"Napoli"-"Qarabağ" oyunu görün hansı günə düşüb? Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində saat 00:00-da doğma Qarabağ FK İtaliya səfərində Napoli klubunun qonağı olacaq. Təsadüfi deyil ki, bu qarşılaşma futbol dünyası üçün xüsusi bir günə təsadüf edir: bu gün dünya futbolunun əfsanəsi, “futbol tanrısı” adlandırılan Dieqo Armando Maradonanın vəfat günüdür.

 

Maradona təkcə Argentina üçün yox, xüsusilə də Napoli şəhəri üçün bir simvol, bir mədəniyyət obrazıdır. Neapollular onu böyük futbolçu olmasıyla yanaşı, həm də çətin günlərdə onlara ümid verən bir qəhrəman kimi xatırlayırlar.

Maradonanın Napoli ilə bağını göstərən ən təsirli hadisələrdən biri 1984-cü ildə baş verir. Həmin il Maradona ağır xəstəlikdən əziyyət çəkən bir uşağa yardım üçün xüsusi matç təşkil edilməsini təklif edir. O, həm Napoli klubuna, həm də FIFA-ya müraciət edir və xeyriyyə oyunu keçirmək üçün razılıq istəyir. Lakin hər iki tərəfdən aldığı cavab mənfi olur. Buna baxmayaraq, Maradona geri çəkilmir. O, yaxın dostları ilə birlikdə uşağın yaşadığı evin qarşısındakı kiçik meydançada qeyri-rəsmi bir oyun təşkil edir.

Heç kimin gözləmədiyi halda, bu sadə və səmimi təşəbbüs böyük maraq doğurur. Xeyriyyə məqsədli oyuna 5.000-dən çox azarkeş toplaşır. Nəticədə uşağın müalicəsi üçün lazım olan məbləğin üç qatı toplanır. Bu hadisə Maradonanın təkcə meydanda yox, həm də meydandan kənarda necə böyük bir ürəyə sahib olduğunu bir daha göstərir.

Bu hekayə bizə çox sadə, amma həyat qədər vacib bir həqiqəti xatırladır:

Dünyada hansı dindən, hansı irqdən və ya hansı millətdən olmağının heç bir fərqi yoxdur — ən önəmlisi İNSAN ola bilməkdir.

Yeri gəlmişkən, “Qarabağ”ımıza matçda uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.