Super User

Super User

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Qonaqlı-qaralı bu ünvana yenə də insanlar axışırdı, burada keçiriləcək növbəti tədbirdə

İştiraka tələsirdilər. 

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında bu gün Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimat mərasimi idi.

Tədbirdə şəhid ailələri, veteranlar, media mənsubları və ziyalılar iştirak edirdi. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan etdi. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsinin önəmindən danışdı, hərbçilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müharibədə göstərdikləri qəhrəmanlıqlara diqqət çəkdi. 

Cəlil Xəlilov qeyd etdi ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək. 

Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundan əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirən polkovnik buna görə Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasına öz təşəkkürünü izhar etdi.

 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışdı, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını bildirdi. 

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirdilər.

Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olundu, xatirə şəkli çəkildi.

Beləcə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daha bir tədbiri uğurla başa çatdı. 

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Wednesday, 04 December 2024 18:12

“Buqələmun” - ESSE

 

 

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünyanın rənginin insan hissləri ilə dəyişdiyini çoxdan müşahidə etmişəm.  Bəzən bir əsarətdən qurtaran adam günəşi olduğundan daha sarı görür. Həyat bizi hansı rəngə yıxsa, biz də o rəngə düşüb qalırıq. 

Əgər ömrümü rənglərə bölsəm, uşaqlıq dövründə gördüyüm səma indi çox dəyişib. Qəzəbdən çalxalanan dünyanı insanlar, insanları dünya rəngsiz edib. Həssas insan üçün zülm, zülmkar üçün gözəllik görünən hər şeydən bir az soyuyuram. 

Doğmalıq ən isti rəngdir. Atamın ətri elə xoş rənglə içimə dolmuşdu ki, mən sevgini onun istisində kəşf etdim. İndi daha çoxdandır ki, o rəngləri görmürəm. Gözlərim bu dünyaya tordan baxır. Mən də hamı kimi rəngsiz axına düşüb gedirəm. İnsanların içindən boz bir tüstü çıxır və onların gözləri bu tüstüyə dözmür. Bəlkə insan gözünün bulanıqlığı vicdan rəngidir? Görəsən niyə belədir? Zamanla artıq rənglər də sehrin itirir. İnsan da bozarır, saralır. Dünya ən birinci onun rəngini əlindən alır, sonra qalan gözəllikləri. Ən dəhşətlisi o başını itirmiş axında başın ola-ola gəzməkdir, düşüncələrin rəngli olduğu halda, onu hər gün insanlar üçün boz rəngə çevirməkdir. 

Yalnız mən hər dəqiqə bir rəngə düşən, hər şəraitə, hər rəngə çevirib aradan çıxan adamları da müşahidə edirəm. Onda qorxuram. Deyirəm: Ay Allah, Sən yeri-göyü, Dünyanı, insanı ol deyib yaratdın. Dünya böyük bir buqələmuna döndü, biz də onun içində çalxalanırıq. 

Dünyanın rəngini insan hissləri ilə dəyişdiyini çoxdan müşahidə etmişəm. Daha sevə bilmirsənsə, rəngini soldur, yaşa, harda qırıldı - qırıldı.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

 

Azərbaycanlı fotomüxbir, AzəraTAC-ın əməkdaşı İlqar Cəfərov Nepalda keçirilən “Unique Snaps - 2024” Beynəlxalq Fotomüsabiqəsində FIAP-ın (Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının) qızıl medalına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fotomüsabiqədə dünyanın müxtəlif ölkələrindən 115 fotoqraf iştirak edib. 

FIAP-ın qızıl medalına (FİAP GOLD MEDAL) fotomüxbirin çəkdiyi “Emotions of a weightlifter” fotosu layiq görülüb. Müəllifin digər bir fotosu isə “Unusual leap M” münsiflər heyətinin seçiminə layiq görülüb (JURY CHOICE). Hər iki foto 2016-cı ildə Braziliyada keçirilən Olimpiya və Paralimpiya oyunlarında çəkilib. 

Qeyd edək ki, 2024-cü ilin uğurlarına (62 beynəlxalq mükafat) və əldə etdiyi nəticələrə görə, İlqar Cəfərov dekabrın 3-də Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının “Excellence FIAP Diamond 1” fəxri adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

 

Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istunadən xəbər verirb ki, UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 3-də elan edilib.

Bununla da, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.

Qərarın elan edilməsinin ardınca çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni irs nümunəsini dəstəklədiklərinə görə təşəkkür edib.

Sessiyada çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova, ilk növbədə, müsbət qərarın qəbuluna görə Qiymətləndirici Orqana və Katibliyə təşəkkür edib. Qədim ənənələrə söykənən təndir sənətkarlığının Reprezentativ Siyahıya daxil edilməsinin xalqımız üçün əlamətdar olduğunu vurğulayıb. Sürətlə müasirləşən dünyada mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasının xüsusi önəm daşıdığını qeyd edən S.Yusifova bu istiqamətdə Mədəniyyət Nazirliyinin təşəbbüslərindən də danışıb. COP29 çərçivəsində təqdim edilən İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsü haqqında məlumat diqqətə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilmişdir. Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və UNESCO üzrə Milli Komissiya təmsil olunur.

Sessiya öz işini 7 dekabra qədər davam edəcək.

 

 “Ədəbiyyat və incəsənət”

(04.12.2024)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova ilə görüşüb söhbətləşdik. Ondan rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti barədə bizə məlumat verməsini xahiş etdik. 

 

Vüsalə xanım söylədi ki, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevə ümumxalq təcəssümü olan və onun zəngin həyat yolu, xalqı və vətəni qarşısındakı misilsiz xidmətlərinin dərindən öyrənilməsi istiqamətində iş aparan Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi 2013-cü ilin 3 may tarixindən fəaliyyətə başlamışdır. Respublikamızın Prezidenti cənab İlham Əliyevin ölkəmizin digər bölgələrinə olduğu kimi, şəhərimizə də hər zaman yüksək diqqət və qayğısı daim hiss olunmaqdadır. Bu qayğının bariz nümunəsi Prezidentimizin Sumqayıta mütəmadi olaraq etdiyi rəsmi səfərlərdir. Ölkə başçımız 2016-cı il sentyabrın 27-də şəhərimizə səfəri zamanı buranın hərtərəfli inkişafını əks etdirən açılışlar həyata keçirmişdir. Bu səfər Sumqayıt tarixinə qızıl hərflərlə yazılmışdır. Şəhərimizin ən möhtəşəm memarlıq abidəsi sayılan, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı da məhz bu səfər zamanı baş tutmuşdur.  

Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialların elmi cəhətdən öyrənilməsini və hərtərəfli inkişafını təşkil edən, Azərbaycan dili və tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərən dövlət müəssisəsidir. Mərkəzin fəaliyyətində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin şəhər ictimaiyyətinə və şəhərə gələn qonaqlara daha dərindən çatdırılmasıdır.

Heydər Əliyev Mərkəzi ümumilikdə 3 mərtəbə, 1 mansard və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir. Mərkəzin birinci mərtəbəsinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü ucaldılıb, Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və foto-şəkillər nümayiş etdirilir. Eyni zamanda, fiziki qüsurlu insanların da istifadə edə biləcəyi informasiya xarakterli və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid nadir şəkilləri əks etdirən elektron köşklər, elektrik sisteminin yerləşdiyi server otağı mövcuddur. Həmin mərtəbədə respublika və şəhər səviyyəsində müxtəlif tədbirlərin keçirilməsi üçün möhtəşəm 420 nəfərlik müasir avadanlıqlarla təchiz olunmuş akt zalı yerləşmişdir. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzin ikinci mərtəbəsində kompüter dərnəyinin keçirilməsi üçün kompüter zalı, Azərbaycanın elektron kitabxana portalı olan Alisa proqramı ilə təchiz olunmuş elektron kitabxana, 50 nəfərlik konfrans zalı, gənclər üçün nikahdan öncə laborator-müayinə otağı, intellektual oyun masaları, Sumqayıt şəhərinin inkişaf mərhələlərini əks etdirən kiçik muzey hissə yerləşir. Mərkəzin üçüncü mərtəbəsində xidməti otaqlar, sərgi zalı, xalçaçılıq dərnəyi, planşet, smart lövhə və digər ən müasir avadanlıqla təchiz olunan smart sinif və linqafon otağı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət otağı yerləşir. Nikah zalı mansardda yer alır.  Mərkəzimizdə də bu məqsədlə müvafiq şərait yaradılıb. Nikah zalında həmçinin müxtəlif müəssisə və təşkilatların intellektual, əyləncəli və konsert tipli tədbirlərinin keçirilməsi üçün müvafiq şərait vardır. Eyni zamanda, həmin mərtəbədə foto-studiya, mətbəx-bar, rəsm studiyası Sumqayıt sakinlərinin istifadəsindədir.

İl ərzində mütəmadi olaraq məktəb şagirdlərinin gəlməsi və Heydər Əliyev irsinin təbliği həyata keçirilir. Eyni zamanda, mərkəzdə ümumşəhər tədbirləri də təşkil olunur. Mərkəz əməkdaşları, ümumiyyətlə bütün mədəni kütləvi tədbirlərdə fəal iştirak etməklə yanaşı, mərkəzin özündə də xüsusən tarixi əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil edir. Bunlarla yanaşı, mərkəz ideoloji istiqamətdə öz fəaliyyətini daha da təkmilləşdirir. Bütün görülmüş tədbirlər yetişməkdə olan gənclərin vətənpərvərlik hisslərini dərinləşdirir, ölkəmizin zəngin tarixinə və mədəniyyətinə hörmət hissini aşılayır. Qonaqlara Ulu öndər Heydər Əliyevin siyasi irsi, həyat və fəaliyyəti ilə bağlı məlumatlar verilir, mövcud ekspozisiya ilə tanışlıq həyata keçirilir.

Bir sözlə, mərkəz mədəni irsimizin təbliğatçısı olaraq Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsində, zəngin irsinin tədqiqi və təbliğində böyük rol oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Wednesday, 04 December 2024 17:14

Bir döyüşçü üçün son patron - HEKAYƏ

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Toz və qan qoxusunun içində bir anlıq sükut bürüdü hərşeyi. Döyüş meydanının harayını yarıb keçən o qısa sakitlik anında o mənə tərəf gəldi. Baxışlarında qəribə birşey vardı - nə kədər, nə qorxu. Sadəcə dərin bir qətiyyət və sözlə ifadə edilə bilməyən duyğu. Əlində bir şey tutmuşdu. Mən onu görəndə gözlərimə inanmadım — bu, son patron idi. 

Onlar arasında bir qayda var idi: heç vaxt qadına son patronu verməzlər. Bu, ən dəyərli şeyi, həyatdan sonrakı seçimi paylaşmaq demək idi. Amma o bunu etdi. Barmaqlarını diqqətlə patronun üzərində gəzdirərək, sanki hər hərəkətinə min bir söz gizlədərək onu mənə uzatdı. “Bu sənin üçündür,” — dedi. Onun səsi nə titrədi, nə də çəkinmədən eşidildi. Amma mən anlayırdım, bu yalnız bir patron deyil, bu, sonsuz bir etibar idi. 

Onlar üçün bu patron təkcə döyüş üçün yox, həm də həyatın ən qaranlıq məqamında verilən qərarın rəmzi idi. Bu mərmini kiməsə vermək — öz həyatını, öz taleyini o insana həvalə etmək demək idi. O bunu mənə verdi. Hər bir patron onların ruhundan bir parça idi, son patron isə artıq onların öz ruhu idi. 

O andan sonra döyüş meydanı mənim üçün dəyişdi. Artıq atılan güllələrdən və uçan qəlpələrdən qorxmur, sadəcə, əlində tutduğum kiçik, lakin böyük mənası olan o patrona baxırdım. Bu patron mənə sadəcə sevgi deyil, bir əhd demək idi. Bu, "ölümə qədər mənimsən" demək idi. 

Elə bil ki, bu patron ilə o öz ürəyini mənə əmanət etmişdi. 

Sonra günlər keçdi, döyüşlər bitdi. Amma o patron hələ də mənimlə idi. Mən onu itirmədim, çünki bu patron yalnız bir metal parçası deyildi. O, sevginin, sədaqətin, həyatın hər anına birlikdə dözməyə hazır olmağın rəmziidi. 

O mənim həyatımda həm güllə, həm qalxan oldu. Hər dəfə patrona baxanda onun mənə baxan gözlərini xatırladım. Hər dəfə onu əlimdə tutanda sanki "Mən buradayam" deyirdi. 

Sevdiyim adam mənə öz son patronunu  verdi. Bu, təkcə mənim üçün deyil, onun üçün də bir əhd idi. Bizim sevgimiz elə o patron kimi idi — kiçik, lakin əbədi, sakit, amma güclü, bəlkə də ölümə qədər mənimsən demək üçün yaradılmışdı. Və mən bilirəm, həmin patron mənim taleyimin bir parçasına çevrilmişdi. 

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

“Diaspor Akademiyası-2” layihəsi çərçivəsində keçirilən 4-cü təlim “Yaşadıqları ölkələrin yerli və mərkəzi hakimiyyət orqanları, media və influenserləri ilə əlaqələrin yaradılması, saxlanılması və inkişaf etdirilməsi” mövzusuna həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, layihənin iştirakçılarının marağı nəzərə alınaraq növbəti təlimdə media ilə əməkdaşlıq strategiyaları müzakirə edilib.

Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov diaspor üçün vacib qurum, media və influenserlərin araşdırılması yolları, kommunikasiyanın qurulması, idarə olunması və qorunması barədə məlumat verib.

Təlim iştirakçıları qeyd edilən aktual mövzu ilə bağlı fikirlərini bildirib, təlimçiyə onları maraqlandıran sualları ünvanlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu bu gün evlənir" komediyasının premyerası olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə teatr məlumat yayıb. 

Dövrümüzlə səsləşən, maraqlı və dinamik süjet xətti olan komediyanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğludur.

Səhnə əsərində İlham Namiq Kamalın ifasında təqdim olunan Əliqulu obrazının timsalında “kreslo xəstəliyi”nə düçar olan vəzifə düşkünləri satira və gülüş hədəfinə çevrilir.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.

Tamaşada Xalq artisti İlham Namiq Kamalla yanaşı, Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin xor və balet artistləri iştirak edirlər.

Premyera üçün biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az" saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Vyetnam paytaxtı Hanoy şəhər meriyasının və Hanoy Dostluq Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Hanoy qida mədəniyyəti festivalı 2024” keçirilib.

 

AzərTAC xəbər verir ki, Türkiyə, İtaliya, Braziliya, Cənubi Koreya, Əlcəzair, Argentina da daxil olmaqla bir neçə ölkənin Hanoydakı səfirliyi festivalda öz mətbəxini təqdim edib.

 

Azərbaycan pavilyonunda ölkəmizin qədim tarixi abidələrini, müasir infrastrukturunu və turizm potensialını nümayiş etdirən bannerlər, səfirlik tərəfindən Vyetnam dilində çap etdirilmiş kitab, broşür və digər təbliğat materialları, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini əks etdirən portretlər və ölkəmizə aid suvenirlər nümayiş olunub.

 

Səfirliyin dəvəti ilə Dünya Aşpazlar Assosiasiyasının üzvü, həmyerlimiz, tanınmış aşpaz David İsrafilovun bişirdiyi kabablar və digər ət yeməkləri, Hanoyda yaşayan həmyerlilərimizin hazırladığı yeməklər (dolma, Qarabağ kətəsi, dovğa və s.) qonaqlara təklif olunub. Azərbaycan pavilyonu 3 gün davam edən festival zamanı ən çox ziyarət edilən pavilyonlardan biri olub.

 

Vyetnamın Mədəniyyət, İdman və Turizm nazirinin müavini Ta Quang Donq Azərbaycan pavilyonuna yaxınlaşaraq, sərgilənən əşya və təbliğat materialları ilə yaxından tanış olub, mətbəx nümunələrimizdən dadıb.

 

Festival yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb, sosial şəbəkələrdə, eləcə də Vyetnam mediasında işıqlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

"Atabəylər Şəmsəddin Eldəniz" kitabı Azərbaycanın intibah dövrünü əhatə edir. Orta əsrlər Azərbaycan tarixi ilə əlaqəli çox az material olduğuna görə, bu kitab o zamanın əsas qəhrəmanlarının xarakterlərini özündə əks etdirir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri AzərTAC-a açıqlamasında "Atabəylər Şəmsəddin Eldəniz" kitabının müəllifi Əlibala Məhərrəmzadə söyləyib.

"Kitab roman şəklindədir və Orta əsrlərdə baş vermiş saray intriqaları, ümumiyyətlə Şəmsəddin Eldənizin yüksəlişini əks etdirir", - deyə o, qeyd edib.

"Azərbaycan Atabəyləri" bədii-sənədli filmi barədə düşüncələrini paylaşan Ə.Məhərrəmzadə filmin Atabəylər dövlətinin qurulmasının başlanğıcını, Şəmsəddin Eldənizin və Qara Sunqurun şücaətlərini, qəhrəmanlıqlarını özündə əks etdirdiyini söyləyib. O, filmin "Atabəylər Şəmsəddin Eldəniz" kitabının motivləri əsasında serial şəklində davam etdiriləcəyini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.