeziyasının özünüdərkə səsləyən modernist ruhunu təcəssüm etdirir. Və bu orijinal üslubun səmimiliyi, fəlsəfiliyi, ahəngdarlığı şairin bütün yaradıcılıq nümunələrinə hopub, onun yaratdığı yeni ruhlu poeziyanın başlıca uğurunu təmin edir.

 

F.Məmmədlinin sənətkar "mən"i onun poeziyasında son dərəcə fəal, dürüst ifadə olunur. Bu poeziyada şair "mən"i ilə lirik qəhrəmanın ideya-estetik mövqeyi arasında məsafə yoxdur, onların əlaqəsi bütövdür, qırılmazdır.

 

Müdriklərin belə bir məşhur məntiqi qənaəti var: "Əsl insan ailəsini özündən artıq sevən, yaxşı insan vətənini ailəsindən artıq sevən, ən yaxşı insan bəşəriyyəti vətənindən artıq sevəndir". F.Məmmədli poeziyasına diqqətlə nəzər saldıqda şairin ailəsini özündən, vətənini ailəsindən, bəşəriyyəti vətənindən çox sevdiyini müşahidə edirik. Şairin vətən sevgisi ilkin mənbəyini doğulduğu yurddan, el-obadan alır, "Xaçmaz", "Yurd yeri", "Kəndimiz", "Qızbənövşə", "Pirbəhyə dağı" kimi onlarca şeirində boy atıb böyüyür:

 

Sən adında mənaya bax, "can əxi"...

"Əxi"lərin yadigarı Şamaxı,

Bəlkə, sənin bir parçandı Canaxır...

Bəlkə, qopub nağıllardan kəndimiz.

                                           “Kəndimiz"

 

Demirəm ki, odun daha istidir,

Demirəm ki, suyun daha dadlıdır.

Məni soyuq torpağın da isidir,

Mənə acı küləyin də bal dadır.

                                 “Ata yurdum"

 

Bu yurd sevgisi şairin poetik istedadı ilə birgə böyüyərək daha böyük sevgiyə - bütöv Azərbaycan sevgisinə qovuşur: "Bağrında tükənməz atəş qaynağı, adında "can" kimi şirin sözü var". Sonra bu sevgi daha böyük vətən anlamına - türkçülüyə, Turançılığa üz tutub səslənir: "Dünya daşım, ocaq daşım, yurd daşım, Doğu, Batı türk elimə vətənmiş", "Elə "cənnət" dediyimiz o diyar Türkiyəymiş, bilməmişik, İlahi".

 

Aşıq ədəbiyyatı nümunələrindən çağdaş müasir poeziyaya qədər anadilli şeirimizin çoxəsrlik inkişaf yolunda daim "təzə-tər qalan", köhnəlib unudulmayan obrazlardan biri də Bənövşədir. Bu obrazın ən mükəmməl yaradıcısı Aşıq Qurbaniyə qədər və Aşıq Qurbanidən üzü bəri neçə-neçə sənətkar bənövşəni sevə-sevə vəsf edib. F.Məmmədlinin "Bənövşə"si də (sələflərində olduğu kimi) "kövrək vücudunda" şairin çəkilməz ovqat yükünü daşıyır:

 

Boynu bükükmüydü binadan-başdan?

Ayrı düşmüşdümü yardan, yoldaşdan?

Bəlkə də, qaçıbmış bir qəlbidaşdan,

Düşüb qar üstündə qara bənövşə.

 

...Mən də sənin kimi qəlbidağlıyam,

Nisgil soraqlıyam, qəm soraqlıyam.

Bir sınıq taleyə elə bağlıyam,

Çəkib varlığımı dara, bənövşə.

 

İllər öncə "Haqqın işığına tapınan misralar" adlı məqalədə Firuzə Məmmədlinin adını dünyanın görkəmli qadın yazıçıları ilə bir sırada çəkmişdim. Məqsədim məhz "kişi nəhənglər kimi yazdığına" görə yox, dünyanı, həyatı daha incə, daha həssas qadın ürəyi, qadın hissiyyatı ilə duyub şeirə gətirdiyinə görə Firuzə Məmmədli yaradıcılığının üstünlüyünü nəzərə çatdırmaq idi. Bir vaxtlar bütün dünya ədəbi ictimaiyyətində maraqla qarşılanan, bütün xalqları cəlb edən əsərləriylə heyrət doğuran qadın yazıçılar Şarlotta Brontenin, Etel Lilian Voyniçin, Harriet Biçer Stounun, Suat Dərvişin sənətkar üstünlüyü kimi...

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Ay qız, gəzmə aralı,

Könlüm səndən yaralı. 

Gözlərinə heyranam,

Azərbaycan maralı!..

 

İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur. O, 1930-1935-ci illərdə kənddə fəaliyyət göstərən Molla Hətəmovun ərəb-rus dilləri öyrədilən məktəbində oxumuş, sonra Ağdamda Mexanikləşdirmə Texnikumunda təhsilini davam etdirmişdir. Amma 1938-1939-cu illərdə bir neçə tay-tuşu ilə (Şirin Əhmədov, Əzim Əzimov və Bəşir Əkbərov) sovet-fin mübaribəsinə yollandığına görə təhsilini yarımçıq qoymuşdur. Müharibədən yaralanıb qayıtdıqdan sonra…

 

Sonrakı dönəmdə o, daha bir müharibənin iştirakçısına çevrilir: 1941-1945-ci il müharibəsində iştirak edir. Cəbhədə yaralanan İskəndər doğma kəndi Novruzluya qayıdır. Lakin sinəsi poeziya nümunələri ilə dolu olan İsgəndər kəndə sığışmır. Orta boylu, qaşı-gözü qara, yaraşıqlı olan İsgəndərin həm də şaqraq səsi vardı. Şairlik təbi ilə yanaşı gözəl tar çalırdı. Müğənni, tarzən kimi el məclislərində iştirak edirdi.

İskəndərin əsl adı qeyd etdiyimiz kimi, İngilis idi. Neynəmək olar ki, insan özü özünə ad qoymaq ixtiyarına malik deyil. O zaman hər şeyə şübhə ilə yanaşan, adamlara qara yaxan Sovet hökuməti bəy nəslindən olan İsgəndərə də şübhə ilə baxırdı. Nəhayət, o, yaxasını izlənməkdən qurtarmaq üçün adını dəyişərək İskəndər qoydu və vətəndən uzaqlara – Aşqabada getdi. O, bir müddət Aşqabad filarmoniyasının solisti oldu. Orada olarkən əslən Şuşadan olan (vaxtilə atası, anası oraya Şuşadan gedib) Sona xanımla evləndi. İki oğlu (Rövşən, Nizami), iki qızı (Natella, Nailə) dünyaya gəldi. 1948-ci ildə İskəndər respublikadan kənarda olanda, bədbəxt hadisə – zəlzələ oldu, təcili Aşqabada qayıtdı, şəhəri xarabazar gördü, evini, ailəsini axtarsa da tapmadı. Sən demə, uçqunun altından salamat çıxanları şəhərdən uzaq xəstəxanalara aparıblarmış. 

Sonra isə…

 

İsgəndərin axtarışı heç bir nəticə vermir. Kimsəsiz, tək-tənha qalan şair vətənə – Novruzluya qayıdır. Onun kəndə gəlişi böyük nisgilə, məyusluğa səbəb olur. Uzun müddət kənddə yas saxlanılır. Başına müsibətlər gələn İskəndər kənddə darıxır. Şair-bəstəkar təbiətin ona vurduğu amansız yaranı unuda bilmirdi. Hamı onun halına acıyır. Eyni zamanda onun istedadını qiymətləndirməyə şərait də olmur.

 

Deyirlər, dünya yaxşı adamlardan xali deyil. 1950-ci illərdə böyük hörmət və şöhrət sahibi olan rejissor Adil İsgəndərov yaxından tanıdığı, yaradıcılığına bələd olduğu İskəndər üçün Ağdama gəlir, onunla görüşür. İşsiz olduğunu biləndə onu Novruzlu kənd soveti nəzdində klub müdiri vəzifəsinə təyin etdirir. Günlər, aylar keçsə də İskəndər başına gələn müsibətləri unuda bilmir. O vaxt Ağdam 7 illik musiqi məktəbinin direktoru işləyən Əlipaşa Daşdəmirov və kamança çalan Əli (ayaması Depo idi) tez-tez Novruzluya gəlirdilər. Məqsədləri İskəndərin məlahətli səsinə qulaq asmaq (Əlipaşa müəllim özü yaxşı tarzən idi, təzə şeirlərini dinləmək idi. Qədirbilən adamlar İsgəndəri ovundurur, onu darıxmağa qoymurdular.

 

Şair-bəstəkar İsgəndər Novruzlu millətinə, torpağına bütün varlığı ilə bağlı bir insandı. Onun bəstələdiyi havalar da xalq ruhunda olduğundan dərhal dillər əzbəri olurdu. Klubdan aldığı maaş əliaçıq, qəlbiaçıq İsgəndəri təmin etmirdi. Buna görə də Qiyaslıdan tarçalan Rüstəmlə, Novruzludan qarmonçalan Məhiş Abdullayevlə toylara gedirdi. Xanəndə Şahmalı Kürdoğlu ilə də dostluq edirdi.

Ətrafı istedadlı şair-bəstəkar İsgəndər Novruzlunu olduğu kimi qəbul edə bilmirdi. Azad ruhlu İsgəndər onların əhatəsində tək idi. Qanadları qırılmış bir quşa bənzəyirdi, çırpınır, vurnuxur, lakin bir çıxış yolu tapa bilmirdi. Ona əl uzadan, dayaq duran demək olar ki, yox idi. 

Bir günsə…

 

Tərslikdən ailəsini itirmiş İsgəndərin şair könlünə eşq odu düşdü. Belə ki, İsgəndər özünün həmyerlisi olan bir qızı dəlicəsinə sevməyə başladı. Lakin müqəddəs bir ailə meyə meyilli, azadlıq sevən, sərbəst hərəkətli İsgəndərə öz qızını rəva bilmədi. Bu uğursuzluqdan sonra İsgəndər bir az da bədbinləşdi. Beləliklə, o, hər kəsdən küsdü, bəzi adamları öz hərəkətləriylə incitdi. Bu incikliyin, istedadı qiymələndirməməyin, paxıllığın nəticəsi faciə ilə bitdi…

 

Onu tutdular. 1957-si ildə saxta ittihamlarla şərləyərək tutdurdular onu. Gözügötürməyınləri beləcə ondan qisaslarını aldılar. 

Keşməkeşli bir ömür sürmüş istedadlı şair-bəstəkar qəfəsə salınmış bülbül kimi çırpınırdı. Səsinə səs verən isə tapılmırdı. Heç kəs fərqində deyildi ki, dillər əzbəri olan “Qarabağın maralı” mahnısının müəllifi Şuşa türməsində xiffətindən gün-gündən saralıb-solur. Dustaq bəstəkarın bəstələdiyi mahnılar isə xalq mahnısı adı ilə toy-düyündə oxunurdu…

 

Tale həqiqətən də qəza-qədər imiş!

İskəndər Novruzlu 1958-ci ildə Şuşa həbsxanasında vəfat edir. Yaxınları onun cənazəsini gətirib Novruzlu kənd qəbiristanlığında dəfn edirlər. Beləcə, su sənəyi suda sınır. 

Əlbəttə, İsgəndər Novruzlunu şərləyib tutduranların adı bizə bəlli deyil, amma onun mahnıları hər kəsə bəllidir.

 

İskəndər bəyin qardaşı oğlu Hacı bəy 1973-cü ildə atası Məhəmməd bəylə birgə əmisinin yadigarlarını tapmaq niyyəti ilə Aşqabada gedir. Soraqlaşa-soraqlaşa İsgəndər Novruzlunun həyat yoldaşı Sona xanımı və böyük qızı Natella xanımı tapırlar. Sən demə, onları 1948-ci ildə Aşqabadda baş verən zəlzələ vaxtı uçqunun altından salamat çıxarılıb şəhərdən uzaq xəstəxanalara aparıblarmış. İsgəndər Novruzlunun xanımını və qızını Ağdama, Novruzluya gətirmək istəsələr də, onlar şair-bəstəkarın vəfatı xəbərini eşitdikdən sonra Qarabağa gəlmək fikrindən daşınırlar.

 

Yaradıcılığı

 

İskəndər Novruzlu çoxsaylı şerlər (qoşma, qəzəl və s.) yazmış, yazdığı şeirlərin bir çoxuna mahnı da bəstələmişdir. Bəstələdiyi dillər əzbəri olan mahnılar ("Qarabağın maralı", "Ağdam", "Bakılısan sən" və s.) uzun müddət (hətta indi də) yanlış olaraq xalq mahnısı kimi təqdim olunmuşdur. Yaradıcılığında təbiət gözəlliklərinin tərənnümü xüsusi yer tutur. Yazdığı şerlərin çox az bir qismi günümüzə gəlib çatmışdır. Söyləyirlər ki, İsgəndər Novruzlu həbsdə olanda da çoxlu şeirlər yazıb. Onun şeir dəftərlərinin çoxu, deyilənə görə, Seyidlidən tarçalan Şahmalının əlinə keçib. İskəndər Novruzlunun həyat və yaradıcılığının toplanması və bu günə gəlib çatmasında qardaşı oğlu Hacı bəy Məhəmmədoğlu, əməkdar müəllim Səlim Əzimov, ziyalı Tağı Abdullayev, tədqiqatçı Ənvər Çingizoğlunun xüsusi xidmətləri olmuşdur. Onun yaradıcılığının toplanması istiqamətində axtarışlara bu gün də böyük ehtiyac var.

 

Və sonda, onun dillər əzbəri olan yaradıcılıq nümunələrindən misal gətirərək yazımı yekunlaşdırıram. 

 

 

AZƏRBAYCN MARALI

Ay qız, gəzmə aralı,

Könlüm səndən yaralı. 

Gözlərinə heyranam,

Azərbaycan maralı!..

 

Nəqərat:

Sən bulaq üstə gələndə,

Qıyğacı baxıb güləndə

Aldın səbrü-qərarımı,

Azərbaycan maralı!..

 

Gedək Qırxqız yaylağına,

Ceyran, cüyür ovlağına,

Çıxaq İsa bulağına,

Azərbaycan maralı!..

 

Nəqərat:

Turşsu olsun yaylağımız,

Gözəl Şuşa oylağımız,

Sən olaydın qonağımız,

Qarabağın maralı.

Aldın səbri-qərarımı,

Azərbaycan maralı.

 

 

AĞDAM

Ağdam, Qarabağın toy otağısan,

Bülbüllər səyrişən gül yatağısan,

Həmişə baharın gülşən bağısan,

Nə gözəl yaraşır ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

Yenə Şah bulağın sorağı gəlir,

Xaçının axışıb qonağı gəlir,

Elimin nə gözəl növrağı gəlir,

Layiqdir bu gözəl ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

 Göylərə sığmayan səadətin var,

Musiqi ocağısan, cəsarətin var,

Tarixi yadigar İmarətin var,

Layiqdir bu gözəl ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

 Başının üstündə Qırxqızın da var,

Onun varlığıyla coşanda Qarqar,

Novruzlu İsgəndər yazdı yadigar,

O verdi əbədi ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Çərşənbə, 15 Yanvar 2025 17:40

Qaranlıqdan sükuta doğru - HEKAYƏ

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Qaranlıq, küləkli bir axşam idi. Ayaqları onu haraya aparırdı, bilmir, ya da bilmək istəmirdi. Həyatın içində sanki özü yox idi, yalnız addımları qalmışdı. Sükutlu küçələrdə yarpaqlar xışıldayır, şəhər sanki onun qəlbindəki hüznü hiss edib susurdu.

“Sanki intihara gəlmişdim həyata…” deyə düşünürdü. “Atam boynumdakı kəndir idi – boynumdan asılı, məni uşaqlıqdan məhv edən. Sən isə tutunduğum tutalğa idin. Amma sən də çəkildin…”

Bu cümlələr beynində dönüb-dolaşırdı, sanki öz-özünə yazdığı qəddar bir şeirin misraları idi.

Küçənin sonunda bir kafe gördü – o köhnə, tanış yer. Dəfələrlə burada oturub ona şeirlər, yazılar həsr etmişdi. İçəri keçdi, amma kafe əvvəlki kimi deyildi. Buradakı hər şey sönük görünürdü.

 Oturduğu masadan baxışlarını çəkib xəyallarına qapıldı. Bir vaxtlar bu kafenin ən künc masasında gülüşlər səslənirdi. Onun parlaq gözləri həyatının ən qaranlıq küncünü işıqlandırırdı. “Mən heç vaxt səndən əvvəl xoşbəxtliyin necə hiss olduğunu anlamamışdım,” deyirdi.

Amma həmin gün – ömrünün ən soyuq günlərindən biri – o dəyişdi. Sadəcə getdi. Nə səbəb dedi, nə də ümid buraxdı. Hər şey birdən-birə uçuruma çevrildi.

“Sən çəkildin…” deyə düşündü. “Sanki bütün həyatım boynuma dolanmış kəndir idi və sən o kəndiri çəkib məni asılmaqdan qoruyurdun. Amma indi… mən boşluğa düşmüşəm.”

  Gecələr güzgü qarşısında dayanıb öz əksinə baxardı. Sakitcə soruşardı:

– Sən nə vaxt belə məhv oldun?

Güzgü susardı. Amma o, içindən bir cavab eşidərdi:

– O məni tərk edəndə. Mən onun tutalğasına bağlı idim. İndi isə yıxılmışam.

Hər gecə bu dialoq təkrar olunurdu. Əksinə, nifrət edirdi, amma ondan qaça bilmirdi. Güzgü onun həqiqətini göstərirdi: diri bədənində ölü bir ruh gəzirdi.

Bir gün daha dərin bir səs beynində səsləndi:

– O səni qurtardı, amma sən qurtuluşunu onun üzərinə yüklədin. Bəs özün nə vaxt özünü qurtaracaqsan?

Bu sual onun sakitliyini pozdu. Hər şeydən əvvəl insanın özünə xilaskar olmalı olduğunu başa düşməyə başladı.

 

Aylar sonra onunla təsadüfən rastlaşdı. Parkda idi, əlində kitab tutmuşdu. Yenə eyni idi – sanki zaman onu dəyişməmişdi. Amma fərqli bir şey də vardı – gözləri ona əvvəlki kimi baxmırdı. Sanki onların arasında keçmişdən bir divar tikilmişdi.

Ona yaxınlaşdı, amma sanki dili bağlanmışdı. Yalnız bir cümlə deyə bildi:

– Sən getdin… Amma mən burdayam. Bu dəfə sənə bağlanmadan dayanmaq istəyirəm.

O, bir anlıq dayandı, başını aşağı saldı və uzaqlaşdı. Göz yaşları boğazına dolmuşdu, amma ağlamadı. Çünki bu dəfə özü ilə mübarizə aparmağa qərarlı idi.

Bu qarşılaşmadan sonra o, özünü daha çox araşdırmağa başladı. Hər dəfə güzgü qarşısında dayanıb öz-özünə deyirdi:

– Mən artıq sənin çəkildiyin yerdə yoxam. Mən özümün dayağıyam.

Zamanla içindəki qaranlıq yox olmağa başladı. İnsan yalnız başqalarına bağlı qalmayanda azad ola bilərdi. Onun öyrəndiyi ən böyük dərs bu idi: “Həyat səni çökdürsə də, yenidən qalxmaq yalnız sənin əlindədir.”

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

                              

                                          

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda  yaşayan Kamil Qəhrəmanoğludur.

 

 

Kamil Qəhrəmanoğlu

Xiyav

 

 

ŞİŞİB ƏLLƏRİM...

 

Əllərim şişib gecənin gəbərilmiş qarnında

Boyasını udan saniyələr

Çirkinə uzanan meymunlar və...

Xiyabanlar çölə tökülür içimdən

İçimdən tökülür çölə xiyabanlar

Çölə içimdən xiyabanlar tökülür

Tökülür xiyabanlar içimdən çölə

Arıq düşüncələrdi qaçır arxam kobudluğunda

Küçələr köçürlər ayaqlarımdan

Köçürlər

Tüpürcəklərin gəmirəcəkli əllərini

Şişib əllərim..

Qabığını yemiş ilanlar

Yarpızlı günlərini qışqırır

Zeytun gözlü qızcığazlara

Yuxu görürəm ulus adlarını

Adları at olur

Atları zaman

Ağızları açıla qalır ölülər kimi

Sübh yağışının paralel küləklərində

Başmağım yel misralarına sürgün düşərkən

Asılır Kirpiklərimdən hörümcəklər

Bir yanım

Günəşin qaranlıq quyusudu

Bir yanım

Bir planetin yanmış tərəfidi

İstəyirəm çimişəm gözlərində

Niyə səsimə hamilədi əllərin?

Niyə cəhənnəmin yolağı otağımdandır

Və niyə gecə,

Gövdə divarımdan qalxır göyləri

Və qaçır gündüzlər barmağımın ucalığından

Burası aynalar dolub adamlardan

Adamlardan dolub aynalar burası

Aynalar burası adamlardan dolub

Dolub adamlardan burası aynalar...

Şişib əllərim...

Bura ağrı hava limanıdı

Boş verin məni

Ovcumun yarasında bir ah vardı qabarcasına

Tanrı qucumda

Söyüd kolunda yatıram çox günlər

Hamı söyüdlərin xərçəngi var

Cumanın saat doqquzunu çəkirəm üstümə

Və ayın çılpaqcasına kəsilmiş başını.

 

Sözcüklər yüngüllüyünü salıb üstümə

Və bir şəklin

Düyməsidir boğazımda maşın sürür

Boğazım dünyanın ikinci savaşıdır

Birinci Hitleri

Üçüncü Stalini

Boğazımdan sürünür tanklar

Və qollarımda məzar qazır Mussolini

Fransizin Gigi qızları.

 

Addımlayır yuxularım məni

Yol gedir biri qafamda

Yollar dustağıyam

Bu yollar uşaqlarını yeyirlər

Soyuq dəymiş yuxularıma, Aaaf...

 

Şişib əllərim...

Əllərim şişib gecənin gəbərilmiş qarnında.

  

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

 

Çərşənbə, 15 Yanvar 2025 17:05

PA - Uğur üçün 15 keyfiyyət – Peşəkarlıq

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

 

9) Peşəkarlıq.

Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.

Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.

Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.

Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

“ Mən düşünürəmsə, deməli, mən varam” meyarı artıq insanı müəyyənləşdirmək üçün yetərli deyil. Bu gün meyar budur: Mən təəccüblənirəmsə, deməli, mən varam!

2.

Allah özü bilməyənləri bilənlərin qəzəbindən qorusun.

3.

Vaxtilə “Qoşma” verlişində Ənvər Məmmədxanlıya verdiyim sual və onun bu suala cavabı:

- Ənvər müəllim, Siz və Sizin nəslə mənsub sənətkarlar bugünkü ədəbiyyatın yaranması üçün o uzaq illərdə bacardığınız, mümkün olan hər şeyimi etdi, yoxsa bugünkü ədəbiyyatımızın daha məzmunlu, daha sağlam olması üçün hələ o zaman nəsə eləmək mümkün idi?

- Daha nə isə eləmək mümkün idi. Təəssüf ki, çox zaman biz özümüz özümüzə mane olduq, bizim gücümüzün çoxu bir-birimizlə mübarizəyə sərf olundu...

4.

“ Həyat bizi ayırsa da, Ölüm bizi birləşdirər.”

5.

Məmməd Araz: “Dünya sənin, dünya mənim, dünya heç kimin...”

 Bir misranın uzunluğuna əvvəli və axırı yerləşdirmək mümkün imiş.

 “Dünya mənim!” deyə kim öz yolunun əvvəlində bağırmadı?!

 Və yolun sonuna gəlib çatandan sonra bütün bağıranlar yavaşca köks ötürdü: “dünya heç kimin...”

6.

Nyuton: “Mən uzaqları onun üçün görə bildim ki, nəhənglərin çiyninə çıxmışdım.”

7.

Fiziklər və liriklər bir-birilə ancaq zarafat etməməlidirlər. Onlar bir-birilə dostluq və nəhayət, ciddi söhbət etməlidirlər.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Bu günlərdə istəmədən bir neçə gəncin söhbətinə qulaq şahidi oldum. Söhbətin mövzusu mərdlik və qəhrəmanlıq idi. Çox ağıllı fikirlər söyləyirdilər. Söhbət əsnasında onlardan biri ayrılıb gedərkən  zarafatla dedi: “Atalar deyib ki, igidlik ondur – doqquzu qaçmaq, biri isə heç gözə görünməməkdir”. Nədənsə bu ifadə diqqətimi daha çox cəlb etdi.  Görəsən, xalq qəhrəmanımız bu sözləri hansı mənada deyib?

        

Kiçicik bir araşdırma apardım. Öz mülahizələrimə və tədqiqatçılarımızın fikirlərinə istinadən İgidlik ondur-doqquzu qaçmaqdır, biri heç gözə görünməmək" ifadəsi barədə doğru hesab etdiklərimi sizlərin də nəzərinə çatdırmaq istərdim.

Əvvələn, bu ifadə, gəncin dediyi kimi, atalar sözü tək işlənsə də, saf atalar sözü deyil, ən azından konkret müəllifi vardır. Məlum dastanın baş qəhrəmanı olan Koroğlunun düşünülmüş şəkildə dediyi sözlərdir. Bəziləri qəhrəmanın  həmin ifadəni  zarafatla, istehza ilə dediyini söyləyirlər. Unutmayaq ki, sözün düzünü elə zarafatla deyərlər.

Eposun məzmunundan məlum olur ki, can qurtarmaq üçün meydandan  qaçmağı qəbul etmir Koroğlu. Belə düşünənlərə və hərəkət edənlərə istehza edir. Məsələn, dastanın “Qars səfəri” qolunda dəlilər minarənin qapısını açırlar, Koroğlu bayıra çıxır. Qars paşasını nə qədər axtarırsa tapa bilmir. Deyir ki, “Eybi yoxdu. Bu da bir cür igidlikdir. Bu cür adamların igidliyi ondur, doqquzu qaçmaqdı, biri heç gözə görünməmək”. Həmin epizoda istinadən tədqiqatçı İ.Sadiq “Azərbaycan “Koroğlu” eposu (I kitab)” əsərində göstərir ki, bu ifadədə əslində “paşaların qorxaqlığı, cəsarətsizliyi, ürəksizliyi öz ifadəsini tapmışdır, yəni bu atalar sözü ilkin variantda onların qorxaqlığını ifadə etmək üçün işlədilmiş, sonralar atalar sözünə çevrilmişdir. Axı Koroğlu paşanın qaçmağını da igidlik sayır”. Amma burdakı sözlər həqiqi mənada yox, ironiya ilə deyilib. Çünki  Koroğlunun öz qoşmasında dediyi kimi, “Mərd dayanar, namərd qaçar”. Bir də unutmayaq ki, belə paremiyalarda bədii niyyətin çevik qavrayışına xidmət edən məcazilik olur, onlar işlənmə məqamı və şəraitə uyğun olaraq fərqli məna kəsb edə bilirlər. Bu vahidlərə formal məntiq prinsipləri ilə yanaşmaq düzgün deyil. Ona görə ki, onların sırasında ironiya, hətta sarkazm…məzmunlu nümunələrə də rast gəlmək mümkündür.    

Öz qoşmasında “Bizim elin dəliləri, Girər meydana mərd olu, Ölüncə meydandan qaçmaz, Girəndə meydangərd olu”, - deyən Koroğlu kimi bir qəhrəmanın meydandan qaçmağı hünər sayması və hətta bunu təbliğ etməsi qətiyyən inandırıcı deyil. “Həmzənin Qıratı qaçırması” qolunda isə Koroğlu özü haqqında qətiyyətlə belə deyir: “Koroğluyam, qoç oğluyam, qoçam mən, Çətindi ki, mərd meydandan qaçam mən, Havada dövr edən tərlan quşam mən, Sarlar şikarımı ala qoymaram”. Saz havasında bunları oxuyan bir qəhrəman necə “İgidlik ondur-doqquzu qaçmaqdır, biri heç gözə görünməmək" ifadəsini həqiqi mənada söyləyər?!

Bizcə, bu ifadədə hərbi-siyasi çalar var, yəni hərbi taktikanın, döyüş fəndinin obrazlı ifadəsidir. Unutmaq lazım deyil ki, belə ifadələr hər şeydən əvvəl bədii düşüncə məhsuludur və məcazi obrazlar, rəmzi deyimlər hesabına formalaşır.

İfadədəki qaçmaq” bizim başa düşdüyümüz kimi, düşmən qarşısından qaçmaq yox, döyüşdə sürətli hərəkət etmək mənasındadır. “Gözəgörünməmək” isə görünməyən yerdə mövqe tutmaq və oradan hücum etmək mənasındadır. Dastanda işlənmiş “Çıxın qarınca tək dolun hər yandan” misrası da buna işarədir. Beləliklə, ifadədə Koroğlunun igidlik fəlsəfəsinin əsas müddəası öz əksini tapmış - modelləşdirilmişdir.

Tədqiqatçıların yekdil fikrincə, bu, bir fənd, feil, hiylə, siyasətdir, başqa sözlə, hərbi manevdir (aldadıcı hərəkətdir). Bu mənada Koroğlu müəyyən məqamda hərdən qaçmağı məqbul sayır. Bunu onun Dəmirçioğlunu Ərzuruma yola salarkən verdiyi məsləhət də sübut edir. Amma bu qaçmaq aradan çıxıb sadəcə can qurtarmaq kimi yox, düşmənlə vuruşmağın bir fəndi, yenidən geri dönməyə işarə kimi başa düşülməlidir. Koroğlu qoşmalarının birində işlənmiş “Mərd meydandan qaçmaz, qaçsa, aldadı” misrasındakı fikir də bunu sübut edir. “Qaçıb aldatmaq, düşməni çaşdırmaq” bir döyüş taktikasıdır. Həm hərbi güc, həm də düzgün fənd – hərbi strategiya və taktika (doqquzu fənd, biri zor”) Koroğlu qələbələrinin rəhnidir.   

Dastanın V.Xuluflu nəşrində Koroğlu belə səciyyələndirilir: “Koroğlu igid, qoçaq... olmaqla bərabər, həm də çox ağıllı və fəndgir bir adam imiş”. Ona görə də   “həmişə qalib gələrmiş”. Təsadüfi deyil ki, yaxın dostu Aşıq Cünun da Koroğlunu Məhbub xanıma belə nişan verir: “Bilmək olmaz onun min-min felini”. Cəfər paşaya isə aşıq öz qəhrəman dostunu belə tanıdır: ”Mərd meydandan qaçmayıbdı yaşında…”.    

M.Kazımoğlu özünün “Xalq gülüşünün poetikası” əsərində yazır: “Koroğlu bu fikirdədir ki, mərdin meydandan qaçması məhz düşməni aldatmaq üçündür. Bunu nəzərə alan K.Vəliyev yazır: “İgidlik ondur, doqquzu qaçmaq, biri heç gözə görünməmək, – deyimini Koroğlunun məhz trikster funksiyası və dönərgəlik qabiliyyəti ilə bağlamaq daha düzgündür”. M.Qıpçaqla birgə “Türk savaş sənəti” adlı kitab yazıb çap etdirmiş Ə.Əsgər isə Koroğlunun meydandan qaçmağını türk savaş sənətinin hücum və geriyə çəkilmə taktikasının (aypara taktikası və ya Turan türk taktikasını yada salın-İ.V.) tərkib hissəsi adlandırır. Meydandan qaçmağın bir fənd-fel olduğunu igidliklə bağlı məşhur Koroğlu deyiminin başqa variantları da təsdiq edir. Paris nüsxəsində həmin deyim bu variantdadır: “İgidlik altıdı, beşi hiylədi, biri isə zor”. (Bir başqa mənbədə isə oxuyuruq: “İgidlik ondur: biri zordur, doqquzu fənd”-İ.V.) Deyimin Koroğlu dilindən, onun öz fikri kimi verilən bu variantı bir daha göstərir ki, meydandan qaçmaq Koroğludan ötrü hiylə (fənd) işlətməyin bir üsuludur”. Və düşünülmüş hərbi taktikadır. Yüksək sərkərdəlik qabiliyyətinin ifadəsidir. Qələbəni təmin edən üsullardan biridir.

Unutmayaq ki, bu cür ifadələrdə uluların bizə çatdırmaq istədikləri mənanı tapmaq o qədər də asan olmur. Bunun üçün “mənanı daha dərindən başa düşmək bacarığına sahib olmaq” əsas şərtdir. İfadələrin “məğzində, mayasında hifz edilən dərin mənanı, müdrik fikri tam anlamaq, dərk etmək üçün insana, doğrudan da, müəyyən bir düşüncə potensialı, mütaliə səriştəsi tələb olunur”. Araşdırmaçılar Honek və Templin fərziyyələrinə görə, belə ifadələrin qavranılması müxtəlif mərhələlərdə baş verir. İlk öncə, eşidilən ifadənin ilkin mənası, daha sonra isə onun ifadə etdiyi əsas məna başa düşülür. 

Gəlin, əvvəlcə tələsmədən belə ifadələrin ilkin yox, əsas mənalarını başa düşməyə çalışaq, sonra onların “defektli” olub-olmaması barədə fikir söyləyək. Yoxsa, ifadənin ilkin mənası fikrimizi çaşdırıb, bizi yanlış səmtə yönəldə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

 

 

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və İncəsənət” portalı ilə birgə “Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsi təqdim edilir.

Bu dəfə sizə Saxa Yakutiya Respublikasının xalq şairi, Saxa Yakutiya Respublikası Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri, Türk dünyasının tanınmış qadın şairi, Azərbaycan ədəbiyyatının yaxın dostu Natalya Ivanovna Xarlampyevanın yaradıcılıq nümunəsi təqdim ediləcək.

Dünyanın müxtəlif ölkələrindən dövlət mükafatları ilə təltif olunan, çoxlu şeirin, publisistik və tarixi əsərlərin müəlli olan Natalya Xarlampyeva  xalqların ədəbiyyatlarının yaxınlaşması, insanlar arasında ruhi bağlılığın yaranması üçün böyük işlər görüb.

Şeiri yakut dilindən rus dilinə Vyaçeslav Kupiryanov çevirib, mənsə rus dilindən dilimizə çevirmişəm.

 


Analar anası Anam Asiya

                (Dua)


Mənim damarımda qaynayan qanda

səsi-nəfəsi var babalarımın.

Baxıram göylərin ənginliyinə,

Yanan ulduzların işartısında

Əzəli-sonu var ulularımın.

Şimal soyuğunda, sazaqlarında

Donmadı, ölmədi köçəri ruhum.

Könlümdə qanadlı atlar oyandı

Tutum yəhərindən, öpüm alnından,

Çöllərdə, dağlarda çapdıqca çapım.

Arzumu, sevgimi, kədərlərimi,

Tarix yazmış qara qədərlərimi

Götürüm çiynimə, alıb qoynuma,

Sənə demək üçün mübhəm sirrləri,

Çaparaq o atı yanına gəlim,

Analar anası anam Asiya.

 

Sənin çöllərindən, çəmənlərindən,

Sənin yollarından, dənizlərindən

Gör neçə tayfalar, xalqlar keçiblər,

Bəzən güclülər də gücün itirib,

Bəzən xoşbəxtləri də bədbəxt ediblər.

Mən sənə küsmürəm, ancaq de görüm,

Bir  ögey ana tək

Sən bizi özündən ayırdın neyçün?

Bizi tikanlığa atdın, unutdun,

Bizə qarşı niyə daşürək oldun?!

Cənub səltənətdə, isti çöllərdə,

Bizə yurd vermədin, yuva vermədin.

Başımızı qara bulud alanda,

Bizi tufanlardan, zəlzələrdən,

Niyə gizləmədin, niyə sevmədin?!

Yenə incimədik, biz səndən Ana,

Yaxşı ki, bu qədər əzab içində,

Ürəyimiz qaldı, ruhumuz qaldı,

O daş yaddaşımız unudulmadı.

Soyuqlar yaşamaq öyrətdi bizə,

Bərkidik tufanda, şaxta, boranda.

Qarlı dağlar aşdıq, keçilməz yollar,

Qalın meşələrdən, düzlərdən keçdik...

Səni görmək üçün yola düzələndik.

Kimdisə bilmədik... ağır günlərdə,

Səsi, nəfəsiylə bizi qorudu...

O səsin, nəfəsin dalınca düşüb,

Bir çay sahilinə yetişib gəldik...

O çay da ölməyə qoymadı bizi,

Sonra da bu yurdun qışına düşdük,

Ölənimiz öldü, qalanımızsa,

Qışla qardaş oldu, soyuğu sevdi.

Çünki ruhumuzu qırammadı qış,

O isti çöllərin istiliyindən,

Soyuğa, borana, qışa da verdik.

Bu soyuq Şimalda, soyuq çöllərdə

Bizi könlümüzdə inam yaşatdı.

Biz belə yaşadıq, belə dirildik,

Analar anası, Anam Asiya!

 

Qapını döyməyə cürət etmişəm,

O sopsoyuq yurddan bura gəlmişəm,

Qovma öz balanı qapıdan daha,

Ay Anam gəl batma belə günaha.

Gəlmişəm dərdimi söyləyim sənə,

Yuxumda gördüyüm həqiqətləri,

Bir də bildiyimi söyləyim sənə...

Başımı dizinin üstünə qoysam,

Bir də gözlərimi yumub dincəlsəm,

Oyatma sən şirin yuxudan məni,

Qıyma ki, pozulsun qədim yaddaşım,

Mənə atalardan, həm babalardan,

Bir də  nənələrdən danış nə olar....

Məni keçmişimdən məhrum eləmə,

Mənim yaddaşımı qaytar özümə,

Qaytar ki, bir az da güvənim artsın,

Qaytar ki, kədərim-dərdim azalsın.

Mən sənin doğmaca qədim türklərdən

Törəyən qızıyam Yakutiyanın.

 Anam! Dur məni qucaqla, qollarını aç,

De ki, itirdiyim qızım gəlibdir.

Ən qədim türklərin yolunu tutan,

Yolunu qoruyan, quzum gəlibdir.

Mənə alqış eylə, xeyir-dua ver,

Qapından əliboş qaytarma ana

Analar anası, Anam Asiya!

 

Yenə bir süfrə aç, bir ocaq qala,

Yenə yığ başına övladlarını,

Bilirəm, qovağlı olub illərin

ötən əsirlərin, qərinələrin

İçindən nə qədər tufanlar keçib.

Cənub çöllərində oğullarının

Qanına bulaşıb əllərin sənin,

Sinənə övladlar dağı çəkilib,

At belindən düşən oğul dərdidir

Üzünü bəzəyən o qırışların...

Lakin Boz çöllərdə, isti çöllərdə,

Sənin torpağından, suyundan içən

Cəngavər-qeyrətli oğul-qızların

Tayfanın, boyların sayın artırıb,

Biri azalanda, biri çoxalıb...

Bizi də o azlar sırasına qat,

Bizdən ülfətini azaltma, Ana.

Bir süfrə başında, ocaq başında

Dili dilimizə yaxin olanın,

Yanında otuzdur, danışa bilək.

Ruhu ruhumuza yaxın olanın,

Əlindən bir bardaq su alıb içək.

Yenə bir süfrə aç, bir ocaq qala,

Yenə başına yığ övladlarını,

O süfrə başında, ocaq başında

Bacı-qardaşlarım bilsin ki varam,

Bilsin ki, Saxadan durub gəlmişəm.

Mənə mehrlə bax, məhəbbətlə bax,

Mehrindən damarda qanım oynasın,

Ürəyim titrəyib köksümdən çıxsın,

Ağlaya-ağlaya əlindən öpüb,

Deyim ki, saçımı tumarla ana.

Bizi ögey sayma, bizi doğma bil,

Bizi törəmizdən ayırma Ana!

Analar anası, Anam Asiya!

 

Baxma mənə elə donuq gözlərlə,

Mən sənin qanınam, canınam axı.

Mən sənin ovcunda bəslənmiş balan,

Mən sənin tarixin, yazınam axı.

Mən ürəyi açıq bir uranxayam,

Fikirli dolanıb qəmli gəzmişəm.

Köhlən at belindən yerə enməyən,

Yurdunu  axtaran köçəriyəm mən.

Qəzəbi, ağrını içində boğub,

Düşməni kinin içində boğub,

Mərhəmət umana əl uzatmışam.

Sən də əlini ver, öpüm əlindən,

Analar anası, Anam Asiya!


Yenə qoynuna al, qucaqla məni,

Yenə layla oxu, xeyir-dua ver!

Yenə də gülümsə gözümə Ana,

Gül ki, gözlərində Günəş parlasın,

Gül ki, Saxa yurdu unudulmasın.

Analar anası, Anam Asiya!

 

Diz çöküb qarşında dua edirəm,

Məni rədd eləmə, məni yad sayma

Sənə  öyrəşdiyim doğma dilimdə

Türkün ilk danışıq, layla dilində

Moğol anaların əzəmətiylə
Yakut nənələrin nəğməsi ilə

Yalvarıram, ana, sonsuza qədər...

Tumarla saçımı, qucaqla məni,

Analar anası, Anam Asiya!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

Varis, “Ədəbiyyat və incəsənət”

 

Bu gün yəhudi şeirinin görkəmli nümayəndəsi, Rusiyada yaşayıb yaratdığı üçün adı Rusiya poeziyasına pərçimlənmiş Osip Mendelştamın doğum günüdür.

 

Rus poeziyasında xüsusi yeri və çəkisi olan iki şairi – Osip Mendelştamla İosif Brodskini bir çox şeylər birləşdirir, o cümlədən yəhudilik.

Ən əsası isə 60 ildən sonra birincinin nisbətən sadə həyat fəlsəfəsi ikinci tərəfindən nisbətən mürəkkəb şəkildə inkişaf etdirilib.

 

Soyuq, fənərlərin verdiyi azacıq işığin darıxdırıcı qaranlığı...

Yeni il küknarlarını bəzəyən oyuncaq canavarlar...

ölü kətanı xatırladan səma...

ətrafdakı yad və laqeyd insanlar toplusu...

həyatdan öldürücü dərəcədə yorulmaq...

və şirin həblər udmaq təsəllisi...

 

Osip Mendelştamın poetik dünyasının rəngləridir bunlar.

 

Tutqun payız və qış mənzərələrinin daimi növbələşməsi...

işığa, hərarətə olan həsrət...

çiçəyin üstünün tozu anlamında insanın çiyninin ağırlığı...

küləkdən, nəmişlikdən və donmuş dənizin əksindən ibarət natürmort...

 ərzaq növbəsinə dayanmış qəzəbli və ac insanlar...

axının əksinə getmək istəyən su damlası...

 

Bunlar isə İosif Brodskinin poetik gəlişmələrinin ünvanlarıdır.

 

Və hər ikisinin daxili üsyanı, harayı, sonra pıçıltıları və son anda susmaları da var.

Silentium!!!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.