
Super User
Şad xəbər: Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin dam örtüyü bərpa edilir
Cümə gününün ikinci yarısında əsən güclü külək ölkənin bir sıra bölgələrində fəsadlar törətdi, o cümlədən elektrik xətlərinə, binaların dam örtüyünə zərər vurdu. Güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini də uçurtdu. Bundan əlavə, muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətlər də qırıldı.
Mədəniyyət Nazirliyindən şad xəbər gəlib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hadisə baş verdikdən sonr qurum tərəfindən dərhal verilən tapşırığa əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri tərəfindən ev-muzeyə baxış keçirilib, binaya və elektrik təsərrüfatına dəymiş zərər qiymətləndirilib.
Yanvarın 14-də muzeyə elektrik enerjisinin verilişi bərpa edilib. Binanın dam örtüyünün bərpası ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, görkəmli şair, dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) Xızıdakı ev-muzeyi ədibin həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey olaraq dövlət qeydiyyatına alınıb. 1999-cu ildə muzeydə yenidənqurma işləri aparılıb, 2019-cu ildə isə muzeydə təmir-bərpa işləri görülüb. Muzeyin ekspozisiyasına ümumilikdə 500-dən çox eksponat - C.Cabbarlının ailəsinin məişət əşyaları, ədibin kitabları, əsərlərinin tamaşalarından fotoşəkillər, arxiv sənədləri və s. daxildir.
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)
Rusiyada Ukrayna müharibəsinə qarşı çıxan mədəniyyət xadimlərinə sanksiyalar tətbiq edilib
Rusiyanın mədəniyyət xadimlərinin Ukraynaya qarşı təcavüzkar müharibəni pisləmələri get-gedə xarakterik hal alır, ancaq onlara qarşı get-gedə hakimiyyət daha sərt təpki göstərməkdədir. Bu xəbərə diqqət edək: Xalq artisti Dmitri Nazarov və həyat yoldaşı Olqa Vasilyeva Çexov adına Moskva İncəsənət Teatrından qovulublar. Teatrın bədii rəhbəri Konstantin Xabenski onların işdən çıxarılmaları barədə əmr imzalayıb. Səbəb elə qeyd etdiyimiz səbəbdir.
“Ədəbiyyat və incəsənət” portalı Mk.ru saytına istinadən xəbər verir ki, işdən çıxarılmaya səbəb Nazarovun Rusiya Federasiyasının Ukraynada apardığı müharibə və onun “anti-Rusiya əhval-ruhiyyəsi” ilə bağlı açıq açıqlamaları olub.
Məlumata görə, Xabenski işdən çıxarılmazdan əvvəl Nazarovla “müzakirə aparmağa çalışıb”, lakin aktyorun “YouTube”da müsahibəsini görəndən sonra “Kuxnya” (Mətbəx) serialının ulduzunun və onun kimi anti-Rusiya mövqeyini gizlətməyən həyat yoldaşının işdən çıxarılmasına qərar verib.
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)
Entoni Robbins. «Özündə nəhəngi oyat” - Adi insanı uğurlu insana çevirən kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Entoni Robbins. «Özündə nəhəngi oyat»
Dünyanın ən tanınmış motivasiya spikerlərindən olan, layf-kouçinqin (mütəxəssislə ondan bilgi almaq zərurəti duyan insanın lazımi nəticə alanadək peşəkar münasibətləri) banilərindən biri hesab olunan Entoni Robbins özü həyatda hər şeyi sıfırdan başlayıb, motivasiya kitablarını öz həyat təcrübəsinə əsasən yazıb. Entoni Robbinsə görə hər bir insan içində yatan enerjini oyatmalı, arzularını, hətta ən fantastik olanları belə reallaşdırmalıdır. Entoni Robbins tövsiyyə edir ki, böyük hədəfləri vurun, heç nəylə kifayətlənməyin. Ən vacibi – özünüzə güvənin, deyin ki, mən bunu bacaracağam!
«Hər gün öz üzərinizdə səylə çalışın, zərərli vərdişlərdən, səhv qənaətlərdən qorunun», - deyir spiker.
Entoni Robbins belə bir deviz də təklif edir: «Öz emosiyalarınızı özünüzə müttəfiq edin». Onun təklif etdiyi digər deviz isə belədir: «Arzulamaqdan dərhal real işə keçin!»
Oxucularıma onu da söyləyim ki, Entoni Robbinsin kouçinq seanslarının (konsaltinq və treninq metodudur ki, kouç öz tələbəsinə konkret hədəfi vurmağı öyrədir) astronomik qiyməti var: 1 milyon dollar!!! Və bu prosedura arzulayanlar 2 il öncədən yazılırlar. Onun müştəriləri arasında isə bir görün kimlərə rast gələcəksiniz: Bill Klintona, Andre Aqasiyə, Opra Uinfriyə... Prezidentliyədək yüksələn siyasətçi, ən yüksək kürsülərdən düşməyən dünyaşöhrətli idmançı, dünyanın ən nüfuzlu qadınları reytinqində yer alan ən məşhur televiziya aparıcısı və şoumen...
Bu sırada tarixdə SSRİ dövlətinin, kommunizmin süqutunun memarı hesab edilən sonuncu SSRİ prezidenti Mixail Qorbaçovu da görmək olar, əziz oxucularım.
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)
Görkəmli şair Nazim Hikmətin doğum gününə
Ötən gün - yanvarın 15-i türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüydü. Növbəti yazı bu barədədir.
XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir.
Nazim Hikmət 1902-ci il yanvarın 15-də Saloniki şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib.
Şairin “Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması “Neft dünyasına səyahət” - Bakı neftçilərinə həsr olunub.
1928-ci ildə şairin ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - “Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb.
Onun şeirləri içərisində xüsusi yer tutan “Bayram oğlu”, “Arpa çayının iki yanı”, “Xəzər”, “Neftə doğru” əsərlərinin mövzusu Azərbaycanla əlaqədardır. 1929-1932-ci illərdə yazdığı “835 misra”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitabları, “Jakonda” poeması, “Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. 1936-cı ildə yazmış olduğu “Alman faşizmi və iraq nəzəriyyəsi” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edib, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırıb. Həmin il şairin Türkiyədə sonuncu şeirlər kitabı - “Şeyx Bədrəddin haqqında dastan” nəşr olunub. Dastanda orta əsrlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs edir.
Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Həbsxanada məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazıb. 1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Moskvaya köçüb. Bu dövrlərdə “Türkiyədə”, “Qərib adam”, “İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə alıb.
Nazim Hikmət həm də istedadlı nasir idi. “Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.
Böyük ədibin yaradıcılığında dram əsərləri də mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub.
Şair ikinci dəfə Bakıya 30 il sonra gəlib. Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.
N.Hikmət 1963-cü ildə Moskvada vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)
Pianoçumuz ABŞ-da solo konsert proqramı ilə çıxış edib
Vaşinqtonda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Əməkdar artist Nərgiz Əliyarovanın “İpək Yolunun musiqisi” adlı solo konserti təşkil olunub. Kennedi Sənət Mərkəzində keçirilən konsertdə əvvəlcə Nərgiz Əliyarova Azərbaycanın zəngin musiqisindən bəhs edərək, dünya incəsənətinə bəxş etdiyi əvəzolunmaz töhfələrdən söhbət açıb.
“Ədəbiyyat və incəsənət” portalı Nərgiz Əliyarovanın mediaya verdiyi açıqlamasına istinadən xəbər verir ki, gecədə pianoçu Azərbaycanın tanınmış bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Firəngiz Əlizadə, Lalə Cəfərova və Faiq Sücəddinovun, eyni zamanda, xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirib.
Qeyd edək ki, konsert proqramı müxtəlif ölkələrdən olan sənətsevərlər və ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)
Günün fotosu: Avropa kosmosa çıxır
İsveçin Esreync raket poliqonu müxtəlif rekonstruksiyadan sonra kosmik poliqona çevrilib və gələn ilin ilk rübündə ilk Avropa kosmik gəmisi kosmik fəzaya uçacaq.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bazar günü “Qaraca qız” Şuşa Teatrının səhnəsində nümayiş olunacaq
Yanvarın 14-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Sani Axundovun qələmə aldığı “Qaraca qız” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.
Qeyd edək ki, uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti səhnə əsərində daha mənalı şəkildə əks olunub. 1948–ci ildə Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bir “Kəpənək” sevdalısı
Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür
Mirzə Babayev mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.
Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayevin vəfatının 20-ci ildönümündə sənətkarın həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin bütöv bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı.
Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açmışdı. 1935-1940-cı illərdə Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdı. Böyük Vətən müharibəsinin başlanması onun gələcək həyatını büsbütün dəyişdi: cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçı rəğbəti qazandı.
Müğənni müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi zirvələrə qaldırıb.
Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. O, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni zamanda, otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?” filmində isə Tərlanın mahnısını səsləndirib.
Müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. “Dərviş Məstəli şah”da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də Dərviş obrazlarını məharətlə yaradıb. “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” filmlərindəki maraqlı və rəngarəng obrazları kino tariximizə həkk olunub.
Sözsüz ki, Mirzə Babayevin fəaliyyətində əsas yeri müğənnilik tutur. Məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə üç diski çıxıb, 1999-cu ildə isə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) solo konsert verib. Onun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib: Xalq artisti fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, “Şöhrət” ordeni ilə təltif edilib.
Mirzə Babayev Azərbaycan estradasının ən uzunömürlü müğənnilərindən biridir. Söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. Müsahibələrinin birində deyirdi: “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam”. Amma ömrünün 90-cı ilində səhhətində gözlənilməz problem yaşandı və 2003-cü il yanvarın 13-də bənzərsiz sənətkarımızı itirdik.
Bəlkə də çoxları bilmir ki, o, həm də memar idi. Bakı şəhərində, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və başqa şəhər və rayonlarda onun layihələrinə əsasən binalar tikilib.
Kimlər gəldi, kimlər getdi bu dünyadan,
Arif olan nakam getməz bu dünyadan...
Bəstəsi Soltan Hacıbəyova, sözləri Zeynal Xəlilə aid olan bu möhtəşəm mahnını çox müğənnilər ifa edib. Amma onu Mirzə Babayev qədər ürəkdən, yanğılı oxuyan olmayıb. Mahnıda deyildiyi kimi, bu dünyadan nakam getmədi. Həm sənətkar, həm də insan kimi şərəfli bir ömür yaşadı. İllər, qərinələr keçəcək, lakin Mirzə dayının ürəyəyatımlı səsi, bənzərsiz ifası yenə könülləri oxşamaqda davam edəcək.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Sabah Rafet El Romanın konsertidir
Sabah Heydər Əliyev Sarayında məşhur türk ifaçısı Rafet El Roman konsert proqramı ilə çıxış edəcək.
Sevilən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Qeyd edək ki, artıq konsertin bütün biletləri satılıb.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bakıda “Suşini sevirəm” adlı sərgi açılacaq
Yanvarın 14-dən 22-dək Daş Salnamə Muzeyində Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Suşini sevirəm” adlı sərgi açılacaq.
Səfirliyin yaydığı məlumata görə, “Suşini sevirəm” sərgisində Yaponiyanın tarixi və mədəniyyətinin bir hissəsinə toxunmaqla yanaşı, təkcə Yaponiyada deyil, bütün dünyada sevilən suşinin füsunkarlığı, balıq fiqurları, təamların nümunələri, videolar və interaktiv görüntülər nümayiş olunaraq çoxşaxəli şəkildə ziyarətçilərə təqdim olunacaq.
Qeyd edək ki, UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilən suşi (vaşyoku) Yaponiya mətbəxində əsas rol oynayır və gözəlliyi, dadı, həmçinin sağlam qida baxımından dünyanın bir çox ölkələrində sevilərək, tanınır. 1000 ildən çox tarixi olan suşi Yaponiyanın təbiətinə, iqliminə və həyat tərzinə uyğun olaraq unikal dəyişikliyə məruz qalıb. 200 il əvvəl Edo dövründə ilk olaraq “nigari-zuşi” yaranıb.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)