Super User
Mənalı bir ömrün salnaməsi
Aygül Bağırova,
“Qalib Sərkərdənin Zərif Gücü – Mehriban Əliyeva” kitabının müəllifi. “Ədəbiyyat və incəsənət” üçün.
Bir il öncə elə bu tarixdə qardaş Özbəkistanın qədim və doğma ruhlu Daşkənd şəhərində “Qalib Sərkərdənin Zərif Gücü – Mehriban Əliyeva” adlı kitabımın təqdimat mərasimi keçirilmişdi. O gün həyatımda heç vaxt unuda bilməyəcəyim bir zirvə idi və həmin günü sözün əsl mənasında ruhuma həkk olunan günlərindən biri olaraq xatırlayıram.
Mehriban xanım Əliyeva haqqında kitab yazmaq düşüncəsinə gəldiyim ilk gündən öz içimdə bir qərarımı möhkəmləndirdim: mən bu kitabın hər cümləsini yaşamalıydım. Mehriban xanımın şəxsində gördüyüm gücü, sədaqəti, vəfası, dövlətə və xalqa sonsuz xidmətini yalnız cümləylə bərabər, könlümə də həkk etdim.Axı Mehriban xanım haqqında yazmaq təkcə bir bioqrafiyanı yox, bir millətin yaddaşını, bir xalqın mərhəmətə olan inamını, bir dövlətin qürurunu yazmaqdır. Kitabımın hər səhifəsini tamamladıqca sanki birinci xanımın portretini çəkirdim-xalqın ürəyindən keçən minlərlə təşəkkürü, minlərlə duaların səsini, bir qadının dövlətə necə nəfəs olduğunu, necə şəfqətlə yol göstərdiyini, necə səssiz gücə çevrildiyini yazdım. Mehriban xanım barədə yazmaq bir şəxsiyyət portretini yaratmaqla yanaşı, həm də dövlətçilik fəlsəfəsinin, milli təfəkkürün, Azərbaycan qadınının dəyərlər sistemindəki möhtəşəm yerinin bədii və publisistik təqdimatıdır. Və mən bu yazı missiyasını bir övlad və bir vətəndaş məsuliyyəti kimi yaşayırdım. Kitabın səhifələri arasında qələmimlə çəkdiyim portret birinci xanım obrazı ilə bərabər millətinə analıq edən bir qadının, xalqın ağrısını ürəyindən keçirən bir şəxsiyyətin, dövlət siyasətinə zərif ruhuyla qatılan bir liderin ömür yolu vardı. Mehriban xanımın həyat salnaməsində Azərbaycanın son illərdəki bütün qələbələrinin, bütün yüksəlişlərinin, bütün xoşbəxt sabahlarının əksi görünür.
Və indi bir il sonra, eyni tarixdə, yenə də bu müqəddəs ada, bu ucalıq timsalına olan sonsuz ehtiramımla qələmə sarılıram.Çünki 26 avqust günü Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xalqın qüruru və türk dünyasının iftixarı olan Mehriban xanım Əliyevanın doğum günüdür. Bu gün arxaya dönüb baxanda görürəm ki, müəllifi olduğum kitabım bir xalqın öz şəfqətli qələmiylə ucaltdığı sayğı abidəsidir. Və bu abidənin mərkəzindəki qadın, mərhəmət simvolu,qətiyyət,sədaqət və dövlətə səssiz xidmət fəlsəfəsinin özüdür.
Mehriban xanım bu millətin ruhuna çevrilmiş qadındır.Onun timsalında biz Vətən sevgisini əməllə, sadəliklə, təmənnasız fədakarlıqla görürük. Onunla dünya xalqları Azərbaycan qadının tanıdı, dövlət kürsüsündə məhəbbəti, tribunada mərhəməti, sərhəddə vəfanı gördü. O, Vətən sevgisini dövlət siyasətinə, analıq mərhəmətini sosial ədalətə, Azərbaycan mədəniyyətinə olan ehtiramını isə beynəlxalq nüfuza çevirməyi bacarmış nadir simalardandır. Heydər Əliyev məktəbinin mənəvi yetirməsi, Prezident İlham Əliyevin sədaqətli silahdaşı, Azərbaycan qadınının ağıl və iradə zirvəsidir.Bir daha əminliklə deyirəm: Mehriban xanım haqqında yazmaq Azərbaycanın ruhuna məktub yazmaq kimidir. Onun hər addımında səmimiyyət, hər sözündə məsuliyyət, hər təşəbbüsündə vətəndaş mənafeyi dayanır.
Bu gün doğum gününü qeyd edən Mehriban xanıma olan sevgimizi, ehtiramımızı təbii ki, təkcə rəsmi təbriklə ifadə edə bilmərik. O, xalqın qəlbində yaşadığı kimi, həm də hər bir layiqli Azərbaycan qadınının daxili gücünün, səssiz mübarizəsinin və təmənnasız xidmətinin simvoludur.
Bu yolda, bu təbrikdə, bu sevgi yazısında bir müəllif, bir ana, bir vətəndaş olaraq qürurla deyirəm:
Ad gününüz mübarək, Mehriban xanım!
Siz bizim sabitliyimizə sirayət edən səssiz gücsünüz. Qalib sərkərdəmizin zərif gücü, xalqın şəfqətli etimadı, Azərbaycanın saf sevgisisiniz.
Qoy adınız,hər zaman ucaldıqca ucalan yazılarda çəkilsin.
Qoy varlığınız səcdələrin pıçıltısında,dualardakı titrək səsdə yaşasın.
Qoy varlığınız qəlblərin ən dərin qatında toxunsun insanlara.
Qoy ömrünüz xalqın dualarıyla naxışlansın.
Qoy yolunuz dövlətin işığıyla nurlansın,xalqın inamıyla ucalansın,Prezidentin qətiyyəti, xalqın sədaqəti ilə bir ömür parlasın...
Çünki bu torpaq sizi ürəklə çağırır.
Bu millət sizi titrək dodaqla yox, sevgi ilə xatırlayır.
Və bu Vətən hər gün siziana dualarının zirvəsinə ucaldıböz qüruruna çevrilir.
Sizin adınızla bizə müraciət edən bir Vətən övladı var səslənəndə içimizi isidən,
qəlbimizə aram verən bir müraciət:
“Sizin Mehriban” elə xalqın dilində bir sığınacaq, bir ümid, bir inam…
“Ədəbiyyat və incəsənət”
(27.08.2025)
İlk rəngli Azərbaycan bədii filminin quruluşçu rəssamı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Və rəssamlığın bir sahəsi də var: kino rəssamı. Filmlərin uğurlu alınmasında bu sənətin xüsusi qatqısı olur. Bir bqxın, bu gün Hollivudda peşəkar kino rəssamlarına necə ehtiyac var. Hətta Bollivudda kino rəssamları böyük məbləğdə kontraktlarla işləyirlər. Bizim müasir filmlərimizdə isə, nə gizlədək, kino rəssamları yerli-dibli olmur. Az büdcəli filmlərimizdə bu sahəyə pul ayrılmır.
Sovet dönəmində kino rəssamlığı sahəsində bir rəssam parlamaqdaydı - Azərbaycan SSR əməkdar rəssamı Nadir Zeynalov.
O, 27 avqust 1928-ci ildə Bakıda anadan olmuşdu. 1943–1949-cu illərdə Azərbaycan rəssamlıq məktəbində təhsil alıb. 1949–1955-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdı.
Yəni, biri var kino rəssamı olasan, tutalım, rəssamlıq institutunu, tərtibtçı rəssam kursunu və s. bitirib özünü bu sahədə sınayasan. Biri də var ölkənin bu sahədə bir nömrəli təhsil ocağında oxuyasan, ustadlardan dərs alasan.
1956-cı ildə Nadir Zeynalov "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi fəaliyyətə başlayıb. "Azərbaycanfilm" kinostudiyasında rəssam kimi 40-a yaxın filmin yaradılmasında iştirak edib. İlk rəngli Azərbaycan bədii filminin quruluşçu rəssamı olub.
Filmoqrafiya
- Rəssam kimi
1. O olmasın, bu olsun
2. Mahnı belə yaranır
3. Məhəmməd Füzuli
4. Mahnı qanadlarında
5. Qatır Məmməd
6. Bir qalanın sirri
7. Axırıncı aşırım
8. Yeddi oğul istərəm
9. Oxuyur Müslüm Maqomayev
10. Həyat öyrədir
- Geyim rəssamı kimi
Şərikli çörək
- Haqqında çəkilən film
Rənglərin dili ilə. Nadir Zeynalov
Rəssam 16 mart 1987-ci ildə vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.08.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik mətnində deyilir:
“Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehirban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Sizi doğum gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür və cansağlığı arzulayırıq.
Siz müasir Azərbaycanın dövlət quruculuğunda, ölkənin dünyada tanıdılmasında, habelə vətəndaşların rifahının yüksəldilməsində müstəsna xidmətləri olan örnək şəxsiyyət və həssas qəlbli dövlət xadimisiniz. Sizin Azərbaycanın zəngin mədəni irsinin, o cümlədən möcüzəli muğamının dünyada tanıdılmasındakı rolunuz, humanitar və xeyriyyəçilik fəaliyyətiniz, təhsil və səhiyyə sahələrinə verdiyiniz önəmli dəstəkləriniz, eləcə də Türk mədəniyyətinin və incəsənətinin inkişafındakı müstəsna xidmətləriniz tarixin qızıl səhifələrində daim yaşayacaqdır. Nəcib və humanist addımlarınız, insanların qayğılarına qarşı yüksək diqqətiniz Sizi dünyanın xeyirxahlıq rəmzlərindən birinə çevirmişdir.
Bu gün doğma Qarabağ hər an çiçəklənir, inkişaf edir və uzun illər işğal altında qalmış Azərbaycan torpaqlarına həyat qayıdır. Siz, öz xalqınıza olan misilsiz sevginizin ifadəsi kimi Qarabağın sürətli quruculuğunda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevlə çiyin-çiyinə duraraq yorulmadan çalışır və möhtəşəm qayıdışın təmin edilməsinə mühüm töhfə verirsiniz. Həqiqətən də, Qarabağa etdiyiniz birgə səfərləriniz, eləcə də bu səfərlərdə həm təməli qoyulan yeni infrastruktur layihələri, həm də icrası başa çatan və insanların istismarına verilən yeni yaşayış mərkəzləri, mədəniyyət ocaqları Azərbaycan xalqının tarixi salnaməsinə əbədilik həkk edir.
Hörmətli Mehriban Xanım!
Bir daha Sizi doğum gününüz münasibəti ilə təbrik edir, Sizə ailə səadəti, firavanlıq və dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti”
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
Xalqın içində xüsusi çəkisi olan jurnalist...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
O, 1959-cu ilin avqust ayının 24-də Gəncə şəhərində dünyaya gəlib. Orta təhsilini orada başa vuraraq Bakıya üz tutub. Burada BDU-nun jurnalistika fakültəsinə qəbul olunub. 1981-ci ildə həmin fakültəni bitirərək ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə isə, 1981-ci ildə “Bakı- Baku axşam qəzeti”ndə müxbir kimi başlayıb. Bir müddət burada çalışdıqdan sonra, 1987-ci ildən bir neçə il “Azərittifaq”da baş təlimatçı olub. Daha sonra “Azərittifaq”ın “Azərbaycan kooperatoru” jurnalında baş redaktorun müavini vəzifəsində işləyib. Bir qədər sonra “Azərittifaq”ın Təşkilat və mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb. 2001-ci ildən “Xalq qəzeti”ndə bölgə müxbiri kimi fəaliyyətini davam etdirir. İki publisist kitabın müəllifidir...
Mühacirət tariximizin bilicisi, filologiya elmləri doktoru, professor Abid Tahirli onun haqqında yazır: “Heyrətamiz hafizəsi, çevik zəkası, bənzərsiz ünsiyyət qurmaq bacarıgı, baməzə söhbət və şux zarafatları, ətrafına qarşı diqqət və həssasiyyəti, açıq və demokratik düşüncəsi, yüksək milli- mənəvi dəyərləri ilə nəinki ötən əsrin 70-ci illərində təhsil aldığı qrupda, bütünlüklə jurnalistika fakültəsinin, həmçinin bizimlə qonşu Şərqşunaslıq, Hüquq fakültələrinin tələbələri arasında fərqlənir, sayılıb seçilirdi...”
Böyük şairimiz Məmməd Arazın yadigarı, əməkdar jurnalist İradə Tuncay isə onun barəsində söyləyir: "Onunla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən o hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. Onda qeyri-adi cazibə qüvvəsi vardı. İstənilən adamla bircə söhbətdən sonra həmin adam yenə də onunla həmsöhbət olmaq istəyirdi. Onun cazibəsini heç nə neytrallaşdıra bilmirdi. İllər keçsə də o, hələ də bu cazibəni qoruyub saxlaya bilib..."
Bəli, söhbət İlqar Musayeviç kimi də tanınan, İlqar Həsənovdan gedir. O İlqar Həsənovdan ki, həmkarı, əməkdar jurnalist İttifaq Mirzəbəyli onu belə təsvir edir: "İlk məqaləsi 6-cı sinifdə oxuyarkən “Kirovabad kommunisti” qəzetində işıq üzü görən İlqar Həsənov həm də sözün həqiqi mənasında milli mətbuatımızın təəssübkeşlərindəndir. İlk dəfə 17-18 yaşlarında ayaq basdığı "Xalq qəzeti" dəhlizlərində gördüklərini elə danışır, elə söyləyir ki, eşidən hər kəs bu redaksiyaya əstağfürullah, müqəddəs məkan kimi baxmaq istəyir. O, hətta hazırladığı kiçik bir xəbərdə bayağılıqdan uzaq olduğu kimi hansısa əhatəli məqaləni də canlı yazıya çevirməyə çalışır və nail olur. Həmişə də "biz jurnalist olana qədər Nəsir İmanquliyevdən, Ağababa Rzayevdən, Rəfael Nağıyevdən, Əfqan Əsgərovdan, Əşrəf Hacıyevdən, Əhməd İsayevdən həyat dərsi almışıq"- deyir. İndiki mətbuatdakı bəzi xoşagəlməz məqamları görəndə isə heç kəsi tənqid eləmir, "Allah bundan betərindən saxlasın!"- deməklə kifayətlənir..."
Mehriban yoldaşlığı, mədəni davranışı var. Yaxşı dost və istedadlı jurnalist kimi tanınır. Güclü intellekti onu çətinliklərdən həmişə qoruyur. Səmimi, dürüst, eyni zamanda çox emosionaldır. Düzgünlüyü və ədaləti ilə seçilir. Yalan danışmağı xoşlamır, kimisə aldatmaqdan xoşu gəlmir. Zəhmətkeşdir, məqsədinə çatmaq üçün əzmlə çalışır. Səxavətlidir, qazandığı pulu yaxınlarının rifahı üçün xərcləməklə yanaşı, dostların da çevrəsində sərf etməyə ürəklidir. Bir sözlə, İlqar Həsənov xalqın içində xüsusi çəkisi olan jurnalistlərdəndir...
Tələbəlik vaxtlarında onunla beş il eyni auditoriyanın havasını udan, qrup yoldaşı, bu yaxınlarda 70 yaşı tamam olacaq filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli deyir: “İlqar Həsənovu 1976-cı ilin bürkü ayından, yəni, iyuldan- sənədlərimizi universitetin jurnalistika fakültəsinə verən gündən tanıyıram. Zarafat deyil, gələn il tanışlığımızın əllinci ili olacaq. İlqar ilqarı pozan deyil. Heç dəyişməyib. Jurnalistika fakültəsinin 3796-cı qrupunda beş il necə idisə, indi də elədir. İstedadlıdır, qələminə söz ola bilməz. Bir az tənbəllik edir, az yazır, amma gözəl yazır. Xeyirxahdır, ünsiyyətcildir, sosialdır. Media camesində onu tanımayan yoxdur. Nəinki tanıyırlar, həm də sevirlər, hörmət edirlər. Xoş aurası, şirin və baməzə söhbətləri var. Əsil dostdur. Əsil dost ulduza bənzəyir, qaranlıq olanda görünür. İlqar dost üçün hər əziyyətə qatlaşır, çətin günündə onun yanında olur. Təkcə dostlarının yox, ona pənah gətirən hər kəsin köməyinə çatır. Hətta tanımadığı insanların xahişini etməkdən usanmır. Kömək etməyi özünə borc bilir. Hər kəs İlqarı tanıdığını ürəkdən söyləyir. Ona görə ki, İlqar onu tanıyanlar üçün dəyərdir...”
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
Göytürk kitabələrində Türklərin dövlətçilik prinsipi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində düşünürük ki, bugünkü mövzumuz da marağınıza səbəb olacaqdır: Göytürk kitabələrində Türklərin dövlətçilik prinsipi.
Göytürk kitabələri (Orxon-Yenisey yazılı abidələri) VII–VIII əsrlərdə Orta Asiyada türklərin siyasi, mədəni və ideoloji dünyagörüşünü əks etdirən ən mühüm tarixi mənbələrdən biridir. Bu kitabələr yalnız dil və ədəbiyyat nümunəsi deyil, həm də türklərin dövlətçilik prinsiplərini, idarəçilik ideologiyasını və milli kimlik anlayışını gələcək nəsillərə ötürən siyasi manifestdir. Orxon yazılı abidələri – Bilgə Kağan, Kül Tigin və Tonyukuk kitabələri türk dövlətçiliyinin əsas ideyalarını, xalq və hökmdar münasibətlərini, həmçinin millətin birliyini qorumağın zəruriliyini açıq şəkildə ortaya qoyur.
Kitabələrdə vurğulanan əsas prinsiplərdən biri xalqla xaqanın birliyi ideyasıdır. Bilgə Kağan öz nitqində dəfələrlə bildirir ki, dövlətin gücü xalqın itaətindən, xalqın rifahı isə xaqanın ədalətli idarəçiliyindən asılıdır. “Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım” ifadəsi hökmdarın xalq qarşısında məsuliyyətini əks etdirir. Bu, dövlətçilikdə qarşılıqlı öhdəlik prinsipinin qədim türk ideologiyasında mövcudluğunu göstərir.
Kitabələrdə türklərin azadlıq anlayışı dövlətin təməl prinsipi kimi təqdim olunur. Çin əsarəti dövrü “Türk milləti ölməsin deyə” ifadəsi ilə yad edilir və türklərin əsarət altında yaşaya bilməyəcəyi aydın göstərilir. Müstəqillik dövlətin mövcudluğunun şərti, əsarət isə millətin məhv yoludur. Bu ideya türklərdə dövlətin yalnız siyasi qurum deyil, milli varlığın təminatçısı olduğunu göstərir.
Göytürk dövlətçiliyində ədalət əsas prinsiplərdən biri kimi qeyd edilir. “İl tutmaq” ifadəsi dövlət qurmaq, qanun yaratmaq mənasında işlədilir. Bu, idarəçiliyin yalnız güc deyil, həm də qanun və qayda üzərində qurulmalı olduğunu göstərir. Dövlətin əsas məqsədi xalqı nizam, ədalət və rifah içində saxlamaqdır.
Kitabələrdə ordu dövlətin dayağı kimi təqdim olunur. Kül Tiginin qəhrəmanlığı xüsusi vurğulanır və türklərin düşmənlərə qarşı mübarizədə igidliyi dövlətin varlığının təminatı kimi göstərilir. Hərbi güc yalnız müdafiə məqsədi daşımır, həm də milli birliyi qorumağın vasitəsidir.
Kitabələrin ən mühüm xüsusiyyətlərindən biri onların gələcək nəsillərə ünvanlanmasıdır. Yazılarda tez-tez “Ey türk milləti, eşit!” müraciəti ilə millətə xitab olunur. Burada məqsəd yalnız keçmişi yadda saxlamaq deyil, həm də gələcək nəsilləri dövlətə sədaqət və milli birliyə çağırmaqdır. Bu, dövlətçilik prinsipinin ideoloji və mədəni əsasını təşkil edir.
Göytürk kitabələri türk dövlətçilik düşüncəsinin bünövrəsini təşkil edən prinsipləri – xalqla hökmdarın birliyini, azadlıq və müstəqilliyi, ədalətli idarəçiliyi, ordunun rolunu və tarixi yaddaşı sistemləşdirərək gələcək nəsillərə çatdırmışdır. Bu prinsiplər sonrakı türk dövlətlərində də davam etdirilmiş və Osmanlıdan müasir dövrə qədər türk dövlətçilik ideologiyasının təməlini təşkil etmişdir. Kitabələr yalnız tarixi mənbə deyil, həm də türklərin dövlətçilik fəlsəfəsini ifadə edən siyasi və mədəni manifestdir.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
SƏNƏTKARLARIMIZI TANIYAQ – Əzizağa Məmmədov
Yəqin, kimdən soruşulsa ki, müğənnilərimiz arasında xalq artistlərini tanıyırsanmı, düşünmədən əlbəttə deyəcək. Amma elə deyil. Hamısını tanıya bilmərik ki. Odur ki, düşdükcə, təqdim edildikcə niyə də tanımayaq.
Bu gün sizlərə Azərbaycan Respublikasının xalq artisti Əzizağa Məmmədov barədə söz açmaq istəyirəm. Ona görə ki, bu gün onun doğum günüdür. Necə deyərlər, ömrünün 68-ci baharına qədəm qoyur. Bəri başdan deyək ki, bu ifaçının repertuarında toy, çənlik mahnıları, sevgi lirikası yox, vətənpərvərlik mahnıları yer alır.
O, 26 avqust 1957-cı ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Tivi kəndində anadan olub.
Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar artisti, Xalq artisti fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub.
Əzizağa Məmmədovu fərqləndirən bir cəhət, öndə qeyd etdim, onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvan, Vətənimiz haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun repertuarında həmişə sevilə-sevilə oxunur.
Müğənninin öz dəsti-xəttinin olması çox gözəldir.
Onda onu başqaları ilə dəyişik salmazsan.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – “Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətlərini inkişaf etdirir”
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
Hər birimiz kitablara borcluyuq!
Heydər Əliyev
1.
ON SÖZ
Təqvimdə 2024-cü ildir. Təbii ki, hər dövrün öz tələbləri, öz müsbət və mənfilikləri var. Bugümüzün də kifayət qədər müsbət tərəfləri var. Azərbaycanımız ərazi bütövlüyünü tam bərpa edib, öz inkişaf strategiyasının yeni mərhələsinə qədəm qoyub. Sabahımızın qurucuları olan yeniyetmələrimiz, gənclərimiz alnıaçıq, üzüağ biliklər əxz edir, sənət və peşə öyrənirlər.
Amma 3-cü minilliyin bu dönəmində tək bizdə yox, bütün dünyada ciddi bir problem var, bu, Z(zet) və A(alfa) nəslinin – yəni müasir, tam sosiallaşmış uşaq, yeniyetmə və gənclərin mütaliədən uzaq durması, mobil telefon və internet asılılığından qopa bilməməsidir. Odur ki, indi hər bir təsisatın, hər bir yetkin fərdin qarşısında duran ümdə vəzifə sözügedən nəsildə mütaliəyə maraq oyatmaqdır.
Bizim də məqsədimiz məhz budur. Ona görə də mütaliə mədəniyyətinin formalaşdırılması barədə ən müxtəlif mənbələrdən iqtibaslar edərək, ən ümdə mütəxəssislərdən fikir alaraq sizlərlə bölüşmək qərarına gəldik. Beləliklə, sizlərə mütaliə mədəniyyətini necə formalaşdırmaq barədə danışacağıq.
İlk bəhs edəcəyimiz isə Mütaliə terapiyası barədədir.
2.
MÜTALİƏ TERAPİYASI
Dərhal ondan başlayaq ki, kitab oxumaq - ənənəvi bilik əxz eləmək anlayışından daha geniş anlayışdır. Bura o qədər sadalamalar aiddir ki (məsələn, stressdən qurtaran, hafizəni möhkəmləndirən, hər hansı bir çətin durumdan çıxmağı təlqin edən, müsbət şəxsi keyfiyyətlər formalaşdıran, pozitivlik verən və s. və i.), onlar barədə məlumat əldə edən bir kimsənin həvəslə kitab oxumağa başlayacağına əsla şübhə etmirik.
Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Mütaliə adamı bilikli, söhbətcil, hazırcavab edir. Biz mütaliə mədəniyyəti, oxu mədəniyyəti dedikdə hər hansı konkret fəaliyyət üzrə mədəniyyət nəzərdə tuturuq ki, bu da əsasən oxucuların informasiya əldə etməsi və bu informasiyanı yeni biliyə çevirmək qabiliyyətidir.
Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. Bəli, valideyində, müəllimdə, kitabxanaçıda əsas keyfiyyətlərdən biri uşaqda mütaliəyə maraq yaratmaq, onu düzgün istiqamətləndirməkdir. Uşaq və yeniyetmələrin mənəvi, intellektual və estetik inkişafında kitabın və mütaliənin rolu danılmazdır. Onlar insanları maarifləndirir, ümumi mədəni səviyyəni yüksəldir, dünyagörüşünü artırır. Böyüməkdə olan uşaqlara, yeniyetmələrə, gənc nəslin nümayəndələrinə izah etmək lazımdır ki, bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitablardır. Uşaqlar və yeniyetmələrin informasiya texnologiyalarını mənimsəyən ən fəal qruplar olmasını qeyd etmək olar. Demək olar ki, artıq başqa həyat tərzi, dəyərləri, informasiya mühitində davranış modelləri olan yeni nəsil yetişmişdir. Milli-mənəvi dəyərlərimizin təkcə qorunub gələcək nəsillərə çatdırılmasında deyil, eyni zamanda, onların beynəlxalq aləmə qısa vaxt ərzində təqdim edilməsində kitabların böyük rolu vardır.
Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamalarına, diqqətlərinin formalaşmasına, nitqlərinin və düşünmə qabiliyyətlərinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etmələrinə kömək edir. Mütaliə edənlər öz erudisiyaları, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın, fiziki, zehni və hissi inkişafında vacib tədris vasitəsidir.
U. M. Tekkerey kitab barədə deyirdi ki, kitab insanın ruhunu qidalandırır, onu ucaldır və möhkəmləndirir.
Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verilib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb və gənclərin mühakimə yürüdə bilmək qabiliyyəti sürətlənib.
Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar .
Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompüter vermir, əksinə televizor onları tirir...
Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.
London və Uels universitetlərinin alimləri isə San-Fransiskoda 53 kişi və 75 qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanlarda telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir.
Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.
Mütaliə psixoloji proses kimi komminukasiya-əlaqə fəaliyyətini mümkün edir. O da diqqətdən kənarda qalmamalıdır ki, informasiyalaşmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin bəhrəsidir. Mütaliə insanı həyata bağlayır, zehni açır, ətraf mühiti, dünyanı, bütün insanları sevdirir. Onda estetik hisslər oyadır, kulturoloji hazırlıq aşılayır. Təsadüfi deyildir ki, gözəl nitqə, zövqə, əxlaqa malik olanlarla işləmək daha asan və daha maraqlıdır. Şagirdlər də, tələbələr də öz müəllimlərini, kitabxanaçılarını mütaliə mədəniyyətinin ən bariz daşıyıcısı kimi tanımalıdırlar. Belə adamlarla ünsiyyət yorucu olmur. Onları dinləmək, onlardan öyrənmək gündəlik tələbata çevrilir.
Bir ayda neçə kitab oxuduğunuzu heç düşünmüsünüzmü? Və bir ildə? Statistikaya inanırsınızsa, orta hesabla bir insan ömrü boyu minə yaxın kitab oxuyur, amma ədəbiyyatla heç maraqlanmayanlar da var. Bu cür laqeydliyin səbəbləri tamamilə fərqli ola bilər, amma nəticə eynidir və təəssüf ki, heç də sevindirici deyil.
Müxtəlif ölkələrin psixoloqları və sosioloqları əmindir: oxumaqdan könüllü imtina edən bir insan özünü bir çox üstünlükdən məhrum edir.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
GAP Antologiyasında Şəhram Gülkardan 2 şeir
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Muğanda yaşayan Şəhram Gülkardır.
Şəhram Gülkar
Muğan
YORĞUN DÜŞ
Həmişə yorğun olanda
Bir quş kitab olur uçur köosümdə
Qolum alnımda
Gözlərim qapalı
Az açıq dodağından
Hortlatma su içirəm
Cəhəngimdən
Şəlalələr axır çılpaq döşünə...
ÜÇÜN
Baxınılacaq görüntülər aradan götürülür
Öyünüləcək səkkilər
Kətillər oturulacaq yan izindən silinir
Uzadılacaq əllərin
Atılacaq ayaqların uzantı izləri pozulur
Yaşamdan nə bilirlər
Yaz ola biləcək şeirin hekayəsinin içinə edirlər.
Yatalağın altı fərşlərdirlər
Yetdi... Baş qoyulmur tər çirkli kəpləminizə
Sırılmaz
İçi köhnə-külə qalınçalar
Ömürlük türmə özləmi dadını çiynəyib əskildirlər
Üzüm salxımının sapağından yapışmış narin əlin
Şərabını soyuq torpağa basdırırlar
Anlıq divar kağızlarına gilənar suyu yaxmanızı
Bilirlər yuvasız hörümçəklər
Ömürlük insansızlığı necə bacarırlar
Hardan alırlar keçim məlzəmələrini
Paket tutacaq boş əllərin darınası ürəyini
Seviniləcək olaylarda necə gülürlər
Bəs öyünəcək olaylar
Sallandıqları gerçəkdən göyüs qabardıcı imgə payı almaq olarmı
Gecəyin hansı asılqan buynuzundan aslanıb dincəlirlər
Dəyəcək darvaza dibi dəyənək
Dəyiləcək gövdələrin dəyən yerini gözlərinin canında
Bıləklərində gizlətdirirlər
Qollarından açılan saçma qurşunları
Toxundurtdurmadıqları
Baxdırtdırmadıqları
Sarılacaq yerimizə toxunurlar.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
BÖLGƏ ƏDƏBİYYATI - Oğuz və Qəbələ yazarları ilə görüş keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
25 avqust 2025-ci il tarixdə Oğuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Xaçmaz kənd Diyarşünaslıq Evində oxucularla “Oğuzun tanınmış simaları” layihəsi çərçivəsində Oğuz və Qəbələ yazarlarının iştirakı ilə "Yaradıcılıq dünyasına səyahət" adlı görüş təşkil edilib.
Görüşdə Qəbələ və Oğuz ədəbi mühitinin nümayəndələri, ziyalılar, yaradıcılıqla məşğul olan insanlar, poeziyasevərlər, kitabxanaların fəal oxucuları iştirak edib. Tədbirin məqsədi oxucularla yaradıcı insanların görüşünü təmin edərək, ədəbiyyata marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək idi.
Tədbir Azərbaycan Respublikasının suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını qəhrəmanlıqla fəda edən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.
Oğuz rayon Mərkəzi kitabxanasının əməkdaşı Mehparə Bəkirova tədbir iştirakçılarını salamlayaraq, “Oğuzun tanınmış simaları” layihəsi haqqında məlumat verib. Layihənin sözün, sənətin izlərini gələcək nəsillərə çatdırmaq yolunda kiçik, amma mənalı bir addım olduğunu qeyd edib. Şair və yazıçıların səsinin zamanın pərdəsini yarıb sabaha çatdırılmasında belə görüşlərin əhəmiyyətli olduğunu bildirib. Həmçinin, yazıçı ilə oxucu arasında görünməz bir körpü olduğunu, o körpünün daşlarını hər bir yazarın öz sözü ilə, öz sevgisi ilə hördüyünü vurğulayıb.
Sonra Oğuz - Qəbələ - İsmayıllı Yazarlar Birliyinin sədri Vüsal Oğuz, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Nazim Hüseynli, şairə xanımlar - Şüküfə İbrahimova, Sədaqət Oğuzlu, Elza Gülməmmədova və başqa Oğuz şair və yazarları tədbirdə çıxış edərək, öz şeirlərindən parçalar səsləndiriblər.
Tədbir Qəbələdən gələn qonaqların çıxışları ilə davam edib. "Qəbələnin səsi" İB-nin rəhbəri Şəhla Bayramova, belə görüşlərin davamlı olmasını arzu edərək, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə "Qəbələnin səsi" İB-nndə təmsil olunan şairlərdən Mirhəsən Ağayev, Cəlil Komradlı, digər şair və yazıçılar da çıxış edərək, öz şeirlərini söyləyiblər.
Kitabxananın fəal oxucularının ifasında da Oğuz və Qəbələ şairlərin şeirləri dinlənilib.
Bölgənin şair və yazıçıları öz kitablarını kitabxanalara hədiyyə ediblər, sonda xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)
VAQİF SƏMƏDOĞLU, “İstidir, qar uzaqda...”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU,
“İstidir, qar uzaqda...”
İstidir, qar uzaqda,
Şaxta da var uzaqda,
Yalnız ümid sazaqda
Belə də qış olarmı?
Şimşək durmadan çaxır,
Fəqət çay quru axır,
Allah haraya baxır,
Belə baxış olarmı?
Qışda od qalamadım,
Yayda yer sulamadım,
Payızda ulamadım,
Belə bayquş olarmı?
Ömür gün-gün azalır,
O günə lap az qalır,
Mənə sükut əl çalır,
Belə alqış olarmı?
“Ədəbiyyat və incəsənət”
(26.08.2025)


