
Super User
Mehriban Vəzirin Molla Pənah Vaqifə hücumu nəyə hesablanır?
ADINA DÖVLƏTİN POEZİYA GÜNÜ KEÇİRDİYİ DAHİ SƏNƏTKAR NİYƏ VURULSUN AXI?
Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” üçün
44 günlük Vətən müharibəsindəki Zəfərimiz hər bir azərbaycanlının həyatında dönüş nöqtəsi oldu və bu Zəfərin müəllifləri, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri Azərbaycanın yaradıcı insanlarına bir coşqu, ruh və enerji verməklə yeni bir ovqat gətirdi.
Bu möhtəşəm Zəfərə töhvə vermək məqsədilə ilk dəfə qələmə sarılan da ədəbiyyat adamları oldu. Azərbaycan Yazıçılar Birliyinin birgə səyi və təşəbbüsü ilə Zəfərimizdən çox keçməmiş maraqlı bir toplu- “Qarabağ dastanı” kitabı nəşr edildi. Nəşrin ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçızı Anar müəllimdir. Yazıçı-jurnalist Rəşad Məcidin kitaba yazdığı ön sözdən məlum olur ki, müharibə günlərində torpaqlarımız işğaldan azad edildikcə Anar müəllim Qarabağdan olan yazıçıları, şairləri arayaraq təbrik edir, onlara öz doğma yurdları haqqında yazılar yazmağı tövsiyyə edirmiş.
Kitaba İşğaldan azad edilmiş rayonlarda doğulmuş, yeniyetmə və gənclik dövrləri həmin bölgələrdə keçirmiş görkəmli ədəbiyyat adamları və ziyalılarının- Elçinin, Aqil Abbasın, Elçin Hüseynbəylinin, Ramiz Rövşənin, Şirindil Alışanlının, Rəşad Məcidin xatirə-esseləri ilə yanaşı, Molla Vəli Vidadidən başlamış bu günümüzədək yaradıcılıqları ədəbiyyat tariximizdə qırmızı xətlə keçən klassiklərin və çağdaş ədəbiyyatımızın görkəmli və tanınmış nümayəndələrinin yaradıcılığından nümunələr daxil edilmişdir ki, bu da nəşrin dəyər və sanbalını daha da artırmaqla yanaşı poetik bir ovqat yaradır.
Kitabın görkəmli ictimai-siyasi və dövlət xadimi, Xalq yazıçısı Elçinin 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışına həsr olunmuş xatirə-esse ilə başlamasınının isə önəm və əhəmiyyətini xüsusilə vurğulamaq istərdik.
Bu kitab müasir Azərbaycan oxucusu üçün Qarabağı daha yaxşı tanımaq, başa düşmək və onun əhəmiyyət və mahiyyətini daha dərindən dərk etmək baxımından dəyərli bir mənbə olmaqla, həm də Qarabağşünaslıq elmi üçün qiymətli və samballı bir töhfədir.
Bu yazını hazırlamaqda əsas məqsədim həmin kitabda yazıçı-publisist Mehriban Vəzirin “Qarabağın görkəmli xanımları” araşdırmasında getmiş uydurmalar və təhrif olunmuş tarixi faktlar barada mövqeyimi bildirməkdən ibarətdir.
Mehriban Vəzir Qarabağın məşhur xanımları- Ağabəyim Ağa, Gövhər Ağa və Həmidə xanım Cavanşir barədə araşdırmasında, xüsusilə Ağabəyim Ağa ilə bağlı hisəsində öz bədii təxəyyülünə geniş meydan vermişdir.
Oxuculara aydın olsun deyə Mehriban Vəzirin araşdırmasındakı fikirlərini olduğu kimi təqdim edirəm: “ Ağabəyim ağa daima yürüşlərdə olan Məhəmməd bəyi gözləyirdi. Məhəmməd bəy də xan əmisinə bu söhbəti açacaq- elçilik edəcək möhtərəm adam arayırdı. Məhəmməd bəyin qədəryazar seçimi xanın can dostu, vəziri Molla Pənah Vaqif olur...
Məmməd bəy vəzir Vaqifdən elçilik etməyi xahiş edir. Vəzir Məhəmməd bəyi xatircəm edib Ağabəyim ağanı istəmək üçün İbrahim xanın hüzuruna yollanır. Vaqif acınacaqlı günlər keçirən Qacar ordusunun Şuşa qalasına yaxınlaşması ilə çarəsizliyə düşmüş İbrahim xanın durumundan cəsarətlənib Ağabəyim ağanı Məhəmməd bəyə deyil, öz oğlu Əli bəyə istəyir. Əlbəttə, başı qalda olan xana bu yersiz elçilik ağır təsir edə bilərdi”...
Mətndən göründüyü kimi Mehriban Vəzir Məhəmməd bəy və Ağabəyim Ağa dastanı qurmaq, onları uğursuz, nakam bir eşqin qurbanı kimi təqdim etməyə cəhd edir.
Mehriban Vəzirin qeydlərində ikinci narahat doğuran məsələ Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı Vaqifin oğlu Əli bəylə birlikdə Qazax-Bəyazidə qaçması ifadəsi ilə bağlıdır. Mehriban Vəzir yazır: “İbrahim xan ailəsi və yaxın adamları ilə Şuşanı tərk edəndə nədən o qafilədə can dostu Vaqif yox idi? Niyə böyük dövlət adamı Vaqif Qacar şahın gəlişini duyub da qorumasız-filansız oğlu Əli bəy ilə Qazax-Bəyazidə qaçmalı oldu?” kimi sualların cavabını şəxsi münasibətlərdə aramaq lazımdı.”
Araşdırmanı oxuyarkən məndə belə bir sual yarandı? Doğrudanmı Mehriban Vəzirin Ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin, “Qarabağnamə”lərin müəlliflərinin, Azərbaycanımızın işıqlı ziyalıları və maarifçiləri Mirzə Fətəli Axundovun, Qasım bəy Zakirin, Hüseyn Əfəndi Qayıbzadənin, Fransız mənşəəli rus şərqşünası Adolf Berjenin, Firudin bəy Köçərlinin, Əbdürəhim bəy Haqverdiyevin, Salman Mümtazın, Həmid Araslının, Araz Dadaşzadənin, Yusif Vəzir Çəmənzəminlinin, Səməd Vurğunun, İlyas Əfəndiyevin, Nazim Axundovun, Aqil Abbasın fikirlərindən və nəhayət görkəmli dilçi və ədəbiyyatşünas alim, akademik Nizami Cəfərovun 2017-ci ildə Vaqifin 300 illik yubileyi münasibətilə yazmış olduğu “Molla Pənah Vaqif” fundamental monoqrafiyasında Molla Pənah Vaqifin bir dövlət xadimi və müasir Azərbaycan ədəbi dilinin yaradıcısı kimi fəalyyəti barədə yazdıqlarından məlumatı yoxdur? Əgər yoxdursa, mən onlardan bir neçəsini Mehriban Vəzirə xatırlatmaq istədim:
“Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir səlnaməmizin parlaq səhfələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi- mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyas xadim kimi daxil olan Vaqif taleyülklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir”. (Azərbaycan Prezidenti İlham Əliyev) .
- “Vaqif kəmal, ədəb və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının ahusu onun səlis təbinin sümbülüstanında pərvəriş tapan qəzəllərin maralı ilə bərabərlik iddiası etsə, tamamilə səhvdir. Əgər bəlağət Bədəxşanının ləli, onun sinəsinin xəzinəsində toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında xəcalətindən qızarsa tamamilə düzgündür” (Mirzə Adıgözəl bəy Qarabaği)
-“Məşhur Axund Molla Pənah bir sahibi-kəmal və müddəbir və təcrübəli və şair və xoşməqal adam idi. Əsli Qazax camaatından idi. Amma gəlib Qarabağda İbrahim xanın hüzurunda izzət və şöhrət və xüsusiyyət hasil etmişdi ki, xanın ondan kənar məsləhəti olmazdı. Onun vəziri və mötəmidi idi. Və hər ümuri-hökumət və qeyridə Axund Molla Pənahın tədbiri və müşavirəsi ilə rəftar edərdi. Hər necə düşmüşdüsə ona yaxşı inanıb etimadi-külli etmişdi ki, hamı övlad və əqrabalarından artıq onun xətrin və hörmətin mənzur edirdi. Və külli-ixtiyarın ona vermişdi.
(Mir Mehdi Xəzani)
-“Və bir də İbrahim xana vəzir hesab olan Molla Pənah imiş. Belə ki, hər bir məsləhəti Molla Pənah ilə olurmuş və Molla Pənahın əsli Qazax-Şəmşəddindən gəlibdir... Çox sahibi-kamal və qabil adam imiş və yaxşı təbii-şeiri var imiş. Bu ağ könüllər oxuduğu zikrlər təmamən Molla Pənahın kəlamıdır... Qərəz, xoşbəxt adam imiş. Mərhum İbrahım xanın həddən artıq iltifatı var imiş.
Hər məsləhəti ki, Molla Pənah görərmiş, gərək həmən tövr olaymış. Ona görə bir məsəl xalqın arasında məşhurdur. Belə deyir ki,” Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz”(Baharlı)
-“Mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalətini gördüm ki, zikr etdiyim şərti bir növlə onda gördüm”(Mirzə Fətəli Axundov)
-“Onun şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə... tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub”. (Firudin bəy Köçərli)
-“Ərəbcə, farsca dərin bir məlumat və föqəlada bir istedada malik olan bu nadir sima vəzir olduğu halda, yenə elə, xalqa yanaşmış və şeirlərini də tamamilə öz doğma ləhcəmizdə söyləmişdir. Cavanşir sarayı Vaqifi deyil, Vaqif sarayı mənimsəmiş və dilimizə, ədəbiyyatımıza da çox böyük xidmətlər göstərmişdir. “Lisani-rəsmi”si farsca olan İbrahim xan Cavanşir xanlığının rəsmi dili ilə daim mübarizədə olaraq o dilə və o ədəbiyyata öz əsrində fayiq gələn böyük Vaqifin şeirləri o qədər rəvan və o qədər şirindir ki, insan oxumaqla doymur, bütün kitabı birdən su kimi başına çəkmək və içmək istəyirsən. Vaqif tam mənası ilə el şairi olaraq, həm də mücəddadır. Bu münasibətlə də nəzərimizdə Vaqifin qayət böyük dəyəri vardır.”(Salman Mümtaz)
- “Vaqif geniş xalq kütlələri içərisindən çıxıb, nəhayət dövlət xadimi kimi yüksəlməyə müvəffəq ola bilmiş, mütərəqqi şəxsiyət olduğundan, sənətkarlıq qüdrətini və siyasətdəki bacarığını hər kəsdən əvvəl qiymətləndirən xalq” hər oxuyan Molla Pənah olmaz” zərb məsəlini yaratmaqla, şairə qiymət vermişdir”. (Həmid Araslı) -“Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanının əsas surətləri tarixi şəxsiyyətlərdir. Əsərdəki hadisələrin mərkəzində görkəmli şair və dövlət xadimi M.P. Vaqifin bədii obrazı dayanır... Vaqif və onun dövrü haqqında əsl həqiqəti uydurma şeylərdən, mövcud olan yanlış fikir və təsəvvürlərdən təmizləyib ortaya çıxarmaq və mərkəzində Vaqifin obrazı dayanan tarixi roman yazmaq asan deyildi.
“Qan içində” romanı göstərir ki, Y. V. Çəmənzəminli Vaqiflə maraqlanmağa başladığı vaxtdan ələ keçirə bildiyi məxəzlərə əsasən düzgün münasibətdə olmuş, şairin parlaq bədii obrazını yaratmaqla ədəbiyyatşünaslıq və tarix elmlərinə, ümumiyyətlə demiş olsaq, müasirlərinə bir növ nümunə göstərmiş, örnək ola bilmişdir” (prof.Tofiq Hüseynov)
Repressiyaların qanlı dönəmində-1938-ci ildə Vaqifə ən böyük mənəvi abidəni Xalq şairi Səməd Vurğun ucaltmış, özünün məşhur “ Vaqif” dramı ilə həm Vaqifə, həm də özünə xalqın qəlbində əbədi bir abidə ucaltmışdır. Böyük şair keçən əsrin 40-cı illərində Vaqifə həsr etdiyi şeirlərinin birində dahiyanə uzaqgörənliklə yazırdı:
Qalxacaq şairin bir gün heykəli,
Bizim Qarabağın Cıdır düzündə,
Vaqif canlanacaq onun özündə.
Böyük Şairin bu arzularını isə dahi çəxsiyyət Heydər Əliyev yerinə yetirdi. Ulu öndər Heydər Əliyevin Vaqifə olan böyük sevgisinin təzahürü idi ki, hələ heç Azərbaycanda rəhbər olmadığı zamanda -1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdilər. Onun göstərişi ilə məzar tapılmış və dağılmış məzarı ziyarət etmişdi. Ulu öndər o zaman gördüyü "bu məzarın Vaqifə layiq olmadığını" bildirmişdi.
“Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. 1982-ci il yanvarın 14-də qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. (Bu əlamətdar hadisəni Xalq yazıçısı Elçin “Qarabağ dastanı”na təfsilatı ilə daxil etmişdir. R.G.) Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”. (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev)
Görəsən “Yeni Azərbaycan ədəbiyyatının, eləcə də yeni(milli) Azərbaycan ədəbi dilinin yaradıcısı, Azərbaycan xalqnın mütərəqqi tarixi şəxsiyyəylərindən biri” (Nizami Cəfərov) haqqında qarayaxma nəyə və kimə lazımdır?
Səbəb və məqsəd nədir ki, Mehriban Vəzir məşhur dövlət xadimi və körkəmli şair, Azərbaycan xalqının qəlbində böyük sevgi və məhəbbətlə özünə adidə ucaltmış Molla Pənah Vaqifə münasibətdə tarixi həqiqətləri təhrif edirək başqa bir tərəfin”xeyrinə” saxtalaşdırmağa cəhd edir.
“Qarabağnamə”lərdən və diğər tarixi və bədii mənbələrdən məlumdur ki, Məhəmməd bəy şux qaməti, baxımlı xarici görkəmi və igidliyi və dəliqanlılığı ilə Qarabağda və ətraf xanlıqlarda ad çıxartşmışdı. O zaman onun 35 yaşı vardı və artıq iki dəfə evlənmişdi.
İbrahim xanin Gəncə xanı Cavad xanın bacısı Tutubəyimdən olan, öz gözəlliyi, istedadı, şairliyi, ağlı və kamalı ilə məşhurlaşmış Ağabəyim ağa da yenicə 15 yaşına qədəm qoymuşdu. O da faktdır ki, onların aralarında olan böyük yaş fərqinə baxmayaraq, bir-biri ilə sevgi münasibətləri var idi.
Tarixi qaynaqlardan məlundur ki, Vaqifin İbrahim xanla çox yaxın olmasını Məhəmməd bəy heç zaman qəbul etməyib, onu həmişə öz yolunda maneə hesab edib (Həm xanlıq taxtına çıxmaq, həm də Vaqifin ikinci arvadı Qızxanıma yiyələnmək arzusunun reallaşmasında) və həmişə bu münasibətə qısqanclıqla yanaşıb. Belə olan halda: - birincisi, necə ola bilərdi ki, Məhəmməd bəyin axtardığı möhtərəm adam – elçi, heç zaman sevmədiyi və həmişə paxıllığını çəkdiyi Vaqif oldu?
İkinci, Molla Pənah Vaqif müdrik bir şəxsiyyət olmaqla bərabər həm də yüksək idrak, mədəniyyət, əxlaq və mərifət sahibi idi. Belə olduğu halda necə ola bilərdi ki, 80 yaşlı müdrik bir qoca, Şuşanın mühasirə günlərində - şəhər əhalisinin quraqlıqdan, uzunmüddətli mühasirədən əziyyət çəkərək aclıq, səfalət və qorxu içində yaşadığı günlərdə, eləcə də İbrahim xanın da çarəsiz vəziyyətə düşdüyü bir məqamda elçilik eşqinə düşsün və bu elçilik məqamında Məhəmməd bəyə xəyanət edərək Ağabəyim Ağanı Məhəmməd bəyə yox, oğlu Əli bəyə istəsin? Mehriban Vəzirin yazdığı elçilik fantaziyası ən bəsit düşüncəli adamı belə inandırmaq gücündə deyil.
Üçüncü. Nə “Qarabağnamə”səlnamələrində, nə də Əhməd bəy Cavanşirin tarixi oçerkində bu elçilik barədə bir kəlməyə belə rast gəlinmir.
Mehriban Vəzirin “ İbrahim xan ailəsi və yaxın adamları ilə Şuşanı tərk edəndə nədən o qafilədə can dostu Vaqif yox idi? Niyə böyük dövlət adamı Vaqif Qacar şahın gəlişini duyub da qorumasız-filansız oğlu Əli bəy ilə Qazax-Bəyazidə qaçmalı oldu?” kimi sualların cavabını şəxsi münasibətlərdə aramaq lazımdı” “tapıntısı” ilə bağlı isə düşünürəm ki, “nədən yox idi?” sualı ilk növbədə mərhum İbrahim xanın ruhuna ünvanlanmalıdır.
Və müəllif Vaqifin Məhəmməd bəy tərəfindən öldürülməsi məqamından çox asanlıqla keçərək bu faciləi hadisəni sönük cümlələrlə, siradan bir ölüm faktı kimi qeyd edir: “Mühacirətdən Qarabağa dönmüş İbrahim xanla qardaşı oğlu Məhəmməd bəyin münasibətləri gərginləşmiş, Vaqifin və bir sıra yaxın adamlarının edamı xanı qəzəbləndirmişdi” qeydləri ilə kifayətlənir.
Mehriban Vəzirin Vaqifə kin-küdurəti o qədərdir ki, bu 35 yaşlı, iki dəfə evlənmiş Məhəmməd bəyin iki eşq cəbhəsində- Ağabəyim Ağa və Vaqifin gənc övrəti Qızxanım ilə fəallığını görmək istəyində deyildir.
Biz Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində İbrahim xanın ailəsini götürüb Şuşadan “qaçması” və ya Şuşanı “tərk etməsi” ifadələri barədə müzakirə açmaq fikrində deyilik. Bunu tarixçilərin və səlnaməçilərin ixtiyarına buraxırıq. Lakin “Vaqifin oğlu Əli bəylə birlikdə qaçması” fikri ilə əlaqədar yenə səlnaməçilərə və araşdırmaçılara müraciət etməli olacam. Əvvəla onu deyim ki, tarixi mənbəələrdə Vaqifin oğlu Əli bəy və ya Qasım ağa haqqında məlumatlar ümumiyyətlə çox azdır və görünən odur ki, onun o zaman cərayan edən hadisələrə elə bir təsiri olmamşdır.
Mirzə Camal Qarabaği yazır:-“Molla Pənahın bir yaxşı cəmilə və gözəl və məşhur övrəti var idi ki, çox sahibi-camal və şöhrətli Məhəmmədbəy dəxi onun hüsn və camalını və tərifini eşidib ona əlaqə bağlamışdı. Övrət cavan və cahilə və axund qoca və piranə idi və əlavə Məhəmmədbəyin rəşadət və şücaəti və xoşəndam və kamal və fərəsəti və padşah xəzinəsinin əlində olmağı və cavan öğlanlığı övrəti dəxi ziyadə əlaqələndirmişdi. Övrət Məhəmməd bəyə demişdiki, nə qədər Molla Pənah axund ölməyib hali-həyatda sağ ola, mən şərən sənə gedə bilməm. Bir səbəb bu idi və bir dəxi qeyri bir para adamlar özlərinin səlahiyyətdarlığı üçün Məhəmmədbəyi təhrik etmişdilər ki, Məhəmmədbəy Molla Pənah axundu öldürə və o səbəbə İbrahim xandan uzaq ola və onlar da Məhəmmədbəyin hüzurundan sahibkar və nəfibərdar olalar ki, rəşid və kəramət adamıdır və xəzinə sahibi və hünərmənd kimsədir, onları mühafizət edə, xoş keçələr. Qərəz, hər hal ilə Məhəmmədbəyin əmri və izin və işarəsilə Molla Pənah axundu və Qasım ağa adlı bir oğlunu öldürürlər”. ( Y. V. Çəmənzəminlinin “Qan içində”kitabından)
Məhəmməd bəy Cavanşırin nəvəsi, “Qarabağnamə”lərin müəlliflərindən biri olan Əhməd bəy Cavanşir “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair” əsərində yazır: ”Mehrəli bəyin ölümündən sonra müharibəni onun oğlu Məhəmməd bəy davam etdirdi... O öz uşaqlığını İbrahim xana düşmən münasibət bəsləyən yaxın qohumlarının yanında keçirmişdi. İbrahim xanın düşmənləri Məhəmməd bəyin şəxsində öz mənafelərini əks etdirən bir hakimi görürdülər. Buna görə də onlar Məhəmməd bəydən bərk yapışmışdılar. Lakin o vaxtlar İbrahim xanı hakimiyyətdən salmaq və Məhəmməd bəylə əvəz etmək çox da asan deyildi; buna görə də müxalifət əlverişli şərait gözləyirdi.” Əhməd bəy Cavanşir fikirlərini davam edərək xanın yaxın qohumu Mirzəli bəyin dilindən yazır: “Onun atası (Mehrəli bəy R.G) daima sizinlə mübarizə edirdi; özü isə anasının sizə ərə getməsinə razı olmayıb onu öldürdü. Həmçinin sizə ən sədaqətli olan saray adamı Molla Pənahı da öldürdü; indi isə ölkəni beş ay idarə etdikdən sonra bu qədər təkəbbürlü və sərvətli olduğu halda, onun gələcəkdə dinc oturacağına kim zamin ola bilər?”
Mirzə Yusif Qarabaği özünün məşhur“Tarixi Səfi” əsərində yazır: “İbrahim xan Ağa Məhəmməd xanın qətl xəbərinin eşitdikdən sonra oğlu Mehdiqulu ağanı Qarabağa göndərdi. Bir azdan sonra onun ardınca böyük oğlu Məhəmmədhəsən ağanı da yola saldı. Özü də bir neçə həftədən sonra Qarabağa gəldi və hakimiyyəti əlinə aldı. Qarabağ hakimi Məhəmməd bəyin hakimliyi dövründə Molla Pənah ilə öz arasında olan ədavətə görə, fürsətdən istifadə edərək Molla Pənahı oğlu ilə birlikdə qətlə yetirdi.”
Həsən İxfa Əlizdənin “Şuşa çəhərinin tarixi” səlnaməsindən: “Şahın ölümünü yəqin etdikdən sonra İbrahimxəlil xan bir neçə ay Qarabağa gəlmədi. Bu dövrdə əlinə çoxlu variyyət düşmüş Məhəmməd bəy Cavanşir cavanlıq qüruru ilə, eləcə də bir para dələduz müfəttin şəxslərin fitvasına uyub hökmranlıq xəyalına düşdü və asudə olmaq üçün” İbrahim xanın tərəfdarı” hesab etdiyi şəxsəri sıradan çıxarmağa başlıdı.”
Rəvayət olunur ki, şahın ölümündən sonra Vaqifin İbrahim xana göndərdiyi bir məktub Məhəmməd bəyin əlinə keçir... Onsuz da Vaqifdən şübhələnib onu öldürməyə bir bəhanə axtaran Məhəmməd bəyin əlinə əlverişli imkan düşür. Məktubu əsas tutaraq Vaqifin oğlu Əli ağa ilə bir yerdə öldürülməsi haqqında əmr verir. Bununla kifayətlənməyən Məhəmməd bəy Vaqifin evini talan edib yandırır.”
“Ağa Məhəmməd şahın öldürülməsi nəticəsində Qarabağ hakimiyyəti Məmməd bəyin əlinə keçdi... Vaqif yenə sarayda idi. Qarabağdakı vəziyyəti yazıb İbrahim xana bildirmişdi... Məmməd bəy hakimityyəti ələ almaqda Vaqifi öz qarşısında ən böyük maneə hesab edib onu aradan qaldırmağı qət etdi. Vaqif oğlu ilə tutulub Xəzinə qayasından atılmağa məhkum olundu.” (Yusif Vəzir Çəmənzəminli)
Yenə də istər-istəməz belə bir sual yaranır. Tarixi faktlara (həqiqətlərə) gözardı edərərk Məmməd bəy Cavanşiri (Batmanqılıncı) mifləşdirmək, ondan qəhrəman obrazı yaratmaq nəyə və kimə lazımdır? Bəlkə xanlıqda əmisi İbrahim xanın tənbehlərinə baxmayaraq ipə-sapa yatmamasında, başının dəstəilə dəli-doluluq etməsində, anasını qətlə yetirməsində, Şuşada Qacardan “iltifat görməsində” (onda Vaqif zindanda yatırdı) Vaqifin günahı var? Bəs qoca şairin gözəl övrətini şərəfsizcəsinə ( bu günün etik dəyərləri ilə yanaşsaq) götürüb Şuşanı tərk etməsinə nə ad vermək olar?
Nümunələrdən göründüyü kimi bu əsər və səlnamələrin heç birində elçilik və Vaqifin oğlu Əli bəylə Qarabağdan Qazağa qaçması barədə bir kəlmə belə yoxdur. Yalnız Mir Mehdi Xəzaninin “Kitabi Tarixi Qarabağ”dakı fikirlərdən başqa: ”Xan Dağıstana, Car və Balakənə gedən vaxtda Molla Pənah, çün Muğanlı Cəmil ağanın ittifaqı ilə, Təklə Muğanlı həmçinin əslən Qazax elindəndir, ikisi də Tiflis canibinə getmişdilər. Ordan Qarabağa müaviyyət edən zamanda və yainki, bir rəvayətdə Qarabağdan Ağa Məhəmməd şahın xofundan qaçıb xanın dalınca o tərəfə əzm etdiyi halda Gəncə dağlarının həvaləsində Gəncə hakimi Cavad xan onu özünə ümdə olan sovqat bilib, tutub öz ittifaqı ilə Ağaməhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onu tutub çoxdan qətlə yetirmək istəyirdi... Qəzara iş şöylə oldu ki, o gecə
şahı öldürdülər. Molla Pənah salamat qurtardı... Ancaq Məhəmməd bəyin əlində giriftar olub qətlə yetişdi. Səbəbi-qətli bu idi ki, çün Axund mərhum İbrahim xanın yanında sahibi –ixtiyar və müdəbbirkar olan vaxtlarda Məhəmməd bəy ona çox hörmətlər elədi ki, onun tədbiratı səbəbinə xandan bir para təmannaları var idi, əmələ gələ. Axund vasitəçilik eləyə, onu İbrahim xana ziyadə yaxın qıla və bəlkə qızını da ona ala ki, müqtəzi ül-məram ola. Amma onun bu mütalibatı axundi-məzburdan hasil olmamışdı və onun məsulatını icabət qılmamışdı.”
Qarabağ xanına himayə və kömək vəd etmiş Ruisyanın imperatriçası Yekaterinanın qəfil ölümü Qafqazda vəziyyəti tamam dəyişdi və vəziyyətdən istifadə edən Ağaməhəmməd şah Şuşaya yenidən hücuma hazırlaşmağa başladı. Şuşa tarixinin bilicisi, yazıçı Yusif Vəzir Çəmənzəminli “Qan içində romanında yazır: “Vəziyyət çox ağır idi, indi Ağaməhəmməd şaha müqavimət göstərmək qətiyyən qabil deyildi. Barışmaq da ola bilməzdi, çünki düşmənçilik çox dərinləşmişdi. Vaqif yenə ümidini şimaldan kəsməyərək məsələni aydınlaşdırmaq istədi:- İrakli xan Rusiyyəyə bizdən yaxındır,- dedi- hər halda gedib, bir onun da fikrini bilmək lazımdır.
Xan bu fikrə razı oldu. Tiflisə getməyi Vaqifin özünə və muğanlı Cəmil ağaya tapşırıb dedi:- gedin görək, hal-qəziyyə nə minval üzrədir...
Vaqif ilə Cəmil ağanı o biri gün Tiflisə yola saldılar.”
Beləliklə ümumiləşmə aparaq:
Əvvəla onu vurğulamaq istərdik ki, hadisələri tarixi kontekstdən ayırmaq, dövrün münasibətlər (etik, sosial, ictimai-siyasi, şəxsi...) ierarxiyasını nəzərə almamaq nə etik, nə də tarixi baxımdan doğru hesab edilə bilməz.
Vaqiflə Məhəmməd bəy arasında münasibətlərin gərgin olmasının cəbəbləri aşağıdakılar idi: Birincisi, Məhəmməd bəy Vaqifin İbrahim xana çox yaxın olması səbəbindən onu həmişə xana qısqanır və hakimiyyət iddiasında olduğu üçün bu yolda onu özünə ən böyük maneə hesab edirdi;
Həsən İxfa Əlizadə yazır: “Məhəmməd bəy hər kəsdən artıq Molla Pənah Vaqifdən qorxur və ondan şübhələnirdi. O, Vaqifin xalq arasındakı nüfuzunu yaxşı bilirdi. Vaqif həm də İbrahim xana sadiq bir vəzir idi.”
İkincisi, Məhəmməd bəyin Vaqifin ikinci arvadı, ondan yaşca xeyli cavan və baxımlı olan Qızxanıma gözü düşmüşdü və onu almaq istəyirdi. Lakin Qızxanım ona cavab vermişdi ki, nə qədər ki, Vaqif sağdır bu sövda baş tuta bilməz və bu səbəbdən Məhəmməd bəy Vaqifi aradan götürmək üçün bəhanə axtarırdı;
Üçüncüsü, Məhəmməd bəy İbrahim xanın qızı, ağıl, kamal və gözəllikdə məşhur olan Ağabəyim Ağanı almaq üçün Vaqifdən elçi getməsini xahiş etmiş, lakin Vaqifdən rədd cavabı almışdı.
Şuşada hakimiyyətdə olduğu aylarda Məhəmməd bəy xalqın dəstəyini qazanmaq məqsədilə Vaqifi öz tərəfinə çəkərək, onu baş vəzir təyn etmək istəmiş, lakin ondan ciddi təpki almışdı. Məşhur tədiqatçı, yazıçı-publisist Şəmistan Nəzirlinin tədiqatlarına görə bir səbəb də bu idi.
Məhəmməd bəy bu səbəblərdən Vaqifi aradan götürmək üçün bəhanə axtarırdı və bu bəhanə də ələ düşdü.
“Rəvayət olunur ki, şahın ölümündən sonra Vaqifin İbrahim xana göndərdiyi bir məktub Məhəmməd bəyin əlinə keçir. Molla Pənah Vaqif Ağa Məhəmməd şahın ölümü ilə əlaqədar İbrahim xanı təbrik edir... onu tezliklə Şuşaya çağırırdı. Onsuz da Vaqifdən şübhələnib onu öldürməyə bir bəhanə axtaran Məhəmməd bəyin əlinə əlverişli imkan düşür. Məktubu əsas tutaraq Vaqifin öz oğlu Əli ağa ilə öldürülməsi haqda əmr verir. Bununla kifayətlənməyən Məhəmməd bəy Vaqifin evini talan edib yandırır”. (Həsən İxfa Əlizadə)
Vaqifin oğlu Əli bəylə guya xəbərsiz- filansız Qazax- Bəyazidə qaçması ilə bağlı isə fakt budur ki, hələ İbrahim xan ailəsi və ətrafı ilə birlikdə Şuşanı tərk etməmiş
Ağaməhəmməd şah Qacarın hücumundan qorunmaq üçün Gürcü çarı İraklidən kömək almaq məqsədilə Vaqifi həmyerlisi Cəmil bəylə birlikdə Tiflisə göndərmişdi (digər mənbəədə Kolanıya), Qarabağa qayıdanda isə vəziyyət tamam dəyişmiş və onu tutub Qacarın hüzuruna gətirmişdilər. Bu dəlillər Mehriban Vəzirin araşdırmasında gətirdiyi faktları təkzib edir.
Görünən odur ki, deyəsən 44 günlük Vətən müharibəsindəki qələbədən sonra mədəniiyyət paytaxtımız Şuşada, şəhərin tarixi-mədəni və ədəbi simvollarından bir olan Vaqifin məqbərə kompleksinin bərpası, adidəsinin qoyulaması, Vaqif poeziya günlərinin böyük təntənə ilə keçirilməsi kimlərinsə, o cümlədən Mehriban Vəzirin “tarixi-sentimental fərziyyəsi”nə uyğun gəlmir.
Vaqifin taleyi də dövrü qədər mürəkkəb, faciəli və çox maraqlıdır. Böyük yazıçı Yusif Vəzirin bu fikrləri hələ də öz qüvvəsindədir: ”İndiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Buna səbəb ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qusurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir...
Məncə, Vaqifi dövrü ilə bərabər qavramaq üçün dərin bir tədqiqat lazımdır”.
Haqlı sözə nə deyəsən.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Bakı sinaqoqunda dağ yəhudilərinin dilini öyrənmək üçün kurslar açılıb
Ana dili mədəni orijinallıq və ailə əlaqələrinin ən mühüm aspektidir. Ana dilinin qorunub saxlanılması şəxsiyyət üçün həlledici əhəmiyyət kəsb edir və özünü müsbət qiymətləndirmənin formalaşdırılmasına köməklik edir. Dil etnosun unikal eyniləşdirmələrindən biri olaraq, onun üçün olduqca vacibdir.
AzərTAC STMEGİ Beynəlxalq Xeyriyyə Fonduna istinadla xəbər verir ki, bu fond əvvəldən cuuri dilinin qorunub saxlanılması və öyrənilməsini əsas vəzifələri siyahısına daxil edib. Fondun prezidenti Qerman Zaxaryevin təşəbbüsü ilə cuuri dilində elektron ədəbiyyat kitabxanası yaradılıb, audiokitablar kolleksiyası artırılır. Dünyanın müxtəlif ölkələrində “Cuuri dili dərsləri” proqramı uğurla reallaşdırılır. Yaxın vaxtlardan cuuri dili dərsləri Bakı sinaqoqunda da keçirilir.
“Cuuri dili dərsləri həftədə iki dəfə keçirilir. Biz aprel ayında kurs açdıq. Müraciət edənlər hələ ki, çox deyil: 5-6 tələbə dil öyrənir. Lakin mən əminəm ki, dilə maraq artacaq. Əsas olan, dilin qorunub saxlanılması, onun inkişaf etdirilməsidir. Mən dağ yəhudiləri dilinin qorunub saxlanılmasına yönələn unikal layihəyə görə Fondun prezidenti Qerman Zaxaryevə təşəkkür etmək istəyirəm”, — deyə cuuri dili müəllimi Elçin Məmmədov qeyd edib.
Latviyadan olan tələbə Aqnesa Svyatska cuuri dili dərsindən təəssüratlarını STMEGİ fondu ilə bölüşüb: “Mən Latviyadan Bakıya bir neçə il bundan əvvəl gəlmişəm. Həyat yoldaşım dağ yəhudisidir, onun atası Qusar şəhərində dünyaya gəlib, dağ yəhudilərinin dilində danışır. Rəfiqəm mənə sinaqoqda cuuri dili dərslərinin keçiriləcəyindən bəhs edəndə, mən çox böyük məmnuniyyətlə yazıldım ki, qaynatam ilə cuuri dilində danışa bilim. Bu dil mənim çox xoşuma gəldi, çünki yox olan dillər kateqoriyasına aiddir, onu öyrənmək və inkişaf etdirmək çox vacibdir. Mən hər həftə dərslərə çox böyük həvəslə gedirəm. Dağ yəhudilərinin dili bir qədər Azərbaycan dilinə bənzəyir, rus sözlərindən də istifadə olunur. Mənə elə gəlir ki, müəyyən səviyyədə Azərbaycan dilini bilməklə, cuuri dilini öyrənmək o qədər də çətin olmaz”.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
İlk peşəkar qadın rəssamımızı unutmadıq
Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 107 ili tamam oldu
Azərbaycandan çox məşhur rəssamlar çıxıb. Əzim Əzimzadə, Bəhruz Kəngərli, Tahir Salahov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Cavad Mircavadov, Sakit Məmmədov… Bu sırada bir qadın ismi də var, Maral Rəhmanzadə.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı olan Maral Rəhmanzadənin ötən gün anadan olmasının 107-ci ildönümü tamam oldu.
Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.
1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. İnstitutu bitirdikdən sonra Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası “xalq düşməni” elan olunub, altı aydan sonra Daşkənd həbsxanasında vəfat edib. M.Rəhmanzadə Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.
Rəssamın “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt–Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. O, əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.
M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. O, qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.
İstedadlı rəssam kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib, bədii əsərlərə illüstrasiyalar çəkib. M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.Puşkinin “Yevgeni Onegin” və M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların müəllifidir. M.Rəhmanzadə səfər etdiyi xarici ölkələrin həyatından silsilə qravürlər yaradıb.
Əsərləri xarici ölkələrdə incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb. “Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.
Rəssam 2008-ci il martın 18-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
K. Quluzadə: “Kəlbəcərin çox böyük və zəngin turizm potensialı var”
Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub.
Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə mediaya açıqlamasında bildirib.
Kənan Quluzadə qeyd edib ki, Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. “İşğaldan azad edilmiş ərazilərin geniş turizm potensialı nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən bir sıra istiqamətdə layihələr reallaşdırılır. Belə istiqamətlərdən biri də Kəlbəcərdi. Burada turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub. Kəlbəcərin çox böyük və zəngin turizm potensialı var. Layihələr çoxdur. İstisuyun bərpası və turistlərin bura cəlb olunması da gündəmdə olan məsələdir”, - deyə Agentlik nümayəndəsi bildirib.
K.Quluzadə diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafına müxtəlif yanaşmalar var. Bu, həm rayonlar üzrədir, həm də mövzular üzrə, misal üçün, xalçaçılıq, mətbəxlə bağlı, muğam ilə əlaqəli inkişafdır. Layihələr hələ ki, müzakirə mövzusudur, ancaq artıq bu istiqamətdə ilk addımlar atılıb.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
“İddiaçılar”ın yerinə “Kapitan”
80-ci Venesiya Film Festivalının açılış filmi niyə əvəzlənib?
Venesiya Film Festivalından növbəti xəbərimiz var. Festivala Amerika filmlərinin qatıla bilməyəcəyi təhlükəsi barədə sizlərə xəbər vermişdik. İndi də bəlli olub ki, bu il 80-ci dəfə keçiriləcək Venesiya Film Festivalının açılış nümayişi üçün elan edilən İtalyan rejissoru Luka Quadaqninonun “İddiaçılar” filmi festivalda iştirak etməyəcək.
“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, “İddiaçılar” filminin əvəzinə Venesiya Film Festivalı digər italyan rejissoru Eduardo De Ancelisin “Kapitan” filminin nümayişi ilə açılacaq. Müharibə mövzusunda olan, batmış düşmən gəmisinin ekipajını xilas edən sualtı qayıq kapitanından bəhs edən “Kapitan” filmi həmçinin festival çərçivəsində təşkil olunacaq əsas müsabiqədə iştirak edəcək.
Bəs dəyişikliyə səbəb nədir?
Festivalın rəhbəri Alberto Barbera dəyişikliyin səbənini açıqlamadan “Kapitan” filminin məziyyətlərindın bəhs edib. Onun deyib:
“Kapitan” filmi olduqca aktual mövzulara toxunur. Kapitan Salvatore Todaro obrazı öz insani hərəkəti ilə hərb sahəsinin qəddar qanunlarlna qarşı çıxır. Todaro həyatda yaşamış təbii personajdır. O, 1942-ci ildə 34 yaşında vəfat edib”, - deyə A.Barbera vurğulayıb.
Burdan belə anlamaq olar ki, müharibə mövzusu hazırda aktual olduğu üçün festivalın açılış filmi də psixoloji trillerdən savaş filminə əvəzlənib.
Qeyd edək ki, festivalın tam proqramı iyulun 25-də təqdim olunacaq. Müsabiqənin Jürisinə amerikalı rejissor Damien Şazel rəhbərlik edəcək.
Və yenə də təkrarlayırıq: Amerika Kinorejissorlar Gildiyası tətil elan etdiyindən ola bilər ki, amerikalılar Venetsiyaya gəlməsinlər və festival sırf Avropa festivalı olsun!
Şəkildə: Rejissor Eduardo de Ancelis təzə xəbərdən çox məmnundur.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
“Mərmər soyuğu” filmi Serbiyada mükafata layiq görülüb
Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Serbiyada keçirilən 30-cu Paliç Avropa Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmini Avropa Film Festivalının münsifləri cəmiyyətdə yaşanan bir nəslin çəkdiyi acıları göstərən ən yaxşı film adlandırıblar.
Qeyd edək ki, ekran əsərinin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, həmçinin kreativ prodüser İradə Bağırzadə, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, eləcə də quruluşçu rəssam Rafiq Nəsirovdur. Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)
Mədəniyyət Nazirliyi “Nəşrlərin satınalınma müsabiqəsi”ni elan edib
Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satınalınma müsabiqəsi”ni elan edib. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya həyata keçirəcək.
Nazirlik məlumat verir ki, iştirakçılar tərəfindən nəşrlər avqustun 24-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.
Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək. Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satın alınmasına yol verilmir.
Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.
İştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satın alınması göstərilən nəşrlərdən 2 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir.
Müsabiqəyə aşağıdakı mövzular üzrə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndər haqqında çap olunmuş nəşrlər;
Yüksək ədəbi-bədii dəyərə malik bədii əsərlər;
Elmi və elmi-kütləvi ədəbiyyat (təbiət elmləri (kimya, fizika, mexanika, coğrafiya, biologiya, astronomiya və s.), ictimai (sosial) elmlər (tarix, hüquq, fəlsəfə, psixologiya, iqtisadiyyat, linqvistika, politologiya, antropologiya, etika və s) texniki (tətbiqi) elmlər (kompüter mühəndisliyi, süni intellekt, kənd təsərrüfatı, ekologiya və s.);
Uşaq ədəbiyyatı;
Milli adət və ənənələr, bayramlar, tarixi rəmzlər və toponimlər barədə nəşrlər;
Azərbaycan etnoqrafiyası və milli-mədəni irsinə aid nəşrlər;
Vətən müharibəsinə aid yüksək məzmuna malik nəşrlər;
Görkəmli ədəbiyyat, incəsənət və ictimai xadimlər haqqında araşdırmalar və memuarlar.
Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satın alınması nəzərdə tutulan nəşrlər barədə yekun siyahı tərtib edilir. Komissiya tərəfindən seçilən nəşrlərin satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcəkdir.
Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və Azərbaycan Milli Kitabxanasına təhvil verilir.
Müsabiqə və Komissiyanın fəaliyyəti ilə bağlı müəyyən edilmiş meyarlarla aşağıdakı linklərə daxil olaraq tanış olmaq mümkündür:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı və satın alınmasına dair Meyarlar (https://culture.gov.az/medias/media/other/720/neshrlere-dair-meyarlar.pdf)
Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiyanın fəaliyyətinə dair Meyarlar https://culture.gov.az/medias/media/other/721/komissiyaya-dair-meyarlar.pdf)
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)
“İstəyirəm, səni götürüb aparım Parisə…”
“Ədəbiyyat və incəsənət” portalı Hümbət Həsənoğlunun “Dilək” adlı essesini təqdim edir.
İstəyirəm, səni götürüb aparım Parisə!
Əvvəl gedərik Paris Notr Dam kilsəsinə, dua edib, adama bir şam yandırarıq. Sonra səni qaldıraram Eyfel qülləsinə, oradan ayağına sərilmiş Parisə baxarsan, onu sənə hədiyyə edərəm. Sonra Tüleri bağında nahar edərik. Bir az Luvr muzeyində gəzişərik. Mütləq Mona Lizanın sirli təbəssümünə təbəssümlə də cavab verərik. Axşam Parisin və dünyanın ən gözəl küçəsi olan Şanzelizedə qol-qola gəzərik. Orda sənə bir qızılgül alaram, səni sevdiyimi etiraf edərəm.
Elə həmin küçədə yerləşən Mulen Rujda tamaşaya baxa-baxa şam edərik. Gecə də Parisin səmasındakı aya tamaşa eləyərik.
Səni təəccübləndirmək üçün deyərəm ki, bu elə bizim Azərbaycanımızın ayıdır, buralara da işıq salır.
Səhər reysi ilə də Bakıya qayıdarıq…
P.S. Arzuya bax, sevgilim…
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)
“Dəmir yumruq” baleti maraq doğurub
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) doktorantı, Azərbaycan Bəstəkarlar İttifaqı Gənclərlə iş bölməsinin rəhbəri İlahə Qismət “Dəmir yumruq” baletini yazıb. 44 günlük Vətən müharibəsi haqqında ilk irihəcmli musiqi əsəri olan birpərdəli balet BMA-nın Opera studiyasında təqdim edildi.
Öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bəstəkar İlahə Qismət qeyd edib ki, səhnə əsərinin libretto müəllifi Əməkdar artist Yuri Lobaçev, baletmeysterləri Y.Lobaçev və Əməkdar artist Ceyhun Qubadovdur. O, bəstəkarlıq yolunda ona dəstək olan müəllimi, SSRİ Xalq artisti Arif Məlikovu dərin ehtiramla yad edərək baletin ideya müəllifi Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və BMA Bəstəkarlıq kafedrasının müdiri Əməkdar incəsənət xadimi Aydın Əzimova minnətdarlığını bildirdi.
O da diqqətə çatdırıldı ki, baletin nümayişi “Şuşa fatehlərinin Zəfər yolu” layihəsi çərçivəsində gerçəkləşir. Tamaşa ilk olaraq Vətən müharibəsi iştirakçıları və onların ailələri, eləcə də qazilər və hərbçilər üçün təqdim olunur. “Mədəni Əlaqələrin İnkişafına Dəstək”, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması”, “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” ictimai birliklərinin birgə layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə keçirilmiş müsabiqədə qalib olub.
Baletdə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin timsalında I Qarabağ müharibəsindən başlayaraq Şuşa zəfərinə doğru gedən keşməkeşli yol tərənnüm edilir. I Qarabağ müharibəsi zamanı hələ balaca uşaq ikən gözü qarşısında mənfur düşmənlər tərəfindən atasının amansızlıqla qətlə yetirilməsi onun kiçik qəlbində dərin travmatik iz qoyur. Daxili aləmində toplanmış qisas istəyi və Vətən həsrəti ilə böyüyərək gənclik illərinə çatan baş qəhrəman artıq zamanın dolduğunu, Ali Baş Komandanın “İrəli!” komandası ilə Vətən torpaqlarının qurtuluşunun başlandığını eşidir. Xalqının və ailəsinin intiqamını almaq üçün Vətən müharibəsini bir şans kimi dəyərləndirən gənc qəhrəman sevdiyi xanımla vidalaşaraq igid dostları ilə müharibəyə yollanır. Qüdrətli Azərbaycan Ordusu müharibədə davamlı zəfərlər qazanır və igid döyüşçü bayrağımızı Şuşa zirvəsində dalğalandırır, “Dəmir yumruğ”unu göyə qaldırır.
Balet tamaşasının xronometrajı 44 dəqiqədir. Bu da Vətən müharibəsinin davam etdiyi zamanı simvolizə edir.
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)
Akademik Musiqili Teatr mövsümə yekun vurub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 113-cü mövsümə “Sən elə bir zirvəsən” adlı tamaşa ilə yekun vurub.
Səhnə əsəri Ulu Öndər Heydər Əliyevin 100, Peşəkar Milli Teatrın 150 illiyi münasibətilə hazırlanıb.
Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.
Xatırladaq ki, Musiqili Teatrın yaradıcı heyəti bu tamaşa ilə Gəncə və Şəki şəhərlərində də qastrol səfərlərində olublar.
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)