
Super User
“Bölgə teatrlarının yaradıcı kollektivləri Bakıya qastrola gələcəklər”
Bildiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi davam edir. Festival çərçivəsində Ağdam Dövlət Dram Teatrının kollektivi tərəfindən N.Qədimlinin "Şuşadan gələn səs" tamaşası oynanıldı. İttifaqın böyük zalında göstərilən tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılandı. Tamaşanın sonunda Ağdam Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olundu. Festival davam edir və yaxın günlərdə digər bölgə teatrlarının paytaxtımıza gələrək maraqlı tamaşalar nümayiş etdirmələri gözlənilir.
Bu sözləri AzərTAC-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova deyib.
“Layihə çərçivəsində iyunun 5-də Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi maraqlı səhnə əsəri ilə Bakıya səfər edəcək. Hələ ki, tamaşanın adı bəlli deyil və yaxın günlərdə mediaya bu barədə geniş məlumat veriləcək. Həmçinin iyunun 19-da Mingəçevir Dövlət Dram Teatrı, iyulun 3-də isə Sumqayıt Dövlət Dram Teatrının paytaxtımıza yaradıcı səfərləri təşkil olunacaq”, - deyə A.Qafarova vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Muğam Mərkəzində Əməkdar artist Fatma Mehrəliyevanın xatirəsi anılacaq
Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində (BMM) unudulmaz sənətkar, Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçiriləcək.
Muğam Mərkəzindən verilən məlumata görə, gecədə Fatma Mehrəliyevanın ifaçılıq xüsusiyyətləri barədə söz açılacaq, BMM-in solistlərinin ifasında xanəndənin repertuarından muğam və xalq mahnıları təqdim olunacaq.
Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanıb. Elə bu şöhrət sayəsində müğənni 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan "Arşın mal alan" filmində Telli roluna çəkilir. Yaratmış olduğu Telli obrazı Mehrəliyevanın yaradıcılığında böyük rol oynayır.
Unudulmaz sənətkarın oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsus yeri var. Musiqişünas alim Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb. Xalq və bəstəkar mahnılarının mahir ifaçısı olan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib.
1926-cı il iyunun 4-də Qubada anadan olan sənətkar 2000-ci il yanvarın 4-də Bakıda dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
İnanılmaz anlar yaşadıq
“Ədəbiyyat və incəsənət” portalı tanınmış telejurnalist Sənan Şəfizadənin qələbə təəssüratlarını dərc edir. Hansı qələbə? Lütfən oxuyun!
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın bu finalını unutmayacağam. Təsəvvür edin, arenada hamı bir anlıq dondu. Həkimlərimiz, mühafizə heyəti, sıravi əməkdaşlar, qonaqlar - hamılıqla 2 dəqiqə 30 saniyə nəfəs almadan millinin çıxışını izlədik. Qızlar lenti göyə atanda, topu ötürəndə yaşadığımız həyəcanı sözlə izah edə bilmirəm. Və sonda nəticə: Azərbaycan 1-ci yerə yüksəlir.
ATV- də yayımlanan verilişlə bağlı bu komandanın çəkdiyi əziyyəti bilirəm. Nəticə elan olunanda 3000-dən çox insanın Azərbaycan sədası dəhşət idi. Gimnastların valideynləri göz yaşlarını saxlaya bilmirdi. Qələbə bizi də kövrəltdi. Aparıcı kimi belə yarışları unuda bilmirəm. Tarixi nəticəni elan etdiyim anı həmişə qürurla xatırlayacağam. Azərbaycan Gimnastika Federasiyasını, idman ictimaiyyətini, hamını təbrik edirəm.
Şəkildə: Bu da bizim Avropa çempionları.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Kannda Türkiyə rüzgarı
76-cı Kann Film Festivalı davam edir. Bu xəbərimiz Türkiyə kinosunu və türkləri sevənlər üçün lap göydəndüşmə olacaq. Türkiyənin məşhur və dahi kinorejissoru, “Bir dəfə Anadoluda” filmi ilə məşhurlaşmış Nuri Bilge Ceylanın “Quru otlar üstündə” ekran əsərinin premyerası Kann Film Festivalında kinosevərlər tərəfindən ayaq üstə alqışlarla qarşılanıb.
Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, TRT telekanalı və “ARTE France” yayım şirkətinin birgə istehsalı olan film Türkiyənin ən böyük şəhəri olan İstanbuldan əyalət kəndinə təyin olunmuş müəllimin həyatından bəhs edir. Kinorejissor Parisdə keçirdiyi mətbuat konfransında bildirib ki, bu ekran əsərinin lentə alınması koronavirus pandemiyası ilə eyni vaxta təsadüf edib və yaradıcı heyət bir çox çətinliklərlə üzləşib. Onun sözlərinə görə, filmin çəkildiyi Ərzurum vilayətinin Karayazı kəndindən başqa, bir sıra kadrlar yaxınlıqdakı yaşayış məntəqələrində də lentə alınıb.
Personajlarla bağlı suala cavab verən türkiyəli kinorejissor deyib: “Bütün personajlarımın keçirdiyi hissləri özüm də yaşamışam. Bəzən insanlar mənim filmlərimdəki personajları “mənfi qəhrəman” kimi görürlər. Bu, əslində, sizin şəxsən sahib ola biləcəyiniz baxış prizmasından asılıdır. Mən filmlərdə hər birimizin yaşaya biləcəyi çox adi hisslərdən danışıram. Əslində, əgər həyatda bədbəxtsənsə, hər zaman başqa yerdə xoşbəxt ola biləcəyini düşünürsən. Hətta İstanbuldakı insanlar başqa yerdə daha xoşbəxt ola biləcəyini düşünürlər. Lakin unutmaq olmaz ki, insanın bədbəxt olması yaşadığı yerlə deyil, onun özünü dünyada yad hesab etməsi ilə əlaqədardır. O, harada olursa-olsun, xoşbəxtliyi tapa bilməyəcək”.
Qeyd edək ki, mayın 27-dək davam edəcək 76-cı Kann Film Festivalında nüfuzlu "Qızıl Palma budağı" mükafatına namizəd olmaq üçün cəmi 19 film seçilib.
Əsərlərində tez-tez böyük ekranda zəhmətkeş sadə insanların həyatını əks etdirən məşhur türk rejissoru Yılmaz Güney 1982-ci ildə “Yol” filmi ilə ilk “Qızıl Palma budağı”nı Türkiyəyə gətirib. 2014-cü ildə Nuri Bilge Ceylan “Qış yuxusu” filminə görə ən yüksək mükafatı qazanıb. 2009-cu ildə isə o, müsabiqənin əsas münsiflər heyətinə seçilib.
Filmləri festivalda nümayiş etdiriləcək rejissorlar arasında Böyük Britaniyadan Ken Loç, ABŞ-dən Ues Anderson, Fransadan Ketrin Breillat, Almaniyadan Vim Venders, Yaponiyadan Kore-eda Hirokazu və Finlandiyadan Aki Kaurismaki kimi tanınmış kinematoqrafçılar da var.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
Yunus Oğuz sumqayıtlılarla görüşüb
Sumqayıt şəhərində yerləşən Səməd Vurğun adına Mərkəzi Kitabxanada yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Bədii sözün işığında" adı altında keçirilən görüşdə bir sıra ziyalı şəxslər, mədəniyyət işçiləri, kitabxana əməkdaşları, yazıçılar iştirak edib. Tədbirin aparıcısı, kitabxananın direktor vəzifəsini icra edən Natəvan Axundzadə Yunus Oğuzun həyat və yaradıcılığı, tarixi roman yazarlığı fəaliyyətində qazandığı müvəffəqiyyətlər barədə iştirakçılara məlumat verib. Daha sonra iştirakçıların hər biri, Yazıçılar Birliyi Sumqayıt bölmə sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, yazıçı- dramaturq Əyyub Qiyas, kitabxananın əməkdaşları Xəyalə Seyidnurova, Gülnar Ümid, Səfurə Nəcəfova, Pərvanə Qasımova çıxış edib fikirlərini bildiriblər. Onların hər biri ayrı-ayrılıqda Yunus Oğuz yaradıcılığına aid olan, əsrin bəlası narkomaniyaya həsr olunmuş "Uçurum", Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən "Cığır" və digər romanlarının mövzusu haqqında fikirlərini bildiriblər. Daha sonra yazıçı-publisist Yunus Oğuz tədbir iştirakçılarının suallarını cavablandırıb. Sonda xatirə şəkli çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
ICESCO təşkilata üzv ölkələri mədəniyyətlərarası dialoqun inkişafına çağırıb
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) hər il mayın 21-də qeyd edilən Ümumdünya Dialoq və İnkişaf naminə Mədəni Müxtəliflik Günü münasibətilə yaydığı bəyanatda təşkilata üzv ölkələri mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində səyləri gücləndirməyə çağırıb.
AzərTAC təşkilatın baş ofisinə istinadla xəbər verir ki, müraciətdə bu əlamətdar günün mədəniyyətlərarası dialoqun sülh, xalqların dinc yanaşı yaşaması, dünya mədəni irsinin sənginliyi və müxtəlifliyinin qorumasında daha bir fürsət olduğu qeyd edilib. ICESCO vurğulayıb ki, dialoqun davam etdirilməsi, həmçinin dayanıqlı inkişafa nail olunmasında mühüm rol oynayır.
Müraciətdə deyilir: “ICESCO bu mədəniyyətlərarası dialoqun təmin edilməsi istiqamətində bir sıra proqram və təşəbbüslər həyata keçirir, xüsusən İslam dünyasında xalqların öz mədəni irsinin təşviq etməsi, bu sahədə qabaqcıl texnologiyalardan istifadə olunması, müxtəlif dinlərə və mədəniyyətlərə malik olan insanlar arasında qarşılıqlı anlaşmanın təmini, dialoq və diplomatiya vasitəsilə qlobal sülhə nail olunması məsələlərinə xüsusi diqqət yetirir. BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Hədəflərinə uyğun olaraq, təşkilat öz tərəfdaşları ilə birlikdə İslam aləmində və onun hüdudlarından kənarda təhsil, elm, texnologiya, mədəniyyət, sivilizasiyalararası dialoq, gənclərə münbit şərait yaradılması, qadınların cəmiyyətdə rolunun artırılması üzrə əməkdaşlığı gücləndirir.
Təşkilat, həmçinin müxtəlif mədəniyyətlər arasında körpülərin qurulması, sülh və sabitliyin bərqərar olması üzrə fəaliyyətini davam etdirir və bu məqsədlə üzv ölkələrdə müvafiq strategiyaların dəstəklənməsinə töhfə verməkdə davam edir. Bu sahələrdə müxtəlif layihələrin həyata keçirilməsində innovativ metodlar, rəqəmsal və informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunur”.
Müraciətin sonunda qeyd edilib ki, ICESCO bütün ölkələrlə, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə mədəni layihələrin həyata keçirilməsi, sosial proqramların reallaşması, həmçinin tolerantlıq, sivil dialoq üzrə fəaliyyətlərin güclənməsi istiqamətində əməkdaşlığı davam etdirəcək.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)
İslam İncəsənəti Biennalesi çərçivəsində “Azərbaycan musiqisi” adlı multimedia layihəsinin təqdimatı olub
Səudiyyə Ərəbistanın Ciddə şəhərində ilk İslam İncəsənəti Biennalesinin təntənəli bağlanış mərasimləri çərçivəsində "Azərbaycan musiqisi” adlı multimedia layihəsi təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, İslam incəsənətinin mənəvi, yaradıcı və estetik tərəflərinin keçmiş, hazırkı və gələcəyinin öyrənilməsinə həsr olunmuş biennalesdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında Azərbaycan pavilyonunun təqdimatı olub. Pavilyonda muzeyin kolleksiyasına məxsus dəyərli eksponatlar, həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyyuqinin “Vərqa və Gülşah” poeması, eləcə də rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan “Vərqa və Gülşah: geri dönüş” adlı multimedia instalyasiyası da göstərilib.
Tədbirdə multimedia layihələri haqqında ümumi məlumat verilərək qeyd olunub ki, “Keçmişin səsi” adlı audiovizual instalyasiya Azərbaycanın qədim petroqlifləri, həmçinin İslam mədəniyyətinin zəngin tarixi, incəsənətini özündə birləşdirən hipnotik bir zaman və mədəniyyət səyahətidir. Bu hər iki mədəniyyətin unikal incəsənət ifadələrini və aralarındakı dərin bağlantını ehtiva edir. Səs və vizual elementlər izləyicini İslam incəsənətinin gözəlliyini və mürəkkəbliyini, petroqliflərin əsrarəngiz cazibəsini hiss edə biləcəyi başqa bir dünyaya aparır. İnstalyasiya bir neçə hissəyə bölünüb, hər biri İslam incəsənəti və petroqliflərin müxtəlif aspektlərini birləşdirir. İlk bölmə izləyiciyə İslam incəsənəti dünyasını təqdim edərək, onun gözəlliyini, kompleksliyini, diversitetini göstərir. İkinci bölmə izləyicini Azərbaycanın qədim petroqliflərini araşdırmağa aparır və onların sirlərini, eləcə də qəhrəmanlıqlarını nümayiş etdirir. Üçüncü bölmə iki dünyanı birləşdirir, İslam incəsənəti və petroqliflər arasındakı bağlantıları, həmçinin onların bir-birinə təsirini vurğulayır. "Əbədi səs mənzərələri" adlı audiovizual instalyasiyalar isə Azərbaycan, Qazaxıstan və Özbəkistan xalqlarının musiqi mənbələrini ən son texnologiyalarla birləşdirən canlı ifadır. Bu innovativ layihə postSovet İslam ölkələrinin musiqi ənənələrinin zəngin irsini əks etdirir.
Sonra Azərbaycanın mədəni irsinin, zəngin musiqi sənətinin təbliği məqsədilə “Azərbaycan musiqisi” adlı multimedia layihəsinin təqdimatında canlı musiqi müşayiəti ilə tar ustası İbrahim Babayev və istedadlı qrafik dizayner Timur Əmirxan “Keçmişin səsi”, eyni zamanda, peşəkar rəssam, səs sənətçisi (sound artist) Fərhad Fərzəliyev “Əbədi səs mənzərələri” adlı audiovizual instalyasiyalarla çıxış ediblər.
Bundan əlavə tədbir çərçivəsində Azərbaycan mətbəxinin tanıtımı məqsədilə milli təamların nümayişi və dequstasiyası da keçirilib. Milli mətbəxin tarixi və ənənələrini, həmçinin İslam mədəniyyəti ilə əlaqələrini əks etdirən milli yeməklər, şirniyyatlar ziyarətçilərə təqdim olunub. Layihənin kuratoru Könül Rəfiyevadır.
Qeyd edək ki, İslam İncəsənəti Biennalesinin təntənəli bağlanış mərasimləri mayın 23-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Milli Kitabxanada olub
Mayın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Milli Kitabxanada olub.
Kitabxanadan verilən məlumata görə, görüş zamanı qonağa Milli Kitabxana haqqında məlumat verilib. Bildirilib ki, 5 milyondan artıq fondu olan Milli Kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə memorandum imzalayıb. Kitabxananın onlayn istifadəçilərindən əksəriyyətini Avropa ölkələri təşkil edir. Görüş zamanı bildirilib ki, Azərbaycan Milli Kitabxanasının Qətərlə və Misirlə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Qeyd olunub ki, bu görüş Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişlənməsində böyük rol oynayacaq və əməkdaşlıq memorandumunun imzalanmasına zəmin yaradacaq.
Səfir görüş zamanı Azərbaycan Milli Kitabxanasının Əbu-Dabi, Dubay, Şarja kimi böyük şəhərləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyindən bəhs edib.
Görüşün sonunda qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə digər kitablar hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Beynəlxalq Muğam Müsabiqəsində iştirak üçün qeydiyyat başa çatıb
İyunun 18-dən 25-dək keçiriləcək “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı günlərində gerçəkləşəcək muğam müsabiqəsinə beynəlxalq ifaçıların qeydiyyatı başa çatıb.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə reallaşacaq Beynəlxalq Muğam Festivalının proqramına beynəlxalq muğam müsabiqəsi də daxildir. Müsabiqədə ölkəmizi Milli Muğam Müsabiqəsinin qalibləri - xanəndəlik üzrə birinci yerin sahibi Mirəli Sarızadə, instrumental ifaçılıq kateqoriyasında birinci olan Vaqif Təhməzov təmsil edəcəklər.
Azərbaycanla yanaşı, müsabiqədə Çin, İran, İsrail, Özbəkistan, Türkiyədən 30-dək nümayəndə yarışacaq.
Musiqi yarışması iyunun 19-22 tarixlərində keçiriləcək. Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində təşkil olunan beynəlxalq muğam müsabiqəsi qaliblərinin mükaftlandırılması keçiriləcək və konsert təqdim ediləcək.
Qeyd edək ki, “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalının budəfəki proqramı zənginliyi ilə fərqlənir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.
Musiqi bayramına iyunun 18-də Heydər Əliyev Sarayında Xalq artisti Alim Qasımovun, Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri ilə start veriləcək.
Bakıdakı konsertlərə biletlər tezliklə iTicket.az saytı və kassalarda satışda olacaq.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)
Azərbaycan Moda Həftəsinin 14-cü mövsümü açılır
Bu gün Daş Salnamə Muzeyində Azərbaycan Moda Həftəsinin 14-cü mövsümü açılır. Bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq.
Bu mövsümün əsas mövzusu modanın təkcə yüksək sənət deyil, həm də gəlirli bir iş olduğunu göstərməkdi. Bu gün moda sənayesi müasir iqtisadiyyatın ən dinamik və perspektivli sahələrindən biridir. Bəs Azərbaycanda moda sənayesi nə dərəcədə gəlirlidir? Azərbaycan moda sənayesi ilə bağlı bu və digər sualların cavabı 23 və 24 may tarixlərində 16:00-da Daş Salnamə Muzeyində müzakirə olunacaq. Bu mövzu ilə maraqlananlar müzakirələrə qoşula bilərlər.
14-cü mövsüm çərçivəsində gənc dizaynerlər arasında müsabiqə keçiriləcəyi də gözlənilir.
Moda həftəsinə mayın 24-də yekun vurulacaq.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)