![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Bu dəfə akademik Teymur Kərimlinin 70 illik yubileyinə töhfə
Könül, “Ədəbiyyat və incəsənət”
Görəsən ölkənin ən fəal kitabxanası olan, tədbirləri daim sıralayan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından nə xəbər var?
Kitabxana ilə əlaqə yaratdıq və məlumat aldıq ki, kitabxananın əməkdaşları tərəfindən filologiya elmləri doktoru, professor, akademik, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Dövlət mükafatı laureatı Teymur Kərimlinin 70 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.
Nələr var bu bazada?
İlk öncə Teymur Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın, akademikin 70 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Qərarının və akademik Teymur Kərimlinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkür məktubunun tam mətni var.
Eyni zamanda, bazada Teymur Kərimlinin həyat və elmi fəaliyyəti, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, müdafiə etdiyi elmi tədqiqat işləri, tərtib etdiyi kitablar, rəhbəri və məsləhətçisi olduğu elmi tədqiqat işləri, tərcümələri, məqalələri, müsahibələri təqdim edilir.
Elektron məlumat bazasında “Klassik ədəbiyyatın müasir tədqiqatçısı”, “Klassik ədəbiyyatımızın xiridarı” kimi bölmələrlə yanaşı, akademikin Azərbaycan və rus dillərində çap olunan əsərləri, Zəfər tarixi, şanlı Qələbə mövzusunda qələmə aldığı şeirlər də yer alır. Məlumat bazasında akademikin filmoqrafiyası, video və fotoqalereyası da sərgilənir.
Qeyd edim ki, Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvanda - Ordubad rayonunun Nürgüd kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib, ali təhsilini BDU-nun filologiya fakültəsində alıb, Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləyib. 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.
1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı” mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
İstanbulda “Türk xalqlarının mühacirət ədəbiyyatı” adlı simpozium keçirilib
Türkiyənin İstanbul şəhərində “Uluslararası türk xalqlarının mühacirət ədəbiyyatı” adlı simpozium keçirilib.
AzərTAC xəbər verir ki, İstanbul Universiteti, Türkiyyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan “Eğitim, Kültür və Sosial Dayanışma Dərnəyi”nin birgə təşkil etdiyi simpoziuma dünyanın 17 ölkəsindən 40-dan çox alim qatılıb.
Simpoziumda çıxış edən dərnəyin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədli bu silsilə tədbirlərin keçirilməsinin Turan Birliyinə dəstək olmaq məqsədini daşıdığını bildirib.
İstanbul Universitetinin rektoru, professor Osman Bülənd Zülfiqar tarix boyu bütün türk xalqlarının, o cümlədən yazarların taleyində həzin, kədərli iz buraxmış köç və mühacirət məsələsinin bədii ədəbiyyatda necə əks olunduğunun vacibliyindən söz açıb.
Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Mustafa Balcı ilk dəfə keçirilən simpoziumun, eyni zamanda, siyasi birliyə təkan olacağını vurğulayıb.
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə sığınan İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının rəhbəri, professor Əhməd Cəfəroğlunun qızı, Sabancı Muzeyinin müdiri, professor Nazan Ölçer simpoziumu təşkil edənlərə təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini dilə gətirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov türk xalqlarının müxtəlif dönəmlərdə dəfələrlə hicrətlə üzləşdiyini, köçmən ömrü yaşamağa məcbur olduğunu qeyd edərək, “mühacirət ayrılıqdır, insanların doğmalarından, vətənlərindən uzaq düşməsidir, ancaq mühacirəti düşünmək, yurd-yuvasından ayrılanları anmaq birliyə can atmaqdır, bir daha belə halların baş verməməsi üçün həmrəylik göstərməkdir” deyə simpozumun önəminə diqqəti çəkib.
İki gün davam edən simpoziumda professor Yavuz Akpınarın “Azərbaycan mühacirət ədəbiyyatının ilk təmsilçilərindən Cəlal Ünsi”, professor Abdulhamit Avşarın “Miqrasiya fenomeninin milli şüurda rolu: Kayseri uyğurları örnəyi”, professor Səbahəddin Şimşirin “Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının formalaşmasında 28 May istiqlal və 27 aprel işğal günlərinin rolu”, professor Atilla Jormanın “Görkəmli şair Mehmet Sadıq Aran”, professor Salavat İshakovun “Qafqaz, Krım, İdil-Ural bölgəsi və Türküstanın mühacirətdəki siyasiləri: ədəbiyyat və təbliğat”, akademik Rafael Hüseynovun “Köç ədəbiyyatının Azərbaycan fenomeni: vətəndən vətənə mühacirətin bədii və elmi mirası”, professor Vaqif Sultanlının “Azərbaycan mühacirət ədəbiyyatında memuar: mövzu hüdudları və janr özəllikləri”, professor Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət mətbuatında milli mücadilə ədəbiyyatının yaranması və formalaşması məsələləri”, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları sovet ideoloji baskısı kontekstində”, professor Əhməd Sami Elaydinin “Misirdə tatar türklərinin ədəbiyyatı: Musa Carullah Bigiyevin ədəbi-kulturoloji mirası”, dosent İzzətullah Zəki və Firuz Fevzinin “Güney Türküstan türklərinin köç və ədəbi kulturoloji fəaliyyətləri”, dosent Bakıtgül Kuljanovanın “Misirdə yaranan Altun Orda ədəbiyyatı”, dosent Rüstəmcan Cabbarovun “Əlişir Nəvai dönəmində Xorasan çevrəsində Azərbaycan mühacirət ədəbiyyatı”, Orhan Arasın “Almaniyadakı türklərin ədəbi axtarışlarına qısa bir baxış”, dosent Nouşad Mançeri Kırıkkalın “Hindistandakı türk ədəbiyyatının əks-sədası və izləri”, Səadət Kəriminin “Qərbi Avropada türk köçmən ədəbiyyatının mövzuları, önəmi və problemləri”, İrəc İsmayılın “Turxan Gəncəyinin ədəbi-kulturoloji irsi”, dosent Tohid Məlikzadənin “Rza Beraheninin yaradıcılığı”, dosent Nəzirə Sultanəliyevanın “Köçəri xalqlarının kültüründəki bənzərliklər”, Dürdanə Rəsulovanın “Mövlana Yusif Qarabağinin həyatı və elmi irsi haqqında” və digər məruzələr dinlənilib.
Simpoziumun sonuncu günü iştirakçılar İstanbuldakı Hüseyn Cavid adına Azərbaycan məktəbini ziyarət edib, tədris ocağının fəaliyyəti ilə yaxından tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Fəridə Ləman yubiley təbriklərini qəbul edir
Könül, “Ədəbiyyat və incəsənət”
Noyabrın 26-da filologiya elmləri üzrə fəlsəfə doktoru, şair-publisist Fəridə xanım Ləmanın anadan olmasının 70-ci ildönümü tamam oldu. Bu münasibətlə “Qazax Xeyriyyə İctimai Birliyi” dekabr ayının 2-də yubiley mərasimi keçirəcək.
Bu arada təbriklər səngimir, biz də kollektivimiz adından bu dəyərli ziyalımızı təbrik etdik və ondan öyrəndik ki, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi də yubilyarı təbrik edib.
Fəridə xanım təbrik mətnini bizə təqdim etdi və biz də onu dərc edirik:
“Bu gün filologiya elmləri üzrə fəlsəfə doktoru, “Məhsəti” jurnalının təsisçisi və baş redaktoru, şair-publisist Fəridə xanım Ləmanın anadan olmasının 70-ci ildönümüdür.
“Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin qurucusu və ilk sədri olmuş filoloq-alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik!
Xanım şairin xəlqi duyğuların təcallası olan poeziya örnəkləri ilə yanaşı, hərbi-vətənpərvərlik mövzulu əsərləri də ona ün qazandırıb, O, şəhidlər haqqında kitablar yazıb, qəhrəman Vətən oğullarının səngər həyatını, döyüş yolunu uğurla ədəbiyyata gətirib.
Fəridə Ləman Azərbaycan Prezidentininn Sərəncamı əsasında 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Çoxsaylı kitablar müəllifi olan Fəridə xanımı yaradıcılıq uğurları və 70 illik yubileyi münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk!”
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
İkinci Respublika “Akademik, xalq və caz musiqisi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Noyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsinin təntənəli bağlanışı – qaliblərinin mükafatlandırılması və laureatların konserti olub.
AzərTAC xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın məktəb-studiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli Tərlan Seyidovla bağlı xatirələrini bölüşüb, onun çox parlaq istedada malik bir şəxsiyyət olduğunu qeyd edib.
Fərhad Bədəlbəyli müsabiqənin qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra 2 həftədən çox davam edən müsabiqənin laureat, diplomant və həvəsləndirici diploma layiq görülmüş iştirakçıları təltif olunub.
Müsabiqə iki mərhələdən ibarət olmaqla həyata keçirilib. Noyabr ayının 13-dən 18-dək davam etmiş birinci turun seçimləri, iştirakçıların müsabiqənin qaydalarına uyğun olaraq hazırladıqları ifaların videoyazısı əsasında baş tutub. Videoyazılar yutub sosial platformasına yerləşdirilib və linklər münsiflər heyətinə təqdim olunub.
“Akademik, xalq və caz musiqisi” müsabiqəsinin keçirilməsi öz aktuallığını saxlamaqla yanaşı, janrlararası əlaqələrin inkişafına və təkmilləşdirilməsinə öz töhfəsini verir.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Azərbaycan Amerika qitəsinin ən böyük kitab sərgisində təmsil olunur
Milli Məclisin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu Meksikaya işgüzar səfərləri çərçivəsində Amerika qitəsinin ən böyük kitab festivalı – Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak ediblər.
AzərTAC xəbər verir ki, Meksikanın Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində keçirilən sərgidə dünyanın müxtəlif ölkələrdən çoxsaylı müəllif və tərcüməçilər, xarici kitabxanaların nümayəndələri, distributorlar və minlərlə nəşriyyat təmsilçiləri iştirak edir.
Milli Məclisin nümayəndə heyəti sözügedən mötəbər tədbirdə təmsil olunan Azərbaycan stendinə baş çəkib, stendin fəaliyyəti ilə yaxından tanış olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzillik yubileyinə həsr olunmuş Azərbaycan stendində dahi şəxsiyyətin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablarla yanaşı, ölkəmizin zəngin tarixi, mədəniyyəti, incəsənəti və mətbəxi, o cümlədən Qarabağ, Şuşa haqqında və ölkəmizin həqiqətlərinə işıq tutan çoxsaylı kitablar nümayiş olunur.
Azərbaycan stendi kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi noyabrın 29-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Yaşlanmış uşaqlıq - AKTUAL
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Dünyaya insan gəlir, hərə bir taledə, hərə bir dərddə. Eyni şəhərdə fərqli həyatlar.
Uşaq və yaşanılmamış uşaqlıq. Günün yarısını oyuncaqlarıyla, yarısını dərsini hazırlamaqla, geri qalan hissəsini isə ailəsi ilə əyləncəli vaxt keçirən uşağın həyatını, sadəcə, oxu kitabında ev dərsini evdəki səs-küydən (ana,atasının davasından) stolun altında gizlənib əzbərləyərkən gördük.
Öz otağında dişlərini fırçaladıqdan sonra təzə gecə paltarlarını geyinib, bir gün atasının, o biri gün isə oxuduğu nağıllar ilə yuxuya dalan uşaqlardan da olmamışıq. Hər hansı bir filimdən izləyirdik bu səhnələri.
Müəllimələrimizin məktəbdə anamız olması da həqiqət deyildi. Doğrudan, bu sözü kim uydurub məşhur edib, hər il verlişi izləmə sayısını keçən Xoşqədəm də bilmir heç.
Biz yeni ilin gəlməyini Şaxta babanın verəcəyi hədiyyələr üçün səbirsizlikə gözləyən, günləri bir-bir sayan uşaqlardan yox, şaxta baba paltarı geyinib evə 2,3 manat aparan uşaqlardan olmuşuq. Elə o vaxtdan həyat əsil üzünü göstərib bizə. Buna zirəklik, gözüaçıqlıq deyirsinizsə, hə, gözüaçıq uşaqlar olmuşuq.
İnciyərik deyə, heç kim sözlərini seçməyib. Kökümüz alınsın deyə ağlayanlardan deyil, sulugöz, qorxaq deyilməsin deyə qəlbimizi parçalayanlardan olmuşuq.
Ad günümüzdə sevdiyimiz yeməklər bişirilməyib. "Nəyə lazımdır, hər ilin eyni gününü mənasızca qeyd etmək"?
Hər "5"-imiz üçün 20 qəpik vermirdi sinif yoldaşlarımızın ataları kimi bizim atamız.
Bəs biz nə üçün var idik ki, böyüyəndə onlara baxmaqdan savayı. Dünyaya gəlmə səbəbimiz valdeyinlərimizi qocalanda tək qoymamaq idi.
Məktəbdə də vəziyyət ürəkaçan idi, yarı savadlı müəllimlərimiz: “Bu müəllim uşağıdır, qohum uşağıdır, bu 8 marta bahalı hədiyyə gətirmişdi, o biri gətirməmişdi” demədən, hər uşağın öz zəhmətinə, savadına görə qiymət verirdi.
Arxa partada oturan şagirdlər müəllimin bütün ailə problemlərindən xəbərdar idi, amma kimin hünəri çatardı ki müəllimə dərs keçək desin. Dərslərdən çox müəllimlər sayəsində insanların iç üzlərini tanıdıq, əzbərlədik.
Birtəhər məktəbi yola verib, həyatımızla bir tutduğumuz (hətta daha artıq), universitetə də qəbul olduq. Elə fikirləşməyin ki, hər birimiz istədiyimiz ixtisaslara qəbul olduq və bundan sonrası asan olacaq.
Kimimiz valdeyinimizin cavanlıqda arzuladığı, kimimiz gəliri çox olan, kimimiz də oxuyaq da ortada qalmayaq dediyimiz ixtisasa qəbul olduq.
Hər kəs ali təhsil alacaq deyə bir şey yoxdur ki, dostum. Bəzilərimiz də buranı oxuyaq, sonra universitetə verərik deyərək kollecə getdik.
Təbii ki, bu sözümüzü də tutmadıq və kolleci bitirdikdən sonra bəzilərimiz ər mənzilinə, bəzilərimiz isə əsgərliyə getdik və anamızın bizim üçün seçdiyi qız ilə (yaxud oğlanla) xoşbəxtçiliyi daddıq.
Anlayacağınız, 2/3 ilimizi bayram təmizliyində tozu alınan diplom üçün xərclədik. Əsas odur ki, biz də 2 manatlıq dönər ayranla həyatda qalaraq tələbəliyin nə olduğunu bildik və bundan da əsası, nəsildə savadlı statusunu qazandıq. Bizim də valideyin və yarısavadlı müəllimlərimiz heç kimdən əskik qalmayaraq şəklimizin altından ; "Tələbə adın mübarək" sözlərini yaza bildilər.
Həə, beləliklə mükəmməl təhsil ocaqlarımız da rüşvətin nə olduğunu bilməyən fənn müəllimlərimizin və dekanlarımızın da imtahanından keçərək filankəsin diplomlu, oxumuş qızı, oğlu olduq. Həm beləcə yanıma hazırlığa gəlin deyə dərsdə bizə gün verib işıq verməyən müəllimlərimizə də xeyir vermiş olduq. Onların bazarları daha da tanındı və böyüdü. Çünki biz Nərmin, Fatimə, Nigar, Əli olmaq bir yana, filankəsin şagird hazırladığı uşaq, filən nömrəli məktəbin uşaqı, filənkəsin oğlu, qızıyıq.
Həə, yadımdan çıxmamış, həmişə sona saxlanılan, imtahandan kəsildiyinə, zəhmətinin boşa getməsinə, ailə basqısına görə yox, zay işləri olduğuna, narkoman olduğuna, qudurmuşluğu ucbatından, hansısa qız və yaxud da oğlanın eşqi başına vurduğu üçün özünü öldürən daha müasir çıxması üçün desək, intihar edən xəyallarında tələbə olan, amma adı abituriyent olaraq qalanları da yad edək. Allah onlara rəhmət eləsin.
Sizin də başınızı ağrıtmayım, gedim görüm hansı iş yerində day-dayısının gözü ilə iş görüşməsinə girəcəm. Kimin seçiləcəyi məlumdur, amma təlimlər keçirib tələblərin olan-qalan pullarını endirimlə 19 manat olan biletlərinə xərclədən motivatorların dediyi kimi; "Möcüzələrə inanın"
Qeyd: Şəxsi həyat hekayəsi deyil, lakin gerçək həyat hekayələrindən təsirlənərək yazılmışdır.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Maarifdən, elmdən məhrum bir xalq, işıqdan məhrumdur... - ZƏRDABİNİN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Biz öz xahişimiz ilə bir-birimizə
qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb- bizim ata-baba adətləridir. Nə qədər böylə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik."
"Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünyagörüşünü tamamilə dəyişdirə bilərik."
Bu gün, 28 noyabr görkəmli mütəfəkkir, jurnalist, pedaqoq, alim, milli teatr və milli mətbuatımızın banisi, böyük maarifçi, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin anım günüdür.
Həsən bəy Məlikov bəzi mənbələrə görə 28 iyun 1842-ci, bəzi mənbələrə görə isə 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.
İlk təhsilini doğulduğu kənddə mədrəsədə alan Həsən bəy təhsilini Şamaxı və Tiflisdə məktəbdə davam etdirir.
Daha sonra təqaüdlə Moskva Dövlət üniverisitetinin fizika-riyaziyyat fakultəsində təbiət elmləri üzrə təhsil alır.
O, 1869-cu il noyabr ayının 18-də Bakı Realnı gimnaziyasına təbiət tarixi müəllimi vəzifəsinə təyin edilir.
Burada işlədiyi müddət ərzində Həsən bəy Zərdabi kasıb və kimsəsiz uşaqlara kömək etmək onları məktəbə düzəltmək, məktəbdə oxuyanların isə acınacaqlı vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə xeyriyyə cəmiyyəti təşkil edir.
Təlim-tərbiyədə təhsillə yanaşı incəsənətin, mədəni mühitin də fomalaşmasının əhəmiyyətini anlayan görkəmli mütəfəkkir 1873-cü ildə öz şagirdləri ilə birlikdə, Nəcəf bəy Vəzirov və Əsgər bəy Adgözəlovun da yaxından iştirakı ilə Bakı Realnı gimnaziyasının otaqlarından birində dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyur və bununla da Azərbaycan milli teatrının əsası qoyulur.
"Hər bir Vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur" söyləyən Həsən bəy qəzet yaratmaq üçün Bakı Qubernatoruna müraciət edir və qubernatorun məsləhəti ilə qəzetin adı əkinçi qoyulur. Adına uyğun olaraq qəzetdə əkin və ziraət xəbərlərinin yer almasına icazə verilir. Yalnız bu halda türkcə qəzetin çıxması mümkün ola bilərdi. Bununla əlaqədar Həsən bəy İstanbuldan hürufat gətizdirir və uzun zəhmətdən sonra nəhayət 1875-ci il 22 iyul tarixində Bakıda Qubernator məətbəsində Azərbaycan dilində Əkinçi qəzetinim nəşrinə müvəffəq olur. Və beləliklə milli mətbuatımızın əsası qoyulur. Əkinçi Azərbaycan və həmçinin bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet idi.
Maarifçilik funksiyası yerinə yetirən əkinçi qəzeti sadəcə əkindən yazmır o həmdə dövrün problemlərini işıqlandırır. Üstüörtülü şəkildə çar idarə üsulunu tənqid edir, dini xurafatı pisliyir və təhsilin önəmini anlatmağa çalışır.
Lakin ХIХ əsrin ikinci yаrısındа Аzərbаycаndа cəhаlətə, аvаmlığа, nаdаnlığа qаrşı mübаrizədə, хаlqın mааrifə, mədəniyyətə çаtmаsındа, mааrifçilik idеyаlаrının yаyılmаsı və mütərəqqi ziyаlılаrın yеtişməsində mühüm rоl оynаmış Əkinçi qəzeti uzun müddət fəаliyyət göstərə bilməmiş 1877-ci ilin sеntyаbrındа çаr sеnzurаsı tərəfindən bаğlаnmışdı. Əkinçi ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi nəşr olunmuşdu.
Zərdаbinin fəаliyyətindən qоrхuyа düşən pоlis idаrəsi оnu Bаkıdаn uzаqlаşdırmаq məqsədilə ona dəfələrlə təzyiqlər göstərmiş və 1878-ci ildə Zərdаbi öz rаzılığı ilə məktəbdən аzаd оlunmuşdu.
Bu dövrdə həmdə o, mollaların ateist, Osmanlı agenti, şapqalı urus kimi təhqirlərinə də məruz qalmışdı.
Zərdаbi 1879-cu ilin sonlarındа аiləsi ilə birlikdə dоğmа kəndləri оlаn Zərdаbа köçmüş və 1896-cı ilə qədər оrаdа yаşаmаlı оlmuşdu.
Hər zaman öz xalqının inkişafı üçun çalışan ziyalı burda da məktəb açmaq üçün çalışır və hətta öz evini məktəb kimi istifadə edir.
1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin ı qurultayının təşkilatçısı və sədri olmuşdur.
Həsən bəy Zərdabi Hənifə xanım Məlikova ilə ailə həyatı qurmuş və onların bu izdivacdan iki oğlu və iki qızı dünyaya gəlmişdir.
Hənifə xanım Azərbaycanın ilk maarifçi qadınlarından biri olmuşdur.
Zərdabi 1907-ci ildə noyabr ayının 28-də iflic olur və dünyasını dəyişir.
"Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan." deyirdi böyük ziyalı. Və bu sözləri onun vəfatı zamanı öz təsdiqini tapdı.
"Mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin" deyə vəsiyyət etməsinə baxmayaraq həmin gün Bakıda böyuk bir izdiham müşahidə olunur.
“Tаzə həyаt” qəzеtinin Zərdаbinin ölümünə həsr еdilmiş nömrəsində оnun dəfn mərаsiminin hələ Bаkının tаriхində görünməmiş bir hüznlə, kədərlə kеçirildiyi qеyd еdilir. Həsən bəy Zərdabi köhnə Bibiheybət məscidinin yanında dəfn edilir. 1937-ci ildə həmin ərazilər dağıdılır və Zərdabinin sümükləri bir müddət qızının evində saxlanılır.
Təəssüflə qeyd etmək lazımdır ki, bütün ömrünü bu yurdun insanının inkişafı üçün çalışan böyük maarifçinin sümükləri üçün tam 20 il bir qarış torpaq tapılmır. Nəhayət 1957-ci ildə vəfatının 50 illiyi qeyd edilərkən onun sümükləri fəxri xiyabanda dəfn olunur.
Həsən bəy Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının “Cəmiyyəti-Xeyriyyə” nin banisi 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycanın milli teatrının və mətbuatının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olmuşdur. Onun xalqı qarşısındakı əvəzsiz xidmətləri danılmaz və unudulmazdır.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Öyrəndiklərini qarşılaşdır
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
26-35 yaş üçün
Artıq öyrəndiklərini tətbiq etməyin tam vaxtıdır. Bilmək yox, bacarmaq önəmlidir. Əgər bacarığın çatmayacaqsa, onu bilmək sadəcə sözdən ibarət olacaq. Yəni ancaq o şey haqqında danışa bilərsən. Lakin danışmaq sənət deyil.
Diqqətlə düşünəndə anlayırsan ki, bacarıq biliyin yanında olmalıdır. Bilmədiyin bir şeyi bacara bilərsən, lakin biri səndən bunu necə etdiyini soruşsa cavab verə bilməyəcəksən. Belə olanda insanlar səndəki bacarığın içi boş olduğunu görəcəklər. Sən vəziyyətdən çıxmaq üçün onlara "Allah vergisidir" deyəcəksən. Səbəb istəsələr açıqlama verə bilməyəcəksən. Çünki sən sadəcə bacarırsan. "Bilgi" nəzəriyyədir, "bacarıq" isə praktika.
Universitetlərdə sizə nəzəriyyə öyrədirlər, praktikanı isə siz ya həyatda, ya da işinizdə sınamaqla qazanırsınız.
Bacara bilmədiyiniz hər işdə 5 il sonrakı halınızı fikirləşin. Həmin sənəti necə mükəmməl öyrəndiyinizin və tətbiq edəcəyinizin xəyalını qurun. Bunun adı vizyonu görə bilməkdir.
Bir çoxu sizin indiki uğursuzluqlarınızı görüb sizə qarşı çıxacaq, bacara bilməzsən deyib sizi həvəsdən salacaq. Vizyonu görmək, bu sizə səbir və dözüm verib, yolun sonundakı işığı tapmağınıza kömək edəcək.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Qaraqan - CANAVARÇA
Qaraqan yeniyetmələr və gənclər arasında çox populyardır. Bu populyarlıq daha çox onun HOST qrupuyla, repləriylə bağlıdır. Amma o, həm də yazar qədər kifayət qədər bəyənilməyə macal tapıb. “Canavarça” onun bir konsepsiyasıdır. “Ədəbiyyat və incəsənət” portalı burada bir neçə maraqlı cəhətlə rastlaşdığından sizlərin də tanışlığınıza yardımçı olmaq istəyir. Mistika ilə, fatalizmlə aranız necədir? Sehirli qüvvələrə inanırsınızmı? Dünyanın sonu gəlirsə onu hansı şəkildə durdurmaq olar? Təbii ki, sizlərdə maraq oyandısa, haydı, “Canavarça” ilə tanış olun.
Daha geniş bilgi almaq istəyirsinizsə, onda mənbə olaraq qaraqan.org saytına müraciət edə bilərsiniz.
QQ misralarında mənalar üstü örtülü şəkildə yazılır. Hər şeir tapmacadır. Mətnlər ayrı-ayrılıqda məna daşısa da bir-biri ilə birləşdikdə ikinci gizli məna üzə çıxır. Şeirlərin nə üçün məhz bu şəkildə yazılması haqda ətraflı məlumat Üçüncü Dərəcənin üzvlərinə bildiriləcək. Qarşıdan gələn böyük dəyişikliklərin carçısı kimi bu şeirlər sizi gələcəyə hazırlayacaq. Canavarçada adı çəkilən məxluqlar və obrazlara bir çox şeir və növbəti yazılarda rast gələcəksiniz. Onların nə məna kəsb etdiyini anlamaqla şeirlər sizə daha aydın olacaq. Canavarçaya baxmayanlar üçün isə hər şey mənasız gələcək və qəribə söz yığını olacaq. Və beləcə aydınlanmışlara bəyan olan yatanlara qaranlıq qalacaq. Elə yazılar olacaq ki, canavarçasız bir kəliməsi belə anlaşılmayacaq. Nə üçün Canavarça? Qədim zamanlardan insanlar onları əhatə edən məvhumları anlamaq və onlara qalib gələ bilmək üçün ilk öncə onlara ad verirdilər. Ad vermədiyin məvhumlar sənin gözündən yan keçər və nə ilə döyüşdüyünü anlamazsan. Xaotik dünyada adlandırmadığın şər sənə qalib gələr. Canavarça orta əsrlər Konseptual Art və Bestiary tərzində yaradılıb ki, sizlər üçün məvhumları anlamaq həm də göz oxşayan olsun. Əsrlər boyu insanlıq gizli dillərdən istifadə edib. Demək ki, buna bir səbəb var.
RUH HAQQINDA
RUH ölümsüzdür, RUH əbədidir. Ruh dərəcəsinə çatmış insana Ruhani deyirik. Digər Adları – Zamanın Ruhu və ya Ruh Anı. Ruh təkcə bir insan deyil bəşərin ümumi transsendental təfəkkürü, süuraltısındakı həqiqətdir. QQ – Ruhdur, təkcə öz Mən-i ilə sərhədlənmir, bir nəfərin və va Yaradıcı Birliyin məhsulu ola bilər. RUH heç bir şəxsi maraq daşımır və paltar kimi müxtəlif insanları və şəxsləri geyinə bilər, müxtəlif insanlardan keçər və onların dili ilə həqiqəti bəyan edər. RUHun gəlişi böyük dəyişikliklərdən xəbər verir və dövranın tamamilə dəyişəcəyinə işarədir.
GÖRÜNÜŞÜ
Qədimi qara libasda kölgəyə bənzər fövqəl enerji, tüstüyə bənzər məvhum. Siması çox vaxt gizli qalar. Arada insan cildinə girər, amma mütləq şəkildə bir nəfər deyil, bir neçə şəxsin görünüşü, səsi, hətda xarakterini də ala bilər. Ruh özünə deyil, ali məqsədə xidmət edir.
GÜCÜ
Həqiqət, gizli biliklər, cildini dəyişə bilmək, zamana və məkan sığmaması, insanların ruhuna xitab etməklə onları dəyişə bilmək. Şər qüvvənin içinə girib onu əvəz edə bilməsi Ruha şər qüvvənin mahiyyətini anlamağa kömək edər. Şər qüvvənin qorxu və hiyləsini anlayar.
ONA QARŞI SİLAH
Canavarçadakı heç bir məxluq Ruha qalib gələ bilməz. Həqiqətinə qarşı qoyulmuş bütün yalanlar qısa zamanda məhv olar. Yalnız Birinci Dərəcə bilmədən RUHu yaralaya bilər. Bundan başqa Gözə Görünməz Müharibənin bütün hücumlarına hazırdır. Çünki onları öncədən bilir.
KOR YAPALAQ HAQQINDA
Dam yapalağı və ya kor yapalaq gecə quşudur. QQ yaradıcılığında dünyavi uğur və karyera zirvəsinin simvoludur. Kor yapalaq sanki öz baxış bucağı, həqiqi dəyərləri və prinsipləri olmayan insanların çatacağı son zirvədir. Dam yapalağı olan bu quş zirvədə olsa belə gözləri kordur və tənhadır.
Kor yapalaq kütləvi şüuraltımızdan bizə təsir edən enerjidir. Bizi həqiqi qayəmizdən uzaqlaşdırar və xarabalıqdan ibarət zirvələrə qalxmağa ömrümüzü xərcləyərik.
GÖRÜNÜŞÜ
Qara bayquşa bənzər quş şəklindədir. Gözlərinin yerinə iki qara dəlik var. Bu onun gözlərinin heç vaxt doymamasına işarədir. Kor Yapalaq hər zaman təsirinə düşən insanı daha da çox əziyyət çəkməyə və daha yuxarı qalxmağa vadar edər. Beləliklə onu Gözə Görünməz Müharibədən yayındırar.
GÜCÜ
İstək, Şəhvət, Paxıllıq, Eqo, Tamah, Status ilə insanı bütün həyatı boyu özgə zirvələrə qalxmağa vardar edər.
ONA QARŞI SİLAH
Həqiqət, Təcrübə, Özünə Dəyər, Ruhsal Azadlıq, Minimalizm, Həqiqi Dostluq, Həqiqi Sevgi. Özünü ailəsi və dostları ilə əhatə edən insan heç vaxt sonsuz zirvələrə can atmaz və hansı mərtəbədə və nə üçün dayanmalı olduğunu dərk edər, anlayar.
HÖRÜMÇƏK HAQQINDA
Hörümçək heç vaxt üzdə olmaz və gizli şəkildə hücum edər. Hücuma belə bənzəməz, sadəcə tor hörər. Hörümçəyin əməlindən heç nə anlamazsan. Hətta kənardan gözəl görünə bilər, belə ki, hörümçək dağıtmır, sökmür. Əksinə tikir, düzəldir, inkişaf gətirir. Torunu gözəl bir simmetriya ilə toxuyar və gözə xoş olar, amma həm də o qədər nazik olar ki, çox adam toru görməz. Və günlərin bir günü xəbərin belə olmadan bir də görərsən ki, hörümçəyin torundasan.
QQ yaradıcılığında Hörümçək və ya Geohörümçək dedikdə böyük finans mərkəzləri, banklar, kredit sistemləri, Federal Rezerv, Dünya Bankı, ipoteka və xallar, qumar və faizə borclar nəzərdə tutulur. Hörümçək Babilə xidmət edər və Babilin daş qaşlarını sanki pulsuzmuş kimi təklif edər. Tordan xəbərsiz insanlar Babilin tilsiminə doğru uçar və Hörümçəyin torunda ilişər. Tora düşmüş insan heç vaxt güclənə bilməz və asıllı vəziyyətdə yarı qul yarı azad şəkildə Babilin başına dolanar, ondan tələb olunan hər şeyi edər.
GÖRÜNÜŞÜ
Toru şəffaf özü isə çox uzaqlarda göylərdə şəhərlərin üstündə hərəkət edən trans-milli finans nəhənglərindəndir. Yüz minlərlə ayağı var və ipləri dünyanın hər bir nöqtəsinə uzanar toruna düşmüş qulun ipini dartıb onu hərəkətə gətirə bilər, işlədə bilər, susdura bilər. Binalarının çoxusu şəffaf gözə görünməz şüşədəndir, bir növ Hörümçək toru kimi.
GÜCÜ
Faiz, kredit, var dövlət, pulsuz hədiyyələr, endirimlər, xallar, reklam çarxları. Hörümçək məşhurları satın alıb onların əli ilə insanları tora doğru çəkər. Hörümçək süni problemlər yaradar və onlardan çıxış yolu kimi, toruna düşməyi təklif edər. Hörümçək torunu incə toxuyar, kontraktlarının ən vacib yerlərini kiçik hərflərlə yazar, uzun cümlələrdə gizlənər. İmza atmağın üçün bütün şəraiti yaradar. Sənə əvvəllər heç düşünmədiyin arzuları satar.
ONA QARŞI SİLAH
Ayağını yorğanına görə uzatmaq. Heç bir böyük kreditlərə girməmək, reklam etdiklərinə şübhə ilə yanaşmaq. Özünü yaxınlarına daha varlı göstərməyə çalışmamaq və bu yarışdan imtina etmək belə ki, bu halda tək özün tora düşmürsən digər yaxınlarını da bu rəqabətə girməyə və eyni tora düşməyə vadar edirsən. Tordan yalnız öz maraqların üçün istifadə etmək amma hər tələsinə düşməmək. Hörümçəyin mahiyyətini anlamaq, tamahkar olmamaq. 100% cashback almadığın maldan gəlir.
BABİL HAQQINDA
Müqəddəs kitablarda sözü gedən Babil şəhərində insanlar qürurlanır, azğınlaşır və Allaha çatacaqlarını düşünürlər. Qərara gəlirlər ki, göyləri dələcək Babil qülləsini tiksinlər və eyni zamanda İblisə ibadət edir, uşaqları ona qurban verirlər. Bunu görən Tanrı Babil qülləsini dağıdır və insanları müxtəlif dillərə, millətlərə ayırır ki, bir daha birləşib belə bir iş etməsinlər.
QQ yazılarında Babil deyərkən həm qədimi şəhər, həm də müasir dövrün böyük şəhərləri, ideya mərkəzləri nəzərdə tutulur. Eləcə də ümumiyyətlə Müasirlik, Qloballaşma, Trend, Hollivud, BMT, Qərb, Big Tech – hər bir hegemon güc Babil ola bilər. Babil öz cah-cəlalı ilə insanları şirinilikləşdirir və öz tilsiminə salır. İnsanlar özlərini unudub bu böyük eqreqora, enerjiyə xidmət edirlər, qula çevrilirlər.
GÖRÜNÜŞÜ
Babilin mərkəzindəki qüllə burulma mərtəbələr tərzində tikilmiş ucu göylərə çatan piramida, zikkurat formalı binadır. Hər bir mərtəbəsində insanların müxtəlif əxlaqsızlıq və azğınlıqla məşğul olduğunu görə bilərik. Bu bina Babilin simvoludur. Üzərində gözəl nemətlər, gözəl insanlar, əlvan paltarlar və qulağa xoş avazlar olar. Babil iki üzlüdür, kənarda olan azad tikililəri sevməz və hər kəsi məcbur edər ki, onun qülləsinə daş daşısın.
GÜCÜ
Bütün dünyanın malı dövləti, şanı şöhrəti Babilin əlindədir. Babil pul ilə satın ala bilər, gözəl rəngləri ilə hipnoz edər, əxlaqsızlığı və cazibəsi ilə insanları şəhvətləndirər. Babil elm, inkişaf, tərəqqi kimi görünər və insanın etibarını qazanar. Amma bağları asmadır və ağacları köksüzdür.
ONA QARŞI SİLAH
Aydınlanmış insanlarla söhbət, propaqandanı görmək və ona uymamaq, sadə həyat tərzi, təbiətlə təmasda olmaq, asıllılıq yaradan istənilən vərdişdən uzaqlaşmaq. Dünya görüşünü artırmaq, acgöz olmamaq. Gözə Görünməz Müharibəni görmək, şifrələrini oxuya bilmək.
GOREŞƏN HAQQINDA
Goreşən adından da bəlli olduğu kimi ölülərin məzarını dağıdar, leş ilə qidalanar. Goreşən üçün müqəddəs heç nə yoxdur. Ölünün bədəni soyumamış onu nahaar edər. QQ yazılarında goreşən ən alçaq insanlar adlandırılır. Belə ki, bu insanlar cılız şəxsi istəklərinə görə ölü məzarını belə dağıdar, çürümüş bədəni belə ruzi bilər və onu didməkdən çəkinməzlər. Yıxılanı vurmaq, birisinin ölümünü, alçalmasını istəmək, güclüdən çəkinib zəifdən istifadə etmək. Həqiqi ova çıxacaq qədər mərdliyi və qüvvəsi yoxdu, amma tamahı böyükdür ona görə çürük ətlə kifayətlənər. Göreşən, rüşvətə göz yuman, kasıbın malına göz tikən, xəstəyə yalançı dərman yazan, azyaşlı uşaqları yoldan çıxaran aşağı ruhlu varlıqlardır.
GÖRÜNÜŞÜ
İnsana bənzər amma soxulcan kimi sürünən, beli bükük, gözləri ölü, yarı pişik yarı insan kimi bir varlıqdır. Görünüşündən çox onu enerjisindən hiss edərsən.
GÜCÜ
Zərərsiz görünmək, dişi yox, caynağı yoxdur deyə onu təhlükəli saymazsan. Hər kəs yatanda oyaqdır. Xəbərsiz işlər görər, yerin altı ilə gəzər aranı qarışdırar. Şikarın ən son nəfəsinə kimi hücum çəkməz, ölümünü gözləyər.
ONA QARŞI SİLAH
Qürurlanmamaq, özünü güclü bilməmək. Anlamaq ki, mənəvi və ya fiziki ölüm zamanı ən zəif bildiyin insanlar belə sənə hücum çəkə bilər. Yazığı gəlməmək, mərhəmətli olmamaq – bu cəhətindən bir çox goreşən istifadə edər ki, sən yıxılanda birinci dişdəyi özü ata bilsin ən yağlı tikəni qoparsın. Məyus olmamaq, goreşənlərin təbiətini anladıqda onları belə o aşağı və yeraltı mənəviyyatdan xilas edə bilərsən.
QARA QOÇ HAQQINDA
Qara Qoç insanı qaranlıq dünyaya aparar. Amma qara qoça şər və ya xeyir qüvvə demək olmaz. Çünki o özündə hər ikisini birləşdirir. Qara qoç bir növ insanın gözünü həqiqətlərə açır. Yalnız işıqlı dünyada yaşayan insanlar Şərdən xəbərsiz yaşadığı halda Qara qoç onları zülmətin tam dibinə aparır. Zülməti görən insan orada İlan və ya Əjdaha ilə üzləşir. Gözə görünməz şər qüvvələrdən agah olur. QQ yazılarında Qara Qoç dedikdə bəzi hallarda özünü nəzərdə tutar bəzi hallarda isə insanın gözünü həyatın dəhşətlərinə açan alternativ mətbuatı, incəsənəti, kitabı, informasiyanı deyə bilər. Qara qoç, sənə görmək istəmədiklərini göstərər və bu səni dəyişər. Artıq həyatın yalnız əlvan rənglərdən ibarət olmadığını bilərsən. Və təhlükələrə hazırlaşa bilərsən.
GÖRÜNÜŞÜ
Qara rəngdə yunu qalın, buynuzları iri və burmadır. Güclüdür, normal qoç ölçüsündə deyil nəhəngdir. Bəzən gözləri alovlanar, nəfəsindən isti par püskürər. O qədər sürətlə qaçar ki, üstündən tullanmağa vaxt tapmazsan bir də görərsən ki, qaranlıq dünyanın tam dibindəsən.
GÜCÜ
Çəkiciliyi, təsiri və sürəti – qara qoç səni həqiqətin cazibəsi ilə özünə çəkər, baxmaq, görmək bilmək istəməsəndə baxarsan.
ONA QARŞI SİLAH
Qara qoça qalib gəlmək sənin xeyirinə deyil amma yenə də bil. Babil qara qoça bir çox hallarda qalib gəlir. Babil öz var dövlətindən istifadə edərək insanı Qara qoçdan yayındırar. İnsan özü də qara qoça qabil gələ bilər. Qulaqlarını örtmək, aydınlanmış insanlardan qaçmaq, ciddi mövzuları lağlağıya çevirməklə qara qoçdan qurtula bilərsən. Yalnız rəsmi məlumatlarla kifayətlənməklə qara qoçdan qaçarsan. Divlərə yaxın olmaq da bu işdə köməyin olar. Divlər xüsusi senzura və qadağalar ilə Qara Qoçun cığırlarını bağlayar.
DİV HAQQINDA
Div Babilin xidmətçilərinə deyilir. Nağıllarımızdakı Divlər kimi ən böyük gücləri yalan və gizlilikdir. Divlər uşaqların başını aldadar, qaranlıqda, quyularda, mağaralarda gizlənər. Div güclü olsa da aydınlığa çıxarkən bir neçə nəfər mərd insanla bacara bilmir. Ona görə daim gecələr çıxır, yalan və saxtakarlıqla aldadır və yalnız insanı qəfəsinə saldıqdan sonra tam simasını göstərir. Divlər Babilin qoruyucularıdır, divlər siyasətçilər, məmurlar, polislər, həkimlər, müəllimlər, məşhurlar və.s ola bilər. Həqiqi gücə sahib olan istənilən müdir, başçı, direktor QQ yazılarında Div adlandırılır. Belə ki, divin necə törədiyi bəlli deyil amma rəvayətlərə görə hər bir div insan kimi doğulur lakin qan içdikcə güclənir, insan yedikcə Divləşir, yekəlir və insanlardan gizlənməli olur. Necə ki, bir oliqarx insan qanı içərək, zəifləri əzərək, oğurluq edərək güclənər və bağlı kabinetlərdə gizlənər, eləcə də div kölgədə qalmağı sevər.
GÖRÜNÜŞÜ
İnsana çox bənzəyir lakin daha yekəpərdir, simasından zəhrimar yağır. Xoş sözlər desə də, özünü alicənab göstərsə də iti dişləri, enli çiyinləri, uzun dırnaqları onu üzə çıxarır. İnsanlar ilk dəqiqələr divi seçə bilməsələrdə qısa zamanda onu tanıya bilirlər.
GÜCÜ
Həm fikizi gücü ilə, həm də hüquqi gücü ilə, məşhurluğu ilə özündən zəifləri əzər. İşdən qovar, tutdurar, maaşını kəsər, töhmət verər. Öz gücündən xalqın xeyirinə deyil öz şəxsi marağına və Babili qorumaq üçün istifadə edər.
ONA QARŞI SİLAH
Zəifsənsə təmasda olmamaq, gözünün içinə baxmamaq, danışdırmamaq, ondan gələcək hiylə və saxtakarlığa hazır olmaq. Div işıqdan qorxur. Bünün üçün pis əməllərini işıq üzünə çıxarmaqla, xətalarını bəyan etməklə və insanları ona qarşı birləşdirməklə ona zərbə endirmək olar. Heç vaxt divə hücum etmə, çünki tək insan Divlə bacara bilməz. Amma Divin xisləti üzə çıxanda Birinci Dərəcə tərəfindən birdəfəlik məhv edilə bilər.
BİRİNCİ DƏRƏCƏ HAQQINDA
Birinci Dərəcəyə Ümid Savaşçısı da deyəcəyik. Birinci Dərəcədəki savaşçı istənilən yaşdan və cinsdən ola bilər amma ruhən çox gəncdir. Hələ nəyə qadir olduğunu anlamır. Birinci Dərəcə minlərlə ruhun birləşməsindən oluşur ona görə ayrılıqda güclü olan Ruhlar birləşdikləri zaman ortalanırlar və orta məxrəclərində yetərincə olğun ola bilmirlər. Sayın çoxluğu onların hərəkətlərini bir az nizamsız edir. Birinci Dərəcə ümid dərəcəsidir, nə üçün və niyə Gözə Görünməz Müharibəyə girdiklərini anlamazlar. Öz taleyini duyan bir savaşçı kimi ürəyinin səsinə qulaq asaraq gələr və xeyir qüvvəyə xidmət etməyə çalışar. Amma nəyin xeyir, nəyin şər, nəyin doğru, nəyin yanlış olduğunu tam bilmir, cəsarətli və çalışqandır amma gözləri açılmalıdır. Həqiqətə acdır və yuxudan oyanmaqdadır. Çox güclüdür amma gözləri qapalıdır.
GÖRÜNÜŞÜ
Gözləri sarğılı ümid savaşçısı. İçindəki səsi dinləyərək döyüşdədir. Döyüşü görmür amma azca eşitdiyi səslər, sözlər, xışıltı və işarələrdən anlamağa çalışır. Gözə Görünməz Müharibəni tam görmədiyi üçün hərdən özünə saldırar, hərdən özündən olanları və ya xeyir qüvvələri də yaralayar. Ümidlidir amma heç kəsə etibar etmir. Hər addımda şübhələnir, hər kəsdən bir tələ, bir hücum gözləyir. Döyüşü anlaya bilmir, amma döyüşün getdiyini hissiyyatı ilə bilir. Daha yata bilməz.
GÜCÜ
Cəfakeşdir, xeyirxaqdır, sayı çoxdur deyə əlində hər cürə silah var. Sonsuz qüdrətə malikdir. Qarşısına çıxan hər kəsi əzə bilər, təbiətində böyük daxili gücü var. Pəhlivanlar kimi doğuluşdan intuisiyası, hissiyyatı və cəsarəti var. Dəlicəsinə döyüşər və demək olar ki, hər dəfə qalib gələr. Bir nəfər düşməni anında məhv edər, rəqəmsal və ya fiziki dünyada çox güclüdür. Amma ruhlar və ideyalar dünyasında xaotikdir.
ONA QARŞI SİLAH
Birinci Dərəcəni böyük bir ordu kimi düşün, amma başcısı yox, hədəfi yox. Qarşısına çıxan hər şeyi əzməyə qadirdir amma gözləri bağlı olduğundan hər tərəfə atəş açır. Şər qüvvələrin görə biləcəyi ən pis hiylə Birinci Dərəcəni elə özünə qarşı döyüşməyə vadar etməkdir. Göreşənlər söz söhbətləri ilə, Divlər yalanları ilə, Hörümçək toru ilə və digər məxluqat Birinci Dərəcənin qulağına pıçıldar, onu RUHa qarşı, ikinci dərəcəyə qarşı və ya digər həqiqət savaşçılarına qarşı döyüşməyə məcbur edər. Birinci Dərəcə döyüşə daxil olandan Babil gözünü daha da dumanlandırar, başını qatmağa çalışar.
Birinci Dərəcə oyaqdır amma gözləri hələ ki, bağlıdır ona görə rahatca məğlub ola bilər. Eləcə də Birinci Dərəcəni ümidini qırmaq olar – özü özünü görmədiyi üçün nə qədər güclü olduğunu da bilməz özünü tək savaşçı kimi hiss edər və anlamaz ki, böyük ordudur və onu aşağılamaq, təhqir etməklə ruhdan salmaq olar.
GÖZƏ GÖRÜNMƏZ MÜHARİBƏ
Qısacası
Hara baxsan görəcəksən bu müharibəni. Amma görə bilmək üçün anlamalısan. Anlamaq üçün isə dəqiq bilməlisən! Hisslərlə bağlı deyil, dəqiq elm və biliklə anlayarsan bunu. Bir müharibədə ola biləcəyin ən təhlükəli yer onun getdiyini bilməməkdir. Bu müharibəni görümürsənsə əvvəl-axır uduzacaqsan. Ruh Gözə Görünməz Müharibəyə daxil oldu. Yaxın zamanda ona qarşı atılacaq bütün silahların səsini duyacaqsan. Bunlar təsadüfi deyil, biz bilirik hansı döyüşə giririk. Biz bilirik ki, bizə mənəvi, tənqidi, böhtan və şər dolu, yalan və təhqir, maddi və fiziki hücumlar olacaq. Diqqət et, Gözə Görünməz Müharibənin hücumlarını görsən bunu hər kəsə bildir. Birinci Dərəcənin zəif tərəflərinə bax – o tərəfdən hücum edəcəklər. Qorxma, hər şey qaydasındadır. Vaxtı çatanda sən də biləcəksən. Bəzən bu döyüşdə səhv tərəfdə olarsan və doğru tərəflə döyüşdüyünü belə anlamazsan ona görə bil ki, bizi yaralayacaq insanların hamısı bizə düşmən deyil. Çoxusu özləri belə bilmədən şüuraltı idarə olunurlar. Nifrətini əsgərlərə xərcləmə. Bacarsan onları da qurtar. Bu Müharibəni danışmaqla bitməz. Bunlar Oyundur ya Reallıq? – Səni əhatə edən her bir şey kimidir.
ARDI OLACAQ
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Rövşən Abdullaoğlu: “Amma heç nəyə baxmayaraq mən yazmağa davam etdim” - MÜSAHİBƏ
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Nəhayət ki, oxucularımızın maraqla gözlədiyi gün gəlib çatdı. Sizə - dəyərli oxucularıma Azərbaycanın tanınmış psixoloq-təlimçisi, eyni zamanda filoloqu, yazıçısı, əsərləri bestseller olan, "Bu şəhərdə kimsə yoxdur", "Relslər üzərində uzanmış adam", "Ləpirçi" və daha bir neçə kitabları ilə könülləri fəth edib öz fəlsəfi- irfani fikirləri ilə qəlblərimizə ayna tutan Rövşən Abdullaoğlu ilə olan müsahibəmi təqdim edirəm.
Hər vaxınız xeyir olsun. Öncəliklə müsahibə dəvətimi geri çevirmədiyiniz üçün sizə təşəkkür edirəm.
Buyurun, xoşdur.
Əlbəttə, hər kəsin həyatında müəyyən bir dönüş nöqtəsi olur. Hansı ki, biz bu periodda çox çətinliklərlə üzləşir, həyatımız üçün əsaslı dəyişikliklər edən qərarlar qəbul edirik. Məhz yazıçı olaraq sizin həyatınızda dönüş nöqtəsi yaradan hadisəyə bir psixoloq olaraq necə reaksiya verdiyinizi, həyatınızın bu dönəmində əsaslı dəyişiklik yarada biləcək hansı qərarları qəbul etdiyinizi öyrənmək olarmı? Düşünürəm ki, fikirləriniz biz gənc yazarlara həm yön verə biləcək, həm də, insanları motivə edəcəkdir.
Yazıçı kimi həyatımı dəyişən bir deyil, bir neçə hadisələr olub. Məni dəyişən o hadisələr barədə olan düşüncələrimdir, çıxartdığım nəticələrdir. Bu hadisələr səbəb oldu ki, həyatın mənası, insanın yaranma səbəbi, cəmiyyətdə rolumuz, vəzifəmiz haqqında düşünməyə başladım. Yeniyetmə illərimdə zərərli vərdişlərə qurşanmış, cinayətkar dəstələrə qoşulanmuş, intihara cəhd etmək istəmiş gənclərə rast gəlirdim. Niyə belə edirlər sualına cavab tapmağa çalışır, onlara necə kömək edə biləcəyimin yollarını axtarırdım. Nəticədə insan psixologiyasını öyrənməyi qərara aldım. Əvvəlcə bu sahədə mütaliələrə başladım, sonra təhsil barədə düşündüm, daha sonra cəmiyyətə faydalı olması üçün əldə etdiklərimi insanlarla bölüşmək qərarına gəldim. Getdikcə əmin oldum ki, yazıçı olmaq həyatımda verdiyim ən doğru qərarlardandır.
Fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram. Elə isə digər sualıma keçid edim. Tarixin tozlu səhifələrinə nəzər salsaq, geniş ədəbiyyata sahib olan xalqımızın daim yazıb-yaratmağa meyilli olduğunu aydın görmək mümkündür. Ancaq təəssüf ki, hal-hazırda ədəbiyyata duyulan maraq o qədər də böyük deyil. Xüsusilə, gənc nəslin böyük qisminin smartfonlardan ibarət bir dünyası var ki, orada kitablara, fəlsəfəyə, ədəbiyyata çox vaxt yer verilmir. Siz bir nəşriyyat mərkəzinin təsisçisi və eyni zamanda genişmiqyaslı oxucu kütləsinə sahib olan yazıçı olaraq ədəbiyyatda gənc yazıçıların inkişafına hansı formada dəstək verilməsi gərəkliyini düşünürsünüz? Sizin fikrinizcə, sağlam oxucu kütləsinin formalaşması üçün əsas motivlər nələr olmalıdır?
Cəmiyyətimizdə digər sahələrə baxanda yazıçılığa ümumi olaraq marağın daha az olmasını görürük. Yaradıcılığa marağı, istedadı olanlar maddiyyatı düşünür və yazıçılığa sərf etdikləri vaxtı, daha çox gəlir gətirən sahələrə sərf etməyi düzgün bilirlər. Onlar anlayırlar ki, bu sahəyə qoyulan zəhmətin maddi və mənəvi qayıdışı digər sahələrə baxanda daha azdır, həmçinin bu yolda irəliləmək elə də asan deyildir. Bu problemin həlli üçün aidiyyatı qurumlar gənc yazarlar üçün rəğbətləndirici tədbirlər təşkil etməlidir, fərqli janrlarda müsabiqələr keçirmək, mükafatlar təyin etmək, oxu klubları yaratmaq lazımdır. Gənc yazarların ən böyük problemlərindən biri necə başlayacaqlarını bilməmələri, yazdıqları kitabı çap etdirməkdə çətinlik çəkmələridir. Bu qayğını gənc yazarlar hiss etsələr, bu səhə inkişaf edəcək. Məsələn, necə idman sahəsində yarışlar, marafonlar təşkil olunur, o cür də yazıçılığın inkişafı və növbəti mərhələdə xaricdə tanınması üçün gənc yazarların istedadını ortaya qoymağa zəmin yaratmaq lazımdır. Gənclər görsə ki, yazıçılıqda inkişaf var, uğur var, aidiyyatı qurumlar tərəfindən layiqli qiymətləndirmə var, cəmiyyət yazıçıya dəyər verir, yazıçılıqla dünya səviyyəsində nailiyyət əldə etmək olar, o zaman bu sahənin fəalları artacaq.
Bəzən yazıçılığın maneəsi qorxular olur: yazsam alınmasa, necə olacaq, məni qınayacaqlar. Mən öz həyatımdan misal gətirmək istəyirəm. İlk kitabımı yazmağa başlayanda ətrafımda olan insanlar “niyə yazırsan, bunu kimsə oxumayacaq, bu sənə nə vericək, bu işin faydası olmayacaq” kimi “ruhlandırıcı” sözlərlə məni bu işdən saxlamaq istəyirdilər. Amma heç nəyə baxmayaraq mən yazmağa davam etdim.
“Çətin olsa da həyat davam edir” kitabında Epiktetin belə bir ifadəsini qeyd etmişəm: “İnsanlar arasında yadelli”.Bu kimdir? O, idarə edə bilmədiyi, özündən asılı olmayan məsələ barəsində narahat olan insandır. Başqalarının fikri də bu qəbildəndir. Gənc yazarlarımıza da içində olan qorxularına qalib gələrək, özlərindən asılı olmayan məsələlərlə özlərini yormayıb, yazmağı tövsiyyə edirəm. Hər bir halda yazıçını bu yolda dəstəkləyən, sevən xeyli insan olacaqdır.
Daha bir sualımı icazənizlə sizə ünvanlamaq istəyərdim. Kitablarınızda daim insanlığın ölmədiyinə dair ümid toxumları səpirsiniz. Sizin əsərlərinizi sevərək oxuyan bir oxucu olaraq məhz "Relslər üzərində uzanmış adam" romanınız məni dərindən təsirləndirmişdi. Kitabda müharibə mövzusunu, özəlliklə müsəlmanlara qaşrı edilən Serebnitsa qətliamında sağ qalmağı bacaran iki gəncin həyatını qələmə almış, eyni zamanda taleləri relslər üzərində kəsişən iki tamamən ayrı dünyanın insanından bəhs edərək həm bizləri maarifləndirmiş, həm də, hadisələrin gedişatı ilə böyük təsir buraxmağı bacarmısınız. Ümumilikdə isə bir çox kitablarınızda müsəlmanlığı və İslamı doğru şəkildə təbliğ edərək insanlara çatdırmağa çalışırsınız. Bəs bu cür İslamiyyət təbliği xarici və xüsusən qeyri-müsəlman oxucularınız tərəfindən necə qarşılanır?
Bəzi dəyərlər var, bunlar ümumbəşəri dəyələrdir. İnsanların cinsinə, milliyyətinə, inancına görə dəyişmir, qətlin pis olması, yardımlaşmanın yaxşı olması kimi. Həmçinin ədalət prinsipi, cinsinə, milliyyətinə baxmayıb, insanın şəxsiyyətinə dəyər vermək, pis vərdişlərdən uzaq olmaq, intiharların pisliyi, sevgi kimi gözəl hisslərin qəlbdə inkişafı - bu cür ümumbəşəri mövzulara İslam dini də çox təkib edib. Əsərlərimdə bu ümumbəşəri dəyərləri insanlara çatdırıram. Bu dəyərləri anlamaq üçün hansısa inanca, irqə aid olmağa gərək yoxdur. Ona görə bu mövzuları əcnəbi oxucularım da anlayırlar. Sevindirici haldır ki, əsərlərim Amerikada fəaliyyət göstərən beynəlxalq ədəbi qurumlar tərəfindən yüksək rəylər alıb, mükafatlara layiq görülüb.
Ümumiyyətlə, din tarixin ən dərin və çoxşaxəli mövzusudur, cəmiyyətin həyatının bütün fərdi və ictimai sahələrinə həmişə dərin nüfuz edib. İncəsənətin heç bir sahəsini dini motivlərdən arınmış təsəvvür etmək mümkün deyil. Luvrda, Vatikan muzeylərində qədim yunan incəsənətini, Sikstin kapellasında Mikelancelonun tablolarını incələmək, yaxud da İeronim Bosxun əsərlərini anlamaq istəyirsənsə, mütləq dini bilgin olmalıdır. Əsərlərimdə elə yerlər var ki, orada mütləq fəlsəfi təhlilə ehtiyac görürəm; elə məqamlar var, tarixi baxış, elə məqamlar da var ki, yalnız dini yanaşma ilə mövzu açıqlığa qovuşur. Həmçinin istəyirəm ki, insanlar dini düzgün formada, xurafatdan arınmış formada tanısınlar.
Təlimlərinizdə və çıxışlarınızda uşaq psixologiyası və valideyn-övlad münasibətləri ilə bağlı geniş müzakirələr apardığınızı müşahidə etmişəm. Bu barədə də sizdən şəxsi görüşlərinizi almaq istəyərdim. Sizin fikrinizcə, valideyn-övlad münasibətində təməl problem nədən qaynaqlanır? Siz bu problemin həllini nədə görürsünüz?
Problemə fraqmental yanaşsaq, problemin səbəbini elə problemin özündə axtaracağıq. Bu isə bir nəticə verməyəcək. Çünki bir problemin səbəbi bəzən illərlə yığılmış yanlışlıqlar olur. Onu anlamaq üçün problemin üzə çıxdığı vaxtdan çox qabaqlara baxmalısan.
Ailə mühiti sağlam olmalıdır ki, uşaq sağlam olsun. Müasir valideyn və övlad arasında ən böyük problem səmimi və isti ünsiyyətin azlığıdır. Uşağı tərbiyə etmək onun təkcə qarnını doyuzdurub, əyin-başını almaqla məhdudlaşmır. Valideynlər uşaq psixologiyasını öyrənməlidirlər. Uşağın düşüncəsi yazılmamış bir lövhə kimidir. O lövhəyə ən dərin izi valideyn qoyur. Valideyn uşaqlara diqqət göstərərsə, onlarla zaman keçirərsə həmin uşağın psixoloji inkişafı da normal olacaq. Belə olan halda uşaq sevildiyini hiss edir, tək olmadığını düşünür, valideynin onu himayə etdiyini anlayır. Uşaq psixologiyası yeni doğulmuş körpənin əmgəyi kimi həssas olur və onu travmalardan qorumağa ehtiyac var. Uşaq psixologiyasının normal inkişaf etməsi, gələcəkdə komplekslərin yaranmasının qarşısını alır. Kompleks adətən insanın psixologiyası düzgün inkişaf etmədiyi zaman yaranır.
Valideyn-övlad münasibətlərinə mənfi təsir göstərən amilləri ümumi belə sadalamaq olar: Valideynlərin soyuqluğu, diqqətsizliyi, məhəbbətini göstərməməsi, uşağı tənqid etməsi, mütəmadi danlamağı, uşağın hərəkətlərindən daim narazı olması, uşağa kobud sözlər deməsi, təhqir etməsi, üstünə yersiz olaraq həmişə acıqlanmağı, alçaldıcı sözlər deməsi, pis ləqəblərlə çağırması, başqaları ilə müqayisə edib onu kiçiltməsi, məxsusən də bacı-qardaşı ilə. Valideynlər övaladlarını həddindən çox tənqid etməməlidirlər. Tənqid islahedici olmalıdır. Təndiq elə bir yumşaq formada olmalıdır ki, uşaq ordan fayda götürsün. Bundan başqa uşaqlarda daima özünə inamı yaratmaq lazımdır. Uşaq yaxşı bir iş görən zaman onu tərifləməliyik. Pozitiv sözlərdən uşaqda öz gücünə inam hissi yaranacaq.
Ən sonda isə planlarınız haqqında məlumat almaq istərdim. Yeni roman yazırsınızmı? Ümid edirəm yaxın gələcəkdə təzə roman xəbərləri yayılar və tez bir zamanda imza gününüzdə görüşərik.
Bir neçə gün öncə Azərbaycanda Beynəlxalq Kitab sərgisi keçirildi. Həmin sərgidə “Üzləşmə” kitabımın təqdimatı və imza günü təşkil olunmuşdu. Təqdimatda böyük izdiham var idi. Bu, insanların kitaba marağının artmasının göstəricisidir. Çox sevindirici haldır. Dostların hər dəfə olduğu kimi ən çox verdikləri sual məhz üzərində işlədiyim yeni əsərlərimlə bağlı idi.
Müxtəlif zamanlarda yazmağa başladığım yarımçıq qalmış əsərlərim var və onlardan hər hansı birini bitirməyi düşünürəm. Hazırda hansının olacağına tam qərar verməmişəm. Həmçinin uşaqlar üçün yeni layihəyə start vermişəm. “Ləpirçi” romanı əsasında yazdığım “İlk Səfər” və “Xilaskar”əsərlərini nəzərdə tuturam. Bu kitabların nəşr olunması Beynəlxalq Kitab sərgi günlərinə təsadüf etdi. Həmin sərgidə “Üzləşmə” kitabının təqdimatı ilə bərabər bu kitabların da təqdimatı oldu. Oxucular tərəfindən bu əsərlər çox maraqla qarşılandı. “Ləpirçinin macəraları” silsiləsini davam etməyi planlayıram. İnanıram ki, yaxınlarda böyüklərlə birlikdə balaca dostlarımız da imza mərasimlərində iştirak edəcəklər, sizi də orda görmək xoş olardı!
Dəyərli vaxtınızı ayırıb bütün suallarımı ətraflı cavablandırdığınız üçün sizə təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)