Bəkirova Mehparə,
Oğuz Rayon Mərkəzi Kitabxanasınıninformasiya resurs şöbəsinin müdiri. “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan torpağı həmişə igidlər diyarı, qəhrəmanlar oylağı olmuşdur. Ta qədimdən ulu babalarımız torpaqlarımızı yadelli işğalçılardan qorumuş, vətən torpağı uğrunda minlərlə, milyonlarla insanın qanı tökülmüş fədakarlıqlar etmişlər. Bu gün ulu sərkərdələrimizin Cavanşirin, Babəkin yolunu davam etdirən mərd oğullarımız var. Onlar Vətən müharibəsi zamanı torpaqlarımızın düşmən tapdağından təmizlənməsi uğrunda Qarabağda erməni faşistlərinə qarşı amansız döyüşlərdə qələbə çalaraq xalqımıza qələbə sevincini yaşatmışlar. Xalqımızin qəhrəmanlıq tarixinə yeni bir səhifə yazmışlar.
Zəfər Günü ərəfəsində bu parlaq qələbənin qazanılmasında ölkəmizin minlərlə övladının payı olduğu kimi, Oğuz gənclərinin də yeri xüsusi olaraq görünür. Belə vətənpərvər qəhrəmanlardan biri haqqında yazmaq istəyirəm. Ramin Bayraməli oğlu Şabanov haqqında
O,1984-cü ildə Oğuz şəhərində sadə bir ailədə dünyaya göz açıb. Ailədə iki qardaş bir bacı olublar.Anası Təranə xanım, atası Bayraməli sadə insanlardır. 1990-cı ildə Oğuz şəhər E.Abdullayev adına 2 saylı məktəbin birinci sinfinə gedib. Məktəbdə oxuduğu illərdə Hərbi idman oyunlarında “Şahinlər” də bayraqdar kimi iştirak etməklə komandasını da həmişə qalib etməyi bacarıb. Məktəbi başa vurduqdan sonra 18 yaşı tamam olanda həqiqi hərbi xidmətə yollanıb. Bir il xidmət etdikdən sonra, xüsusi kurslara göndərilir. Əsgərlik xidmətini çavuş kimi başa çatdırır. Həmin vaxtdan da XTQ-də işə başlayır. Döyüş texnikasına daha dərindən yiyələnməkdən ötrü xüsusi kurslara, təlimlərə göndərilir. Xüsusi səy və bacarıqla bütün təlim və kursları keçdikdən sonra ilk dəfə 2006- cı ildə xüsusi tapşırıqla əməliyyata göndərilir. Həmin əməliyyatdan uğurla qayıtdıqdan sonra bu cür tapşırıqların sayı hesabı da artır. Dəfələrə düşmənə ağır zərbələr endirilir. Düşməni daim təzyiq altında saxlamaq, işğalçılıq faktı ilə heç vaxt barışmayacağımızı tez-tez xatırlatmaq lazım gəlirdi. Bütün bu əməliyyatlarda eloğlumuz Ramin döyüş yoldaşları ilə birgə düşməni daim qorxu altında qalmasına nail olur, tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir. Raminin simasında bütün əsgər və zabitlərimiz uzun müddətli sülh danışıqlarının faydası olmayacağı təqdirdə döyüşlərə, müharibəyə tam hazır vəziyyətə gətirilirdi.Hər bir əsgərin, döyüşçümüzün qəlbi vətən eşqi ilə döyünür. Onlar hamısı vətənə sevdalıdırlar.
2016-cı ildə baş verən Aprel döyüşlərində Raminın döyüş yoldaşları ilə birgə Talış kəndinin işğalçılardan təmizlənməsində böyük rolu olur. Məhz bu qələbədən sönra Ramin Bordo bereli adını qazanır. Müdafiə Nazirliyinin mükafatlarına və dəfələrlə “Qüsursuz Xidmətlərə görə” medal və döş nişanları ilə təltif edilmişdir.
Aprel hadisələri göstərir ki, müharibə qaçınılmazdır. 2020-ci ilin iyul hadısələri isə düşmən təxribatının pik həddi olur. 27 sentyabrda İkinci Qarabağ müharibəsinin başlanmasına rəvac verən son damla olur.Vətən müharibəsinin başlanması ölkəmizdə sevinclə qarşılanır. Xalq işğalçıların bir anda qovulmasını səbrsizliklə gözləyir və mühüm prosesdə gözünü qırpmadan hamı iştirak etmək istəyir. Müharibə ərzində ən çətin və şərəfli missiya əsgərlərimizin üzərinə düşür. Onların vətən eşqi ilə dolu ürəkləri zəfərdən zəfərə səsləyir.
Vətən müharibəsinin başladığı ilk gündən təyin olunmuş mövqelərdə, Kəlbəcər, Murov dağ iistiqamətində Ramin öz döyüş yoldaşları ilə birgə hərəkət edərək, Ömər zirvəsinin, Canavar sağ qulaq, Canavar sol qulaq yüksəkliklərini düşməndən təmizləyərək, bayrağımızın dalğalanmasına nail olur. Sonra istiqamət dəyişdirilərək General Leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə Cəbrayıl uğrunda döyüşlər aparılmış, düşməndən təmizlənmişdir.İşğalçıların torpaqlarımızdan təmizlənməsində xüsusi xidmətləri olan Ramin qürur hissi ilə şanlı bayrağımızı Cəbrayılda dalğalandırmağa nail olur. Daha sonra Hadrut, Füzuli, Azıx mağarası, Qırmızı Bazar ərazilərində gedən müharibədə həmyerlimiz ağlagəlməz qəhrəmanlıqlar göstərmişdir. Qəhrəmanımızın söylədiklərinə görə Qırmızı Bazar ərazisində qanlı, şiddətli döyüşlər olur.Ancaq düşməni məhv etmək, torpaqlarımızı işğaldan azad etmək arzusu, vətən eşqi yenə də qalib gəlir.Azad edilmiş torpaqlarımızda şanlı üçrəngli bayrağımızı dalğalandırırlar. Sonrakı istiqamət Şuşa olmuşdur. Şuşaya çatana kimi əsgərlərimiz dayanmadan, istirahət etmədən, yatmadan, dincəlmədən hərəkət edirlər. Çiyinlərində olan çantada ancaq zəruri ehtiyaclar; su, bir parça çörək və hərbi sursat, 40 kq ağırlığında yüklə keçılməz kolluqlar, ağaclar, dərə-təpəli yollar.Və düşmənin gözündən yayınmaq üçün ən çox gecə qaranlığında hərəkət.Şuşa ilə bağlı verilən tapşırıqda mümkün qədər sakit və səssiz Qala divarlarına çatmaq lazım idi. Lakin düşmənin ağır artilleriyadan atdığı mərmilər bəzən hədəfə də dəyirdi. Şuşa uğrunda gedən döyüşlərdə ayın 5-də düşmən mərmisinin düşməsi nəticəsində Ramin sağ ayağından yaralanır. Yaralansada irəliyə doğru hərəkət edir. Ancaq 2-3 saatdan sonra ayağından aldığı yaranı bağlamağa imkan yaranır. Həmin mərmidən döyüş yoldaşlarından bir neçəsi şəhid olur. Yaralı vəziyyətdə bir sutkadan çox vaxt ərzində əməliyyatlardan geridə qalmır. Şuşanın qala divarlarının yaxınlığında ala qapı deyilən yerdə, diklə qalxan zaman yenidən yanlarında partlayan mina nəticəsində xeyli şəhid və yaralıların olmasına səbəb olur. Ramin özü yaralı olsa da snayper gülləsindən ayağı qırılan döyüş yoldaşı Çingizi sərt mövqedən uzaqlaşdıra bilir. Lakin Ramin özü də kəllə - beyin travması alır və eşitmə orqanları güclü zədələnir. Artıq komandiri onu bu vəziyyətdə döyüşməməsini bildirərək, israrla təxliyyə olunduğunu bildirir. Təxliyyə qrupu ilə birgə 15 km yolu Hadruta qədər çomağa söykənərək, təxliyyəçinin dəstəyi ilə sanitar qovşağına gəlir. Burada yaralarına sarğı qoyulur. Şuşanın alınması xəbərini də burada eşidir. Sonra Füzulidəki Hospitala aparılır.Azərbaycan ordusunun dünya döyüş tarixində görünməmiş rəşadəti, misli görülməmiş qəhrəmanlığı sayəsində Qələbə xəbəri ilə yanaşı onu çox üzən bir xəbər də alır. Ailəli dostluq etdiyi, can yoldaşı, döyüşçü dostu Mehrab Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.Ramin döyüşdə olduğu zaman özü ilə bərabər döyüş yoldaşlarını da həmişə düşmən güllələrindən qorumağa çalışırdı. Özünün dediyinə görə: ...Mehrabla həmişə bir yerdə idik. Onunla ailəvi gediş-gəlişimiz mehriban dostluq münasibətimiz vardı. Döyüş zamanı həmişə özümlə bərabər döyüş yoldaşlarımı, xüsusən də Mehrabı qorumağa çalışırdım. Mən yaralandım, təkidlə məni tərxis etdilər. Mehrabın şəhid olması xəbərini eşitdim. Çox üzüldüm.Mən orda olsaydım bəlkə də Mehrabı qurtarardım. Qoruya bilmədim Mehrabı çox təəssüf...Həmyerlimiz müharibə dövründə də vətən torpaqlarımızın düşməndən təmizlənməsində fəallıq göstərir. Yüzdən çox erməni zabit və əsgərini məhv edir. Prezidentimizin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayıl”ın , “ Kəlbəcər”in , “ Xocavənd” in alınmasına və “Şuşa” nın azad olunmasına görə medalları ilə təltif olunub.
Ramin xeyli vaxt müalicə aldıqdan sonra, qismən səhhəti bərpa olunan kimi yenidən işinə qayıdır. Qəlbində Vətən sevdası olan mərd, qorxubilməz həmyerlimizə çətin və şərəfli işində uğurlar arzulayırıq.
Raminin simasında bütün yaralılarımıza Allahdan şəfa, şəhidlərimizə rəhmət diləyirik. Sizin qanınızın bahasına biz qələbə sevincini yaşadıq.Vətəni hər şeydən uca tutub, evi ailəni, ana-atanı düşünmədiniz.Sizin qəlbinizdə vətən eşqinin alovu , itirilmiş torpaqlarımızın, sınmış qürurumuzun, şəhid qanı qarışmış torpaqlarımızın harayı zəfərdən zəfərə səslədi. Sizlərlə fəxr edirik, yurdumuzun qorxubilməz, mərd övladları.Qəhrəmanlar heç vaxt unudulmur.Dövlətimiz və xalqımız ana vətənin azadlığı, müqəddəs torpaqlarımızın şərəfi yolunda canını qurban verənləri həmişə uca tutur, şəhidlərimizin əziz xatirəsini şərəf və qeyrət nümunəsi kimi daim qəlbimizdə saxlayır.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)


