![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
POETİK QİRAƏTdə Əkbər Qoşalının “Gəl” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə tanınmış şair Əkbər Qoşalı görüşür.
+++
Torpağı sərinəm, gəl,
Kədəri dərinəm, gəl;
Yüz ildən anrıdasan,
Min ildən bərinəm, gəl…
Gəl, quş qonan budağıq,
İlk iz düşən yolağıq;
Sabahlardan sorağıq,
Sən mənsən, mən sənəm, gəl…
Dənizəm - gəmin üçün,
Bütöv ol - kəmim üçün;
Sən bayraq ol, səninçün
Yel olub əsənəm, gəl.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
“Mənim 3 yaşım olanda atam vəfat edib…” – Ceyhun Hacıbəylinin nəvəsi Benjamin Hacıbəyli
“Ədəbiyyat və incəsənət” portalı inanılmaz bir layihə həyata keçirən - məşhur insanların varislərini axtarıb tapıb onlardan müsahibələr götürən Hafiz Əhmədov barədə sizlərə məlumat vermişdi.
Azərbaycan Xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin və qardaşı Ceyhun Hacıbəylinin varisləri ilə eksklüziv-tarixi müsahibələrin müəllifinin ortaya qoyduğu sanballı işlərdən daha birini sizlərə təqdim edirik.
Ceyhun Hacıbəylinin Fransada yaşamış oğlu Timuçinin (1921—1993) övladı Benjamin Hacıbəyli ilə müsahibə
-Özünüzü təqdim edin.
-27 yaşım var. Fransanın cənubundakı Nitsa şəhərində anadan olmuşam. Parisdə böyüdüm. Parisdə və Lionda Riyaziyyat, Kompüter elmləri və iqtisadiyyatı üzrə təhsil almışam. Hazırda Fransa İqtisadiyyat Nazirliyi üçün iqtisadi analizlər hazırlayıram.
– Siz Azərbaycanda hörmətli bir nəslin nümayəndəsisiniz. Hacıbəylilər nəsli barədə nə düşünürsünüz? Bu ailənin digər üzvləri ilə əlaqə saxlayırsınız?
- Bilirəm ki, ailəmizi Azərbaycanda hər kəs tanıyır. Bununla da fəxr edirəm. Bir çox sahələrdə uğurlu işlər görmüş doğmalarımız var. Belə bir nəslin nümayəndəsi olmaq mənim üçün böyük şansdır.
Təəssüf ki, ailəmizin digər üzvləri ilə əlaqəmiz yoxdur. Azərbaycandakılarla olan əlaqələrimiz rus inqilabından bəri kəsilib. Sovet İttifaqı dövründə xaricdəkilərlə təmaslar riskli idi. 70-ci illərə qədər ailəmizin üzvləri arasında demək olar ki, heç bir əlaqə olmayıb. Bilirəm ki, atam 70-ci illərdə Niyazi ilə tanış idi. Ancaq mən atamı çox görə bilmədim. Buna görə də mən heç kəslə əlaqə qura bilmədim.
– Necə bir ailədə böyüdünüz? Uşaqlıq xatirələrinizi bölüşərdiniz…
- Mənim 3 yaşım olanda, atam Timurçin vəfat edib. Məni anam Pasqal Hacıbəyli Buşet böyüdüb. Mən özüm də tək uşaq idim. Atam da yox idi. Belə bir ailədə böyüdüm. Bu məni anama daha çox yaxınlaşdırdı. Amma heç vaxt güclü bir ailə hissini duymadım. Mən çox yalnız bir uşaq idim.
– Azərbaycan sizin üçün nə məna ifadə edir? Bakıya, Azərbaycana səfər etmək istəyirsiniz?
- Ailəmizin bir hissəsi Azərbaycanda yaşayıb. Mənim üçün Azərbaycanın xüsusi bir yeri var. Artıq iki dəfə Bakıya getmişəm və tezliklə yenidən ziyarət etmək istərdim. 12 və 15 yaşım olanda ora getmişdim. Şəhər bu 3 il ərzində çox dəyişmişdi. Düşünürəm ki, bu gün mən Bakını tanımaram.
– Sizin fikrinizcə Üzeyir Hacıbəyli kim olub? Onunla aranızda oxşarlıqlar varmı?
- Üzeyir bəy mənim babam Ceyhun Hacıbəylinin qardaşıdır. Bilirəm ki, o, ailəmizin ən tanınmış üzvü olub. Onun necə bir insan olması ilə bağlı heç nə deyə bilmərəm. Amma musiqilərini çox yaxşı bilirəm. Bizim aramızda bir o qədər də oxşarlıq yoxdur. O, bəstəkar olub. Uşaq olan zaman musiqini öyrənməyə çalışdım. Çox təəssüf ki, bu məndə yaxşı alınmadı…
– Üzeyir bəyin musiqilərini dinləyən zaman hansı hissslər keçirirsiniz?
- Əlbəttə ki, mən qürur duyuram. Azərbaycan mədəniyyəti ilə birbaşa əlaqə qurmaq çox gözəldir. Onun musiqiləri bütün dünyaya yayılıb. “Arşın mal alan” pyesinin Fransada bu il nümayiş etdirilməsi məni çox qürurlandırdı.
– Atanızla bağlı heç xatirələriniz varmı? Atasız böyümək çətin olmadı ki?
- Mənim atamla bağlı heç bir xatirəm yoxdur. Atam vəfat edən zaman mən körpə idim. Anam mənə hər şeyi danışıb.
Atasız böyümək çətin olmadı. Həqiqətən də düşünürəm ki, bu mənim üçün çox asan oldu. Daha az təziq və rəqabət vardı. Hacıbəylilər çox böyük , güclü bir nəsildir. Bəlkə də mən atamın yanında böyüsəydim tamamilə fərqli bir şəxsiyyətə sahib olacaqdım.
– Ceyhun Hacıbəylinin məqalələrini heç oxuyubsunuz?
- Evimizdə olan və ya internetdə tapdığım məqalələri oxuyuram. Babam Ceyhun Hacıbəyli müxtəlif mövzularda yazıb: siyasət, sənət, elm… Babamın gördüyü işlər barədə çox da məlumatım yoxdur. Çünki atam vəfat etdikdən sonra bütün məqalə və sənədlər Azərbaycana göndərilib.
– Fransada sizə, Azərbaycana qarşı münasibət necədir?
- Fransada mənim ailəm haqqında heç kim eşitməyib. Əvvəllər heç Azərbaycanı da tanımırdılar. Son illər Azərbaycanda çoxlu reklam, idman və ya mədəni tədbirlər təşkil olunur. İndi insanlar Azərbaycanı tanıyırlar. Ailəm, nəslimiz haqqında onlara deyən zaman çoxlu suallar verirlər, maraqlanırlar. Bəziləri internetdə axtarış edirlər, musiqilərimizi dinləyirlər.
- Siz Vətən kimi haranı qəbul edirsən?
- Mən Fransada böyüdüm, fransız dilində danışıram, mədəniyyətim də bura ilə bağlıdır. Mənim atam da bir növ azərbaycanlı xüsusiyyətlərinə sahib olmasına baxmayaraq , fransız mədəniyyətini özündə daşıyırdı.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Plagiatçılıq baş alıb gedir
Könül, “Ədəbiyyat və incəsənət”
Yazarların giley-güzarı nədəndir? Son vaxtlar ən çox qulağımızı yağır edən “mənzil bölgüsü” məsələsi tədricən səngiyir, bu dəfə plagiatlıqdan danışacağıq. Həmsöhbətimiz isə ustad şair Ramiz Qusarçaylıdır.
Mənim bir şeirim var, “Sən mənim ömrümə…” misraları ilə başlayır. Bu şeiri 1983-cü ildə yazmışam. Onda "Elm və həyat" jurnalında işləyirdim.
"Çörəyim daşdan çıxır" adlı ilk kitabımda da dərc olunub.
Bu günə kimi bu şeirin şirəsini sorub nə qədər "şeir" quraşdıran olub, musiqi də bəstələtdiriblər, qiraətçilərə də oxutdurublar...
Plagiatllq baş alıb gedir...
Onu “Ədəbiyyat və incəsənət” portalının oxucuları ilə bölüşürəm.
*
Sən mənim ömrümə gələn bir bəla,
Sən mənim ömrümə süzülən işıq.
Ikimiz bir yerdən sökülən qala,
Ikimiz bir yerə hörülən daşıq...
Bir cığır üstündə izimiz ayrı,
Bir cığır üstündə qoşa gedirik.
Yükümüz bir olub, özümüz ayrı,
Elə dola-dola boşa gedirik.
Bizi bizdən alıb üzür bir qayıq,
Gedirik,
bir gündüz, gecə bilmirik.
Elə bir dənizin ortasındayıq,
Qayıda bilmirik, keçə bilmirik...
Yıxılan özümüz, yıxan özümüz,
Beləcə aldadaq, aldanaq niyə?!
Tələsə-tələsə görüşürük biz,
Tələsə-tələsə ayrılaq deyə...
Sənin qışında yaz, yazında qışam,
Düşüb odun üstdə qar ola billəm,
Sənsiz torpaq altda ilişən xışam,
Dartına-dartına qırıla billəm.
Payızam,
bir eşqin qərib çağıyam,
Gizli solmağımdam xəbərin olmur.
Sənin dan yerində qürub çağıyam,
Elə şər qarışır,
səhərin olmur.
Göz yuma bilmirəm bu vərdişinə,
Qəlbinin qanıdır gözündən daman.
Soyuğam indiki nəvazişinə,
O ilk həsrətinə həsrətəm yaman.
Nə səni qınayım, nə məni qına,
Birimiz ikiyik, ikimiz birik...
Düşmüşük taleyin burulğanına,
Yol tapıb bir yana çıxa bilmirik...
Sən mənim ömrümə gələn bir bəla,
Sən mənim ömrümə süzülən işıq.
Ikimiz bir yerdən sökülən qala,
Ikimiz bir yerə hörülən daşıq...
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Bu gün Bakı Musiqi Akademiyasında II Respublika müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Bu gün - noyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında “Akademik, xalq və caz musiqisi” II Respublika müsabiqəsinin təntənəli bağlanışı – qaliblərinin mükafatlandırılması və laureatların konserti keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Bakı Musiqi Akademiyasına istonadən xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın məktəb-studiyasının təşkilatçılığı ilə keçirilib.
Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir.
“Ədəbiyyat və incəsənət”
(27.11.20203)
Nərgizlərin qoxusu üzərindən sürülən sarı taksilər… - Güneyli Rza Nurinin şeirləri
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Rza Nuri 1991-ci ildə Tehran şəhərində anadan olmuşdur. 10 ilə yaxındır ki, ədəbiyyatla məşğuldur. Şeirləri portallarda yayımlanıb. İngiliscədən Azərbaycancaya çevirdiyi bir neçə psixoanalitik məqalələri sanal dünyada yayımlanmışdır. O, Margurite Durasın “Ölüm xəstəliyi” adlı romanını dilimizə çevirmişdir.
1.
Çünki mən son nəfəsimi siyirmişdim dişlərimlə
Və onurğamdan uçurmuşdum boylu kəpənəklər sözünü
Gündüzün sarı avtobusuna düzənmiş saçlarını günlərə bölən barmaqların körpülüyünü sürüşən dünyada,
otuz kərə günəşi dolandığım qəlpə başımla ilgidə
Yolları dərələrə yayınır baldırın fikri.
Yarımçıq məktubumun davamını
Postçu düşmüş qalabalığa
Əzilmiş sözlərim
Küçədə
Küçə başını əymiş xiyabanlarda
Başa vurduğum o iti qoxunu
Qəzetdə bıçaqlanmış bir kioskçunun qəzetləri içində bıçaqlanmış bir kioskun içində qəzetlər
Dışında xəbərlər
Sərilincə dışarı
Pəncərədəki avtoyayım dalğalar, qıvrım saçlarını yamsılayırdı
Çatlaq dodağına hopmuş budaqdan
Nəfəsinlə uçurursan quşları
Yalnız açıq havalarda, düşürdün yadıma
Çölə düşmüş öylə bir xəbər ol ki, raketlər ötsün həlqeyi-zülfündən
Gözlərinlə üzünü dişlərinə yığan aynalar sayağı,
aynada çərçivədən düşmüş üzümü içinə çəkdiyin, dibə düşdüyüm uzaqlara bax
Həyatını sözlər sancağıyla tutan birisiyəm
Məni öylə bir sətirdə tut
Köynəyimin yaxasın uçur
Dodağın səkiliyindən.
2.
Boğaz yollarına zair düşmüş adını
Göz qapaqlarını rol etdiyin əfyun bir yuxuda
Halqa-halqa üfürdüm
Enib-qalxdım
Ağız boşluğunun çəkməcəsini açıb-bağlayan ağciyərimlə
Səsim azad sulara dağılan adalar
Səsim qafiyə yerinə barmağın ucu, əzilən kağızlar
Səsim izləyicilərini çeynəyən bir səhnə
Səsimdə Urmu ozon qatı dəliyindən qarqara edir
Quş dedikdə
Yuxuların mürəkkəb qabına batmış boyalı-bayğın başım
Göy qursağı sayaq atılır protez dişlərim
Buraq min işarətə bağladığın sözün çərpələng uçuşunu
Həyatımın alt yazısını qatarla sürübsən gözlərinə
Burax təmas xəttini ötmüş bir təyyarənin
Hava limanında yumurtalamasını.
Xiyabanın əli duraqda
Cibində gilə-gilə udmuş avtobusu,
boyununa qol-boyun meydançalarda qalstukunu bağlayan avtobusa udulur İona, udulur Ahab
Sırğa sayağı itmiş, şin saxlamış evini sapmış küçələrə su səpmisən
Çəkib düymələ küçəni
Boyununu süpür yığ qulağına
Murtazlar zurnasına qalxan bağırsağım
Xəyyam parkında bir misra olan skamyada oturan qocanın korluğuna çəlik olur
Boğaz yollarına zair adın
Min qucaq ağaclarda baş yerinə bölünən sözün versiyalarını uzatmış
Asılqandan asladığım ağciyər salxımları söyləmində
Boyununun sayıqlayan döngələri var
Qorxmaz dərəcəsində qıvrıq saçın
Əqrəblərin əks istiqamətdə qət edən dəniz dalğalarının kələfindən bir parçadır
Boğaz yolları zair adına
Əfyun yuxulara bağla gözünü.
3.
DUZLU BALIQ RESEPTİ
Balığı duzlu suda yatırdırsınız
Barmağınızla yaxşıca yoğurursunuz
Əliniz boğazınızda, əliniz lövbər atmış köksünüzə
Barmaq sındırmaq işləyi göyərti doğramaq yerinə
Sümük salxımlarını hiss edirsiniz
Suyu günəş qarşısında qurutmaq şərtdir
Həmən əlin-qolun, ayağın üzülüb qalansın
Sonra duzu ağciyərdən boşaltmaq gərəkir
Ağciyərin duzqabıya çevrilməsi
Burundan keçən iki ip kimi idi nəfəsini qarqara etdiyndə
Xoy günəbaxanı yağına qızardılmış Urmu balığı
Qovrulan gözümüzü limon sıxaraq acılaşdıran qəhvəyi duman
Başımızı harasa tullayacaq gövdə reaksiyası
Börkümüzün dəliyi havada bloklanmamış
Sadəcə gor maskasıdır
Leş yeyən ağzımız...
4
Mən kəşf etdim ki, bu gözəl dünyaya bir az da yaxından baxsanız, altında həmişə qırmızı qarışqalar var
«David Linç»
Əziz dostum «Əmin Hacılı» üçün
Güzgü.
Burnumla həmən hörəsi olduğum ətrini
Göz qırışı xəttindən sapladım
Xiyaban ayağına yazılmış varikoz döymədən
Səni göstərən linkə keçdim
Nərgizlərin qoxusu üzərindən sürülən sarı taksilərə düzülən baxışım, təsbeh dənələri sayaq ötmüş titrək neonları
(Elə ki, zər dağılar sayaq sıyıq gözüm, səni göstərən linkə keçər-keçməz yaxılıb yapışdı şəkilinə)
Ağzımızdan qulağımıza gedən gizli yollar var
Dayima boşa çıxar səsi
Meylin açılmış dəliyindən ötürdüm
Qanaxma xəttindən təqib etdiyim dolanbac küçələri, başıma bandaj etdim
Çünki qoşmuş qanın şlanqı daşlarla qarançır bağlarda kəsişmiş
Ağzımızın qulağımıza sağanaq olduğunu
Qırmızı və sarı qarışqaların yeraltı qansızmasını
Səninlə düşündük
Sözü qaval səsi arasında əzib
Sükutu ələdiyimiz ağız dəliyi bilərziyindən ötməyən əlimizlə
Quşlar dəstəsinə eləmişdik daşları
Əllərinə dəstə olmuş söz atışı pilləkənindən enən əngim
Bir hıçqırıq daktilodan qoparmış zəncirotu nəhvini
Sən həyatıma toxunan xəyal çubuğu şərtisən
Xəyal edirəmsə, varam demək
Qarışqaları izlə
Xəyal edirsənsə...
5
Qulağın bataqlığına saplamayan duman idim
Ucu qucağına gedər yolların kələfi
Gözünə dikdiyim gözlərim
Qəfil barmaqlarının arasından sızan saçların uçurumluğuna yuvarlandı
Onurğanın şəlaləcik zəncirinə hörülən hava idim
Dodağın uçaq limanın qısıb, düyününü sıxan kimi
Atıldı gülüşə sarılmış tellərin
Barmaqlarımın titrəyişindən sürür köynəyin dalğası
Ayağı diş olmuş qırxayaqlı nəfəsim
İlgəyini açan qatardır
Qulağın bataqlığına saplanmayan duman idim
Ucu qucağına gedər yolların kələfi
Qolum Belin qıvrıltısından qucağını sapmış yol.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
“Uzaq ol” - UNUDULMAZ MİSRALAR
“Ədəbiyyat və incəsənət” portalı Unudulmaz Misralar rubrikasında mərhum şair Sabir Yusifoğlunun “Uzaq ol” şeirini təqdim edir. Çox təsirli misralardır.
Ümumiyyətlə, çox az yazan, amma həqiqətən də YAZAN, yüzlərlə cızma-qaraçıya öz ölməz misraları ilə yer göstərən Sabir Yusifoğlunun, çox təəssüf ki, əsl qiymətini verən olmadı. Olsaydı, şair “Nə qədər ağlayan varsa, ortada mənəm ölüsü” misraları ilə dərdini ümumiləşdirməzdi.
Tanrı ucalığıynan,
ulduzlar uzaqlığıynan
sevilir.
Sən də uzaq ol.
Mən- qəmli payız havası,
mən küləklərin dəlisi.
Nə qədər ağlayan varsa,
ortada mənəm ölüsü.
Çox yaxınlar keçdi məndən,
keçdilər yolu keçəntək.
Mən- qəmli payız havası,
sən- şehi üstündə çiçək.
Uzaq ol!..
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
67-Cİ DƏRC
Baş Hakimin söylədiyi proses barədə danışmaq üçün kürsüyə hüquqşünas dəvət olundu, o, əlindəki qovluğu nümayiş etdirib sonra işindəki bəzi kağızları çıxardı, oxumağa başladı:
-3 iyul 1994–cü ildə Bakı Metropolitenində tükürpədici bir terror hadisəsi törədilib, Gənclik və 28 May metrostansiyaları arasında baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Terror aktını törətməkdə təqsirli bilinən, Azərbaycanın ləzgilər yaşayan ərazilərində yaranmış separatçı Sadval təşkilatının üzvü Azər Aslanov həbs olunub. Məhkəmə zamanı müttəhim Aslanov bildirib ki, Qarabağ müharibəsinin iştirakçısı kimi erməni əsirliyində olub, əsirlik zamanı Zori Balayan onunla görüşüb və ona Bakı metropolitenində partlayış törətmək göstərişi verib. Aslanovun bu ifadəsi öz təsdiqini tapanda bununla əlaqədar olaraq Zori Balayana qarşı cinayət işinin açılmasına qərar verilib. 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa elan edib. Bundan sonra, Azərbaycan Baş Prokurorluğu MDB ölkələrinin aidiyyatı orqanlarına analoji təqdimatla müraciət edib. 2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi həbs edilib, lakin polis məntəqəsində 4 saat saxlandıqdan sonra ermənilərin canfəşanlığı sayəsində beynəlxlq havadarlarının təpkisi ilə sərbəst buraxılıb. Onun adı bundan sonra İnterpolun siyahısından da çıxardılıb.
Baş Hakim prosesin aktyorların ifası ilə davam etdiriləcəyini bildirdi, elan etdi ki, burada ayrıca Xocalı prosesi keçirilib, hamının qanını donduran həmin vəhşiliklər barədə müttəhimin nə yazması yəqin hamı üçün maraqlı olar. "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdilən soyqırım haqqında Zori Balayanın yazdıqları, xahiş etdi ki, bu səhnədən oxunulsun.
Bir kişi aktyor səhnəyə çıxıb intonasiya ilə sözügedən kitabdan bir hissəni oxumağa başladı:
-Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.
Tamaşaçılar arasından ucalan “lənət sənə”, “murdar”, “alçaq” nidaları o həddə şatdı ki, doğrudan da müttəhimin qamətinin büzüşdüyü, üzünü gizləmək çabaları aydın sezildi. Əlbəttə ki, tarixən belədir, bir vaxt bir şəraitdə yazdığı cümlələr sonda başqa şəraitdə adamın özünə qarşı kompromata çevrilir.
Baş Hakim prosesin bu yerində ssenarinin kulminasiya nöqtəsinin yetişdiyini söylədi, uşağın qətlə yetirilməsini qəhrəmanlıq hesab edən Zori Balayana meşədə körpə uşaq görüb ac olsa belə onu parçalayıb yeməyən canavar barədə bir pritça danışdı, dedi, əfsus ki, ən ali canlı sayılan insan adı daşısan belə, sən yırtıcı heyvandan belə yırtıcısan.
Sonra da prosesin son sənədinin səslənməsini istədi. Bu sənəd erməni millətçiliyinin kainatın ən saf, ən müqəddəs varlıqları sayılan körpələrə, uşaqlara yönəli qanlı cinayətlərinin bir hissəsini ortaya qoyacaqdı. Həmin sənədi də Baş ekspert özü səsləndirdi:
-Əlimizdəki minlərlə istintaq materiallarından, şahid ifadələrindən, tarixi sənədlərdən iqtibas etdiyimiz bu faktlar bir insan kimi mənim ürəyimi o qədər ağrıdıb ki, gecədən bəri altı tübik Karvalol içmişəm. Buyurun, siz də dinləyin. 1915-ci ildə insan qanına susamış erməni daşnaklar Osmanlı İmperiyasının Qars və Ərdahan yaşayış məntəqələrindəki əhalini qılıncdan keçirərkən kiçik yaşlı uşaqların bir qismi qaçaraq gizlənməyə nail olmuşdu. O zaman bu uşaqların toplanıb xilas edilməsi müzakirəyə çevrilmişdi. Azərbaycan mətbuatının "Yeni iqbal" qəzetində yazar Ömər Faiq Nemanzadə ürək ağrısı ilə yazırdı: "Ey həmiyyətli bakılılar, ey gəncəlilər, ağdaşlılar, şamaxılılar, şəkililər, üzümü sizə tutub yalvarıram. Hər biriniz 10-12 uşaq götürüb saxlayınız. Bir düşünün, sizin qucağınıza can atan balalar kimlərdir: ev-eşiyi viran olmuş, anası, atası boğazlanmış, 11-12 yaşlı bacısı aylarla vəhşi heyvanlarfın əlində qala-qala dəlilənib axırda tələf olmuş, bütün qohumu yox edilmiş, yarı canı qalmış öz millətinizin, türk millətinin balalarıdır". Bununla bağlı yazar Əhməd Cövdət isə "Açıq söz" qəzetində yazırdı: "Anadoludan ölüm sədaları gəlir. Anadoludan uşaqların ah-nalələri, iniltiləri eşidilir. İrz yox, namus yox. Balta, dəmir, tüfəng süngüsü ilə, daş-qaya ilə, qurğuşunlarla qırırlar. Canım, insan deyilmi bunlar?"
1918-ci ildə erməni silahlı quldurları Türkiyənin Katranlı kəndinə hücum edərək ətraf yaşayış məntəqələrinin əhalisini qılıncdan keçiriblər. Bu qanlı savaşda daşnaklar 1400 uşağı odda yandırıblar. 1918-ci il yanvar ayının 28-də Gəncənin Zağalı kəndində ermənilər 15 uşağı vəhşicəsinə qətlə yetiriblər. Həmin il Şamaxıda qırğınlar törədən daşnaklar 1277 uşağa işgəncə verərək öldürüblər. 1920-ci il yanvarın 6-da ermənilər Naxçıvanın Bılağ kəndində atəşə tutduqları yüzlərlə insanın arasında işgəncə ilə 25 uşağın həyatına son qoyublar. Elə həmin ilin müxtəlif aylarında öz yurdlarında yüzlərlə uşaq ermənilər tərəfindən min bir əzabla qətlə yetirilib. Təkcə Zəngəzurda güllələnən 7729 nəfərdən 2196-sı azyaşlı uşaq olub. Körpəni güllələmək, onu təndirə atmaq, yabaya, süngüyə keçirmək, şişə taxmaq, parça-parça edib quduzlara tullamaq ermənilərin adi məşğuliyyətinə çevrilib.
Rus fotoqraf Vladimir Sokolov uşaqların qətli ilə bağlı 1918-ci ildə Bakıda üç fotoşəkil çəkib. Onun yazdığına görə, gördüyü "mənzərə"lər ona ağır təsir etdiyindən şəkil çəkməyi başa çatdıra bilməyib. Birinci fotoşəkildə başında güllə, bədənində beş süngü yarası olan və sağ çiyninə qılınc yarası vurulmuş ananın qucağında körpə uzanıb. Ananın döşünü əmən körpənin ayağında süngü yarası var. İkinci şəkildə iri mismarla divara mıxlanmış iki-üç yaşlı uşaq təsviri var. Üçüncü şəkildə isə 13-14 yaşlı qızın meyiti həkk olunub. Onun cırılmış paltarları və qançırlardan zorlanaraq öldürüldüyü görünür.
70 ildən sonra erməni millətçiliyi öz qanlı əməliyyatlarını daha azğınlıqla davam etdirib. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin istintaq materiallarında göstərilib ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulduqda 216 nəfər qətlə yetirilib. Həlak olanların arasında 23 uşağın olduğu bildirilir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması həyata keçirilərkən yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşüb, körpələr amansız şaxtaya, qurd-quşa yem olub.
Bəzi tükürpədici faktları da konkret olaraq sadalayacağıq. 1988-ci il dekabrın 5-də Spitak şəhərində 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq borunu hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan tullayaraq uşaqları qətlə yetiriblər. Elə həmin ilin noyabrında Quqark rayonunda da bu cür hadisə həyata keçirilib. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblar. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açıb dəhşətə gəliblər.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
BİRİ İKİSİNDƏ – Səddam Laçının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Səddam Laçınındır.
BİR QARIŞLIQ ADAM
Günəşi görmək üçün gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.
Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik,
Ürəyin dünya boyda olsa da, biz bilirik,
Bir qarışlıq adamsan.
Saçında ağ tellərin qaralarla yarışır,
Belə də davam elə, sənə də bu yaraşır,
Tam yarışlıq adamsan.
Gözlərindən axanlar gözünə bir də baxmır,
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?
Ahın yerdən göylərə heç çatmasın, əzizim,
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.
YUXU YOZMA
Yum gözünü, bəlkə, hər şey düzəldi?
Bir yuxu ki gerçəyindən gözəldi,
Oyanma.
Oyandınsa, yuxulara inanma.
Bir yuxudu gerçək olan, bir həyat,
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.
Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla, qızım, utanma.
Bir eşqi ki qurban verdik bir səhvə,
Yüz dəfə də “gəlmə” desəm, bir dəfə
Gəl, amma
Bil ki, səni gözləyən var,
Yubanma.
QƏRİBƏ QADIN
Sən qəribə qadınsan,
Nəfəsin od kimidir,
Buz kimi görsənirsən.
Sən öz dərdi bir yana,
Hamının dərdin çəkən
Qız kimi görsənirsən.
Sən qəribə qadınsan,
Gözlərində həqiqət,
Dilində yalan yatır.
Ürəyində məhəbbət,
Qoynunda ilan yatır.
Sən qəribə qadınsan,
Yalandan dilin küsüb,
Dodaqların öpüşmür.
Gözlərin açıq qalıb,
Kirpiklərin görüşmür.
Özünü danlamaqla,
Ağlamaqla ötüşmür.
Sən qəribə qadınsan,
Əməlin arzularla
Bir gün üst-üstə düşmür.
BƏXTSİZ
Ay bəxti üzündən qara,
Qısqanırmı kömür səni?
Ömür deyib yaşayırsan,
Öldürəcək ömür səni.
Bu ki, heç kimə sirr deyil,
Ömür ölümlə bir deyil,
Dünya ölməli yer deyil,
Sevdiklərin gömür səni...
TREMOR RƏSSAM
Dağınıq otaq...
Fonda Mozart... Reqviem-d minor.
Kətan parça üzərində
Tələskən barmaqlar – tremor.
İki dünya bir olur hər səhər,
İki adam qovuşur hər axşam.
Səsləri kəsən bəstəkar,
Əlləri əsən rəssam,
Notlara hakim adam,
Rənglərə kəniz qız.
Bir gözü gölməçə,
Bir gözü dəniz qız…
UNUDULAN QADIN
Göz yaşını qurutmağın yanında
Bir dənizi qurutmağa nə var ki?
Dərd eləmə, qurban olum dərdinə,
Unut məni, unutmağa nə var ki?
Mən ki sənin sevmədiyin adamam,
Elədirsə, kimin dərdin çəkirsən?
Get tarının, mizrabının dərdin çək,
Niyə gəlib simin dərdin çəkirsən?
Axtardığın mən olsam da, əzizim,
İtirdiyin mən deyiləm, bilirsən.
Mən olsam da, itirdiyim adamı
Axtarmaram, sən deyiləm, bilirsən...
Bir bağçada gül olsan da, sonunda
Ləçək-ləçək qurudulan qadınsan.
Unut məni, unutmağa nə var ki?
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Uğur üçün 15 keyfiyyət - Möhkəm ailəyə malik olmaq
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
İynə-sap günü, Qolodomor və Alfred Nobelin vəsiyyəti
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bugünə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırıram:
27 noyabr. İynə və sap günü
Nədir bu günün anlamı, dərzilərləmi bağlıdır? Dərhal deyim ki, yox. İynə və sap – bir-birini tamamlama günüdür. Sapsız iynənin, iynəsiz də sapın bir dəyəri olmadığı üçün onlar vəhdətin simvoludurlar. İnsanların da, bildiyiniz kimi həyatda ikinci yarısı, onunla vəhdət təşkil edəcək tərəf-müqabili olur. Bu iynə və sap günündə hamıya öz vəhdət yarısını düz tapmağı, səhv etməməyi arzulayıram.
27 noyabr. Ukraynada milli matəm günü
Bu gün qardaş Ukrayana xalqı Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edəcək. 1932-33-cü illərdə ukraynalıların kütləvi olaraq aclıqdan qırılması faktı mövcuddur. 13 milyon insanını həyatını itirdiyi o dəhşətli hadisənin səbəbini uzun illər Sovet rejimi dövrün çətinlikləri, taxıl ehtiyatlarının tükənməsi, quraqlıq, eyni zamanda əksinqilabi ünsürlərin törətdikləri sobotajlarla izah edib. Amma perestroykanın aşkarlıq siyasəti sovetlərin müdhiş cinayətinin üstünü açıb. Sən demə, 30-cu illərdə Ukraynanı bürüyən milli-azadlıq hərəkatının, Ukrayna xalqının sovet imperiyasından qopma tələblərinin müqabilində Kreml süni aclıq yaradaraq xalqı cəzalandırıbmış.
27 noyabr. Nüfuzlu alim Zakir Qarayevin ad günü
Gəlin qocaman alimimizi təbrik edək və haqqında bəzi bilgilər əldə edək. 2001-2004-cü illərdə İstanbul Universitetinin Tibb fakültəsi, Mikrobiologiya və immunologiya kafedrasında professor vəzifələrində çalışan, 2004-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasına müdirlik edən Zakir Qarayev müxtəlif mikroorqanizmlər, radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirindən orqanizmdə baş verən immun çatışmazlıqların və ikincili infeksiyaların formalaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin təkmilləşdirilməsinə nail olan görkəmli alimimizdir. (Üstünə düşsə, covid əleyhinə vaksin də hazırlaya bilər). O, 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Z.Qarayevin yazdığı “Tibbi mikologiya” kitabı mikoloji xəstəliklərin diaqnostikası və müalicəsi haqqında qələmə alınan yeganə əsərdir. Onun rəhbərliyi altında 69 fəlsəfə doktoru, 20 elmlər doktoru hazırlanıb. O, SSRİ-də 3 dəfə dünya miqyaslı konqres təşkil edib, 2009-cu ildə Bakıda 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin prezidenti kimi konqresin təşkilatçısı olub. Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktorudur. O, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
27 noyabr. Karandaş yadınıza düşürmü?
Hərb sevgili ruslar dəniz piyadası gününü bayram edəcəklər. Braziliyada əmək təhlükəsizliyi, İspaniyada müəllim, Britaniyada Lankaşir, Tailandda sağlamlığı möhkəmləndirmə günüdür. ABŞ isə bu dəfə Milli kremli Bavariya tortu gününü qeyd edəcək.
2010-cu ilin bu günündə amerikalı rejissor, “Ulduz müharibələri” və “Heç vaxt heç vaxt demə” kimi məşhur filmlərin rejissoru İrvin Kerşner dünyasını dəyişib. 1940-cı ildə xüsusən uşaqların çox sevdiyi, filmlərinə baxmaqdan doymadıqları, kinematoqrafiyanın savaş filmləri janrının ən görkəmli nümayəndəsi, Çin əsilli Amerika aktyoru Bryus Li doğulub.
1901-ci ildə Mixail Rumyantsev (şəkildə) – məşhur sovet klounu dünyaya gəlib. Uşaqkən bir dəfə atam məni Bakı Sirkinə aparmışdı, Karandaşın məzhəkəsinə. Bax Karandaş həmin Rumyantsevin təxəllüsüydü. Nə qədər gülmüşdümsə başımdan ağrı qalxmışdı. Sonradan – gərək ki, 83-cü ildə onun vəfat etməsi xəbərindən çox sarsılmışdım, xatırlayıram. O vaxtın yumoru, məzhəkəsi indiki kimi bayağı deyildi, hər bir ştrix hansısa anlamı ifadə edirdi. Həm gülürdün, həm düşünürdün.
1895-ci ildə isveçli Alfred Nobel Bakı neftindən qazandığı milyonlarının vəsiyyətnamə yazaraq Nobel fonduna köçürülməsini təmin edib. 1701-ci ilin bu günündə başqa bir məşhur isveşlinin – astronom, geoloq və meteroloq Anders Selsinin (temperaturun dərəcə ölçüsü onun adıyladır) doğum günüdür. 1095-ci ildə Roma Papası 2-ci Urbanın qərarı ilə tarixdə ilk səlib yürüşü baş tutub. E.ə. 8-ci əsrdə isə antik dünya ədəbiyyatının tanınmış siması, şair Horatsiy dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)