
Super User
Ötən gün Türk seriallarından saundtreklər Heydər Əliyev Sarayının səhnəsində səsləndi
“BN Team Orchestra” simfonik orkestri türk seriallarını xoşlayanlar üçün “Türk serialları dünyası” adlı unikal layihə hazırlayıb. Konsert ötən gün - mayın 23-də Heydər Əliyev Sarayında olub.
“BN Team Orchestra” simfonik orkestri Qazaxıstanda müxtəlif janrlar üzrə ixtisaslaşan gənc və enerjili musiqiçi, aktyor və aktrisalardan ibarət yaradıcı və kreativ komandadır.
Orkestr “Muhteşem Yüzyıl”, “Kara Sevda”, “Erkenci Kuş”, “Sən çal kapımı”, “Çukur”, “Hercai”, “Min bir gecə" və sair türk seriallarının əsas saundtreklərini toplayıb. Tamaşaçılar sevimli seriallardan ən yaxşı parçaları böyük ekranda da görüblər.
Söhbət sadəcə serialları müşayiət edən musiqidən getmir. Bu musiqi ekran qəhrəmanlarının bütün iztirablarını tamaşaçıya çatdırır, onu kino aləminə səfərbər edir.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
“Təsadüflər həyatın ədviyyatıdır…”
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini diqqətinizə çatdırır.
1.Allah zarafatını həkimlərlə edir, onları xəstələndirib özlərini müalicə etmələrinə təbəssümlə baxır.
2.İnsan həyatı yaşanan illərlə deyil, görülən işlərlə ölçülər.
3.İlhamla qələm hava kimi yüngül, ilhamsız yer qədər ağır olur.
4.Qışqıra-qışqıra danışanın yalnız qışqırığı eşidilər.
5.Müharibələrsiz sülh, davalarsız sevgi əldə oluna bilmir.
6.Nə dünəni, nə sabahı bu günə gətirə bilməyəcəksən, çalış, indidə xoşbəxt yaşa.
7.Özünü ələ ala bilən insan başqalarının qəlbini də ələ ala bilir.
8.Sevən qadın özü boyda ürəkdir, sevən kişi o ürəyə özü boyda dirəkdir.
9.Sevgisizlik qəlbin susuzluğudur, amma ehtiyac sudan çox suçuyadır.
10.Təsadüflər həyatın ədviyyatıdır, onlarsız həyat çox dadsız olardı.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Pantomima Teatrının iyun repertuarı açıqlanıb
Azərbaycan Dövlət Pantomima Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.
Və iyunun 3-də “ Yük”, 4-də “Dejevü”, 10-da “İblis” (Yeni tamaş), 11-də isə “Underground” tamaşaları göstəriləcək.
Bundan başqa, iyunun 17-də “Şinel”, 18-də “Manqurt”, 24-də “Son ştrix”, 25-də isə “Ora-bura” tamaşaları nümayiş etdiriləcək.
Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Robin Şarmanın uğura yönəldən 30 kəlamı
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik.
İndi isə digər vədimə əməl edərək Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etmək istəyirəm.
Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.
Robin Şarma yazır:
1. Ağıl – gözəl qulluqçu, ancaq bərbad ağadır.
2. Bizim ömrümüzdə istənilən insan o zaman peyda olur ki, biz onun özüylə gətirəcəyi dərsə böyük ehtiyac duyuruq.
3. Heç vaxt şikayətlənməyin. Qoy sizi müsbət, güclü, enerjili, entuziazmla dolu şəxsiyyət kimi tanısınlar. Şikayət edən hər şeydə neqativ axtarandır. Beləsi təmasda olduğu insanları qorxudur və çox az halda uğur qazana bilir.
4. Psixoloji nöqteyi nəzərdən hər şey iki dəfə yaranır: öncə fikirdə, sonra realda. Çalışın, müsbət şeylərə konsentrə olasınız. Mənəvi olaraq möhkəm olun ki, heç nə sizi uğura gedən yoldan döndərə bilməsin.
5. Kütlənin ardınca getməyə tələsməyin. Ola bilər, bu, dəfn mərasiminə yollanan kütlə olsun.
6. Nə istədiyinizi təsəvvürünüzə gətirin və möhkəmcə onun baş verəcəyinə inanın. O, mütləq baş verəcək!
7. İnsanlar onlarda xoş əhval-ruhiyyə yaradan insanlarla iş görməyi xoşlayırlar. Çünki, insan – emossional varlıqdır. Biz, həmişə bizə xoşbəxtlik duyğusu bəxş edən insanlarla bir yerdə olmaq istəyirik.
8. Hər günün yeniliklərindən həzz duy və düşün ki, bu gün sənin sahib olduğun yeganə şey məhz bu günündür.
9. Ən varlı adam hamıdan çox varidatı olan adam yox, ən az ehtiyacı olan adamdır.
10. Səndən arxada olan şey də səndən öndə olan şey də, sənin içində olan şeylə müqayisədə heç nədir.
11. Xoşbəxtlik gedib çıxacağın hansısa bir məkan deyil, bu, sənin özünün yaratdığın daxili haldır.
12. Nə qədər ki, düz hərəkət etdiyini bilirsən, qoy səni başqalarının fikri narahat etməsin.
13. Biz hamımız bu dünyaya hansısa bir vacib səbəbə görə gəlmişik. Öz keçmişinin əsiri olma. Öz gələcəyinin memarı ol.
14. Olmağı arzuladığın insan olmaq heç vaxt gec deyil.
15. Ağrı – müəllimdir, uğursuzluqsa uğura gedən düzgün yol. Gitarada çalmağı öyrənmək əvvəlcə bir neçə falş akkordlar götürmədən mümkün deyil. Eləcə də yelkənli qayıq sürməyi öyrənməkçün mütləq qayığı bir neçə dəfə əyməlisən.
16. Bizim Yer kürəmizdə xaos yoxdur. Sizinlə baş verən hər bir şeyin özülü var, eləcə də hər bir baş verəcək şeyin. Başınıza nə gəlirsə, hər biri bir dərsdir. Odur ki, hər xürdalığı əhəmiyyətlilik ranqına qaldırmayın. Həyatdan həzz alın!
17. Heç kəs sizin icazəniz olmadan sizi incidə və təhqir edə bilməz. Harmoniyanın qızıl açarlarından biri qarşınızda baş verən hadisələrə sizin interpretasiyanızdır.
18. Hər şeyin öz səbəbi var. Hər şey hansısa məqsədçün baş verir və hər bir uğursuzluq özlüyündə bir dərsdir. Mən dərk etmişəm ki, həm şəxsi, həm peşəkar, və hətta, həm də mənəvi cəhətdən itkilərlə üzləşən insanlar öz şəxsiyyətlərinin üfüqlərini genişləndirmək bacarığına malikdirlər. İtkilər daxili inkişafa aparır və bol mənəvi zənginliklər gətirir. Heç vaxt keçmişiniz barədə təəssüflənməyin. Yaxşısı budur ki, ona yaxşı bir müəllim kimi yanaşın.
19. Ağır zamanlar güclü liderləri yaradırlar.
20. Hər səhər güzgü qarşısında beş dəqiqə gülün. Gülüş bizim orqanizmimizdə bir çox faydalı elementləri aktivləşdirir. Gülüş həm də orqanizmi balanslaşdırılmış qaydaya qaytarır. Gülüş terapiyasından ən müxtəlif xəstəliklərin müalicəsi üçün müntəzəm istifadə olunur. Həm də o, həyat problemlərindən qoruyan möcüzəli dərmandır. 4 yaşlı uşaq orta hesabla gündə 500 dəfə gülür, böyük insan isə çətinliklə bunu 15 dəfə edir. Gülmək vərdişinizi geri qaytarın, sizin həyatınız daha canlı olacaq.
21. Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin. Şəxsiyyətinizi sirli saxlayın.
22. Tam yetkin şəxsiyyət olmağın əlaməti - baş verən hər şeyə öyrənmək səbəbi kimi baxmaqdır. Daim öyrənin. Hətta müəllimlərin də müəllimi var.
23. Düşünmə keyfiyyəti həyat keyfiyyətini müəyyənləşdirir. Fikirlər canlı varlıqlardır, xırda enerji qığılcımlarıdır.
24. Sənin həyatına məna qatan insanlarla daha çox bir yerdə ol. Həmişə eləmək istədiyin şeyləri elə. Arzuladığın qayaya dırmaş, hansısa bir alətdə ifa etməyə başla, yağışın altında rəqs elə, yeni işə başla. Musiqini sevməyi öyrən, daha bir xarici dil öyrən, uşaqlıqda malik olduğun heyrətlənmək xüsusiyyətini yenidən özünə qaytar.
25. Möcüzəli anların qədrini bil, onlarda çim!
26. Özündə zamanın necə qiymətli olması barədə çox dərin düşüncə yarat. Başqa insanlara imkan vermə ki, bu çox qiymətli kapitalı səndən alsınlar. Və onu elə fəaliyyət növlərinə qoy ki, bunu etməyə dəysin.
27. Həyatda uğur göstəriciləri nə əşyalar, nə pul, nə cəmiyyətdəki yerinizdir. Bu, həyatdan aldığımız sevincdir.
28. Xoşbəxtlik düzgün düşüncələrlə gəlir, düzgün düşüncələr təcrübə ilə gəlir, təcrübə isə səhv düşüncələrlə gəlir.
29. Fiziki hərəkətlərə vaxt ayırmayanların həmin vaxtı öz xəstəliklərinə ayıracağı qaçılmazdır.
30. Əksər insan öz evinin arxasındakı mövcud bağçadan həzz almaq əvəzinə, haradasa üfüqlərdən uzaqlarda yerləşən hansısa sirli, möcüzəli bağçanı arzulayır.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
İtaliyanın "Buongiorno Ceramica!" festivalı çərçivəsində Bakıda silsilə tədbirlər təşkil olunub
Bakıda İtaliyanın "Buongiorno Ceramica!" festivalı çərçivəsində “Arts Council Azerbaijan”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Gilabi Ceramics” Balaxanı Yaradıcılıq Mərkəzi və “World Craft Council Europe” təşkilatlarının birgə əməkdaşlığı ilə silsilə tədbirlər keçirilib.
AzərTAC xəbər verir ki, əvvəlcə rəssam Mir Teymur Məmmədovun keramika mərkəzinə ekskursiya təşkil olunub. Sonra “Gilabi Ceramics” Balaxanı Yaradıcılıq Mərkəzində ustad dərsi keçirilib. Ustad dərsinin iştirakçılarına özlərinin keramika işlərini düzəltmək və onu öz zövqlərinə uyğun ornamentlərlə bəzəmək imkanı verilmişdir. Həmçinin həmin gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Muzey-sərgi kompleksi”ndə “Sabahın xeyir, keramika” adlı sərgi açılıb. Sərgidə müxtəlif texnika və üslubda hazırlanmış yüzə yaxın keramika işi nümayiş etdirilib.
Qeyd edək ki, "Buongiorno Ceramica!" keramika sənətini və sənətkarlığını təbliğ etmək, təkmilləşdirmək məqsədilə AİCC - İtaliya Keramika Şəhərləri Assosiasiyası tərəfindən yaradılmış festivaldır. Ənənəvi olaraq mayın 20-də və 21-də İtaliyada “Buongiorno Ceramica” festivalı çərçivəsində müxtəlif tədbirlər keçirilir. Bu il Azərbaycan bu festivalda ilk dəfə iştirak edib. Festivalın Azərbaycanda keçirilməsinin təşəbbüskarı və kuratoru “World Craft Council Europe” təşkilatının nümayəndəsi Sona Quliyevadır. Keramika sənəti mədəniyyətimizin, tariximizin ayrılmaz hissəsi olduğundan, Azərbaycan xalqının mədəni irsində mühüm yer tutur.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
“Azerbaijan Fashion Week”in 14-cü mövsümünə start verildi
Açılışda Gülnarə Xəlilovanın "Cizgi" kolleksiyası təqdim olunub
Bəli, artıq ürəklə deyə bilirik ki, Azərbaycanın dəb diqtə edə bilən tanınmış kuturtesi var. Bu, Gülnarə Xəlilovadır. “Azerbaijan Fashion Week” (Azerbaijan Moda Həftəsi) öz 14-cü mövsümünün açılışında, Daş Salnamə Muzeyində bu
məşhur dizaynerin benefisi ilə qarşılaşdıq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, açılışda Gülnarə Xəlilovanın "Cizgi" kolleksiyası təqdim olunub. “Cizgi by Gulnara Khalilova” defilesi böyük maraqla qarşılanıb və tamaşaçıların alqışları ilə müşayiət olunub.
Azərbaycan Moda Həftəsi həmişə olduğu kimi, bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq. 14-cü mövsüm çərçivəsində gənc dizaynerlər arasında müsabiqə keçiriləcəyi də gözlənilir. Nümayişlər isə əsas mövzu üzərində qurularaq böyük marağa səbəb olacaq.
Xatırladaq ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiyada və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
Moda həftəsi bir-birindən gözəl sürprizlərlə yadda qalacaq.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Azərbaycanlı fotoqraf İlqar Cəfərov FİAP-ın qızıl medalına layiq görülüb
Fotomüxbir İlqar Cəfərov Serbiyada keçirilən “GOOD LIGHT 2023” Beynəlxalq Fotomüsabiqəsində FİAP-ın - Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının qızıl medalına layiq görülüb. FIAP-ın himayəsi altında keçirilən bu fotomüsabiqəyə dünyanın 54 ölkəsindən 183 fotoqrafın 3350 fotoşəkli göndərilib.
FIAP-ın qızıl medalına İ.Cəfərovun 2020-ci ildə II Qarabağ müharibəsi zamanı erməni ordusunun Gəncə şəhərini raket atəşinə tutmaqla törətdikləri cinayəti əks etdirən “Evi bombalanmış insan” (A bombed -out house) fotosu layiq görülüb. Fotomüxbir bu qələbəsini, həmin günlərin acılarını bərabər yaşadığı həmkarı, şəhid jurnalistimiz Məhərrəm İbrahimovun əziz xatirəsinə ithaf edib.
Xatırladaq ki, İlqar Cəfərov AzərTAC-ın fotomüxbiridir.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
“Cəhənnəm“- Güneyli Rəhim Təkin
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Rəhim Təkinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır.
Rəhim Təkin
Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxartdığında ali məktəbə qədər təhsil edib, indi isə sevgi ilə, artıq diqqət ilə ədəbi ərsələri izləyib, içindən coşan duyğuları qələmə alır.
CƏHƏNNƏM
Behişti bilmirəm,
Amma düz deyirmişlər,
Cəhənnəm elə bu dünyadadı,
Mən cəhənnəmin bacasından baxmışam.
Bir qış gecəsi idi,
Körpünün altında bir qızcığaz
Yatağı cəhənnəmə açılan qapı.
Bir təlisi üstünə çəkib
Cəhənnəmin qapısını örtdü…
Sonra
Bacaqları
Dənizdən qırağa düşən
Bir cüt qızılala,
Səhərə dək baxdım,
Can verə bilmədilər.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Daşkənddə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
Həqiqətən də, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri bitib tükənmir. Mərkəzlə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı sayəsində Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət Mərkəzinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi xəbərə görə, tədbirdə Özbəkistanın dövlət nümayəndələri, diaspor nümayəndələrimiz, mədəniyyət, incəsənət xadimləri, ziyalılar, tələbə və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündəki Ümummilli Lider Heydər Əliyevin büstünün və şəhidlər abidə kompleksinin qarşısına gül-çiçəklər qoyublar. Daha sonra tədbir iştirakçıları Mərkəzdə Heydər Əliyevə həsr edilmiş sərgi ilə də tanış olublar.
Mədəniyyət Mərkəzinin böyük konsert zalında davam edən tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin banisi, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevin xidmətləri haqqında danışaraq, onun Azərbaycanın dövlətçilik tarixində o qədər böyük yeniliklərə, böyük işlərə imza atdığını söyləyib, Ulu Öndərin bu müstəsna xidmətlərinin Azərbaycanla yanaşı, bütün dünyada geniş təbliğinin zəruri olduğunu vurğulayıb.
Samir Abbasov Heydər Əliyev şəxsiyyəti, onun Türk dünyası ilə bağlı fikirləri, Özbəkistanla dövlətlərarası əlaqələrin və əməkdaşlığın qurulmasında və inkişafında xidmətlərini qeyd edib və Ulu Öndərin adını daşıyan rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafındakı layihələri haqqında danışıb.
Çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, onun Azərbaycan dövlətçilik tarixindəki rolundan söz açaraq Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara qarşı xüsusi diqqətinin olduğunu və Azərbaycan diasporasının məhz Ulu Öndərin hakimiyyəti illərində formalaşdığını, diaspora fəaliyyətinin dövlət səviyyəsində qurulmasında Ulu Öndərin böyük xidmətlərini qeyd edib.
Azərbaycan dövlətinin diaspora fəaliyyətindən söz açan Fuad Muradov qardaş Özbəkistanda da çox sayda soydaşlarımızın yaşadığını və azərbaycanlıların daim ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etdiyini qeyd edib. Fuad Muradov Özbəkistanda azərbaycanlıların daim yaşadıqları və vətəndaşı olduqları ölkənin rifahı üçün çalışmaqla yanaşı, Azərbaycan-Özbəkistan arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsinə öz töhfələrini verməsinin vacibliyini vurğulayıb.
Özbəkistan Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, iki qardaş respublika arasında həm sovet dövründə, həm də müstəqillik əldə etdikdən sonra münasibətlərin qurulması və inkişafında Heydər Əliyevin tarixi rolunun olduğunu vurğulayıb. O, Özbəkistanda da Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd olunduğunu və bununla əlaqədar Nazirlər Kabineti tərəfindən xüsusi sərəncam və tədbirlər planı təsdiq edildiyini qeyd edib.
Çıxışlardan sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi ilə hazırlanmış və Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Tədbir çərçivəsində Özbəkistan Xalq Çalğı Alətləri Kamera Orkestri Ulu Öndərə həsr edilmiş Dostluq Konserti ilə çıxış edib. Bədii rəhbər Özbəkistan Respublikasının Əməkdar artisti, professor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi “Soqdiana” xalq çalğı alətləri kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarların Azərbaycana, Heydər Əliyevə həsr edilmiş əsərləri, habelə, xalq mahnılarımız səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Konte, yoxsa Baltasar?
Bu gün Londonda Buker mükafatı laureatının adı elan ediləcək
Nobel ədəbiyyat ödülündən sonra ikinci pillədə qərarlaşan Beynəlxalq Buker mükafatının nüfuzu barədə çox deyilib, çox yazılıb. Bu gün növbəti Buker laureatının adı Londonda elan ediləcək.
“Ədəbiyyat və incəsənət” portalı Week-end-ə istinadən xəbər verir ki, nüfuzlu ədəbi mükafatın qısa siyahısına 6 əsər daxil edilib, bunlardan birinin müəllifi kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşmək şərti ilə 50 min funt-sterlinq (təqribən 100000 manat) alacaq.
6 nominant Bolqarıstan, İspaniya, Kot-d'İvuar, Meksika, Fransa və Cənubi Koreyanı təmsil edir. Bolqar və katalon dillərində yazılmış əsərlər ilk dəfə namizədlərin qısa siyahısına daxil edilib.
İndi isə nominant siyahısını təqdim edirik:
Georqi Qospodinov, Bolqarıstan, “Zaman sığınacağı”,
Eva Baltasar, İspaniya, “Qaya”,
Qvadelupe Nettel, Meksika, "Yenicə doğulmuş",
Patrik Arman-Qbaka Breden, Kot-d’İvuar, “Mütəmadi ağır”,
Çeon Myan Kvan, Cənubi Koreya, “Balina”,
Mariz Konde, Fransa, “Yeni dünyanın İncili”.
Bəs ən şanslı kimdir? “Ədəbiyyat və incəsənət” sualla bağlı peşəkar kitab redaktoru və ədəbiyyat funksioneri Nadir Cəfərova müraciət etmişdir. Nadir Cəfərovun fikrincə, əsas favorit ənənəvi ədəbiyyat ölkələri sayılan Fransa və İspaniya təmsilçiləri Konde və Baltasardır. Amma son illərdə daim gözlənilməz qərarlara şahid olduğumuzdan, güman ki, bu dəfə Bukür mükafatını siyasi gedişlərə uyğunlaşdıraraq dünyaya nüvə silahı təhlükəsi yaradan Cənubi Koreya təmsilçisinə vermək jesti nümayiş etdirərlər.
Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)