
Super User
Politoloq: "Ermənistanın yeganə alternativi budur"
"Erməni saytlarının Beynəlxalq Böhran Qrupunun Azərbaycanla Ermənistan arasındakı gərginliyin bu il də davam edəcəyinə dair proqnoz hesabatını yayımlaması erməni separatizminin və onların dəstəkçilərinin çıxılmaz vəziyyətdə olduğunun əyani sübutudur".
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, birincisi, hesabat müəllifləri Azrəbaycanla Ermənistan arasında yeni savaşın 2020-ci il müharibəsindən az dramatik olmayacağını və qalibin yenə Azərbaycan olacağını yazıblar. İkincisi, hesabat müəlifləri yazıblar ki, Azərbaycan son iki ildə hərbi qüdrətini daha da artırıb, Türkiyə ilə hərbi ittifaq güclənib, Ermənistan ordusunun isə əksinə, hərbi təhcizatı zəifləyib, İrəvan Rusiyadan istədiklərini ala bilməyib:
"Bunun da əsas səbəbi odur ki, hərbi texnika Ukraynada işğalçı müharibə aparan Rusiyanın özünə lazımdır. Üçüncüsü, hesabat müəllifləri Azərbaycanın xeyrinə işləyən digər amilə də diqqət çəkiblər: Avropanın Azərbaycan qazına ehtiyacı var. Yəni hesabat müəllifləri bununla demək istəyiblər ki, Avropa Azərbaycana yeni hədəflərinə çatmaqda mane olmayacaq. Hesabat müəllifləri Azərbaycan-Ermənistan qarşıdurmasından yazarkən tez-tez Ukraynadakı müharibəyə istinad ediblər. Bu o deməkdir ki, dünyanın diqqəti Ukraynadadır, Azərbaycan Ermənistanı sıxışdırmaqda davam edərsə, bu, beynəlxalq aləmin ciddi reaksiyasına səbəb olmayacaq".
Politoloq əlavə edib ki, Beynəlxalq Böhran Qrupunun hesabatı bu gün baş verənlərlə səsləşir:
"Azərbaycan ordusu 2022-ci ilin sentyabr ayında Ermənistanla təmas xəttində strateji yüksəklikləri nəzarətə götürdü. Ermənistan hakimiyyəti Rusiya və Qərb ölkələrindən dəstək istədi. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışmadı, erməni siyasətçilər və erməni cəmiyyəti məyus oldu. Azərbaycan fəalları Ermənistanla Qarabağı birləşdirən yolda etiraz aksiyasına başladılar. Ermənistan yenə Rusiya və Qərb ölkələrindən dəstək istədi. Nəticə eynidir, İrəvan Fransanın əli ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə çalışdı, alınmadı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri arasındakı tərəfdaşları Fransaya Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına imkan vermədilər. Belə vəziyyətdə Ermənistanın ümid yeri yoxdur, yeganə alternativi Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımaq, bu şərtlər daxilində sülh sazişini imzalamaqdır. Ancaq separatizmlə zəhərlənən beyinlər hələ buna imkan vermir".
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bəziləri qorxulu, lakin əksəriyyəti ağlı başdan alan kəşflər
2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:
Fəhlə kimi işləyəcək və musiqi duyumu olan insanabənzər robotlar
Amerikalı milyarder İlon Maskın texnologiya sahəsinə qoyduğu investisiyalar barədə hamı məlumatlıdır. Lakin bunlardan ən maraqlı olanlardan biri "Optimus" humanoid robotudur.
"Tesla AI Day 2022" tədbirində təqdimat zamanı ilk prototipin müstəqil şəkildə ayaq üstə hərəkət etdiyi və musiqinin ritminə uyğun olaraq qollarını yelləyə bildiyi görünüb.
İnsanabənzər texnika həmçinin çiçəkləri sulayır, müəyyən ev işləri görür.
Maskın sözlərinə görə "Optimus" "Tesla" avtopilotunun təchiz olunduğu eyni sensorlardan istifadə edir. Robotun gələcəkdə, məsələn, anbarda fəhlə kimi işləyə biləcəyi vurğulanıb. Onun enerjisinin tam bir iş günü üçün kifayət edəcəyi gözlənilir.
Daha bir insanabənzər robot "Xiaomi" tərəfindən Pekin sərgisində təqdim edilib. Bu yaxınlarda humanoidin internet istifadəçilərinə musiqi qabiliyyəti də nümayiş olunub: Parametrləri insana mümkün qədər yaxın (boyu 177 sm, çəkisi isə 52 kq) olan "CyberOne" təbildə ritm tutarkən videoya çəkilib.
Kadrlarda robotun təbillərə inamla vurduğunu, həmçinin pedallardan istifadə edərək musiqinin ritminə uyğun başını tərpətdiyini görmək olar.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Ekspertlər açıqlayırlar: Erkən nikahların qarşısını necə almalı?
Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan biridir. Bütün tədbirlərə rəğmən, erkən nikah problemi hələ də həllini gözləyən məsələlərdən biriidir. Vaxtaşırı mediada "erkən nikahın qarşısı alındı", "erkən nikaha cəhd olundu" və s. kimi məlumatlarla qarşılaşırıq.
Sosial şəbəkədə və ictimaiyyətdə insanlar erkən nikahların qarşısının alınması ilə bağlı müxtəlif fikirlər səsləndirməyə başlayıb. Mövcud durumu nəzərə alaraq ekspertlərə müraciət etdik və qarşısını almaq istiqamətində fikirləri öyrəndik.
Mövzuyla bağlı “Ədəbiyyat və incəsənət” portalına açıqlama verən psixoloq Zeynəb Əyyubova aşağıdakıları dedi: "Erkən nikahların qarşısını almaq üçün ilk növbədə maarifləndirmə olmalıdır. Adətən erkən nikahdan danışanda ilk ağıla gələn qızların tez ailə qurması olsa da, hazırda cəmiyyətimizdə oğlanların da 18 yaşa çatmadan ailə qurduqlarının şahidi oluruq. Şübhəsiz, bu məsələdə əsas yük valideynlərin üzərinə düşür. Belə ki, valideynlər övladlarına nikahın öncəlik olmadığını izah etməlidirlər. Öncəlik təhsil almaq, öz ayaqları üzərində dayana bilmək, işlə təmin olunmaqdır. Bir sözlə, həyat resusları yaxşı olduqdan sonra evlənmək haqqında düşünmək lazımdır. Əgər bir ailədə sadaladıqlarımız təbliğ olunsa, həmin ailədə erkən nikah məsələsi gündəmə belə gəlməyəcək"
Məsələyə münasibət bildirən digər psixoloq Fazilə Camalovanın fikirləri isə belə oldu: "Bir çox ölkələrdə və eyni zamanda Azərbaycanda erkən nikah çox böyük problem olaraq qalır. Erkən nikahın qarşısını almaq üçün həll yolu olaraq bir cox qərarlar qəbul edilməsinə baxmayaraq ölkəmizdə hələ də 18 yaşına çatmamış yeniyetmə qızları erkən nikaha məcbur edirlər. Oğlanlara nisbətən erkən nikaha məcbur edilən yeniyetmə qızlar daha çoxluq təşkil edir. Bəzi valideynlər sanki qız uşaqlarını bir yük olaraq görürlər və zamanla o yükdən azad olmağa çalışırlar və yeniyetməlik dövrünə çatan kimi qızlarını təhsildən kənarlaşdıraraq ailə qurmağa məcbur edirlər. Erkən nikaha məcbur qalan 18 yaşı tamam olmamış yeniyetmələr cəmiyyətdən və bir çox sosial amillərdən təcrid olunurlar. İstər tibbi, istərsə psixoloji cəhətdən travmalar almış bu cur qızlar cəmiyyətdə özlərinə yer tapmaqda çətinliklərlə üzləşirlər. Bəli, bu gün biz baxsaq bölgələrdə bir çox ailələr bu yanlış düşüncə tərzi ilə yanlış addımlar ataraq qızlarını az yaşda nikaha məcbur edirlər. Yeniyetməlik dövrünü tam keçirməmiş məktəbli bir qız ağ gəlinlik libası geyinərək şüursuz şəkildə gəlin olur, daha sonra ana olur və bununla da öz arzuları xəyalları məhv olub gedir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 176.1.2 maddəsinə əsasən nikaha daxil olmağa yaşı 18-dən aşağı olan qızların nikaha məcbur edilməsinə görə çox ciddi cəzalar gözləyir, belə ki, bu cür hallar baş verdikdə həmin şəxsə 4 ilədək azadlıqdan məhrum etmə cəzası verilir, Bu kimi halların baş verməməsi üçün bir çox maarifləndirmə tədbirləri həyata keçirilməlidir. İstər tibbi, istər mənəvi, istərsədə psixoloji cəhətdən yaş məhdudluğu nəzərə alınmalıdır. Bu işdə ən çox valideyinlər öz qızlarının yanında olub anlayış göstərərək təhsil almağa yönləndirməlidirlər."
Erkən nikah problemi ilə bağlı fikirlərini öyrəndiyimiz Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova isə aşağıdakı fikirləri səsləndirdi: "Erkən nikahların qarşısının alınmasının müxtəlif üsülları ola bilər. Vətəndaşlar arasında keçirilən maariflənmə kampaniyalarından tutmuş cəza tətbiqinə qədər ailə başçılarını bu hərəkətdən çəkindirmək mümkündür. Lakin ən əsas məqam ondan ibarətdir ki, bu üsulların içərisində xəbərdarlıq və məsuliyyətə cəlb etmə kimi cəza tətbiqi olarsa, valideynlər bu addımı atmaqdan çəkinərlər. Təbiidir ki, ucqar dağ ərazisində yaşayan bir şəxsə erkən nikahın uşağın psixologiyasına təsir etməsindən, gələcəkdə həmin uşaqdan doğulacaq uşağın da fiziki və əqli qüsurlu doğulmasından bəhs etsək də, həmin şəxs onu çətinliklə dərk edəcək. Lakin həmin şəxsə izah edilsə ki, bu addımı atsan, dövlət sənə bu cəriməni tətbiq edəcək və yaxud həbs oluna bilərsən, o zaman aydın məsələdir ki, heç kəs bu addımı atmaq istəməz, çünki dəmir barmaqlıqlar arasında ömrünü davam etdirməyi heç kəs arzulamır və bu səbəbdən də öz övladının erkən nikahına razılıq verməyəcəkdir. Hər bir halda, düşünürəm ki, ilk öncə həm dövlət strukturları, həm də QHT-lər tərəfindən bu yönümdə maarifləndirmə işləri başlanmalı, mütəmadi olaraq kəndlərdə tədbirlər keçirilməli, bu halların azalması istiqamətində addımlar atılmalıdır. Uşaqlar bizim gələcəyimizdir və hər bir uşağı biz cəmiyyətə elə şəkildə yetişdirməliyik ki, vətənə millətə xeyirli bir vətəndaş olsun."
Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun da fikirlərini öyrəndik. Sosioloq qeyd edir ki, mövcud problemlə bağlı humanitar siyasəti dəyişməyin zamanıdır: "Bu mövzuda dəfələrlə müzakirələr aparılıb, maarifləndirmə, təbliğat işləri görülüb. Bəs niyə bütün bunların nəticəsi yoxdur? Ona görə yoxdur ki, biz bu işi lazım olan səviyyədə görmürük, lazım olan işlər aparılmır. Mən Əhməd Qəşəmoğlu 20 ildir bununla bağlı haray salıram, SOS siqnalı verirəm, baxan yoxdur. Axı mən gənc sosioloq deyiləm, bu sahənin hər üzünü tədqiq edən və zamanında 5 il Milli Məclisin Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin rəhbəri olmuşam. Məsələ burasındadır ki, bu problemin qarşısını almaq üçün tamamilə başqa işlər görülməlidir. İndi görülən işlər sadəcə özümüzü aldatmaqdır. Valideynlər arasında qızlarını tez ərə verənlər arasında araşdırmalar aparmışam, erkən yaşda ərə gedən qızlarla da söhbətlər etmişik. Əvvəla bir çox qızları döyə-döyə ərə vermirlər. Elə qızlar var ki, onların dünya görüşü elə formalaşdırılıb ki, artıq 14-15 yaşından ərə getməyi arzulayır. Bir neçə dəfə Salyanda, Şamaxıda və digər rayonlarda bu cür halların qarşısını almağa nail ola bilmişik. Hesab edirəm ki, bu barədə dövlət tərəfindən aparılan humanitar siyasətdə dəyişikliklər olmalıdır, işlər fundamental şəkildə görülməlidir. Gündən-günə həssaslaşan, artan prosesi başdansovdu hansısa tədbirlər vasitəsi ilə həll etmək mümkün deyil. Bəzi valideynlər deyir ki "əgər mən qızımı oxutmayacamsa, onu niyə evə yük edim, elə indidən ərə verim". Amma məsələnin kökündə təkcə iqtisadi problem dayanmır. Sovet dövründə 50-60-cı illərdə də iqtisadi problemlər, çətinliklər var idi, amma o zaman hamı qızını ərə vermirdi, cəmiyyətdə elə bir ovqat var idi ki, qızlar oxumalıdır və qızların oxuması üçün köməkliklər edilirdi. Bunun üçün də bütün universitetlərin, texnikumların yataqxanaları var idi. Qızlar Bakıya gələndə onlar üçün yataqxanalar təşkil edilirdi. Amma indi valideynlər deyir ki, qızımı Bakıya göndərə bilməyəcəm, çünki mənzil kirayələməyə imkanım yoxdur. Doğrudan da hesablayanda mənzil kirayəsi, gündəlik yemək tələbatları üçün bir tələbəyə ayda 500-600 manat lazım gəlir ki, bu da kənd və rayonlarda olan yoxsul ailələr üçün əlçatmaz məbləğdir. Beləliklə, bunun üçün yerlərdə yoxsulluğun qarşısını almaq lazımdır".
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
"Qadınlar hər zaman məni incidib" - Navai
“Niyə tək olduğumu soruşursunuz, ətrafımda gözəl qadınlar çoxdur. Onlar hər zaman məni incidirdilər, amma mən qadın düşməni olmadım, əksinə onları daha çox sevməyi öyrəndim".
Ən çox oxunan xəbər məhz Rusiyada məşhurlaşan həmyerlimiz - müğənni Navainin (Nəvai Bəkirov) bu xəbəri olub.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, bu çıxarışa çıxardığımız sözləri Navai sosial şəbəkə hesabında yazıb.
İzləyicilərinin suallarını cavablandıran ifaçı qadınlardan bəhs edib:
"Kişilərdən inciyən hər bir qadına, özümüzə, bütün yaradıcılığımızı və heç olmasa onların həyatını asanlaşdırıb, onları çox incidən, qədrini bilməyən kişilərin kədərini, həsrətini aradan qaldırmaq istərdim. Axı, oğlanlar, siz qızları incidəndə onların əlləri dərhal başqa bəylərə yazmağa uzanmır. Onların əlləri öz bəylərinə qulaq asmağa uzanır. Bu isə bizik".
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Xocavənddə orta əsrlərə aid müsəlman qəbiristanlığı aşkarlanıb
Xocavənddə orta əsrlərə aid müsəlman qəbiristanlığı aşkarlanıb. Bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu məlumat yayıb. Və BakuTV süjet çəkib.
Qeyd olunub ki, ötən ilin oktyabrın 15-də İnstituta Xocavənd rayonu Ərəkül (Xətai) kəndi ərazisində insan qalıqlarının aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Məlumatı ərazidə fəaliyyət göstərən “Caspian Geomatic” MMC-nin əməkdaşları veriblər.
İnstitut rəhbərliyinin göstərişi ilə Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının əməkdaşı Vüsal Həsənov aidiyyəti qurumların nümayəndələri ilə bərabər əraziyə baxış keçirib. Aşkar edilmiş insan qalıqları Xocavənd rayonunun Ərəkül kəndinin şimalında, təbii təpəliklərin üzərində yerləşir. İnsan qalıqları Ərəkül kəndi ilə qonşu kəndləri əlaqələndirən torpaq yolun kənarlarında aşkar edilib.
Qeyd edək ki, torpaq yolun çəkilişi zamanı təpə üzərində olan məzarlıq ərazisi iki hissəyə bölünüb. Yolun üzərinə düşən qəbirlər zamanında dağıdılıb. Qəbiristanlığın üst torpaq səviyyəsi yoldan ortalama 3-4 metr yüksəklikdə yerləşir. Yolun hər iki kənarında, qərb-şərq istiqamətində ən az beş qəbir kamerasını divar kəsiyindən izləmək mümkündür. Su axıntılarından baş verən sürüşmə nəticəsində qəbir kameraları bir hissəsi tam, digərləri qismən dağılıb.
Qəbiristanlığın dövrünü və dəfn adət-ayinlərini müəyyən etmək məqsədi ilə divarda izlənən qəbirlərdən biri arxeoloq tərəfindən açılıb. Məlum olub ki, sürüşmə prosesində skeletin kəllə sümüyü itirilsə də, digər sümüklər anatomik şəklini qoruyub. Yaşlı insana aid olan qəbirdə dəfn islam qaydalarına uyğun həyata keçirilib. Qəbir mövcud torpaq səviyyəsindən 2.10 m. dərinlikdə yerləşir.
Arxeoloq-antropoloq Vüsal Həsənov tərəfindən skeletlərin ilkin müayinəsi zamanı, məzarlığın Orta əsrlərə (XIII-XV) aid olduğu müəyyən edilib.
Qəbirlərin heç birində yerüstü əlamətlər müşahidə edilmirdi. Kamera indiki torpaq səviyyəsindən 40-50 sm aşağıda yerləşir. Bu da onu deməyə əsas verir ki, uzun zaman ərzində təpəliklərdən gələn axıntılar yeni torpaq qatı formalaşdırıb. Qəbirlərdə yerüstü əlamətlərin olmaması səbəbindən, bu məzarlar diqqətdən kənarda qalıb.
Xatırladaq ki, Ərəkül kəndində ermənilərə məxsus qəbiristanlıq XIX-XX əsrlərə aiddir. Bu, onların yuxarıda qeyd edildiyi kimi, XIX əsrin 40-cı illərində burada məskunlaşdırılması ilə bağlıdır. Əldə edilmiş dəlillər müsəlman əhalinin bu ərazidə ermənilərdən çox-çox əvvəl yaşadığını sübuta yetirir. Gələcəkdə abidədə nəzərdə tutulan arxeoloji tədqiqatlar yaşayış məskəninin meydana çıxma tarixi, məzarlığın yaşı və bir sıra sosial-iqtisadi məsələlərə aydınlıq gətirə bilər.
Xocavənd rayonunun Ərəkül kəndi müxtəlif vaxtlarda Hərəkül, Qara Quzey, Arakel adları ilə tanınıb. Tarixi məlumatlara əsasən kənddə 1840-ci ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşıb. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Burhan Çaçan vəfat edib
Türkiyənin məşhur xalq musiqisi ifaçısı Burhan Çaçan dünyasını dəyişib.
62 yaşlı sənətçi İstanbulun Florya səmtindəki evində ürəktutmadan vəfat edib. Bu barədə “Ədəbiyyat və incəsənət” Haber7-yə istinadən məlumat verir.
1981-ci ildə ilk albomunu çıxaran Burhan Çaçan “Sefa geldin”, “Ben yarime neler alayım”, “İpek mendil”, “Memik oğlan”, “Ayaz geceler”, “Yağ yağmur” və “Vurun dalgalar” adlı albomları ilə musiqi dünyasında tanınıb.
Sənətçi həmçinin “Ağlama”, “Her yer karanlık”, “Ayaz geceler” və “Yağ yağmur” adlı filmlərdə də rol alıb.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Hüseyn Arifin lətifəsi
Yanvar ayında mədəniyyət sahəsini əhatə edən lətifələrin təqdimatını davam etdiririk. Budəfəki qəhrəmanımız Xalq şairi, baməzəliyi ilə ad çıxarmış Hüseyn Arifdir.
Hüseyn Arif yazar dostlarından birinin övladı ilə görüşüb hal-əhval tutur:
- Nə var nə yox, atan necədir?
- Çox sağ olun, indi yaxşıdır. Yaman xəstələnmişdi. Qan təzyiqi, ürək bir-birinə qarışmışdı. Həkimlər güclə qurtardılar.
Dostunun övladı gözləyir ki, Hüseyn Arif ona ürək-dirək verəcək. Amma əvəzində qəribə “təskinlik” eşidir:
- Mənim başım qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər elə.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bazar günü YARAT-da
YARAT yenə də maraqlı layihələri ilə sevindirəcək. Yanvar ayı ərzində “Little YARAT” layihə çərçivəsində ustad dərsləri təşkil olunacaq. “Evim” adlı ustad dərsləri yanvarın 15-dən start götürəcək. Ustad dərsinin iştirakçıları öz evlərinin xarici görüşünü təhlil edəcəklər və xatirələrini canlandıraraq onu kağız üzərində boyalarla çəkəcəklər.
Yanvarın 22-də isə mövzu “Günəş sistemi” olacaq. Ustad dərsində ilk növbədə iştirakçılar Günəş sistemi ilə tanış olacaqlar, daha sonra planetlərin çalarlarını təhlil edib, onları müxtəlif texnikalarla təsvir edəcəklər.
Yanvarın 29-da isə mövzu “Saat neçədir?” olacaq. İştirakçılar, gün ərzində zamanı necə idarə etdiklərini və hansı fəaliyyətlər ilə məşğul olduqlarını əks etdirən karton saat yaradacaqlar.
Ustad dərsi 4-7, 8-12 yaşarası uşaqlar arasında keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Təkcə həyat yoldaşı yox, həm də əqidə, məslək, düşüncə, mübarizə yoldaşı
“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın Azərbaycanın ilk maarifçi qadınlarından olan Hənifə Məlikovaya həsr olunmuş “Adı kimi: həqiqi, əsl, xalis, təmiz” yazısını oxucularına təqdim edir.
Hənifə Məlikova Azərbaycanın ilk maarifçi qadınlarından olan, xeyriyyə cəmiyyətinin yaradıcısı kimi milli mədəniyyət tariximizdə ehtiramla yad edilən xanım aydınımızdır. Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin xətti ilə gördüyü işlər, qadınlarımızın maariflənməsi, maddi və mənəvi qayğı ilə əhatə olunması, onların hüquqlarının müdafiəsi, cəmiyyətdə layiqli yer qazanmaları üçün Hənifə xanımın xidmətləri danılmazdır. O, həmçinin XX yüzilin ictimai qurumları içərisində ünlü olan – xalqımıza mədəni xidmət göstərən “Nicat” cəmiyyətinin yaradıcılarından biri olub.
Hənifə xanım Həsən bəy Zərdabinin – Rusiya çarından ana dilimizdə qəzet çapı üçün icazə almağı bacaran, Azərbaycan mədəniyyətini ilk mətbu orqanı ilə taclandıran, millətimizin maariflənməsi yolunda böyük fədakarlıqlar göstərən, “Əkinçi” qəzeti ilə mədəniyyət və ədəbiyyatımızın yolunda mayak olan görkəmli bir ictimai xadimin həyat yoldaşı idi. “Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır”,- deyən Həsən bəy Zərdabinin bütün bu çətinliklərin öhdəsindən gəlməsində Hənifə xanımın böyük mənəvi dəstəyi olub. O, 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrinə bütün gücü ilə əmək sərf etmiş, maddi-mənəvi sıxıntılara, ictimai təzyiqlərə qarşı ömür-gün yoldaşı ilə birgə mübarizə aparıb.
Bu üfüqügeniş aydınlar ailəsi 1880-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açmış, dönəmin cəhalət mühitinə, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara savad vermiş, elm yolu göstəriblər.
Gözəl, nəcib, sədaqətli və dəyanətli Hənifə xanım millətimizin və ailəsinin yolunda böyük fədakarlıqlar göstərib. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də əqidə, məslək, düşüncə, mübarizə yoldaşı olub. Hənifə xanım 16 il Həsən bəylə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşadığı illərdə belə öz əqidəsindən, milli-mədəni inkişafımız uğrunda inadla mübarizə yolundan dönməyib.
Tələbələrin təhsil xərclərini ödəmək üçün həyat yoldaşının yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti uğurlu alınmasa da, Həsən bəyin çətinliklə 1600 manata qədər pul toplayıb bu vəsaitin faizi ilə ildə bir-iki nəfərin təhsil haqqını ödəməsi Hənifə xanımı fədakar aydınlar sayəsində millətinin gələcək rifahına inandırmışdı. Həsən bəy öz mənzilində pansionat açıb hər il on nəfər azərbaycanlı uşağa təhsil verərək, onları gimnaziyaya hazırladığı vaxtlarda Hənifə xanım ona ən böyük dayaq olmuşdu. Bu uşaqların qayğısına qalan Hənifə xanım təlim-tərbiyə işlərində həyat yoldaşının ən yaxın köməkçisi idi. Bütün bunlar millətin inkişafı üçün böyük vətənpərvərlikdən, işıqlı amallardan irəli gəlirdi.
Hənifə Məlikovanın adı Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşüb. O, 1909-1919-cu illərdə Bakı şəhər dövlət birinci Rus-Tatar, yəni Rus-Azərbaycan Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq Azərbaycan qadının inkişafında önəmli rol oynayıb. Bir pedaqoq, maarifçi ziyalı kimi böyük hörmət və nüfuz qazanmış Hənifə xanım dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən idi.
Hənifə xanım xatirələrində yazır ki, 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız Məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra onun adını burada görən Həsən bəy Zərdabi təhsilli bir qızla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu başa düşən Həsən bəy onunla birgə həyat yoluna çıxmağa qərar verir. Evlənmək qərarı verən gənclər valideynləri uzaqda olduğu üçün evlilik xeyir-duasını da Müqəddəs Nina Qız Məktəbinin himayədarı, knyagina Olqa Fedorovnadan alırlar..
Çətinliklərlə dolu birgə ömür yolunda Hənifə xanım Həsən bəy Zərdabinin ən yaxın dostu, məsləkdaşı olur, bütün həyat məsələlərində, eləcə də ictimai vəzifələrin həllində həmfikir və mübarizə yoldaşı kimi birlikdə qərar veriblər. 1872-ci ildə qurulan ailə bağları əqidə, fikir dostluğu, çətin günün həmdəmliyi ilə daha da möhkəmlənib. Pəri, Qəribsoltan adlı iki qızı və Midhət, Səffət adlı iki oğlu olan ailə, bütün Azərbaycan övladlarını öz doğması bilib, onların təhsilinə və təlim-tərbiyəsinə himayədarlıq etməkdən zövq alıb.
XIX yüzilin əvvəllərində Bakıda yaradılan onlarca xeyriyyə cəmiyyəti, maarif-mədəniyyət ocaqları məhz belə aydınların milli tərəqqi uğrunda mübarizəsinin nəticəsi kimi meydana çıxıb. Hənifə Məlikovanın böyük səyi və zəhməti ilə yaradılan “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti” də bunun bariz örnəyi kimi diqqəti cəlb edib. Bu kimi xidmətləri Hənifə xanımın adını, onun maarifçilik fəaliyyətini Güney Qafqazın demokratik dairələrində geniş şəkildə məşhurlaşdırmış, adını rəsmi hökumət idarələrində tanıtmışdı.
Onun həyatı bir-birindən çətin sınaqlar, hətta bəzən təqiblər, təzyiqlərlə keçsə də, bir an belə öz missiyasını unutmamış, xalqı cəhalətdən xilas etmək, təhsilli insanların sayını artırmaq yolunda inadlı mübarizəsindən çəkinməyib. O, özü bu haqda yazırdı: “Həyatımın məqsədi – bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır”.
Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işlədiyi vaxtlarda da bu məqsədi həyata keçirmək üçün bütün qüvvəsi ilə çalışır, daha çox türk-müsəlman qadını təhsilə cəlb etmək istəyib. Həyat yoldaşı və məsləkdaşı Həsən bəy Zərdabi haqqında yazdığı memuarda isə bu yolun nə qədər məşəqqətli olduğunu, çar Rusiyasının təbəəsi olan müsəlman xalqların inkişafına hər cür maneələr yaradıldığı bir vaxtda maarifçilik uğrunda mübarizənin çətinliyini görürük. Hənifə xanım ömrünün sonunadək bu çətinlikləri dəf etmək yolunda Həsən bəylə yanaşı addımlayıb. 1929-cu ildə Vətəninə, millətinə həsr etdiyi mənalı ömrü başa çatan Hənifə xanım Bakı şəhər qəbiristanlığında dəfn edilib, lakin ömür yolunda qoşa addımlayan bu iki böyük insanı vəfatından sonra zaman yenə birləşdirib, Hənifə xanımın cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına, Fəxri xiyabana köçürülüb.
Professor Abbas Zamanov universitetdə tələbələrinə iki xanımın milli maarif və mədəniyyətimizin inkişafında unudulmaz xidmətlərindən bəhs edərdi. Onlardan biri Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva- Məlikova, digəri Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadə idi. Professor xüsusi vurğulayıb ki, bu xanım aydınlardan birinin “Əkinçi” qəzetinin formalaşmasında, digərinin “Molla Nəsrəddin” jurnalının davamlı nəşrində əvəzsiz xidmətləri olub.
Qaynaqlarda göstərilir ki, Hənifə xanımla Həsən bəy övladlarının dördünə də yüksək təlim-tərbiyə verilib – bu aydınlar ocağının uşaqları Almaniyada, Rusiyada ali təhsil almış, Azərbaycanın layiqli aydınları olaraq yetişmiş, vətənə xidmət ediblər. Ailənin böyük qızı Pəri xanım ailəsi ilə birlikdə Vətəndən uzaqlarda mühacir ömrü yaşamaq məcburiyyətində qalıb. Pəri xanım mühacirətdə olduğu Fransada 1947-ci ildə dünyasını dəyişib, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı dostu və həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn edilib. Hənifə xanımın digər qızı Qəribsoltan ailə həyatı qurmamış, ömrünü maarifə, elmə həsr etmiş, Azərbaycanın Əməkdar müəllimi kimi ata-anasının yolunu şərəflə davam etdirib. Ailənin böyük oğlu Midhət bəy Məlikov Lənkəranda öz hesabına Xanbulançay üzərində su elektrik stansiyası qurmaq istəyində olub, elə buradaca iş başında ikən qolları qandallı Bakıya gətirilib güllələnib. Kiçik oğul Səffət bəy ixtisasca memar olub, Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı kimi Türkiyədə siyasi fəaliyyət göstərib və ömrünün sonunadək də qardaş ölkədə yaşayıb.
Hənifə xanım Bakıda tək-tək görünən çadrasız müsəlman qadınlarından biri idi. Bakıya özü ilə maarifçilik işığı gətirən bu qadının cəsarəti, mənəvi gücü çoxlarını hərəkətə gətirmiş, təhsil alan qadınlarımızın sayını artırmışdı. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım başladığı maarifçilik yolunda böyük əzab-əziyyətlərlə qarşılaşsa da, həmişə öz kübarlığı, nəcib dəyanəti, mətanəti ilə seçilib. Birdən-birə ağır təzyiqlər mühitinə düşən xanım aydına, eləcə də həyat yoldaşı Həsən bəyə qarşı qəddar hücumlar günbəgün artsa da, bu parlaq şəxsiyyətlər sarsılmayıb. Sanki bu fədakarlığa özlərini öncədən hazırlamış kimi qətiyyətli duruşları vardı. Bədxahlarının hücumu isə əsla ara verməyib. Çünki yaxşı bilirdilər ki, Hənifə xanımın öz evindəki kiçik pansionunda tərbiyə etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin, özü də lap yaxın gələcəyin maarif işığını yandıracaqlar. Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: “Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Uşaqlar onun ümid və iftixarı idi”.
Gənc azərbaycanlı aydınların yetişməsindən imperiya hakimiyyətinin, çar rejiminin rahatsız olduğu bir dönəmdə hər hansı bir maarifpərvər cəhdin qarşısı alınmaqdaydı. Təsadüfi deyil ki, hakimiyyət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq, habelə “Əkinçi” qəzetinin nəşri ilə bağlı müraciətinə uzun illər boyu müsbət cavab verməyib. Hənifə xanım bu münasibətlə yazırdı: “Cəmiyyətin təşkilinə icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu... Hökumət adamlarının Həsən bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər”.
Hənifə xanım öz evində uşaqlara dərs deməklə yanaşı, kənd-kənd, ev-ev gəzib qadınlara dərzilik, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, qadın məsləhətxanaları təşkil edirdi. Onun vaxtında tibbi müdaxiləsi Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas edib.
Həsən bəyin ən böyük arzularından biri Bakıda müsəlman qız məktəbinin açılması olub. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə qız məktəbinin binası tikilib başa çatanda buna ən çox sevinən aydınlardan birincisi Həsən bəy idi. Amma bu məktəbdə müdir və müəllim kadrlarının təyin olunması böyük bir çətinlik kimi ortaya çıxıb. Savadlı müsəlman qadın demək olar, yox idi. Eyni zamanda, bu məktəbə şagirdlərin cəlb edilməsi də çətin məsələ idi. Ailələr öz qızlarını məktəbə göndərməyə cəsarət etmirdi. Hətta buna cəsarət edən tək-tək adamları da qaragüruh bildiyi kimi cəzalandırırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz qıldığı yerdə öldürüblər. Belə bir cəhalət ortamında Hənifə xanım kimi aydınların işə başlaması xüsusi cəsarət tələb edirdi. Hənifə xanım ürəklə qız məktəbində müdir işləməyə razı olur və fəaliyyəti dövründə burada təhsil alan qızların mənəvi anasına çevrilib. Onun sayəsində Bakı Müsəlman Qız Məktəbi savadlı, istedadlı qadınların yetişdiyi bir maarif ocağı olub. Beləliklə, nəinki Azərbaycanda, eləcə də bütün İslam aləmində ilk dünyəvi qız məktəbinin açılması Həsən bəy Zərdabinin təşəbbüsü və Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə baş tutursa, onun inkişafı, layiqli qadın aydınlar yetirməsi Hənifə xanımın zəhməti hesabına gerçəkləşib.
1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı”nın yaradılması da qadının cəmiyyətdə rolunu artırmaq məqsədi daşıyırdı. Xeyriyyəçi Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın başçılıq etdiyi bu təşkilat az bir zamanda böyüyüb “Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti”nə çevrilib. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və Rus-Türk (Azərbaycan) Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq, Azərbaycana mədəniyyət tariximizdə önəmli yer tutan aydın qadınlar qazandırıb. Beləliklə, Hənifə xanım Məlikova ömrünü Vətəninin, millətinin ömrünə bağlayan, ümummilli maraqları şəxsi taleyindən öndə görən fədakar bir aydın ömrü yaşayıb.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Sabah “Ölülər” nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa sabah - yanvarın 14-də növbəti dəfə nümayiş olunacaq.
Tamaşanın bir özəlliyi də var: tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olacaq.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)