
Super User
İstiqlal Muzeyi üçün 8611 əşya toplanılıb!
“Ədəbiyyat və incəsənət”də növbəti sitat:
“Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün şəhid ailələrindən, qazilərdən, Vətən müharibəsində iştirak edən qəhrəmanlardan şəxsi əşyaların, materialların, hərbi qənimətlərin Zəfər Muzeyinin fondları üçün toplanması işi davam etdirilir. Hazırda Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün toplanan əşyaların sayı 8611-ə çatıb.
Əşyaların toplanması prosesinə tələblər cəlb edilib. Azərbaycan İstiqlal Muzeyində istehsalat təcrübəsi keçən Mədəniyyət və İncəsənət Universiteti, Turizm və Menecment Universitetinin tələbləri bu işə könüllü cəlb olunublar. Onlar şəhid ailələrindən əşyaları toplayaraq muzeyə təhvil verirlər. Bu iş Mədəniyyət Nazirliyi tərəfindən İstiqlal Muzeyinə tapşırılıb. Proses davam edir. Gələcəkdə Zəfər Muzeyi fəaliyyətə başladığı zaman həmin əşyalar ora təhvil veriləcək”.
Sitat İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibliyə məxsusdur.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Bu gün Milli Kitabxananın 100 yaşı tamam olur
Ədibə İsmayılova: Milli Kitabxana 100 illik fəaliyyəti dövründə Azərbaycan xalqının elm məbədgahına çevrilib - müsahibə
Bu gün Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi tamam olur. Milli Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb. Belə bir əlamətdar gündə AzərTAC-ın əməkdaşı Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ilə həmsöhbət olub.
“Ədəbiyyat və incəsənət” portalı müsahibəni sizin diqqətinizə çatdırır.
-Ədibə xanım, yüz illik tarixi olan Milli Kitabxananın yaradılması ideyası haqqında məlumat verərdiniz...
-Azərbaycanda hamının istifadə edə biləcəyi Milli Kitabxananın yaradılması fikri hələ XIX əsrin 70‐ci illərində “Əkinçi” qəzeti tərəfindən irəli sürülüb. Sonralar ölkə mətbuatında, o cümlədən “İrşad”, “Kaspi”, “Tərəqqi” qəzetləri, həmçinin “Molla Nəsrəddin” jurnalında bu məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, Milli Kitabxananın yaradılması təşəbbüsü dövlət səviyyəsində Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yenidən qaldırıldı. Lakin sonralar respublikada ictimai‐siyasi mühitin kəskin surətdə gərginləşməsi ilə əlaqədar bu məsələ təxirə salındı və Demokratik Respublikanın süqutu bu ideyanın həyata keçməsinə imkan vermədi. Arxiv sənədlərindən məlum olur ki, Bakıda mərkəzi dövlət kitabxanasının yaradılması məsələsi ilk dəfə Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920‐ci il tarixli 53 saylı iclasında müzakirə edilmiş, kitabxananın yararlı bina, avadanlıq və kitab fondu ilə təmin edilməsi haqqında müvafiq qərar qəbul edilib. 1922‐ci ilin yanvar ayında Xalq Maarif Komissarlığı tərəfindən Mərkəzi kitabxananın direktor vəzifəsi təsis edilir və bu vəzifəyə Müseyib İbrahim oğlu Səlimov təyin edilir. Yeni yaranan kitabxana indiki Üzeyir Hacıbəyli küçəsindəki keçmiş Azərbaycan Ali İqtisad Şurasının binasında yerləşdirildi. Azərbaycanın Mərkəzi Kitabxanasının fondunun əsasını ilkin mərhələdə İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından toplanmış 5 min 212 nüsxə kitab təşkil etmişdir. O dövrdə kitabxana tərəfindən həyata keçirilən ən mühüm tədbirlərdən biri respublikada nəşr edilən bütün kitab, jurnal və qəzetlərin iki məcburi nüsxəsinin alınması haqqında dekretin hazırlanıb Respublika Xalq Maarif Komissarlığı tərəfindən təsdiqlənməsi idi. Dövlət səviyyəsində qəbul edilmiş bu sənəd Mərkəzi Kitabxananın kitab fondunun müntəzəm və planlı surətdə yeni ədəbiyyatla komplektləşdirilməsinin əsasını qoydu. 1923‐cü ildən başlayaraq kitabxanaya məcburi nüsxələr daxil olmağa başladı. Kitabxananın açılışı ərəfəsində fondun ümumi həcmi 20 min 441 nüsxəyə çatmışdı. Kitabxananın təsis edilməsi, ona Azərbaycan Mərkəzi Dövlət Kitabxanası statusunun verilməsi və dövlət səviyyəsində açılışı 23 may 1923‐cü ildə olduğundan bu tarix Milli Kitabxananın yaranması günü kimi qəbul edilir.
-Ölkəmiz müstəqillik əldə etdikdən sonra Milli Kitabxananın fəaliyyətində hansı yeniliklər olub?
Müstəqillik illərini Milli Kitabxananın fəaliyyətinin çiçəklənməsi dövrü kimi qeyd etmək olar. Məhz bu dövrdə Milli Kitabxana xalqımızın milli‐mənəvi dəyərlərinin etibarlı şəkildə mühafizə olunaraq gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirən elm məbədinə, oxuculara kitabxana xidmətinin müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulması məqsədilə yeni texnologiyaların tətbiqi işində öndə gedən flaqmana, əsl mədəniyyət mərkəzinə çevrilib. Ulu Öndər Heydər Əliyev mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşmışdır və bu diqqət milli mənəvi dəyərlərimizi yaşadaraq gələcək nəsillərə çatdıran Milli Kitabxanamızdan da yan keçməyib. 1995-1997-ci illərdə dəfələrlə bu elm məbədinə gələn və hər gəlişi ilə bu kitabxanaya yeni bir abu-hava, müsbət dəyişikliklər gətirən Ulu Öndər təsadüfi olaraq demirdi ki, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Kitaba belə dahiyanə dəyər verən Heydər Əliyev kitabxanaya gələrkən öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın qiymətli kitabı Milli Kitabxanaya hədiyyə edib. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə -1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanada olub. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq M.F.Axundzadə adına Dövlət Kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004‐cü il tarixli qərarı ilə “Milli Kitabxana” statusu verilib. Bu status kitabxananın qarşısına qoyulmuş vəzifələrin əhatəsini xeyli genişləndirmiş, ölkənin ictimai həyatında rolunu artırıb.
-Son illər hansı mühüm layihələr reallaşdırılıb və bu layihələr ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə nə kimi töhfə verib?
- ABŞ‐ın VTLS korporasiyasının məxsusi kitabxanalar üçün işləyib hazırladığı VİRTUA proqramının tətbiqi ilə Milli Kitabxanada elektron kataloqun yaradılmasına hazırlıq işləri başa çatıb, 2006‐cı ilin mayında Milli Kitabxananın veb‐saytınınnın və elektron kataloqunun təqdimatı olub. 2010‐cu ildən Kitabxana fondlarında olan kitabların rəqəmsallaşdırılması işi xeyli sürətlənmiş, “Azərbaycan ədəbiyyanın arxivi” və “Nadir kitablar və kitabxana muzeyi” şöbələrində olan və oxucular tərəfindən ən çox tələb olunan kitabların, XIX əsrin sonunda və XX əsrin əvvəllərində respublikamızda dərc olunan qəzet və jurnalların demək olar ki, 90 faizinin elektron versiyası hazırlanmışdı. Milli Kitabxananın oxuculara və kitabxanalara təqdim etdiyi son yeniliklərdən biri də məsafədən virtual kitab sifarişi sisteminin yaradılması oldu. Yəni İnternetə çıxışı olan hər bir oxucu saytdakı “Virtual xidmət” bölməsinə daxil olaraq istənilən kitabı sifariş edə bilirdi. 2008‐ci ildə Milli Kitabxananın Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsində Rusiya Dövlət Kitabxanasının Elektron dissertasiya fondunun Virtual oxu zalı açıldı. Oxu zalında Azərbaycan Milli Kitabxanasının oxucuları Rusiya Dövlət Kitabxanasının dissertasiya və avtoreferatlar fondunda mühafizə olunan 1 milyondan artıq dissertasiya və avtoreferatın tam elektron mətnindən istifadə etmək imkanı əldə etdilər. Şöbə Azərbaycanda müdafiə olunmuş dissertasiyaların tam mətnli elektron məlumat bazası ilə də oxuculara virtual xidmət göstərirdi.
-Milli Kitabxananın beynəlxalq əlaqələrindən də danışardınız...
- Müstəqillik illərində Milli Kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib və beynəlxalq kitabxana təşkilatlarında uğurla təmsil olunmağa başlayıb. Azərbaycan Milli Kitabxanası Müstəqil Dövlətlər Birliyinin milli kitabxanalarını özündə birləşdirən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) beş təsisçisindən biri olaraq, keçmiş Sovetlər birliyi məkanında yeganə professional kitabxana təşkilatının yaradıcılarından biri kimi çıxış etdi. 2005-ci ildə Azərbaycan Milli Kitabxanası dünyada çox nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatına üzvlüyə qəbul olundu. Bu nüfuzlu təşkilatın Lüksemburqda keçirilən illik iclasında ilk dəfə təmsil edildi və 43 ölkənin yekdil qərarı ilə həmin təşkilata üzv oldu. 2009-cu ilin avqustunda Azərbaycan Milli Kitabxanası Beynəlxalq Kitabxana Təşkilatları və Assosiasiyaları Federasiyasına (İFLA) üzvlüyə qəbul edildi və ilk dəfə həmin ilin avqustunda İFLA-nın Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən illik iclasında iştirak etdi. Bu zaman İFLA-nın prezidenti tərəfindən Azərbaycan Milli Kitabxanasına İFLA-nın üzvlüyü sertifikatı təqdim edildi. Eyni zamanda Azərbaycan Milli Kitabxanası İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları və Arxiv təşkilatları Birliyinin və Türkdilli Ölkələrin Milli Kitabxanaları Direktorları Şurasının da üzvüdür və bu beynəlxalq təşkilatların layihələrində fəal iştirak edir. Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri bu gün dünya kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq istiqamətində də uğurla inkişaf etməkdədir. Bu gün Milli Kitabxanamız dünyanın 47 ölkəsinin zəngin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalamışdır və bu kitabxanalarla fəal kitab, informasiya, təcrübə mübadiləsini həyata keçirir, eyni zamanda dünyanın 80-dən artıq ölkəsinin milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi yolu ilə kitab və digər nəşrlərin mübadiləsini həyata keçirir. Azərbaycan Respublikasında Kitabxana-informasiya sahəsinin inkişafında və yenidən qurulmasında mühüm mərhələ təşkil edən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bütövlükdə ölkəmizdə kitabxanaların, o cümlədən Milli Kitabxananın fəaliyyətinin günün tələbləri səviyyəsində yenidən qurulmasında, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasında, oxuculara kitabxana-biblioqrafiya xidmətlərinin təkmilləşdirilməsində və elektronlaşdırılmasında əhəmiyyətli rol oynadı. Bu Dövlət Proqramının uğurla yerinə yetirilməsi Azərbaycan Milli Kitabxanasının aparıcı dünya ölkələrinin milli kitabxanaları sırasında öncül yerlərdən birinə çıxmasına və Cənubi Qafqazın ən modern kitabxanası səviyyəsinə yüksəlməsinə səbəb oldu.
-Milli Kitabxananın Avropa standartlarına uyğunlaşdırılması istiqamətində hansı işlər görülüb?
-2014-cü ildən Milli Kitabxananın kolleksiyalarında müasir tipli mobil kitab rəflərinin quraşdırılması işlərinə başlanıldı. Tozu, rütubəti, işığı buraxmayan və qiymətli kitabların günəş işığından və digər kənar təsirlərdən qorunmasına xidmət edən mobil kitab rəfləri eyni zamanda, yeni kitabların yerləşdirilməsi imkanlarının da iki dəfə artırılmasına kömək edir. Son illərdə Kitabxanada Avropa standartlarına uyğun işıqlandırma, havalandırma və rütubət rejimini tənzimləyən avadanlıqlar quraşdırılıb, qazla işləyən avtomatlaşdırılmış yanğınxəbərverici və yanğınsöndürücü sistem quraşdırılaraq istifadəyə verilib. Fondun xüsusi, mobil kitab rəflərində yerləşdirilməsi həm oxucuya xidmət işini yaxşılaşdırır, həm də qiymətli kitab kolleksiyalarının etibarlı mühafizəsinə xidmət edir. Hazırda kitabxananın Azərbaycan ədəbiyyatının milli arxiv fondu, Azərbaycan ədəbiyyatı fondu, Azərbaycan bəstəkarlarının not əlyazmaları fondu və bütün digər sənədlər yüksək keyfiyyətli müasir tipli mobil kitab rəflərinə köçürülüb və bu ilin sonunadək bu işin tamamilə başa çatdırılması nəzərdə tutulur. 2016-cı ilin iyul ayında Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında paytaxt sakinləri və şəhərimizin qonaqları üçün fasiləsiz və sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə, Milli Kitabxananın nəzdində həftənin bütün günləri, 24 saat xidmət göstərən “Mən oxudum, sən də oxu” devizi altında işləyən “Açıq Kitabxana” yaradıldı. Açıq kitabxanada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır. 2020-2021-ci illərdə Milli kitabxananın fonduna müxtəlif mənbələrdən 33 641 nüsxə ədəbiyyat daxil oldu. Pandemiya şəraitində Milli Kitabxanada tammətnli elektron resursların yaradılması işi də qənaətbəxş olub. Yaranan maneələrə baxmayaraq Milli Kitabxanada robot skanerlər, portativ skanerlər və rəqəmsal fotoaparatlar vasitəsi ilə çəkilmiş və qrafik proqramlarda işlənmiş 88048 tammətnli (kitab, dissertasiya, dövri-mətbuat olmaqla) elektron resurs yaradıldı. Pandemiya ilə əlaqədar bilavasitə kitabxanada oxuculara xidmət dayandırıldığı üçün qısa zaman kəsiyində istifadəçilərə kitabxana-informasiya xidmətini virtual rejimdə təqdim etmək üçün xidmət miqyasını genişləndirərək, kitabxananın saytında yeni "Onlayn xidmətlər” pəncərəsi yaradıldı. Bu pəncərənin “Sənədlərin sifarişi və elektron çatdırılması” bölməsi vasitəsilə istifadəçilərə 246 098 resurs göndərilib. Kitabxananın (millikitabxana.az) saytına daxil olan istifadəçilərin sayı isə 7.500.523 nəfər olub. Pandemiya şəraitində Milli Kitabxananın fəaliyyəti kitabxananın elektron xidmətlərinin, elektron kataloq və elektron kitabxanasının daha da təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə əhəmiyyətli təkan verdi. Uzun illər Ana Kitabxanamız xalqımızın milli‐mənəvi dəyərlərini etibarlı şəkildə mühafizə edərək gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmiş, oxuculara kitabxana xidmətinin müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulması məqsədilə yeni texnologiyaların tətbiqi işində öndə getmiş, milli mənəvi dəyərlərimizin təbliğində və vətənə qayıdışı istiqamətində layihələrə imza atmışdır. Milli Kitabxananın son illərdə əldə etdiyi böyük nailiyyətləri yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: "Fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual‐mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir".
Beləliklə, doğma Milli Kitabxanamız öz tarixi 100 illik fəaliyyəti dövründə Azərbaycan xalqının elm məbədgahına çevrilib.
-Sizi və çoxsaylı kollektivinizi əlamətdar gün münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında dərc edilib
İspaniyanın Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin (DTM) “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şairə Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərini yayımlayıb.
Tərcümə Mərkəzindən verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla birgə təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru, İspaniyanın filoloq alimi Eva Kontrerasdır.
Geniş oxucu kütləsi tərəfindən izlənilən “Trabalibros” portalı mütəmadi olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Qeyd edək ki, 1998-ci ildən qəzet, jurnal, sayt və onlayn televiziyalarda müxbir, tərcüməçi, redaktor kimi çalışmış Rəbiqə Nazimqızı “Sənə qədər”, “Epizodik sevgilər”, “Çətirlərin qiyamı”, “Vaxtı öpmək” adlı şeir kitablarının müəllifidir. O, həmçinin “Rixard Vaqner. Mənim həyatım” memuarını, Avqust Strindberqin “Tənha”, Elias Kanettinin “Korlaşma” romanlarını, Romen Rollanın “Seçilmiş əsərləri”ni, dilimizə tərcümə edib.
“Ədəbiyyat və incəsənət”
(19.05.2023)
Ölkəmizdə ərəb yayı gözlənilir
Azərbaycanın turizm sektoruna və turizm potensialına pandemiya böyük zərbə vurdu. İndi dağıdıcı nəticələri aradan qaldırmağa çalışırıq. Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına tanınmış turizm eksperti Ruslan Quliyev söyləyib. Və bu bərpa işində yeni əlaqələrin, o cümlədən ölkəmizin turizm infrastrukturlarına biganə olmayan ölkələrlə əlaqələr qurmağın hədsiz çəkisi var. Bu ölkələrdən biri də Səüdiyyə Ərəbistanıdır.
Bu günlərdə Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad səyahət sərgisi”ndə iştirak edir.
Dövlət Turizm Agentliyinin məlumatına görə, sərgidəki milli stenddə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli turizm sənayesi nümayəndəsi təmsil olunur.
Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış tarixi abidələri, milli mətbəx nümunələri, ekoturizm, sağlamlıq, yay və qış turizmi imkanları üzrə potensialı haqqında ətraflı məlumat verilir.
Sərgi çərçivəsində digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.
Sabah yekunlaşacaa “Riyad səyahət sərgisi”ndə dünyanın 55 ölkəsindən 300-dən çox turizm sənayesi nümayəndəsi təmsil olunur. Sərginin 30 minədək ziyarətçini qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır.
Həmçinin 2022-ci ildə Səudiyyə Ərəbistanından olan ziyarətçilər Körfəz ölkələri sırasında birinci pillədə qərarlaşıb. Həmin il Körfəz ölkələrindən Azərbaycana 185 288 xarici vətəndaş səfər edib ki, bunun da 52 faizini Səudiyyə Ərəbistanı vətəndaşları təşkil edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti Bakı və Ər-Riyad arasında birbaşa reyslər həyata keçirir.
Ötən ilin dekabr ayında Azərbaycan Turizm Bürosu ilə “Flynas” hava yolları şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanması məqsədilə “Anlaşma Memorandumu” imzalanıb.
Bir sözlə, bu yaya Azərbaycanda ərəb yayı olması gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Mədəniyyət naziri Qobustanda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən mayın 22-də Qobustan rayonunda vətəndaşların qəbulu keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbulda həmçinin mədəniyyət nazirinin müavini Fərid Cəfərov, aparat rəhbəri Xanlar Ağalarov və stuktur bölmələrin rəhbərləri də iştirak edib.
Qəbulda əksəriyyət Qobustan, Şamaxı və Ağsu rayonlarından olmaqla ümumilikdə 84 sakin iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin edilmə, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı problem və təkliflərdən ibarət olub.
Vətəndaşların hər bir müraciəti qeydiyyata alınıb, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Günün fotosu: Adil Əliyev İqdırda səfərdədir
Günün fotosu: Adil Əliyev İqdırda səfərdədir
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevin rəhbərliyi altında nümayəndə heyəti İğdır Valiliyində görüşə gedərkən.
Fotonu nümayındə heyətində yer alan Elnur Eltürk təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.
19-cu dərc
“Gələcəyəm” deməyim Gülüdən çox özümə aid idi. Əvvəllər polis sıralarında çalışarkən iştirak etdiyim əməliyyatlarda bir o qədər də ağına-bozuna baxmaz, yarana biləcək təhlükələrdən o qədər də qorunmazdım. Elə buna görə də, növbəti əməliyyatlardan birində sağ qolumdan güllə yarası almışdım. Güllə qol sümüyümü zədələdiyi üçün uzun müddət müalicə olunmuşdum. Söhbətimin əvvəlində sizə deməsəm də, çox bağlı olduğum polis sıralarından vaxtından tez getməyimin səbəbi yaralanmağım olmuşdu. Hərdən qolumda baş qaldıran dözülməz ağrılara görə. Yaxşı ki, hərdən…
Gülü həyatıma daxil olduqdan sonrakı illərdə, hər bir əməliyyatdan qabaq ona “gələcəyəm” deməklə söz verir, əməliyyat zamanı isə ona verdiyim sözü tutmaq üçün son dərəcə ehtiyatlı olmağa özümü məcbur edirdim.
Neçə illər sonra tapdığı xoşbəxtliyini itirməsinə yol verə bilməzdim. Elə özümün də…
Rəşad Qasımlı zəng edənədək gözləməli idim. Bu iki nəfərin, sürücü ilə Babaxanın söylədikləri ilə bəlkə də artıq bu cinayət açılacaq, Nərminin yeri bilinəcəkdi.
Layiqəni dinləmək üçün mətbəxdən çıxıb ofisdəki masamın arxasına keçdim.
Ancaq kresloma əyləşən kimi Rəşaddan gələn zəng buna mane oldu.
-Sürücünü saxlamışıq.
-Bəs Babaxandan nə xəbər var?
-Burada hər şey bir az qəlizdir. Ünvanını müəyyən edən kimi evinə yollandıq. Həyat yoldaşı harada olduğu barədə məlumatsızdır. Tez-tez evdə gecələmədiyini bildirdi, verdiyi mobil nömrəsinə də zəng çatmır. İşlətdiyi mobil telefon ümumiyyətlə şəbəkədən ayrıldığı üçün koordinatlarını müəyyən etməkdə mobil operator bizə heç bir köməklik edə bilmədi. Görünür, telefonu söndürdükdən sonra söküb cərəyan mənbəyini ayırıb. “Bəlkə bağ evləri var, orada olar” deyə soruşdum, “bu gördüyünüz evimizdən başqa heç bir mülkümüz yoxdur”, dedi yoldaşı. Ola biləcəyi bütün yerlərə əməkdaşları göndərmişəm. Bir əməkdaş da evinə yaxın yerdə pusquda durub. Dövlət Yol Polisi İdarəsinə avtomaşınının saxlanılması barədə təlimatlandırma ötürmüşəm. Axtarırıq, ancaq hələ ki, nəticə yoxdur. Sürücünü isə dindirmişəm.
Rəşadla danışdığımı eşidən Layiqə mətbəxə qayıtdı. Oturmasına işarə verib Rəşadla söhbətimə davam etdim.
-Çox gözəl. İstəyirsiniz sürücünün dediklərini sizə danışım.
-Maraqlı olar, -Rəşad təəccüblə dedi.
- Bəri başdan deyim ki, yük maşının sürücüsü hadisələrdən kənardadır. Bildiyi də çox az şey var. Ola bilsin ki, Babaxanı tanıyır. Ancaq ötəri. Nərmin itməmişdən iki gün əvvəl Babaxan qardaşı Tahir müəllimin həyətində qoyduğu dolabı aparmaq üçün onunla qardaşı evinə gəlib. Gözləməsini söyləyərək həyətə girib. Ancaq bir azdan qayıdıb dolabı iki gün sonra aparacağını bildirərək onu yola salıb. İki gün sonra isə həmin yerdə axşam saat 8-də görüşüblər. Ona maşında gözləməsini tapşırıb. Bundan az keçmiş üst-başından cin hürkən bir sərxoş sərgərdan sürücüyə yaxınlaşıb onu söhbətə tutub. Sürücü onu başından etməyə çalışarkən Babaxan yaxınlaşaraq həmin avaranı köməyə çağırıb və onlar həyətə keçiblər. Sürücü isə yük yerinin arxasını açıb gözləyib. Dolabı qoyduqdan sonra Babaxan kabinəyə, qonşunun uşağının dama düşmüş topunu götürməyə gedən həmin avara isə qayıdaraq yük yerinə minib və sürüb gediblər. Ancaq çox uzağa yox. Maşın elə “Kubinka”dakı həyətlərdən birinə girib və dolabı düşürdükdən sonra ya o həyətdə, ya da başqa bir yerdə qalıb.
-Düzdür, -Qasımlı daha artıq təəccüblə dedi.
-İndi əlavələrini elə, -dedim.
-Babaxan sürücüyə bu dolabdan başqa da mebelinin olduğunu bildirərək onları da yükləmək üçün maşını elə “Kubinka” ərzisində darvazasını öz açarı ilə açdığı həyətə saldırıb. Bundan sonra kiməsə zəng vuraraq niyə hələ də mebeli gətirmədiklərini soruşaraq guya əsəbləşib. Telefon danışığından sonra isə mebelin gecə saatlarında gətiriləcəyini bildirib, gecə yükləmək üçün maşını həyətdə saxlamasını, səhər tezdən isə gələrək lazımi ünvana aparmasını sürücüdən xahiş edib və bunun müqabilində danışdıqları pulu ikiqat ödəyəcəyini vəd edib. Sürücü tərəddüd etsə də, sonradan razılaşıb, maşının sənədlərini və açarını özü ilə götürərək gedib.
-Ancaq səhər gələndə yenə də maşında dolabdan başqa heç nə olmadığını görmüşdür, elədirmi?
-Bəli. Ancaq bu, sürücü üçün heç nəyi dəyişməmiş, vəd olunan pulu alaraq dolabı ona göstərilən ünvana aparmışdır. Bundan başqa, dolabı gətirəndə də, aparanda da Babaxan dediyiniz kimi, yük maşınına oturmamış, öz şəxsi avtomobilində irəlidə gedərək onu müşayiət etməsini tapşırmışdır.
Hmm, əlbəttə, Zabitə bunu görməyə bilərdi.
-Dolabı hansı ünvana aparıblar?
-Babaxanın evinə.
-Bəs “Kubinka”dakı həyət?
-O həyətin darvazasında böyük bir qıfıl asılıb. Sahibi Rəhman İsmayılov uzun müddətdir ki, Rusiyada yaşayır. Sonuncu dəfə Bakıya bir il əvvəl gəlib, tez də qayıdıb. Qonşuların dediyinə görə, açarı bir tanışına verib və hərdən gəlib evə baş çəkən o adamın əlamətləri Babaxanın əlamətlərinə çox uyğun gəlir.
-Yük maşını həyətdə olarkən ora ikinci maşın yerləşərdimi?
-Bəli, kifayət qədər iri həyətdir. Uşaqlar hasara dırmaşıb həyəti gözdən keçiriblər.
-Oradan uzaqlaşandan sonra Babaxanın maşının hərəkət istiqamətini müəyyən etmisinizmi?
-Bir müddət sonra oradan çıxan Babaxan maşını birbaşa evinə sürüb.
-Maşını həyətdə qoyub?
-Xeyr, maşınla gedib. Bizim uşaqlar maşının sonrakı hərəkət istiqamətini müəyyənləşdiriblər. Ancaq yarımçıq.
-Yəni?
-Maşının izi Zabrat qəsəbəsindəki ara yollarda itir.
-Bəs qonşular o həyətə hansısa başqa maşının girdiyini görməyiblər ki?
-Buna mən də çox ümid edirdim. Ancaq təəssüf ki, heç kim heç bir şey görməyib.
-İndi bir xahişim olacaq. Rəhbərliyinizlə danışın, qoy Zabrat qəsəbəsinin inzibati ərazisinə nəzarət edən ərazi polis orqanının rəisi ilə əlaqə saxlasın. Səhv etmirəmsə, axşam saat 9 radələrində bütün bölmə əməkdaşları rəisyanı müşavirəyə toplaşır. Müşavirədə bütün əməkdaşların, xüsusilə polis sahə rəislərinin, inspektorlarının və əməliyyatçıların iştirakını təmin etsinlər və bizi gözləsinlər. Qalanını orada qərarlaşdırarıq.
-Oldu Bəxtiyar müəllim.
Saat beşin yarısı idi. Layiqəyə ofisdə qalmasını tapşırıb çıxmaq istəyirdim ki, o dedi:
-Şef, bir söz soruşum, amma yenə də “sonra bilərsən” deməyin.
-Soruş, -dedim.
-Siz burada otura-otura o sürücünün orada nə dediklərini haradan bildiniz?
-Əziz Layiqə, mən burada otura-otura indi eşitdiklərini deməkçün, dünəndən yerə oturmamışam. Mən Səməd kişigilə gedirəm.
-Yaxşı, şef.
…Səməd kişigilə tez çatdım. Bu ahıl insanlarla dəqiqləşdirəcəyim daha bir məqam çıxmışdı ortalığa.
Qapını Səməd kişi özü açdı. Məni görəndə əl-ayağa düşüb, - Gəlin, Bəxtiyar müəllim, buyurun içəri, -deyərək kənara çəkilib yol verdi.
İçəri keçib onunla salamlaşdım. Səsə Səlminaz nənə də gəldi.
-Ay oğul, balamızdan nə xəbər var, ürəyimiz yerindən çıxır, sizi də narahat etmək istəmirik tez-tez.
Səməd kişiyə baxdım. Qocanın gözlərində ümiddən çox narahatçılıq vardı.
Görünür, simamdakı yorğunluğu başqa cür yozmuş, nə isə pis xəbərlə gəldiyimi düşünmüşdü bu nurani qoca.
Onu bu narahatçılıqdan qurtarmaq üçün tez dilləndim:
-Bəzi şeylər aydınlaşıb, sizinlə bir şeyi dəqiqləşdirməyim lazımdır, ona görə gəlmişəm.
-Buyur içəri, qapıda niyə, ay oğul?
Onların sözünü yerə salmadım. Ayaqqabılarımı çıxarıb artıq mənə tanış olan otağa keçdim.
-Zəhmət olmasa deyin, son zamanlar Nərmində fikir dağınıqlığı hiss etmişdinizmi?
Qocalar bir anlıq fikrə getdilər.
Birinci Səlminaz nənə dilləndi:
-Nə deyim, ay oğul, açığı hə, ancaq bunu çox oxumaqdan yorulmasına yozaraq əhəmiyyət vermirdim.
-Məsələn, bu nə formada özünü büruzə verirdi?
-Belə də, xırda şeylərdə, məsələn əlindən qoyduğu bir şeyi sonra nə qədər axtarsa da tapa bilmirdi. Yaxud da, biz tez yatsaq da, o gecələr oturub dərs oxuyurdu, neçə dəfə oyanıb görmüşəm ki, çaydanı qaynamağa qoyub ki, çay içsin, ancaq unudub, suyu az qala qaynayıb qutarıb. Əvvəllər onda belə şeylər olmazdı.
-Hə, belə şeylər axır vaxtlar olurdu, -Səməd baba da deyilənləri təsdiqlədi.
Daha bir ehtimalım öz təsdiqini tapırdı. Ayağa qalxıb qocalarla sağollaşdım.
-Ay oğul, bir stəkan çay içərdin, -Səlminaz nənə dedi.
-Təşəkkür edirəm, başqa vaxt, indi getməliyəm.
Çay təklif edən bu ağbirçəyə necə deyəydim ki, həmin çayın içilməsinə sərf olunacaq vaxt sevimli nəvəsinin axtarışlarının indiki fazasında bir ton qızıla bərabər idi.
Küçəyə çıxan kimi maşına əyləşib bir vaxtlar böyük köməyim dəymiş və sonradan dostlaşdığım professor Ənvər Seyidbəylinin nömrəsini yığdım. Professor deyən kimi, gözünüzün qarşısına ağsaçlı, gözündə qalın şüşəli eynək gəzdirən, səsi titrəyə-titrəyə danışan qocaman bir insan gəldi, deyilmi? Ancaq bu professorun cəmi qırx beş yaşı var idi və öz sahəsində öz savadı ilə əldə etdiyi nailiyyətlərə görə belə erkən yaşda professor adını daşımağa layiq görülmüşdü.
Ənvər telefona üçüncü zəngdən sonra cavab verdi.
-Salam, möhtərəm Hippokratın davamçısı.
-Salam, cənab detektiv. Hər dəfə belə müraciət edəndə istəyirəm soruşum, sonra da yadımdan çıxır, bu “möhtərəm” sözü mənə aiddir, ya rəhmətlik Hippokrata?
-Sənə əziz qardaş, sənə, mənim Hippokratla işim yoxdur.
-Onda buyur, səni dinləyirəm.
-Sualım elə yaddaş barədədir. On yeddi yaşlarında olan itmiş bir məktəbli qızı axtarıram. Bilmək istəyirəm, insanda fikir, diqqət pozğunluğu hansı yaşlarda özünü büruzə verə bilər və bu hansı formalarda təzahür edir.
Bəzən boş vaxtlarımda Ənvərlə görüşüb çay süfrəsində onunla hər ikimizin peşəsi ilə bağlı uzun-uzadı diskussiyalar aparır, bu diskussiyalar zamanı polis peşəsi barədə ən az məlumata malik olan dostumun verdiyi suallardakı məntiqə heyran olmaya bilmirdim. Ömrü boyu elmlə məşğul olan bu insanın özünəməxsus yumor hissini görəndən sonra isə ona rəğbətim daha da artmışdı. Bu hiss insanın əhvalını həmişə nikbin saxlamağa olduqca kömək edir.
-Qulaq as, -deyib Ənvər sözə başladı: -Diqqət koqnitiv psixologiya anlayışı olaraq beynin ətraf mühitdən aldığı konkret informasiyanın emalı anlayışıdır. Məhz diqqətə görə subyektin ətraf mühitdə səmtləşməsi, eləcə də, psixikada tam və aydın inikası baş verir. Belə ki, diqqət obyekti şüur mərkəzinə düşməklə digər elementlər beyin tərəfindən zəif, qeyri-aydın qəbul edilir. Lakin bu zaman diqqətin istiqamətinin dəyişməsi istisna olunmur. Fikir dağınıqlığı isə diqqətin konsentrasiya olunması imkanlarının pozulması deməkdir. Bu hal diqqətsizlik və istiqamətlənmiş diqqətsizlik fenomeninə aiddir. Baş vermə səbəbləri və xarakterinə görə fərqlənir. Diqqətsizlik, çox yorulmuş, orqanizmin imkanlarından ifrat dərəcədə istifadə etmiş və yaxud yenicə hansısa xəstəlik keçirmiş insanlarda üzə çıxa bilər. Stressin əsarətində olan, uzun müddət çiyinlərinə ağır yük götürmüş insanlarda da bu hal çox müşahidə olunur.
Elə çox şey anlaya bilməsəm də, “Aha” deyərək ardına qulaq asmağa qərar verdim.
-Deyirsən ki, axtardığın qız məktəblidir? Bəs bilirsənmi ki, fikir dağınıqlığının bir növü də, elmdə “şagird fikir dağınıqlığı” adlanır? Bu hal diqqətin yayınması ilə yanaşı subyektin həddən artıq hərəkətliliyi ilə müşahidə olunur. Belə adamların diqqəti bir şeydə çox cəmləşmədən tez-tez bir obyektdən digərinə yönəlir. Ancaq adına baxmayaraq, fikir dağınıqlığının bu növü də hər bir yaşda özünü göstərə bilər.
Ənvərin verdiyi fasilədən istifadə edərək cəld ona bir sual verdim.
-İndi, latın dilini bilməyən birinə latın sözlərindən istifadə etmədən deyə bilərsənmi, fikir dağınıqlığının yaddaş pozulması ilə əlaqəsi varmı?
-Xeyr, yaddaş pozulmasının elmi adı amneziyadır və tibbdə bu tamam fərqli bir istiqamətdir.
-Yəni?
-Yəni sizin halda, dediyin o qız uzun bir şeiri iki dəfə oxumaqla qayıdıb əzbərdən söyləyə bilər, lakin on beş dəqiqə bundan əvvəl əlindən qoyduğu hər hansı əşyanı bir neçə saat axtarıb tapa bilməz. Bax belə.
-Daha bir sual. De görüm, bir insanı əməliyyata hazırlamaq üçün neçə gün lazımdır?
-Adi əməliyyatdırsa, bir gün bəs edir.
-Yaxşı bəs insanı donor kimi əməliyyat edib hansısa orqanını çıxarırlarsa, bu zaman nə qədər hazırlıq müddəti tələb olunur?
-Bu zaman həmin orqanın köçürüldüyü yerə adaptasiya olanadək öz keyfiyyətini itirməməsi üçün donora xüsusi preparatlar yeridilməli və xəstə xüsusi rejimdə saxlanılmalıdır ki, buna da əsasən əməliyyatqabağı üç gün kifayət edir. Bəzi hallarda bu dörd gün də çəkə bilər. Ancaq çox vaxt üç gün təcrübə olunur.
Bunu əvvəldən təxmini özüm də bilirdim. Ancaq ən pis ehtimalımı professorun da təsdiqləməsi məni heç sevindirmədi.
Hissiyatım mənə bu gecənin axtarışlarımda son gecə olduğunu deyirdi, ancaq bu müəmmalı gecənin səhərinin necə açılacağı barədə nədənsə susurdu. Bu isə çox pis idi. Çox pis… Həmişə mənə kömək edən intuisiyam bu dəfə çox şeyi təcrübəmin və məntiqimin ixtiyarına buraxırdı.
Narahat idim. Ona görə ki, Nərminin olduğu yeri yox, yalnız ola biləcəyi ərazini təxmini müəyyən etmişdim. Bu ərazidə isə nə qədər evlər, nə qədər tikililər var idi… Vaxt isə təəssüf ki…
Qeyri-ixtiyari saat baxdım. Ənvərlə danışmaq mənə xoş idi, ancaq indiki halda əlaqəni kəsməliydim. Onsuz da telefon danışığına kifayət qədər vaxt sərf etmişdim.
-Dəyərli məlumata görə dəyərli dostuma təşəkkür edirəm.
-İyirmi dörd saat xidmətinizdəyik.
-Hələlik.
-Hələlik.
Saat altıya iyirmi dəqiqə işləyirdi. Mühərriki işə saldım. İndi ofisə qayıdıb sakit şəraitdə bütün topladığım məlumatları təhlil etməli, uzlaşdırmalı və demək olar ki, hazır olan bu gecəki hərəkət planımda mümkün boşluqları tapıb yerini doldurmalıydım. Saat 21-də Zabratda olacağımı nəzərə alsam, o qədər də çox vaxtım qalmamışdı.
Ofisin qapısına çatanda Layiqəni küçədə dayanan gördüm.
-Çıxmışdım bir qədər hava alım, şef. Buyurun keçin,- Layiqə kənara çəkilib mənə yol verdi və özü də arxamca ofisə keçdi.
-Həm də rəfiqəni ötürəsən, -diqqətlə Layiqəyə baxdım.
-Hə, onu ötürüb bir qədər dayandım ki, havamı dəyişim. Ancaq o, beş dəqiqə əvvəl gedib, siz isə indi gəldiniz. Bəs onun burada olduğunu nədən bildiniz? -Layiqə təəccüblə mənə baxdı.
-Sənin masanın yanında qoyulmuş əlavə stul qonağının olduğuna dəlalət edir. Ofisdən isə iki fərqli qadın ətirinin iyi gəlir. Biri “Bvlqari”dir, bunu sən işlədirsən, o birisi isə, yenicə nişanlanmış, dayısı dərzi olan rəfiqənin işlətdiyi “Trussardi Donna”dır.
-Hə, doğrudan da, amma mən elə bilirdim sizin ətirlərdən heç başınız çıxmır. Yeri gəlmişkən, rəfiqəm dedi ki, kostyumunuz hazırdır.
-Götürərik və sənə söz verdiyim şam yeməyinə həmin kostyumu geyinərəm.
Yenidən Layiqənin çiçəyi çırtladı:
-Şef, rəqs etməyə də söz vermisiniz.
-Vermişəm, deməli edəcəyik.
-Özü də bir neçə dəfə.
-Belə bir söz verməmişəm.
Layiqə gözlərini süzüb şıltaq-şıltaq mənə baxdı:
-Bu mənim xahişimdir.
-Yaxşı, qoy sən deyən olsun. Ancaq nəzərə al ki, rəqsdə mən elə də bacarıqlı partnyor deyiləm.
-Mən öyrədərəm, çətin bir şey yoxdur burada.
-Yaxşı, vaxtımız çox azdır, Rəşad gələn kimi çıxmalıyıq, indisə mən bir az işləyəcəyəm.
Layiqə sözlü adama bənzəyirdi.
-Nəsə olub, Layiqə?
-Yox, şef.
-Yenə də…
-Onda deyim. Bəs niyə o gün Gülanə xanımın gəldiyini onun ətrinin iyindən bilmədiniz?
Bu qız sakitləşmək bilmirdi də…
-Çünki may çayının ətri bütün ofisi bürümüşdü.
-Başa düşdüm, şef.
“İşləyəcəyəm” deyəndə, fikirləşəcəyəm nəzərdə tutulurdu və Layiqə bunu gözəl bilir, həmin vaxtlarda qətiyyən məni narahat etmir, hətta fikrimi dağıtmamaqçün cib telefonunun səsini də alırdı.
-Kresloma əyləşib ayaqlarımı stolun üstünə qoydum. Gözümü tavana zillədim. Bütün faktları və ehtimallarımı bir ipə düzməyin vaxtı çatmışdı…
Araşdırmamın lap əvvəllərində topladığım faktları uzlaşdırarkən təcrübəm mənə Nərminin yalnız və yalnız qayıdaraq Tahir müəllimin evinə getməsini, məntiqim və intuisiyam isə Tahir müəllimin əsla yalan danışmadığını deyir, ona görə də, təcrübəm ilə məntiqim arasında qalaraq heç bir qənaətə gələ bilmirdim. Ta o vaxta qədər ki, ortalığa Tahir müəllimin qardaşı Babaxan çıxdı. Bax, bundan sonra hər şey yerini almağa başladı.
Ağlıma bir fikir gəldi: bu dəfə fikirlərimi ucadan səsləndirmək. Həm Layiqəni yoxlamaq, həm də onun bələd olduğum ağıl və zəkasından istifadə etmək.
Bir dəfə araşdırma zamanı mənə necə kömək etməsi barədə sizə demişdim.
-Qulaq as, Layiqə, -ayaqlarımı masanın üstündən endirdim.
-Bəli şef, -Layiqə təəccüblə mənə baxdı.
-İndi mən aramla danışacağam, sənsə dinləyəcəksən. Deyəcəklərimdən bəziləri artıq təsdiqlənmiş faktlar, bəziləri bu faktlara əsaslanan və reallığa kifayət qədər yaxın olan dəlillər, bəziləri isə zəif ehtimallar olacaqdır. Ona görə də, harada nəisə əlavən və ya sualın olarsa, çəkinmədən sözümü kəs və fikrini bildir. Çünki istənilən ehtimalın özünün də düz çıxmaması ehtimalı var.
Vərdişlərimi bilən Layiqə üçün təklifim gözlənilməz oldu.
-Başlayın şef.
-Deməli belə. Üç gün əvvəl, axşam saatlarında itən Nərminin nənəsi və babası bir saat sonra nəvələrinin tapılması üçün polisə müraciət edir, növbəti gün axşamadək gözləyərək qızın tapılmadığını görəndə səhərisi qızın axtarışları üçün bizə də müraciət edirlər.
Bizə deməyim Layiqənin xoşuna gəldi. Yerində azca qurdalansa da, susmağına davam etdi.
-Deməli, bu gün saat 20:00-da qızın yoxa çıxmasının tam üç günü tamam olacaq. Mən bu cinayətin motivini müəyyən etmək üçün bütün mümkün versiyaları saf-çürük etdikdən sonra, ilk gündən yalnız birinin üzərində dayandım. Nərmini insan orqanları alverçiləri qaçırıblar.
Bu yerdə qəsdən kiçik bir pauza verib gözaltı Layiqəyə baxdım. Əgər bu sözlərimdən sonra -Ay aman, yazıq qız, indi bəs necə olacaq? -kimi sözlər işlətsəydi çox təəssüflənəcəkdim. Adi halda bir qız uşağı üçün bu normal reaksiya olardı, lakin detektiv köməkçisi üçünsə bu böyük bir “çıx” işarəsi olcaqdı ki, köməkçim bu “çıx”ı almadı. Afərin.
Layiqə susur və siması heç bir emosiya ifadə etmirdi. Özlüyümdə ona bir üstəgəl işarəsi qoyub sözümə davam etdim.
-Deyə bilərsən ki, bunu niyə belə əminliklə deyirəm. Ən xırda cinayətin də motivi olur. Spesifikasına görə cinayətlər gizli və aşkar şəraitdə baş vermiş cinayətlərə bölünür. Aşkar şəkildə baş verən cinayətlərdə cinayəti törədən tərəf bəlli olur və bütün qüvvələr onun tutulmasına yönəlir. Burada heç motiv əvvəldən məlum olmasa belə, bunun üzərində baş sındırmağa ehtiyac qalmır. Deyək ki, qonşu qonşusunu hamının gözü qarşısında bıçaqla vurur və sonra da qaçaraq istintaqdan gizlənir. Burada hər şey aydındır. Onun qonşusunu niyə bıçaqlamasını dəqiqləşdirmək həmin vaxt elə də vacib deyil. Əsas məsələ özünü yaxalamaqdır. Gizli şəraitdə baş vermiş cinayətlərin açılmasında isə, motivi müəyyən etmək çox vacibdir. Bir neçə motiv üzərində paralel iş aparılır. Sonda, toplanmış faktlar əsasında özünü doğrultmayan motivlər kənara qoyulur, qalan motiv cinayətin araşdırılmasının istiqamətini müəyyən edir. Fərz edək ki, şəxsiyyəti məlum olan kişi meyiti tapılıb. Bu halda hansı motivləri saya bilərsən?
-Sifarişli qətl, tamah məqsədi ilə, qeyrət məsələsi.
-Daha?
-Çox şey saymaq olar.
-Birini də mən deyəcəyəm - qan düşmənçiliyi.
Layiqə təəccüblə mənə baxdı.
-Təəccüblənmə, təəəssüf ki, az-az da olsa, hələ də qan düşmənçiliyi kimi qədim ənənəyə rast gəlinir. Bu misalı elə-belə çəkmədim. Ən az ağlabatan olsa belə, dediyim cinayətin araşdırılmasında digər versiyalarla yanaşı bunu da nəzərdən keçirmək zəruridir. Fikrimi tutdun?
-Tutdum, şef. Yəni ən xırda ehtimalı da diqqətdən kənarda qoymaq olmaz.
-Nərmin məsələsində də, bütün mümkün variantları nəzərdən keçirmişəm. Heç biri dolayısı ilə də olsa, təsdiqlənmədi. Ona görə də, indi dediyim variantın üzərində dayandım.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Xeyrəddin Qoca: “Heydər Əliyev məni görəndə gülümsədi və dedi: Sən bilirsən ki, özünü əjdahaların, ilanların içinə atmısan?"
“Ədəbiyyat və incəsənət” portalı Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə materialların dərcini yazıçı Xeyrəddin Qocanın “HEYDƏR ƏLİYEVLƏ GÖRÜŞLƏR, SÖHBƏTLƏR…” başlıqlı yazısı ilə davam etdirir.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verəndən sonra bir müddət Moskvada yaşadı, 1990-cı ilin iyul ayında doğma vətəninə – Azərbaycana qayıtdı. Onda qardaşı Cəlal Əliyevlə birlikdə ulu öndəri qarşılamaq üçün aeroporta getdik. Orada baş verən əhvalatlar barədə artıq Elmira Axundovanın Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev: şəxsiyyət və zaman" yeddicildlik kitablarında yazılıb və həmin yazıların içərisində mənim xatirələrim də var. Əlbəttə, orada dediklərim mənim görüşlərimi bütün təfsilatı ilə əks etdirmir. Bəzilərini indi daha yaxşı xatırlayıram...
E.Axundovanın romanlarının 5-ci cildində qeyd olunduğu kimi, mən əllərində Heydər Əliyevin Bakıya gəlməsinə etiraz şüarları yazılmış transparantlar olan bir qrup saqqallı, tərbiyədən uzaq, kobud küçə adamları ilə rastlaşdım və onlara etirazımı bildirdim. Sonra komendantın yanına getdim (məqsədim qəzet üçün fakt toplamaq idi), həmin adamlara niyə təsir göstərmədiyini soruşdum. Komendant açıq-aşkar dedi: "Mən nə edə bilərəm, onlar yuxarının adamlarıdır!". O zaman Ayaz Mütəllibov hakimiyyətdə idi.
Heydər Əliyevlə VİP salonunda görüşdüm. Bu, mənim onunla ilk görüşüm idi. Heydər Əliyev məni görəndə gülümsədi və dedi: "Sən bilirsən ki, özünü əjdahaların, ilanların içinə atmısan?" (1989-cu ildən başlayaraq onun haqqında müdafiə xarakterli yazılarıma işarə edirdi). Doğrusu, bu sözlərdən bir az "istiləndim", soruşdum ki, mən nə etmişəm? Heydər Əliyev də cavab verdi ki, soruş, nə etməmisən? O yazılara görə sənə və ailənə böyük pisliklər edə bilərlər... Mən də dedim ki, ədalət hissi məni susmamağa məcbur etdi... Heydər Əliyev yenə gülümsəyərək: "Amma gördüyün kimi, çoxları susdular", – dedi.
Bizim aeroportdakı qısa söhbətimiz bununla bitdi. Sonra Heydər Əliyev aeroportdan maşın karvanının müşayiəti ilə qardaşı Cəlal müəllimgilə getdi.
Səhəri gün biz orada Heydər Əliyevlə yenidən görüşdük. Narahat görünürdü. Səbəbini soruşdum. Qəribə istehza ilə dilləndi: "Xəbər göndəriblər ki, elə bu gün Bakını tərk edib ya Moskvaya qayıtmalıyam, ya da Naxçıvana getməliyəm...".
Sonra birlikdə söhbət edə-edə çay süfrəsində oturduq. Cəlal müəllimin rəhmətlik yoldaşı masaya şirniyyat qoymuşdu. Özü bişirmişdi... Heydər Əliyev üzünü mənə tutub dedi: "Sən qalx, masanın başına keç". Dedim ki, siz olan yerdə mən başda otura bilmərəm. Heydər Əliyev: "Bu sözü sənə Heydər Əliyev deyir, keç orada otur". Mən yenə etiraz edəndə Heydər Əliyev dilləndi: "Sən böyük kişilik nümayiş etdirərək məni müdafiəyə qalxmısan, bu, faktordur. Odur ki, keç yuxarı başa". O, məni dediyi yerdə əyləşməyə məcbur etdi...
Bir gün sonra Heydər Əliyev Naxçıvana getdi və telefonla mənə zəng etdilər. Heydər Əliyevin səsini eşitdim: "Gəl Naxçıvana, özün yazdıqlarının şahidi ol ki, xalq məni necə qarşılayır!". Əlbəttə, mən Naxçıvana getdim və bir neçə gün orada Heydər Əliyevlə bir evdə qaldım. Gördüm ki, Heydər Əliyevi ziyarət etməyə gələnlərin ardı-arası kəsilmir. Oradan qayıdandan sonra "Xalq məhəbbəti... Böhtançıların aqibəti" adlı böyük bir yazı dərc etdirdim.
Mən, demək olar ki, həftədə bir dəfə Naxçıvana, Heydər Əliyevin yanına gedirdim. O zaman bizim kimi kənar adamların Naxçıvana gedişinə hakimiyyətdəkilər maneçilik törədirdilər. Odur ki, bir dəfə Heydər Əliyev soruşdu: "Nə əcəb sənə mane olmurlar?". Cavab verdim ki, mən İrana gedəndə pasportumda birillik icazəmin olması haqqında qeydiyyat etmişlər. Ona görə də Naxçıvana gəlişimə mane ola bilmirlər.
Bir neçə gün sonra Heydər Əliyev Naxçıvanın kəndlərinə camaatla görüşlərə getməyə başladı. O, hər gedişində məni də özü ilə aparırdı. Kəndlərin birində Heydər Əliyev gənclik illərindən söz açdı, valideynlərinin, ailəsinin kasıb, çətin, keşməkeşli həyatından danışdı. Bildirdi ki, tələbə olanda qatarın üçüncü qatında tozun içində Bakıya gəlib-gedirdi. Çünki pulu çatmadığından həmişə ucuz bilet alırdı. Bu sözlərdən hamı təsirləndi, hamımız kövrəldik. Heydər Əliyevin gəncliyi ağır, əzablı keçmişdi. Bu haqda əvvəllər yazdığım məqalələrdə qeydlərim olduğundan burada ətraflı bəhs etmək fikrində deyiləm. Təkcə Heydər Əliyevin mənə danışdığı bir-iki faktla kifayətlənmək istəyirəm.
Bəli, Heydər Əliyev kasıb, lakin mənəvi cəhətdən çox zəngin bir ailədə dünyaya göz açmışdı. Valideynlərindən aldığı yüksək tərbiyə, heç də hamar olmayan həyatı onun mənəviyyatını da getdikcə "cilalamış", yüksəklərə qaldırmışdır. Sonralar öz ailəsi, balaları ilə birlikdə sadə, təvazökar bir həyat sürmüşdü.
Heydər Əliyev mənə danışırdı ki, rəhmətlik Zərifə xanım da çox sadə qadın, şərəfli bir ana idi. Heydər Əliyev deyirdi ki, Zərifə xanım ömrü boyu var-dövlət, daş-qaş aludəçisi olmadı. Ulu öndər deyirdi ki, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləyəndə əməkdaşlardan biri yanıma gəlib bildirdi ki, o zamanın məşhur "Klimat" adlı fransız qadın ətri gətirilib, sizə neçə ədəd lazımdır? Dedim qoy işdən sonra Zərifə xanımdan soruşum, deyərəm. Axşam Zərifə xanım dedi ki, bir dənə olsa, bəsdir. Mən də gəlib dedim ki, bir "Klimat" bəsdir. Əməkdaş gülərək dedi, işçilər hərəsi 10-15 ədəd alır, 1 ədəd az deyil? Ona dedim, evdə bir ədəd istəyirlər, nə edə bilərəm?..".
Heydər Əliyev Zərifə xanımın vəfatını böyük kədər hissi ilə xatırlayaraq danışırdı ki, o, Moskvada həyatla vidalaşandan sonra "salfetkaya" bükülmüş sırğalarını mənə gətirdilər. Mən həmin sırğaları Zərifə xanımla evlənəndə ona bağışlamışdım...
Naxçıvana növbəti gedişlərimin birində Heydər Əliyev məni Baş nazir Becan Fərzəliyevə təqdim edərək dedi ki, jurnalistdir, Bakıdan gəlib. Becan Fərzəliyev üzümə baxdı, "xoş gəlmisən" də demədi. O, bir az aralananda mən Heydər Əliyevə dedim: "Gördünüz də, mənə xoş gəlmisən belə demədi". Heydər Əliyev mənə "gördüm" dedi.
Heydər Əliyev həmişə deyirdi ki, insanı tanımaq istəyirsənsə, ona bir vəzifə ver. O həm də deyirdi ki, kreslo insanı bəzəmir, insan kreslonu bəzəyir.
Heydər Əliyevin Naxçıvanda keçirilən 70 illik yubileyinə Bakıdan çoxlu ziyalılarla birlikdə getmişdim. Onunla təklikdə xeyli söhbət etdik. Çünki, o məni qəbul etməyə həmişə vaxt tapırdı. Yubileyi münasibətilə mən Heydər Əliyevə bir kitab bağışladım, bir qələm. Kitabın içərisində aşağıdakı misraları yazdım:
Hələ qocalmamışam, bilin,
Sıfırı yeddinin yanından silin.
Heydər Əliyev gülümsədi və dedi: "Bu ki Süleyman Rüstəmin şeiridir!". "Bilirsiniz də, mən şair deyiləm" – dedim. Əsas odur ki, sizin xoşunuza gəlsin".
Heydər Əliyev Budapeştə rəsmi səfərə getmişdi. Müxtəlif ölkələrin prezidentləri ilə görüşlər keçirirdi. Meksikanın prezidenti ilə görüş üçün otelin yeddinci mərtəbəsinə qalxmalı idi. Lift isə gəlmək bilmirdi. Heydər Əliyev pilləkənlərlə qalxmağa başladı. Biz də onun arxasınca qalxırdıq. Birdən Həsən Həsənov (o vaxt Xarici işlər naziri idi) dilləndi: "Cənab prezident, nəzərə alın ki, biz sizin təhlükəsizliyinizə cavabdeh ola bilmərik. Gözləyin, Vaqif Axundov gəlsin...". Heydər Əliyev isə yeyin addımlarla pilləkənləri qalxmaqda davam edirdi. Bizim çoxumuzun az qala nəfəsi kəsilmişdi...
Heydər Əliyev Moskvadan vətənə qayıdanda xalq onu çox alqışlayırdı. Bu alqışlar vətən oğluna sonsuz məhəbbətin rəmzi idi.
Görüşlərimizin birində Heydər Əliyevdən zarafatyana soruşdum:
– Bəlkə, camaata tapşırıblar ki, sizi alqışlasınlar?
O gülümsəyərək suala sualla cavab verdi:
– Nəyə işarə edirsiniz?
– "Literaturnaya qazeta"nın 1988-ci il 24 sentyabr tarixli sayında dərc olunmuş "Gurultulu alqışlar" məqaləsinə...
– Sizi başa düşdüm. Xahiş edirəm, gördüklərinizi peşə dostlarınıza, daha doğrusu, vaxtilə məni ləkələməyə çalışanlara danışın, qoyun düşünsünlər.
Heydər Əliyev bu sözləri söyləyərkən onun nə qədər incik olduğunu hiss etmək çətin deyildi...
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Ali Məhkəməsinin və Respublika Prokurorluğunun orqanı olan "Sosialist qanunçuluğu" jurnalında işləyirdim. Düz 10 il Bakıda kirayənişin yaşadığımdan Ədliyyə Nazirliyində iş yeri üzrə mənzil növbəsində dayanmışdım və bir neçə il gözləyəndən sonra siyahıda birinci olmuşdum. Bir gün bildim ki, mənə çatası mənzili Rusiyada oxuyub yeni işə götürülən İlham Rəhimova (indi iş adamıdır) veriblər. Dözməyib o zaman Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevə şikayət məktubu göndərdim. Ədliyyə Naziri Nəriman Yusifovun birinci müavini Zülfüqarov idi, xətrimi də çox istəyirdi. Mən də ona hörmət edirdim. Məni çağırıb dedi ki, nazir deyir, ərizəni yaz, get. Soruşdum niyə? Dedi ki, Heydər Əliyevə şikayət məktubu yazmısan, ona görə. Mən ona nazir Nəriman Yusifovla görüşmək istəyimi bildirdim. Məsləhət bilmədi, "onsuz da sənin əlindən çox əsəbidir" – dedi. Mən də ərizəni yazdım, qaldım işsiz...
1990-cı ildə Naxçıvanda Əliyevlə görüşlərimin birində gördüm Nəriman Yusifov məndən əvvəl Naxçıvan MR Ali Soveti sədrinin qəbul otağındadır. Heydər Əliyev ondan əvvəl məni kabinetinə dəvət etdi. Soruşdu ki, sənin keçmiş nazirin hələ də gözləyir? Dedim, bəli, gözləyir. Dedi, mən onu qəbul etməyəcəm. O, Moskvada çoxlu otellərə rəhbərlik edir. İndi məndən iş istəməyə gəlib. Yadındadır, sən mənə işdən çıxmağın haqqında bir əhvalat danışmışdın. İndi gördün, örkən necə doğanaqdan keçir? Beləliklə, mən Heydər Əliyevin dövründə işsiz və mənzilsiz qalmışam. Deməli, Heydər Əliyev təqsirkardır? O, mənə iş, mənzil verməli idi? Yaxud gərək mən də onun haqqında tənqid yazaydım?
Bir gün peşə yoldaşlarımdan (beləsindən mənə yoldaş olmaz...) biri dedi ki, burnunun ucunda nəsə qara var. Mətbəədən təzəcə çıxmışdım, əllərim qaralmışdı, fikirləşdim, yəqin, əlimdən burnuma qara dəyib. Güzgüyə baxmaq istəyəndə o, istehza ilə gülümsəyib dilləndi: "Mən zarafat edirəm, burnunda qara-zad yoxdur. Görürsən, burnunun ucunu görə bilmirsən". "Kolleqam" Heydər Əliyevlə əlaqədar yazılarıma işarə etdiyini bildirdi və mənə "burnumun ucundan qabağı görməyi" məsləhət bildi. Mən də cavab verdim ki, ay bədbəxt, burnunun ucunu qoruya-qoruya hara gedirsən axı?
Bədxahları deyir və yazırdılar ki, Heydər Əliyev Bakıda "Brejnevə ev" tikdirib. Lakin Azərbaycanın paytaxtında azərbaycanlılara layiq qonaq evi tikilib ki, həmin evdə çoxlu xarici və sovet qonaqları, o cümlədən Brejnev də qalıb. Ə.Vəzirov Azərbaycan KP MK-nın birinci katibi olarkən həmin qonaq evini "Nikah sarayı"na çevirib. Lakin bu bina nikah sarayı üçün qətiyyən yaramırdı, odur ki, sensasiya xatirinə onu nikah sarayına çevirəndən sonra təzə evlənənlər binanın ancaq birinci mərtəbəsindən istifadə etmiş, yuxarı mərtəbələr isə bağlı qalmışdır. İranın prezidenti Rəfsəncani Bakıya gələndə həmin binada qalmış, binanın üstündə İran bayrağı asılmışdı. Belə çıxır ki, İranın prezidenti nikah sarayında gecələmişdir (?!). Sonralar binadan yenə qonaq evi kimi istifadə olunmağa başlanmışdı...
Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan sonra Moskva mətbuatı onu tamamilə unutdurmağa çalışırdı. Görün, "Naçalo" qəzeti müxbirlərinin Heydər Əliyevlə ozamankı müsahibəsinin sonunda, redaksiyanın şərhində nə yazılırdı: "Rəsmi dövlət orqanı olan "İzvestiya"da 1980-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda Heydər Əliyevin adı 60 dəfə, 1987-ci ildə 15 dəfə, "pensiyaya çıxması ilə əlaqədar" axırıncı iş yerindən azad olunandan sonra cəmi bir dəfə çəkilib. 1989-cu ildən isə Əliyev soyadı qəzetin səhifələrindən birdəfəlik yox olub... Hansı ki, son illərə kimi o, partiya orqanlarında ikinci adam sayılırdı...".
Respublika qəzetlərində və mərkəzi mətbuatda Heydər Əliyevə saysız-hesabsız iftiralar atırdılar. Özü də böhtanlar, uydurmalar təkcə Heydər Əliyevə qarşı deyil, onun bütün ailəsinə, qohumlarına qarşı yönəldilirdi. Yazıların hamısında qərəz, kin, intiqam açıq-aydın hiss olunurdu. "Kommunist" qəzetinin 3 yanvar 1989-cu il tarixli sayında dərc olunmuş "Həqiqətin qılıncı" adlı məqalədə yazılırdı: "...Yadınızdadırmı. Heydər Əliyev bir milyon ton pambıq təhvil verdiyi il özümüzü bükməyə kəfənlik ağ tapmadıq. Yorğan astarını sökməyə məcbur olduq".
Əvvəla, heç bir adam sağlığında özünü kəfənlik ağa bükmək istəməz. Belə çıxır ki, ölənlərin ailələri yorğan astarını sökürdülər! Bu ki xalqa təhqir idi! Mən 1992-ci il həftəlik "Dədəm Qorqud" qəzetində dərc etdirdiyim "Oyuna son qoyulmalıdır" adlı məqaləmdə yazırdım: "İndi necə, "kəfənlik ağ" tapılır?".
Heydər Əliyev minlərlə insana çox yaxşılıqlar etmiş, çoxlarının əlindən tutmuş, çoxlarına kömək göstərmişdir. Onun ədəbiyyat, incəsənət xadimlərinə daim xüsusi diqqət və qayğı göstərdiyi bütün xalqımıza məlumdur. O, mənə nəinki xüsusi diqqət və qayğı göstərmiş, məni sözün əsl mənasında, həyata qaytarmışdır.
1999-cu ildə ürək ağrılarım başlamışdı. Onda Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində işləyirdim. Həkimlər "anjo" deyilən tibbi müayinədən keçməyimi məsləhət gördülər. Mən isə onlara Bakıya gedib-gələndən sonra müayinədən keçəcəyimi bildirdim. Bir neçə gün Bakıda qalandan sonra eşitdim ki, cənab Heydər Əliyev Klivlenddə ürək əməliyyatından sonra Türkiyənin Antalya şəhərində dincəlir. Mən də ora getdim. Heydər Əliyevlə görüşdüm. Axşam Heydər Əliyevlə gəzintiyə çıxarkən onun cəld yerişlərlə bizi arxada qoyduğunu gördüm. "Cənab Prezident, necə əməliyyat keçirmisiniz ki, sizə çata bilmirik?" – deyə soruşdum. Heydər Əliyev gülümsəyərək "siz də adınızı cavan qoymusunuz", – dedi. Heç demə, Heydər Əliyev həkimlərin tapşırığını yerinə yetirirmiş. Və hər gəzintidən sonra onun nəbzini yoxlayırmışlar...
Ürək ağrılarım və sabahı gün "anjo" ediləcəyim barədə heç kimə heç nə demədim. İstanbula qayıdıb Alman xəstəxanasında müayinədən keçdim və o dəqiqə də məni xəstəxananın reanimasiya şöbəsinə göndərdilər. Bildirdilər ki, ürək damarlarımın üçü kirəclənib, qanın işləməsinə mane olur. Bu da qorxulu və ağır vəziyyət hesab edilir. Ona görə də iki saatdan sonra ürəyimdə şuntlama əməliyyatı aparılmalıdır. Mən də razılıq verdim. Başqa əlacım yox idi. Ailəm, konsulluğun əməkdaşları tələsməməyimi, bir qədər gözləməyimi məsləhət görsələr də, onlara fikir vermədim. Lakin ürəyimdə əməliyyat aparacaq həkimin "bəlkə də, əməliyyatdan sağ çıxmadı, vəziyyəti çox ağırdır" deməsini eşidəndə əməliyyat haqqında razılığımı geri götürdüm və Antalyaya, Heydər Əliyevin qaldığı iqamətgaha zəng vurdum. Telefonun dəstəyini o zaman Prezidentin Mühafizə Xidmətinin rəisi olan Vaqif Axundov qaldıraraq məni dinlədi və Heydər Əliyevə məlumat verildi. Mən telefonda gözləyirdim. İki-üç dəqiqədən sonra bildirdilər, Heydər Əliyev deyir ki, Nazirlər Kabinetinə tapşıracağam, əməliyyat üçün vəsait ayırsınlar. İstəyər Klivlendə getsin, istəyərsə, Londonda əməliyyat etdirsin. Mən də Londona gedib Kromvel klinikasında əməliyyat etdirdim. Əlbəttə, ayrılan məbləğ Azərbaycanın Londondakı səfirliyinə köçürülmüşdü və Heydər Əliyev bu yardımı göstərməsəydi, indi həyatda yox idim...
Mən sadə kənd müəlliminin ailəsində dünyaya göz açmışam. Heç zaman arxamda heç kimim olmayıb. Əzablı yollardan keçmişəm. Təkcə Heydər Əliyevdən arxa, kömək görmüşəm. Onun ölkə Prezidenti olduğu dövrdə millət vəkili seçilmişəm, baş konsul vəzifəsinə təyin edilmişəm. Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini almışam. İlk kitablarım da Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çap olunub, pyesim Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. R.Behbudov adına Mahnı Teatrında yubileyim, indiki Heydər Əliyev sarayında əsərlərimdən ibarət "Satira gecəsi" keçirilib. Əziyyətimin bəhrəsini görəndə az da olsa, sevinmişəm. Ona görə də qəlbimdə həmişə Heydər Əliyevə minnətdar olmuşam.
İndi də həmin missiyanı Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerinə yetirir. Həmin diqqət, həmin qayğı...
Biz Heydər Əliyevi hər gün yenidən tanıyırıq. Hər yeni uğurumuz, nailiyyətimiz o böyük insanı daha dərindən dərk etməyimizə əsas verir. Qələbə silsilələrimiz uzandıqca isə hər dəfə Heydər Əliyevi yenidən tanıyacaq və yenidən dərk edəcəyik. Ona görə də bu gün Heydər Əliyevə qiymət vermək çətindir. Çünki onun xidmətlərini, fəaliyyətini malik olduğu ucalıqda qiymətləndirməyə hələ hazır deyilik. Zaman keçdikcə bu ucalığı daha yaxından görə biləcəyik. Zaman isə həmişə Heydər Əliyevin xeyrinə işləyib!..
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Napoleon Hill: “Bu çox vacibdir, əvvəl özünün xoşuna gəlməlisən, sonra başqalarının”
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik.
Napoleon Hillin «Düşün və varlan» kitabından bəzi qiymətli kəlamları qeyd etməyi özümə borc bilirəm:
«Uğur qazanan insanlar öz təşəbbüsləri ilə hərəkət edirlər. Amma onlar, hər hansı istiqamətə doğru hərəkət edəndə hara çatacaqlarını da əvvəldən bilirlər».
«Əgər yanında ona kömək edən adamlar olmasa heç bir şəxs daim uğur qazana bilməz».
«Ən uğurlu adamlar o adamlardır ki, onlar çoxsaylı insanlar üçün işləyirlər».
«Sən bir şeyi yalnız o zaman edə bilərsən ki, sən bunu edə biləcəyinə inanasan».
«Bu çox vacibdir, əvvəl özünün xoşuna gəlməlisən, sonra başqalarının».
«Öz fikirlərini düz istiqamətə yönəlt. Öz emosiyalarına nəzarət et. Öz məqsədini dəqiq müəyyənləşdir».
«Entuziazmla içini doldur. Entuziazmla hərəkət et!»
«Beynini istədiyin, arzuladığın şeylərlə doldur, istəmədiklərinlə, arzulamadıqlarınla yox. Qədim bir məsəl var: «Öz arzularınızdan qorxun, onlar mütləq həyata keçəcəklər».
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Bu gün YARAT-da “Beynəlxalq incəsənətdə dekolonial aktivizm” adlı mühazirə olacaq
Mayın 23-də YARAT Müasir İncəsənət Mərkəzində “Beynəlxalq incəsənətdə dekolonial aktivizm” adlı mühazirəsi təşkil olunacaq.
Və mühazirə tədqiqatçı Əfsanə Tahirovanın iştirakı ilə keçiriləcək.
Mühazirəsində müxtəlif ölkələrin sənətçilərinin öz mədəniyyətlərini “dekolonial” baxışla necə təmsil etdiklərindən bəhs ediləcək, həmçinin müstəmləkə olmuş ölkələrinin incəsənətinin müstəmləkəçilikdən hələ də təsirləndiyini, öz sənətlərində necə ifadə etdiklərini və digər amillər araşdırılacaq.
Əfsanə Tahirova, Azərbaycanda, Böyük Britaniyada və Avstraliyada təhsil alıb. Fərdi və kollektiv identiklik mövzusunu, müstəmləkəçiliyin identikliyə təsirini və nəsildən-nəslə ötürülən travmaların identikliyin formalaşmasındakı rolunu araşdırır. İncəsənəti identikliyin ifadəsinin vasitələrindən biri kimi tədqiq edir.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Mühazirədə iştirak etmək istəyənlər https://shorturl.at/egnzV linkindən qeydiyyatdan keçməlidirlər.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)