Super User
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Rza Nurinin “Gor maskası” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Rza Nurinin şeirlərindən ən yaxşı nümunələri təqdim edir.
Rza Nuri 1991-ci ildə Tehran şəhərində anadan olmuşdur. 10 ilə yaxındır ki, ədəbiyyatla məşğuldur. Şeirləri portallarda yayımlanıb. İngiliscədən Azərbaycancaya çevirdiyi bir neçə psixoanaliz məqalələr sanal dünyada yayımlanmış və Margurite Durasın “Ölüm xəstəliyi” adlı romanını çevirmişdir.
Duzlu balıq resepti
balığı duzlu suda yatırdırsınız
Barmağınızla yaxşıca yoğurursunuz
Əliniz boğazınızda, əliniz lövbər atmış köksünüzə
Barmaq sındırmaq işləyi göyərti doğramaq yerinə
Sümük salxımlarını hiss edirsiniz
Suyu günəş qarşısında qurutmaq şərtdir
Həmən əlin-qolun, ayağın üzülüb qalansın
Sonra duzu ağciyərdən boşaltmaq gərəkir
Ağciyərin duzqabıya çevrilməsi
Burundan keçən iki ip kimi idi nəfəsini qarqara etdiyndə
Xoy günəbaxanı yağına qızardılmış Urmu balığı
Qovrulan gözümüzü limon sıxaraq acılaşdıran qəhvəyi duman
Başımızı harasa tullayacaq gövdə reaksiyası
Börkümüzün dəliyi havada bloklanmamış
Sadəcə gor maskasıdır
Leş yeyən ağzımız...
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Tanrı olmaq, yəqin, çox çətin olar... - İlkin Özün şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə gənc şair İlkin Özün şeirləri təqdim ediləcək.
Təsəlli
Ona
Doğrusu, yalqızlıq heç çətin deyil...
Elə bil ki, zəlzələdir, sol tərəfin titrəyir,
Şəkillər üsyan edir, siqaretlər səngimir...
Yapışır xatirələr adamın yaxasından,
Uzaq durmur ondan qalan əşyalar da yanından.
Hər gün gözün yol çəkir miskin-miskin,
sərməstcə.
Yoxsa yanımdan ötən
sarışın, boz paltolu,
ya sarı gödəkçəli kürən qız səndin, bəlkə?..
Yox, artıq "bəlkə"lərə
qalmayıb etimadım.
Bilirəm, çox unutqansan,
yəqin, yadından çıxdım.
Bürcləri çox sevirdin,
mən "balıq"dım, sən "oğlaq".
İndi ulduzlar qədər kənardayıq,
kənarda...
Nəsimitək səndən iraq yanmışam,
yanaram da.
Sənsizlik nədir guya?
Qalmışam, qalaram da...
Doğrusu, yalqızlıq heç çətin deyil...
Yaşamaqçün şəklin mənə təsəlli.
Bax sənə son sözüm var:
Ya gəl, şəklini apar,
ya məni də şəklə çevir...
Cinayətsiz cəza
Mikayıl Müşfiqə
Məhkəmə...
Danışır hakim:
"Həyatın yazılmamış
qanunlarına əsasən,
çərçivəyə uymayanlar,
"çəkic" və "orağ"a tabe olmayanlar
bir də haqqı danmayanlar
həbs və sürgün olunsunlar!.."
- Etirazı olan var?
Salon susdu...
Yalnız Müşfiq susmadı,
dodaqaltı pıçıldadı:
"Yenə o bağ olaydı"...
Amiranə, istehzayla
hakim dilləndi:
"O bağlar da,
o çağlar da
yoxdur, dayan!
Qərar: Edam!"
Səndən sonrakı mən
Təlimçilər deyirlər ki,
ən böyük rahatlıq meditasiyadır.
Ruhanilər deyirlər ki,
ən böyük xoşbəxtlik
namaz qılmaqdır.
Absurdistlər deyirlər ki,
həyat çox mənasızdır...
Mənsə deyirəm ki,
ən böyük rahatlıq
yanında olmağım.
Ən böyük xoşbəxtlik
gözlərinə baxmağım.
Ən böyük ibadət isə
qəlbimi sənə açmağımdır.
Sən olmayan təqdirdə,
məncə, absurdistlər haqlıdır...
Riyaziyyatı bilməməyin
fəsadları
Dostum Mirmahmuda
Əvvəllər biz Troya atı kimi "bomboş" idik,
Dürüstlüyü atamıza örnəklə,
Fədakarlığı özgə günahı çiynimizə yükləməklə,
Sədaqəti isə sevdiyimizdən uzaqda
ulduzları izləməklə öyrəndik...
Böyüdük, guya nə dəyişdi?
Yenə xaraba evlərtək uçuq-sökük,
kimsəsizik.
Həyat bizi yamanlara və yaxşılara
bölməklə sınadı,
Qismətimizə "0" düşdü.
Vurulduq mənasız insanlara,
hasilimiz məlum deyildi.
Fədakarlıqsa, bizdən
nələrisə çıxdı.
Əksildiyimizi görmədik.
İndi düzünü de,
vaxtilə riyaziyyatı yaxşı bilsəydik,
bu günə düşərmiydik?..
*
Dəniz kənarında ləpələrin qucaqlaşmasına
tamaşa edir,
sanki teatr tamaşasında "biz"i izləyirəm.
Dalğaların sahilə çırpılıb
dənizə qovuşduğu kimi,
geri dönməyini... gözləyirəm...
*
Səndən qabaq
qupquru ağac kimi,
cansız və nəfəssizdim.
Sonra sən gəldin,
ruhundan üfürdün,
"Can" dedin,
dirildim...
*
Tanrı olmaq, yəqin,
çox çətin olar...
Düşün ki, hər şeyin var,
Fəqət...
tək-tənhasan
və darıxırsan....
*
Bilmirəm, necəyəm indi...
Bir onu bilirəm ki,
vaxt var idi
qəlbimdə vulkan çaxnaşır,
xatirələr lava kimi süxurlaşırdı.
İndi süxurlar aşınıb,
Vulkan da susub.
*
Bu gün doğum günündür.
Deyəsən, tortun üzərindəki
şamları üfürəndə
səhvən "həyat eşqim"i də
söndürmüsən.
*
Əbəs yerə göz yaşarmır...
Sadəcə, ümid, arzu,
gümanların tüstüsü acıdır.
*
Yaşamaq yanmaqdırsa,
dənizləri kim öldürdü?
*
Darıxmağa kimsə yoxdu deyə,
köhnə ev telefonundakı
cırıltılı səsi dinləyirdi.
O səsin adı "Təsəlli"ydi...
*
Təqvimlər təzələnir,
fəsillər dəyişir.
Günlər,
aylar,
illər keçir.
Biz isə eyniyik.
gah gələcək üçün darıxır,
gah keçmiş üçün heyifsilənirik.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Bir sual bir cavab - Şamil Ənvəroğlu ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Aristotel poeziyanın ümumidən, tarixin isə xüsusidən bəhs etdiyini bildirərək, poeziyanı daha üstün qəbul edib. Bəs Şamil Ənvəroğlu poeziyaya hansı tərifi verərdi?
CAVAB:
Poeziya ruhun çırpınışı,
ürəyin döyüntüsü,
duyğuların var olma şəklidir...
Ədəbiyyatı böyük bir limana bənzətsək, poeziya bizi o limana aparan,
dalğaların qoynunda bizi atıb-tutan bir gəmidir.
Bu gəminin kapitanı isə ÜMİDDİR.
Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Xəyanəti bağışlamaq olarmı?
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
A: Sən niyə susub durmusan?
Ş: Nə cavab verəcəyimi bilmirəm.
A: Çünki səhvini bilirsən.
Ş: Əzizim, bağışla, bir də olmayacaq, söz verirəm. Aytən nə olar, dinlə məni. Bax, bir səhv idi, etdim, amma bir də olmayacaq.
A: Xəyanət səhv deyil Şahin. Xəyanət seçimdir. Nəyin çatmırdı? Bəlkə sənə yetərincə qayğı göstərmirdim? Ya dəstək olmurdum? Heçnəyin yox idi mən səni sevəndə. Əlin pul gördü deyə məni də satmalıydın?
Ş: Ağır danışırsan. Mən səni satmadım, atmadım. Şeytana aldandım.
A: Yox, şeytan özü elə sənin kimilərə aldanır. Hər işi görüb şeytanın boynuna yıxır sənin kimiləri. Biri gedir yoldaşını öldürür, deyir şeytana uydum, biri gəlir oğurluq edir, deyir şeytan aldatdı. Niyə bu şeytanı bir siz görürsünüz? Niyə ağac əkən, heyvanlara yemək verənlər görmür? Şahin, mən sənin hər səhvinə göz yumdum indiyədək. Ailəmə qarşı, çevrəmə qarşı, az qala səni sənin ailənə qarşı müdafiə etdim. Sanki münasibətdə kişi mənmişəmtək sənin arxanda durdum. Amma bu etdiyin, bağışlanmazdır. İndi mən səni söymürəm, döymürəm. "Namus" deyib öldürən, baş kəsib bununla da fəxr edən sizin cinsdir, bizim yox. Mən onu da etmirəm. Uşağıma, onun gələcəyinə travma buraxmaq istəmirəm. Səssiz sədasız uşağımı da götürüb çıxıb gedirəm. Nə arxamca gəl, nə axtar, soraqla. Mən "görəsən nə vaxt məni atıb ona gedəcək” sualı ilə yaşamaq istəmirəm.
E: Aytən, bəsdi. Camaat nə deyər? Kişididə, gəzib yenə evinə gəlib. Boşanmaq nədir?
A: Elmira xala, mən sizin xətrinizə də dəymək istəmirəm, siz də anasınız. Amma əmin olun ki, mənim oğlum belə bir hərəkət etmiş olsaydı, mən onun arxasında durub "kişidir" deməzdim. Mənə kişiliyi görüşdüyü qadın sayıyla ölçən ər lazım deyil. Camaat da özü bilər nə deyir. Lazım olanda bir qab suyumu, çörəyimi verməyən o "camaat" mən öz həyatıma baxanda da vəzifəsi olmayan işə qarışmasın. Di sağolun, ev də sizin olsun, hər şey də. Mənə övladımla sakit həyat bəs edər.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Popkornun hikməti
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Olduqca gözəl qız idi Seva, bu gözəlliyini gözə çarpdırmaq üçün həmişə eybəcər qızlarla rəfiqəlik edirdi.
Oğlanlar da ona yaxınlaşmağa cürət etməz, eybəcər rəfiqələrlə isə dərhal tanış olar, dostluq edər, sevişər, ailə qurardılar.
Seva eləcə də tək qaldı, qarıdı.
2.
Əgər tamaşa zamanı birinci pərdədə səhnədə tüfəng görünürsə, mütləq üçüncü səhnədə o tüfəng… sahə müvəkkili tərəfindən müsadirə olunacaqdır.
3.
Həsrət öz adı həkk olunmuş individual maşın nömrəsi almaq istəyirdi, ala bilmədi, əvəzində öz adını dəyişib 10KJ234 qoydu.
4.
Valideynin birinci problemi uşağa normal cəmiyyətdə özünü necə aparmağı öyrətməkdir. İkinci problemi isə həmin o normal cəmiyyəti tapmaqdır.
5.
Qorxulu nağıl:
Biri vardı, biri yox idi, dovşanın quru otdan, tülkününsə buzdan komaları var idi. Yay gəldi, bərk istilərdən quru ot yandı, buz da əridi. Hər iki binava evsiz qaldı.
Amma hər ikisi hələ 15 il ipoteka pulu ödəyəcəkdi.
6.
İki milçək daz başa qonurlar.
Biri köks ötürüb o birinə deyir:
-Eh, həyat, həyat. Yadında, biz burda necə gozlənqaç oynayardıq?
7.
Belarusda prezident seçkilərində yeni mexanizm tətbiq edilib. Kim ki, Lukaşenkoya səs vermək istəyir, prezident.za saytına girir, kim ki, əleyhinə səs vermək istəyir, zabludilsya.fu saytına girir. Orada ona başa salırlar ki, prezident.za-ya necə getmək olar.
8.
Tamaşaçı Sinema-plyus-da kinoya girir, popkorn və kola almağı unudur. Nəticədə film ona çatmır.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Amma nə gözəl ki, yaxşı insanlar da az deyil… - ƏLFİ QASIMOVU XATIRLARKƏN
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Nə vaxtsa dünyasını dəyişən yaxşı insanları unutmaq olmaz. Onların hər biri haqqında tez-tez söhbət açıb gənclərə nümunə göstərmək lazımdır. Axı yaxşı insanlar haqqında söhbətlər yeni nəsilə örnək olduğu kimi, yaxşılığın da yaşaması deməkdir...
Bu gün sizə yaxın keçmişdə yaşamış bir yaxşı insan barəsində söhbət açmaq istəyirəm. Yazıçı, publisist, tərcüməçi Əlfi Səhlik oğlu Qasımovdan...
1927-ci ildə Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdu. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdi. Daha sonra 1943-1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdi. 1944-1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxumuş, oranı bitirdikdən sonra 1946-1951-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsilə yiyələnmişdi...
Ömür-gün yoldaşı Rəhilə xanımın xatirələrindən: “Onunla ilk tanışlığım tələbəlik illərində oldu. O zaman mən də universitetdə- filologiya fakültəsində oxuyurdum. Taleyimiz bizi qovuşdurdu. Ondan eşitdiyim xoş, şirin, səmimi sözləri hələ də unutmamışam. Əlfi yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dostunu, tanışını, qonşusunu canından artıq istəyərdi. Yaratdığı obrazların ovqatı, amalları ilə yaşayardı. Onun “Adilənin taleyi” povesti ötən əsrin 60-70-ci illərində populyarlıq qazanmışdı. Görkəmli yazıçı, unudulmaz pedaqoq Mir Cəlal Paşayev həmin əsəri dövrün “Leyli və Məcnun”u adlandırırdı..."
O, müxtəlif illərdə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri və redaktor müavini, “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib vəzifələrində çalışıb. 1966-cı ildən isə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin rəisi idi.
Ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər institutunda oxuyarkən başlayan Əlfi Qasımovun roman və povestləri 60-80-ci illərin ən çox oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olub. Onun “Xalq arzusu” adlı ilk şeiri Ağdamda çıxan “Lenin yolu” qəzetində çap olunub, sonradan universitetdə oxuduğu illərdə isə şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilib. İlk kitabı 1954-cü ildə çıxan “Ərimizin ətəklərində” adlı oçerklər kitabı olan Əlfi Qasımovun müxtəlif mövzularda maraqlı hekayələri- “Məni qınamayın”, “Qızburunda tək məzar”, “Adilənin taleyi”, “Könül sevən”, “Toy gecəsi” kimi roman və povestləri çap olunub və o, zəmanəsinin tanınmış yazıçılarından, jurnalistlərindən biri kimi tanınıb.
Ötən əsrin 6-cı, 7-ci onilliklərində Azərbaycan ədəbiyyatında sənədli bədii janrın inkişafında onun xüsusi xidmətləri vardı. Yazıçı təsvir etdiyi obrazları gündəlik həyatdan və onu əhatə edən insanların arasından seçərək öz istedadı ilə daha da zənginləşdirirdi. Eyni zamanda sənədli nəsrin uğurlu yaradıcılarından biri kimi də tanınırdı. Onun əsərlərində yazıçılıqla jurnalistlika bir arada öz təbii ifadəsini tapırdı. Görkəmli yazıçı Hüseyn Abbaszadə Əlfi Qasımov yaradıcılığının bu istiqamətini təqdir edərək yazırdı: “Əlfi sənədli nəsr sahəsində ədəbiyyatımızda dərin izlər qoyub gedib və ondan sonra bizdə sənədli nəsr, demək olar ki, yox dərəcəsindədir.”
Akademik Bəkir Nəbiyev isə onu belə xarakterizə edirdi: “Əlfi Qasımov ünsiyyət sevən, qayğıkeş insan idi. Bizdən yuxarı kursda oxusa da heç vaxt bizə yuxarıdan aşağı baxmazdı. Bir müddət professor Cəfər Xəndanın, az sonra isə o vaxt hələ aspirant olan Bəxtiyar Vahabzadənin apardıqları universitet ədəbiyyat dərnəyində, daha sonra Yazıçılar İttifaqında keçirilən gənclər günlərində öz əsərlərini oxuyar, bu zaman bizim kimi təzələrin də çıxışlarını dinləyər, az-çox tənqidi qeydlərimizə də hörmətlə yanaşardı. Ümumiyyətlə, “Əlfi” sözünü araşdıranda bir mənası da ülfətə aparıb çıxarır. Görünür, ad qoyan valideynləri yanılmayıblarmış. Əlfi Qasımov başqaları ilə ülfət-ünsiyyət yaratmaq cəhətdən ancaq nadir simalarla müqayisə oluna bilərdi. Qısa bir müddətdə bir-birimizə yaxınlaşıb məhrəm olmuşduq…”
Mehriban, istiqanlı, ünsiyyətcil adam idi. Heç kimin qəlbinə dəyməz, özündən yaşca kiçikləri həvəsləndirməkdən zövq alırdı. Akademik Bəkir Nəbiyev daha sonra yazırdı: “Əlfi Qasımovun on beş nəfər igid, qeyrətli Azərbaycan qızının Şimali Qafqazdan Berlinə qədər davam etmiş müzəffər döyüş yolunu əks etdirən “Vətən çağıranda” adlı bir kitabı var. Bu kitab həmin qəhrəman qızların sayı qədər müstəqil miniatür sənədli hekayələrdən ibarətdir. Hesab edirəm ki, real qəhrəmanlar haqqında konkret tarixi, həyati faktlar əsasında, gələcəyə çağırış ruhunda yazılıb. Təcavüzkarlara nifrət və qəzəb püskürən bu kitab yaşadığımız günlərdə də öz aktuallığını qoruyub saxlayır. Onu tam halda və yaxud hər bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə paylamaq lazımdır.”
Yenə də Rəhilə xanımın xatirələrindən: “Bir dəfə də olsun ondan incimədim, küsmədim. İşə gedəndə, evə qayıdanda üzümdən öpər, saçımı sığallardı. Təkcə mənimlə, balaları ilə yox, həmkarları ilə də son dərəcə səmimi, mehriban idi. Onun necə ailəcanlı olması indi də dillər əzbəridi. Mənə “Qara qız” deyə müraciət edərdi. Adımı çəkəndə bilirdim ki, nədənsə inciyib, kimdənsə küsüb. Qayğısını heç kimdən əsirgəməzdi. İdeal insanın bütün yaxşı cəhətləri, müsbət keyfiyyətləri Əlfidə var idi. Xainlik, paxıllıq, mərdiməzarlıq, düşkünlük onun xarakterində, təbiətində heç zaman olmayıb. Necə deyərlər, aydan arı, sudan duru kimi tanınmışdı. Heyif, zalım əcəl bizi tez ayırdı..."
Yaz gəlib, ağaclar tumurcuqlamağa başlayıb. Haqqında söhbət açdığım dünyanın ən yaxşı adamlarından biri- Əlfi Qasımov 1985-ci ildə, yazın əvvəllərində dünyadan köçüb...
...Dünya pislərlə doludur, amma nə gözəl ki, yaxşı insanlar da az deyil. Onlar olmasaydı, görəsən bu dünyada yaşamağın mənası olardımı?
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Unudulmaz sevgi şeirləri: Aysel Fikrət, “Gəlirsən, gedirsən…”
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Adətən rubrikamda klassikaya, ən azından Xalq şairlərinə müraciət edirəm, bu günsə lap yeni, hətta dünən yazılmış bir sevgi şeirini paylaşacam.
Unudulmaz sevgi şeirləri statusunu bu şeir hökmən qazanacaq və unudulmayacaq, buna əminəm.
Gəlirsən gedirsən xəbər tutmuram,
Bu necə sevgidi bilmirəm düzü.
Elə bil kirayə verib getmisən,
Mənə yaşadığın gecə-gündüzü.
Bilmirəm yerdəsən, yoxsa ki göydə,
İş yerin ulduzlar, yoxsa dənizdi,
Ruhun illər ilə qaçaq-sərgərdan,
Sevgin taleyimə muzdlu kənizdi.
Vallah mən bilmirəm bu növ sevgini,
Kökü kəsilməkdə olan sevgidi.
Mənim ürəyimdə bir vaxt cücərib,
Sənin ürəyində solan sevgidi.
İndi nə gedişin kövrəldər məni,
İndi gəlişinə sevinmərəm mən.
Ta cavan olmaram qıvırcıq saçlı,
Daha bir də elə sevilmərəm mən.
Gəlirsən gedrsən xəbər tutmuram,
dənizin içiylə, göyün üzüylə.
Yəqin dənizçisən ya da kosmonavt,
Sənin nə işin var çölün düzüylə.
Ruhum pərişandır, ruhum sönükdür.
Soruşma hardayam, yüküm nə yükdür,
Üzüm məhəbbətdən çoxdan dönükdür,
Gəlirsən gedirsən xəbər tutmuram.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Günün fotosu: İstanbulda dəhşətli yanğın
Günün fotosu: İstanbulda dəhşətli yanğın
Təmir işləri zamanı İstanbulun gecə klublarından birində baş verən dəhşətli yanğın nəticəsində ən azı 29 nəfər ölüb. Anadolu Dövlət Agentliyi xəbər verir ki, 8 nəfər yaralanıb, onlardan 7-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Təmir üçün bağlanan gecə klubu şəhərin Avropa hissəsindəki Beşiktaş bölgəsində - 16 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində idi.
Foto: Anadolu DA
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Şəhidlər barədə şeirlər – Şahı Məmmədli
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şahı Məmmədliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
ŞAHIELMANOĞLUMƏMMƏDLİ (06.06.1995.-01.12.2020.)
Ucar rayonunun Bərgüşad kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
VƏTƏN SEVGİSİ SƏNİ QƏHRƏMAN ETDİ, ŞAHI
Sən, necə də şərəfli, ləyaqətli yol seçdin,
“Ölüm nədir?”- deyərək oddan, alovdan keçdin,
Bir ürək sahibiydin, milyon ürəyə köçdün,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
Bərgüşadda tanındın saf, təmiz oğlan kimi,
Böyüyəndə sevildin ağıllı cavan kimi,
Şığıdın düşmənlərin üstünə aslan kimi,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
Tayqulaq kafirlərə nifrət aşıb-daşanda,
Məhv etdin düşmənləri Tərtərdə, Suqovuşanda,
Elə bil sehirliydin, Talışda vuruşanda,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
Sevgimiz tükənməzdir Araza da, Kürə də,
Torpaq namus deməkdir, olsa dağ da dərədə
Şəhidlik zirvəsinə ucaldın Ağdərədə,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
Ömər adlı oğlun var - bizə qalıb əmanət,
Üzünə gülsün onun xoşbəxt tale, səadət,
Böyüyüb atasıyla fəxr eyləyəcək əlbət,
“Atamdır - bu diyarın şirin nağılı- Şahı,
Vətən sevgisi səni qəhrəman etdi, Şahı.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
“Dəccal” – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.
Molla Qafarın yaşı əllini ötsə də, hələ əlli-ayaqlıydı. Sağ qalana dərs verə, ölənə yas tuta bilirdi. Qafarın Gəncə mollalarından fərqi ondaydı ki, Allahı özü tanımışdı. Adətən adama Allahı kimsə tanıtdıranda o qədər də yaxşı tanımır. Molla Qafarın atası Allahı tanımayan taksi sürücüsüydü. Həftənin beş gününü arağa, iki gününü dövlət istiqrazına qurban vermişdi. Beləcə, Qafarın yeddi yaşı olana qədər kişi “taksi”yə əziyyət verə-verə yaşadı. Sonra da, günlərin bir günü Əzrayılın “taksisi”nə oturub Allahı tanımadan o taya sürdürdü. Qafar atasını aparan arağa və istiqraza uşaq ikən tövbə dedi. Sonra Qafar özü böyüdü. Ətrafa baxıb Allahdan savayı heç kəsi arxasında görmədi. Başa düşdü ki, atası Allahdır. Nə dostu vardı, nə düşməni. Əvvəl Sarı Həmiddən iki qoyun alıb çoxaltmaq istədi. Qoyunlar artdıqca dərdi də artdı. O gəldi, ver, bu gəldi, al. Qafar anladı ki, kənddə at yeyənin dişi dəmirdən olmalıdır. Və dişlərini itiləməyə başladı. Beləcə, dəmir dişləri ilə əli çörəyə çatdı. Sonra çörəyi diridən deyil, ölüdən çıxmağa başladı. Lap sonra Allahdan könlünə bir sakitlik çökdü. Daha heç kəsdən çörək istəmədi. Dünya malından əlini çəkdi. Gördüyü ölümlər onu ayıltdı. İçinin saflığı əməlinə, üzünə çıxdı. Hamıya yaxşlıq etdi. Daha fikirləri başında at kimi çapmadı. Allah ona sakitlik verdi. O, bu sakitliyə görə hər gecə Allahına şükr edirdi. Bu dəfə də Səkinə arvadın arxasınca atdığı daşa şükr edib, olacaqları Allahın ixtiyarına buraxdı. Nə olacaqdısa, olacaqdı. Xeyirlisi Allahdan.
Düşüncələrinin bu yerində dumandan çıxmış Qafar keçən il qaraltdığı ikimərtəbəli evinin qarşısına çatdı. Səkinə arvadın daş xəbəri, deyəsən, evinə qədər gəlib çıxmışdı. Otuz illik halalı Gülərin üzündən-gözündən zəhrimar yağırdı. Çəpərə söykənib tum çırtlaya-çırtlaya yolunu gözləyirdi. Onu görən təki qabağına qaçıb:
– Üzün ağ olsun, Qafar. İllərdir sənə hamballıq elədiyim üçün belə etdin? – soruşdu.
Molla Qafar Gülərin dediklərindən bir zad anlamayıb:
–Neynəmişəm? – dedi
Və ona doğru qaçan sarışın, gülərüz oğlanın qarşısında açılmış qollarını gördü.
Gülər:
– Bax gör etdiyin nə boydadır. Gözün aydın, Rusyetdən oğlun gəlib, – söylədi.
Qafar söz deməyə macal tapmamış sarışın oğlan onu qucağına alıb göyə qaldırdı. Bir xeyli göydə fırladandan sonra ehmallıca yerə qoyub üzündən öpdü. Qafar əvvəl elə bildi uşaqlar onu araya qoyublar. Zarafat edirlər. Gülərin üzünə baxıb gözləriylə: “Bu nə oyundur belə başıma açırsız. Bu sarışın kimdir?” – soruşdu. Amma Gülər zarafat eləyənə oxşamırdı. Sözü də, gözü də ciddiydi. Molla Qafar ayağına dəyən daşı da Allahdan bilən adam idi. Ona görə qonağın kim olur-olsun, Allah tərəfindən göndərilmiş olduğunu düşündü. Oğlanın suyu şirindi. Doğrudan da, qaşı-gözü cavanlığına bənzəyirdi. Amma oğul adı bir az ağırdı. Axı o, heç zaman kənddən kənarda yaşamamışdı. Gülərdən savayı heç bir qadınla yaxınlıq etməmişdi. Allah Şeytana lənət eləsin. Səkinə arvadın atdığı qara daş, deyəsən, yığvalını dəyişirdi.
Molla Qafar dilini bilməsə də, qonağı əliylə-qoluyla evinə dəvət etdi. Özü tələsmədən hamam otağına keçib yaxşıca yuyundu. Məhrəba ilə qurulana-qurulana eşiyə çıxanda sarışının qızları ilə çay süfrəsi arxasında oturub şirin söhbət etdiyini gördü. Qəribəsi bu idi ki, qızlarının üzündə heç bir təlaş, heç bir qısqanclıq yox idi. Əksinə, onlar elə bil qardaşlarının tapılmasına ürəkdən sevinmişdilər. Gülər özü də sarışına nifrətlə baxmırdı. Onun işi ancaq Qafarnandı. Molla Qafar keçib sarışın oğlanın yanında əyləşdi. Bir az susandan sonra ehmallıca ondan:
– Siz hansı şəhərdənsiniz? – soruşdu.
Oğlan:
– Armavirdənəm, – dedi.
Gülər:
– Armavir budu, burdadı. Qulağının dibində. Yəqin, cavanlıqda bunun kötük anasını bir gecə yaxşı-yaxşı baltalamısan. O da sənin üçün çiçəkləyib, – deyə əlavə etdi.
Molla Qafar arvadının tənəli sözlərinə məhəl qoymayıb: – Ay bala, mən heç zaman Armavirdə olmamışam axı, – dedi. Və özü də öz yalanından qızarıb başını aşağı saldı.
Sarışın oğlan ayağa qalxıb dinməzcə Qafara yaxınlaşdı. Cibindən çıxartdığı artıq rəngi soluxmuş şəkli ona göstərib:
– Bu, siz deyilsiz? – soruşdu.
Molla Qafar şəkildə özünü tanıyıb:
– Mənəm, – dedi.
Sarışın şəkildə Molla Qafarın başı üstə dayanmış arıq qıza barmağını uzadıb:
– Bu isə mənim anam Valentinadır, – deyə pıçıldadı.
Gülər:
– Allah öldürsün səni, – dedi. Amma bilinmədi qarğışını kimə etdi. Gülərin bu nidası sarışını da diksindirdi. Yad dildə nə deyildiyini başa düşməsə də, təxminən belə məqamda nə deyilə biləcəyini anlayıb:
– Anam artıq ölüb, – dedi.
Onun sözləri sarışının özündən çox Qafarı duyğulandırdı. O, kədərli gözləri ilə sarışına baxıb soruşdu:
– Haçan ölüb?
Sarışın pıçıldadı:
– Üç il olar.
Gülər:
– Bəxtəvər bir yerindən yaman yarıyıb. Azərbaycandan Armavirə qədər goruna rəhmət oxuyan mollası da var, – dedi.
Molla Qafar hirslə Gülərin üstünə çımxırdı:
– Bəsdir, uşaqların yanında ağzına gələni danışma!
Gülər ayağa qalxıb ağlaya-ağlaya mətbəxə keçdi. Mətbəxdən qızlarına: “Bir ondan xəbər alın görək, Konçitanın da atası deyil ki?” – deyə qışqırdı.
Molla Qafar sarışının qoluna girdi. Onlar dəhlizə çıxıb divana əyləşdilər. Molla Qafar sarışına:
– Sən mənim oğlum deyilsən. Qonağımsan. Nə qədər xətrin istəyir, evimdə qal, gözüm üstə yerin var, – dedi.
Sarışın gülə-gülə Molla Qafarı qucaqladı:
– Atamsan. Mən bura yaşamağa gəlmişəm. Əlimdə tutarlı dəlillərim var, – söylədi.
Molla Qafar sarışının qətiyyəti qarşısında bilmədi nə desin. Papağını başına qoyub həyətə çıxdı. Taxta artırmaya söykənib Armavirdə olanları xatırladı. Onda Qafarın otuz yaşı ancaq olardı. Qonşu kənddən olan dostu Namazın maşınıyla taxta gətirməyə getmişdilər. Armavirə çatanda onlara demişdilər ki, bu şəhərdə taxta olmur. Taxtanın vətəni tayqadır. Namazın bu “qanmazlığını” bir-iki gün lağa qoyandan sonra dostlar Armavirlə vidalaşmaqdan ötrü “Astoriya” restoranına getmişdilər. Valentina ilə də orada tanış olmuşdular. Daha doğrusu, Valentina özü onların mizinə yaxınlaşıb Namazı rəqsə dəvət etmişdi. O dəvət, bu dəvət, Namazla Qafar taxta üçün gətirdikləri pulları Valentinaya xərcləmişdilər. Valentina arıq, uzunayaqlı, sarışın qızdı. O qədər də gözəl deyildi. Amma işvəliydi, nazlıydı. Bir gün Namazı, bir gün Qafarı çarpayısına qonaq edərdi. Valentinanın gecələr onunla nələr etdiyini xatırladıqca Qafar “Əstəğfürullah” deyirdi. Onunla keçirdiyi son gecə olduğu kimi gözünün qabağına gəldi. Həmin gecə Qafar otağına qayıdanda gözlərinə inanmamışdı. Kimliyi bəlli olmayan altı-yeddi kişi Valentina ilə əylənirdi. Kişilər Valentina ilə əylənirdilər demək də düzgün olmazdı. Daha çox Valentina kişilərlə əylənirdi. O səs-küy, o gülüş səsləri, o inilti bu gün də Molla Qafarın qulaqlarındaydı. O gecə Qafar bir qadının altı-yeddi kişi ilə eyni zamanda əlaqədə olmasını ilk və son dəfə gördü. Səhər Valentina ağlaya-ağlaya sinəsinə qısılıb: “Məndən iyrənmə ha. Dünən kefli idim. Nə etdiyimi bilmirdim”, – pıçıldamışdı. O zaman Qafar Valentinaya baxıb pozuq rus dilində: “Öz həyatındı da. Mənə nə var?” – demişdi. Qafar son dəfə kəndə qayıtmaq üçün maşına minəndə isə Valentina ona: “Səndən uşağa qalmışam”, – söyləmişdi. Özü də Valentina bu sözü bərkdən demişdi ki, Namaz da eşitsin. Onda Namaz Valentinadan gülə-gülə: “Qafar məndən yaxşı kişidir?” – soruşmuşdu. Namazın bu sualına Valentina da gülümsünüb: “Söhbət kişilikdən getmir. Onunla sevə-sevə olurdum. Ona görə də qarnımdakı uşaq onundur”, – demişdi. O zaman Valentinanın sözlərinə Qafar məhəl qoymamışdı. “Pozğun qadındır da”, – düşünmüşdü. Onu yoldan qaytarmaqdan ötrü əlli min söz söyləyə bilər. Bəlkə Valentina o zaman düz deyirmiş? Bu sarışın elə o uşaqdır?
Davamı var
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)