Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
23-35 yaş üçün:
Yaş artdıqca anlayacaqsan ki, özünü təkmilləşdirməlisən. Bu dəfə səni hərəkətə gətirən həvəs, ya da motivasiya olmayacaq. Disiplin və iradə olacaq.
Anlayacaqsan ki, bir işi bacarmaq üçün motivasiyaya ehtiyacın yoxdur, disiplinə və əzmkarlığa ehtiyacın var. Öyrənəcəksən, öyrəndikcə çıxacaqsan qəfəsdən. Başa düşəcəksən ki, böyümək üçün başqalarının başının üstündə cəllad kimi durmasına ehtiyac yoxdur. Sən özün özünün hakimi, hisslərinin cəlladı olacaqsan. Sevgi qatili olacaqsan özünə qarşı.
Səni aldadan sevgilidən, nəfsini yeniləməklə qurtulacaqsan. Bəziləri üçün valideyn ən böyük dost, bəziləri üçün isə aşılması çətin olan bir baryer kimi görünür. Əgər o baryeri aşa bilsən valideynlərinlə dost olacaqsan. Ancaq o baryeri sındıraraq və ya dağıdaraq keçmək olmaz, gərək qəfəsin qapısının harada olduğunu tapasan. Onlar səni qorumaq üçün qəfəsə salıb. Qəfəsi dağıtsan onların qəlbini qıra bilərsən. O qəfəsin qapısını düyünlənmiş bir ip misali asta-asta və aramla açmalısan. Onların ürəyinə gedən yolu tapa bilsən valideynlərin sənin ən böyük dəstəkçin olacaq. Yox, əgər tapa bilməsən onların yanında dustaq olacaqsan.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)