Dekabrın 3-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin qala-premyerası olub.
Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeni Film”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, premyerada rəsmi qonaqlar, filmin yaradıcı heyəti, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Filmin təqdimatından əvvəl "Ernet Grup" prodakşnın rəhbəri Eray Ucuzal AZƏRTAC-a açıqlamasında "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin gələcəkdə serial olaraq davam etdiriləcəyini, bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildirib. "Bu film Azərbaycan tarixini anladan gözəl bir layihə oldu. Azərbaycanla bağlı daha böyük layihələrdə yer almağı düşünürük", - deyə o qeyd edib.
"Azərbaycan Atabəyləri" filminin baş rol ifaçısı, idman ustası, məşhur kikboksçu Zabit Səmədov isə filmlə bağlı təəssüratlarını bölüşərək, belə bir məsuliyyətli rolu ifa etməkdən qürur duyduğunu bildirib. O, filmin qısa müddət ərzində uğurla ərsəyə gəldiyini qeyd edib.
Filmdə Zübeydə Xatun rolunu ifa edən tanınmış teleaparıcı Jalə Həsənli filmin çəkilişləri zamanı mövcud atmosferin insanı sanki həmin dövrlərə apardığını bildirib. O, özünün iştirak etdiyi səhnələrin rahat mühitdə çəkildiyini, lakin döyüş səhnələrinin daha ağır və çətin olduğunu söyləyib. J.Həsənli bu filmin ona peşəkar şəxslərlə işləmək imkanı verdiyini, bu rolu ifa etməkdən qürur duyduğunu diqqətə çatdırıb.
Sonra “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi nümayiş olunub.
Film Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.
Filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən “İkinciYeni Fim”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Orta əsrlər Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə dünyaşöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırarkən, İlqar Mehti isə Qara Sunqur kimi ekrana çıxır.
Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə Xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər dəyərli sənətçiləri yer alır.
Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.
“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişindən sonra çıxış edən filmin ssenari müəllifi İlqar Mehti və quruluşçu rejissoru Məcit Güvən filmin ərsəyə gəlməsi barədə danışıb, bu müddət ərzində qarşılaşdıqları çətinliklərdən və maraqlı məqamlardan söz açıblar. Onlar filmdə xidmətləri olan hər kəsə təşəkkür ediblər.
Film dekabrın 5-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)