Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bugünə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırıram:

27 noyabr. İynə və sap günü

Nədir bu günün anlamı, dərzilərləmi bağlıdır? Dərhal deyim ki, yox. İynə və sap – bir-birini tamamlama günüdür. Sapsız iynənin, iynəsiz də sapın bir dəyəri olmadığı üçün onlar vəhdətin simvoludurlar. İnsanların da, bildiyiniz kimi həyatda ikinci yarısı, onunla vəhdət təşkil edəcək tərəf-müqabili olur. Bu iynə və sap günündə hamıya öz vəhdət yarısını düz tapmağı, səhv etməməyi arzulayıram.

27 noyabr. Ukraynada milli matəm günü

Bu gün qardaş Ukrayana xalqı Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edəcək. 1932-33-cü illərdə ukraynalıların kütləvi olaraq aclıqdan qırılması faktı mövcuddur. 13 milyon insanını həyatını itirdiyi o dəhşətli hadisənin səbəbini uzun illər Sovet rejimi dövrün çətinlikləri, taxıl ehtiyatlarının tükənməsi, quraqlıq, eyni zamanda əksinqilabi ünsürlərin törətdikləri sobotajlarla izah edib. Amma perestroykanın aşkarlıq siyasəti sovetlərin müdhiş cinayətinin üstünü açıb. Sən demə, 30-cu illərdə Ukraynanı bürüyən milli-azadlıq hərəkatının, Ukrayna xalqının sovet imperiyasından qopma tələblərinin müqabilində Kreml süni aclıq yaradaraq xalqı cəzalandırıbmış.

27 noyabr. Nüfuzlu alim Zakir Qarayevin ad günü

Gəlin qocaman alimimizi təbrik edək və haqqında bəzi bilgilər əldə edək. 2001-2004-cü illərdə İstanbul Universitetinin Tibb fakültəsi, Mikrobiologiya və immuno­logiya kafedrasında professor vəzifələ­rində çalışan, 2004-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasına müdirlik edən Zakir Qarayev müxtəlif mikroorqanizmlər, radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirindən orqanizmdə baş verən immun çatışmazlıqların və ikincili infeksiyaların formalaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin təkmilləşdirilməsinə nail olan görkəmli alimimizdir. (Üstünə düşsə, covid əleyhinə vaksin də hazırlaya bilər). O, 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Z.Qarayevin yazdığı “Tibbi mikologiya” kitabı mikoloji xəstəliklərin diaqnostikası və müalicəsi haqqında qələmə alınan yeganə əsərdir. Onun rəhbərliyi altında 69 fəlsəfə doktoru, 20 elmlər doktoru hazırlanıb. O, SSRİ-də 3 dəfə dünya miqyaslı konqres təşkil edib, 2009-cu ildə Bakıda 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin prezidenti kimi konqresin təşkilatçısı olub. Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktorudur. O, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

27 noyabr. Karandaş yadınıza düşürmü?

Hərb sevgili ruslar dəniz piyadası gününü bayram edəcəklər. Braziliyada əmək təhlükəsizliyi, İspaniyada müəllim, Britaniyada Lankaşir, Tailandda sağlamlığı möhkəmləndirmə günüdür. ABŞ isə bu dəfə Milli kremli Bavariya tortu gününü qeyd edəcək.

2010-cu ilin bu günündə amerikalı rejissor, “Ulduz müharibələri” və “Heç vaxt heç vaxt demə” kimi məşhur filmlərin rejissoru İrvin Kerşner dünyasını dəyişib. 1940-cı ildə xüsusən uşaqların çox sevdiyi, filmlərinə baxmaqdan doymadıqları, kinematoqrafiyanın savaş filmləri janrının ən görkəmli nümayəndəsi, Çin əsilli Amerika aktyoru Bryus Li doğulub.

1901-ci ildə Mixail Rumyantsev (şəkildə) – məşhur sovet klounu dünyaya gəlib. Uşaqkən bir dəfə atam məni Bakı Sirkinə aparmışdı, Karandaşın məzhəkəsinə. Bax Karandaş həmin Rumyantsevin təxəllüsüydü. Nə qədər gülmüşdümsə başımdan ağrı qalxmışdı. Sonradan – gərək ki, 83-cü ildə onun vəfat etməsi xəbərindən çox sarsılmışdım, xatırlayıram. O vaxtın yumoru, məzhəkəsi indiki kimi bayağı deyildi, hər bir ştrix hansısa anlamı ifadə edirdi. Həm gülürdün, həm düşünürdün.

1895-ci ildə isveçli Alfred Nobel Bakı neftindən qazandığı milyonlarının vəsiyyətnamə yazaraq Nobel fonduna köçürülməsini təmin edib. 1701-ci ilin bu günündə başqa bir məşhur isveşlinin – astronom, geoloq və meteroloq Anders Selsinin (temperaturun dərəcə ölçüsü onun adıyladır) doğum günüdür. 1095-ci ildə Roma Papası 2-ci Urbanın qərarı ilə tarixdə ilk səlib yürüşü baş tutub. E.ə. 8-ci əsrdə isə antik dünya ədəbiyyatının tanınmış siması, şair Horatsiy dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

 

 

 

Monday, 27 November 2023 14:00

Bizdə universitetlər azdırmı, çoxdurmu?

Könül, “Ədəbiyyat və incəsənət”

 

Orta və agıl yaşlı əhali hey deyinir ki, bu nədir, ölkədə ali təhsil ocaqlarınln sayı yağışdan sonrakı göbələk sayı qədərdir, bir ucdan kadr istehsal olunur, halbuki sovet vaxtında cəmi 6-7 ali təhsil ocağı var idi. Gileyə səbəb ali təhsil diplomlu savadsız kadtların bolluğudur.

Əcabə, bizdə həqiaətənmi universitetlər çoxdur? Demək, Azərbaycanda 54 universitet var. Təbii ki, həm dövlət, həm də özəl universitetlərdən söhbət gedir. Bu çoxdurmu? Məsələn, qonşu Rusiyada 1010, İranda 440, Türkiyədə 209 universitet var. Deyəcəksiniz, bu ölkələrdə əhali bizdən xeyli çoxdur. 

Əhalicə bizə tam yaxın olan Afrika ölkəsi Tunisi götürək, 12 milyon əhalisi olan bu ölkədə 236 universitet var. Demək, təqribən, 51 min adama 1 universitet düşür. Bizdə isə 185 min adama 1 universitet düşür. 

İndi nəticəni özünüz çıxarın, bizdə universitet azdımı, ya çoxdumu.

 

Bu arada portalımızın izləyicilərinə Statista portalında dərc edilən Dünyada ən çox universiteti olan ölkələrin siyahısını təqdim edirəm. 

1. Hindistan                            5349

2. İndoneziya                         3300

3. ABŞ                                    3200

4. Çin                                      2945

5. Braziliya                             1264

6. Meksika                             1139

7. Rusiya                                1010

8. Yaponiya                            992

9.  Fransa                               625

10. Almaniya                          461 

11. İran                                    440

12 Polşa                                  408

13. Cənubi Koreya                  401

14. Kanada                              383

15. Filippin                               366

16. Pakistan                             359

17. Malayziya                           351

18.Böyük Britaniya                  331

19. Ukrayna                             300

20. Kolumbiya                         299

21. İtaliya                                 289

22. Nigeriya                             278

23. İspaniya                             276

24. Tunis                                  236

25. Türkiyə                              209

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Çoxdandır yazmaq istədiyim, düzünü desəm, yazmağımı istədikləri bir mövzu var idi. Mövzumuz kişilərə həsr olunub. Bəli təəccüblü olsa da, kişilərdən danışacağıq bu dəfə.

 

Apardığım müşahidələrdən açıq-aydın görürəm ki, cəmiyyətdə kişilərdən elə də çox danışılmır. Onları hansısa vəzifənin incraçısı olaraq görüb də sadəcə müəyyən işlər üçün nəzərdə tutulan robotlara çevirmişik. Bəli, bu sözlərim çox ürəyaçan olmasa da, cəmiyyətimizdə kişi olmaq qadın olmaqdan daha çətindir. Çünki, kişisənsə güclü olmalısan, sərt olmalısan, özünü və çevrəni qorumalısan, iş sahibi, ev, maşın, pul sahibi olmalısan. Eyni zamanda zəhmli, hər şeyə dözən, ağlamayan, gülməyən qısacası duyğularını yox etməyi bacaran ətdən robot olmalısan. Əgər sən kişisənsə cəmiyyət səni əlləri və ürəyi qabarlı olmağa vadar edir. Bəs bu fikirlər haradan formalaşır? Belə düşüncələrin nəticəsində öz cinsiyyətindən imtina edən, qoruyan yox qorunmaq istəyən şəxsiyyətini satan neçə min insan var bilirikmi? Təssüf ki, bir çoxumuz sadəcə qınamaqla məşğuluq və öz pafoslu çıxışlarımızda insanları alçaltmaqdan başqa heç bir çarə tapa bilməyib boş danışırıq və çox zaman keçmişlə müqaisə edilməkdən bezən gənc təbəqədə formalaşan oğlanlar kişi olmaq üçün ya öz böyüklərini örnək götürür, ya da kişi olmamaq üçün özünü axırıncı yola qoyur. Məhz bu məsələdə də, məsuliyyət qadınların üstünə düşməlidir. Əgər qadın istəsə yoldaşını, övladını, hətta atasını belə tərbiyə edə biləcək gücə qadirdir. Əgər bu cəmiyyətdə qadınlar yoldaşlarına maaşları qədər hörmət etmək əvəzinə ona sevgi versə, onu xoşbəxt etmək üçün qucağına uşaq doğub yeməyini isti, yatağını, paltarlarını təmiz etməkdən əlavə onu dinləsə, söhbət etməyə çalışsa birlikdə ən azı bir ortaq mövzuda müzakirə etsə, kişi üzərində təkcə evin rəisi olmağın məsuliyyəti və bu məsuliyyət ödənildiyi təqdirdə qarşılıq görmək əvəzinə sevilmək üçün daha çox çabalayar. 

Əgər analar övladlarına kişi ağlamaz əvəzinə kişi ağlatmaz, məsumun ahını almaz, heyvanlara zərər yetirməz, yerə tüpürməz kimi olması gərəkən insani keyfiyyətləri aşılasa, onu həqiqətən normal bir fərd kimi öz işini özü görə biləcək şəkildə, yəni yemək bişirməyin, yatağını səliqəyə salmağın, dağıtdıqlarını yığışdırmağın onun kişiliyindən heç nə əskiltmədiyini anlatsalar, bu cür bəsit ehtiyaclarını ödəyə bilməyən kişilər qarşı cins ilə öz potensialını balanslaşdırmaq üçün qadınların təhsil almasına və işləməsinə mane olmaz.

Kim bilir, bəlkə belə cəmiyyətdə kişilər satın alınan gülləri zəhmətlə torpağa əkilən güllərə dəyişməz. Bəlkə də, ağlamaq istəyəndə kişiliklərindən utanmaz, bəlkə də, atalarına oxşamaq üçün yox, özlərini hiss etmək üçün yaşayarlar. Və bəlkə atasından sevgi görən qızlar sevgini başqalarında axtarıb bədbəxt olmaz.

Bəlkələrimiz xoşbəxt sonlarımız olsun.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Monday, 27 November 2023 10:30

Dünyanın ən qalın kitabı

Səidə Sübhinin köşəsi

 

Bu gün kitabların həcmindən danışacağıq. İndi kitabların həm maya dəyərinin ucuz olması, həm də oxucunu qorxutmaması üçün nazik çıxartmaq dəbi var. Amma haçansa kitabın sanbalı olun qalınlığı ilə ölçülərmiş. 

 

Dünyada ən qalın kitab isə 18-ci əsrin ortalarında yazılmış pəmbə üzlü “Klarissa” romanıdır. Britaniyalı Samuel Riçardsonun yazdığı bu roman 984 870 sözdən ibarətdir. 

Müqayisə üçün deyək ki, günümüzdəki romanlar orta hesabla 50 000 sözdən ibarət olur.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

25 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan “Peşəkar 100 il” idarəçilik marafonunun açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsəbət” portalı ASAN İnnovativ İnkişaf Mərkəzinə istinadən xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş layihənin məqsədi gənc menecerləri Ulu öndərin zəngin idarəçilik təcrübəsi ilə tanış etməklə onların kadr potensialının formalaşmasına dəstək olmaqdır.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov və digər şəxslər iştirak ediblər.

Öncə Ulu öndər  Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qonaqlar  müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik tariximizdəki zəngin siyasi irsindən və idarəçilik təcrübəsindən söz açıblar. Diqqətə çatdırılıb ki, məhz Ulu öndərin məqsədyönlü və müasir idarəçilik modeli Azərbaycan xalqının milli rifahının daha da yaxşılaşmasına və  dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə hədəflənib. 

Mərasimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş, eyni zamanda ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat baş tutub. 

Ardınca “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr reallaşdırılıb. Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovun moderatorluğu ilə baş tutan müzakirələrin spikerləri “MilliKart” MMC-nin İdarə Heyətinin sədri Söhrab Fərhadlı, “Azəricard” MMC-nin baş direktoru Fərid Quliyev, “SİNAM” MMC-nin prezidenti Elçin Əliyev və “Rabitəbank” ASC-nin baş direktoru Ziya Nuriyev olublar. 

2 ay boyunca davam edəcək və 100 nəfəri əhatə edəcək  “Peşəkar 100 il” idarəçilik marafonunda iştirakçılara müxtəlif istiqamətlərdə idarəçilik təlimləri və ustad dərsləri təşkil olunacaq. 

Qeydiyyat üçün link:

https://forms.gle/G9Gu423bWKcZRrxRA

Sponsorlar: “Rabitəbank” ASC, CHOCO ART 

Tərəfdaşlar: “ASAN Könüllüləri” Təşkilatı,  “Başkənt” restoran və şirniyyat evi, “CreaTime”, "Final çay"

Media tərəfdaşı: ASAN radio

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Meksika Mətbəxi Günü” təşkil olunub. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero da tədbirdə iştirak edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə istinadən xəbər verir ki, mərkəzin direktoru Nigar Məmmədova qonaqları Azərbaycan və Meksika incəsənətinə məxsus əl işlərinin yer aldığı sərgi ilə tanış edib. 

Qonaqlar Mərkəzdə təlim alan sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin müxtəlif üslublarda hazırladığı bədii oyma, təsviri incəsənət, keramika, floristika, xalçaçılıq, toxuma və tikmə nümunələrinə baxıblar. 

M.V.R.Kabalyero xalqlarımız və mədəniyyətlərimiz arasındakı oxşar xüsusiyyətlər, habelə benefisiarların Meksika mədəniyyətini tanımaq istəyi ilə bağlı xoş təəssüratlarını bölüşüb. 

Sonra xanım səfir Mərkəzin 15 benefisiarının iştirakı ilə master-klassda iştirak edib. Mərkəzin Kulinariya istiqaməti üzrə təlimçiləri-Azərbaycan Kulinarlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə və Azərbaycan Peşəkar Qənnadçılar Assosiasiyasının rəhbəri Eynur Nağdəliyev benefisiarlara Meksika mətbəxindən kesadilyanın hazırlanmasında köməklik göstərib. 

Qonaqlara Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında Meksika folklorundan nümunələr, sevilən dünya hitlərindən ibarət musiqi nömrələri təqdim olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Monday, 27 November 2023 16:00

Düyünlənmiş qəfəs

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

23-35 yaş üçün:

 

Yaş artdıqca anlayacaqsan ki, özünü təkmilləşdirməlisən. Bu dəfə səni hərəkətə gətirən həvəs, ya da motivasiya olmayacaq. Disiplin və iradə olacaq. 

 

Anlayacaqsan ki, bir işi bacarmaq üçün motivasiyaya ehtiyacın yoxdur, disiplinə və əzmkarlığa ehtiyacın var. Öyrənəcəksən, öyrəndikcə çıxacaqsan qəfəsdən. Başa düşəcəksən ki, böyümək üçün başqalarının başının üstündə cəllad kimi durmasına ehtiyac yoxdur. Sən özün özünün hakimi, hisslərinin cəlladı olacaqsan. Sevgi qatili olacaqsan özünə qarşı. 

Səni aldadan sevgilidən, nəfsini yeniləməklə qurtulacaqsan. Bəziləri üçün valideyn ən böyük dost, bəziləri üçün isə aşılması çətin olan bir baryer kimi görünür. Əgər o baryeri aşa bilsən valideynlərinlə dost olacaqsan. Ancaq o baryeri sındıraraq və ya dağıdaraq keçmək olmaz, gərək qəfəsin qapısının harada olduğunu tapasan. Onlar səni qorumaq üçün qəfəsə salıb. Qəfəsi dağıtsan onların qəlbini qıra bilərsən. O qəfəsin qapısını düyünlənmiş bir ip misali asta-asta və aramla açmalısan. Onların ürəyinə gedən yolu tapa bilsən valideynlərin sənin ən böyük dəstəkçin olacaq. Yox, əgər tapa bilməsən onların yanında dustaq olacaqsan.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Monday, 27 November 2023 12:00

Ədəbiyyatda nə var: pul, ev, yoxsa SÖZ

Hicran HÜSEYNOVA, AYB-nin üzvü, ”Ulduz” jurnalında publisistika şöbəsinin redaktoru - “Ədəbiyyat və incəsənət” üçün

 

 

Deyirlər, haqsızlığı görüb susan kəs özü də bu haqsızlığın iştirakçısına çevrilmiş olur. Bəli, bu bir həqiqətdir, əlbəttə. Çünki ən azı ictimai varlıq kimi hər birimiz yaşadığımız cəmiyyətin bir parçasıyıq. O səbəbdən də bəzən “moya xata s krayu” deyib (çoxumuz rusdilliyik axı) yaxamızı kənara çəkməyə çalışsaq da, bu mümkün olmur. Məndən ötdü, qardaşıma dəydi misalı...

 

Uzun girişlə oxucumu yormadan mətləbə keçim. Söhbət son günlər AYB ətrafında cərəyan edən və birliyin sədlərini aşıb az qala bütün ölkə əhalisinin söhbət mövzusuna çevrilən ev qalmaqalından gedir.

AYB-də 21 nəfərə order verildi. Necə bölgü olursa-olsun, narazı qalanlar həmişə olub və olacaq, söhbət bundan getmir heç də. Söhbət narazı tərəfləri efirlərə dəvət edib alçaldanlardan, onsuz da sınmış adamları (bunlar qələm əhlidi və qadındı) bir daha sındırıb, insanların faciəsi üzərində şou düzəldib reytinq qazanmağa çalışanlardan gedir. Amma yox! Onlar reytinq əvəzinə bütöv bir xalqın nifrətini qazandı. Məlumatı olmayanlarçün bildirim ki, ARB kanalının “Günə son” verilişində bizim Yazıçılar Birliyinin üzvləri Sevil Gültənlə Aləmzər Sadıqqızı qonaq idi. Verilişin aparıcısı Ülvira və telejurnalist Rövşanə Ağasəfqızı bu ümidləri kəsilmiş, əlləri hər yerdən üzülmüş xanımları yerdən yerə vurdu. Aparıcıların istehza dolu yersiz ittihamları, qaraqışqırıqla qonaqları sıxışdırmağı onları sanki nokauta saldı. Ən sarsıdıcı isə bilirsiz, nə oldu? Aparıcı  qonaqlarına “həyatı başa saldı”: “Gördüz ki, ədəbiyyatda pul yoxdu, başqa iş tapardız özünüzə!” Necə deyərlər, bu yerdə Qəribi ağlamaq tutdu. Burda nitqi kəsildi, burda sözü qurtardı qonaqların (düzdü, buna qədər də onlara ağzını açmağa imkan vermirdilər).

Onu deyim ki, ekranın bu başında məni və az məvaciblə dolanıb təkcə yazdığı SÖZlə ovunan mənim kimi yüzlərlə qələm sahibini də ağlamaq tutdu. Əcəba, onlara kim haqq verib ki, söz adamlarını bu cür ələ salıb təhqir etsinlər?

Aparıcıların yazar və tərcüməçi xanıma (bir növ zərərçəkmişlərə) ünvanladığı bir neçə suala cavab verim:

Siz müharibə, Qarabağ, vətən, zəfər mövzusunda yazılan şeirləri, hekayə və povestləri, romanları oxumamısızsa, bu mövzularda çəkilən onlarla sənədli, bədii filmdən xəbərsizsinizsə, günahı özünüzdə axtarın. Təkcə “Ulduz”da yüzlərlə belə yazı çap olunub. “Azərbaycan”da, “Qobustan”da, “Ədəbiyyat qəzeti”ndə də həmçinin. Şəxsən mən, bu yazının müəllifi, bir vaxtlar “Qaçqınçılıq” adlı hekayəmi tənqidçilərin ixtiyarına verərək bu sözlərlə onlara müraciət eləmişdim: “İndi tənqidçi istəyirəm ki, bu yazını analiz etsin”.

Rəhmətlik Etibar Etibarlıdan başqa heç kimdən səs çıxmadı. O, “Bir hekayə haqqında bir hekayəlik söz” adlı yazı yazdı. Nə isə. Mətləbdən uzaqlaşmayaq. Rövşanə Ağasəfqızı, nəyə görə biz yazdıqlarımızın dəyərini məhz dünyaya çıxmaq, “Biləcəridən o yana keçmək” kimi şablon kriteriyalarla müəyyən etməliyik? Dünyanın verdiyi dəyərləri, qoyduğu tələbləri görmürükmü?! Görürük axı! Çox köhnəlib bu çeynənmiş ifadələr, dəyəri özümüz verməliyik özümüzə! Hər kəs də öz dəyərini yaxşı bilir.

“Kitabın satılmırsa, niyə yazırsan, niyə ev istəyirsən?” deyirsiz, az qala “Niyə yaşayırsan?” deyəcəkdiz. Adamlara, özü də qələm əhlinə bu cür yanaşmaq, heç bir məlumatın olmadan onların çoxillik zəhmətini heçə endirib xalq qarşısında susdurmaq mənəvi ziyan deməkdi! Onların sizi məhkəməyə vermək haqqı da var. Amma heç halal ev növbələrini tələb edə bilmirlər... Belədə ilahi ədalətə sığınırıq, nə etməli?..

 

P.S.Mənim evim var, ona görə ev təmənnasında deyiləm qətiyyən, amma 24 il bir müəssisədə çalışan işçi kimi, Azərbaycan dilinin hər an qayğısına qalan, hər sözün, şəkilçinin üstündə əsən redaktor kimi, insanlara deyiləsi ən gözəl və ən gərəkli sözlərin müəllifi kimi evlə mükafatlandırılsaydım, onu ehtiyacı olan iş yoldaşlarıma hədiyyə edərdim - Təranəyə, Nərgizə, Talehə.

Mal-mülküylə, evi, maşını, geyimiylə özünü söz adamlarından üstün sayan qlamur aparıcılar, belə bir deyim də var, qoy xatırladım:

Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi?..

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

 

Bu gün Şuşada Türk dünyası memarlarının simpoziumu öz işinə başlaylb. Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memar Şuşada aparılan və nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, tarixi mühitin abadlaşdırılması mövzularında müzakirələr aparır, təqdimatla çıxış edirlər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, simpoziumda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva da iştirak edir. 

İki gün davam edəcək simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” mövzuları ətrafında panel müzakirələri aparılacaq.

 

Açılış mərasimində Səbinə Hacıyeva çıxışında bildirib: “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa həm də Türk dünyasının mədəniyyət beşiyi rolunu oynayır.

Harada anadan olmağımıza baxmayaraq, Şuşanın hər bir azərbaycanlının qəlbində yeri ayrıdır. İnanırıq ki, Türk dünyası memarlarını bir araya gətirən simpozium Şuşamızın daha da gözəlləşməsinə, memarlığının inkişafına öz töhfəsini verəcək.

Hazırda abidələrin monitorinqi aparılır, bu prosesə 2021-ci ildən start verilib. Azərbaycana məxsus abidələrdə ermənilər tərəfindən aparılan saxta təsnifat əməlləri beynəlxalq konvensiyalara və hüquqlara ziddir. Bu kultursiddir. İnanırıq ki, istedadlı memarların tövsiyələri ilə Şuşanın siması daha da gözəlləşəcək. Düşünürəm ki, birgə işlərimiz çox olacaq. Qarabağın və Şərqi Zəngəzurun abidələrinin qorunması çox vacib məsələlərdəndir”.

(Çıxış mətninin stenoqramı AzərTAC-dan götürülüb)

Simpozium öz işinə noyabrın 25-də yekun vuracaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı  ilə" rubrikasının bu dəfə qonağı gəncliyin sevimli şairi, sətirləri ilə sevən qəlblərdə özünə yer edən İntiqam Yaşardır.

Prezident təqaüdçüsü, AYB- nin üzvü, Azərbaycan Ədəbiyyat Fondunun Gənclər bölümünün rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam bəyin "İlk görüş", "Və susarsan", " Evdə yoxam", “Bütün xatirələr sənə qalacaq" (Təbriz şəhəri) adlı kitabları oxuculara təqdim edilib. "Adını çəkirəm" adlı kitabı isə çapdadır və İnşallah, yaxın günlərdə oxucularına qovuşacaq.

Xoş gördük, dəyərli İntiqam bəy. Bilirəm ki, suallarımıza maraqlı cavablar alacağıq, beləliklə, ilk sırada yer alan "kövrəkbaxışlı" sualımızı səsləyirəm.

 

1)  Sən, ey başdaşından boylanan şəkil,

Dünyaya baxmaqdan yorulmadınmı?

Burdan gəlib keçən haqqa çatmaza,

Dişini sıxmaqdan yorulmadınmı? 

(İntiqam Yaşar)

Dəyərli İntiqam bəy,  "buzvücudlu", "buzqəlbli", başdaşı kimi soyuq, Günəşi görə bilməyib qaranlığın qara rənginə boyun əyənlərə Günəşi anlatmaq üçün nə söyləyərdiniz?

 

- Günəş gözəldir. 

 

2)  İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir. (Əbu Turxan)

İntiqam bəy tez- tez bu səyahətdə olurmu və ən çox səyahətə haradan başlayır?

 

- Mən düşünürəm ki hər kəs öz daxilinə səyahətdə bir dəfə də olsa olub. Əsas o səyahət zamanı nəyi görməkdir. Göz yaxşı şeyi bir dəfə gördükdə bir daha görmək istəyir. Daxilini təmiz saxlayan adamlar o səyahətə tez-tez çıxarlar.  

 

3)Son deyilən nə var ki, 

bu da bir imtahandır,

Bu dünyada əzəldən,

həqiqət adlı nə var,

sən də bildin yalandır,

mən də bildim yalandır.

(İntiqam Yaşar)

İntiqam bəy, dünyanın faniliyini bilə-bilə, bir- birinə əzab verən insanlara, " daş-qaşa aşiq olanlara", "dağın zirvəsinə çıxıb aşağıdakılara qarışqasınız" - deyənlərə tövsiyəniz nədir?

 

- Mənim fikrimcə, bütün məcazi dağlar da, zirvələr də nisbidir. Bəzi məsələlərdə tövsiyəyə ehtiyac görmürəm. Xarakter amilidir. 

 

4)  Hər gün bir az unutmaq,

Hər gün bir az ölməkdir.

İndi gülmək doğrusu,

Xətir üçün gülməkdir. 

(İntiqam Yaşar)

Dəyərli yazarımız, saxta gülüşlər zamanı biz eşitməsək də, gözlər dodaqlara, sizcə, nə söyləyər?

 

-Gözlərin söylədiyi hər zaman həqiqət olur. Yetər ki, o həqiqəti görmək qabiliyyəti olsun insanda.

 

5) İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı üçün isə altmış il lazım gəlir.(Feyxtvanqer)

İntiqam bəy, niyə danışmağı bacarmayanlar daha çox danışır?

Hər zaman xoş olar ki, bildiyindən danışasan. Həm də zəhmət çəkib az danışasan.

 

 -Ümumiyyətlə, hər şey çox olanda əzablı şəkildə yorucu olur mənə görə. 

 

6) Bəxtimin heç sevinc payı yoxuymuş,

Ağrı yan-yanaymış, acı sıxıymış,

Dərd-qəmin qüvvəsi, gücü çoxuymuş,

Çalışdım mən ona bata bilmədim. 

(İntiqam Yaşar)

Əziz Yazarımız, dərdin güclü olması ürəyimizin kövrəkliyi ilə əlaqəli ola bilərmi, ürək daş olsa, dərdin qollarının onu incitməyə gücü çatarmı?

 

-Hər kəsin öz dərdi olur. Düşünmürəm ki, ürəyi daş adamlar dərd çəkmir.  Sadəcə, nəyi dərd etmək məsələsi var. Həssas adamların dərdi çox olur, ətrafda çox şey onlara dərd ola bilir. 

 

7)" Xəyanət ruha hopmuş bir virusdur, əsla yaxa qurtarmaq olmaz." ( Dostoyevski)

İntiqam bəy, xəyanətin cinsi olmur, xəyanət edən insana bircə dəfə də olsun şans vermək düzgündürmü? Yoxsa, Dostoyevski demiş, o xəyanət virusunu yox etməyə heç bir preparatın gücü yoxdur?

 

- Baxır xəyanət hansı yöndə olur. Xəyanətin də digər hərəkətlər kimi çox yönləri, çox aspektləri ola bilər. Hərə öz baxış bucağından yanaşaraq nəyisə xəyanət hesab edə bilər, ya da əksinə. 

 

8) Mənə sual vermə çox,

Ayrılığın dadından.

Hələ ayrılmamışam,

Ayrıldığım qadından.

Elə asan gəlməsin,

Sənə "Əlvida" sözü.

Necə dediyimi də,

Xatırlamıram, düzü.

(İntiqam Yaşar)

  İntiqam bəy, ayrılığın dadı acı olmalıdır ki, sevginin adı həqiqət olsun,  "acı dad həqiqi sevginin nişanəsidir?"

 

- Həqiqi olan, dəyərli olan hər şey bitəndə ağrılı-acılı olur. Acı dad önəmlilik amilinin nişanəsidir. 

 

9) Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; 

bəzən xatırlatmaq lazım gəlir, 

xatırlanmaq üçün;

bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;

bəzən anmaq lazım gəlir, anılmaq üçün;

bəzən də susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)

"Səma”, “dəniz”, “tənha", "sevgi" və "nifrət”.

İntiqam bəy, daxilində bu sözlər olan bir obrazlı cümlə istəsək, hansı cümləni eşidərik?

 

-Səma və dəniz tənha adamların sevgisinə də, nifrətinə də şahidlərdir. 

 

10) İçimdə  bir dərin havasızlıq,

Gözlərim önündə yenə sən.

Əlbəttə, yuxudur...

Öyrəşmişəm aldanmağa.

Hərdən həqiqətə tərəf 

addım atmaq keçir ruhumdan... 

(İntiqam Yaşar)

İntiqam bəy, duyğu dənizinin ən dərinində gizlənən və sönməyən köz kimi hər atışında qəlbə dağ basan, hər nəfəs alışında qəlbə batan, ən iti xəncər kimi gizli qalan məhəbbətin ömrü tükənərmi?

 

- Zaman hər şeyin ən vacib ölçü vahididir. Hər şeyə bu prizmadan yanaşmaq lazımdır. Tükənib-tükənməmək də zamana münasib fikir istəyir. Onu da əvvəldən demək çətindir. 

 

Dəyərli yazarımız- İntiqam bəy, gərgin iş rejiminiz olsa da, şair ömrünüzdən bizə pay ayırdığınız üçün sizə minnətdarıq, yaradıcılığınızda, şəxsi həyatınızda Sizə uğurlar arzulayırıq və ənənəvi sualımız- hansı sualı daha çox bəyəndiniz?

 

-Təşəkkür edirəm. Var olun. 5-ci sualınızı daha çox bəyəndim.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.