
Super User
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tamaşada Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək. Musiqi Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunacaq.
İki hissəli tamaşada Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, İsgəndəri isə Əməkdar artist Anar Heybətov canlandıracaq. Eləcə də səhnəyə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.
*
Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi əsərdir. Ulu öndər özü müsahibələrində belə deyirdi: “Yuxarı siniflərdə oxuyarkən mən teatra böyük maraq göstərir, tez-tez yerli dram teatrının tamaşalarına gedib baxırdım... Beləliklə, teatrımız Mirzə Cəlilin "Ölülər" pyesini tamaşaya qoydu və mən də böyük məmnuniyyətlə bu tamaşaya bir neçə dəfə baxdım. "Ölülər" pyesi dərin fəlsəfi əsərdir. Öz fəlsəfi siqlətinə görə, o, Azərbaycan ədəbiyyatının dramatik əsərləri arasında ilk cərgədə durur. Eyni zamanda onu digər əsərlərdən fərqləndirən cəhət dərin milli ruhu, xəlqiliyidir... Mən Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, "Ölülər" kimi əsəri heç kim yarada bilməyib. Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir..."
*
Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırırdı. Müntəzəm olaraq teatr tamaşalarını izləyən ümummilli lider yaradıcı heyətlə görüşüb, öz tövsiyə və tapşırıqlarını verirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində isə Heydər Əliyev Mərkəzində silsilə teatr tamaşalarının nümayişi nəzərdə tutulur.
“Ölülər” tamaşasına biletləri Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
“Dərdin varsa, dərdini də sevəcəksən...” – Günel Balakişinin şeirləri
Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Günel Balakişi qızı Ağayeva (Günel Balakişi)
1986-cı ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Nizami Gəncəvi adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyini bitirib. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində bakalavriat, 2010-2012-ci illərdə isə Sumqayıt Dövlət Universitetində magistratura pilləsi üzrə ali təhsilə yiyələnib.
Şeir yazmağa orta məktəbdə illərində başlayıb. İlk şeiri 3-cü sinifdə oxuyarkən məktəbin həftəlik divar qəzetində yer alan “Ana laylası” şeiri olub.
“Ulduz” jurnalında, “Manera.az” ,”Adalet. az” portallarında, “Ədəbiyyat” qəzetində şeirləri yayımlanıb.
Sevgi lirikası... Əbədiyaşarlıq qazanmış janr... Güneldə ayrılıqlar yarası hələ qaysaq bağlamamış ayrılıqlardır, oxuduqca sənə də siyarət edir, səni də göynədir.
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi? –deyir o. Çox içdən deyir.
Uzaqlar
Bilsəydim, çoxdan gedərdim.
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...
Deyirdin, qiymətli olur ara-sıra, qəfil gəlib,
qəfil gedən qonaqlar.
Sözünü yerə salmadım,
səssiz olur, əziz olur sözə baxan uşaqlar.
Mən də getdim, elə getdim...
Barmağımın uclarında hələ də küt ağrı var.
Səs etmədən, ayrılıqdan söz etmədən, gurultusuz:
Qırıb-töküb yox etmədən,
nəyim var ki, o komada mənim səndən başqa onsuz...
Uşaqlardan söz açmışkən, sən mənimlə çox oynadın...
Gah oynatdın, gah da atdın...
Daha sənlə oynamıram.
Oyun bitib, mən getmişəm.
Mən gedəndə yuxudaydın, oyatmadım...
Oyananda ağlamısan,
Oyuncağı axtarmısan...
Sinəmdədir, gizləmişəm,
Mən hamıdan, mən hər şeydən gizlənmişəm...
Bilsəm elə, ən birinci elə səndən gizlənərdim.
Bilsəydim, çoxdan gedərdim.
Ən azından bilərdim ki, məni gəzən,
Mənim üçün qəribsəyən bir uşaq var...
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar!
Sənsiz olmur
Darıxıram, sənsiz olmur.
Olur, amma, sən, bilmirsən
Sənsiz olmaq necə olur...
Necə deyim, anlayarsan?!
Bax, məsələn, yağsız, duzsuz yemək kimi.
Susuz balıq,
Labirint yol,
Tərk edilmiş yaşlı, qoca...
Yetim qalmış uşaq kimi -
Belə olur sənsiz olmaq.
Bax, məsələn, bu aralar, aynadan da yan gəzirəm -
Utanıram, gözlərimlə üzləşməyə.
Mən o qədər sən olmuşam:
Gec qalmışam, səni mənə dəyişməyə
Nə gülüşüm həmin deyil,
Nə yerişim həmin deyil -
Səmtimi də itirmişəm,
Hara gedim, kimə gedim?
Əynim nazik dolaşıram
küçələri sabah-axşam veyil-veyil...
Qollarını aparmısan,
Qoy üşüyüm.
Yatağı da yığmamışam -
səndən sonra buzdur yorğanım, döşəyim.
Hər gecənin sabahı var...
İstəmirəm!
Sənsiz gələn sabahları, istəmirəm.
Sevdiyimlə sınamağı, savabları istəmirəm...
Günahları istəyirəm,
Yetər ki, gəl...
Günahınla, savabınla, yetər ki, gəl...
Darıxıram!
Sənsiz olmur...
Olur, amma...
İndi, bildin sənsiz olmaq necə olur?
Belə olur, sənsiz olmaq,
Olsa, olsa belə olur!
Dərdin varsa
İnsan kimi sürünmədən yaşamaqmı istəyirsən?
Dərdin varsa, dərdini də sevəcəksən,
Əyləncəyə çevirərək....
Başa gələn başmaqçıyam, dərdin varsa, qol-qanad aç
Misal üçün: dur, rəqs elə....
Bacarmırsan, bir şeir yaz,
Yaz dərdini kağız elə.
Vərəq-vərəq yaz, sonrasa, elə cır ki,
taleyinin yazısını
Tikə -tikə, xırda-xırda....
Dərdini çox böyütməye,
Keçmişinin tozu kimi, üfür yelə...
Suallar ver öz-özünə, öz-özünə müsahib ol,
Pıçıldama ürəyində, çölünə tök içindəkin,
Utanmadan, çəkinmədən, lap ucadan...
Hünərli ol, demə baxan dəli deyər
Sənin dərdindən, mənə nə?
Mənim dərdimdən, sənə nə?
Baxana nə?
Görənə nə?
Kənara nə?
Kənar gəzsin kənardakı....
Büdrəsən də, zəifləmə, zəif olma,
Suçlayacaq "yanındakı".
Qalx ayağa, dərdin varsa, mahnı oxu
Fırça götür, çək dərdini rəsm elə....
Nə edirsən elə,
Amma.........
Aman-aman, yıxılma ha
Sən həmişə belə oldun,
Əyrisəndə....
Düzəlməzsən, nə edirsən səhv edirsən
Düz etmirsən,
Rəzilsəndə.....
Ahlarınla, ohlarınla, yorucusan
Məsum rolu oynama heç,
Əkdiyini biçirsən, sən
Doğru mənəm, yalnış sənsən
Bilirsənmi, kim deyəcək, bax, bunları?
Kim daha çox baltalayar, yorulanı, yıxılanı?
Sənin canın, qanın olan yaxınların......
Güldün, elə?
Güldün, elə?
Əhsən sənə.....
Dərdin varsa, dərdini də sevəcəksən,
Əyləncəyə çevirərək, gülə-gülə...
Bax, belə...
Bax, belə!
Bizim üçün darıxmışam
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki, bu aralar...
Duysan....
Görsən.... Dönərsənmi?!
Elə yorub həyat məni...
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?
Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Göz yaşımı silərsənmi?
Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Gəlib mənə ürək-dirək verərsənmi?
Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam...
Dağılmışam....
Ruhum ölüb.
Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.
Mənə həyat verərsənmi?
Gənc deyiləm,
Daha canda can qalmayıb.
Oxşadığın saçlarımı görməyəli çox ağarıb.
Bir zamanlar mənə dərman təkcə səndin...
İndi, hər yeməkdən əvvəl… Sonra…dərman!
Eşitsən ki, bir xəstən var,
Gəlib ona dəyərsənmi?
Hər gün qonaqsan yuxuma.
Ruhum, gecə olan kimi sənə gəlir.
Nə olarki, sən, gerçəkdə mənə gəlsən,
Qucaqlasan....
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam....
Yenə məni əvvəlkitək sevərsənmi?
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
Simfonik Orkestr Filarmoniyanın səhnəsində çıxış edib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə orkestrin gənc solistlərinin ifalarında Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, konsert proqramında H.Venyavskinin “Əfsanə”, F.Kreyslerin “Prelüd və Allegro”, A.Qlazunovun “Raymonda” baletindən “Böyük Adajio”, L.Bassi-C.Verdinin “Riqoletto” operasının mövzuları əsasında konsert fantaziyası, R.Ştrausun Valtorna və orkestr üçün konserti, A.Gilmanın “Simfonik pyes”, M.Bruxun Violin və orkestr üçün konserti, Y.Kvantsın İki fleyta üçün konserti , A.Vivaldinin Violin, violonçel və orkestr üçün konserti səslənib.
Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin səsləndirdiyi musiqi nömrələri alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
Dünyanın ən populyar 20 musiqiçisi elan edildi
Dimash.rpo ötən ilin yekunlarına görə dünyanın ən populyar və ən çox gəlir əldə edən 20 musiqiçisinin reytinqini təqdim edib. “Ədəbiyyat və incəsənət” portalı həmin reytinqi diqqətinizə çatdırır.
Musiqi biznesi dünyanın ən rəqabətli bazarlarından biridir. Başgicəlləndirici şöhrət ilə kəskin eniş, qəfil bir-birini izləyir. Bəzi musiqiçilər illərlə diqqət mərkəzində qalmağı bacarlar. Aydındır ki, onlar böyük müğənnilərdir, amma bu zirvədə qalmağa kifayətdirmi? Əlbəttə, yox.
Yaxşı menecmenti mənimsəmək və daim tələb olunan musiqini yaza bilmək - bunlar dünya şöhrətinin yalnız ən bariz maddələridir.
Təqdim edilən 2022-ci il üçün dünyanın ən populyar 20 müğənnisinin bu siyahısında bəzi gənc ulduzları və bəzi veteranları görürük, onların hamısında illərdir bu cür siyahılarda davam etmək üçün bütün üstünlüklərə rast gələrsən.
1. The Weeknd
2021-ci ildə The Weeknd Billboard-ın təqdim etdiyi 10 ən məşhur musiqi mükafatları qazandı, habelə iHeartRadio Music Awards-ın 5 mükafatına sahib oldu, o cümlədən o, ilin ən yaxşı artisti adını qazandı, bu da onu dünyanın ən populyar müğənnisi etdi.
31 yaşlı musiqiçi R&B və pop janrlarında ərsəyə gətirdiyi musiqilərlə sevilir.
Karyerasına qarışıqlarla başlayaraq getdikcə ticarət platformalarında şöhrət qazandı. Onun albomları milyonlarla insanın ürəyinə toxunur, onun qaranlıq və romantik çalarları dərhal bizim ən zəiflərimizi ağladır. Bəzilərimizi lap özümüzdən çıxır. Onin ən populyar albomlarını xatırlayaq: Beautu Behind the Madness, Starbou və s.
Təkrar edirik, bizim günlərdə The Weeknd dünyada nömrə biridir.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
Görkəmli teatr rejissoru Tofiq Kazımovun xatirəsi Ankarada ehtiramla yad olunub
Azərbaycanın tanınmış teatr rejissoru, aktyor, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyi münasibətilə Ankarada anım mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Tofiq Kazımov–100” adlı fotosərginin açılışı keçirilib.
Böyük sənətkarın zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Rəsmi hissə və paneldən ibarət mərasimdə Xalq artisti Tofiq Kazımovun həyat və yaradıcılığından bəhs olunub.
TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, professorlar İsrafil İsrafilov, Cahangir Novruzov və gənc teatrşünas Atabəy Barış çıxışlarında Tofiq Kazımov yaradıcılığını milli mədəniyyətimizin tükənməz xəzinəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, böyük sənətkarın əsərlərini tamaşaçıya sevdirən ən mühüm cəhətlər Azərbaycanın teatr məktəbində mühüm irsə çevrilib.
İzmir Dövlət Teatrının baş rejissoru Murad Çidamlı professor İsrafil İsrafilovun qələmə aldığı “Tofiq Kazımovun rejissorluq dərsləri” kitabından bəhs edib.
Xalq artisti Tofiq Kazımovun qızı rejissor Aytən Kazımova atasının yaradıcılığına verilən yüksək dəyərə görə minnətdarlığını ifadə edib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Görkəmli rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin reallıqları əks olunur. Onun əsərlərində insanların real həyat tərzi və düşüncə qabiliyyətləri müxtəlif bədii və fəlsəfi formalarda geniş ictimaiyyətə təqdim olunur, sevilir və yaşayır.
Mərasim Azərbaycanın Ankaradakı səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən birgə təşkil olunub.
Xatırladaq ki, uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
Təəssüf ki, mədəniyyət sahəsində özəl biznes sükunət içindədir
Ötən il ərzində ölkəmizdə gənc sahibkarların 91 layihəsi maliyyələşdirilib və bu məqsədlə 14 milyon manat vəsait ayrılıb. Bu barədə Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.
Diqqətə çatdırılıb ki, 2021-ci ildə isə 63 gənc sahibkar 2,7 milyon manat güzəştli kredit vəsaitindən faydalanıb.
Amma çox təəssüf ki, gənc sahibkarlıq fəaliyyətində mədəniyyət sahəsi əsla təmsil olunmur. Yəni, heç kəs özəl prodakşn, səsyazma studiyası, nəşriyyat, teatr truppası yaratmır. Bu sahələrin gəlir gətirməyən sahə olmaları öz sözünü deyir.
Eləcə də intellektual biznes kölgədə qalmaqdadır.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında dərc edilib
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş “Mən tələsmirəm” və “Əyilmə!” şeirlərinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru ədəbiyyatşünas alman alimi Kerstin Krapsdır.
Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)
Vaxtanq Kikabidzeyə tək gürcülər yas tutmur ki…
Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidzenin ötən gün 85 yaşında vəfat etməsi xəbərini İlk olaraq Gürcüstanın "Mtavari Arxi" televiziyası yaydı.
Çoxları onu “Mimino” filminin qəhrəmanı kimi tanıyırdı, gürcü olsa da digər SSRİ xalqları da onu özlərininki hesab edirdilər. Eləcə də biz azərbaycanlılar.
Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib.
1959-cu ildə Tbilisi filarmoniyasına işə düzəlir, solist kimi qastrollara gedir. Dostları ilə birlikdə əvvəlcə “Velo”, sonra isə “Orero” qrupunu yaradaraq gürcü, rus, italyan və ingilis dillərində mahnılarla konsertlər verir. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.
Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.
2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.
Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatı olub.
Rusiyanın Ukraynaya təcavüzünü Moskvada otura-otura pisləyən bu cəsur insan sənətsevərlərin və insansevərlərin kisəsindən getdi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)
Anar: “Məqsədləri odur ki, mən buradan gedim, buranı da dağıtsınlar…”
AYB sədri, Xalq yazıçısı Anarla hər bir müsahibə böyük maraq doğurur. Bu günlərdə Anar Kulis.az-a müsahibə verib.
“Qurultayda nəyin nəticəsini görmək istəyirdilər? Masaya şampan şərabı, ya kürü qoymalıydıq?” - bu sözlər həmin müsahibədəndir.
Müsahibəni “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edirik:
- Anar müəllim, 2020-ci ilin yayında sizinlə telefonla danışan zaman bir neçə ssenarinizin olduğunu, ancaq bu ssenarilərə film çəkmək üçün lazımi vəsaitin ayrılmadığını demişdiniz. Bu yaxınlarda yenə həmin məsələyə toxundunuz. Halbuki, Azərbaycan kinosunda sizin kifayət qədər əməyiniz var. Niyə ssenariləriniz kağız üzərində qalır?
- Çox sağ olun ki, siz bu sualı verirsiniz. Mən bunu dönə-dönə deyirəm ki, bəlkə bir eşidən oldu. On ildir mənim bir ssenarimə film çəkilmir. Halbuki, bu on ildə üç ssenari yazmışam.
Dədə Qorqud heykəlinin açılışı zamanı çıxış etdim. Cənab Prezident də orada iştirak edirdi. Çıxışım zamanı dedim ki, yaxşı olardı, biz Dədə Qorqud haqqında serial çəkək. Bilirsiniz ki, mənim ssenarim əsasında “Dədə Qorqud” filmi çəkilib. Amma serial da çəkilsə, yaxşı olar. “Dədə Qorqud” dastanında on iki boy var. Hər boya bir seriya həsr etmək olar. Təklif verdim ki, serialı Qazaxıstan və Türkmənistanla birgə çəkmək olar. Cənab Prezident də sonda çıxış edəndə mənim təklifimə münasibət bildirdi, dedi ki, yaxşı təklifdir, amma niyə Qazaxıstan, Türkmənistanla çəkək? Elə özümüz çəkərik. Bu barədə Prezident Sərəncam verdi. Bu Sərəncam qəzetdə də dərc olunub. Təklif mənim tərəfimdən olduğu üçün sifariş də mənə verildi. Mən də serialın ssenarisini yazdım, Mədəniyyət Nazirliyinə də göndərdim, orada da bəyəndilər. Bundan başqa bilirsiniz ki, Mirzə Fətəli Axundov, Mirzə Cəlil, Hüseyn Cavid və Üzeyir Hacıbəyov haqqında filmlərim var. Klassiklərə aid beşinci filmin “Azad bir quşdum” adlı ssenarini isə Cəfər Cabbarlı haqqında yazdım. Onu da Mədəniyyət Nazirliyi qəbul etdi, ancaq hələ də film çəkilmir.
- Nazirlik sizin ssenarilərinizi nə zaman qəbul edib?
- Serialın ssenarisini ən azı beş il bundan əvvəl, filmi isə üç il bundan əvvəl.
- Səbəb kimi nəyi göstərirlər?
- Deyirlər ki, pul yoxdur. Qarabağdan film çəkirlər. Bir də mənim azərbaycanlı yazıçı, fransız dilində əsərlər yazan Banin haqqında, onun Nobel mükafatı laureatı Buninlə olan münasibətlərindən bəhs edən bir ssenarim var. “Azərbaycan” jurnalında da çıxıb. Bu ssenariyə film çəkilsə, bizim üçün də, dünya üçün də maraqlı olardı. Ona da pul tapılmır. Mən demirəm, bunların hamısını dövlət etməlidir. Dövlətin indi xərcləri çoxdur. Amma bizim varlı, imkanlı adamlarımız var. Onlar bu ssenarilərə pul ayırsalar, heç olmasa, üç ssenarimdən ikisinə film çəkilər. Mənim də ömrüm nə qədər çatsa, çox istərdim ki, bu filmləri görüm.
- Təəssüf ki, son illərə nəzər salanda, bizdə varlıların sənətə yatırım etməsi kimi bir təcrübə yoxdur...
- Xarici ölkələrdə filmləri kim çəkir? Dövlət film çəkmir ki. Ayrı-ayrı imkanlı adamlar pul verirlər, onların vəsaiti hesabına filmlər çəkilir. İndi Rusiyada da bu tendensiya başlanıb. Bəs bizdə nə vaxt olacaq? Bizdə də kinomaqnatlar yaranmalıdır. Onların xərclədikləri vəsaitdən həm də pul qazanmalıdırlar. Elə filmlər çəkilməlidir ki, ondan kassada da pul qazanıb digər filmləri çəkmək olar. Bu məsələ mənim yaralı yerimdir. Mənim ssenarim əsasında “Dədə Qorqud” filmi çəkilib. Odur ki, bu ssenarimin çəkilməsini israr etmirəm. Serial üçün yazdığım ssenariyə kim istəsə nə zamansa serial çəkə bilər. Amma Cəfər Cabbarlı və Banin haqqında ssenarilərimə film çəkilməsini istərdim.
- Sizin nəslin ədəbiyyata gəlməsi və özünüifadə baxımından mənbə kimi 20-ci əsrin əvvəllərinin ədəbiyyatı, xüsusən, Mirzə Cəlil və Sabir göstərilir. Yaradıcılığınızda Mirzə Cəlillə bağlı çox sayda əsər var, kinossenari var, məqalə və sair mövcuddur. Hələ “Molla Nəsrəddin-66”... Onlar niyə sizin üçün manifest oldular?
- Mən bizim ədəbiyyatda ən çox Dədə Qorqud dastanını, Füzulinin əsərlərini sevirəm. Amma müasir ədəbiyyata təsir edən üç sənətkarı Mirzə Fətəli Axundzadəni, Mirzə Cəlili və Sabiri xüsusi qeyd etmək istəyirəm. Mənə belə gəlir ki, onların hər birinin iyirminci əsr ədəbiyyatımıza yaxşı mənada böyük təsirləri olub. Çünki onlar xalqın dərdindən yazıblar, xalqı maarifləndirməyə çalışıblar. Cəmiyyətin nöqsanlarına göz yummayıblar. O yolu biz də bacardıqca davam etdirməyə çalışdıq.
- Sovet ədəbiyyatına münasibətiniz maraqlıdır.
- Mənim bu yaxınlarda “Ədəbiyyat qəzeti”ndə bu haqda böyük bir məqaləm çıxdı. İndi həmin məqalədən əsas tezisləri sizin üçün təkrarlayaram. Məncə, tək “sovet ədəbiyyatı” deyilən bir şey yoxdur. Düzdür, fikir olaraq həmin dövr sovet ədəbiyyatı kimi ifadə olunur. Ancaq mənə görə sovet dövrünün ədəbiyyatı var. Sovet dövrünün ədəbiyyatı dediyimiz bir çox əsərlər sovet dövründə də yazıla bilərdi, başqa dövrdə də. Mən konkret misal gətirə bilərəm. Misalçün, Aşıq Ələsgərin də “Dağlar” şeiri var, Səməd Vurğunun da. Amma necə demək olar ki, Aşıq Ələsgərin “Dağlar” şeiri sovet ədəbiyyatı deyil, amma Səməd Vurğunun “Dağlar” şeiri sovet ədəbiyyatıdır. Niyə? Hər iki şeir dağlar haqqındadır, hər iki şeir qoşma şəklində yazılıb. Yəni sovet dövründə elə əsərlər yaranıb ki, onların sovet dövrünə və ideologiyasına heç bir dəxli yoxdur. Amma təbii ki, elə əsərlər də yazılıb ki, bu əsərlər kommunist təbliğatına xidmət edib. Bu baxımdan bəzən bir yazıçının ədəbi irsi içərisində həm sovet ədəbiyyatı adlana biləcək əsərlər var, həm də sovet dövrünün ədəbiyyatı. Misalçün, elə yenə Səməd Vurğunun yaradıcılığını götürsək, onun “Dağlar”, “Yadıma düşdü”, “Dünya” şeirləri sovet dövrünün ədəbiyyatı hesab olunur və heç bir ideologiyaya dəxli yoxdur. Amma kommunist partiyasına həsr olunmuş şeir sovet ədəbiyyatıdır. Bizdə olduğu kimi, bu məsələni rus ədəbiyyatına da aid etmək olar. Misalçün, Mayakovskinin də yaradıcılığı bu cür bölgüyə məruz qala bilər.
- Amma həmin dövrdə yetişən yazıçıları, lap üzü 60-cılara qədər gələn nəslin sovet ideologiyası ilə düşündüklərini danmaq olmaz...
- Xronoloji cəhətdən bəli, onlar hamısı sovet dövrünün yazıçıları idilər. Sovet hökuməti qurulanda Süleyman Rüstəmlə Səməd Vurğunun on dörd, mənim atamın on yaşı olub. Onlar gözlərini açıb sovet cəmiyyətini görüblər. Onlar başqa cəmiyyətdə yaşamayıblar ki, müqayisə də etsinlər o cəmiyyət yaxşı idi, ya pis. Hamısı uşaq olublar. Və sovet cəmiyyəti qurulanda irəli sürülən ilk şüarlar hamısı yaxşı idi. Xalqların azadlığı, insanların bərabərliyi, torpaqların kəndlilərə verilməsi və s. Bütün bunların hamısı yaxşı idi. Sonra müəyyən vaxt keçəndən sonra bu şüarlar təhrif olundu. 37-ci ilin dəhşətləri baş verdi. Amma başlanğıcda bayaq adlarını çəkdiyim adamlar ədəbiyyata ilkin illərdəki şüarlarla gəliblər. Sonradan artıq cəmiyyət özü öz şüarlarına xəyanət etdi, etibarsızlıq göstərdi. Burada da Stalinin çox böyük rolu olub. O, cəmiyyəti tamam ayrı yöndə inkişaf etdirdi.
- Bəs sizcə Əbülhəsən, Süleyman Rüstəm, Səməd Vurğun və siz deyən kimi digər sovet dövrünün yazıçıları olmasaydı, sizin nəsil, yəni 60-cılar yarana bilərdi?
- Bizim bəxtimiz onda gətirdi ki, biz başqa dövrə düşdük. Bəxtimiz gətirməsəydi, biz də kolxozdan, sovxozdan, xalqlar dostluğundan yazacaqdıq, ya da heç nə yazmayacaqdıq. Şəxsən mən özüm haqqında deyirəm ki, o dövrə düşsəydim, heç nə yazmayacaqdım. Sadəcə yenə deyirəm ki, bizim bəxtimiz gətirdi ki, o vaxt partiyanın 20-ci qurultayı oldu. Xruşov Stalini ifşa etdi. Hərçənd Xruşovun özünün də repressiyalarda az günahı yoxdur. Ancaq məsələ ondadır ki, Stalinin ifşa olunmasından sonra nə qədər adam sürgündən qayıtdı, nə qədər adam bəraət aldı.
- Amma o insanların həyatı artıq məhv olmuşdu...
- Həyatları məhv olmuşdu. Doğrudur. Amma təmiz adları, yazıçıların əsərləri özlərinə, tarixə qayıtdı. Bizim isə sovet dövründən, kommunist ideologiyasından yazmağa ehtiyacımız olmadı. Heç kim bizi buna məcbur etmədi. Ona görə də mən həmişə deyirəm ki, 60-cı illər ədəbiyyatının yaranması bizim qəhrəmanlığımız deyil. Həmin illərdə bizə şərait yaradıldığı üçün biz ədəbi sahədə müəyyən işlər görə bildik. Və onu da həmişə qeyd edirəm ki, 60-cı illər ədəbiyyatındakı yeniləşməni təkcə altmışıncıların adı ilə bağlamaq lazım deyil. Onlardan əvvəlki nəsil də yazıb yaradıb. Dəyişən zaman onların da bəzilərini ayrı səpkidə, ayrı mövzularla yazmağı vadar edib. Amma, hər halda əsas yük 60-cıların üzərinə düşüb.
- Bədii əsərlərin köhnəlmə ehtimalı sizcə nə qədərdir? Misalçün, düşünürsünüz ki, sizin, Elçinin və digər sizin nəsildən olan yazıçıların əsərləri gələcək dövrün estetikasına cavab verməyə bilər? Və yaxud da, konkret sizin əsərləriniz haqqında “Anarın əsərləri daha altmışlarda qaldı” kimi fikirlərin səslənməsi ehtimalı barədə düşünürsünüz?
- Bəli, belə deyənlər var. Bizim əleyhdarlarımız həmişə deyirlər ki, bunlar tükəniblər. Mənim haqqımda “Anar tükənib” deyəndə, mən yeni əsər yazıram. Sonra əsər çap olunur, bir az keçir, yenə deyirlər ki, Anar daha tükəndi, mən yenə yazıram. Biri də bir dəfə yazmışdı ki, Anar otuz ildə nə yazıb? Mən də ona cavab verdim ki, gəlsin Yazıçılar Birliyinə, mən ona otuz ildə yazdığım iyirmi qalın kitabımı verim. Amma özü ilə hambal gətirsin, çünki o kitabları təkbaşına apara bilməz (gülür). Belə çiy sözlər danışanlar var. Adam hamısına fikir verə bilməz. Heç kəsin gələcəyin adından danışmağa ixtiyarı yoxdur. Tarixdə kimin və kimlərin qalıb-qalmayacağını zamanın ixtiyarına buraxaq.
- Anar müəllim, sizə elə gəlmir ki, son illər bu kimi söhbətlərə çox reaksiya verirsiniz?
- Bu “son illər” azı 60 il əvvəl, mənim ədəbiyyata gəldiyim aydan başlayıb. Mən bu deyilənlərin yüzdəbirinə cavab verirəm. O qədər iynələyirlər, zəhərləyirlər ki, mən hələ çoxuna cavab vermirəm. Amma görəndə ki, açıq yalan yazır, onda cavab verirəm. Sizin saytda yox, başqa bir saytda yazmışdılar ki, Prezident cavanlara təqaüd ayırıb, o pulu Anarın oğlu ilə qızı alır. Bu yalanı mən ifşa etməyim, neynəyim? Cavab verməyəndə də deyəcəklər ki, yəqin deyənlər düz deyirlər. Mənim nə oğlum, nə qızım Yazıçılar Birliyindən bir qəpik alıblar. Heç bir mükafatla da təltif olunmayıblar. Amma mən nə edim ki, oğlum da, qızım da yazırlar. İmkanları, qabiliyyətləri var, yazırlar. Heç kimdən də pis yazmırlar. Yazmasınlar? Ya mən onlara yazmağı qadağan edim? Bütün kitabların xərcini də ailə büdcəmizdən ödəyirik. Siz də bağışlayın, “Bir ailədən neçə yazıçı olar?” deyə axmaq bir fikir var. Əgər istedadı varsa, bir ailədən lap otuz yazıçı da ola bilər. Biri yazmışdı ki, niyə Anarın ailəsində üç Xalq yazıçısı var? Azərbaycanda iki ailə var ki, o ailələrdə Xalq şairi, Xalq yazıçısı titulu olan üç adam var. Bir Səməd Vurğunun ailəsidir, bir də Rəsul Rzanın ailəsi. Səməd Vurğunun ailəsindən Səməd Vurğun Xalq şairi, Yusif Səmədoğlu Xalq yazıçısı, Vaqif Səmədoğlu Xalq şairi olmağa layiq deyil? Üçü də layiqdir. Dördüncüsü olsaydı, o, da layiq olsaydı, ona da vermək olardı. Və yaxud da, bizim ailəni götürək. Rəsul Rza, Nigar Rəfibəyli Xalq şairi olmağa layiq deyillər? Yaxşı tutaq ki, mən Xalq yazıçısı olmağa layiq deyiləm (gülür). İndi mənə də veriblər də, nə edək?
- Yeri gəlmişkən, repressiyadan sonra sağ qalan şair və yazıçılar haqqında xoşagəlməz fikirlər səslənirdi. Mikayıl Müşfiqin repressiya olunduğu halda Səməd Vurğunun sağ qalmasını pisləyirdilər.
- Bu, çox çiy söhbətlərdi. Mən həmişə deyirəm ki, 37-ci il lotereya idi. Həmin ildə Müşfiq “Oxu tar” şeirini yazmışdı, onu tutub güllələdilər. Maarif komissarı Mustafa Quliyev tarı qadağan eləmişdi, onu da tutub güllələdilər. Biri tarı vəsf etmişdi, o, biri qadağan. Və yaxud da Cavidi çox kəskin şəkildə tənqid edənlərdən olan Əhməd Triniçi də tutdular. Deyəsən, hətta güllələdilər, amma Cavidi güllələmədilər, sürgün etdilər. Əhməd Cavadı tənqid edən şəxslər vardı ki, adlarını indi çəkmək istəmirəm. Onları da tutdular, Əhməd Cavadı da. Yəni o dövr repressiyası lotereya idi. Adamları “Bu yaxşıdır, ya bu pisdir” prinsipi ilə tutmurdular. Bundan başqa kommunistlər vardı ki, onlardan bir neçəsi Gəncə üsyanı yatırılanda deyirdilər ki, biz Gəncəni qana boyadıq, Gəncədə bir başıpapaqlı qoymadıq, bəy nəsillərini qırdıq. Ancaq sonra həmin kommunistlərin özlərini də qırdılar. Mən, əlbəttə, kiminsə güllələnməsinin əleyhinəyəm. Amma o kommunistlərin günahı vardı ki, güllələnirdilər. Günahsızlar da, günahkarlar da güllələnirdilər. Sağ qalanları isə sağ qaldıqları üçün günahlandırdılar ki, siz niyə sağ qalmısınız? Yenə deyirəm, bu lotereya idi və hər bir ailəyə düşə bilərdi. Məsələn, bizim ailəmizə aid bir sənəd var. Daxili işlər xalq komissarlığının sədr müavini Xoren Qriqoryan Mircəfər Bağırova rapor verib ki, Nigar Rəfibəyli ilə anası sürgün edilməlidir. Çünki bunlar türkçüdürlər, Nigarın qardaşı Türkiyədədir, atası Xudadat bəy Cümhuriyyət hökumətinin səhiyyə naziri olub, güllələnib. Əgər Bağırov həmin sənədin üzərinə bircə kəlmə “hə” sözünü yazsaydı, bizim bütün ailəmiz məhv olacaqdı. Nədənsə yazıb ki, saxlanılsınlar.
- Amma sonralar ananıza qadağalar olub...
- Olub. Dayımın Mikayıl Rzaquluzadə adlı dostu vardı. Anam gənc şairə kimi yazdığı şeirləri Moskvada təhsil alan Mikayıl bəyə göndərirmiş, Mikayıl bəy də öz şeirlərini anama. Mikayıl bəy bir şeirində yazıb ki, günəş şərqdən doğub, şərqdən doğacaq. Anamgildə axtarış aparılanda həmin şeiri tapıblar, deyiblər sən yazmısan. Anam Mikayılı bada verməyib, deməyib ki, mən yazmamışam. Buna görə anamı işdən çıxarıblar. Anam uzun illər işsiz qalıb. O vaxt MK katibi Əliheydər Qarayev bir neçə qəzetdə anam haqqında “ifşa” yazısı çap etdirib.
- Ancaq müəyyən bir dövrün ideoloqu olmaq indiki zamanda satqınlıq hesab olunur. Müasir ədəbiyyat nümayəndələri israrla deyirlər ki, misalçün, niyə Süleyman Rüstəm partiyaya şeir yazıb?
- Axı kim yazmayıb? Müşfiq kimi gözəl bir şairi tutub güllələyiblər. Müşfiqin poeması Stalin haqqındadır. Bu fakt nakam Müşfiqin işıqlı surətinə kölgə sala bilməz. Amma fakt odur ki, o dövrdə bütün SSRİ-də Lenindən, Stalindən, Şaumyandan, Kirovdan şeirlər, poemalar yazılırdı. Kim yazmayıb? Sonradan qəhrəman olmaq, Kirovun heykəlini uçurtmaq asandır. Axı Kirovun heykəlinə belə şeir həsr olunub. Səməd Vurğunun bir poemasında “qulların üsyanı yaman olur” ifadəsi var. Bu cür ədalətsiz söhbət edən adamlar qul təfəkkürlü adamlardılar.
- Müsahibələrinizin birində istedadlı gəncləri çox sevdiyinizi vurğulayırsınız. İstedadlı gənc sizi tənqid etsə necə, yenə eyni münasibət qalır?
- Bir də təkrar edim ki, ədəbiyyata gəldiyim gündən ilk mətbu hekayələrimdən tənqid olunmuşam və heç bir tənqidçini düşmən saymıram. Tənqid olar. Niyə olmasın? Amma, yalan, böhtan yazmasınlar. Mən bura gələnə qədər burada kimlər işləyirdi? İmran Qasımov yaşlı adam idi. Katiblər Balaş Azəroğlu, Hüseyn Abbaszadə da yaşlı adamlar idilər. Cabir Novruz ortayaşlı idi. Bircə Elçin cavan idi. Mən gələndən sonra bu adamlar özləri istefa verdilər. Elçin keçdi “Vətən” cəmiyyətinə, Cabiri mən “Ədəbiyyat qəzeti”nə redaktor təyin etdim. Hüseyn Abbaszadə ilə Balaş Azəroğlu isə təqaüdə çıxdılar. Yerlərinə gələnlər – Çingiz Abdullayev çox cavan idi, sonrakı qurultayda Arif Əmrahoğlu. Ondan sonra Rəşad Məcid. Son qurultay ərəfəsində İlqar Fəhmi, Səlim Babullaoğlu gəldilər. Yəni hamısı cavan adamlar idi. Cavanlar gəlirlər, illər keçəndən sonra onlar da yaşlanırlar. Yaşlanandan sonra onlara “sən daha yaşlısan, çıx get” deyilməlidir? Yox. Onlar da, gənclər də işləsinlər. Mən bura gələndən sonra həmişə Yazıçılar Birliyində cavanlaşma prosesi gedib. “Ulduz” jurnalını bütünlüklə cavanlara verdik. Rəşad Məcidin rəhbərliyi ilə gənc ədiblər şurası yaradıldı. Hər il iyirmi gənc Prezident təqaüdü alır. Amma o da var ki, AYB-də gənclərlə bərabər orta yaşlı və hətta qocalar da təmsil olunmalıdır. AYB nə qocalar evidir, nə komsomol təşkilatı.
- Bizim kimi cəmiyyətlərdə “İnsan yaşlanırsa, mütləq işdən uzaqlaşmalıdır” fikri, yanaşması mövcuddur. Bu yaxınlarda yaşlı aktyorların işdən çıxarılması ilə bağlı fikirlər də səs-küyə səbəb olmuşdu. Amma yaşlı insanların da müəyyən missiyası, öz təcrübəsi var...
- Əlbəttə. Mən özümə aid etmirəm, amma yazıçı əgər yaşlanıb, heydən düşübsə, ağlı çaşıbsa, o, işləyə bilməz. Co Bayden yadınıza gəlir də, havaya əl edir, salamlaşırdı. Ondan prezident olmaz. Amma mən bunu eləmirəm axı (gülür). Mən salamlaşdığım adamları görürəm. Son illər ən çox yazan, televiziya kanallarında çıxış edən yazıçılardan biri mənəm. Müsahibələr verirəm, rayonlara gedirəm. İndi nə olsun ki, mənim bəlli bir yaşım var. Amma mən yaşımı hiss eləmirəm. Son iki gündə mənim qəribə iki görüşüm olub. Bir klubda əsasən rusdilli qızlardan ibarət oxucularımla görüşdüm. Onlar mənim bütün əsərlərimi oxuyublar. Əsərlərimlə bağlı elə suallar verirdilər ki, mənim özümün də yadımda deyildi. İkinci görüşüm də universitetlərin birində oldu. Onlar da qızlardan ibarət idi. Onlarla sağollaşanda soruşdular ki, arzunuz nədir? Dedim ki, arzu edirəm ki, mənim əsərlərimi sizin həyat yoldaşlarınız, qardaşlarınız, atalarınız da oxusunlar. Çünki elə çıxır ki, məni ancaq qadınlar oxuyur, amma axı mən tək onlar üçün yazmıram (gülür).
- Müsahibələrinizin birində deyirsiniz ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı mənim digər əsərlərimi kölgədə qoydu. Sizcə, bu əsər niyə bu qədər populyar oldu?
- Filmin də çox təsiri oldu yəqin. Bir də, təəssüf ki, o əsərin üst qatını qavrayırlar, alt qatını yox. Mən bunu dəfələrlə demişəm. Əsərin üst qatı sevgi romanıdır. Sevgi romanları isə həmişə populyar olur. Hətta, hərdən “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni bulvar romanı da hesab edirlər. Onda gərək “Madam Bovari”, “Anna Karenina” da bulvar romanı hesab oluna. Bu, düzgün deyil. Bu əsər təkcə sevgi romanı deyil. Sevgi süjetinin ardında azad olmayan cəmiyyətdə azad insanın faciəsi dayanır. Mənim üçün bu əsər bununla əhəmiyyətlidir. Cəmiyyət azad deyil. Təhminə isə azaddır. O, bu cəmiyyətdəki ehkamlarla yaşamaq istəmir. Onun faciəsi bundadır. Ona görə də o, məhv olur. Bəzən çox ciddi mövzularda yazılan əsərlərin süjetini detektiv janrda qururlar ki, cəlbedici olsun. Misalçün, Dostoyevskinin “Cinayət və cəza” əsəri çox ciddi, fəlsəfi əsərdir, amma eyni zamanda detektiv ünsürlər də var. Və yaxud da, indi daha çox dəbdə olan yazıçı - Umberto Eko. Onun “Qızılgülün adı” əsəri də detektiv süjetin içərisində çox ciddi mətləblərdən bəhs edir. Bəzən yazıçı istədiyini çatdırmaqdan ötrü detektiv, yaxud məhəbbət süjetindən istifadə etməli olur. Amma oxucu gərək zahiri süjetin arxasında alt qatın olduğunu anlasın. Bu roman mənim üçün önəmli əsərdi. Amma o biri əsərlərim də ondan aşağı deyil.
- Hansı əsərləriniz?
- Nə bilim. O qədər əsərlərim var.
- “Macal”...
- “Macal”, “Dantenin yubileyi”. Bu əsərləri oxumayanlar deyirlər ki, onlar qaldı sovet dövründə. Müstəqillik dövründə mən “Otel otağı”, “Ağ qoç, qara qoç” əsərlərini yazmışam. Neçə dilə tərcümə olunub. Rusiyada, Türkiyədə qiymətini alıb. Ən son yazdığım əsər “Gözmuncuğu”dur. O da neçə dilə tərcümə olunub. Yaxşı, bu danışan adamlar bu əsərlərin də adlarını çəksinlər, təhlil etsinlər. Bəziləri gözlərini yumur, qulaqlarını tıxayır, sonra da deyirlər ki, Anar heç nə yazmayıb, yaxud yazmır.
- Bir müddət əvvəl Əlisa Nicatın məişətlə, dolanışıqla bağlı problemi gündəmi məşğul etdi. Əlisa Nicat atanızla olan balıq söhbətini yenə qabartmışdı. Sizcə, Rəsul Rza bir-iki balığa görə qəzəblənən adam idi?
- Ağlı başında olan adam belə söz deməməlidir. Guya bu balıq gətirməyib deyə Rəsul Rza da onu onillərlə Yazıçılar Birliyinə qoymayıb. O, sağlığında atamın yanında fırlanırdı, bizə gəlib gedirdi. Atam da ona az-çox istedadına görə hər cür kömək edirdi. Nə vaxtsa, bəlkə də, ona deyib oradan balıq gətir alım. Amma elə dediyi gün də onun yadından çıxıb bu sifarişi etməyi. Rəsul Rza o səviyyədə, o miqyasda adam deyil ki, Əlisa Nicatın bir balığına görə on il onunla düşmənçilik aparsın. Ona görə mən də bu məsələyə gülüşlə cavab verdim. Sonra da Əlisa çox yekə-yekə deyir ki, Azərbaycanda yazıçı yoxdur. Niyə yoxdur? Azərbaycanda ən azı ondan üstün xeyli yazıçı var. Bu cür sözlərlə diqqəti özünə cəlb edir. Mətbuatın bəlası odur ki, sensasiya xətrinə ən çiy söhbətləri ortalığa çıxarır. Mənim atam deputat olanda deputatlar üçün xüsusi mağaza vardı. Oradan deputatların evinə bazarlıq göndərilirdi. Bizim erməni qonşumuz vardı. Yazıçı Samvel Qriqoryan. Deputat olub. Onların evinə həmin mağazadan bazarlıq gəlirdi. Amma atam həmin mağazadan imtina etmişdi. Demişdi, hamı necə bazardan bazarlıq edir, biz də elə edəcəyik. Yəni deputat mağazasından imtina edən adam Əlisanın bir balığına möhtac olub, hələ bunun üstündə on il ədavət aparıb? Buna hansı axmaq inanır?
- Anar müəllim, gəlin bir məsələni etiraf edək. Yazıçılar Birliyinin üzvü olan, amma çox çətin şəraitdə yaşayan şair və yazıçılarımız var...
- Var, əlbəttə var. Amma mən həmişə demişəm ki, Yazıçılar Birliyi ictimai təminat nazirliyi deyil. Birliyin nizamnaməsində “kasıb yazıçıya kömək edilməlidir” deyə bir maddə yoxdur. Poliklinikamız var. Yazıçı və şairlər orada pulsuz müalicə olunurlar. Amma böyük əməliyyatlara, xarici ölkədə müalicəyə göndərməyə bizim vəsaitimiz yoxdur. Bəzi adamlar həm sovet dövrünü pisləyirlər, həm də sovet dövründə verilən imtiyazların davasını aparırlar, sovet dövrü nostalgiyası ilə yaşayırlar. Sovet dövründə ədəbiyyat fondu vardı. Ədəbiyyat fondu da ölkədə ən varlı təşkilatlardan biri idi. Yazıçıların kitablarını böyük tirajla çap edirdilər, satışdan əldə olunan müəyyən faiz Ədəbiyyat fonduna gedirdi. O fondun hesabına sovet ittifaqının bir neçə yerində yaradıcılıq evləri, nəşriyyatları, poliklinikaları vardı. Bizim Şüvəlandakı yaradıcılıq evini həmin fondun hesabına tikmişdilər. Fond yaşayış evi tikirdi, yazıçıya ev verirdi, maşın verirdi. İndi Yazıçılar Birliyinin elə imkanları yoxdur. Biz Prezidentə müraciət etdik, o, sağ olsun, ev tikmək üçün bizə yer ayırdı. Mən sədr olduğum müddətdə, müstəqillik dövründə ən azı bir neçə yazıçıya mənzil almışam. Amma bu, həmişə mümkün deyil axı. Özü də hamı gəlir deyir ki, mənim hamıdan çox ehtiyacım var. Onlara izah edəndə ki, başqalarının ehtiyacı daha çoxdur, onda da deyirlər ki, yox, biz ondan yaxşı şair, yaxşı yazıçıyıq. Necə edəsən? Hamı elə bilir ki, o, hamıdan yaxşı yazır, hamıdan da ehtiyacı çoxdur. Və yaxud da, bu təqaüdlərlə bağlı məsələlərdə. İyirmi gəncə, əlli nəfər yaşlı yazıçıya təqaüd verilir. Amma iki yüz ərizə olur. Əlli adama təqaüd verirsən, yüz əllisi narazı qalır. Abırlısı deyir ki, eybi yoxdur, gələn dəfə alaram, abırsızı deyir ki, məndən pul istədilər təqaüdə görə. Ya deyirlər ki, Yazıçılar Birliyinə müfəttiş gələcək. Gəlsin. Burada nə var ki, müfəttişdən çəkinək. Ömrüm boyu bir qəpik də olsun haram pul qazanmamışam. İndi bu yaşımda mən durum izah edim ki, biz təmiz işləyirik?
- Qurultay qabağı və sonrası da xeyli söz-söhbətlər yarandı...
- Hə, jurnalist deyir ki, dövlət iki yüz min manat pul ayırıb, amma biz bunun nəticəsini görmədik. Qurultayda nəyin nəticəsini görmək istəyirdilər? Masaya şampan şərabı, ya kürü qoymalıydıq? Bütün bu fikirləri söyləməkdə məqsədləri odur ki, mən buradan gedim, buranı da dağıtsınlar. Dağıtmasalar da, Yazıçılar Birliyini ayrı yerə köçürüb bu binaya sahib olsunlar. Çoxunun gözləri bu binadadır.
- Amma müşahidələr göstərir ki, sizdən sonra burada vəziyyət o qədər də yaxşı olmayacaq.
- Mən bunu istəmirəm, inanın ki, heç cür istəmirəm. Çünki ömrümün 36 ilini bura vermişəm. Ona görə də istəmirəm ki, bura dağılsın. Mən eqoist adam olsaydım, deyərdim ki, hə, mən getdim, gördünüz, dağıldı, saxlaya bilmədiniz və s. Məndə bu xasiyyət yoxdur. Əksinə istəyirəm ki, Birlik məndən sonra da qalsın, fəaliyyət göstərsin. İnanıram ki, kifayət qədər sağlam qüvvələr var ki, məndən sonra da, buranı işlədə biləcəklər. Mən heç kimə pislik etməmişəm. Amma çörəyimin duzu yoxdur. Heç bir yaxşılıq etmədiyim adamlar heç vaxt mənim əleyhimə olmayıblar. Amma o adamlara ki, yaxşılıq etmişəm, birinci növbədə onların bir qismi nankorluq edib.
- Əkrəm Əylisli?
- Yox. Əkrəm deyil. Əkrəm heç olmasa, yazıçıdır. Bilirsiniz, Əkrəm mənim yaralı yerimdir. Çünki Əkrəm mənim dostum olub. Bir yerdə çörək kəsmişik. Yazıçı kimi onun əvvəl yazdığı əsərləri qiymətləndirirəm.
- Sonuncu müsahibəsində çox yaşlandığı bilinir.
- Allah ömür versin. Bir məclisdə toplaşmışdıq. Mən onun şəninə sağlıq dedim. Onu böyük yazıçı adlandırdım. Hamı təəccübləndi. Dedilər, axı o, həmişə sənin əleyhinə danışıb. Dedim, danışsın. Biz dost olmuşuq, bu gün də onun ad günüdür, 85 yaş da az yaş deyil. Ona görə də istəyirəm ki, o, sağlam olsun. Moskva mətbuatında, “Komsomolski Pravda”da onun haqqında rus dilində ilk yazını mən yazmışam. “Daş yuxular”dan sonra gördüm onu çox pisikdirirlər. Əslində haqlı edirdilər. “Daş yuxular” ermənipərəst əsərdir. Amma təklənməsini istəmədim. O yazımı bizim dilə tərcümə edib “Azərbaycan” jurnalına verdim. Orada çap olundu. Ancaq onun tərəfindən heç bir reaksiya olmadı. Sonra dedi ki, yəqin o vaxt “Komsomolski Pravda”dan sifariş olunub, ona görə Anar məndən yazıb. Axı onu tanıyırdılar ki, sifariş də versinlər? O qəzetdə mənim bir neçə məqaləm çıxmışdı. Ona görə də bu yazı mənim təşəbbüsümlə çıxdı. O ki qaldı Əkrəmi böyük yazıçı adlandırmağıma, əgər İctimai TV-də Əlisa Nicatı dahi adlandırırlarsa, Əkrəmi böyük yazıçı saymamaq insafsızlıqdır.
- Sizcə, bu dostluğun pozulmasının qarşısını heç cür almaq olmazdı?
- Mən çox şey elədim bunun üçün. Amma o, buna getmədi. Mən onu Yazıçılar Birliyinə katib gətirdim. Bax, bu otağın arxasında oturub mənim əleyhimə qiyam hazırlayırmış. Və mən bunu otuz ildən sonra bildim. Rəhmətlik Sabir Əhmədlinin ölümündən sonra çap olunun romanını oxuyanda bildim ki, Əkrəm və başqa bir cavan yazıçı deyiblər ki, Anarı buradan avtomatla çıxaracağıq, yerində oturacağıq...
- Anar müəllim, Yazıçılar Birliyinin digər üzvü Çingiz Hüseynov uzun illərdir xaricdə yaşayır. O, qurultaya dəvət olunmamışdı?
- Onun doxsandan çox yaşı var. Qurultaya gəlmək ona çətin olardı. Həm də xaricdən biz yalnız xarici qonaqları dəvət eləmişdik.
- Amma qurultaydan sonra Çingiz Hüseynov qurultayı tamaşa adlandırmışdı...
- Xəbərim yoxdur. Amma ümumilikdə, o, həmişə tək Yazıçılar Birliyinin yox, Azərbaycanın da əleyhinə yazır. Onun haqqında da Moskvada yazım çıxıb. Çox yaxşı münasibətlərimiz olub. Onun umduğu o idi ki, burada onun yubileyini keçirək.
- Keçirdiniz?
- Keçirdik, heç kim gəlmədi. Yəqin burada onu yaxşı tanımırlar. Yaxşı əsərləri də, əlbəttə, var. Mən bunu danmıram. Mənim yubileyimə də gəlib Moskvada dostcasına çıxış etdi. Amma niyəsə daim narazıdır. Bilirsiniz, bu adamlar özləri haqda çox yüksək fikirdədirlər, amma camaat bunu təsdiq etməyəndə, onlarda qəzəb, hiddət əmələ gəlir.
- Beşmərtəbəli evin neçənci mərtəbəsindəsiniz?
- Mən o əsəri yazanda yarızirzəmi mənzildə yaşayırdım. On il sonra mənə Üzeyir Hacıbəyov küçəsində 6-cı mərtəbədə mənzil verdilər. Ondan sonra indi mənim yaşadığım mənzilə köçdük, burada da mənzilim 6-cı mərtəbədə oldu.
- Onda cavabı 6-cı mərtəbə qəbul edim?
- Olsun. Təki liftimiz həmişə işləsin.
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)
Sual: Fəxri adlara aylıq təqaüd məbləği nə qədər artıb?
Cavab: Prezident Sərəncamını diqqətinizə çatdırırıq:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 (yüz əlli) manat müəyyən edilsin.
2. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975, № 11, maddə 1454; 2018, № 2, maddə 311; 2020, № 5, maddə 570; 2021, № 12, maddə 1469) 1-ci hissəsinin birinci abzasında “180” rəqəmləri “200 (iki yüz)” sözləri ilə, “120” rəqəmləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
“Ədəbiyyat və incəsənət”
(16.01.2023)