İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İndisizə çoxunikalbir şəxsbarədə danışacağam. Onun kino, xüsusən sənədli kino tariximizdə müstəsna xidmətləri vardır. Daha çox təşkilatçı, rəhbər kimi kinomuza fayda veribdir. Adətən rejissor və aktyorlar daha çox tanınır, amma bu cür şəxsiyyətlərin də adlarını ehtiramla çəkməyə borcluyuq.
Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olub. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedib. Orada da bir sıra filmlərin çəklişində iştirak edib. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır.
1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynayıb. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayıb. Eyni zamanda tamaşalarda kiçik rollar oynayıb.
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlib. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edib. Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönüb, kinostudiyada operator işinə qayıdıb.
Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutub. Əksər filmlərində həm də ssenari müəllifi kimi çıxış edib. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilib.
Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə alıb. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilib. Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. "Sovet Azərbaycanı", "Sovet Azərbaycanının 50 illiyi", "Arazın o tayında", "Sabir", "Kür", "Səadət yolu ilə" və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
Quruluşçu rejissor kimi isə debütü "Qanun naminə" bədii filmi olub. Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazıb. Muxtar Dadaşovun "Bakıda küləklər əsir" filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə "Bakı döyüşür" adlı sənədli film çəkib.
O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. "Nəriman Nərimanov" sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb. Sonra həmin kadrları filmdə canlandırıb.
50 ildən çox kinoya xidmət edib. Muxtar Dadaşov 1977–1983-cü illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb.
Operator assistenti kimi
- 26 komissar (film, 1932)
- Köçərilər (film, 1933)
Operator kimi
- Lökbatan (film, 1933)
- Neft simfoniyası (film, 1933)
- Rəqs edən bağalar (film, 1935)
- Ordenli Azərbaycan (film, 1938)
- Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939)
Rejissor kimi
- Samur-Dəvəçi kanalı (film, 1940)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
- Bakı döyüşür (film, 1944)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)
- Axşam konserti (film, 1948)
Ssenari müəllifi kimi
- Samur-Dəvəçi kanalı (film, 1940)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
- Bakı döyüşür (film, 1944)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)
İkinci operator kimi
- Sualtı qayıq "T-9" (film, 1943)
Haqqında çəkilən film
- Zirvəyə gedən yol. Muxtar Dadaşov (film, 2016)
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 dekabr 1976
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
3. Azərbaycan SSR Dövlət mükafatı — 1980 ("L. İ. Brejnev Bakıda" filminə görə)
4. "Şöhrət" ordeni
5. Azərbaycan Respublikasının Fəxri fərmanı — 18 sentyabr 1993
6. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 22 fevral 1998-ci ildən
7. "Sovet Azərbaycanı" sənədli filminə görə Kannda keçirilən beynəlxalq kinofestivalda xüsusi mükafat — 1951
8. "Səadət yolu ilə" filminə görə ÜİKTS-in Qızıl medalı — 1956
9. "Nəriman Nərimanov" filminə görə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-67" zona kinofestivalında tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə film "Veçerniy Tbilisi" qəzetinin prizi — 1967
Muxtar Dadaşov 7 may 1998-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.05.2026)


