Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Çoxdandır yazmaq istədiyim, düzünü desəm, yazmağımı istədikləri bir mövzu var idi. Mövzumuz kişilərə həsr olunub. Bəli təəccüblü olsa da, kişilərdən danışacağıq bu dəfə.
Apardığım müşahidələrdən açıq-aydın görürəm ki, cəmiyyətdə kişilərdən elə də çox danışılmır. Onları hansısa vəzifənin incraçısı olaraq görüb də sadəcə müəyyən işlər üçün nəzərdə tutulan robotlara çevirmişik. Bəli, bu sözlərim çox ürəyaçan olmasa da, cəmiyyətimizdə kişi olmaq qadın olmaqdan daha çətindir. Çünki, kişisənsə güclü olmalısan, sərt olmalısan, özünü və çevrəni qorumalısan, iş sahibi, ev, maşın, pul sahibi olmalısan. Eyni zamanda zəhmli, hər şeyə dözən, ağlamayan, gülməyən qısacası duyğularını yox etməyi bacaran ətdən robot olmalısan. Əgər sən kişisənsə cəmiyyət səni əlləri və ürəyi qabarlı olmağa vadar edir. Bəs bu fikirlər haradan formalaşır? Belə düşüncələrin nəticəsində öz cinsiyyətindən imtina edən, qoruyan yox qorunmaq istəyən şəxsiyyətini satan neçə min insan var bilirikmi? Təssüf ki, bir çoxumuz sadəcə qınamaqla məşğuluq və öz pafoslu çıxışlarımızda insanları alçaltmaqdan başqa heç bir çarə tapa bilməyib boş danışırıq və çox zaman keçmişlə müqaisə edilməkdən bezən gənc təbəqədə formalaşan oğlanlar kişi olmaq üçün ya öz böyüklərini örnək götürür, ya da kişi olmamaq üçün özünü axırıncı yola qoyur. Məhz bu məsələdə də, məsuliyyət qadınların üstünə düşməlidir. Əgər qadın istəsə yoldaşını, övladını, hətta atasını belə tərbiyə edə biləcək gücə qadirdir. Əgər bu cəmiyyətdə qadınlar yoldaşlarına maaşları qədər hörmət etmək əvəzinə ona sevgi versə, onu xoşbəxt etmək üçün qucağına uşaq doğub yeməyini isti, yatağını, paltarlarını təmiz etməkdən əlavə onu dinləsə, söhbət etməyə çalışsa birlikdə ən azı bir ortaq mövzuda müzakirə etsə, kişi üzərində təkcə evin rəisi olmağın məsuliyyəti və bu məsuliyyət ödənildiyi təqdirdə qarşılıq görmək əvəzinə sevilmək üçün daha çox çabalayar.
Əgər analar övladlarına kişi ağlamaz əvəzinə kişi ağlatmaz, məsumun ahını almaz, heyvanlara zərər yetirməz, yerə tüpürməz kimi olması gərəkən insani keyfiyyətləri aşılasa, onu həqiqətən normal bir fərd kimi öz işini özü görə biləcək şəkildə, yəni yemək bişirməyin, yatağını səliqəyə salmağın, dağıtdıqlarını yığışdırmağın onun kişiliyindən heç nə əskiltmədiyini anlatsalar, bu cür bəsit ehtiyaclarını ödəyə bilməyən kişilər qarşı cins ilə öz potensialını balanslaşdırmaq üçün qadınların təhsil almasına və işləməsinə mane olmaz.
Kim bilir, bəlkə belə cəmiyyətdə kişilər satın alınan gülləri zəhmətlə torpağa əkilən güllərə dəyişməz. Bəlkə də, ağlamaq istəyəndə kişiliklərindən utanmaz, bəlkə də, atalarına oxşamaq üçün yox, özlərini hiss etmək üçün yaşayarlar. Və bəlkə atasından sevgi görən qızlar sevgini başqalarında axtarıb bədbəxt olmaz.
Bəlkələrimiz xoşbəxt sonlarımız olsun.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)