RƏSSAM MEHRİBAN ALIŞOVANIN RƏNGLƏR DÜNYASINA BİR BAXIŞ
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Oskar Vayld çox gözəl söyləyib ki:
"İncəsənət, həyatın təqlidi deyil, həyatın yenidən yaradılmasıdır."
İncəsənət bizlərə gözəlliyi göstərən aynadır.
İncəsənətin hər növü gözəldir.
Rəssamlar duyğularını boyalarla söyləyən istedadlı insanlardır.
Bugünkü qonağımız da öz daxili duyğularını boyalarla söyləyən ixtisasca iqtisadçı, rəssam Mehriban xanım Alışovadır.
Leonordo da Vinçi isə söyləyib ki: "Rəsm, düşüncələrin səssiz musiqisidir."
Biz Mehriban xanımın tablolarına baxarkən o musiqini çox gözəl duyuruq. Rəssamlığın bütün janrlarına müraciət edən Mehriban xanımın əsərlərində üstünlüyü abstrakt janr təşkil etsə də, mifoloji, surrealizm, simvolizm, kollaj, qrafika, dəzgah rəngkarlığının və digər janrların izlərini görmək olar.
Rəssamın özünün xüsusi üslubu var, bu da onun rəsmlərini sevdirən xüsusiyyətlərindəndir.
0nun Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş " Rənglərin Sehrli İşığı" adlı sərgisi də maraqla qarşılanıb. Üç gün davam edən bu sərgidə insanların sənətə olan sevgisinin şahidi olan Mehriban xanım o günü uzun müddət unutmayıb.
"Ədəbiyyat və İncəsənət" portalı hər zaman yaradıcıların iç dünyasını izləyicilərə təqdim edərək xalq ilə sənətkar arasında mənəvi körpü yaradır.
Beləliklə, Mehriban xanımın öz dilindən bir neçə rəsminin təhlilinə nəzər salaq.
-Xoş gördük, əziz Rəssamımız! İzləyicilərinizə bu sənətə gəlmə tarixçəsindən, rəsmlərinizin gizli aləmindən söz açın.
-Xoş gördük, Ülviyyə xanım. İlk olaraq “Ədəbiyyat və İncəsənət" portalının rəhbəri sevimli yazarımız Varis bəyə və Sizə təşəkkürümü bildirirəm.
Söyləyim ki, mən bu sənəti daxilimdə daşımışam, son beş ildə üzə çıxarmışam. Hal-hazırda 58 yaşım var və bunu gizlətmirəm.
Mənə Azərbaycanda 53 yaşında bu sənətə gələn inqilabçı qadın da demək olar.
Demək olar ki, 5 il müddətində yetəri qədər rəsm əsərləri yaratdım. Böyük ölçülü rəsm əsərlərini müxtəlif materiallarla bəzəmək, əlbəttə, çox vaxt alır. Amma bütün bunlar qəlbimin səsidir, qəlbimin izləridir. İstəyirəm əsərlərim ildən-ilə solmaz çiçək kimi ötürülsün, axı rəsm əsərləri solmayan, təravətini itirməyən gözəllikdir.
Mən ixtisasca iqtisadçıyam, Xalq Təsərrüfatı İnistutunu bitirmişəm.
Lakin sonradan pandemiya dövründə özümü daha da təkmilləşdirmək ücün Rusiya Dövlət Humanitar Universitetinin Bədii tərtibat və muzey texnalogiyaları, İncəsənətin tarixi fakültəsində distant təhsil aldım..
Azərbaycanda isə rəssamlıq dərslərini Azərbaycan Respublikasının Xalq rəssamı Sakit Məmmədovun tələbəsi Nizar Məmmədovdan almışam.
-Mehriban xanım, izləyicilərinizə bir neçə rəsm əsərlərinizdən danışaqmı?!
-Əlbəttə, böyük məmnuniyyətlə, hər bir rəsm əsəri mənim sevgi və əməyimdən yaranıb. Hər biri bir dünyadır.
Rəsmlərim mənim dünyaya baxışımdır və o rəsmlərdə mənim nəfəsim yaşayır.
--"Ana təbiət" adlı rəsm əsəri diqqətimizi çox çəkdi, nə üçün onu qadın obrazında vermisiniz və çox maraqlıdır ki, bu obrazın üz cizgiləri yoxdur?
-Bəli, bu rəsm əsərini çəkməyə başlayarkən bir gözəl xanım obrazını yaratmağı düşünmüşdüm.
Ümumiyyətlə, söyləyim ki, rəsm əsərlərimi yaradarkən mən öz dünyamda oluram, duyğularım barmaqlarımdan fırçama ötürülür, sanki duyğularım fırçanı çəkir, barmaqlarım deyil. Sonda rənglər dünyamdan qayıdanda barmaqlarım və gözlərim çəkilmiş rəsm qarşısında heyrətlə donub qalır. Rəngləri, bütün cizgiləri, hər şeyi duyğularım çəkir.
Bu rəsmi də çəkərkən anladım ki, mən təbiətin rəsmini yaradıram və ona görə üz cizgilərini çəkəndə fırçam dayandı, çünki söylədiyim kimi biz təbiətin bir hissəsiyik bu simada hər kəs özünü görməlidir.
Təbiət gözəl olduğu üçün mənim ruhum, duyğum onu gözəl bir xanım obrazında yaratdı.
Qadın gözəllikdir axı, ən gözəl sənət əsəri kimi möhtəşəmdir.
-Mehriban xanım, abstrakt və simvolik İncəsənətdə gözlər mistik anlamlar daşıyan simvol olaraq istifadə olunur. Sizin rəsmlərinizdə də bunu görmək olur. Sizin təxəyyülünüzdə o gözlər nəyi ifadə edir?
--Doğrudur, Ülviyyə xanım, mən də rəsmlərimdə bu simvollardan istifadə etmişəm.
Gözlər qəlbin aynasıdır və biz dünyanı gözlərimizlə görürük. Hər kəs dünyaya öz pəncərəsindən boylanır.
Rəsm əsərlərimin çoxunda gözlərdən istifadə etmişəm, o gözlərin hər birinin öz anlamı var.
Kiminin gözlərində sevgi var o gözlərin sahibi dünyaya sevgi ilə boylanır, mərhəmət dolu qəlbiylə insanlara şəfa verir. Kiminin qəlbi " qara" içindəki "qara duyğular" onun daxilindəki nurun yayılmasını əngəlləyir və bu gözləri də çəkmişəm.
Gərəkdir ki, qəlb gözümüz Yaradanın ilk yaratdığı kimi hər zaman gözəl görsün, bax o zaman baxışlar- gözlər gözəl olub gözəl görəcək.
-- Əziz Rəssamımız, rəsmlərinizdə gözəl xanım obrazlarını görürük, ümumiyyətlə, reallıqda bir xanım obrazı necə olmalıdır?
-- Ülviyyə xanım, mənim üçün əsl xanımın daxili və xarici gözəlliyi vəhdətdə olmalıdır.
Bir xanım kübar olmalı, anlayışlı olmalıdır.
Mənim üçün mənəviyyatı zəngin olan xanım dünyanın ən gözəl xanımıdır. Zənginlik bahalı daş-qaş, brend geyimlə ölçülmür, zəngin bir xanımın təmiz mənəviyyatı elə ən böyük zənginlikdir.
Rəsmlərimdə də o xanımların gözəl auralarını parlaq rənglərlə yaratmışam.
-- Rəsmlərinizdə Simurq obrazı nəyi ifadə edir?
-- Ümumiyyətlə, Simurq obrazı müxtəlif zəngin mənalar daşıyan simvolik bir obrazdır.
Fars mifologiyasında sehirli və müqəddəs bir quş olaraq təsvir olunur.
Simurq öz küllərindən yenidən doğan bir obrazdır.
Bu da insan ruhunun özünü aşaraq yeni bir səviyyə yüksəlişini göstərən bir simvoldur.
Türk mifologiyasında Simurq " Tuğrul quşu" və ya "Zümrüdü Anka" adlanır. O, qələbə, sülh və gücün simvoludur.
Mənim əsərlərimdə Simurq xeyri, bərəkəti, mərhəməti, köməyi ifadə edir.
-- Mehriban xanım, rəngləri əvvəlcədən seçirsiniz, yoxsa, duyğularınız rəsm çəkərkən özü seçir?
-- Söylədiyim kimi mən rəsm çəkərkən fərqli dünyada oluram, mənim barmaqlarımı duyğularım idarə edir, elə duyğular da həmin an rəngləri seçir.
-- Fluid Art texnikası ilə yaratdığınız bir rəsmi gördük.
Bu abstrakt, rəngli naxışlar Mehriban xanım üçün nəyi ifadə edir?
-- Rənglərin axıcılığı, sərbəst harmoniyası çox xoşuma gəlir, mən dünyanı rəngli görürəm, rənglər dünyaya gözəllikdən hazırlanan don kimi yaraşır.
Mən dünyamızı rəngli, gözəl görürəm.
Həyat gözəldir, bizə həyatı bəxş edənə Şükürlər olsun!
-- Mehriban xanım rubrikamızın qonağı olduğunuz üçün Sizə minnətdarıq, bizi rənglər dünyasının sehrinə apardığınız üçün Sizə təşəkkür edir, yaradıcılıq uğurları diləyirik.
“Ədəbiyyat və incəsənət”
(04.12.2024)