Qadın poeziyamızın poema ustadı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Əbədiyyət", "Arazım, Xan Arazım", "Himn", "İlahi Vaxt", "Ulduz səsləri", "Göy, Dəniz, Göyqurşağı", "İlğım", "Suqovşan", "Toy", "Söz haqqında söz", "Böyük Adam", "Ürək simfoniyası" - müxtəlif mövzularda 12 poeması vardır şairənin.

“Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilib.

 

Rəhimova Nisəbəyim - ədəbi təxəllüsü Nisə Bəyim olan şairə 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olub. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olub, 1971-ci ildə həmin məktəbi bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyəti göstərib.

Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunub. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunub. Bu vaxtdan etibarən onun yazıları "Azərbaycan", "Ulduz", "Gənclik", "Azərbaycan qadını", "Pəncərə" və digər dərgilərində, müxtəlif qəzetlərdə, Tehranda nəşr olunan "Yol" jurnalında, "Yaşıl budaqlar", "Vətən sevgisi", "Min beş yüz ilin oğuz şeiri", "Poeziya günü", "Aran" toplu və almanaxlarında dərc olunub.

Ədəbi mühitdə poeziya nümunələri ilə bərabər, "Dəniz yuxusu", "Günəş ovu", "Doğmalıq" hekayələri, "İtirilmişlərdən biri", "Bütün həqiqətlər sözlərdədir", "Poeziya haqqında", "Sorun ki, bu nə sevdadır", "Ey Yazıq, sənə zülm eləmişlər", "Bütün həqiqətlər məndədir…", "Klassik notlar", "Aran uşağı haqqında hekayət", "Bağlı vaxt" esse və publisist məqalələri də maraqla qarşılanıb. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

6 mart 2020-ci ildə 65 illik yubileyini qeyd etdi. Həmin o pandemiya iliydi, elə o yubiley ili də onu sıralarımızdan apardı, noyabr ayının 26-da vəfat etdi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.