Super User

Super User

Çərşənbə axşamı, 23 May 2023 13:00

“Plener əsərlər sərgisi” açılır

Sərgidə 60-a yaxın rəssamın 79 əsəri nümayiş olunacaq

 

 

İyunun 3-də Xətai Sənət Mərkəzində yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədilə elan olunmuş “Plener əsərlər sərgisi” açılacaq.

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş sərgiyə 200-dən çox fırça ustasının təbiət qoynunda yaradılmış 500-ə yaxın (yağlı boya, akril, sulu boya və s. bu kimi vasitələrlə yaradılmış) əsəri təqdim edilib.

 

Təqdim olunan əsərlər arasından 60-a yaxın rəssamın 79 əsəri sərgidə nümayiş olunacaq.

Sərgilənəcək əsərlərlə https://www.yumpu.com/xx/document/read/68036181/plener-2023 linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, əsərlər mayın 30-dək Xətai Sənət Mərkəzinə təqdim olunmalıdır. Rəsmləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Həmçinin sərgidə tamaşaçının seçdiyi bir əsərin və münsiflər heyətinin seçdiyi bir əsərin müəllifinə hədiyyə təqdim olunacaq.

Girişi sərbəst olan sərgi 3 gün davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Xəbər verdiyimiz kimi Xalq şairi Rəsul Rzanın doğum günündə Rəsul Rza mükafatları Narıngül Nadirə və Arifə Əliyevaya təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Arifə Əliyeva qazandığı uğurun sevincini bu cür bölüşüb: 

“İndi Rəsul Rza Ədəbiyyat Ocağı adlanan ictimai təşkilat 1996-cı ildə Rəsul Rza Fondu kimi fəaliyyətə başlayıb. Rəsul Rza mükafatı məhz bu təşkilata aiddir, yəni Yazıçılar Birliyinin deyil. Təşkilatın ilk rəhbəri Xalq şairi Fikrət Qoca olub. 1999-cu ildən Fikrət müəllim dünyasını dəyişənədək onun müavini, yəni Fondun vitse-prezidenti kimi məsul bir vəzifəni daşımışam. Fond imkanı olduqca kitablar da nəşr etdirib, ilk kitabları Fond tərəfindən çap olunan müəlliflər də var. 2020-ci ildən Rəsul Rza Ədəbiyyat Ocağının prezidenti akademik Rafael Hüseynovdur. Mən də öz vəzifəmdə qalıram. Bir neçə gün əvvəl Anar müəllim mənə bir siyahı verdi. Siyahıda öz əlilə birinci mənim adımı yazmışdı. Adların altında "Rəsul Rza mükafatları. 19 may, saat 13-00" qeydi vardı. Mənim kimi duyğusal insan belə bir əlyazmadan təsirlənməzmi? Bir xeyli ağ kağız üzərindəki tanış xəttə baxdım, baxdım... Bu, adi kağız deyildi, ən yüksək fərman idi mənim üçün. Təkcə Birlikdəki 45 illik xidmətimə, Ocaq başındakı 25 illik zəhmətimə verilən qiymət deyildi, Ədəbiyyata sədaqətimin mükafatı idi. Dahi şəxsiyyətin təşəkkürnaməsi idi. Siyahının icra tərəfi olmasaydı iş gününün sonunacan siyahıya baxa-baxa qalacaqdım. "Çərçivəyə salıb, evdə divardan asacam", deyib şövqlə icraya başladım.

Bu məbəddə xoş sözlər çox eşitmişəm, minnətdarlıq nə qədər olub, hətta Mirzə İbrahimov kimi tələbkar rəhbərdən yazılı təşəkkür də almışam, amma bu qədər təsirləndiyim olmamışdı, təkcə sevinmək deyil, məhz təsirlənmək.  

Dünən Rafael müəllim mükafatları təqdim etdi. Avropa Şurası Parlament Assambleyasının tribunasında Azərbaycanın haqqını müdafiə edən millət vəkilimiz, akademik Rafael Hüseynovun təqdim etdiyi mükafatı almaq özü də möcüzə kimi bir şeydi. Bu duyğuları yaşamaq hər ürəyin hünəri deyil.

Qısası, 2023-ün Rəsul Rza mükafatı laureatı Arifə Əliyeva sizinlə sevincini bölüşdü.”

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Çərşənbə axşamı, 23 May 2023 11:00

Kukla teatrları Bakıda bir araya gələcək

Azərbaycan Dövlət Kukla Teatrı Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbir və layihələr həyata keçirir. Layihələrdən biri də iyunun 13-17-nə nəzərdə tutulan “Kukla teatrları həftəsi”dir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.

 

Bu barədə Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib. 

Onun sözlərinə görə, tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrında olacaq və səhnə nümunələrini bütün teatrsevərlər üçün əlçatan etmək üçün “açıq qapı” aksiyası keçiriləcək: “Teatr bayramında ölkənin mədəniyyət, incəsənət nümayəndələri, teatrşünaslar, yazıçı-dramaturqlar, uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflər, sənət təhsilli müəssisələrin nümayəndələri də təmsil olunacaqlar. Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı, müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə də iştirak imkanı qazanacaqlar. Sənət görüşünə uzun fasilədən sonra Naxçıvan Dövlət Kukla Teatrı da qatılacaq. İyunun 13-də təntənəli açılış mərasimindən sonra müəyyən olunmuş qrafik üzrə ev sahibi sənət ocağı ilə yanaşı, Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər. Sonda iştirakçılara təşkilatçı teatr adından xatirə hədiyyələri və sertifikatlar təqdim olunacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Çərşənbə axşamı, 23 May 2023 11:30

Bakıda İlbər Ortaylının kitab təqdimatı keçirilib

Bakıda Türkiyənin dünyaca məşhur tarixçisi, akademiki və yazıçısı İlbər Ortaylının kitab təqdimatı keçirilib.

 

Oxu.Az xəbər verir ki, Azərbaycan dilinə tərcümə olunmuş “İnsan gələcəyini necə qurmalıdır?” kitabının təqdimatına 500-ə yaxın oxucu qatılıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Çərşənbə axşamı, 23 May 2023 10:30

“Əqrəb mövsümü”nün ikinci sezonu gəlir

“Əqrəb mövsümü” serialının ikinci sezonu çəkiləcək.

Olay.az-ın əldə etdiyi məlumata görə, layihənin davamı üçün artıq hazırlıqlara başlanılıb. Emil Quliyevin rejissorluğunu, Azər Aydəmirin ssenari müəllifliyini etdiyi serial yeni sezonda İTV-də yayımlanacaq.

 

Qısa zamanda sosial mediada günlərlə müzakirə edilən serialın davam etmə ehtimalının olması barədə aktyor Hikmət Rəhimov da açıqlama verib.

“Serial sektorunun inkişafına xidmət edən bir iş oldu. Bu, hamının uğurudur. Düşünürük ki, başqa-başqa komandalarda daha yaxşı işlər görəcəyik. İkinci sezonu ola bilər, amma mən o barədə heç bir məlumat verə bilmərəm. Onu Azər Aydəmir bilir. Ssenari müəllifi odur, ona görə...”, - deyə o bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan nümayəndəsi Əli Çağla bu dəfə sizi İraqda yaşayıb yaradan Azərbaycan türkü Səmir Kəhiyəoğlunun şeirləri ilə tanış edəcək. 

Necə də maraqlıdır, o uzaq coğrafiyada Azərbaycan türkcəsində yazan soydaşlarımız şairlər var. 

 

Səmir Kəhiyə oğlu Hüseyn Vəli - Səmir Kəhiyəoğlu 1964-cü ildə İraqın Tuzxurmatu şəhərində doğulmuşdur. O, İraq Yazıçılar Birliyinin üzvüdür. Səmirin şeirləri Fransız, Fars, Banqladeş, İspaniya və Türk dillərinə tərcümə olunmuşdur. Onun müxtəlif ölkələrdə 25-dən artıq kitabı çap olunmuşdur.

 

 

İSTƏRSƏN

 

İstərsən...

İstərsən şair olmaq

Şeir qapısını döymədən

Dilsiz olma!..

Vəzn, qafiyədən çıxma

Ətəyinə yağdır alın təri ilə çağdaş sözcüklərini

Aç kitabları öyrən

Göylərə özgürcə uçuşuna

Saqın qürurla çox tələsmə...

Demə mən şairəm!..

Demə mən ölən şairlərin saqqızını çeynəyirəm

Ölülər saqqız çeynəyir

"El oğlu"-nün mirası sayılır!..

Bunun mütləq xəbərdarsanmı?

Sərhədlər hamısı sənin olsa da

Viza almadan şeir sərhədinə girə bilməzsən!..

 

İstərsən

Şair olmaq

Xəyalları topla

Duyğuların etibarında qal.

Min bir bulağın qəm sinəsində

Şeir ağlamağın gəlirsə də

Saxla göz yaşlarını

Islandırma Təbrizli röyalarını

Diskindirmə şair ölüləri

Aydınlıq qanadlarına

Şeir bağla.

Hər sətir başı bir nöqtə qədər ağla.

Şüəra məqbərəsi xəritəsində

Gözyaşını çağla.

Nəhayət fəlsəfə namazında iki rükət şeir oxu!..

Daha bir romantik!..

Bir damla yaş qoy qalsın

Kirpiklərin arasında.

Tərif etsin şairliyin

Danışmağa dil aç

Dilsizlərin ehtiyacı var bu gün.

Hamıya şeirdə pambıq bir yol aç

Qoyma gilas ağaclarının yarpağı saralsın.

Bahar ömrün çiçəyinə

Xəzan mövsümündə bülbüllər ağlasın.

Həyatın sonuncu nöqtəsini qoymadan

Uca baş dağların köksündə

Bayatları səsləndir.

Bəlkə də Günel səbr eləyir

Həsrətdə boğulan,

Qəribə sevgidən

Qəmlər kölgələnir ürəyin içərisində!..

Şeirini baharlı xəyallara ilişdir

Şəhriyarın başı altındakı

Yastığa döndər.

Ya "Bu qəfəs də uçdu bəlkə" - 

Nadir İlahinin kitabını!..

Al bir daha təkrar oxu.

 

İstərsən aşiq olmaq

Siqaret, qədəhlərdə tap özünü.

Ya gözlə adını qoysunlar sərsəri!

Ya səni qeyd etsinlər qeyd etsinlər,

Məcnunlar dəftərində adını qazsınlar.

Ya sükutluğundan öz əsrində yaşa

Sən əhvalından xəbərin varmı?!..

 

Möhnətə dayanmasın sevdadan

Məşiqqətlərə gücün yoxdu Fərhad kimi

Nüsxeyi-Tibq-ül əsl ola bilməzsən!..

İstərsən əzrail olmaq

Dilimdən al ruhumu.

Ya üzr istə tanrıdan!

İstərsən qaranlıq olmaq

Açma gözlərini əbədiyyətə qədər

Ya gecələrdən sabahlara təlaq göndər!..

İstərsən günaha girmək

Bu şeiri oxuyarkən tanrıya baxma.

Ya ürəyimlə basdığın xəncərdə

İntihar elə!..

 

 

İNTİHAR

 

Qalx!

Bir siqara yandır.

Kibrit axtarma

Ürəyimin alovundan yax!

Bir nəfəs mən alım,

Bir nəfəs sən.

Qış gecələrinin uzun saatlarında

Bir nəfəs mən öpüm

Bir nəfəs sən.

Torpaq rəngli dodaqlarımıza

Bir şeir mən yazım,

Bir xoryat sən.

Hər ikimiz bir anda tütünləşək

Hər ikimiz hər halda getmək istəyirik kəndimizdən!

Hər ikimiz səhər çağı çılpaq doğulmuşuq!

 

 

SIFIR

 

Sən bir hayko şeiri

Milyonlarca yazılan haykoları

Anladırsan.

Sən bir sözcüksən, bütün sətirlərdə varsan!

Sən bir tələbsən,

Qəribə füsunkarsan.

Səni heç kim çözüb, mənim kimi anlada bilməz.

Sən bir təəccübsən

Lüğətlərdə bənzərin olmaz.

Sən bir Məryəmsən

Adın iqtibas Üzradan.

Sən bir ilahi qadın

Özgür doğulmuşsa,

Özgür gedəcəksən

Özgür məmləkətinə.

Sən hər sətir başı nöqtəsən.

Mən hər sətrin nöqtəsiyəm .

Sən mükəmməl bir şeir,

Mən isə yarımçıq bir nəsr.

Sən indi

Hə, sən qalacaqsan!

Mən indi

Hə, mən qalacağam!..

İkimizdə də Nyuton cazibəsi var.

Mən mənfi, sən müsbət.

Gözlərin polad kimi çəkir məni.

Mən fəsillərin payızı,

Sən nilufər aynası.

Şeir oxuyandan

Səsin çıxılmaz küçələrdə sədalanır.

Doyunca bütün yatanlar yuxudan oyanır.

Səsin bir uşaq kimi beşiksiz tərpədir məni,

Sən hər dürmək çörəkdəsən

Amma uda bilmirəm səni.

Sən hər yuxusuz gecələrdəsən

Amma yata bilmirəm səni.

Sən hər kağızımda qaralamasan

Amma silə bilmirəm səni.

Sən hər bir gəlinin köynəyi kimi

Amma əllərim titrəyir

Asa bilmirəm səni.

Sən bir qadağa içrə qadağasan,

Öpə bilmirəm səni.

Sən bir şərqi

Bəstəsi gözlərindən yazılmış.

Mən bir mahnı

Nəğməsi yasaq qazılmış.

Sən bir neçə nömrəsən

Telefonun qarnında.

Rəqəmlərində

Nə bir var,

Nə iki var,

Nə üç var,

Nə dörd var,

Nə beş var,

Nə altı var,

Nə yeddi var,

Nə səkkiz var,

Nə doqquz var!

Sadəcə

Sıfır var.

Ən son zəng eləyən çarəsizlikdən

Sizi arayan

Mənəm!..

O sıfırı arayan!..

 

 

GƏLMİŞƏM

 

Duman, Elçin, Ümid ilə görüşdüm,

Şerimizdən Elgölüdə danışdım,

Qonaq oldum, Xosrovgildə buluşdum,

Sevdim yağış saniyəsi tablosu;

Dəniz qıyı, simfonisi, röyası.

 

Şeir dedim Şəhriyara, Söhraba,

Səda gəldi xoş gəlibsən, mərhəba!

Axşam üstü yolum düşdü Saraba,

Söz vermişəm Yaquboğlu Nikzada;

Gələcəyəm Azərbaycan, fəryada.

 

Durdum Muğan qəbri üstə ağladım,

Gül yerində bir dəstə söz bağladım,

Qəbir daşın gözyaşımla çağladım,

Cəsəd getdim, ruhum qaldı Muğamda,

Azərbaycan, həm Qaraca oğlan da.

 

Səttarxandan öyrənmişəm aslanlıq,

Söz deyərsə işıq olur qaranlıq,

Əlbət bir gün gülümsəyər bu darlıq,

Şəhriyarın ruhu saçar evimizdə;

Mən öldümsə, gömün məni Təbrizdə.

 

Şeir yazın qəbrim üstə mərmərdə,

Bu qərib kim, gömülübdü bu yerdə?

Gələn görsün şəklim üstə bir pərdə,

Bir gül qoyun, bir damla yaş, bir əsər;

Türbəm üstə oxuyun siz bir şeir.

 

Bu qərib kim, bizim şeir torpaqda?

Gömülübdür adsız belə qıraqda,

Deyən olsa tibqi-şəkli yarpaqda,

Hər sətrində Türk ruhumu sıxırdım;

Yalan deyil, kabuslardan çıxırdım!..

 

 

TƏBRİZLİ ANAM

 

Qış gecə yarısı,

Yağışlı bir gündə

Təbrizli anamın

Təbriz qoxusu saçan qucağında

Bir yoxsul məhəllədə

Atamın isti xalçasında

Gülümsər gözyaşında səadət çalxanarkən

Bir zəif fənər işığı altında

Gözlərimi açdım!

Məni bağrına basan

İsinmiş duyğuların

Yaşıllıqlarına sarılmışdı.

Səhər çağı

Paltarımı soyundurub

Təbrizin azadlıq günəşinə sərdi məni.

Sevgi qoxuyan yellərə tanıtdırdı məni.

Bir məhəllə qucaqlarına

Sərinləşdirdi məni.

Parlaq-parlaq,

Öpüşlər yanaqlarımda dişləndi,

İlk dəfə

Dodaqlarımı islatdım.

Anamın qəzəl bağından

Türk südünü içdim.

Azərbaycanlı nəfəslər aldım

Pambıq özləmələr içində

Bayaz mahtablı gecələrdə.

Qaranlığın gözlərini bağladım

Biraz böyüdüm.

Şəhriyarları axtardım,

Küçələrdə gəzdim.

Urmiyanın,

Təbrizin

Sahillərində

Dostluq qurdum.

Uşaqlığımı Təbrizin torpaqlarında yaşatdırdım.

Hekayələr,

Nağıllar,

Dinləyərdim

Uzun qış günlərində.

 

Leyla balam Leyla

Anamın dilində

Əzbərlədim hecalarını.

Şəhriyar şeiri ilə bəsləndim.

Göz yaşı ilə

Qorxu-qorxu tər bələndim.

Beşiyimin ayaqları

Yeridikcə

Yuxuladırdı məni.

Qapılara

Göz muncuğu

Vurardı anam.

Məni saxlardı

Qara gözlərdən!..

Özümü tapınca

Ayaq basdım Təbrizin torpağına.

Adımı yazdım şeirlə

Çiçəklərin yarpaqlarına.

Nəfəsimi sovurdum

Aşiqlər küçələrinə.

Səkilər kənarında oturdum

Bir siqara yandırdım.

Seyr etdim yoldan keçən

İnsanların üzünə baxdım.

Hər gördüyüm insanı

Bir şair olaraq sandım.

Şair dostlarımı xatırladım

Gəldim Təbrizə.

Təbrizi görməyə.

İçində şair dostlarımın

Yanaqlarından öpməyə.

Əlimdə olsa belə

Billah,

Köçməzdım Təbrizdən.

52 bahar yaşımda

Qanadsız, cəsarətsiz.

Yuvasız, zamansız

İxtiyarlıq quşum uçdu

Şairlər məzarına...

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Çərşənbə axşamı, 23 May 2023 15:00

Əsl yay salatı

İstəkli “Ədəbiyyat və incəsənət” oxucuları, bu gün rubrikamızın aparıcısı Aysel Qarayeva sizin üçün əsl yay salatı reseptini paylaşacaq. 

 

Lazım olan ərzaq:

3-4  ədəd xiyar;

Kişniş, şüyüd, göy soğan, nanə;

Qatıq;

Mayonez;

Duz, istiot.

 

Xiyarı və göyərtini xırda doğrayıb, duz və istiot əlavə edib üzərinə qatıq və mayonez tökür, qarışdırırsınız. İstəyə görə üzərinə limon da sıxa bilərsiniz.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Çərşənbə axşamı, 23 May 2023 14:30

Yusif Eyvazov həyat yoldaşı ilə Bakıdadır

Anna Netrebkodan sosial media paylaşımı 

 

Azərbaycanın Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Bakıdadırlar.

Bununla bağlı A.Netrebko “Instagram” səhifəsində paylaşım edib.

 

Onlar Dövlət Akademik Opera və Balet Teatrına baş çəkiblər, Heydər Əliyev Mərkəzində olublar.

Cütlüyün Bakıda konsert verib verməyəcəyi barədə məlumat yoxdur. 

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Bakıda memarlıq abidələrinə qanunsuz müdaxilə edilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 32, 32A, 38A və Səməd Vurğun 2 küçələrinin kəsişməsində yerləşən 3462 və 3417 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidələrinə müdaxilə faktı qeydə alınıb.

 

Memarlıq abidəsinə müdaxilə haqqında Mədəniyyət Nazirliyinə daxil olan məlumata əsasən, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, hər iki tarixi abidənin birinci mərtəbəsinin fasad hissəsinin rəngləndiyi müəyyən edilib. Qeyd edək ki, bu bina Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin istismarındadır.

 

Hazırda Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidənin ilkin vəziyyətinə gətirilməsi ilə əlaqədar tədbirlər həyata keçirilir.

 

Bildirilir ki, faktla bağlı qanunamüvafiq tədbirlər görülməkdədir.

 

Mədəniyyət Nazirliyindən bir daha diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

 

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Ovasiya. Temp. Həzinlik…

Bakıda əsl musiqi bayramı yaşanmaqdadır. 

Paytaxtımızda Mədəniyyət Nazirliyinin, habelə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk “Müasir musiqi günləri” festivalı keçirilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Heydər Əliyev ili çərçivəsində keçirilən festivalın məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerika bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələrə töhfə verməkdir. 

Bu gün festivalın 3-cü iş günüdür. Bəs öncəki iki gündə nələr baş verib?

 

FESTİVALIN BİRİNCİ GÜNÜ

Mayın 21-də festivalın Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə açılışı olub. 

Konsertdən əvvəl çıxış edən Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova qeyd edib ki, beş il bundan əvvəl hamımız sosial şəbəkə vasitəsilə bu cümlələri ürəyimiz sızlaya-sızlaya oxuduq: “2018-ci ilin 12-14 aprel tarixlərinə nəzərdə tutulmuş növbəti Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilməyəcək”. Bu cümlələri yazan dahi Qara Qarayevin oğlu, Azərbaycanın Xalq artisti, bəstəkar, bu festivalın bədii rəhbəri Fərəc Qarayev idi. Onun Q.Qarayevin 100-cü ildönümünə həsr olunmuş festivalın təxirə salınması haqqındakı müraciətində məyusluqla yanaşı bir ümid də vardı. Bu ümidi doğruldanlar isə dahi bəstəkarın anadan olmasının 105-ci ildönümündə “Müasir musiqi günləri” festivalını təsis edənlər oldu: “Bütün dünyada, o cümlədən ölkəmizdə məhz bu gün yazılan musiqinin ifasına böyük ehtiyac duyulur. Bu festivalın məqsədlərindən biri də elə budur. Düşünürük ki, festival Azərbaycanda müasir bəstəkarlıq məktəbinin bir platformasına çevrilə bilər”.

Bildirilib ki, festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan da ifaçıların iştirakı nəzərdə tutulur. Onların arasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.

Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq əsərlərlə zəngindir. Musiqisevərlər festival çərçivəsində G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar. 

 

FESTİVALIN İKİNCİ GÜNÜ

Tədbir konsert proqramı ilə davam edib. 

Konsertdə Qleb Xoxlov, Nadir Zeynalov, Ümid Mustafazadə, Fatimə Nəsirli (hamısı violin), Rəna Rəhimova, Üzeyir Mahmudbəyli (hər ikisi viola), Yulia Miqunova, Ərol Rzayev (hər ikisi violonçel), Zakir Əsədov, Rəna Fərhadova (hər ikisi piano), Szilard Benes və Andrey Jurgenssohn (hər ikisi klarnet) çıxış ediblər. 

Proqramda yerli bəstəkarlardan Tahir İbişovun “Simli kvartet”, Səid Qəninin “Kaleydoskop silsiləsindən prelüd”, xarici bəstəkarlardan Janis Petraşkeviçsin “Mətn və əlifba”, Beat Furrerin “Lied”, Salvatore Sciarrinonun “Let me die before i wake” və Georg Friedrich Haasın “2 nömrəli simli kvartet” əsərləri ifa edilib. 

Qeyd edək ki, “Müasir musiqi günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.

 

Və ən nəhayət, nəzərinizə çatdıraq ki, layihəyə mayın 25-də Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi ilə yekun vurulacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.