İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Qafqazlarda tarixən ilk ipək fabriki 1827-28-ci illərdə Şəkidə fəaliyyətə başlayıbdır. Odur ki, ipək parçadan və kəlağayıdan damışanda, öncə gözümüz önünə Şəki gəlir.
26 noyabr Kəlağayı Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "İpək tellərdə milli kimlik" adlı tədbir keçirilib.
Tədbirdən əvvəl Şəki Azəripək və “Süsən” Kəlağayı Evinin nümayəndələrinin iştirakı ilə kəlağayıya naxışın salınma prosesi peşəkarlar tərəfindən əyani şəkildə təqdim olunub, həmçinin “Kəlağayının sehri” adlı sərgi keçirilib.
Sərgidə kəlağayı və kəlağayıdan hazırlanmış milli geyim nümunələri, kəlağayının tarixi qaynaqlarını özündə əks etdirən kitablar sərgilənib. İştirakçılara ipəyin əldə olunma prosesi, kəlağayının rənglənməsi, naxışlanması və bu sənətin incəlikləri barədə məlumat verilib.
Tədbir çərçivəsində xüsusilə qeyd olunub ki, kəlağayı Azərbaycanın milli irsinin ən incə və dəyərli nümunələrindən biridir. O təkcə baş örtüyü deyil, xalqın zövqünün, ruhunun və mənəvi yaddaşının daşıyıcısıdır. Kəlağayının yaranma tarixi ölkəmizin çoxəsrlik ipəkçilik ənənələri ilə birbaşa bağlıdır. Azərbaycanın müxtəlif bölgələrində kəlağayı nümunələri naxışı və texnikası ilə fərqlənsə də, onun əsas fəlsəfəsi qadının zərifliyini, ismətini və saflığını simvolizə etməsi dəyişməz olaraq qalır.
Bu baş örtüyü həm sülhü və əmin-amanlığı xarakterizə edir, həm də xüsusi mərasimlərdə, toy və nişanlarda, habelə gündəlik həyatda istifadə olunub.
Tədbirində, həmçinin Güləndam Alxasovanın kəlağayıdan hazırlanmış libaslarının nümayişi olub. Onun yaratdığı libaslar kəlağayı sənətinin müasir dəbdə də estetik və zərif şəkildə yaşadığını göstərib. Hər bir model kəlağayının rəng harmoniyası, milli naxışların dərin mənası və ipəyin xüsusi parlaqlığı ilə seçilib.
Sonda tədbirin milli-mədəni irsin qorunması, kəlağayı sənətinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)


