Azərbaycan mətbəxi Hanoy qida mədəniyyəti festivalında təqdim olunub

Vyetnam paytaxtı Hanoy şəhər meriyasının və Hanoy Dostluq Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Hanoy qida mədəniyyəti festivalı 2024” keçirilib.

 

AzərTAC xəbər verir ki, Türkiyə, İtaliya, Braziliya, Cənubi Koreya, Əlcəzair, Argentina da daxil olmaqla bir neçə ölkənin Hanoydakı səfirliyi festivalda öz mətbəxini təqdim edib.

 

Azərbaycan pavilyonunda ölkəmizin qədim tarixi abidələrini, müasir infrastrukturunu və turizm potensialını nümayiş etdirən bannerlər, səfirlik tərəfindən Vyetnam dilində çap etdirilmiş kitab, broşür və digər təbliğat materialları, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini əks etdirən portretlər və ölkəmizə aid suvenirlər nümayiş olunub.

 

Səfirliyin dəvəti ilə Dünya Aşpazlar Assosiasiyasının üzvü, həmyerlimiz, tanınmış aşpaz David İsrafilovun bişirdiyi kabablar və digər ət yeməkləri, Hanoyda yaşayan həmyerlilərimizin hazırladığı yeməklər (dolma, Qarabağ kətəsi, dovğa və s.) qonaqlara təklif olunub. Azərbaycan pavilyonu 3 gün davam edən festival zamanı ən çox ziyarət edilən pavilyonlardan biri olub.

 

Vyetnamın Mədəniyyət, İdman və Turizm nazirinin müavini Ta Quang Donq Azərbaycan pavilyonuna yaxınlaşaraq, sərgilənən əşya və təbliğat materialları ilə yaxından tanış olub, mətbəx nümunələrimizdən dadıb.

 

Festival yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb, sosial şəbəkələrdə, eləcə də Vyetnam mediasında işıqlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.