Super User
“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin qala-premyerası olub
Dekabrın 3-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin qala-premyerası olub.
Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeni Film”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, premyerada rəsmi qonaqlar, filmin yaradıcı heyəti, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Filmin təqdimatından əvvəl "Ernet Grup" prodakşnın rəhbəri Eray Ucuzal AZƏRTAC-a açıqlamasında "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin gələcəkdə serial olaraq davam etdiriləcəyini, bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildirib. "Bu film Azərbaycan tarixini anladan gözəl bir layihə oldu. Azərbaycanla bağlı daha böyük layihələrdə yer almağı düşünürük", - deyə o qeyd edib.
"Azərbaycan Atabəyləri" filminin baş rol ifaçısı, idman ustası, məşhur kikboksçu Zabit Səmədov isə filmlə bağlı təəssüratlarını bölüşərək, belə bir məsuliyyətli rolu ifa etməkdən qürur duyduğunu bildirib. O, filmin qısa müddət ərzində uğurla ərsəyə gəldiyini qeyd edib.
Filmdə Zübeydə Xatun rolunu ifa edən tanınmış teleaparıcı Jalə Həsənli filmin çəkilişləri zamanı mövcud atmosferin insanı sanki həmin dövrlərə apardığını bildirib. O, özünün iştirak etdiyi səhnələrin rahat mühitdə çəkildiyini, lakin döyüş səhnələrinin daha ağır və çətin olduğunu söyləyib. J.Həsənli bu filmin ona peşəkar şəxslərlə işləmək imkanı verdiyini, bu rolu ifa etməkdən qürur duyduğunu diqqətə çatdırıb.
Sonra “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi nümayiş olunub.
Film Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.
Filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən “İkinciYeni Fim”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Orta əsrlər Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə dünyaşöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırarkən, İlqar Mehti isə Qara Sunqur kimi ekrana çıxır.
Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə Xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər dəyərli sənətçiləri yer alır.
Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.
“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişindən sonra çıxış edən filmin ssenari müəllifi İlqar Mehti və quruluşçu rejissoru Məcit Güvən filmin ərsəyə gəlməsi barədə danışıb, bu müddət ərzində qarşılaşdıqları çətinliklərdən və maraqlı məqamlardan söz açıblar. Onlar filmdə xidmətləri olan hər kəsə təşəkkür ediblər.
Film dekabrın 5-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Turanə Məcidli və Kouli Melani
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 2 nömrəli Texniki Humanitar Liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR :
Turanə Məcidli Aslan qızı 08.09.1990 tarixində Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə MİQ müsabiqəsində uğur qazanaraq Səbail rayonu 329 nömrəli tam orta məktəbdə kimya müəllimi fəaliyyətinə başlamışdır.
2020-ci ildə “Landau School ” beynəlxalq məktəbində bir illik ixtisasartırma təlimində iştirak etmiş, ingilis dilində kimya və təbiət fənlərini tədris etmişdir. 2021-2022-ci tədris ilində “Bakı Modern Beynəlxalq məktəbi”ndə Science (Təbiət) müəllimi kimi ingilis dilində tədris aparmışdır.
2022-ci ildə Elm və Təhsil Nazirliyi və ADPU-in birgə layihəsi olan “Məktəb Liderliyi” proqramında iştirak etmişdir. 2022-ci il 5 oktyabr tarixində Bakı şəhər üzrə Təhsil idarəsinin “direktor müavinlərinin işə qəbulu” müsabiqəsində uğur qazanaraq, 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü il 27 yanvar tarixində 2 nömrəli Texniki Humanitar liseyə direktor vəzifəsinə təyin olunmuşdur.
2023-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində "Bilgə Qarabağ" layihəsi ilə qalib olmuşdur. 2024-cü ildə Project Management Institute Southern Italy institutu ilə online birgə əməkdaşlıq çərçivəsində Project Management Skills for Life təlimində tutor müəllim kimi sertifikat qazanmışdır.
2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Təhsilin Təşkili və Planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. Müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə iştirak etmişdir.
ŞAGİRD :
Mən, Kouli Melani Nevil qızı 2 nömrəli Texniki Humanitar liseyin 9B sinfində təhsil alıram. 2016-cı ildən bəri rəsm ilə məşğul oluram. 2019-cu ildə Özbəkistan Respublikasında keçirilən "Joys of Tashkent" Biennalesində sertifikata layiq görülmüşəm və Qazaxıstan Respublikasında keçirilən "Kazakhstan through the eyes of the children of the world" beynəlxalq sərgisinin 2-ci yer qalibi diplomu ilə mükafatlandırılmışam. 2021-ci ildə Azərbaycan Respublikasında keçirilən "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" rəsm müsabiqəsinin 2-ci yer qalibi və Rusiya Federasiyasında keçirilən "Nature of the world" Beynəlxalq müsabiqəsinin sertifikatlarına layiq olmuşam. 2022-ci ildə Azərbaycanda keçirilən "Qarşıla bizi, Şuşa!" müsabiqəsinin 2-ci yer qalibi diplomu ilə mükafatlandırılmışam, Mərakeş Krallığında keçirilən "Morocco through the eyes of young Azerbaijani artists" sertifikatını və Türkiyə Respublikasında keçirilən "Karabağ Azerbaycan`dır" rəsm sərgisinin təşəkkürnaməsini əldə etmişəm. 2023-cü ildə Azərbaycan Respublikasında keçirilən "Hərb tariximizin şah əsəri - Böyük Zəfər" layihəsinin 1-ci yer qalibi diplomu ilə, "Uğurlarımızla 2024-ə" 1-ci yer kuboku ilə, "Milli iradəmizin zəfər çaldığı gün!" rəsm müsabiqəsinin 2-ci yer qalibi sertifikatı ilə, "Ulu Öndəri düşünərkən” rəsm müsabiqəsinin 3-cü yer qalibi sertifikatı ilə və "İdman həftəsi" rəsm müsabiqəsinin 3-cü yer qalibi diplomu ilə mükafatlandırılmışam. 2024-cü ildə "50 milyonun zəfəri" müsabiqəsində qalib sertifikatına layiq görülmüşəm.
ESSE
“Mənim dünyam”
Mənim dünyam... Bu necədir? Mənim dünyam parlaq, rəngarəng və çox canlıdır. Bu dünyada hər qar dənəciyi, yağış damcısı, ot və hər yarpaq canlı insan kimi nəfəs alır. Bu dünya gözəl göy qurşağı rəngləri ilə doludur. Mənə elə gəlir ki, bütün bunları mənim həyatıma rəssamlıq gətirib. Xatırladığıma görə, mən həmişə rəsm çəkmişəm və bu mənə böyük həzz verib.
Mənim üçün rəsm çəkmək meditasiya kimidir, məni sakitlik və xoşbəxtliklə doldurur. Rəng palitrasını seçmək prosesində sanki sonsuz bir okeana qərq oluram. Rəngləri sevirəm, nə qədər qəribə səslənsə də! Mən dünyanı parlaq rənglərlə doldurmağı sevirəm.
Üstəlik, rəsm prosesində məni kənar düşüncələr tamamilə tərk edir. Rəsm çəkərkən, mən elə bil nağıl dünyasına qərq oluram: daxili dialoq dayanır, adi problemlər və qayğılar unudulur. Belə işıqlı vəziyyətdə saatlar keçir. Zaman tamamilə fərq etmədən uçur.
Rəsm çəkmək mənim üçün həm də enerji mənbəyidir. Heç nəyə güc olmayanda, hər şeydən yorulanda, boyalar və rəngli karandaşlarla işləməkdən gözəl nə var?
Bundan başqa rəsm qısamüddətli və uzunmüddətli yaddaşı inkişaf etdirir. Bir vərəqdə bir obyekti təsvir etmək üçün təsvir yaradıcının başında qorunmalıdır. Bu təsvir obyektin silueti, forması, xətlərin meyl bucaqları, kəsişmələr, rəng və işıq, obyektin mənası haqqında məlumatları saxlayır. Rəsm beynin hər iki yarımkürəsini istifadə edir. Biz adətən daha rasional düşünməyə öyrəşmişik, rəsm isə beynin yaradıcılıqa cavabdeh olan sağ yarımkürəsini də inkişaf etdirir.
Rəssamlıq mənim üçün təsvirolunmaz gözəlliyi ecazkar olan bir dünyanı açdı. Mən rəsm çəkməyə başlayandan sonra, hər ağacın, kolun və qayanın incəliyini və bənzərsizliyini görməyi öyrəndim. Çoxlarına elə gəlir ki, ağac ağac kimi, körpü körpü kimidir, ağaclar hamısı bir birinə oxşayır, körpülər də eynidir, dağlarda, dərələrdə... Ancaq bu dünyanın bütün unikallığını və incəliyini yalnız yaradıcı insanlar görə bilər.
Çox şadam ki, qarşımda belə gözəl bir dünya açılıb. Bunun üçün mən rəssamlığa və bu dünyanı mənim üçün açan insanlara - valideynlərimə və artıq 8 ildir ki, bu böyük sənətin sirlərinə məni qovuşduran müəllimimə çox minnətdaram.
Hələ də rəsm çəkməyi davam edirəm və istər ölkə daxilində, istərsə də xaricdə keçirilən çoxsaylı müsabiqələrdə iştirak edirəm. Çoxlu mükafatlarım var, amma bu mənim üçün əsas deyil. Mənim üçün əsas odur ki, bu dünyanın sehrli gözəlliyini hər bir insana öz rəsmlərimlə çatdırım, onları enerji, hərarət və bənzərsiz işıqla doldurum. İstəyirəm ki, insanlar rəsm vasitəsilə həyatdan həzz almağı öyrənsinlər.
“Ədəbiyyat və incəaənət”
(04.12.2024)
53 yaşında sənətə gələn inqilabçı qadın - MÜSAHİBƏ
RƏSSAM MEHRİBAN ALIŞOVANIN RƏNGLƏR DÜNYASINA BİR BAXIŞ
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Oskar Vayld çox gözəl söyləyib ki:
"İncəsənət, həyatın təqlidi deyil, həyatın yenidən yaradılmasıdır."
İncəsənət bizlərə gözəlliyi göstərən aynadır.
İncəsənətin hər növü gözəldir.
Rəssamlar duyğularını boyalarla söyləyən istedadlı insanlardır.
Bugünkü qonağımız da öz daxili duyğularını boyalarla söyləyən ixtisasca iqtisadçı, rəssam Mehriban xanım Alışovadır.
Leonordo da Vinçi isə söyləyib ki: "Rəsm, düşüncələrin səssiz musiqisidir."
Biz Mehriban xanımın tablolarına baxarkən o musiqini çox gözəl duyuruq. Rəssamlığın bütün janrlarına müraciət edən Mehriban xanımın əsərlərində üstünlüyü abstrakt janr təşkil etsə də, mifoloji, surrealizm, simvolizm, kollaj, qrafika, dəzgah rəngkarlığının və digər janrların izlərini görmək olar.
Rəssamın özünün xüsusi üslubu var, bu da onun rəsmlərini sevdirən xüsusiyyətlərindəndir.
0nun Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş " Rənglərin Sehrli İşığı" adlı sərgisi də maraqla qarşılanıb. Üç gün davam edən bu sərgidə insanların sənətə olan sevgisinin şahidi olan Mehriban xanım o günü uzun müddət unutmayıb.
"Ədəbiyyat və İncəsənət" portalı hər zaman yaradıcıların iç dünyasını izləyicilərə təqdim edərək xalq ilə sənətkar arasında mənəvi körpü yaradır.
Beləliklə, Mehriban xanımın öz dilindən bir neçə rəsminin təhlilinə nəzər salaq.
-Xoş gördük, əziz Rəssamımız! İzləyicilərinizə bu sənətə gəlmə tarixçəsindən, rəsmlərinizin gizli aləmindən söz açın.
-Xoş gördük, Ülviyyə xanım. İlk olaraq “Ədəbiyyat və İncəsənət" portalının rəhbəri sevimli yazarımız Varis bəyə və Sizə təşəkkürümü bildirirəm.
Söyləyim ki, mən bu sənəti daxilimdə daşımışam, son beş ildə üzə çıxarmışam. Hal-hazırda 58 yaşım var və bunu gizlətmirəm.
Mənə Azərbaycanda 53 yaşında bu sənətə gələn inqilabçı qadın da demək olar.
Demək olar ki, 5 il müddətində yetəri qədər rəsm əsərləri yaratdım. Böyük ölçülü rəsm əsərlərini müxtəlif materiallarla bəzəmək, əlbəttə, çox vaxt alır. Amma bütün bunlar qəlbimin səsidir, qəlbimin izləridir. İstəyirəm əsərlərim ildən-ilə solmaz çiçək kimi ötürülsün, axı rəsm əsərləri solmayan, təravətini itirməyən gözəllikdir.
Mən ixtisasca iqtisadçıyam, Xalq Təsərrüfatı İnistutunu bitirmişəm.
Lakin sonradan pandemiya dövründə özümü daha da təkmilləşdirmək ücün Rusiya Dövlət Humanitar Universitetinin Bədii tərtibat və muzey texnalogiyaları, İncəsənətin tarixi fakültəsində distant təhsil aldım..
Azərbaycanda isə rəssamlıq dərslərini Azərbaycan Respublikasının Xalq rəssamı Sakit Məmmədovun tələbəsi Nizar Məmmədovdan almışam.
-Mehriban xanım, izləyicilərinizə bir neçə rəsm əsərlərinizdən danışaqmı?!
-Əlbəttə, böyük məmnuniyyətlə, hər bir rəsm əsəri mənim sevgi və əməyimdən yaranıb. Hər biri bir dünyadır.
Rəsmlərim mənim dünyaya baxışımdır və o rəsmlərdə mənim nəfəsim yaşayır.
--"Ana təbiət" adlı rəsm əsəri diqqətimizi çox çəkdi, nə üçün onu qadın obrazında vermisiniz və çox maraqlıdır ki, bu obrazın üz cizgiləri yoxdur?
-Bəli, bu rəsm əsərini çəkməyə başlayarkən bir gözəl xanım obrazını yaratmağı düşünmüşdüm.
Ümumiyyətlə, söyləyim ki, rəsm əsərlərimi yaradarkən mən öz dünyamda oluram, duyğularım barmaqlarımdan fırçama ötürülür, sanki duyğularım fırçanı çəkir, barmaqlarım deyil. Sonda rənglər dünyamdan qayıdanda barmaqlarım və gözlərim çəkilmiş rəsm qarşısında heyrətlə donub qalır. Rəngləri, bütün cizgiləri, hər şeyi duyğularım çəkir.
Bu rəsmi də çəkərkən anladım ki, mən təbiətin rəsmini yaradıram və ona görə üz cizgilərini çəkəndə fırçam dayandı, çünki söylədiyim kimi biz təbiətin bir hissəsiyik bu simada hər kəs özünü görməlidir.
Təbiət gözəl olduğu üçün mənim ruhum, duyğum onu gözəl bir xanım obrazında yaratdı.
Qadın gözəllikdir axı, ən gözəl sənət əsəri kimi möhtəşəmdir.
-Mehriban xanım, abstrakt və simvolik İncəsənətdə gözlər mistik anlamlar daşıyan simvol olaraq istifadə olunur. Sizin rəsmlərinizdə də bunu görmək olur. Sizin təxəyyülünüzdə o gözlər nəyi ifadə edir?
--Doğrudur, Ülviyyə xanım, mən də rəsmlərimdə bu simvollardan istifadə etmişəm.
Gözlər qəlbin aynasıdır və biz dünyanı gözlərimizlə görürük. Hər kəs dünyaya öz pəncərəsindən boylanır.
Rəsm əsərlərimin çoxunda gözlərdən istifadə etmişəm, o gözlərin hər birinin öz anlamı var.
Kiminin gözlərində sevgi var o gözlərin sahibi dünyaya sevgi ilə boylanır, mərhəmət dolu qəlbiylə insanlara şəfa verir. Kiminin qəlbi " qara" içindəki "qara duyğular" onun daxilindəki nurun yayılmasını əngəlləyir və bu gözləri də çəkmişəm.
Gərəkdir ki, qəlb gözümüz Yaradanın ilk yaratdığı kimi hər zaman gözəl görsün, bax o zaman baxışlar- gözlər gözəl olub gözəl görəcək.
-- Əziz Rəssamımız, rəsmlərinizdə gözəl xanım obrazlarını görürük, ümumiyyətlə, reallıqda bir xanım obrazı necə olmalıdır?
-- Ülviyyə xanım, mənim üçün əsl xanımın daxili və xarici gözəlliyi vəhdətdə olmalıdır.
Bir xanım kübar olmalı, anlayışlı olmalıdır.
Mənim üçün mənəviyyatı zəngin olan xanım dünyanın ən gözəl xanımıdır. Zənginlik bahalı daş-qaş, brend geyimlə ölçülmür, zəngin bir xanımın təmiz mənəviyyatı elə ən böyük zənginlikdir.
Rəsmlərimdə də o xanımların gözəl auralarını parlaq rənglərlə yaratmışam.
-- Rəsmlərinizdə Simurq obrazı nəyi ifadə edir?
-- Ümumiyyətlə, Simurq obrazı müxtəlif zəngin mənalar daşıyan simvolik bir obrazdır.
Fars mifologiyasında sehirli və müqəddəs bir quş olaraq təsvir olunur.
Simurq öz küllərindən yenidən doğan bir obrazdır.
Bu da insan ruhunun özünü aşaraq yeni bir səviyyə yüksəlişini göstərən bir simvoldur.
Türk mifologiyasında Simurq " Tuğrul quşu" və ya "Zümrüdü Anka" adlanır. O, qələbə, sülh və gücün simvoludur.
Mənim əsərlərimdə Simurq xeyri, bərəkəti, mərhəməti, köməyi ifadə edir.
-- Mehriban xanım, rəngləri əvvəlcədən seçirsiniz, yoxsa, duyğularınız rəsm çəkərkən özü seçir?
-- Söylədiyim kimi mən rəsm çəkərkən fərqli dünyada oluram, mənim barmaqlarımı duyğularım idarə edir, elə duyğular da həmin an rəngləri seçir.
-- Fluid Art texnikası ilə yaratdığınız bir rəsmi gördük.
Bu abstrakt, rəngli naxışlar Mehriban xanım üçün nəyi ifadə edir?
-- Rənglərin axıcılığı, sərbəst harmoniyası çox xoşuma gəlir, mən dünyanı rəngli görürəm, rənglər dünyaya gözəllikdən hazırlanan don kimi yaraşır.
Mən dünyamızı rəngli, gözəl görürəm.
Həyat gözəldir, bizə həyatı bəxş edənə Şükürlər olsun!
-- Mehriban xanım rubrikamızın qonağı olduğunuz üçün Sizə minnətdarıq, bizi rənglər dünyasının sehrinə apardığınız üçün Sizə təşəkkür edir, yaradıcılıq uğurları diləyirik.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
Qahirə ənənəvi beynəlxalq kitab sərgisinə ev sahibliyinə hazırlaşır
Gələn il yanvarın 23-dən fevralın 5-dək Misirin paytaxtı Qahirə şəhərində 56-cı ənənəvi beynəlxalq kitab sərgisi keçiriləcək.
AzərTAC sərginin saytına istinadla xəbər verir ki, Oman Sultanlığı gələn il tədbirdə fəxri qonaq qismində çıxış edəcək. Misirli alim Əhməd Mustəcir sərginin və yazıçı Fatimə əl-Mədul isə uşaq kitabları sərgisinin simaları seçiliblər.
Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Yaxın Şərqin ən böyük kitab sərgilərindəndir. Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən böyük ikinci kitab sərgisi hesab edilib. Ötən il sərgini 5 milyona yaxın insan ziyarət edib.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
BİR SUAL, BİR CAVAB Vahid Əziz ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Eşidəndə dəyişmişəm dünyamı,
Çiçəklər də haray salsa, incimə,
Demirdinmi: "Alacaqsan canımı"
Ruhum getsə, canım qalsa, incimə.
Heç bildinmi, sənnən nələr çəkdi can?
Dərdlərinnən bildin necə çökdü can?
Bir dənəydi, elə bildin çoxdu can?
Vicdanında qanım qalsa, incimə.
İstəməzdim ömrüm solan bağ olsun,
Mənsizliyin bir dözülməz dağ olsun,
Qoymadın ki, bircəciyi ağ olsun
Günlər sənə qənim qalsa, incimə.
Yurdum-yuvam oldu hara?-Bilməzsən,
Ürəyimi bir də qıra bilməzsən,
Məzarıma yaxın dura bilməzsən
Məni cahan yola salsa, incimə.
Kar qəlbini daha necə səsləyim?
Sevgidənsə bəlkə nifrət bəsləyim?
Daş ürəklim, can çürüdən tərsliyin,
Məni sənnən vaxtsız alsa, incimə...
(Vahid Əziz)
Xalqımızın sevimlisi- əziz Şairimiz, sevgi əzabı nə ilə müqayisə olunar?
CAVAB:
-Heç nə ilə, çünki sevgini rentgen göstərmir, kardioqram çıxaran aparat göstərmir. Sevgini ölçə bilən cihaz yoxdur. Düzdür, indi deyirlər ki, ruhun çəkisini tapıblar, amma, sevginin ölçüsü yoxdur. Deyiblər ki:
"Məhəbbət ürəkdə diş ağrısıdır" Füzuli də gözəl söyləmiş:" Eşqdən canımı qurtarmağı ölməklə asan etmişəm. Əsl sevgini qorumağı bacarmalısan. Əsl sevgi 1 dəfə və əbədi olur.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Səndə gizlənmişdim, çıxıram çölə...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Əlizadə Nuridir.
“Yığacam yanıma bu adamları
Hamıya darıxmaq öyrədəcəyəm...” - deyir şair.
Həqiqətən də gözəl deyir.
Xoş mütaliələr!
Götür əllərini, get buralardan,
Apar əllərini, kölgəsi qalsın.
Götür, bu dünya da halalın olsun
Tək mənə ayrılıq ölkəsi qalsın.
Səndə gizlənmişdim, çıxıram çölə-
Gedib dost olacam o quşlar ilə.
...Dünən əllərinlə oynadığımtək
Bu gün oynayıram yağışlar ilə...
Eşqdən dodaqları çatlayan ömrün,
Özü də bilmir ki, indi necəyəm.
Yığacam yanıma bu adamları
Hamıya darıxmaq öyrədəcəyəm...
“Ədəbiyyat və incəsənət”
(04.12. 2024)
“Bəzədik bu ömrü min yamaq ilə” - Hüseyn Bağıroğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Hüseyn Bağıroğlunun şeirləri təqdim edilir.
Dirildik
Nəyinə vuruldu könül bu Yerin?!
Nə ağıl eləyib Yerdə dirildik?!
Yeri-yurdu bəlli deyil bu Yerin,
Gəlib sirr içində sirdə dirildik.
Candan olduq hər gün can oymaq ilə,
Bəzədik bu ömrü min yamaq ilə,
Yaman ölüb getdik kef-damaq ilə,
Düşüb zaman-zaman dərdə, dirildik.
Yanıb kül olsaq da, göz görə-görə,
Kültək üfürmədik şeiri gözlərə.
Neylər indən belə ölüm bizlərə?!
Biz ki, Onda ölüb bir də dirildik.
Eşqsiz yaşamağın
min bədəli var
Nə zaman tanıyar, nə məkan bilər,
Bu Eşqin nə sonu, nə əvvəli var.
Gözə görünsə də, görünməsə də,
Onun hər könüldə bir heykəli var.
Kim yalan deyirsə, tapmasın xeyir,
Qeybdən qopub gələn bir səda deyir:
Nə yerlər, nə göylər təməlsiz deyil,
Hər şeyin eşq adlı bir təməli var.
Sən yaşa qəmi qəm, kefi kef kimi,
Keçmə bu dünyadan naşı dev kimi,
Uçub tökülərsən köhnə ev kimi, -
Eşqsiz yaşamağın min bədəli var.
Göyün qulağına
söz pıçıldadıq
Ay oğul, hər oğul söz pıçıldamaz,
Çox da ki, bu sözü az pıçıldadıq.
Bizim sinəmizə dağlar çəkdilər,
Dağların dağına söz pıçıldadıq.
O qərib gələnlər qərib getdilər,
Göylərin bətnini görüb getdilər -
Könül budağını qırıb getdilər,
Gülün budağına söz pıçıldadıq.
Sapa düzmədilər saz deyənləri,
Gözlə görmədilər göz deyənləri,
Bu dünya duymadı biz deyənləri,
Göyün qulağına söz pıçıldadıq.
Eşqin nə qəribə
halları varmış?!.
Bakirə baxışdan məhəbbət yağar,
Üzün tökülməyən suyu nur kimi.
Kimlər ki, dünyaya eşq ilə baxar,
Görər göy üzündə Ayı nur kimi.
Hünərdi bu yeri, göyü oxumaq,
Fanidə solmayan xalı toxumaq.
Sən gəl, bu dərvişin halına bir bax,
Gör necə nuş edir meyi, nur kimi.
Dərgahın dolanbac yolları varmış,
Bağında solmayan gülləri varmış,
Eşqin nə qəribə halları varmış,
Allahın aşiqə payı nur kimi.
Azar yer üzündə
xamın xəyalı
Azar yer üzündə xamın xəyalı,
Nə məscid tanıyar, nə də ki, kilsə.
Görən, necə olar aşiqin halı,
Badəsi qırılsa, meyi tökülsə?!
Kəramət görməsə könül pirində,
Qəm qəmə qarışar nəğmələrində.
Neylərsən, məhəbbət günün birində
Yağlı əppək olub göyə çəkilsə?
Göylərin adından danışma, barı,
Allahın işinə qarışma, barı,
Özünü itirib sən çaşma, barı,
Bəxtin bir gün çaşıb üzünə gülsə.
Birdən bir gül kimi solmazmı dünya,
Göy üzündə mağmın olmazmı dünya?
Suların altında qalmazmı dünya,
Bəşərin üzünün suyu tökülsə?
Nədə xeyir vardı, nədə şər könül,
Bilməz bu işləri bu bəşər könül.
Sənin ətəyinə nə düşər könül,
Göylərin ulduzu, Ayı tökülsə?!
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
“Materialın müqaviməti olan kimi cümlənin də müqaviməti var” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Biri vardı, biri yoxdu...” Təkcə nağıllar deyil, hər şey burdan başlayır. İki universal xurcun!... Bu iki universal xurcun öz içinə sonsuz dünyaları və sonsuz lüğəti yığa bilir.
2.
İsa Muğanna - Azərbaycan ədəbiyyatının hüdudsuz fantaziyası...
3.
Nəsrdə cümlələr müharibə zamanı bir-birinin ardınca qazılmış uzun və qısa, əyri və düz səngərlər kimidir. Bu cümlə - səngərlər onları oxuyub dəf edənlərə müqavimət yaratmaqdan başqa bir şeyə yaramır. Onların hər birinin öz müqavimət dərəcəsi olur. Materialın müqaviməti olan kimi cümlənin də müqaviməti var
4.
Qafiyə boyunduruğunda olsalar belə, əsl misralar ən azından həyat boyunduruğundakı öküzlər kimi başqa-başqa tərəflərə baxırlar.
5.
“ Nə idi dünyanın o qədim adı
Unutdum - sehr idi bu, tilsim idi?!
Sən su pərisiydin, bu yadımdadı,
Sən su pərisiydin, bəs mən kim idim?!”
6.
U .Eko “Yarımçıq əlyazma” barədə: “Bu roman cəlbedicidir, amma onu plyajda oxumaq olmaz.”
7.
Vaxtı qabaqlayıb tez-tələsik göylərə qalxmaq istəyənlər elə bilirlər, göylərdə maraqlı nəsə var. Göylərdə isə onlar üçün maraqlı heç nə yoxdur. Göylərdə, ümumiyyətlə, maraqlı heç nə yoxdur.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
“Molla Məhəmməd Bağdadi –“Füzuli” təxəllüslü” - FİRUDİN BƏY KÖÇƏRLİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsi görkəmli Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib.
Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının tə’siri bu əsrdəki şüəramızın asar və əş’arında dəxi müşahidə olunmaqdadır.
Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində – hicrətin 900-сü tarixində təvəllüd etmişdir. Bə’zi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst mə’lum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rəhlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:
Ey Füzuli, qədimiz qıldı fələk xəm, yə'ni
Vəqtdir çıxmağa dünya qapısından, əyilin.
Füzuli kimi məşhur və mö’təbər şairin tərcümeyi-halına dair mə'lumat, heyfa ki, çox azdır. Bu barədə özgə bir mə’xəz və mənbədən əhvalat götürməkdə aciz qalıb, ol dürri-yeganənin öz əsərlərinə rücu etməkdən başqa bir çarə bulmadıq. Divani-bəlağət ünvanının dibaçəsində ol fəsahət bustanının əndəlibindən və ibarət çəməninin bülbülündən, yə’ni Füzulinin öz lisani-bolağətsəncindən halına dair bir para mə’lumat verilir, xüsusən onun türk lisanında yazmağına səbəb nə olduğu filcümlə bəyan edilir.
Məzkur müqəddimədən mə’lum olur ki. Füzuli uşaqlıqdan şe'r və qəzəl deməyə ziyada həvəsnak imiş və ol dürri-yeganənin hənuz səbi ikən üfüqi-tə'binə hilali-mövzuniyyət tülu etmişdir və xurşidvəşlərdən iqtibasi-nuri-şövq qılmışdır və onun əş’arının şöhrəti çox yerlərə dağılmışdır. Necə ki, özü deyir:
Seyti-fəsahət ilə sözüm tutdu aləmi,
Mən mehdi-etibardə tlfli-zəbun hənuz,
Buyi-xoşumla oldu müəttər dimağlər,
Mən nafeyi-vücuddə bir qətrə xun hənuz.
Və lakin şair öz əsərlərinə diqqət yetirib, onları hülyeyi-elmdən müərra görüb, bir ınüddət nəqdi-həyatın ülumi-əqliyyə və nəqliyyə kəsbinə sərf edibdir və öz əsrində müt’ədavil fünun və ulumun cümləsinə malik olmuşdur. Əgərçi şair türk lisanında şe’r və qəzəl yazmağına ümdə bunu səbəb göstərir ki, türk tayfalarının sahibi-şövq və məzaqları dəxi onun bustani-kəlamından şükufələr dərib bəhrəmənd olalar və bu təklifi ona guya bir nigari-mişkinxətt etmişdir və lakin həqirin anladığına görə, Füzuli özü türk oğlu olmağa binaən, öz ana dilini artıcıq sevib də, ona rövnəq verməyi baş vəzifələrindən birisi hesab edirmiş. Və insafən demək olur ki, türk ədəbiyyatının banisi Molla Məhəmməd Bağdadi olubdur. Əgərçi ondan müqəddəm türklərdən də bə’zi mö’təbər şairlər olubdur, vəli onun kimi müqtədir və cəm’i lisana malik və came’i-fünuni-nəzm və nəsr olmayıbdır. Və həqiqətdə demək olur ki, türk dilinə rövnəq verən və onu xarü xaşakdan təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən Füzuli olubdur. Və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna xüsusən böyük bir minnət qoyubdur. Türk dilinin üstündə sərfi-himmət və qeyrət göstərdiyini şair özü bir məqamda bəyan etmişdir:
Ol səbəbdən farsı ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib eyləsə,
Əksəri-əlfazi namərbut, nahəmvar olur.
Məndə tövfıq olsa, bu düşvarı asan eylərəm,
Novbahar olğac tikandan bərgi-gül izhar olur.
Burada bunu dəxi əlavə etmək lazımdır ki, Füzuli özündən müqəddəm və ya öz dövründə olan ali və rəqiq bir şair bulub da, onun əsərlərinə təqlidən bir şey vücuda gətirməmişdir. Nəsr və nəzmdə bir şəxs onun ustadı olmayıbdır. Əazimi-üdəbadan bir nəfərinin asarını sərməşq və ittixaz etməyibdir. Necə ki, bu barədə Məhəmməd Cəlal “Osmanlı ədəbiyyatı nümunələri” nam məcmuəsində buyurubdur: “Bağdadi-gülzar ədəbiyyatının əndəlibi-xoşəlhanı olan Füzuli Osmanlı şairlərindən əsərlərinə ətba olunacaq bir şair və yaxud nasir görmədiyi halda bu gün ədəbiyyati-səhihəyi əhya edəcək bədaye’ vücuda gətirmiş. Bu bədaye’i bir şairdən deyil, bəlkə, dərələrin cuşeşindən, ruzigarın iniltisindən, bir ahunigahın suzişindən, bir təbəssümün tə’sirindən, bir bədəvi qızın hüsni-mə’sumanəsindən iqtibas eyləmişdir. Bu cəhətlə ən birinci şair mütləq Füzulidir”.
Onun müqəllid olmadığı xüsusda Məhəmməd Cəlal belə yazır: “Əgər bir şəxs bizə bu günə sual versə: “Bəlkə, Füzulidən əvvəl ərəblər, əcəmlər “Leyli və Məcnun”u, “Yusif və Züleyxa”nı, “Xosrov və Şirin”i yazmış olsunlar da Füzuli də təqlid etmiş olsun?”
Biz cavab veririz: “Xeyr! Hətta mərhumun ruhi-lətifi nitqə gəlib bizə bu babdə: “Bən də müqəllidəm!” – demiş olsa, inanmayız. Ehtimal ki, bu böyük şairin zehninə fikri-təqlid gəlmiş olsun. Fəqət “Leyli və Məcnun” təqlid olmaq üzrə yazılan asardan deyil.
Bəs nədir?
Bütün göz yaşlandır. Lakin burasını düşünməli: iqtibas başqa, təqlid yenə başqadır. Bünaünileyh “Leyli və Məcnun” bütün-bütün Füzuliyə aiddir. Bu xəzineyi-qiymətdara heç bir əcnəbi müdaxilə edəməz!”
Divani-əş’arını cəm etdikdən sonra Füzuli kəmali-inkisar ilə ərbabi-bəlağət və əshabi-fəsahətə üz çöndərib, onlardan təvəqqe eləyir ki, onun divani-kelamını mütaliə etdikdə deməsinlər ki, Füzuli tamami-ömrünü bir məhəldə, yə’ni İraqi-Ərəbdə keçirib, qeyri bir məmləkətə səyahət etməyibdir və lazimeyi-təcrübə və kəmali-təhsil qılmayıbdır. Bu illəti mucibi-süquti-e’tibar bulmasınlar və məhəlli-məqamına görə rütbeyi-iste’dadına həqarətlə baxmasınlar. Zira, qızıl torpaqda yatmaqla ciladan düşməz...
Bundan sonra şair dərgahi-ilahiyə üz tutub deyir: “İlahi! Bu məhəbbət-nameyi-nami və bu fərzəndi-dilbəndi-girami ki, zadeyi-təb’i-fusunsaz və nəticeyi-idraki-sehrpərdazımdır, nə diyara getsə və nə vilayətə yetsə, məqdəmi-şərifin mübarək və meymun və mətlə’i-lətifm xücəstə və hümayun edəsən”. Doğruluqla demək olur ki, Füzulinin bu duası dərgahi-həqqdə dəreceyi-qəbula irişdi və onun təb’i-füsunsazından vücuda gələn fərzəndi-dilbəndi, yə’ni divani-əş’arı hər ölkə və diyarda əziz və möhtərəm oldu...
Füzuli türklər ədəbiyyatında “Ustadi-şüəra" ləqəbini alıbdır və bu zati-şərif məzkur ləqəbdən səva Azərbaycan vilayətində “Ustadül-məkatib” ismilə dəxi şöhrətlənmişdir. Füzulinin məşhur əsərləri bunlardır: 1) “Külliyyati-divani-Füzuli”, 2) "Hədiqətüs-süəda”, 3) “Şikayətnamə” ki, nəsr ilə yazılmışdır...
Bu “Külliyat"ın ən mö’təbər çapı sabiqdə İstanbulda fars dilində təb’ olunan “Əxtər” cəridəsinin mətbəəsində 1308-ci sənədə çap olunanıdır...
“Hədiqətüs-süəda” dəxi türk dilində inşa olunubdur.
Əgərçi “Hədiqətüs-süəda” nəsr ilə təhrir olunubdur və bə’zi məqamlarda münasibi-hal və müvafiqi-məqal gözəl şe’rlər vasitəsilə şərhi-mə’na qılınıbdır və lakin bu nəsrdə Füzuli o qədər məharət və fəsahət göstərmiş ki, və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mə’rifət indində onun dərəcə və mənziləti çox nəzmlərdən artıqraqdır. Bu vaxta kimi füsəhayi-türk və əcəmdən bir kəs belə bir xoş ibarəli və şirin ləhcəli və gözəl şivəli əsər vücuda gətirməyibdir – desək, səhv etməmiş olarıq.
Füzulinin asari-qələmiyyəsindən nümunələr göstərməyi lazım görmədik. Bu cəhətə ki, Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır. Hətta bu axır vaxtlara kimi onun divani-qəzəliyyatı və “Leyli və Məcnun” hekayəsi məktəblərdə tə’lim kitabı olub, uşaqlara ondan dərs verilirdi, indi də köhnə məktəblərdə tə’lim almış adamlardan hər birisini dindirsən, “Leyli və Məcnun” hekayəsinin ibtidasını... başlayıb əzbərdən oxuyacaqdır...
Füzulinin asari-qələmiyyəsinin hələ daha da çox zamanlar həyat üzrə davam edib, tərü-təzə qalmağına iki ümdə səbəb vardır. Onlardan birisi budur ki, haman əsərlərin tamamisi pak, həqiqi və təbii hissiyyatdan nəş’ət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. O pakizəlik və lətafət və o naziklik və nəzakət ki, Füzulinin şe’rlərində hiss olunur, heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Bilafərq Füzulinin hansı qisim kəlamını mütaliə etmək istəsəniz, mütaliə buyurun, onun hüsni-tə’sirini oxuduqda öz vücudunuzda dərk edəcəksiniz. Və bu tə’sirdən içəri aləminiz bir növ təmizlənib paka çıxacaqdır, vicdanınız uyqudan ayılan kimi olacaqdır. Fikir və xəyalınız sizi başqa bir ali məqama – mənəviyyat aləminə tərəf çəkəcəkdir...
...Füzulinin əş’ar və kəlamının bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təb’i-səlimdən doğub vüqua gəlmələridir. Necə ki, şair özü deyir ki, şairliyim təsdiq olub, avazeyi-nəzmim ilə aləmlər dolub şöhrət tapdımsa da, məşşateyi-himmətim rəva görmədi ki, müxəddəreyi-hüsni-nəzmim pirayeyi-maarifdən xali və rişteyi-silki-şe’rim cəvahiri-elmdən ari qalsın. Zira ki, elmsiz şe’r əsası yox divar kimi olur və əsassız divar qayətdə bie’tibar olur (Bu irada bizim şüəra diqqət yetirməlidir və elm və maariflə öz şe’rlərinə möhkəm bina və əsas saz etməlidir). Pəs, Füzulinin qələmi-gövhərrizindən vücuda gələn lö’lö və cəvahir ilə tikilmiş imarətin divarları elm və maarifin möhkəm bünövrəsi üstündə qərar tutmuşdur və afəti-zəmanədən ona bir xövfü xətər yoxdur, zira bir xanənin binası nə qədər möhkəm olsa, bir o qədər onun daimi və əbədi olması yəqindir. Bu cəhətə, Füzulinin təb’i-gövhərbarından zühur etmiş və ülum və maarifin ələyindən ələnmiş və əqli-səlimin tərəzisində müvazinə olunmuş əş’ari-hakimanə və asari-fəlsəfanə onun ismi-şəriflərini, necə ki, dünya vardır və türk tayfaları sağdır, baqi saxlayacaqdır. Ol dürri-yeganənin uşaqlar əlinə tə’lim üçün verilən "Leyli və Məcnun” dastanında o qədər hikmətamiz sözlər, dərin fikirlər, nazik imalar və rəqiq işarələr, şairanə nəzmlər və fəlsəfanə şe’rlər vardır ki, cümləsini burada zikr etməyə və şərh qılmağa nə xamədə qüdrət və nə lisanda bir o qədər təlaqət və fəsahət vardır. Avropa hükəma və fəlasifəsindən məşhur Şopenhauer “Məhəbbət nədən ibarətdir” sərlövhəsilə yazdığı bir əsərində bəst verdiyi şərh və bəyanatın çoxunu Füzulinin abdar şe’rlərində tapırıq. O fikirlər ki alman filosofu əlli sənə bundan irəli bəyan etmişdir, onları Molla Məhəmməd Bağdadi üç–dörd yüz sənə bundan müqəddəm xeyli ədibanə və mərğub surətdə rişteyi-nəzmə çəkmişdir...
...Füzuli, demək olur ki, möhnət yükünün barkeşi olub aləmi-insaniyyətdə tamam qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. Füzulinin ahü-nalələri qarelərə dəxi sirayət edib onları da özü ilə atəş və hüzn və ələmə yandırır. Amma bu yanmaqda bir feyz və səadət və ülviyyət vardır ki, o atəşə yanan istər ki, bir də yansın. Bu cansuzluq pərvanənin şam başına dolanıb yanmağına bənzəyir...
(Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı,
İki cilddə, I cild. Bakı, “Elm”, 1978, s.84–98)
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)
Güney Azərbaycan Prozası Antologiyasında Hümmət Şahbazinin “Şeirimizdə tanrının halları” essesi
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Muğanda yaşayan Hümmət Şahbazidir.
Hümmət Şahbazi
Muğan
ŞEİRİMİZDƏ TANRININ HALLARI
Fridrix Nitsşe «Tanrını öldürür». «Tanrının ölümü» ilə «İnsanın dirilməsi»-nə imza atır. Beləliklə, yer üzü tanrısız qalmır, bu dəfə, «insan» tanrı olur. Demək «insan» yeni əsrin həyat fəlsəfəsinə çevrilirdi. Bunun nümunəvi fəlsəfəsini böyük miqyasda «var-oluşculuq» [egzistansiyalizm] da görürük. Bu axımın düşüncəsində insan hətta özündən öncəki fəlsəfədə ən zirvələrdə duran «Tanrı» anlayışıından da yüksəklərə ucalır. Bu, Nitsşenin anlayışında fövqəl-insan (üst-insan) adlanırdı.
Qəza-qədərçi məzmunlu şeirlərimiz daha çox divan şeirindəözünü göstərir. Bu kimi şeirlərin başında «Tanrı» anlayışı durur. Divan şeirində, bugünkü ortalıq anlayışda olduğu kimi, hər bir şey taleyi, tanrıya bağlı qəza-qədərçiliklə
dəyərləndirmə aktuallıq daşıyır.
Tanrıya müraciət etmək dörd istiqamətdə nəticələnir şeirimizdə ümumiyətlə:
A) Tanrı ilə barışmaq
B) Tanrıdan asılı olmaq
C) Tanrıya qəzəblənmək
D) Tanrıya üsyan.
Ara vermədən deyim ki, ilk iki xüsusiyyət ümumiyətlə divan şeirinə aiddir. Hərçənd onun çalarlarını yeni çağ şeirimizdə də görürük. Üçüncü və dördüncü keyfiyyət isə, daha çox yeni çağ şeirimizdə özünü göstərir. Yeni çağda tanrıya qəzəblənmə məsələsi, tanrıdan üz döndərmə məsələsi ilə əvəz olunur. Nəticədə isə «tanrıya üsyan» məsələsi yaranır və «tanrı ilə barışmaq» məsələsi qəza qədərçi anlayışla eyni qapıya çıxır. Bunun əsas motivini insanların əlacsız qalaraq, tanrı qapısına gedib onunla tamami ilə barışmaq təşkil edir. Poetiknümunələr buna göstərmək istəriksə, divan şeirində olan «münacat»ları göstərə bilərik. Bu kimi janrlarda, şair əlacsız qaldığı məqamı duyduqda sanki tanrı tərəfindən ona yazılan hər bir yazını bir qəza-qədər olaraq qəbul edir və bununlatanrı ilə barışığa çıxır.
İkinci məsələ isə: Sofizmdə özünü göstərir. Sofilər, hər bir şeyi tanrıdan asılı bilirlər. İnsana aid olan dərd-kədər, həyat-ölüm, qüssə-şən, və... Tanrının bəxş etdiyi gözəlliklərdir. Doğru oxudunuz: Gözəlliklər. Bu məqamda, dərd, ölüm, kədər kimi üzücü hallar insan üçün xoş anlardır. Naqis insan, tanrıdan asılı olan bu sınaqlardan uğurcasına keçdikdə «kamil insan» olur. Bu isə insanın tanrısal məqamı deməkdir. Tanrısal məqam isə, insanı tanrıdan asılı edir. Tanrıya qəzəblənmək isə, şeirimizin bütün hallarında özünü göstərir. Tanrıya asılı olduqda, hər şey şirindir. Ona görə tanrıya şikayətlənmə yoxdur. Tanrıya qəzəblənmək isə kökü şikayətlənmə ilə başlayır. Özünü yalqız görən, mənəvi tənhalıqda heç bir nəticə ala bilməyən insan, ya özünü qınayır ya da tanrını. Bunların hər ikisinin çıxış yolu isə tanrıya qəzəblənmə ilə nəticələnir. Buhallar bəzən yalvarışlı münacatlarda, bəzən zarıltılı sofizmdə, bəzən dünyanın gedişatından narazı qalan bunların hər ikisində və hətta tanrıya üsyan zamanında baş verir.
Tanrıya üsyan etmək isə, ümumiyətlə «aydınlanma» dönəmindən başlayaraq daha çox real faktları məniməsəyərək özünü göstərir. Bu dönəmdə insan nə özünə qapılır, nə yalvarır, nə də qəzəblənir. Sadəcə özünü haqlı bilərək
mövhümatı kanara vurur; və real faktlar üzərində davranmağa çalışır. Bu isə onu çox zamanda tanrının həyatda rolu olmadığı nəticəsinə gətirib çıxarır. Bu, onun dünyaya obyektiv baxışından irəli gəlirdi. Beləliklə dünyanı yenidən qurmaq məqsədi ilə, bütün tarix boyu kökləndiyi özül inancları sındırmağa qəsd etdiyi anda, tanrıya olan özül inancı da sarsıtmağa başladı.
İxtisarla divan-çağdaş şeirimizin dünya görüşlərinin fərqlərini səsləndirmək istəsək belə bir ümumi nəticəyə çata bilərik.
Dünyanı fani sanan şairin son sığınacaq yeri tanrıya üz tutmaqdır. Belə olmadıqda onun əhvalını yalnız ümidsizlik çulğayaraq fərdi duyğularının içinə yuvarlanacaqdır. Bu əski şeir düşüncəsinin özəyi sayılırdı. Dünyanı, həyatı fani sanmaq, ona görə də yalnız tanrının ətəyindən yapışmaq. Çağdaş dönəmdə də xüsusi ilə modernizmin bəzi qollarında səslənən mənəviyyatsızlıq ön sıraya keçir. Ancaq onlar bu bucaqdan həyatı, dünyanı fani bilmirdilər. Elə bu mövqelərinə görə də insanın mənəvi həyatının çökməsinin carçısı olaraqyaşatmaq istəyirdilər. Daha doğrusu, insana maddi həyatın gərəkli olmasını vurğuladıqları halda, mənəvi həyatın da insan bütövlüyünün yetkinləşməsində önəmli rolu olduğunu da vurğulayırdılar.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)