Ağdam və Başlıbel: Mənim köküm, mənim tarixim, mənim qürurum Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Vətənpərvərlik dərsləri rubrikasında bu gün sizlərə Vüsal Tağızadənin “Ağdam və Başlıbel: Mənim köküm, mənim tarixim, mənim qürurum” adlı məqaləsini təqdim edir.

 

Ağdamın böyük hissəsi işğalda olduğu illərdə mən onun qalan kiçik, amma qürurlu və dözümlü parçasında doğulub böyüdüm. Uşaqlığımın fonunu laylalar yox, mermilərin vıyıltısı, topların gurultusu, səngərdən gələn səslər təşkil edirdi. Amma bütün bu səs-küldə qorxu bizə yaxın durmadı — çünki evimizdə qorxudan güclü bir şey vardı: Vətən sevgisi, atamızdan miras qalan iradə. Atam birinci Qarabağ müharibəsinin döyüşçüsü, veteranı idi; sonra polis kimi illərlə bu dövlətin keşiyində dayanıb. Onun qətiyyəti, mərdliyi və qüruru indi rəhmətə getmiş olsa belə, bizim hər nəfəsimizdə yaşayır. Qardaşım isə illərlə hərbi xidmət keçərək 44 günlük Vətən müharibəsində döyüşən igidlərdən olub. Biz mərmi səsi içində böyümüş, amma mərdliklə nəfəs alan bir ailənin övladlarıyıq.

 

Amma mənim yalnız Ağdam kimi bir yaddaşım yoxdur… Mənim köküm Kəlbəcərin Başlıbel kəndinə gedib çıxır — tariximizin ən ağır, ən qara səhifələrindən birinə şahidlik etmiş yerə. Başlıbel təkcə mənim doğulduğum yer deyil; ailəmin canı ilə yazılmış bir dərs, nəsil yaddaşımızın ən ağrılı ünvanıdır. O illərdə Başlıbelin mühasirədə qaldığı günlərdə qohumlarımızın yaşadığı faciə bizim soyumuzun ruhunu yandıran izlər buraxdı. İnsanlar günlərlə mağaralarda sıxılıb qalmış, don vurmuş torpaq onların sığınacağına çevrilmiş, çörəyin yoxluğu, soyuğun sərtliyi, düşmən təhlükəsi hər nəfəsi bir mübarizəyə döndərmişdi. Bir çoxumuzun yaxınları həmin faciənin qurbanına çevrildi, bəziləri mühasirəni yarmaq üçün çalışarkən canından oldu, bəziləri mağara sükutunda ölümün addımını dinləyə-dinləyə sağ qalmağa çalışdı. Başlıbelin o qara günləri bizim ailənin qanına, ruhuna, yaddaşına həkk olundu. Bu gün də o acını unutmaq olmur — o bizim kökümüz, yaddaşımız, dağ sarsıntımızdır. 

Amma bu gün — 20 noyabr — mən Ağdamın azadlığından danışıram. Mənim üçün bu gün xüsusi gündür, çünki illərlə mermi səsi eşitdiyim, hər səhəri müharibənin kölgəsi ilə açdığım Ağdam sükutla və siyasi qətiyyətlə azad edildi. Bu gün Ağdam nəfəsini geri aldı. Bu gün bizim nəsillərin çiyninə çökmüş yükün bir hissəsi qaldırıldı.

Mən həm Başlıbelin faciəsini yad edirəm, həm Ağdamın qurtuluşunu yaşayıram. Mən Kəlbəcərin acı yaddaşında doğulan soyun, Ağdamın dözümlü torpağında böyüyən bir ömürəm. Hər iki torpağın ağrısı da, qüruru da mənim içimdədir.

Bu gün mənim üçün təkcə bir rayonun azadlığı deyil — həyatımın, taleyimin, yaddaşımın düzələn parçalarıdır. Ağdamın qurtuluşu ilə içimdə nəsillərdən qalan bir ağırlıq işığa çevrildi. Başlıbelin faciəsini unutmadığım kimi, Ağdamın azadlığını da qürurla yaşayıram.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.